
Super User
İngilisdilli mətbuatda Azərbaycanın obrazı necədir?
Mətbuat Şurasında ADU-nun kitab təqdimatı keçirilib
Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”
By gün - 18 dekabr 2023-cü il tarixində Azərbaycan Mətbuat Şurası və ADU-nun "Beynəlxalq Jurnalistika" şöbəsinin təşkilatçılığı ilə "Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)" kitabının təqdimatı-müzakirəsi keçirilib.
Tədbirin açılışını Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid edib. O, Heydər Əliyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında rolundan danışıb, XX əsr mətbuatının cəmiyyətimizdəki rolundan söz açıb.
Daha sonra söz Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Xalq qəzetinin" baş redaktoru Əflatun Amaşova verilib. Redaktor geosiyasi vəziyyətin gərginliyi dövründə ölkələrin Azərbaycana sərgilədiyi qərəzli mövqedən bəhs edib.
Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı kitabda yer alan kontraktlar, dövlət çevrilişinə cəhdlər və Azərbaycanın siyasi tarixinin ingilisdilli mətbuatda yer alan detallarına toxunub. O, ADU-nun bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib.
Tədbirin gedişatında əməkdar jurnalist Tofiq Abbasova söz verilib. Politoloq Heydər Əliyevin mətbuat siyasəti və xarici mətbuata çatdırdığı doğrulardan söz açıb, təqdimatı keçirilən kitabın XX əsrin sonları haqqında informasiya və təbliğat sahəsində nə qədər önəmli mövqeyə malik olduğunu vurğulayıb.
ADU-nun "Azərbaycan obrazı" Elmi Tədqiqat Laboratoriyasının müdiri Aqil Şahmuradov bildirib ki, kitabın ərsəyə gəlməsi çoxsaylı cəhdlər hesabına başa gəlib.
"Biz kitabda Azərbaycanın mədəniyyəti, Şərq və Qərbin uzlaşması, Azərbaycan musiqisi və tarixi ilə bağlı məqalələri toplamışıq. “Qurban qalib olanda cəllada dönür” fikrini əsas tutaraq kitabda qeyd olunan məqalələrin balansını qorumağa çalışmışıq. Universitetimizdə yerləşən "Amerikaşunaslıq" Elmi Tədqiqat Labarotoriyasının səyləri nəticəsində toplanan məqalələri Azərbaycanda tapmaq elə də asan olmadı. Biz bu kitabı ölkədə siyasi qarışıqlığa Fransa və Almaniya kimi dolğun mətbuata sahib ölkələrin həmin dövrə aid məqalələrini əldə edərək ərsəyə gətirmişik,"—deyə dosent qeyd edib.
ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi f.f.d Aynurə Hüseynova kitabda toplanılan məqalələrdən çıxış edərək həqiqətlərimizin dünyaya çatdırılmasında ingilisdilli mətbuatın rolundan danışıb, müxtəlif illərə aid xarici mətbuat orqanlarının Azərbaycan və Birinci Qarabağ Müharibəsinə dair araşdırmalarına toxunub.
Tədbir Azərbaycanın sabiq baş naziri, Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədovun çıxışı ilə davam edib.
ADU-nun Beynəlxalq Jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı xarici mətbuatda Azərbaycan obrazının görünməyən tərəflərinə toxunub, 44 günlük müharibə zamanı prezident İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələrdən danışıb.
Sonda xatirə şəkilləri çəkdirilib.
Əlbəttə ki, hər bir yeni nəşrin işıq üzü görəməsi diqqətçəkəndir. Bu cür tədqiqat nəşrləri isə xüsusən.
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)
Məşhur kamança ifaçısı Mark Eliyahu növbəti dəfə Bakıda çıxış edəcək
Dünyaşöhrətli kamança ifaçısı Mark Eliyahu 2024-cü il fevralın 11-də Heydər Əliyev Sarayında çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı ticket.az-a istinadən xəbər verir ki, konsertdə ifaçı tamaşaçıların qarşısına “Journey”, “About love”, “Endless”, “Let it go” kimi əsərlərlə çıxacaq.
Mark Eliyahu Dağıstanda məşhur musiqişünas və musiqiçi Perets Eliyahunun ailəsində dünyaya göz açıb. Gənclik vaxtlarında əfsanəvi kamança ustadı Habil Əliyevin ifasından ruhlanan Mark bu musiqi alətini dərindən öyrənməyə qərar verib. O, 16 yaşında Azərbaycana gəlib və Əməkdar artist Ədalət Vəzirovdan kamança ifaçılığı sənətini mənimsəyib.
Musiqiçi müxtəlif ölkələrdə bir çox musiqi və rəqs layihələrində iştirak edib. Onun “Voices of Judea” (“İudeyanın səsləri”) solo-albomu musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
Mark Eliyahu təkcə musiqiçi deyil, o həm də multikulturalizmin və sülhün nümayəndəsidir. İfası ilə o, coğrafi sərhədləri, dil maneələrini və dini fərqlilikləri aşaraq dünyaya nikbin mesajlar çatdırır. Sevginin universal dili olan musiqi vasitəsilə Mark Eliyahu musiqisevərlərin ürəyinə yol tapır.
Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)
“Arzuların qurduğu sarayları şübhələr dağıdar” - HÜMBƏT HƏSƏNOĞLUDAN 10 AFORİZM
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğlunun növbəti 10 aforizmini təqdim edir.
1.Öz yolunla get və narahat olma, səni istəyənləri yanında görəcəksən.
2.Şahmatın şah qanunu: Şah şahı mat edə bilməz.
3.Bizə həyat bəxş olunub, biz də bu həyata xoşbəxtlik bəxş edək.
4.Arzunu ancaq arzusu olanla bölüş.
5.Ağılla yaşamaq yaxşıdır, amma gözəl həyat hisslərlədir.
