Super User

Super User

Müstəqillik tariximizin ən böyük incəsənət layihələrindən olan Uşaq İncəsənət Festivalının final mərhələsinə sayılı günlər qalır. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi festival “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilir.

 

21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festival üç turdan ibarətdir.

Festivala respublikamızın bütün rayon və şəhərlərindən 27 minədək müraciət olub. Peşəkar və həvəskar kateqoriyaları üzrə keçirilən festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi isə iyul-avqust aylarını əhatə edir.

İkinci – regional mərhələdə iştirak edənlər final mərhələsinə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az internet portalından ala bilərlər. Bunun üçün festivalın saytında “Final mərhələsi” bölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu və ya şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaq lazımdır.

Müsabiqənin final mərhələsi sentyabr ayında Bakı şəhərində keçiriləcək.

Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizləri Qubada yaşayan ustad şair Ramiz Qusarçaylı ilə görüşdürəcəyik. 

 

Bülbüllər qayıdır qəfəs yerinə,

Balıqlar qayıdır nəfəs yerinə,

Sevgilər qayıdır nəfis yerinə,

Yerinə qayıdır hər şey, yerinə...

 

Ərinin yanına qayıdır arvad,

Arvadın yanına qayıdır əri.

Yerinə qayıdır efirdə urvat 

Yerinə qaytarır verilişləri.

 

Çöldəki “ürək”lər,

çöldəki “can”lar,

Evdə oğrun-oğrun baxışır indi.

Beş-altı villaya sığışmayanlar

Qayıdıb bir evə yığışır indi.

 

Yerinə qayıdır yetim ahları

Acılar qayıdır acılığına.

Yerinə qayıdır qibləgahları

“Hacı”lar qayıdır hacılığına.

 

Günlər bir boydadı,

gecələr uzun,

Birdi təşvişləri,təlaşları da.

Qiyməti kəsilən kasıb bir qızın

Yerinə qayıdır göz yaşları da...

 

Dizləri titrəyir fərari “ər”in,

Qımışır xeyir də, şər də yerində.

Qeybətdən buğlanan pəncərələrin

Xəcalət yellənir pərdə yerində...

 

Yerinə qayıdır din özəlliyi

Qayıdır dillərə Allahın adı.

Yerinə qayıdır Çin rəzilliyi

Yerinə qayıdır uyğur fəryadı...

 

Barmaqlar qayıdır çaxmaq yerinə,

Baxışlar qayıdır baxmaq yerinə,

Daha bu dünyaya inanan yoxdu

Dünyanı qoyublar axmaq yerinə...

 

Yerinə qayıdır qorxunun tamı,

İmdad da göydədi, pənah da göydə.

Allaha yalvarır evində hamı

Yerinə “qayıdır” Allah da göydə...

 

Bülbüllər qayıdır qəfəs yerinə,

Balıqlar qayıdır nəfəs yerinə,

Sevgilər qayıdır nəfis yerinə,

Yerinə qayıdır hər şey, yerinə...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Cümə, 18 Avqust 2023 16:30

Zərif cinsin hüquqları niyə pozulur?

ANALAR DÜNYAYA QIZ UŞAĞI GƏTİRMƏKDƏN İMTİNA ETMƏKDƏDİRLƏR

 

“Ədəbiyyat və incəsənət” portalı Könül Cəfərlinin günümüzün çox aktual bir probleminə toxunan yazısını diqqətinizə çatdırır. Gözəllik bölümündə gedən yazı təbii ki, gözəllik simvolu olan qadınlar barədədər. Amma bəri başdan deyək ki, heç də ürəkaçan mövzu barədə danışmayacağıq.

 

 

Qadınların özünəgüvəni uşaq yaşlarından formalaşmalıdır: Qız-oğlan övladı seçilmədən, qızların üstünlükləri əlindən alınmadan, xanımlığı, dəyəri kiçildilmədən. Kişilərlə qadınlar arasında əksər hallarda ayrı-seçkilik qoyulur: istər hələ cinsiyyəti bəlli olmadan ana bətnində, istərsə də cəmiyyətdə müxtəlif statuslarda qərarlaşdıqlarında.

Cəmiyyət olaraq ev öhdəliklərinin, əsas yükün qadınların üzərinə düşməsi onların əksəriyyəti üçün zaman və enerjinin böyük bir qisminin tükənməsi deməkdir. Kişilərdə isə bu yük bəlli bir yaşdan sonra formalaşır. Cəmiyyət olaraq oğlanlara "kişidir, gücü buna çatır, bunu edir" deyib bəraət qazandıra bilirik. Amma qadınların yükü hətta "pul gətirən" işlərlə məşğul olduğu hallarda belə dəyişməz olaraq qalır.

Bütün bunlar cəmiyyətdə gender əsaslı çətinliklərin formalaşmasına gətirib çıxarır.

Bununla belə, yetkinlik yaşlarında psixoloji təzyiqə məruz qalan, yanlış anlaşılma nəticəsində, ailə münaqişəsi zəminində qətlə yetirilən yenə də qızlar olur. Bunun səbəbi nədir?

Ucu-bucağı bilinməyən dünyada qızlar üçün rahat yaşayacağı mühit yaratmaq, özünü inkişafına şərait yaradaraq dəstək olmaq nə üçün çətindir?

Görün nə vəziyyətdir ki, Azərbaycan doğulanların cins nisbətinin pozulduğu ölkələr arasında birincidir. Bu ayrı-seçkilikdə əsas səbəblərdən biri isə selektiv abortlardır. Belə davam edərsə, bu, gələcəkdə ciddi demoqrafik problemə səbəb olacaq.

Statistikaya əsasən, 2021-ci ildə Azərbaycanda doğulan hər 100 qıza 116 oğlan düşürdü.

2022-ci ildə isə bu rəqəm müvafiq olaraq 100 qız, 112 oğlan təşkil edib. Bioloji normaya görə isə hər doğulan 100 qıza 102-106 oğlan düşür.

Selektiv abortlar bu məsələnin sadəcə bir hissəsidir. Qadınların gender əsaslı çətinliklərə məruz qalması yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində belədir.

Bütün dünyada iş yerlərində belə cinsi qısnama əsasən qadınları hədəfləyir. Avropa İttifaqında (Aİ) qadınların 40-50 faizi iş yerində arzuolunmaz hərəkətlərlə, fiziki təmas və ya cinsi qısnamanın digər formaları ilə üzləşir. Aparılan araşdırma göstərir ki, qısnama qorxusu özəl sektorda çalışan qadın respondentlər arasında mövcuddur. Həmçinin, bu problem ailələr tərəfindən qadınların özəl şirkətlərdə çalışmasına etirazın səbəbi kimi tez-tez qeyd edilirdi.

 

"Günahkar qadın" obrazı yaratmaq…

 

İctimaiyyət düşüncəsi "qurbanı günahlandırmağa" çevrildikdə qadınlar bəzi  hallarda gender əsaslı ayrı-seçkiliklə üzləşirlər və yaşadıqları xoşagəlməz halları gizlətməyə üstünlük verirlər.

Hətta bəzən cəmiyyətdə zorakılığa, şiddətə və xəyanətə məruz qalan qadınların özlərini belə günahkar çıxarmağa çalışan ifadələr səsləndirilir. Bir çox hallarda şiddət görən qadınlar bənzər problemləri, yəni yoldaşlarının içib, çəkib, onları döydüyünü, xəyanət etdiklərini dilə gətirirlər. Problemin həlli üçün çıxış yolu axtaran bəzi "psixoloqlar" və "sosioloqlar" isə "niyə bəs o kişini seçmişdiniz?" sualını verərək səhvin qadında olduğuna onları bir növ inandırmağa çalışırlar. Təbii ki, heç kim şiddət göstərən kişini həyatında istəməz. Cavab da şikayət kimi bir qədər standart olur. Bəzi qadınlar "yoldaşım əvvəl normal insan idi" deyirlər.

Cəmiyyətdə bir qrup insan qadına "günahkar sənsən" deməyin daha üslublu formasını tapır. Məsələn, "öz özünə sual ver, sən normal insanın başına nə oyunlar açdın ki, yazıq içməyə, döyməyə və xəyanət etməyə başladı?"

Həyatdakı uğursuzluqların səbəbinin özünün ola biləcəyinə dair fikirlər yavaş-yavaş qadının şüuraltısına yeridilir.

