Super User
Həftəsonu Abşeron yarımadası zibilliklərdən təmizləndi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu uik-enddə Abşeron yarımadasında ərazinin zir-zibildən təmizlənməsi aksiyası geniş vüsət aldı. Bu, razılaşın ki, günümüzün ən aktual məsələlərindəndir. Biz hara gəldi zibil atırıq, zibilimizi evdən çıxarıb zibil qutusuna atmağa can çəkib elə küçəyə vızıldadır, dənizdə çimib özümüzlə apardığımız ərzağın qalıqlarını elə sahiləcə atırıq. Nəticədə hər yanı zibilə qərq edir, təmizlik işçilərinin əməyini də yerə vururuq. Üstəlik, hər tərəfdə zibil qalağı görən uşaq və yeniyetmələrin estetik zövqü korlanmağa başlayır. İnanın, bu cür davam etsə, Azərbaycanı öz əllərimizlə dünyanın ən natəmiz ölkələrindən birinə çevirəcəyik.
İndi isə keçək həftəsonu diqqətimizi çəkən təmizlik aksiyalarına.
BAKI ŞƏHƏRİ
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şənbə günü paytaxtda təmizlik və abadlıqla bağlı daxili iməcilik keçirildi.
Səhər saatlarından etibarən qurumun kommunal təsərrüfat xidmətlərinin texnikası ilə şəhərin 551 əsas küçə və prospektinin təbiətə ziyanı olmayan vasitələrlə yuyulması təmin edildi və eyni zamanda, digər təmizlik və abadlıq işləri həyata keçirildi.
HÖVSAN QƏSƏBƏSİ
Avqustun 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyəti, rayon mənzil kommunal təsərrüfatı birliyi, Hövsan qəsəbəsi bələdiyyəsi, “Qırmızı ürəklər” fondu, "Saipem", “Bahar Energy” şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllüləri və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Hövsan sahilində iməcilik keçirildi.
Aksiya çərçivəsində ümumilikdə 4 hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazidən daşındı.
Qeyd edim ki, sahil zonasında istirahət edən sakinlər də bu aksiyaya qoşulmuşdular.
Nazirlik ətraf mühitin mühafizəsinə qayğı və dəstək göstərən bütün tərəfdaş qurumlara, vətəndaşlara, gənclərə təşəkkür etdi, hər kəsi tullantıların düzgün idarə olunmasını təbliğ etməyə və əraziləri çirkləndirməməyə çağırdı.
Aksiya iştirakçıları sonda bir xatirə şəkli də çəkdirdilər ki, həmin şəkli qapaq fotosunda görürsünüz.
MASAZIR QƏSƏBƏSİ
Abşeron rayonunun Masazır qəsəbəsində məişət tullantılarının ətrafa atılması digər ərazilərlə müqayisədə daha səciyyəvi hal alıb. Qəsəbədə tez-tez zibil qalıqlarına rast gəlmək mümkündür (iç fotolarda)
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bu şənbə-bazar günlərində məsələyə müdaxilə etdi və Xidmətinin əməkdaşlarının nəzarəti ilə rayonun Masazır bələdiyyəsinin işçiləri tərəfindən zibilliklər təmizləndi.
İnşallah, bu təmizlənən ərazilərin sağ əlləri Abşeronun digər ərzilərinin də başına toxunar.
Amma zibilləyən də özümüzük, bəlkə insafa gələk?
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
Sehirli çubuqlu adam
Dünən Maestro Niyazinin doğum günü - 111-ci ildönümü idi
Bəli, onu sehirli dirijor çubuğu ilə ecazkar musiqini idarə etdiyinə görə təkrarsız musiqi xadimi, böyük dirijor adlandırırdılar. O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdı, milli dirijorluq məktəbimizin formalaşması da onun adı ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasının 111 ili tamam oldu.
Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib. Onun traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.
Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlmişdir. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi hallanan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb. Uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.