6.İnsanın danışdığı yalan maraqlı deyil, onun niyə yalan danışdığı maraqlıdır.
7.Arzuların qurduğu sarayları şübhələr dağıdar.
8.Məsafə metrlə, çəki kiloqramla, insan mərhəmətlə ölçülür.
9.İçimdəki dünya, çöldəki dünyadan qat-qat ədalətlidir.
10.Çata bilmədiyin arzuya uzaqdan da olsa, gülümsə.
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)
Məktəb yoldaşım - ESSE
Nigar Arif, “Ədəbiyyat və incəsənət” üçün
Xatirələr keçmişin qopuqlarıdır… Uşaqlar oyuncaqlarilə oynadıqları kimi, biz də bu “qopuq”larla başımızı qatırıq… Guya biz uşaq deyilik… Uşaq gördüklərimiz böyükdürlər bəlkə də… Mənə görə böyüklük qəlbin təmizliyində, saflığındadır, uşaqlardan saf və təmizi varmı? Məncə, küçədə yaşayıb, dilənən, nəm salfet satan həmin o uşaqlardan “Gələcəkdə nə olmaq istəyərsiniz?” sualını soruşsaq, gözlərinin dərinliyində “uşaq” cavabını verərlər… Çünki böyüməyi sevməyənlər belə uşaq olmağı sevir, bəlkə də buna görə insanlar qocaldıqca uşaqlaşır… Bəlkə də, biz nə qədər özümüzdən qaçsaq da, əvvəl-axır özümüzə qayıdırıq… Həyat kimi, keçmişin qopuqları kimi…
Bir gün məktəb çantamda dərsə göyərçin aparmışdım… Səhərin alaqaranlığında qarşılaşmışdıq o göyərçinlə… Elə kimsəsiz, elə kövrək, müdafiəsiz idi ki, qorumaq istədim… Yaxşı uça bilmirdi, bir-birimizə uçmağı öyrədərik deyə düşündüm… Sonra… Sonrasını yəqin təxmin edə bilirsiniz… Mən özümə yeni “məktəb yoldaşı” tapmışdım, o da dərsin ortasında pərvazlanıb ortalığı vəl-vələyə verdi, hay-küy qopdu, hamı üzümə sehirbazammış kimi baxırdı, mənsə onlara yolda qarşılaşıb indi sağollaşma ehtimalımın yüksək olduğu o yazıq göyərçin kimi narahat və ehtiyatla…
Həmin gün anlamışdım əslində, ayrılıq insanları niyə bu qədər qorxudur və üzür… Niyə bəzən insanlar sevdiklərindən istəmədən də olsa ayrılmalı olurlar… Çünki, həyat bunu tələb edir, tələblər bizi buna vadar edir, səbəblər çoxdur, səbəblər birmənalı deyilmiş… Bəs səbəblərə nifrət edəkmi? Məncə yox, bu da mənasız olar, yaşadığımız hər şey səbəblər zənciri deyilmi, istəsək də, istəməsək də tabe olmalıyıq…
O “ məktəb yoldaş”ımın axırı nə oldu, necə oldu? Cavab verim: Düşünmək istəmədiyiniz kimi… “Qorumağ”a icazə vermədilər, tələb edildiyi kimi aparıb elə qarşılaşdığımız yerdə də vidalaşmalı oldum… Təəssüf ki, bəzi başlanğıclar əlimizdə olmadığı kimi, bəzi sonluqlar da əlimizdə deyil… Hə belə… Bir göyərçin də xatirə kimi qopdu o gündən, ağzı qanlı bir pişik isə yem tapdığı, qarnı doyduğu üçün ürəyində o “böyük”lərə sağol deyib sevinirdi çox güman… Bu da təbiətin ironiyası idi yəqin ki, mən ağlayırdım, o “təbiət sakini” xoşbəxt idi, nə qədər axtarsam da üzündə peşmanlıq tapmadım, əksinə, elə bil, dil açıb o qəribə miyoltusuyla sual verəcəkdi: Məgər mən bununçün yaradılmamışammı? Sayəmdə təbiət sənin o göz yaşı tökdüyün fərsiz və xəstə “biri”ndən xilas olmadımı? Mən pişik ola-ola öz yerimi bilirəm, sən niyə insan ola-ola insan olduğunu unudursan? Yaxşısı budur, öz yerində dur, “böyük”lərin kimi!…
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)
Qısa gülməcələr
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bazar ertəsi yenə fərqli gülüş menyüsü ilə başlamaq istəyirəm. Qısa aforizmlərsayağı gülməcələr. Bəyənəcəyinizə əminəm.
Nə qədər çox adam sizin həyatınıza girərsə, həyatınız buna dözməyib çat verər.
Elə ki, biz başqalarının pullarını saymağa başlayırıq, onda pz pullarımız bizə əskiklik edir.
Yalqızlıq odur ki, sən heç kimi sevmirsən və heç kim də bunun fərqində olmur.
Araq öz pərəstişkarlarına cavabdeh deyil.
Yeni həyata başlayanda onun parolunu hardasa qeyd edin.
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)
POETİK QİRAƏTdə “Deyil...” deyən Aysel Fikrətdir
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair, publisit Aysel Fikrət görüşür.
Heç ürəyini sıxma,
Sən bilən,kitab deyil.
Bu Allaha ümiddir,
Bəndəyə xitab deyil.
Zərrə də ağlamıram,
Zərrə də qınamıram.
Çünki yaxşı bilirəm,
Bəndələr Allah deyil.
Nəsə qarışıb nəsə,
Səhvən gedib kiməsə.
Bu məktub kimi ömrüm,
Özümün vallah deyil.
Allah da evimizə,
Qonaq qismində gəlmir.
Həmişə mənimlədir.
Həqiqətdir ah deyil.
Canımda köz bağlayan,
Bir iki ümidim var.