"Bəlkə səbəb sənsən, amma bunu etiraf etməkdən qorxursan?" - Bu psixoloji təzyiq sevgisizliyə, özünəinamsızlığa, intihara gətirib çıxarır.

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə əlaqədar Oxu.Az-a açıqlamasında bildirib ki, bütün bunlara səbəb Azərbaycanda ailə institutunun düzgün formalaşmamasıdır.

Belə ki, metodoloji cəhətdən bu məsələ kökündən yanlış gedir:

"Biz qadınların, qızların hüquqlarının pozulması ilə bağlı dəfələrlə məsələ qaldırmışıq. Amma görürük ki, nə insanlardan, nə də aidiyyəti qurumlardan lazımı reaksiya gəlmir. Gərək məsələni ailə modeli üzərindən qabardıb, çıxış yolu tapasan. Qadını, kişini yox, ailəni qorumaq lazımdır. Bu zaman ahəng qorunur və hər iki tərəf özünü normal aparır. Uzun illər qadınları müdafiə məqsədilə kişiləri vəhşi, kobud, zorakı kimi, qadınları isə zəif, məzlum, zorakılığa məruz qalan biri kimi qələmə verdik. Biz əslində bununla da müəyyən mənada səhv etmişik.

Bilirsiniz necədir? Ailədə münaqişə yaranıbsa, qadının qohumu qadını, kişinin qohumu kişini müdafiə etdi. Nə ailələr, nə də aidiyyəti qurumlar düzgün tərəf tuta bilmədi. Bu, hədsiz dərəcədə yanlış oldu. Beləliklə bu məsələlər də müəyyən mənada özbaşına qaldı".

 

Azərbaycanda ailələrin 80%-i gərginlik içindədir…

 

Sosioloqun sözlərinə görə, bu gərginlik gələcəkdə daha çətin və çıxılmaz problemlər yarada bilər:

"Bu məsələdə laqeydlik göstərmək, kənardan müşahidə etmək olmaz.2014-cü ildən bu günə qədər boşanmaların sayı artaraq gedir.Bu, çox təhlükəlidir.Cəmiyyət mürəkkəbləşir, insanların sinir sistemləri gərginləşir.Boşanmalar artır, amma bu, təkcə onlarla bitmir.

Boşanmayan ailələr onlardan 2 dəfə çoxdur. Ailələrin 80 faizində xoşbəxtlik yox, gərginlik hökm sürür. Bu ailələrdə isə görün necə gənclik böyüyür.Yeni nəsil bu qədər mürəkkəb, gərgin mühitdə nə qədər sağlam fərd kimi yetişə bilər?

Düşünün ki, bu gərginlik ailədə uşaqların səhhətinə, insanlara qarşı münasibətinə, həyata baxışına, problemlərlə mübarizə formasına, təhsilinə, şəxsiyyət kimi formalaşmasına və s. mənfi təsir edir. Cəmiyyətin tələblərinə uyğun ailə institutu ilə bağlı ciddi fəaliyyət proqramları hazırlanmalıdır.Biz bu qədər zorakılığı görürük, amma məsələyə yenə də günlük, saatlıq reaksiyalar göstəririk.Həmin o zorakılığa gətirib çıxaran səbəblə mübarizə aparılmalıdır ki, o neqativ hallar, cinayətlər, zorakılıqlar baş verməsin.

Ölkənin ən böyük sərvəti onun əhalisinin keyfiyyətidir. Ən güclü silahımız əhalinin sağlam təfəkkürlü fərdlər kimi yetişməsidir. Bu məsələyə ya aidiyyəti qurumlar vaxtında diqqət etməlidir, ya da bu dəhşət böyüyərək cəmiyyəti məhvə doğru aparacaq".

Artıq gender əsaslı çətinliklə qarşılan və hüquqları tapdanan qadınları müdafiə edən, onlar üçün mübarizə aparanların sayı günbəgün artır. Bizi dünyaya gətirən bir qadındır, bunu unutmaq olmaz. Çox təəssüf ki, elə hər gün bir qadın digər qadının dünyaya gətirdiyi şəxs (kişi) tərəfindən zorakılığa məruz qalır və ya qətlə yetirilir.

Psixoterapevt Elmir Əkbər mövzuya münasibət bildirərkən deyib ki, problemlər valideynlərin övladlarından öncə özlərini düşünməsindən yaranır və yaşa, mühitə, situasiyaya görə şaxələnir:

"Valideynləri zorakılıq, şiddət görən övladlarının ailə durumundakı çətinliyi görmək istəmirlər. Bəzən bu, əlavə məsuliyyəti öz üzərinə götürməkdən irəli gəlir. Azərbaycan mentalitetinə sırınmış, manipulyasiya edilən bir məsələ var. Valideyn öz övladını mənfəətinə uyğun düşünür və buna görə də evlənəndə də dinc qulağını fikirləşir. Qadının boşanması ailəsi üçün yükdür.

Digər problem isə qadınların öz günahıdır. İqtisadi cəhətdən qadınların əksəriyyəti əziyyət çəkmək, iqtisadi cəhətdən özünü, övladını təmin etməkdən qorxur. Bu səbəbdən də istər öz ailəsində, istərsə də ata evində onu maddi cəhətdən təmin edən şəxs və ya şəxslərin diktəsinə, yeri gələndə zorakılığına, təzyiqinə də boyun əyməli olur. Əgər qadın öz ayaqları üzərində dayana bilmirsə, daim o kimdənsə maddi cəhətdən asılı qalacaq.Bu zaman da təzyiqlər, zorakılıqlar qaçılmaz olacaq".

 

Bakalavr təhsili qızlar üçün imtahansız olsun…

 

Elmir Əkbər düşünür ki, qızların hüquqlarını bilməsi üçün onların bakalavr səviyyəsində ali təhsil müəssisəsinə qəbulu imtahansız keçirilməlidir:

"Ailələr şərait yaratmırlar ki, qızlar oxusun, hazırlaşsın. 21 əsrdə yaşasaq da, bu məsələ hələ də aktualdır. Tibb Universiteti və hüquq fakültələri istisna olmaqla, digər ixtisaslar üzrə bu şəraiti yaratmaq mümkündür. Qızlar hamısı bakalavr təhsili almalıdırlar.Onlar oxumağa davam etməsələr də, dünyagörüşləri olacaq.

Mən Avstriyada təhsil almışam. Orada ali təhsil müəssisəsinə daxil olmaq çox asandır, çətin olan orada oxumaq, qiymət almaq, məzun olmaqdır. Bizim təhsil oradakı təhsildən üstün ola bilər? Səmimi deyək ki, xeyr. Dünyanın ən inkişaf etmiş ölkələrində - Yaponiyada, İsveçrədə təhsil bu formadadır.

Baxın bu məsələləri ayrı-ayrı müzakirə edəndə görürük ki, zorakılığa məruz qalan qadın hara müraciət etsin, kimə sığınsın?Ailə geri qəbul etmir, ər şiddət göstərir, sığınacaqlar məhdud sayda, öz ayaqları üzərində də dayana bilmirlər.Nəticə?Bu çıxılmazlıq gətirir ölümə çıxarır. Bir insanın digərini öldürməsi üçün heç bir səbəb ola bilməz. Həmin insan sadəcə psixopatdır.Bu da şizofreniyadan fərqlidir. Şizofreniya psixozda olan insan anlaqlı deyilsə, nə etdiyini dərk etmirsə, manyak, xəstə etdiyi hərəkətlərə görə cavabdehdir. Amma qadın öldürüldükdən sonra artıq heç bir mənası yoxdur ki, cinayətkarın şizofren, ya psixopat olduğu dəqiqləşsin. Ölünü geri qaytarmaq olmur".

 

Qızlar bərabər hüquq əldə etməlidir…

 

Elmir Əkbər onu da əlavə edib ki, maarifləndirmə ilə əlaqədar heç bir qurum, təşkilat qız övladları olan ailələrə və ya zorakılıq görən qadınların evlərinə bir-bir baş çəkə bilməz. Ona görə də bu məsələdə beynəlxalq təşkilatlar, media mütəmadi materiallar hazırlamalıdır.

