Super User

Super User

Çərşənbə, 20 Dekabr 2023 12:15

FAS-ın “fas” komandası

 

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Yeni və fərqli gülüş menyüsü ilə davam edirik. Qısa aforizmlərsayağı gülməcələr. Bəyənəcəyinizə əminəm. 

Dahilər ölməzdilər. Ancaq səfehlər daha çox yaşayırlar. 

İnsana ən yaxşı kömək bilirsiniz nədir? Ona mane olmamaq.

Əziz kişilər, əgər həyat yoldaşınız sizə qəflətən qalstuk, ya köynək hədiyyə edirsə, demək könlündən ya qızıl komplekt, ya xəz palto keçir. 

Ey, əlaçı, iki alan sinif yoldaşına rişxənd etməkdənsə, onun qılığına gir. Çünki 10 ildən sonra sən onun qəbuluna yazılıb iş istəyəcəksən. 

Və sonda Rusiyanın anekdoti.ru saytında həftənin lətifəsi:

FAS-ın (Federalnaya Antimonopolnaya Slujba - Federal Antiinhisar Xidməti) əsas işi öz əməkdaşlarına “fas” komandası verməkdir. 

 

 “Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Kitabxanadan AzərTAC-a bildirilib ki, kitab uşaq mahnılarından, onların notları və sözlərindən ibarətdir.

 

Kitabın ideya müəllifi və layihə rəhbəri teleaparıcı və jurnalist Aysel Zahidqızı təqdimat mərasimində mahnıların hamıya doğma gələcəyini, hər kəsin ürəyini fəth edəcəyini bildirib: “Əminəm ki, bu kitabda hər bir uşaq özünə yaxın və doğma olan mahnını tapacaq. Çünki kitabda yer alan mahnılar bizim uşaqlığımızın xatirəsidir”.

 

Kitabda yer alan hər bir mahnı rəngarəng və fərqli olduğu qədər, həm də rəssam Səbinə Vəzirova tərəfindən çəkilmiş bir-birini tamamlayan illüstrasiyalarla təqdim olunur.

 

Həmçinin nəşrdə uşaqların diqqətini, yaddaşını yoxlamaq üçün suallar da yer alıb. Bundan əlavə, “Doğma mahnılar” kitabında yutub səhifəsi qeyd olunub.

 

Təqdimatda iştirak edən uşaqlar kitabda yer alan uşaq mahnılarını müxtəlif musiqi alətlərində ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Bakı Fotoqrafiya Evində “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Marionet Teatrının 35 illik yubileyinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb.

 

Bu barədə Qoruq İdarəsindən məlumat yayılıb. Məlimatda bildirilir ki, sərgidə məşhur gürcü rəssamı, kukla ustası Baçana Xalvaşinin marionet və foto işləri, eləcə də Bakı Marionet Teatrı tərəfindən səhnələşdirilmiş “Leyli və Məcnun” tamaşasının marionetləri və dekorasiyaları nümayiş olunur.

Ümumilikdə Bakı Fotoqrafiya Evində 20 foto və 12 marionet sərgilənir.

Sərgi dekabr 22-dək Bakı Fotoqrafiya Evində ziyarətçilər üçün açıq olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Çərşənbə, 20 Dekabr 2023 09:30

“Mədəni irs" Forumu başa çatıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəni irs” Forumunun dekabrın 19-da sonuncu panel sessiyası “Mədəni irs və müasir memarlıq-şəhərsalma prinsipləri” mövzusuna həsr olunub.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Əməkdar memar İlqar İsbatovun moderatorluğu ilə keçirilən panel sessiyada ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Qazax Müəllimlər Seminariyasında keçirilən təmir-bərpa işləri haqqında ətraflı məlumat verib: “Seminariyanın binası acınacaqlı vəziyyətdə olub. 2018-ci ildə ölkə başçısının tapşırığından sonra orada təmir-bərpa işləri görülüb. Tarixi binanın orijinal strukturu saxlanılıb”.