Hərdən közü tərpənir,
Göz yaşım ahvah deyil.
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)
POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Etiraf”
Könül, “Ədəbiyyat və incəsənət”
Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Etiraf” şeirinin növbəsidir.
Düşününü, görün, etiraf etmək cəsarətində olmusunuzmu.
ETİRAF
Ömür-gün yoldaşıma
Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...
Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Birce yol üzümə durmamısan heç.
Hər kəs taleyile gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.
Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsen.
İsti bir sevgiden yazmişam bəzən,
Soyumuş çayımı sən dəyişmisən...
Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacim olmusan.
Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən...
Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istide, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.
Yollar çarpaz-çarpaz, yollar qarışıq...
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən ışıq-
Gözümün nurudur yolumun üstə.
Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)
“Qəlbimə həkk olunub Bir gözəl qadın rəsmi...” - BULAT OKUCAVANIN ŞEİRLƏRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Tərcümə saatıdır, sizlərə abxaz əsilli Rusiya şairi, nasiri, ssenaristi, bəstəkarı, Dövlət Mükafatı laureatı, 200-ə yaxın mahnının müəllifi Bulat Okucavanın (9.5.1924 – 12.6.1997) şeirlərini təqdim edirik. Tərcümə Hicran Hüseynovanındır.
Biz şeirin orijinalını da təqdim edirik ki, müqayisə etmək mümkün olsun.
ВЕСЕЛЫЙ БАРАБАНШИК
Будет полдень, суматохою пропахший,
Звон трамваев и людской водоворот,
Но прислушайся — услышишь, как веселый барабанщик
С барабаном вдоль по улице идет.
Будет вечер — заговорщик и обманщик,
Темнота на мостовые упадет,
Но вглядись — и ты увидишь, как веселый барабанщик
С барабаном вдоль по улице идет.
Грохот палочек… то ближе он, то дальше.
Сквозь сумятицу, и полночь, и туман…
Неужели ты не слышишь, как веселый барабанщик
Вдоль по улице проносит барабан?!
ŞƏN BARABANÇALAN
İnsan burulğanı. Tramvay səsi...
Günortanın o tanış mənzərəsi.
Qaçaqaç. Vəlvələ. Hay-küy. Mərəkə.
Amma sən qulaq ver, bircə an dinlə,
Eşidərsən, o şən barabançalan
Keçir küçə boyu barabanıynan.
Axşam gələr – əsrarəngiz, hiyləgər,
Tilsimli, ovsunlu... qəsdinə durar,
Qaranlıqlar daş yollara sərilər,
Amma sən bax, o şən barabançalan
Keçir küçə boyu barabanıynan.
Gecəyarı, çaxnaşmada, dumanda
Çubuqların səsi gəlir aramla,
Tappıltılar gah yaxın, gah uzaqda,
Məgər eşitmirsən, barabançalan
Keçir küçə boyu barabanıynan?
ЕЩЁ ОДИН РОМАНС
В моей душе запечатлён портрет одной прекрасной дамы.
Её глаза в иные дни обращены.
Там хорошо, там лишних нет, и страх не властен над годами,
и все давно уже друг другом прощены.
Ещё покуда в честь неё высокий хор поёт хвалебно,
и музыканты все в парадных пиджаках.
Но с каждой нотой, Боже мой, иная музыка целебна...
И дирижёр ломает палочку в руках.
Не оскорблю своей судьбы слезой поспешной и напрасной,
но вот о чём я сокрушаюсь иногда:
ведь что мы сами, господа, в сравненье с дамой той прекрасной,
и наша жизнь, и наши дамы, господа?
Она и нынче, может быть, ко мне, как прежде, благосклонна,
и к ней за это благосклонны небеса.
Она, конечно, пишет мне, но... постарели почтальоны,
и все давно переменились адреса.
DAHA BİR ROMANS
Qəlbimə həkk olunub
Bir gözəl qadın rəsmi.
Yaradan xoş saatında
Yaradıb o gözləri.
Qorxu yoxdu, təlaş yoxdu,
Həyat rahat, həyat xoşdu.
Xor oxuyur bu gözəlin şərəfinə,
Alqış deyir notlar da.
İlahi, bu nə təmtəraq?
Şəfqət axır notlardan.
Dirijor çubuğu belə
Səcdə edir gözələ.
Taleyimi söymürəm, yox,
Nə deyim bəxtimə, nə?
Amma hərdən sarsılıram,
Qüssə sarır qəlbimi:
Biz kimik ki, axı kimik?
Belə gözəl bir varlığa
Taymı ola bilərik?!
Amma... bəlkə, əvvəlkitək
Yenə meyli var mənə?
Göylər belə lütfikardır
Bu eşqə, bu həvəsə.
O, əlbəttə, məktub yazır,
Hə, məktub yazır mənə.
Amma... dəyişib ünvanlar,
Qocalıb poçtalyonlar.
ХОЧЕТСЯ ПРОСТО ЖИТЬ...
Ах, как хочется просто жить,
Улыбаться, проснувшись утром.
Не болеть, со всеми дружить,
Добрым быть и немного мудрым.
Ах, как хочется просто петь,
Подставляя солнышку руки.
Чтобы много успеть суметь,
Чтоб не мучила боль разлуки.
Ах, как хочется по весне
Услыхать соловьиные трели.
А ещё в родной стороне
Ощутить пьяный запах сирени.
Ах, как хочется жарким днём
Родниковой воды напиться.
И, забыв в этот миг обо всём,
Этой радостью насладиться.
Ах, как хочется в листопад
Разноцветья запомнить краски.
И, бродя, просто так, наугад,
Сочинить дивной осени сказку.
Ах, как хочется с горки вниз,
Чтобы сердце громко стучало.
Чтоб желания все сбылись,
Чтоб опять всё начать сначала.