 

Affekt vəziyyətində törədilən cinayətin qurbanları…

 

Tez-tez cinayət motivlərində eşitdiyimiz "affekt vəziyyətində olub" ifadəsidir. Niyə affekt vəziyyətində törədilən cinayətlərin qurbanları çox hallarda məhz qadınlar olur?Bu gün cəmiyyətimizdə aktual mövzulardan biri affekt, digər adı ilə güclü ruhi həyəcan vəziyyətində cinayət törədilməsidir. Affekt vəziyyətində olan insan öz emosiyalarını, nitqini, hərəkətlərini idarə edə bilmir. Bu halda insan nə etdiyini anlamır. Nə etdiyini anlamayan insan affekt vəziyyətdə elə özünü bıçaqlasın, özünü pəncərədən atsın, özünəqəsd etsin də. Nə üçün qadına, uşağa qəsd edir? Demək ki, bu, heç də affekt vəziyyətin nəticəsi deyil…

Psixoterapevt məsələyə münasibət bildirərkən qeyd edib ki, bu vəziyyətdə olan insanlar özünə yox, başqasına xətər yetirir:

"Affekt vəziyyətindəki insan özgəsinə zərər yetirir, yaralayır, hətta qətlə yetirə bilir. Onlar o halda özlərinə ziyan vurmur.Bu, məsələnin bir tərəfidir. Amma daha ağır problem odur ki, bizim cəmiyyətdə insanlar affekt vəziyyətinin nə olduğunu bilmirlər.İ nsan sadəcə əsəbiləşir, şüurlu şəkildə cinayət törədir, sonra da affekt vəziyyətində olduğunu deyir. Əsəbiləşmək affekt vəziyyəti deyil.Emosional nəzarəti itirmək onsuz da problemdir. Amma affekt hər adamda olmur. Affekt vəziyyətində olan insan ancaq düşmənini, sevmədiyi insanı yox, ən əziz adamını da öldürə bilər. Bir müddət sonra özünə gələndə heç nədən xəbərsiz cinayət törətdiyini görə bilər. Yəni, affekt vəziyyətində cinayət motivi ola bilməz.

Affekt vəziyyəti müəyyən patologiyası olan insanlarda rast gəlinir. Təəssüf ki, bəzən ekspertizalarda rüşvət alınaraq emosional problemləri bu adla qeyd edirlər.Xeyr, əzizim, affekt vəziyyətində olan insan heç nəyi anlamaz. Bu, çox spesifik bir haldır. Canilərə haqq vermək üçün affekt vəziyyətindən istifadə edirlər. Bu, mənə görə heç doğru bir şey deyil".

 

Analar, qayınanalar qadınların ilk düşmənləridir…

 

Gender əsaslı çətinlikləri, qadınların məruz qaldığı zorakılıqları aradan qaldırmaq üçün böyük çevrilişə ehtiyac olmadığını deyən psixoterapevt xırda-xırda dəyişikliklərin edilməsinin vacibliyinə toxunub:

"Qadınların bu vəziyyətdə istismara məruz qalmasının səbəbi də məhz özləri olurlar. Mütəmadi, stabil şəkildə anaları, qayınanaları, eləcə də hər kəsi maarifləndirmək lazımdır.İnsan səhv edə bilər. Bir fikri başa düşün ki, qəhrəmanları hamı alqışlayır.İnsanın əzizi səhv etdiyi anda yanında olmalıdır.Bütün intiharların, cinayətlərin məsuliyyəti ölən insanların yaxınlarının günahıdır. Vaxtında insana arxa çıxsalar, heç kim ölməz. Ölüm bir anda gəlmir.Nə qədər qadının hüquqları öz yaxınları tərəfindən tapdalanır. Qadın var ki mənəvi olaraq hər gün qətlə yetirilir. Şüuraltına yeridilən belə bir misal var ki, yuxuda qız uşağı görsən, şərə, oğlan uşağı görsən, xeyirə yozulur.Görün bu nə deməkdir? Mən çox təəssüf hissi keçirirəm.Bu mövzu mənim çox həssas nöqtəmdir. Cəmiyyətdə bu mövzu ilə bağlı mübarizə aparan hər kəsə hər zaman əlimdən gələn dəstəyi verməyə hazıram".

Sizi dünyaya gətirən qadınlara qarşı mərhəmətsiz olmayın. Bir insan səhv edə bilər, amma bunun cəzası ölüm ola bilməz. Bir insanı sevməyə bilərsiniz, amma onu ölümə sürükləməməlisiniz. Bir insanın fikrini bəyənməyə bilərsiniz, amma ona hörmətlə yanaşmağı bilməlisiniz. Ən azından bu mövzuda bərabərhüquqlu olmağa çalışın, ardı mütləq gələcək...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

 

 

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bir var fəlakət və bir də var təbii fəlakət. Əslində bunların hər ikisində dolayı yolla bəşər övladının öz əli var. Əlinə hökm edən nəfsinin və bir az da  laqeydlik, məsuliyyətsizlik və nankorluğunun.

Bir söz var, deyir: "Əgər insanları ordan götürsək yer üzü özü cənnətdir."

Əgər insan övladı bir quru ağacı kəsdiyində onun yerində iki fidan əkmiş olsaydı, meşələr qırılmazdı. Əgər insan övladı içdiyi suyun qabını zibil qabına atmağa ərinəməyib onu sahilə atmasaydı dənizlər, okeanlar çirklənməz, balinalar intihar etməzdi. Əgər insan nəfsinə hakim olub öz torpağı ilə kifayətlənə bilsəydi müharibələr olmaz, günahsız yerə minlərlə insan həlak olmazdı. Əgər insan övladı çörəyi israf edib küçələrə atmasaydı onda taxıl qıtlığı yaranmazdı. Əgər insan övladı çirkabı təmiz suya axıtmasaydı onda təmiz su qıtlığı olmazdı.

Və əgər insan övladının pula, var dövlətə hərisliyi bu həddə çatmasaydı bəlkə infilyasya da olmazdı. 

Bu gün insanlar var gücləriylə inkişafa doğru can atır və inkişaf edir, fəqət maddi inkişafa. Lakin buna baxmayaraq insan övladı yenə də xoşbəxt deyil və yenə də fəlakətlər, narahatlıqlar, maddi və ən çox da mənəvi, ruhu problemlərlə üz-üzədir.

İnsanlar əsl inkişafın mənəvi inkişaf olduğunu bilsə və özünü bu sahədə inkişaf etdirsə onda hər şeyin çox gözəl olduğunu görərdi.

Və mənəvi inkişafa aparan yol da məhz elə mədəniyyət, incəsənət və maarifdən keçir. Çünki incəsənət, mədəniyyət və maarif insanı maddiyyatdan alıb mənəviyyat ümmanına qərq edir.

 

Ədəbiyyat və incəsənət”

(18.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlər üçün Əvəz Qurbanlının şeirlərinin dərcini davam edirik.  Hamısını birdən niyə vermirik? Çünki şeir çox olanda dadı-duzu qaça bilər.

 

 

 

YOLAM – YOLÇULARDAN BEZƏN ŞAİRƏM

 

Mən dövrün sözünü deməyə gəldim –

Bu gizli hikməti sezən şairəm.

Mən yolçu deyiləm, yollardan bezəm,

Yolam – yolçulardan bezən şairəm.

 

Çox gördüm canını yol üzən şair,

Küsüb bu dünyadan əl üzən şair.

Sən ey söz bağından gül üzən şair,

Mən söz dənizində üzən şairəm.

 

Ruzimi verən var əl bəhrəsindən,

Yoxdu umacağım Yer kürəsindən.

Minnət götürmərəm el süfrəsindən,

Heybəsi çiynində gəzən şairəm.

 

Əyrilər düzümün qabağındadı,

Min qoşun sözümün qabağındadı.

Dar qəbrim gözümün qabağındadı,

Gen səbrim ondandı – dözən şairəm.

 

Kimi istəyirlər, alqışlasınlar,

Kimi istəyirlər, qarğışlasınlar.

Qoy məni yamanlar bağışlasınlar,

Nəfsi yaxşılıqla əzən şairəm.

 

Məni küsdüyümlə barışdırmayın,

Yanaşı qoymayın, yarışdırmayın.

Başqa şairlərlə qarışdırmayın,

Mən yazan deyiləm, düzən şairəm.