 

Onun sözlərinə görə, bərpa olunmuş seminariya Qazaxda təhsil sektorunun inkişafına təkan verəcək, həmçinin rayonun arxitekturasına xüsusi görünüş qatacaq.

 

Eyni layihəni Azərbaycanın digər bölgələrində də tətbiq etməyi düşündüklərini diqqətə çatdıran universitetin icraçı prorektoru, həmçinin gələcəkdə Şəki, Gəncə və azad olunmuş rayonların birində təhsil mərkəzi yaratmağı planlaşdırdıqlarını bildirib.

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin məsləhətçisi Faiq Hacıyev Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcəyini söyləyib. O, tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşlarından istifadə olunacağını bildirib: “Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır".

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri Müslim İmranlı qarşıda duran çağırışlardan bəhs edib: “Şuşa şəhəri üçün layihələndirilmiş Baş plan bütün mövcud olan abidələri əhatə edir. Abidələrin mühafizəsi zonası hələ həllini tapmayıb. Abidənin yanında inşaat işləri gedirsə, bu binanın estetik vizual obrazını aşağı salır. Gələcəkdəki əsas məsələ şəhərin obrazını saxlamaqdır. Bunun üçün Konservasiya planı mövcuddur. Konservasiya planı abidə və ya ərazinin mədəni dəyərlərini təyin edir”.

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri müasir şəhərlər və urbanizasiya məsələləri haqqında məlumat verib.

Bununla da "Mədəni irs" Forumu başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib:

 

1. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri;

 

2. Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi;

 

3. Pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş;

 

4. Azərbaycan muğamı;

 

5. Lahıc misgərlik sənəti;

 

6. Çövkən – ənənəvi Qarabağ atüstü oyunu;

 

7. Azərbaycan aşıq sənəti;

 

8. Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi;

 

9. Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı;

 

10. Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti.

 

Dekabrın 19-da ICESCO-nun qərargahında Mərakeş rəsmiləri, təşkilata üzv ölkələrin diplomatik nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin hazırladığı namizədlik faylları əsasında qeyd olunan elementlərin İslam Dünyası İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat ICESCO-nun baş direktoru Salim əl-Malik tərəfindən Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Nazim Səmədova təqdim edilib. İslam Dünyası İrs Komitəsinin sözügedən qərarı ilə Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementlərinin mühüm dəyəri vurğulanıb, mədəni irsin qorunmasının, mühafizəsinin və davamlılığının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

 

Qeyd edək ki, Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlığında mədəni irsin qorunması mövzusu mühüm yerlərdən birini tutur.

 

Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına daxil edilib.

 

Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 13-ə çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Çərşənbə, 20 Dekabr 2023 15:00

“Zəlzələ” - NİGAR ARİFİN ESSESİ

“Ədəbiyyat və incəsənət” portalı adətən şeirləri ilə tanıdığımız gənc istedad Nigar Arifin növbəti essesini təqdim edir. Bu dəfə o, zəlzələdən yazır. 

 

Gözümü yumanda elə bilirdim heç kim məni görmür, üzərimdəki ədyalı başıma çəkəndə də nə qorxulu qüvvə var idi, nə də ki, hansısa cin-əcinnə pislik edə bilərdi… Yəqin belə düşünən tək mən olmamışam, başınıza gəlibsə, təbriklər, deməli siz də mən ağılda olmusunuz…

O vaxtlar anam “yıxılın yatın” deyəndə, ağzımı büzüb “olar, mən yıxılmadan yatım?” deyən, hərdən sözləri qarışdırıb məsələn, “gözüm səndən su içmir” əvəzinə “gözüm səndən yemək yemir” deyən, “çoxyaşlı”ları güldürən azyaşlı, saf, şıltaq qızcığaz idim… İndi heç nəyi qarışdırmıram, əksinə özüm bir yerdə oturmasam da, sözlərim yerinə yaxşı oturur.