Ах, как хочется передать
Эту радость родным и близким.
И успеть жизни смысл понять
И земле поклониться низко.
Ах, как хочется просто жить!
AH, NECƏ DƏ İSTƏRDİM
Ah, necə də istərdim,
Sadəcə, yaşamağı,
Təbəssümlə açılan
Sağlam, xoş sabahları.
Dost olardım hər kəslə,
Rəhmli, mərhəmətli
Və bir az da ağıllı,
Bir az da dərrakəli.
Ah, ayrılıq əzabı
Çıxmayaydı qarşıma,
Kaş kam ala biləydim,
Yetəydim çox arzuma;
Günəşi əllərimdə
Tutaydım bax beləcə,
Oxuyaydım, sadəcə.
Ah, necə də istərdim,
Gözəl yaz günlərində
Xoş avazlı bülbülün
Cəh-cəhini dinləyim,
Ətrindən bihuş olum
Bizim doğma yerlərdə
Sərxoş yasəmənlərin.
Ah, necə də istərdim,
İçim buz bulaqlardan
İsti yay günlərində,
Unudum bu sevinclə
Olub keçənləri də.
Ah, necə də istərdim,
Gözəl xəzan günündə
Əlvan rənglərə dalım,
Yarpaqlar arasında
Elə-belə, sadəcə,
Qarasına dolanım.
Payıza nağıl yazım.
Ah, necə də istərdim,
Ürək döyüntüsüylə
Təpələrdən aşağı
Sürüşüb əylənməyi.
Arzularım çin olaydı
Bir gün də,
Hər şey, hər şey
başlayaydı yenidən.
Ah, necə də istərdim,
Bölüm bu sevincimi
Doğmalarla, dostlarla,
Üz qoyum bu torpağa,
Diz çöküm, səcdə edim
Və anlayım həyatı
Bu gözəl mənasıyla.
ПЕСЕНКА ОБ ОТКРЫТОЙ ДВЕРИ...
Когда метель кричит, как зверь,
протяжно и сердито,
не запирайте вашу дверь,
пусть будет дверь открыта.
И если ляжет долгий путь,
нелегкий путь, представьте,
дверь не забудьте распахнуть,
открытой дверь оставьте.
И уходя в ночной тиши,
без лишних слов решайте:
огонь сосны с огнем души
в печи перемешайте.
Пусть будет теплою стена
и мягкою – скамейка...
Дверям закрытым – грош цена,
замку цена – копейка!
AÇIQ QAPI HAQQINDA MAHNI
(Şeir-pritça)
Çöldə tufan ulayanda
Əsəbi, həyəcanlı
Qapınızı bağlamayın,
Qoy açıq qalsın, yaxşı?
Gedirsiz bir uzaq yola,
Çətin yola, düşünün,
Yenə də açın taybatay,
Qapını açıq qoyun.
Sakit, səssiz gecələrdə
Başqa söz nəyə lazım?
Qatın qəlbinizin odun
Alovuna küknarın.
Qoy divarlar isti olsun,
Oturacaqlar hamar,
Bir qara qəpiyə dəyməz
Bağlı qalan qapılar.
ФОТОГРАФИИ ДРУЗЕЙ
Деньги тратятся и рвутся,
забываются слова,
приминается трава,
только лица остаются
и знакомые глаза…
Плачут ли они, смеются —
не слышны их голоса.
Льются с этих фотографий
океаны биографий,
жизнь в которых вся, до дна,
с нашей переплетена.
И не муки в не слезы
остаются на виду,
и не зависть и беду
выражают эти позы,
не случайный интерес
и не сожаленья снова…
Свет — и ничего другого,
век — к никаких чудес.
Мы живых их обнимаем,
любим их в пьем за них…
…только жаль, что понимаем
с опозданием на миг!
DOSTLARIN ŞƏKİLLƏRİ
Pullar xərclərib gedir,
Otlar saralıb solur,
Sözlər, hətta sözlər e
Yaddaşlardan silinir.
Qalan tək tanış üzlər,
Tək tanış gözlər olur.
Gülürmü, ağlayırmı,
Səsi də eşidilmir...
Bilsən bu fotolardan
Nə talelər boylanır...
Eh, o qədər bağlıydıq,
O qədər yaxınıydıq;
Çalpaşıq evlər kimi
İç-içəydi ömrümüz.
Bu pozalar nə deyir,
Nələrdən xəbər verir...
Dərd-sər yox, göz yaşı yox,
Paxıllıq da görünmür.
Təsadüfi maraqlar
Təsadüf deyil artıq,
“Heyif” yox, “təəssüf” yox...
Xoş sözlər, şirin sözlər
Dostların sağlığına,
Ömür gözəl, gün gözəl,
Dostların sağlığında.
Yox, yox, unutmayaq gəl:
İşıq var, yoxdu heç nə,
Lap yüz il keçsə belə,
Gözləməyək möcüzə,
Dəyişən deyil dünya
Dünyalar dəyişsə də...
Ancaq heyif, çox heyif,
Bunu başa düşməyə
Bircə an gecikirik...
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
13-cü hissə
Çəhrayı günlər
Özünə qiymət qoyan qadınların öz qaydaları olur. Bu qaydalara riayət etmək mütləqdir. Ülkər yeniyetməliyindən bu qaydaları yenə də baxdığı həmin film və seriallardan, qadınproqramlarından, tok-şoulardan əxz eləmişdi.
Birinci qayda o idi ki, qadın özünə tam güvənməlidir, problemlərdən qurtulacağı inamıyla yaşamalıdır. Qadın öz üstün və əskik xüsusiyyətlərini gözəl bilməlidir, özü ilə tək qalmalı, özü ilə danışmalı, başqalarının tənqidindən qorxmamalıdır. O, heç kəsi təqlid etmədən məhz həyatda öz obrazını yaratmalı, unikallığını qoruyub saxlamalıdır.