 

Elə bir cihaz qur, tərəzi burax:

Məndə cövhəri tut, ərəzi burax.

A kişi, gördüyün Əvəzi burax,
Özümü özümdən süzən şairəm...


KÖRPÜ MƏSƏLƏSİ...

 

Sən də mən yaşdasan, özünü dartma,
Lap olsun arada ay məsələsi.
Yerimiz səhv düşüb, neyləyək indi,
“Çuval dağarcığa tay” məsələsi?..

 

Həyat sərt üzünü yaman göstərər,
Nə qohum tanıyar, nə qan göstərər.
Nə nə cür olacaq, zaman göstərər –
Nəydi o... “payızda say” məsələsi...

 

Yaşı körpəmizin əlli olacaq,
Onda taleyimiz bəlli olacaq?!
Nə cür məsələ var, həlli olacaq,
Amma bu “torpaqdan pay” məsələsi...

 

Deyirlər, yaltaqlıq toxumu artıb,
Azımı çoxalıb, çoxumu artıb?
Əvəz məşhurlaşıb, qohumu artıb –
Körpü məsələsi, çay məsələsi...



GİZLƏDİRƏM 


Görməmiş deyiləm, gözə soxulam,
Göz-gözə gələndə göz gizlədirəm.
Qorxuram itirəm, bir sifətim var,
Demə, həyalıyam, üz gizlədirəm.

Hər sözü, incimə, sap eləmirəm,
Kitablar yığılır, çap eləmirəm.
Hər bekar qulağa səpələmirəm,
Biganə görəndə tez gizlədirəm.

Atılır ünvana, dəyir hədəfə,
Enir dərinliyə, çatır sədəfə.
Özümdən böyükdü iyirmi dəfə,
Beş göstərirəmsə, yüz gizlədirəm.

Təbin ürəyində döyünə gərək,
Sirri verməyəsən beyinə gərək.
Əhli olmayanın nəyinə gərək?
Əcəb eləyirəm, düz gizlədirəm.

Durub öz ölçünü əynimə biçmə,
Min dəfə seçdiyim sözləri seçmə.
Sözümün yanından kor kimi keçmə,
Mən sözün içində söz gizlədirəm...



ÖPÜRƏM, “ABİ...”


Gözümü açandan qaçaqaçdayam,

Ömrümü yollara səpirəm, abi!

Bəlkə də, bir yana çıxmadım özüm

Baxma kimlərəsə ləpirəm, abi...

 

Dərdimi dillərdən yan gəzdirirəm,

Dilimdə bir ovuc qan gəzdirirəm.

Bir-iki xurmaya can gəzdirirəm,

Mən ki nə dərvişəm, nə pirəm, abi!

 

Hayana üz tutum? Nə umacam ki?

Elə bağlanmayıb qapım-bacam ki...

Yaxşılıq görməyə elə acam ki,

Görəndə gözümə təpirəm, abi...

 

Yalan otururlar, yalan dururlar,

Haqqı büt başına dolandırırlar.

Elə ürəyimi bulandırırlar,

Az qalır hər şeyə tüpürəm, abi!

 

Harda dolaşıq var, rastıma çıxır,

Çözürəm, bir ucu sistemə çıxır.

Zibil qalaqlanıb üstümə çıxır,

Bilmirəm, hansını süpürəm, abi!..

 

...Dünənin işləri sabaha qalıb,

Ümid nə gədaya, nə şaha qalıb.

Sən get yat, mənimki Allaha qalıb,

Gecən xeyrə qalsın... öpürəm, abi...

 


BASABAS

 

Burda bu təzə hamamı,

köhnə libası kim qoyub?

Bapbalaca adamlara

bu boyda tası kim qoyub?

 

Mən bu şəhəri seçməzdim,

bu şəhər məni seçsə də...

Mən bu küçədən keçməzdim,

bu küçə məndən keçsə də...

 

Ey tak-tuk oyaq səsləri!

Ey tək-tük ayaq səsləri!

Bu üç adamlıq küçədə,

Bu üç addımlıq küçədə

Bu basabası kim qoyub?!

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başladıq. Budur, ikinci roman da yekunlaşır. Bu gün son dərcdir.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlaya bildi.

 

 

46–cı dərc

 

Bu dəfə polkovnikin həmsöhbəti çevrilib diqqətlə ona baxdı. Ancaq susdu. Sual verməyin yersiz olduğu ikisinə də bəlli idi. Deyilə biləcək hər şey deyilmişdi. Bu görüş beləcə bitmişdi.

Həmin gecə polkovnikə bütün açıq qalan sualların cavabları bəlli olmuşdu. Gənc Əmirxanın ölümünün detalları, hər şeyin İsfəndiyarın yaxın dostlarının xəyanətindən başladığı bilinmişdi. Yaranmış vəziyyətin qarşı tərəfi qane etdiyi də məlum olmuşdu. Bu bir saat çəkən görüş, əks tərəfin məsələnin uzanmasında maraqlı olmadığına bir işarə idi. Görüş bitən kimi Bəxtiyara hər şeyin arxada qaldığı barədə mesaj göndərən polkovnik oradan evə gəlmişdi. Bütün bu baş verənlərlə yanaşı bir şeyə də fikir vermişdi Arif Dadaşzadə. Bir qədər mistik hesab etdiyi bir şey - hər şeyin otuz ildən sonra, məhz may ayında açılması. Rəmzinin sərxoş olub bu sirri açmasında da, bundan xeyli müddət keçdikdən sonra qətl barədə məlumatın məhz bu ərəfədə ona ötürülməsində də bir qanunauyğunluq görmüşdü qocaman əməliyyatçı. Görünür, günahsız qətlə yetirilmiş Əmirxanın ölümünün üzərinə çəkilmiş qara pərdənin vaxtı indi bitmişdi. Bunu bir nişanə kimi qəbul edən polkovnik vaxt itirməməkçün dərhal əməliyyata başlamış, sadiq tələbəsi Bəxtiyarla görüşüb hər şeyi izah etdikdən sonra tələsməsini istəmişdi.

          

            * * *

Maşını evin qabağında, həmişə saxladığım yerdə saxladım. Düşən kimi burnuma kabab iyi dəydi. Məhəllə kişiləri bağçada manqal qoyub oturmuşdular. Ənənəmizə uyğun olaraq yaxınlaşıb onlarla salamlaşmağa hazırlaşdım. Ancaq heç maşını bağlamağa imkan tapmamış Qələndər məni səslədi:

-Yaxın gəl, Bəxtiyar.

Uzaqdan baxanda, son günlər ərzində Qələndərin necə sınıxdığı aydın hiss olunurdu. Yaxınlaşıb hamı ilə görüşdüm. Əlimi sıxan qonşu Şıxlar soruşdu:

-Bir həftədən çoxdur görsənmirdin, Bəxtiyar, salamatçılıqdır?

-Hə, bir az işlərim var idi, yeddi-səkkiz gün olar ki, şəhərdə deyildim.

Bir neçə gün əvvəl məktubumu alıb maşını Layiqəyə vermiş Qələndərin danışmasına imkan verməyib əlavə etdim: -Arada bir günlük gəlib yenə qayıtmışam.  

-Lap yaxşı. Gəl, keç bizimlə süfrəyə otur, -Şıxlar yanındakı bos stulu göstərdi.

-Sağ olun. Hamıya nuş olsun. Mən ac deyiləm, məclis nə münasibətlədir? -özümü hər şeydən xəbərsiz kimi aparırdım. Qələndərin də, qonşuların da nə isə bilmələrini istəmirdim. Hamı çönüb Qələndərə baxdı.

-Salamımı buraxıblar, Bəxtiyar. Mən bilirdim, oğlum günahsızdır. İnanırdım ki, polislərimiz gec-tez hər şeyi aydınlaşdırıb onu buraxacaqlar. Bu qonaqlığı da, sağ olsunlar, qonşular verirlər.

Əlimi bu sözləri deyib ağlamsınan Qələndərin çiyninə qoydum.

-Təbrik edirəm, qardaş. Biz də hamımız inanırdıq ki, Salam günahsızdır. İndisə, məni bağışlayın, yorğunam, evə keçəcəyəm, -deyib Qələndərlə də, o biri qonşularla da sağollaşıb evə tərəf gəldim.