Kiçik yaşlarından musiqi ilə məşğul olmasına baxmayaraq, hərbçi olmaq arzusunda idi. İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində almışdı. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirdi. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayıb. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının, Radio Komitəsinin orkestrində çalışmağa başladı. 1935-37-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq adını keçmiş SSRİ məkanında məşhur insanların siyahısına daxil edə bildi.
1937-ci ildə Opera və Balet Teatrında dirijorluq vəzifəsinə dəvət olunan maestro 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin “Nərgiz” operasına dirijorluq edib. 1938-ci ildə Azərbaycan İncəsənətinin birinci Moskva dekadasından sonra Niyazi simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunub.
1948-ci ildən həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olan sənətkarın yaradıcılığı ölkəmizin baş orkestrinin tarixində şanlı mərhələdir. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir, onun adını milli musiqi sənətində “qızıl mərhələ”nin simvolu kimi xatırlayırlar.
O, daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmadı. 30-cu illərin əvvəllərində ilk əsəri olan “Od içində” fortepiano poemasını, daha sonra “Talış xalq mahnıları” mövzusunda fortepiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan “Zaqatala süitası”nı yazdı. Korifey sənətkar Azərbaycan mahnılarından “Kəklik”, “Qaragilə”, “Xumar oldum”, “Ay bəri bax” və digər simfonik orkestr üçün işləmiş, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota köçürmüşdür.
Azərbaycan kinosu səsli filmlərə keçid aldığı dövrlərdə Niyazi bu sahəyə də öz töhfəsini verə bilib. O, bir sıra film və teatr tamaşaları üçün musiqi bəstələyib. Bunların arasında “Kəndlilər”, “Mənsur”, “Ceyhun və Ülkər” filmlərinin adını qeyd etmək olar. O, “Almaz” filminin musiqisini atası Zülfüqar Hacıbəyovla birgə işləyərək 40-cı illərdə Süleyman Rüstəmin “Təbrizim” şeirinə mahnı bəstələyib. Az sonra isə ilk dəfə “Xosrov və Şirin” operasını yazıb.
Dirijorluq fəaliyyəti Niyaziyə elə gənc yaşlarından şöhrət gətirməyə başladı. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanan maestro 1949-cu ildə ən məşhur əsərini - “Rast” simfonik muğamını nota aldı. İlk dəfə xarici ölkəyə 1951-ci ildə “Praqa baharı” festivalında iştirak etmək məqsədilə gedən Niyazi ömrünün sonunadək 23 ölkədə qastrol səfərində olub.
1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunan Niyazinin SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etməyi o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O, burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlamaqla yanaşı, P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır.
Həmin vaxt maestro Niyazi dünyanın məşhur kollektivlərindən biri olan Londonun Kral Teatrının orkestri ilə çıxış etməli olur. Niyazi bu orkestrlə çıxış edərkən, əlbəttə, öz ustalığına tam arxayın idi. Onu bu sənət səfərinə göndərənlər də bunu yaxşı bilirdi. Maestro Niyazinin ustalığına, musiqi duyumuna bələd idilər. London Kral orkestrinin ifaçılarının, deyirlər, qəribə bir xüsusiyyəti var. Onlar orkestrə gələn bütün dirijorları, necə deyərlər, “dişlərinə vururlar”, yoxlayırlar. Hansısa zarafatsevər musiqiçi bu dəfə maestro Niyazini yoxlamaq fikrinə düşür.
Maestro Niyazi orkestrlə məşq edəndə həmin ifaçı əsərin ifa tərzi ilə uyuşmayan yad notlar vurur. Niyazi o saat həmin uyarsızlığı duyur və orkestri saxlayır. Sakitcə həmin musiqiçiyə yanaşıb qulağına pıçıldayır: “Bəlkə...” Hər şey o ifaçıya aydın olur. Orkestrin qalan üzvləri Niyazinin musiqi duyumunu görüb özlərini yığışdırırlar.