Yazaram axı…həddləri nədir oturmasınlar! Əslində bəzi şeylər hələ də dəyişməyib, yer yerindən oynayanda heç indi də xəbərim olmur… Zəlzələni deyirəm… Bir neçə gün əvvəl yenə hay-küy qopdu, mənsə həmişəki kimi fil qulağında yatırdım… Əslində xəbərim olsa belə, bir şey dəyişəsi deyil onsuz da, hərdən elə vecsiz adam oluram ki, görsəm tavan üstümə uçur, kefimə düşsə deyərəm “gəl qucaqlayım”… 

Zarafat bir yana, yaşım çox az olanda nə vaxt ki, eşidirdim yer silkələnib, camaat təşvişə düşüb, elə bilirdim Yerin bədəni qaşınıb, üstündəki qarışqa boyda adamları tökmək üçün də həyətimizdəki “Palkan” itimiz kimi bu cür çırmıxıb… Eşidəndə ki, zəlzələ “yer sürüşməsi”dir, oturub bir az da baş sındırmışdım ki, görəsən yer bərk sürüşsə, uzaqbaşı hara düşə bilər? 

Başqa planetin üstünə? Bəlkə də elə Yerin planı budur? Hansısa planetlə birləşmək istəyir? Bəs görəsən hansı? …

“-Baba, ay baba, planetlər hansılardır?

- Planetlər?… Merkuri… Venera…

Yer kürəsi… Mars, Yupiter, Saturn, Uran… biri də var idi, dayan yadıma salım… hə, Neptun! Niyə soruşursan, qızım, nədi ki?

- Bəs sən Yer kürəsi olsan, bunlardan hansını seçərdin?

Babam gülüb, “ Mən özümü seçərdim, bu nə suallardı verirsən yenə?” yanağımdan dartmışdı…

Babamın cavabından başa düşmüşdüm ki, vəziyyət heç də mən düşündüyüm kimi deyilmiş, məsələ fərqliymiş… Sən demə, “Zəlzələ yer qabığı daxilində qırılmalara görə yaranan titrəyişlərin dalğalar halında yayılaraq yer üzünə əks olunması prosesi” imiş… Gör a! Yer qabığı qırılanda bu cür “həngamə” qopursa, onda insanların ürəyi “qırılan”da niyə onları yaratdıqları problemlərə görə qınayırıq? Yer kürəsi qədər də ola bilmədik… Ya da belə çıxır ki, insanlar hətta zəlzələni başa düşürlər, amma bir-birlərini yox… Yəqin ona görə ki, hər kəs özünü seçir… Haqsızdırlarmı? Deməzdim… Özünü seçməyən seçilmir, özünü seçməyən uduzur… Həyat belədir… Şah şahlığını unutsa, vəzir ona biət etməz…

Amma əgər xırda bir şeyə görə də olsa kimisə qınayırsansa, deməli, hələ də “çoxyaşlı” görkəmində azyaşlısan, məndən demək…

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Əbasət Purhəsənin şeirlərini  təqdim edir.

 

 

Əbasət Purhəsən

 

Şair Əbasət Purhəsən, 1982-ci ilin avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

BİRİNCİ SUAL

 

Ölümlər şirindi, ölümlər acı,

Yoxsulluq ölümün biridi bəlkə.

Biz hələ dünyadan nə bilirik ki,

O qız, o oğlanın əridi bəlkə?!

 

Ağaclar köynəyin dəyişir nədən?

Küçədən, küçəyə min sualım var.

Yadımda babamın nağıllarında,

Bir nağıl deyirdi: “Axtaran tapar.”

 

Axtardım, tapdığım bu gün sən oldun,

Ah qundaq, sənin də dərdin çox imiş.

Inqıltı səsinə analar gəldi,

Heç eləbil sənin anan yox imiş!..

 

Gözlərimdə yollar, içimdə dağlar,

Səni evlərinə kimlər aparar?

Atalı, analı yetim qundağın,

Bələyin kim açar, başın kim dadar?

 

Günəş də küsürdü dağın dalından,

Quşlar da göylərdən yığışırdılar.