Bu, pəncərədən çıxıb getdikdən sonra evimə ilk gəlişim idi. Həyət qapısını açıb içəri keçdim. Evin qapısına yaxınlaşanda ayaq saxladım. Qapının girişində sərdiyim kiçik ayaqaltı xalça yerində idi. Qapıya qalxan kiçik pilləkənin quruluşu elə idi ki, evə girmək istəyən mütləq bu xalçanı tapdalamalı idi. Gedərkən evdəki yubiley peçenyesinin qutusundan iki peçenye götürüb xalçanın altına qoymuşdum. Əyilib xalçanı qaldırdım. Peçenyelər əzilməmişdi. Deməli evə girmə cəhdləri olmayıb. Qapını açıb evə keçdim. Yenə də vərdiş etdiyim sakitlik. Pencəyimi asılqana asdım, ayaqqabılarımı çıxarıb vanna otağına keçdim. Əl-üzümü yuyub keçib divanda əyləşdim. Yol məni yormuşdu. Hiss etdim ki, üzümə vurduğum soyuq su bir qədər yorğunluğumu çıxardı. Saat on birə qalırdı. Gülüyə zəng vurdum. Telefonu ikinci zəngdə qaldırdı.

-Gəlmişəm, -dedim.

Araya uzun bir sükut çökdü. Bu ağıllı qadın telefonunun ekranında ev nömrəmin yazıldığını görüb hər şeyin bitdiyini başa düşürdü. Onun yanına yox, öz evimə gəlməyimin də bir səbəbi olduğunu anlayırdı. Sükut uzun çəkdi.. Çox uzun… Xəttin o başında onun hansı hisslər keçirdiyini hiss edirdim. Ancaq, «gəlmişəm»dən başqa, deməyə sözüm yox idi. Nə edə bilərdim. Bu da mənim işim idi. Məni anlayan qadınım da bunu başa düşürdü. Nəhayət Gülü bu sükutu pozdu.

-Səni səhər yeməyinə gözləyəcəm.

-Gələcəm, -dedim.

Daha nə isə deməyə lüzum yox idi. Dəstəyi asıb divana oturdum. Yenə də hər dəfəki kimi, uğurlu əməliyyatdan sonra keçirdiyim eyni hissləri yaşayırdım. Növbəti əməliyyatı da uğurla başa vurmağın yaratdığı məmnunluq, günahsız bir gənci böhtandan qurtarmağımın verdiyi sevinc... Elə bu hissslərin təsiri ilə, yorğun olsam da, hələ ki, yatmaq istəmirdim. Ancaq məni yatmağa qoymayan bir səbəb də var idi. Hər şey geridə qalsa da, hər bir sualın cavabını tapmağa öyrəşmiş biri kimi, bu səbəbi də tapmaq istəyirdim. Sadəcə, maraq xatirinə.

Bu məsələdə mümkün olan hər şey mənə aydın idi. Arif müəllimlə sabahkı görüşüm qalan şeylərə aydınlıq gətirəcəkdi. Ancaq tək bir şey var idi ki, bunu müəllimim mənə deməyə bilərdi-onun hələ ilk gün vaxt barəsində dedikləri. Məni niyə tələsdirməli idi ki? Özü niyə tələsirdi? Dediyim kimi, otuz il əvvəl baş vermiş bir cinayətin üç gün tez, beş gün gec açılmasının nə fərqi var idi axı? Bax bunu nədənsə mütləq bilmək istəyirdim indi. Son keçirdiyim əməliyyatda heç bir cavabsız sualın qalmaması üçün. Müəllimim nəyisə özü açıqlamaq istəməzsə, heç vaxt həmin şey barədə ona sual verməzdim. Bu, ilk gündən belə qəbul olunmuşdu ünsiyyətimizdə. İndi, vermədiyim sualın cavabını tapmaq istəyirdim. Bu cavabı verə biləcək epizodları xatırlamağa çalışdım.

Dayan, polkovnikin son görüşdəki sözlərini xatırla. Əvvəlcə ayın tarixini soruşdu. Sonra iki gün heç nə etməməyi tapşırdı. Bu nə ola bilərdi? Həmin gün ayın neçəsi idi? Mayın iyirmi altısı. Elə həmin gün Salamın işi ilə məşğul olub axşam Qubaya yola düşdüm. Araşdırmaya ayın on altısı başlamışdım. O hesabla araşdırma on bir günə başa çatıb. Bu gün mayın iyirmi yeddisi, on ikinci gündür. Stop. Bu günü çıx, bu gün heç nə baş verməyib, nə olubsa, dünən gecə olub. Deməli bu gün hesabdan deyil. Onda qayıdaq hər şeyin baş verdiyi günə, mayın iyirmi altısına. Rəmzi dünən intihar edib. Burada yenə tələsmə. Bu tarix tanış gəlir. Bir qədər fikrə getdim. Bu tarixi harada görə bilərdim? Dəqiq bilirəm ki, bu tarixlə araşdırma müddətində rastlaşmışam. Fikirləş, detektiv, fikirləş… Bu tarixi harada görə bilərdim? Dayan. Yadıma düşdü. Əlbəttə ki, ekspertiza rəylərində…

Qalxıb pencəyimin cibinə qoyduğum rəyləri götürdüm. Əmirxanın ölüm tarixinə baxdım: «Mövlayev Əmirxan İsfəndiyar oğlu. 26 may 1990-cı ildə, saat 23:20 radələrində avtomobil vurması nəticəsində aldığı çoxsaylı xəsarətlərdən keçinib, meyit həmin gecə saat 01:35-də Patoloji Anatomiya İnstitutunun ölüxanasına daxil olub».

Bu ki, Rəmzinin öldüyü günlə eyni gündür? Mayın iyirmi altısı. Bir də əlimdəki rəyə baxdım. Saat 23:20-də. Bəs Rəmzi, o neçədə özünü vurub? Gecə saatları idi. Dayan, dayan, deyəsən axı on ikiyə işləmiş baş verib hər şey…

Zənnimcə hər şey yerini alır… Bəli, elədir ki, var, Elbrus belə dedi, Rəmzi saat on ikiyə işləmiş özünü vurub. İndi hər şey mənə aydın oldu. Bu İsfəndiyar Mövlayevə ünvanlanmış bir mesaj idi. Onun günahsız qətlə yetirilmiş oğlunun qisasını almış dostu tərəfindən verilmiş bir mesaj. Hər şeyin birbaşa deyilə bilmədiyi, nəyinsə bəzən susmaqla, bəzən məzar daşları vasitəsilə deyildiyi bu aləmdə qocaman polkovnik tərəfindən verilmiş mesaj. Deməli, o buna görə məndən ayın tarixini soruşub, sonra daha heç bir addım atmamağımı tapşırdı. Vaxt tamam imiş, polkovnikin məni tələsdirdiyi, ona lazım olan vaxt…

Yaxşı, bəs polkovnik Rəmzinin intihar edəcəyini və bunu məhz gecə on ikiyə işləmiş edəcəyini necə bilə bilərdi? Bunun yalnız bir yozumu var. Rəmzi ilə ölümündən az əvvəl görüşən səksən beş yaşlı «qoca»… Təəssüf ki, orada nə baş verib, nə danışıblar, bunu heç kim, heç mən də o «qoca»dan soruşa bilməyəcəyik. Orada olanlar yalnız onun özünə məlumdur, yalnız özünə…

Deyirlər, nahaq qan yerdə qalmır. Deyəsən, həqiqətən də belədir. Qətlə yetirilmiş bir gəncin qanı gec də olsa, yerdə qalmadı. Düz otuz ildən sonra, eyni gündə, eyni saatda gələn qisasla ədalət yerini aldı.

Bəli, polkovnikin nə demək istədiyi indi mənə məlum oldu.

Ölüxanadan meyiti təhvil verilən Rəmzi dəfn olunacaq, sonra ona başdaşı qoyulacaq. Başdaşında ölüm tarixi həkk olunacaq-«26 may 2020-ci il». Hərdən dostları o qəbri ziyarət edəcəklər. Bir gün İsfəndiyar Mövlayev də dostunu yad etmək üçün həmin qəbirə baş çəkəcək. Və məzar daşında «26 may» tarixini görərkən çox sevdiyi yeganə övladının da otuz il əvvəl həmin tarixdə öldüyünü xatırlayacaq. Onda bu dünyagörmüş adam uzun müddət o qəbrin yanında dayanıb fikrə gedəcək. Kim bilir? Bəlkə də hər şeyi başa düşəcək. Bəlkə də yox… Ancaq nə fərqi, onsuz da, daha heç nə dəyişməyəcək. O dünyada olanları bu dünyada olanlar sorğu-sual edə bilmirlər.