Niyazi 1961-ci ilin ayağı sayalı günlərindən birində Londona səfər etmişdi. O zaman maestronun konsert proqramında Baxın, Bethovenin, Çaykovskinin və neçə-neçə dünya sənətkarlarının əsərləri vardı. Onun bütün konsertləri uğurla keçdi. London qəzetləri Niyazinin ustalığını, ifaçılığını dəfələrlə təriflədilər. Onun haqqında məqalələr yazdılar. Bir gecədə üslubca kəskin fərqlənən musiqi əsərlərinə dirijorluq edəndə də Niyazi ifaçılığına, ustalığına həmişə sadiq qaldı.
1965-ci ildə maestro Niyazi Türkiyə səfərinə gedib. O, həmin məmləkətin ən böyük konsert birliklərindən biri olan Prezident orkestri ilə çıxış etməli olub. Böyük sənətkar Çaykovskinin “Qaratoxmaq qadın” operasına dirijorluq edib. Sonra yenə də həmin orkestrlə dünya sənətkarlarının, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Türkiyənin mərkəzi qəzetləri bu böyük sənətkarın uğurlu sənət səfəri haqda geniş məqalələr dərc ediblər.
Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib. Bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək. Ruhu şad olsun!
Avqustun 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli dirijor və bəstəkarın anadan olmasının 111-ci ildönümünə həsr olunmuş konsert keçirildi.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) müşayiəti ilə solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) çıxış etdilər. Proqramda Niyazinin “Rast” simfonik muğamı, “Arzu” romansı, Niyazinin işləməsində “Qaragilə” xalq mahnısı və “Konsert” valsı səsləndirildi.
Konsert barədə daha geniş material növbəti saatlarda diqqətinizə çatdırılacaq.
“Ədəbiyyat və incəsənət”
(21.09.2023)
“Natiq” ritm qrupu ilə gənclərin görüşü təşkil ediləcək
Avqustun 23-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti Natiq Şirinov və onun rəhbərlik etdiyi “Natiq” ritm qrupu ilə gənclərin görüşü təşkil ediləcək.
“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək görüşdə Xalq artisti Natiq Şirinov milli ritmlər mövzusunda çıxış edərək, “Natiq” ritm qrupunun milli musiqi mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlərdən söhbət açacaq.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır. Tədbir müddətində, həmçinin “Azərbaycan peşəkar musiqi mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması amilləri”, “Müasir gənclik: Milli-mənəvi və tarixi dəyərlərimiz” və “Milli ritm sənəti: dünənimiz, bu günümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsində “Natiq” ritm qrupunun ifasında müxtəlif kompozisiya və eksperimental ritmik musiqi nümunələri təqdim ediləcək.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(21.08.2023)
BMT-nin Təhlükəsizlik Şurasındakı Azərbaycanın qələbəsi İrəvanın dezinformasiya ilə məşğul olduğunu bütün dünyaya göstərdi
Azərbaycan Ermənistanı BMT miqyasında növbəti dəfə ifşa etdi, İrəvanın dezinformasiya ilə məşğul olduğunu bütün dünyaya göstərdi.
Bunu AzərTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, Ermənistan həmin iclasda nəinki öz yalanını həqiqət kimi sırıya bilmədi, həm də tam mənada ifşa olunaraq ağır diplomatik məğlubiyyətə uğradı: “BMT-nin Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı ermənilərin blokada şəraitində yaşaması, bölgədə humanitar fəlakətin baş verməsi ilə bağlı uydurma iddialar səsləndirən, bu yalanları sübut etmək üçün heç bir ciddi arqument tapa bilməyən Ermənistan Azərbaycanın dəmir məntiqi qarşısında darmadağın oldu. Azərbaycan sübut etdi ki, İrəvan məqsədli şəkildə beynəlxalq ictimaiyyəti aldatmağa, onları Azərbaycan əleyhinə fəaliyyətə sövq etməyə çalışır. Rəsmi Bakının diplomatik çevikliyi, ortaya qoyduğu çoxsaylı və inkaredilməz faktlar erməni yalanını ifşa etdi, İrəvanın özünü beynəlxalq qınaqla üz-üzə qoydu. Bu iclasın nəticəsi Prezident İlham Əliyevin liderlik etdiyi Azərbaycan diplomatiyasının növbəti zəfəri və təntənəsi oldu.