Sızıltı səsinə can-can deyənlər,

Sadağa tullayıb soruşurdular.

 

Sən qucağımdaydın, mən oturmuşdum,

Kiçik əllərini üzümə çəkdin.

Dilənçi deyildik, biz qərib idik,

Beynimdə nə varsa gözümə tökdün.

 

Yolun qırağına kim qoyub səni,

Bəlkə də yenidən Həvva doğubdur!

Bizi göydən yerə gətdiyi kimi,

Səni də cənnətdən yerə qovubdu.

 

Biz hələ dünyadan nə bilirik ki,

Bir uşaq qolumda, ana olmuşam.

Atası kim ola, anası kimdi?

Birinci sualda hələ qalmışam...

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Ölümə tərəf” şeirinin növbəsidir. 

Ölümə tərəf getmək hissiyyatı kimdə yoxdur? Bu hissiyyat orta yaşlardan başlayır, ahıllıq yaşında sürətlənir. Amma nə yazıq ki, bunu gəncliyində də hiss edənlər tapılır. 

 

Gedirik deyə-gülə,

Gedirik ölümgilə.

Gedər-gəlməz yoldu bu,

Kim qayıda, kim gələ?!

Ölüm, qarşıla məni.

 

Piyada səbrimiz yox,

Maşın qəzası nə çox...

Həyat üzük içində, -

Hansı tərəfə qaçaq;

Ölüm, qarşıla məni.

 

Ömür – sinif dəftəri,

Saylıdır varaqları.

Əlimiz yetməz ona,

Təzədən yazaq barı;

Ölüm, qarşıla məni.

 

Hələ tezdir, igidim,

Nəyim var, nə üyüdüm.

İki körpəm gözləyir,

Möhlət ver qoy böyüdüm,

Gəlim, qarşıla məni...

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Çərşənbə, 20 Dekabr 2023 10:15

Ayrılan yolları ayrılmaz edən Barat Vüsal

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

“Qazax" Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Atatürk Mərkəzində şair, publisist, ictimai xadim, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsalın  "Ayrılmaz yollar" kitabının təqdimatı keçirildi. 

 

Kitabda müəllifin müxtəlif ədəbi nəsillərə aid yazdığı məqalələr, açıq məktublar, bir sıra xatirələr, bir çox kitablara yazdığı ön sözlər toplanmışdır. Kitab 4 fəsildən ibarətdir. Birinci fəsil "Boxça çiçəyi" adlanır. Boxça çiçəyi xalq arasında "solmaz çiçək" hesab olunur. O çiçək dəriləndən sonra heç vaxt solmur. "Boxça çiçəyi" fəslinə şairin klassiklər haqqında yazdığı məqalələr daxil edilib. 

İkinci fəsil "Bir ocağın övladıyıq" adlanır. Bu fəsildə müxtəlif nəsillər haqqında yazılan məqalələr toplanmışdır. 

Üçüncü fəsil "Bir qom bənövşə" adlanır. Bu fəsildə həcmcə kiçik, xatirə xarakterli yazılar yer alıb. 

Dördüncü fəsil isə "Bir şamın kölgəsində" adlanır. Sonuncu fəsildə Barat Vüsalın müxtəlif kitablara, xüsusən gənc şair və yazıçıların kitablarına yazdığı ön sözlər, uğurlu yollar öz əksini tapıb. Kitabın rəssamı "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Qafar Sarıvəllidir. Kitab "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Xəyyam Nəsibovun maliyyə dəstəyi ilə işıq üzü görüb.