Bu da axırıncı tapmacanın cavabı. Daha rahat yata bilərəm. Qalxıb işığı söndürüb yerimə uzandım. Gözlərimi yummamışdan qabaq adətim üzrə tavana baxdım.

Yaxşı ki, baş daşlarında ölüm saatı qeyd olunmur…

SON

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib böyük kinoaktyor, mərhum Həsən Məmmədovdur. Onunla müsahibə 1998-ci ildə götürülüb.

 

“Yeddi oğul istərəm filminə qədər o, “Böyük dayaq” “Arşın malalan” və digər filmlərə çəkilmişdi. “Yeddi oğul istərəm”dən sonra da çoxlu rollar oynadı: “Axırıncı aşırım”da Abbasqulu bəy Şadlinski, “Gün keçdi” də Oqtay, “Dədə Qorqud”da Qorqud, “İstintaq”da Murad... Amma heç bir rolu onu geniş tamaşaçı kütləsinə “Yeddi oğul istərəm” filminin baş qəhrəmanı Bəxtiyar qədər sevdirmədi. Hətta filmin çəkilişlərindən sonra onu çox vaxt “Bəxtiyar” çağırmağa başladılar. Amma o “Ən çox sevdiyiniz rol hansıdır?” sualına  “Bizi bağışlayın” filmində Nəriman” deyə cavab verdi.

Aktyor özü bu barədə nə deyir-desin, kinomuzda onun adı ilə bağlı olan realist-psixoloji üslub məhz Bəxtiyarla başlayır. Bəxtiyar onun sənət taleyidir və Həsən Məmmədov, doğrudan da, bəxtiyar sənətkardır.

Milli kinomuzun ən parlaq nümayəndələrindən biri olan görkəmli aktyorun tezliklə 60 yaşı tamam olacaq. Bəs, ömrünün 60 illik zirvəsindən dönüb geri baxan sənətkar indi nələr düşünür?

 

-        Həsən müəllim, necə oldu ki, universitetin filologiya fakültəsinin ikinci kursundan çıxıb, İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil oldunuz?

-        Mən filologiya fakültəsini deyil, fizika-riyaziyyat fakültəsini yarımçıq qoyub, aktyorluq fakültəsinə daxil olmuşam.

-İxtisas dəyişmək cəsarət tələb edir. Bu cəsarətli dönüşə təkan verən yəqin ki, uşaqlıqdan aktyor olmaq arzunuz olub?

-Mənim uşaqlığım Salyanda keçib. Bütün kənd uşaqları kimi palçıqlı küçələrdə ayaqyalın gəzib-dolanmışam. Nə teatr görmüşəm, nə də aktyor. Bakıya gələndən sonra tədricən teatrlara ayaq açdım, tamaşalara getdim və özümdə aktyor olmaq arzusu hiss etdim. Bir gecə, elə bil, kimsə mənə dedi ki, sən aktyor olmalısan.

-        Əvvəla, icazə verin, qarşıdan gələn 60 illik yubileyiniz münasibətilə sizi ürəkdən təbrik edim. İkincisi, 60 illik ömrün zirvəsindən geri baxan Xalq artisti Həsən Məmmədov gənc Həsənin atdığı o cəsarətli addıma indi necə qiymət verir?

-        Təbrik və xoş sözlər üçün sağ olun. İndiki səviyyəmlə dönüb geri baxanda gəncliyimdə atdığım bu addıma sevinirəm. Deyirəm, nə yaxşı, bu addımı atmışam və axırı da pis qurtarmayıb.

-        Sizin kinoda ilk işiniz “Böyük dayaq” filmində Qaraş obrazıdır. O vaxt hələ aktyor kimi tanınmayan, zahiri görünüşü ilə də diqqəti o qədər çəkməyən bir tələbənin bu filmə çəkilməsi necə oldu?

-        (təəccüblə) Doğrudan, siz elə fikirləşirsiniz?

-        Həsən müəllim, sizin bir aktyor kimi də, zahiri görünüşcə də formalaşmağınız Əsgər, Oqtay obrazlarında baş verdi. Qaraş obrazında bunu qətiyyətlə demək hələ mümkün deyildi. Mən bunu demək istəyirdim. Yoxsa ki, sizin görünüşcə Alen Delondan, istedad baxımından Jan Qabendən geri qaldığınızı düşünmürəm. İndi isə müsaidənizlə sualımıza qayıdaq, filmə çəkilməyiniz necə oldu?

-        Görünür, bəxt, qismət deyilən bir şeylə razılaşmaq lazımdır (gülümsəyir). Siz bu filmin adını çəkəndə mən elə bildim ki, başqa bir sual verəcəksiniz. Bu filmlə bağlı adətən məndən soruşurlar ki, Rüstəm kişini oynayan Ələsgər Ələkbərov mənə doğrudan sillə vurub, ya yox?

-        Bəlkə, söhbətimizi elə bu sualla da davam etdirək?

-        O məni elə bərk vurdu ki, gözlərimdə sanki bir ildırım çaxdı. İndi desəm ki, o boyda sənətkar çəkilişdən sonra hələ heç kəsin tanımadığı bir cavanın qarşısında ağladı, üzr istədi, bəlkə də, inanmayacaqsınız. Özü də ağlamaq da var ağlamaq da... Hönkür-hönkür ağladı. Deyirdim ki, ay Ələsgər əmi, vurmusunuz, lap yaxşı eləmisiniz, nə olub, dünya dağılmayıb ki? Kimə deyirsən?

-        Siz belə zərbəyə hazır deyildiniz, nə əcəb rolda çaşmadınız?

-        (tərəddüdlə) Məni bərk vurmağı özüm ondan xahiş etmişdim.

-        Leyla Şıxlinskaya ilə “Arşın malalan”, “Gün keçdi”, “Bağ mövsümü” filmlərində tərəf müqabili olmusunuz. Ümumiyyətlə, Leyla xanımın çəkildiyi bütün filmlərə çəkilmisiniz. Bu, bir təsadüf idimi?

-        Bu, əlbəttə, rejissorlardan asılı olan bir işdir. Amma onu da deyim ki, bir tərəf müqabili kimi mən Leyla xanımdan çox razıyam. Mübaliğəsiz deyə bilərəm ki, Leyla Bədirbəyli və Nəcibə Məlikovadan sonra o bizim ən yaxşı kinoaktrisamız idi. Çox təəssüf ki, onun potensialından lazımınca istifadə olunmadı.

-        Sizin “Arşın malalan”dakı Əsgərinizlə Rəşid Behbudovun Əsgəri arasında nə kimi fərq var?

-        O film müharibədən dərhal sonra çəkildi, xalqa ümid, işıq verdi. Bütün dünyada məşhur oldu. “Arşın mal alan”ın 60-cı illərdə ikinci dəfə çəkilməsi rəngli film tələbi ilə bağlı idi. Və əlbəttə, bizim üstünlüyümüz dövrün üstünlüyü idi. Əgər başqa cür olsaydı da, belə demək bizim borcumuzdur.

-        Xarici rejissorlardan biri sizin haqqınızda deyib ki, “bu aktyor danışana qədər dahidir”. Bu fikirlə razısınızmı?

-        (təəccüblə) Necə?

-        Yəni xarici rejissor demək istəyib ki, siz baxışlarınız, mimikanızla dahisiniz...

-        Mən özüm haqqında heç vaxt belə tərifli sözlər demək istəməzdim, amma məcburam deyəm. Bu necə ola bilər ki, mən ağzımı açmamış obrazı yaradım, amma bütövlükdə onun öhdəsindən gələ bilməyim? Əgər mən “Axırıncı aşırım” filmində Abasqulu bəy Şadlinski roluna görə 1972-ci ildə Tiflisdə keçirilən kinofestivalda “Ən yaxşı kişi rolunun ifaçısı” mükafatına layiq görülmüşəmsə, deməli, obrazın öhdəsindən tam gələ bilmişəm. Eləcə də, “İstintaq” filmindəki Murad roluma görə Dövlət mükafatı almışamsa, bu elə beləcə, gözüyumulu olmayıb.

