Məktəb yoldaşım - ESSE Featured

Nigar Arif, “Ədəbiyyat və incəsənət” üçün

 

Xatirələr keçmişin qopuqlarıdır… Uşaqlar oyuncaqlarilə oynadıqları kimi, biz də bu “qopuq”larla başımızı qatırıq… Guya biz uşaq deyilik… Uşaq gördüklərimiz böyükdürlər bəlkə də… Mənə görə böyüklük qəlbin təmizliyində, saflığındadır, uşaqlardan saf və təmizi varmı? Məncə, küçədə yaşayıb, dilənən, nəm salfet satan həmin o uşaqlardan “Gələcəkdə nə olmaq istəyərsiniz?” sualını soruşsaq, gözlərinin dərinliyində “uşaq” cavabını verərlər… Çünki böyüməyi sevməyənlər belə uşaq olmağı sevir, bəlkə də buna görə insanlar qocaldıqca uşaqlaşır… Bəlkə də, biz nə qədər özümüzdən qaçsaq da, əvvəl-axır özümüzə qayıdırıq… Həyat kimi, keçmişin qopuqları kimi… 

Bir gün məktəb çantamda dərsə göyərçin aparmışdım… Səhərin alaqaranlığında qarşılaşmışdıq o göyərçinlə… Elə kimsəsiz, elə kövrək, müdafiəsiz idi ki, qorumaq istədim… Yaxşı uça bilmirdi, bir-birimizə uçmağı öyrədərik deyə düşündüm… Sonra… Sonrasını yəqin təxmin edə bilirsiniz… Mən özümə yeni “məktəb yoldaşı” tapmışdım, o da dərsin ortasında pərvazlanıb ortalığı vəl-vələyə verdi, hay-küy qopdu, hamı üzümə sehirbazammış kimi baxırdı, mənsə onlara yolda qarşılaşıb indi sağollaşma ehtimalımın yüksək olduğu o yazıq göyərçin kimi narahat və ehtiyatla… 

Həmin gün anlamışdım əslində, ayrılıq insanları niyə bu qədər qorxudur və üzür… Niyə bəzən insanlar sevdiklərindən istəmədən də olsa ayrılmalı olurlar… Çünki, həyat bunu tələb edir, tələblər bizi buna vadar edir, səbəblər çoxdur, səbəblər birmənalı deyilmiş… Bəs səbəblərə nifrət edəkmi? Məncə yox, bu da mənasız olar, yaşadığımız hər şey səbəblər zənciri deyilmi, istəsək də, istəməsək də tabe olmalıyıq… 

O “ məktəb yoldaş”ımın axırı nə oldu, necə oldu? Cavab verim: Düşünmək istəmədiyiniz kimi… “Qorumağ”a icazə vermədilər, tələb edildiyi kimi aparıb elə qarşılaşdığımız yerdə də vidalaşmalı oldum… Təəssüf ki, bəzi başlanğıclar əlimizdə olmadığı kimi, bəzi sonluqlar da əlimizdə deyil… Hə belə… Bir göyərçin də xatirə kimi qopdu o gündən, ağzı qanlı bir pişik isə yem tapdığı, qarnı doyduğu üçün ürəyində o “böyük”lərə sağol deyib sevinirdi çox güman… Bu da təbiətin ironiyası idi yəqin ki, mən ağlayırdım, o “təbiət sakini”  xoşbəxt idi, nə qədər axtarsam da üzündə peşmanlıq tapmadım, əksinə, elə bil, dil açıb o qəribə miyoltusuyla sual verəcəkdi: Məgər mən bununçün yaradılmamışammı? Sayəmdə təbiət sənin o göz yaşı tökdüyün fərsiz və xəstə “biri”ndən xilas olmadımı? Mən pişik ola-ola öz yerimi bilirəm, sən niyə insan ola-ola insan olduğunu unudursan? Yaxşısı budur, öz yerində dur, “böyük”lərin kimi!…

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.