 

Təqdimat mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri - Xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov, Atatürk Mərkəzinin direktoru, millət vəkili, akademik Nizami Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, professor Rüstəm Kamal, şair-yazıçılar, ziyalılar, media nümayəndələri iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov açaraq qonaqları salamladı. İlham Pirməmmədov "Qazax" Xeyriyyə İctimai Birliyinin yaradılmasından, fəaliyyətindən danışaraq dünyasını dəyişən ziyalıları rəhmətlə andı. "Qazax" Xeyriyyə İctimai Birliyinin hər kəsin üzünə açıq olduğunu söylədi. Bu cür ədəbi tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasında vacib və əhəmiyyətli olduğunu söylədi. Qazaxda yaşayıb Azərbaycan ədəbiyyatına xidmət edən, çağdaş Azərbaycan poeziyasının inkişafında xüsusi xidmətləri olan və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində Barat Vüsal yaradıcılığının özünəməxsus yeri olmasını qonaqların diqqətinə çatdırdı: "Barat Vüsal Qazaxdan Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına xidmət edən görkəmli şairlərdən biridir. Onun özünəməxsus dəsti-xətti, özünəməxsus yaradıcılığı var. Onun şeirlərini oxuduğun an ilk misrasından anlamaq olur ki, bu şeir Barat Vüsal yaradıcılığının məhsuludur. Çünki onun yaradıcılığında Vətən, döyüş, qələbə, azadlıq, Azərbaycançılıq, Türkçülük, keçmişi daim öz yaddaşında yaşatmaq, gələcəyə böyük umid, inam öz əksini tapır. Barat Vüsalın Vətən Müharibəsində yazdığı "Şuşanı alan oğullar" şeirini oxuyanda elə bilirsən ki, şair özü də qəhrəman oğullarla birlikdə döyüşüb. Onların döyüş yolunu, keçdikləri keçilməz yolları, fəth etdikləri zirvələri Barat Vüsal elə dəqiqliklə təsvir edib ki, şairin bütün varlığı ilə döyüşən oğulların yanında olduğunu açıq-aydın görmək olur. Barat həm də hər zaman döyüşdə olan, qələbə qazanan, qazandığı qələbəni xalqına, millətinə həsr edən şairdir. Mən tədbirimizə uğurlar arzulayıram". 

İlham Pirməmmədov Barat Vüsalı Şəhid ailələrinin, Qazilərin, Qazax RİH-nin başçısı Rəcəb Babaşovun, hərbi jurnalist Şəmistan Nəzirlinin, İctimai-siyasi xadim Eldar Namazovun, İctimai Birliyin bütün üzvlərinin, o cümlədən Qazax mahalının ziyalılarının adından təbrik etdi. 

Sonra söz Xalq şairi Nəriman Həsənzadəyə verildi: Nəriman Həsənzadə alim Baratın görüşünə gəldiyini fəxr hissi ilə söylədi: "Barat şair idi. Bu kitabı oxudum, gördüm Barat filosofdur, tənqidçidir, ədəbiyyatşünasdır, alimdir, ictimai xadimdir. Həm şair, həm alim Baratı təbrik edirəm. Bu gün biz alim Baratın görüşünə gəlmişik".

Akademik Nizami Cəfərov görkəmli klassikləri birləşdirməyi, onların ideyalarından ümumi Azərbaycançılıq, Türkçülük ruhunu axtarıb tapmağı Barat Vüsalın xidməti olaraq dəyərləndirdi: "Barat Vüsal Azərbaycanın ən görkəmli şairlərindən biridir. Rayonda yaşasa da o Respublika miqyasında, Azərbaycan miqyasında, hətta Türk dünyası miqyasında görünən bir şairdir. Yəni ədəbiyyatın tarixini, ədəbi ideyaların tarixini, ədəbi-ictimai fikrin tarixini, böyük ədəbi şəxsiyyətlərin tarixini yaxşı bilən ziyalılarımızdandır. O neçə illərdir Azərbaycan mətbuatında Azərbaycan ədəbiyyat tarixinin ən möhtəşəm ideyalarını əhatə edən, xüsusilə idrak, bədii idrak, ictimai idrak, dini idrak, ruhani dünya - bu istiqamətlərdə maraqlı məqalələr yazıb. Həmin məqalələrin toplusu olaraq bu gün araya-ərsəyə möhtəşəm ədəbiyyat əsəri meydana gəlib. Barat Vüsalın ədəbi əcdadları ayrılan yollardan danışırdısa, Barat Vüsal ayrılmaz yollardan danışır. Bu da onu göstərir ki, Barat Vüsal o dövrün - 50-60-cı illərin əsərlərindən fərqli olaraq iyirmi birinci əsrin əsərini yazır. Yəni bizim ədəbi uğurlarımızı, nailiyyətlərimizi, əsas ideyalarımızı birləşdirir, ayırmır. Bizim görkəmli klassikləri birləşdirmək, onların ideyalarından ümumi Azərbaycançılıq, Türkçülük ruhunu axtarıb tapmaq bunlar Baratın xidmətidir. "Ayrılmaz yollar" kitabı çox dəyərli bir əsərdir. Hətta şairliyi qədər də, Barata nüfuz gətirən bir yaradıcılıqdır. Mən Baratı da, ədəbiyyatı da, oxucuları da təbrik edirəm".