-        Siz bir çox filmlərdə insan iztirabının, insan kədərinin ən son ifadəsini yaratmısınız. Məsələn, Bəxtiyarın Sarı Şəmistandan gələn məktubu oxuduğu epizod, Muradın müstəntiqin suallarına cavab verdiyi kadrlar, Dədə Qorqudun qəbrin kənarında oturduğu səhnə... Bu əzabkeşlik sizdə hardandır?

-        Bu əzabkeşlik obrazla bağlıdır. Həyat başqa şeydir. Əgər filmin məzmunu gərgin psixoloji anları canlandırmağı tələb edirsə, aktyorun borcudur ki, bunu eləsin. Məsələn, mənim yadımdadır ki, “Birisigün gecəyarısı” filminin çəkilişi zamanı nə qədər daxili əzab çəkdim. Yaxşı yadımdadır ki, Ələsgər Ələkbərov Mehdi Hüseynin “Cavanşir” pyesinin tamaşası zamanı rolun həyəcanları ilə elə yaşayırdı ki, on iki alt köynək dəyişirdi. Mən öz gözümlə görmüşəm ki, o, köynəyini necə sıxıb və köynəkdən su necə tökülüb. Əlbəttə, özümü o dahi sənətkara oxşatmaq fikrindən çox uzağam. Amma filmlərdə də o əzabları yaşamaq tələb olunur.

-        “Dədə Qorqud” filmi ekranlara çıxanda bəziləri sizin Qorqud rolu üçün çox cavan olduğunuzu söylədilər.

-        (gülümsəyir) Dediyiniz iradı tutan adamlar necə deyə bilərlər ki, Dədə Qorqud elə olub, ya elə olamyıb, o yaşda olub, ya olmayıb. Heç kəs deyə bilməz ki, Dədə Qorqud səksən, və ya doxsan yaşda olub. Əsas odur ki, o, saçı-saqqalı ağarmış bir el ağsaqqalıdır. Və bu, məncə, filmdə də var.

-        “Axırıncı Aşırım” filmində böyük sənətkar Adil İsgəndərovla tərəf müqabili olmusunuz. Deyirlər ki, böyük rejissorun həm də böyük aktyor olması nadir hadisədir. Sizcə, bu fikir milli rejissuramızın titanının timsalında özünü doğruldurdumu?

-        Onun filmlərdə gözəl rolları olub: “Mehman”da Kamilov, “Axırıncı aşırım”da Kərbəlayi İsmayıl, “Dərviş Parisi partladır”da Hatəmxan Ağa... “Axırıncı aşırım” filmində “Ən yaxşı kişi rolunun ifaçısı” mükafatını biz ikimiz aldıq. O çox talantlı, dəhşətli dərəcədə xoşagələn obraz yaradan aktyor idi. O köklüklə, o bədənlə çox ciddi obrazlar yarada bilirdi. Ədil müəllim özünəməxsus adam idi, onu ötüb keçən olmayacaq.

-        1978-ci ildə Adil İsgəndərovun vəfatı Brejnevin Bakıya gəlişi ilə üst-üstə düşüb. Deyilənlərə görə, onun dəfnində cəmi dörd nəfər iştirak edib: Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Barat Şəkinskaya və Hamlet Xanızadə. Nə əcəb, siz beşinci deyildiniz?

-        Mən onun dəfnində iştirak etmişəm. Yadımdadır ki, cənazə Teatr xadimləri İttifaqından götürüldü. İndiki kimi yadımdadır ki, dəfn Ədil müəllimə yaraşan səviyyədə olmadı, necə ki, Tofiq Tağızadənin bu günlərdəki dəfni özünəlayiq deyildi. O cür gözəl filmlər çəkən rejissorun dəfninin bu cür keçməsi, zalın boşluğu, şəxsən, mənə çox ağır təsir etdi. Tofiq Tağızadənin dəfnində üç-dörd  dövlət rəsmisindən başqa heç kəs yox idi. Səhnəyə hətta mikrafon belə qoymamışdılar. Adil İsgəndərovun dəfni bu dərəcədə etinasızlıqla keçirilməmişdi. Cənazə yerdən götürüləndə zala çoxlu adam yığılmışdı. Amma qəbiristanlığa yola salınanda meyidi tələsik maşına qoyub apardıalr. Heç, macal da vermədilər ki, camaat qəbiristanlığa getsin.

-        Sizcə, niyə belə elədilər?

-        Mən artıq buna qarışmıram.

-        Adil İsgəndərovun kinostudiyanın direktorluğundan uzaqlaşdırılması yadınızda necə qalıb?

-        (dərin bir köks ötürür) Azərbaycan kinosunun ən parlaq dövrləri 1969-82-ci illərdir. Bu dövrdə bir neçə ili çıxmaq şərtilə kinostudiyanın direktoru Adil İsgəndərov olub. O, Azərbaycan ziyalılarını, rejissorları, aktyorları, operatorları yığdı, cəmlədi və Azərbaycan kinosunu ayağa qaldırdı. Amma onun kinostudiyadan getməsi çox müəmmalı oldu. Mən bu barədə nəsə deyə bilmərəm.

-        Heç özünüzü oynadığınız rol olubmu?

-        İndiyədək yetmişə qədər rol oynamışam. Bunların içində mənə ən yaxın olanı “Böyük dayaq”dakı Qaraşdır. Düzdür, o evlidir, mən isə o vaxtlar subay idim. Amma çox şey bizi doğmalaşdırırdı – onun gəncliyi, saflığı, kənd mühitindən çıxması.

-        Təsəvvür edin ki, bütün obrazlarınızdan qiymətli bir üzük hazırlayırsınız. Onun qaşı hansı obrazınız olardı?

-        “Bizi bağışlayın” filmində Nəriman.

-        Niyə məhz Nəriman? O sizin nisbətən az şöhrət qazanan obrazlarınızdandır.

-        Siz sual verdiniz, mən də cavab verdim. Görürsünüz, yenə gəldik mən deyənə. Dövlət mükafat verməyib, geniş ekranda getməyib, televiziya filmidir, yalnız televiziya ilə göstərilib. Bu filmin mənası böyük idi. Təəssüf ki, bizdə filmə baxmağı bacarmırlar. Görürsən, söhbət edə-edə, çörək yeyə-yeyə kinoya baxırlar. Bəzən bircə epizoda diqqət yetirməsən, kinonu başa düşməyə bilərsən.

-        Uzun illər boyu Rasim Balayevlə bir dəfə də olsun tərəf müqabili olmamısınız. Elə bil ki, ayrı-ayrı planetlərdə yaşamısınız.

-        Sizin bu sualı verməyə haqqınız var. Azərbaycan kinosu mənimlə qurtarmır ki... Sevindiricidir ki, məndən sonra kinoya Rasim gəldi, Şahmar gəldi, Hamlet gəldi, Səməndər var idi, Allah rəhmət eləsin... Bizdə bir çatışmayan cəhət olub – aktyorları bir yerə yığmamaq. Rasim mənim xoşuma gələn aktyordur. Amma tərəf müqabili olmaq rejissordan asılıdır. Mən şad olardım ki, onunla tərəf müqabili olum. Mənə elə gəlir ki, o da şad olardı...

-        Ürəyinizdə qalan rol olubmu?

-        Əgər rolu başqasına veriblərsə, mənim o rolda gözüm olmayıb. O da kimdirsə, aktyordur, qoy oynasın.

-        70-ci illərdən sonra filmlərə niyə az çəkilmisiniz?

-        Mən nə çəkildimsə, 1882-cilə kimi çəkildim. Kişi Moskavaya gedəndən sonra kinomuz sönməyə başladı. Onun kinoya diqqəti böyük idi.

-        Heydər Əliyevlə şəxsən ünsiyyətdə olmusunuzmu?

-        Mən onunla iki dəfə görüşmüşəm. 1982-ci ildə o Moskvaya yola düşəndə bir çox ziyalılarla görüş keçirdi. Onların arasında mən də var idim. O vaxt mən Xalq artisti adına layiq görülmüşdüm. Məni təbrik etdi, dedi ki, bundan da yüksək adlara layiq görüləsən. İkinci görüşümüz teatrda olub.