İkinci qayda o idi ki, qadın özünü tərifləməyə zərurət duymamalıydı. Öz dəyərini bilən şəxs başqasının yanında əsla öyünməz, o öz enerjisini kiməsə üstün olduğunu sübut etmək üçün xərcləməkdənsə, öz məqsədinə çatması üçün xərcləməlidir.
Üçüncü qayda qadının heç kəsə şəxsi sərhədləri pozmağa imkan verməməsidir. Onun üçün ən birinci öz maraqlarının təminatı olmalıdır. Qadın başqalarının müstəqillik və toxunulmazlıq statusunu qəbul edib də, özünün də eyni statuslarına hörmət edilməsinin qeydinə qalmalıdır. Yalnız öz ziddinə getmədən kiməsə güzəştə getmək mümkündür.
Dördüncü qayda odur ki, özünə dəyər verən qadın heç vaxt əks cinsi özündən yüksəkdə tutmamalıdır. O, hər qarşısına çıxanda nicat və xoşbəxtlik tapmaq, gələcəyini ona qovuşmaqda görmək kimi zərərli tendensiyadan uzaq qaçmalıdır. Qürurlu qadın ilk ünsiyyətdəcə qarşısındakından müsbət bir şey almayacağını duyub ondan kənarlaşmalıdır, hər şeyi zamana buraxıb “bəlkə düzəldi” xülyası ilə yaşamamalıdır.
Və ən nəhayət, beşinci qayda odur ki, ona pis olanda münasibətləri asanca pozub getməyi bacarmalıdır. Dözmək, əzab çəkmək, sonunacan hər şeyin düzələcəyinə ümid bəsləmək, “başqaları nə deyər” ibarəsinin hökmündən çəkinmək qətiyyən olmaz.
Bu qaydalar real həyatı ilə üst-üstə düşməmişdi, əfsus ki... Valideynləri qarşısındakı hüquqsuzluğu öz sözünü demiş, sevdiyi insandan ayrı düşərək acılar çəkmiş, sevmədiyi qaba və köntöy, əxlaqsız birinin həyat yoldaşı olmuş, daim əzilmiş, tapdanmış, təhqirlə, təhdidlə, xəyanətlə üzbəüz qalmışdı. Bunlar azmış kimi, həmin şəxs suçlu ola-ola daim onda suç axtarmış, üstəlik, bədbəxtliyinin səbəbkarı hesab edərək boşamış, özünə yeni ailə qurmuşdu. Bu qədər ədalətsizlik, haqsızlıqmı olardı?
İndi Ülkər həyatının yeni bir dönəminə başlamalıydı, işə düzəlməli, karyera qurmalı, yaxşı bir adamla rastlaşsa, bir daha ailə həyatı qurmağa cəhd göstərməliydi. Və ən əsası, qızını xoşbəxtlərin xoşbəxti kimi görmək arzusundaydı, bu arzusunu reallaşdıracağına əmin idi.
Seçim bir idi. Rayona – evlərinə qayıtmayacaqdı, hələlik heç bir maddiyyatı olmadığından Madargilin evini də tərk edib gedə bilməzdi, üstəlik, tək qalmış Nazəndə xanımın yalvarışları da öz sözünü demiş, seçimini təsdiqləmişdi. Nazəndə xanım birgə yaşamağı xahiş edərək Ülkəri öz balası kimi sevdiyini, Aylinlə nəfəs aldığını izhar etmişdi, Allah götürərdimi Ülkərin onu qoyub getməsini.Nazəndə xanım oğlunun səfehliyinə, axmaq qərarlarına çox öyrəşmişdi, qəlbinin dərinliklərində onun bu qərarını pozacağına, gec-tez peşman halda evinə, ailəsinin yanına qayıdacağına inanırdı.
Nazəndə xanım Ülkərin işə düzəlməsinə də razılıq vermədi, dedi, mən işləyib kifayət qədər qazanıram, ailəmizi dolandırıram, sən evdə onsuz da çalışırsan, üstəlik, Aylinimizi böyüdürsən, uşaq bir az böyüsün, mütləq sənəiş taparam, amma hələlik evin işi ilə kifayətlənməyin yetər.
Beləcə, yeni həyat başladı. Ülkər valideynlərinə ərinin son sözlərini deməmişdi, bilirdi ki, boşanma qərarını valideynləri bilsə, onu dartıb rayona aparacaq, qoymayacaqdılar ki, öz başına özü çarə qılsın. Sadəcə demişdi ki, gedib pul qazanmağa.
2010-cu ildə Qələndərovun səhhəti qəfil pisləşdi. Əslində, həmin o başıaşağı asılmaq əhvalatından sonra o, özünə gələ bilmirdi, havalı kimi gəzirdi, daim bədəni zoqquldayır, ağrı-acı çəkirdi. Gecə yarısı Zöhrəni səslədi ki, qoyma, ölürəm. Zöhrə həkim kimi onun dərdini bilib nəsə bir əlac eləmək istədisə də, bir anda gömgöy göyərən əri ilə baş verən müəmmadan baş aça bilmədi. Qonşunu harayladı ki, maşınla ərini xəstəxanaya çatdırsın. Qonşu “maşında benzin yoxdur” bəhanəsiylə yazıq arvadın xahişini rədd etdi. Belədə o, küçəyə qaçıb bir taksi tapdı, taksiylə Qələndərovu rayon xəstəxanasına çatdırdılar, elə qəbul şöbəsindəcə Qələndərov canını tapşırdı.
Həmin gün ilk olaraq Zöhrənin ağlından bilirsiniz nə keçdi? Zöhrənin ağlından o keçdi ki, qız uşağının ahı çox ağır olur, Qələndərovu bu cür zillətli və urvatsız ölümə Ülkərin ahı tuş gətirdi.