Millət vəkili Səməd Seyidov çıxışı zamanı ilk öncə tədbirin təşkil olunmasında əməyi olan hər kəsə, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədova təşəkkürünü bildirdi: "Əziz dostlar, hamınızı salamlayıram. Hörmətli İlham müəllim, Barat Vüsal yaradıcılığına verdiyiniz qiymət üçün sizə təşəkkür edirəm. Barat Vüsala təşəkkür edirəm. Barat Vüsal unikal insandır. Yaradıcı insan həm sadə, həm də mürəkkəb olur. Barat Vüsal fəlsəfəsində böyuklüklə sadəlik birləşib. Barat Vüsalın öz dünyası var. O, həm də özünə qapana bilir. Barat Vüsalın fikirləri üsyançıdır, dövlətçidir, sadədir. Barat müəllim ədəbiyyata yenilik gətirdi. O, üsyanla, dalğa ilə sakitliyi birləşdirməyi bacardı. O, məhsuldar bir şairdir. Barat müəllim bir dost kimi, insan kimi, şair kimi hər kəs tərəfindən yüksək qiymətləndirilir. Mən Barat müəllimi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edirəm. Yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

Mətbuat Şurasının sədri Rəşad Məcid həm Vətənpərvərlik, həm ədəbi mövzuda tədbirlərin təşkilində, həm də insanlara göstərdikləri diqqətə görə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədova təşəkkürünü bildirdi: "Hörmətli İlham müəllim rəhbəri olduğunuz İctimai Birliyin fəaliyyəti həm ziyalılar, həm də sadə insanlar tərəfindən rəğbətlə qarşılanır. Sizin vətənpərvərlik ruhunda gördüyünüz işlər, ədəbi görüşlərin keçirilməsində xidmətləriniz göz qarşısındadır. Sizə və komandanıza uğurlar arzulayıram. Barat Vüsal yaradıcılığı xüsusi dəyərə malikdir. Barat Vüsal bölgə şairi yox, ölkə şairidir. O torpağa bağlı insandır. Zəngin biliyə malik, dərin düşüncəli insandır Barat Vüsal. Biz Barat Vüsalla Şuşaya birlikdə səfər etdik. Yol boyu xeyli söhbət etdik. Onun necə uzaqgörən, bənzərsiz şair olduğunun bir daha şahidi oldum. Yeni çapdan çıxmış kitabı münasibətilə Barat Vüsalı təbrik edirəm. Kitabın naşiri Xəyyam Nəsibova təşəkkürümü bildirirəm".

Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi çıxışında Barat Vüsalı Azərbaycan ədəbiyyatında insanlığın nümunəsi adlandırdı: "Barat Vüsal Azərbaycan ədəbiyyatında insanlığı təmsil edir. Onun Aysberq kimi görmədiyimiz tərəfləri var. Onu hər şeyə inandırmaq olmur. O tam əmin olduğu işlərə arxayınlıqla inanır. Ziddiyyətlər olmasa dahilik olmaz. Barat Vüsal ziddiyyətlərdən dahiliyə doğru olan yolu qət etmədi, fəth etdi. "Ayrılmaz yollar" kitabı da Barat Vüsalın növbəti uğurudur. Təbrik edirik, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq".