Təhlükəsizlik Şurasında əldə etdiyimiz bu qələbə göstərdi ki, Azərbaycan hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də qüdrətlidir və məğlubiyyət tanımır.
Ermənistan Azərbaycanın bu zəfərindən dərs çıxarmalı, yalanlardan, manipulyasiya siyasətindən imtina etməli, təxribatlardan əl çəkməlidir. Əks halda, bu siyasət Ermənistanın özünün mənəvi-psixoloji mənada sivil dünyadan təcridi, hər mənada təklənməsi ilə nəticələnəcək”.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Sabah bəzi rayonlarda fasilələrlə yağış yağacaq, dolu düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 31-36° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 33-38° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı bildirilir.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Maestro Niyazinin anadan olmasının 111-ci ildönümü qeyd olunacaq
Avqustun 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin (1912-1984) anadan olmasının 111-ci ildönümünə həsr olunmuş konsert keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimov) müşayiətində solistlər Fatimə Cəfərzadə (soprano) və Gülnar Qüdrətli (xanəndə) çıxış edəcəklər.
Proqramda Niyazinin “Rast” simfonik muğamı, “Arzu” romansı, “Qaragilə” xalq mahnısı (Niyazinin işləməsində) və “Konsert” valsı səsləndiriləcək.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Robbi Uliyamsın Lojo oteldə konserti baş tutdu
Dünyaşöhrətli britaniyalı müğənni Robbie Uilyamsın Bodrum şəhərində - məşhur Lujo oteldə konserti baş tutdu, özü də xeyli uğurlu. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Türk mediasına istinadən məlumat verir.
Təkrarsız və özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən sənətçi konsertə "Let Me Entertain You" mahnısı ilə başlayıb.
Müğənni təxminən bir saat yarım davam edən konsertdə mahnılar arasında tamaşaçılarla söhbət də edib.
Qeyd edək ki, “Feel", "Strong", "Come Undone", "Don't Look Back in Anger", "Kids" mahnıları ifaçının ona şöhrət gətirən ən populyar mahnılarıdır.
Konsertə Azərbaycanda da biletlər satılıb və seyrçilər arasında çox saylı həmyerlimiz olub.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Sabah Sumqayıtda, ayın 23-ü Bakıda
MÖHTƏŞƏM “XƏZƏR” FESTİVALINDAN QALMAYIN
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Coca-Cola” şirkətinin əməkdaşlığı ilə Xəzər TV ölkədə ilk dəfə “Coke Studio” ilə birgə təşkil etdiyi “Xəzər” Festivalı çərçivəsində növbəti konsert proqramını Sumqayıt və Bakı şəhərlərində təqdim edəcək.
Natavan Həbibi, Hiss, Nigar Camal, Cin, Azad Şabanov, Könül Kərimova kimi ölkənin məşhur sənətçilərinin çıxış edəcəyi konsert avqustun 19-da Sumqayıt, 23-də isə Bakıda təşkil olunacaq. Saat 20:00-da start götürəcək konsertlərə giriş sərbəstdir.
Sumqayıt İcra Hakimiyyətindən əldə etdiyimiz məlumata görə, Sumqayıt sakinləri konserti Dram Teatrının qarşısındakı meydanda izləyəcə biləcəklər.
“Coca Cola” şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev bildirib ki, insanların Festivala böyük marağı var: “Festival çərçivəsində artıq iki konserti geridə qoymuşuq və növbəti konsertlərə hazırlaşırıq. Sevindirici haldır ki, insanlar konsertlərdən xoş əhval-ruhiyyəylə ayrılırlar. Əsl musiqi möcüzəsinin yaşandığı festivalın növbəti konsertlərində Sumqayıt və Bakı sakinlərini gözləyirik”.