Zöhrə başsağlığı verməyə üç yaxın qohumdan savayı qapılarını bircə adamın da açmadığını görüb yas məclisi qurmağın lüzumsuzluğunu dərk elədi, üstəlik, burada bu insanların arasında tək yaşamasının mənasızlığını da dərk elədi, ərini torpağa tapşıraraq pal-paltarını yığdı, qapısına bir kilid vurub Bakıya gəldi.
Əslində fikri oğlu ilə birgə yaşamaq idi, amma oğul evində çox duruş gətirə bilmədi, gəlini yola vermədi onu. Belədə qohumları vasitəsilərayondakı evi dəyər-dəyməzinə satıb Bakıda – 20 Yanvar dairəsində birotaqlı ev aldı.
Universiteti bitirib xarici şirkətdə tərcüməçi işləyən və kirayə mənzildə yaşayan Leyli də gəlib anası ilə birgə yaşamağa başladı.
Daha bir müddət keçəndən sonra Madarın qəfil gəlişi, hələ də onun evində yaşamasına görə Ülkərə dişinin dibindən çıxanı deməsi, boşanmanı rəsmiləşdirməsi Ülkərin içindəki özünəsevgi hisslərini oyatdı. Nazəndə xanım Madarı evdən qovsa belə, Ülkər həmin mənzildə daha yaşamayacağını bəyan etdi, o da anasının aldığı mənzilə köçdü.
Həyat ssenarisi tez-tez dəyişirdi, Ülkərin qız vaxtı rayondan Bakıya oxumağa gələndə özü ilə götürdüyü zoğalı rəngli çamadanı mənzillər dəyişməkdə idi. Rayondakı evləri, Gənclikdəki evləri, Madargilin evləri, indi də anasının 20 Yanvardakı evi…
Həftədə bir dəfə bazar günlərində Aylini aparıb Nazəndə xanımla görüşdürür, hər gəlişində Nazəndə xanım onu bir çanta ərzaqla və pulla (az verəndə iyirmi, çox verəndə əlli manat verərdi) yola salırdı.
Leylinin qazancı pis deyildi, evin ərzağını o, təmin edirdi. Nazəndə xanım verən pulu Ülkər özünə və qızına xərcləyirdi. Birotaqlı mənzildə çox rahat yaşayırdılar, Qələndərovun zülmü altında yaşamış Zöhrə arvadın da eyni açılmışdı daha, həvəslə bişirib-düşürür, qızlarının, nəvəsinin qulluğunda dururdu. Hərdən Xəyal da qonaq gəlib anasını və bacılarını yoluxur, onu anasından, bacılarından ayırmaq istəyən “yad qızı”nın -- arvadının ardınca deyinirdi.
-- Ay ma, itin qızı qoymure sənin adını çəkim. Elə bil aranıza qurd yağı çəkiblər. Qazancımdan öz anasına, bacısına pay-pürüş düzəldir, amma sənin, bacılarımın adınız çəkiləndə elə bil ilan vurmuşu ilan vurur, deyir, onlara bu evdən bir spiçka çöpü də getməyəcək.
Xəyal xoruzlanır, “bir gün o it qızını təpiyimin altına salacam” deyəndə isə Zöhrə onu danlayır, ailəsinə soyuqluq salmamağı tapşırır, deyirdi, şükür, biz dolanırıq, sənin də heç nəyinə ehtiyacımız yoxdur.
Ülkərin iş axtarışları xeyli çəkdi, amma bir nəticə vermədi. Neyləsin, nə çarə qılsın başına? Yenə də Nazəndə xanım köməyinə yetişdi, onu məhz yaşadığı ünvana yaxın yerdə -- “Memar Əcəmi” metrostansiyası yaxınlığındakı uşaq bağçasına işə düzəltdi.
Ülkər Aylini də öz qrupuna saldı. İlk iş təcrübəsi. İlk karyera pillələri. İşləmək çox maraqlıydı, cəlbedici idi. İşləyəndə, qazancı olanda insana həm ətrafdakıların, həm də özünün özünə münasibəti dəyişir, özünəgüvəni artır.
Çox həvəsli idi, hər gün işdə bir yenilik tətbiq edir, qrupundakı dörd-beş yaşlı uşaqlara bir-birindən maraqlı təlimlər keçir, viktorinalar aparırdı. Qısa vaxtda valideynlər ondan razılıq edərək bağçanın müdirinə xoş sözlər çatdırdılar, müdir dəÜlkərə tərifnamə verdi.
Bunlar onun ürəyini dağa döndərirdi, bütün uşaqlara öz balaları kimi baxır, onları Aylindən ayırmırdı. Həyatının yeni dönəmi Ülkərin qəlbində inam toxumları əkmişdi, hər şey yaxşılığa doğru gedirdi.
Tezliklə Aylinin məktəb yaşı çatdı, Ülkər qızının böyüdüyünü sanki indi hiss etdi, qürurlandı. Nazəndə xanım uşağa məktəbli forması, məktəb ləvazimatları aldı.
2012-ci il ömürlərinə xoş müjdələrlə gəldi. Leylini yaxşı bir yerdən istəyirdilər, Zöhrə dərhal razılıq verdi, qısa zamanda nişan və toy bir-birinə qarışdı. Ülkər özü tapmadığı xoşbəxtliyi bacısına arzuladı, kürəkənlərinin necə alicənab olması da diqqətindən yayınmadı, inandı ki, dünyanın ən yaxşı bacısı olan Leyli öz yarısını tapıb.
Leylinin toyunda – xoşbəxt bəylə gəlini görəndə öz qara gəlmiş toyunu xatırladı Ülkər, göz yaşlarını boğa bilmədi. Xatırladı ki, qız vaxtlarında Leyli həmişə daha gözəl olduğuna görə Ülkərə qibtə edirdi. Gör həyat necə dəyişdi. İndi Ülkər bədbəxtlərin bədbəxti kimi xoşbəxtlərin xoşbəxti olan bacısına qibtə eləyir.