Professor Rüstəm Kamal uzun illərdir dostluq etdiyi şairin daim yolda olduğunu təqdimat iştirakçılarının diqqətinə çatdırdı: "Baratın özü kimi şeirlərinin də xasiyyəti var. Baratın öz dəsti-xətti, öz səsi var. Bir var yolda olan, bir var evdə olan şair. Barat yolda olan şairdir. O, tarixçi olduğu üçün tarixi emosiyanı poeziyaya gətirməyi bacarıb. Bu kitabdan gənclər, ədəbiyyatçılar bir çox məqamları öyrənib,  ədəbiyyata xidmətin necə lazımlı və vacib olduğunu öyrənəcəklər. Mən də Barata yeni-yeni yaradıcılıq uğurları arzulayıram".

 Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Barat Vüsalın müqəddəs yolun ən uca məqamında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı: "Barat müəllim "Ayrılmaz yollar" kitabını yazmaqla klassik irsimizə, o irsi yaşadanlara, çağdaş yazarlarımıza vəfa borcunu yerinə yetirib. Hətta yaşca ondan kiçik olan yazarlarımıza da yazılar həsr edərək yolların ayrılmadığını ifadə etməyə çalışıb. Aşıq Veysəlin məşhur sözləri yadımıza düşür: 

"Uzun, incə bir yoldayım,

Yürüyorum gündüz-gecə".

Barat müəllim müqəddəs bir yolun ən uca məqamındadır. Bir daha təbrik edirəm".

Ustad Aşıq Cahangir Quliyev, Aşıq İlqar Qələmçəli, Aşıq Şahin Süleymanov sazda Barat Vüsalın şeirlərini ifa etdilər. Aşıq Avdı Musayev Ustad Kamandar Əfəndiyevin Barat Vüsala həsr etdiyi şeiri ifa etdi. Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli və Əli Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı Barat Vüsala həsr etdikləri şeiri söylədilər. Vurğun Vəkilov, Xəyyam Nəsibov, Nəzakət Məmmədli, Aqşin Ağkəmərli, Sərvaz Hüseynoğlu Barat Vüsal yaradıcılığının sonsuzluğundan, ululuğundan, bir ziyalı olaraq onun Vətən və ədəbiyyat qarşısında xidmətlərindən söz açdılar. 

Sonda söz müəllifə verildi. Barat Vüsal tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Yubiley tədbirinin keçirilməsində əməyi olan insanlara, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri İlham Pirməmmədova, tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi: "Əziz tədbir iştirakçıları, hər birinizi salamlayıram. İnsan əzizlərini görəndə sevinir. Mən sizləri görüb sevinirəm. Biz bu gün sözün işığına yığışmışıq. Hər biriniz mənə əzizsiniz. Kitaba dəyər verən, sözə dəyər verən hər kəsə təşəkkürümü bildirirəm. Kitabın çap olunmasında xüsusi zəhməti olan Xəyyam Nəsibova təşəkkür edirəm. Kitabın rəssamı Qafar Sarıvəlliyə təşəkkür edirəm. Mən bu kitabı bütün unudulmazları bir yerə toplamaq üçün yazdım. Bu kitab mənim 30 illik zəhmətimin bəhrəsidir. Şükürlər olsun, biz bu gün "Ayrılmaz Yollar"ın işığına yığışıb, əziz dostlarla bir araya gəldik. Biz hər zaman dövlətimizə, Şəhidlərimizə borcluyuq. Allah Şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi qorusun". Barat Vüsal çıxışının sonunda müəllifi olduğu şeirləri söylədi. Tədbir yüksək əhval-ruhiyyə ilə başa çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu gün növbəti dəfə sizlərə bir pedaqoq təqdim edirəm. Xatirə Həsənovanı. Düşünürəm ki, bu maraqlı həmsöhbətlə söhbətim sizlərin də marağına səbəb olacaq. 