Hər konsertdə musiqi ab-havasında Coke Zone da təşkil olunur.
Sumqayıtlılara
Xatırladaq ki, Festival çərçivəsində bundan əvvəl Gəncə və Qəbələ şəhərlərində konsertlər təşkil edilib.
Qeyd edək ki, “Coca-Cola” şirkəti fəaliyyət göstərdiyi ölkələrdə musiqinin və əyləncənin bir parçasına çevrilir. “Coca-Cola” Azərbaycanda da “Musiqi 2023” kampaniyası, “Coke Studio ilə Xəzər Festivalı” festivalı və digər musiqili, əyləncəli tədbirlər keçirir.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Musiqili Teatrın əməkdaşları Sankt-Peterburqda beynəlxalq tədbirdə iştirak edəcəklər
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşları avqustun 20-dən 25-dək Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı elan edilmiş Sankt-Peterburq şəhərində “Akademik İncəsənət Birliyi” festival-simpoziumunda iştirak edəcəklər.
Teatrdan verilən məlumata görə, tədbir çərçivəsində “Akademik incəsənət birliyi: tarix və müasirlik” beynəlxalq forumunda sənət ocağının beynəlxalq layihələr rəhbəri Rəcəb Məmmədov "Azərbaycan musiqili teatrının milli ənənələri" mövzusunda məruzə ilə çıxış edəcək.
Sankt-Peterburq Dövlət Akademik Kapellasında keçiriləcək yekun qala-konsertində isə Musiqili Teatrın gənc solisti, Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına layiq görülmüş Emin Zeynallı səhnəyə çıxacaq.
MDB ölkələrinin mədəniyyət, incəsənət, siyasət və biznes sahələrini təmsil edən ekspertlərinin də dəvət olunduğu bu mötəbər tədbirin əsas məqsədi Birlik ölkələrinin mədəniyyət xadimləri arasında uzunmüddətli yaradıcılıq əlaqələrinin və əməkdaşlığın qurulmasına şərait yaratmaqdır.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Taylandda Azərbaycan şagirdlərinin benefisi
7 azərbaycanlı şagird Taylandın paytaxtı Banqkok şəhərində keçirilən SIMSO (Siam International Math and Science Olimpiad) olimpiadasının final mərhələsində medal qazanıb.
“Ədəbiyyat və incəsənət” portalı
xəbər verir ki, ölkəmiz bu olimpiadada ilk dəfədir iştirak edir.
Oğuz şəhər 3 nömrəli məktəb-lisey şagirdi Dağlar Fətəlizadə qızıl, Bakı şəhər 274 nömrəli məktəbin şagirdi Aydan Ömərova, Salyan rayon 1 nömrəli Qarabağlı kənd məktəbinin şagirdləri Abel Fərəcov və İsmayıl Fərəcov gümüş, Bakı şəhər ADA məktəbinin şagirdi Fatimə Əlizadə, Bakı-Avropa Liseyinin şagirdi Məhəmməd Əliyev, Gənc İstedadlar Liseyinin şagirdi Əli Ağazadə bürünc medal qazanıblar.
Bundan başqa Dağlar Fətəlizadə öz kateqoriyası üzrə ən yüksək nəticə göstərərək çempion kubokuna, Aydan Ömərova isə ikinci ən yüksək nəticə göstərərək “Second runner up” kubokuna layiq görülüblər.
Qeyd edək ki, olimpiada iki – ölkə üzrə seçim və beynəlxalq final mərhələsindən ibarətdir. Olimpiadanın ilk seçim mərhələsində Azərbaycanla yanaşı 50-yə yaxın ölkə də iştirak edib.
Əlavə məlumat üçün qeyd edək ki, olimpiadaya dəvət alanlar arasında Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq də olub.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)