Leyli ər evinə köçəndən sonra Ülkər, anası və Aylin üçlükdə xeyli darıxdılar, Leylinin yeri görünürdü. Sonra buna da alışdılar.
Leyli ara-sıra onlara ərzaqla, pulla kömək edirdi, Nazəndə xanım da dəstəyini əsirgəmirdi. Ülkər özü də çox olmasa da, hər halda maaş alırdı, beləcə günlərini günlərinə calayaraq yaşayırdılar.
Həyat adama daim sürprizlər hazırlayır. Bəzən bunu bir gün əvvəldən, hətta bir gün də yox, heç bir saat əvvəldən belə təxmin edə bilmirsən. Bir gün Ülkərin dişi ağrıyırdı, uşaqları valideynlərinə təhvil verib evlərinə ən yaxın stomatoloji klinikaya getdi. Kabinəyə girəndə öncə onun diqqətini otağın divarlarının rəngi cəlb elədi. Çəhrayı otaq fərqli görünürdü, heç Ülkər bu rəngdə divar görməmişdi bu çağa qədər. Gənc həkim isə onun diqqətini lap çəkdi. Hündürboy, yaraşıqlı gəncə ağ xalat, bir də təbəssüm çox yaraşırdı. Ülkəri görcək həkim anidən donub qaldı, hiss edildi ki, qadının gözəlliyinə biganə qala bilmədi.
Ülkər bunu duyanda xeyli sevindi, başqasının diqqətini cəlb etmək çox gözəldir. Özü də indiki halında.
Yaşca Ülkərdən beş yaş kiçik olan diş həkimi Rasim Ülkərin ağrıyan dişini bor maşını ilə yonanda yaxın təmasdan titrədi də hələ. Gözləri Ülkərin sinəsində ilişib qalır, heç cür gözünü oradan çəkə bilmirdi, həkimin halını Ülkər də duyur, bu, onda xəfif təbəssüm oyadırdı.
Stomatoloji klinikaya üç gün dalbadal gələsi oldu Ülkər. Müalicə bitəndə və diş plomblananda bir daha Ülkəri görə bilməyəcəyi həyəcanından xeyli pəjmürdə olan Rasim ona telefon nömrəsi yazılmış kartını verdi, dedi, həmişə qulluğunuzda hazıram.
Ülkər özü də anlaya bilmirdi ki, onunla nə baş verir. Yəni Rüfətdən sonra kimsə onun qəlbinin qapısını döyə bilərdimi? Axı Rüfət bu qapını kilidləyib qıfılı da özüylə aparmışdı sanki.
Və qeyri-ixtiyari olaraq Ülkər cəmi bir gün sonra Rasimə zəng vurdu, dişinin vəziyyəti barədə məlumat verirdi sanki, ancaq bir saat danışdılar.
Ertəsi gün birlikdə qəhvə içdilər, daha iki gün sonra şam yeməyi yedilər.
Bir də Ülkər onu gördü ki, Rasimə bağlanıb. Rasim ona Rüfətini xatırladırdı. Madardan heç vaxt nəvaziş, mehribanlıq görmədiyindən Rasim onun incikliyini, küskünlüyünü götürür, ruhunu dincəldirdi.
-- Bir dənəm, bu qızılgüllər səninçündür.
-- Ürəyim, bir bu mahnını dinlə. Elə bil ikimiz üçün oxunur.
-- İstərdim bu ətirdən vurasan. Bu ətir bihuşedicidir.
Ülkərin ömrünün çəhrayı günləri başlamışdı.
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)
MDU-nun jurnalistika fakültəsinin dekanı Yasen Zasurski Heydər Əliyev barədə
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Təbii ki, hər bir azərbaycanlı kimi mənim də örnək götürəcəyim şəxs Heydər Əliyevdir. Bu böyük şəxsiyyət mənim üçün qlobal idealdır. Müdriklik, dərin düşüncə, analiz qabiliyyəti, düzgün qərar qəbul edə bilmək, iradə və dözümlülük, ən ağır vəziyyətlərdə belə sınmamaq, əyilməmək Heydər Əliyev şəxsiyyətini xarakterizə edən bariz xüsusiyyətlərdir.
Yüksək idarəçilik qabiliyyəti ilə 1982-ci ildə keçmiş SSRİ-nin Politbüro adlı ali idarəçilik orqanına qədər gedib çıxan, SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə yüksələn Heydər Əliyevə Kremldə münasibətlər təbii ki, bir qeyri-rusa olan mənfi münasibətlər çərçivəsində idi, velikorus şovinizmi özünü göstərirdi. Bu haqsız hücumlar, basqılar, xüsusən o dövrün ən populyar qəzeti olan «Pravda» da «Əliyevçilik və yeni zaman üçün göz yaşları» başlaqlı yazı-ittihamla öz apogey nöqtəsinə çatmışdı. Tanınmış kinodramaturq Ramiz Fətəliyev demişkən, «Heydər Əliyevi çox vaxt ona görə dərk edə bilmirdilər ki, onun kimi 5-6 il qabağı görməkdən məhrum idilər». Təhdidlər, maneçiliklər nəhayət 1987-ci ildə bu böyük şəxsiyyəti istefa verməyə məcbur etdi. Zəngin təcrübəsi, bilik və bacarığının çiçəklənən dövründə işsiz qalması elə SSRİ-nin dağılması ərəfəsində olduğundan, onun işsizlik dönəmi çox da uzun çəkmədi. Tezliklə ittifaqa daxil olan bütün 15 respublika, o cümlədən də Azərbaycan müstəqillik əldə etdi.