 

-Salam Xatirə xanım! İlk öncə özünüz haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirəm.

 

-Mən Həsənova Xatirə Qələmşah qızı. Siyəzən rayon sakini. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu. 19 ildir ki , pedaqoji fəaliyyətlə məşğulam. Siyəzən şəhər şəhid Rasim Ramazanov adına 5 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsində çalışmağımın 18 ili tamamdır. Bu illər ərzində  Pedaqoji fəaliyyətimdə heç bir qüsura yol verməmiş, rayon təhsil şöbəsi tərəfindən dəfələrlə fəxri fərmanla təltif olunmuşam. Fəaliyyətimdə öncüllük ilk növbədə cəmiyyət üçün mükəmməl şəxsiyyət, vətənpərvər vətəndaş və mükəmməl mütəxəssis yetişdirməkdir.

 

-Texnologiyanın, süni intellektin həyatımızda rolu haqqında fikirlərinizi bilmək istərdik.

 

-Texnologiya mənim həyatımın əsas hissəsini təşkil edir, süni intellekt isə dünyada baş verən digital transformasiyanın əsas parçalarından biridir. Dinamik inkişafda olan cəmiyyətdə rəqəmsal olmadan yaşamaq artıq mümkünsüzdür. Mütləq ki, hər bir sahədə müsbətlər olduğu kimi mənfilər də var. O, cümlədən İKT-nin də. Hər şey normada faydalıdır. Nizami Gəncəvi demişdir: 

 "Bir inci saflığı varsa da suda, 

Artıq içiləndə dərd verir o da"

 

-Bir pedaqoq olaraq müasir gənclik, onların hal-hazırdakı mütaliə səviyyəsi sizi qane edirmi?

 

-Müasir gənclik artıq Zet nəsli mərhələsini  keçərək, Siqma nəslidir. Bu çox sevindirici haldır. Artıq yeni nəsil müasir dövrün tələbi olan müasir elmlərə yiyələnir. Dünya təhsil sisteminə inteqrasiya edirik. Amma özülü möhkəm olmayan bir bina nə qədər uca olsa belə  ilk zərbədə təhlükəli ola bilir. Mükəmməl şəxsiyyət hərtərəfli, İntellektual, Məsuliyyətli, Uzaqgörən, Fikrini faktlarla mükəmməl çatdıran olmalıdır. Bunların hamısının yolu mütaliədə kəsişir. Əfsus olsun ki, gəncliyimizin mütaliəyə marağı məni qane etmir.

 

-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra  üstünlük verirsiniz?  

 

-Mən hər zaman oxuyuram. Əsasən dram, fantastika, poetik, triller janrına daha çox üstünlük verirəm.  Poetika ruhumu, dram dünyanı, fantastika xəyallarımı, triller isə artan həyəcan, təlaş, sürpriz, intizar hislərimi qidalandırır ki, hər əsərdən sonra baxış bucağımda fərqi hiss edirəm.

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxumaq gözəl fəaliyyətdir. Amma bunu vərdişə çevirmək üçün hədəf təyin etmək lazımdır. İnsan hər zaman hədəfə doğru addımlayır. Bu vərdişi qazanmaq üçün ilk növbədə hazırkı maraq dairəsinə uyğun, kiçik ölçülü və həcmli, rahat daşına biləcək kitablardan başlamalı, diqqətimizi çəkən hissələrin altından xətt çəkməli , gündəlik səhifə hədəfi seçib hər gün artırmalı və s. - mən belə düşünürəm.

 

-Bir pedaqoq olaraq gənclərə hansı məsləhətlərinizi verərdiniz?

 

-Gənclər şüurlu seçim edərək addım atsınlar, daxili potensiallarını nəzərə alaraq peşə seçib, hansı sahədə olmalarından asılı olmayaraq peşəkar olsunlar. Ədalətli,  dürüst, mərhəmətli olub, Allahı unutmadan şəxsi inkişaflarına yol açan cığırlardan keçib düz yolda addımlasınlar.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.