-        Başqa ölkələrə çəkilişlərə dəvət almısınızmı?

-        “Belarusfilm”də üç, “Tacikfilm”də bir filmə çəkilmişəm. Bu il İranın səkkiz seriyalı “Vüsal günləri” filminə çəkildim.

-        Xomeyni rejimindən sonra İranda kino sənəti hansı durumdadır?

-        Mən İran filmi ilə dərindən tanış deyiləm. Amma orada qaldığım qırx gün müddətində Tehranda, Ərdəbildə filmlərə baxdım. İldə yetmiş  film çəkirlər, səviyyəsi də çox gözəl. Əsas mövzuları İran-İraq müharibəsidir. Artıq İran filmləri Beynəlxalq kinofestivallarda yer almağa başlayıb.

-        İranlılar qonaqpərəst olarlar...

-        Olduqca. Qırx  gün orada olduğum müddətdə məni heç nədən korluq çəkməyə qoymadılar.

-        Siz də onları eyni səviyyədə qarşılaya bilərsinizmi?

-        Onlar mənim mikrorayonda yaşadığımı görüb təəccüb etdilər. Elə bilirdilər ki, mən tanınmış aktyoramsa, Xalq artistiyəmsə, dəbdəbə içində yaşayıram. Məni orada işləməyə də dəvət etdilər, getmədim.

-        Prezident rəğbət bəslədiyi sənətçilərə qarşı çox diqqətlidir. Nə əcəb, indiyədək şəhərin mərkəzi yerlərindən birində sizi evlə təmin etməyiblər?

-        İş Prezidentlik deyil. Prezident teatrda mənimlə görüşəndə bu məsələ ilə maraqlandı. Müvafiq məsələyə baxan Eldəniz Lahıcova bu barədə göstəriş də verdi. Sadəcə, mən özümü hər yerə soxan adam deyiləm.

-        Ailə vəziyyətiniz barədə heç danışmadıq...

-        Həyat yoldaşım evdar qadındır. Sənətdə qazandığım uğurlarda onun çox böyük zəhməti var. İki oğlum var. Övladlarım arasında sənətlə məşğul olan yoxdur.

-        Sənət həyatınızda unudulmaz fakt...

-        Gərək onda mən sənə yetmiş gün, yetmiş gecə söhbət edim… Amma bütövlükdə götürəndə deyirəm ki, ay Allah, qurban olum sənə, nə yaxşı o vaxt imkan olub, obrazlar yaratmışam. İndi buna imkan yoxdur. İndi kino var bəyəm?

-        Deyirlər ki, Azərbaycan kinosu ölüm həddindədir...

-        Azərbaycan kinosu ölümcül bir yaralı kimi çabalayır. Mən inanmıram ki, Azərbayccam kinosu bir də dirilsin! Dağıldı! Dağıtdılar Azərbaycan kinosunu! Müstəqillik qazanandan sonra dörd ilə qədər işsiz qaldım. Axırda yenə də üz tutdum teatra.

-        Kinonu kimlər dağıtdı?

-        Mən bu barədə ətraflı danışan deyiləm. Bəlkə də bu, qəzet söhbəti deyil. Dağıdan dağıtdı...

-        Sizin sözünüzdən belə çıxır ki, kinomuzun indiki tənəzzülü subyektiv amillərlə bağlıdır.

-        Bu sualı kinoya şəxsən rəhbərlik edən adamlara ünvanlamaq lazımdır. Amma gülməli də olsa, yenə Allaha şükür ki, xalqın içində kinoyla maraqlanan adamlar qalıb. İndi əksər adamlar iyrənc ideyalar təbliğ edən filmlərlə maraqlanırlar.

-        Realist, psixoloji obrazlar qalareyası yaratmış Həsən Məmmədov teatrın romantik atmosferində özünü necə hiss edir?

-        Mən teatrda əvvəllər də işləmişəm, tələbə vaxtı kütləvi səhnələrə çıxmışam. Sonra müstəqil rollar da oynamışdım.

-        Səməd Vurğunun “Fərhad və Şirin”ində Xosrovu romantik bir pafosla oynayırsınız. Bu, rejissor travtofkasıdır, yoxsa bir aktyor kimi öz daxilinizdən gəlir?

-        “Fərhad və Şirin” Sovet dövründə yazıldığından orada müəyyən ideoloji əyintilərə yol verilib. Əsil Xosrovla əsl Şirin Nizaminin “Xəmsə”sindədir. Mən Xosrovu yaradanda daha çox Nizamiyə əsaslanıram. Nizami isə dünyanın ən böyük romantiklərindən biridir.

-        Altmışıncı illər Azərbaycan teatrının Baratlı, Ələkbərovlu günlərini görən gənc Həsən otuz il sonra yenidən teatra qayıdanda müqayisədə nə gördü?

-        Mən ondakı teatrı indi görmürəm.O  vaxt gördüklərim indiki teatrda yox dərəcəsindədir.

-        Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?

-        Bir ovuc torpaq...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

 

 

 

 

 

Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.

Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək. 

 

Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.

Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.

Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Qardaş Türkiyədə düzənlənən Muğla Büyükşehir Belediyesi 4-cü Uluslararası Karikatür Yarışmasının kataloqunda azərbaycanlı rəssam Soltan Soltanlının da bir əsəri yer alıb. 

 

“Ədəbiyyat və incəsənət” portalına rəssamın verdiyi məlumata görə, yarışmaya 

1324 əsər göndərilib, 175 əsər sərgi və kataloq üçün seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Cümə, 18 Avqust 2023 10:45

20 avqust son gündür

YARAT Qısa Filmlər Festivalına film qəbulu sona yetir

 

YARAT bu il keçiriləcək Qısa Filmlər Festivalı (YARAT Shorts) çərçivəsində öz qısametrajlı bədii ekran əsərlərini nümayiş etdirmək istəyən, yenicə fəaliyyətə başlamış və ya karyeralarının inkişaf mərhələsində olan Azərbaycan kinorejissorları üçün ekran əsəri qəbulunu davam etdirir. 

 

YARAT-ın yaydığı məlumata görə, layihənin məqsədi Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan, gənc istedadlar üçün platforma yaratmaq, yerli kinorejissorların filmlərinin geniş auditoriya arasında tanınmasını təmin etməkdir.

Layihənin bütün missiyası YARAT məkanlarında keçiriləcək açıq havada və ya qapalı meydançalarda film nümayişləri, habelə beynəlxalq səviyyədə tanınmış rejissorlar, ssenaristlər və aktyorların iştirakı ilə baş tutacaq seminarlar, mühazirələr və müzakirələr daxil olmaqla, zəngin və rəngarəng maarifləndirici tədbirlər proqramı vasitəsilə həyata keçiriləcək. Bu il nümayiş olunacaq filmlər “Qadınlar və qadınların cəmiyyətdəki rolu”, “Tənhalıq və özünüinkişaf”, “Yaddaş və mental landşaftlar” mövzularına toxunmalı, yaxud müəyyən dərəcədə bu mövzuları əhatə etməlidir.

İştirak etmək istəyənlər filmlərini avqustun 20-dək e-poçtla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına təqdim etməlidirlər.

Seçilmiş filmlər sentyabrın ilk həftəsində nümayiş olunacaq.

Festivalda iştirak hüququ qazanmaq üçün filmlər ilkin seçim tələblərinə də cavab verməlidir.

Festivala Azərbaycan mənşəli və ya əsilli kinematoqrafçılarının birgə prodüser, rejissor və ya ssenari işi olan, ümumi müddəti 30 dəqiqədən az olan (yekun titrlər daxil olmaqla) istənilən film və ya videolayihəsi ilə müraciət etmək mümkündür. Bura ssenari əsasında hazırlanmış və ya improvizasiya xarakterli fantastika, eksperimental film, video və animasiya daxil ola bilər.

Qısametrajlı filmlərin festivalda iştirak hüququna təsir edən, premyera ilə bağlı xüsusi tələblər və ya məhdudiyyətlər yoxdur. 

Filmlər daha əvvəl istənilən festivallarda və ya digər ictimai sərgilərdə nümayiş etdirilə, televiziya kanalları və ya İnternetdə yayımlana/translyasiya edilə, yaxud dünyanın istənilən yerində, istənilən məişət texnikası və ya digər ictimai yayım platformasından istifadə etməklə təqdim edilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.