1990-cı ildə Rusiyanın paytaxtı Moskvadan öz doğma vətəninə – müstəqil Azərbaycana dönən Heydər Əliyev Kremldəki haqsız hücumların sanki davamını yaşadı, meşşan düşüncəli keçmiş partiya funksionerlərinin təhdidi və təqibi ilə elə ilk addımdaca Bakının hava limanında rastlaşdı, ölkə parlamentində ona olan basqılar, paytaxtda yaşamasına icazə verilməməsi kimi haqsızlıqlar bu böyük şəxsiyyətə hədsiz dərəcədə təsir etdi, güclü zərbə oldu. Amma bu polad iradəli şəxs «onu sıradan çıxmış hesab edənlərə» tezliklə yerlərini göstərməyi bacardı. Ümumxalq sevgisi sayəsində ilk öncə – 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsinə yüksəlməklə hələ məğlub olmadığını, hələ öz sözünü deyəcəyini bəyan etmiş oldu. Ona qırmızı işıq yandıran respublika rəhbərliyi ölkəni vətəndaş müharibəsi, anarxiya və xaosa sürükləyəndə – 1993-cü ildə isə o, xalqın tələbi ilə bu dəfə ölkə rəhbərliyinə gətirildi.
Müstəqil Azərbaycanın memarı olan bu böyük şəxsiyyət tək öz ölkəsində deyil, dünyanın siyasi arenasında böyük nüfuz qazanmışdı, yüzlərlə mükafatı, fəxri adları var idi. Vəfatından sonra da unudulmadı, adı dünyanın bir çox guşələrində küçələrə, parklara verildi. Bu gün Azərbaycanın bütün şəhər və rayonlarında, Belqradda, İstanbulda, Kiyevdə, Tbilisidə, Qəlyubiyyədə (Misir), Sankt-Peterburqda və daha haralarda Heydər Əliyevin büstü, abidəsi ucalır.
Məncə, uğur qazanmaq istəyən bir insan üçün Heydər Əliyevin həyat yolu ən böyük örnək ola bilər. Şəxsən mən 1976-cı ildə – Heydər Əliyev hələ Azərbaycan SSR-yə rəhbərlik edərkən dünyaya gələn bir şəxs kimi bütün həyatım boyu özümü Heydər Əliyevin şagirdi hesab etmişəm, onun tərcümeyi halını öyrənmiş, məqalə və çıxışlarını mütaliə etmişəm. Doğrudan da bu şəxs böyük bir məktəbdir və onun həyatda uğur qazanmaq istəyən, motivasiya axtaran hər bir kəs üçün nümunə olacaq həyat yolu vardır.
Və mən çox xoşbəxtəm ki, bu böyük şəxsiyyətə olan simpatiyamı təcəssüm etdirə bilmişəm. Belə ki, mənim ssenarim əsasında Ukrayna Milli Televiziyası tərəfindən «Heydər Əliyev: Liderlik dərsi» adlı sənədli film çəkilib (rejissoru Georgi Spasokukotski, redaktoru Möhsün Qədiroğlu) və müvəffəqiyyətlə nümayiş olunub.
Bu filmin ən maraqlı məqamlarından biri keçmiş SSRİ dövründə cidi-cəhdlə gizlədilən bir faktın üzə çıxarılmasıdır. Belə ki, filmdə Çernobıl faciəsi zamanı (1986-cı ildə SSRİ-nin Çernobıl atom-elektrik stansiyasında qəza baş vermiş, ətrafa radioaktiv hissəciklər yayılaraq insanlığa böyük təhlükə yaratmış, 30 kilometrlik zonada həyat məhv olmuşdu) Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyinin «panika yaratmamaq» məzmunlu siyasi iradəsinə qarşı çıxmasından, 800 000 qadının və uşağın təhlükəsiz zonaya köçürülməsinə nail olmasından da bəhs edilir, müsahibə verən Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik Heydər Əliyevi Ukrayna xalqının xilaskarı adlandırır.
Kitabımızın mövzusunun daha yaxşı əhatələnməsi üçün Heydər Əliyev fenomeninə bir neçə əcnəbi insanın xatirələri ilə müxtəlif aspektlərdən nəzər yetirməyiniz, düşünürəm ki, çox faydalı olardı. Gəlin, milliyyətcə bir rusun, bir amerikanlının və bir ərəbin bu böyük şəxsiyyət barədə olduqca səmimi sözlərinə diqqət edək.
Birinci xatirə
«Böyük dövlətlərdə, xüsusilə də ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə məşhur olmaq o qədər də çətin deyil. Ancaq kiçik ölkələrdə, eyni zamanda da, müstəqilliyini yenicə qazanmış dövlətlərdə rəhbərlik missiyasını yerinə yetirmək çox çətindir. Və belə bir ağır işin öhtəsindən, təbii ki, ən layiqincə gəlmək – ancaq Heydər Əliyev kimi böyük təcrübəsi olan, ağıllı, müdrik siyasətçiyə nəsib ola bilər. Onun həyat və fəaliyyəti təkcə azərbaycanlılar üçün yox, bütün ölkələrin insanları üçün örnəkdir.
Şahidi olduğum bir hadisəni qeyd edim. Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan İTAR-TASS-da keçmiş Sovetlər birliyindən olan jurnalistlər təcrübə keçərkən söhbət gəlib Heydər Əliyevə çıxdı. MDB-dən və Baltikyanı ölkələrdən olan bir çox jurnalistlər öz azərbaycanlı həmkarlarına həsədlə dedilər ki, əgər bizdə də prezident Heydər Əliyev olsaydı, onda hər mühazirədə, hər seminarda, hər görüşdə biz də öz ölkəmiz haqda əcnəbilərdən çoxlu təriflər, yaxşı sözlər eşidərdik».
Yasen Zasurski (professor, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı)
REDAKSİYADAN: İkinci xatirəni sabah təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(18.12.2023)