Super User

Super User

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Dostoyevskinin də dediyi kimi: "Elm və incəsənət həmişə müharibədən sonrakı ilk mərhələdə inkişaf edir. Müharibə onları yeniləyir, təravətləndirir, təkan verir. Uzunmüddətli sülh zamanı elm də süquta uğrayır."

 

Eləcə də təbii fəlakətlər, pandemiya, su və ya taxıl qıtlığı dönəmləri. Çətin vəziyyətlər insanları bir-birlərinə daha da yaxınlaşdırır. Qəhrəmanlar sülh zamanı və ya əmin-amanlıq dönəmində inkişaf etmir. Ən çətin anlarda, qaranlıq gecələrdə ən parlaq ulduzlar kimi üzə çıxır. 

Çətin dönəmlər insansevərliyi inkişaf etdirir və xalqları birləşdirir.

Onları bir-birinə hörmət etməyə məcbur edir.  Xeyriyyəçilik ən çox elə bu dönəmlərdə inkişaf edir. 

Yüksək insani keyfiyyətlər ortaya çıxır, insanları ümumi ortaq səbəb üçün birləşdirir. 

Düşünürəm ki, insanlığı növbəti mərhələyə daşımaq üçün bu vacibdir:

Çətin zamanlar güclü insanları yaradır.

Güclü insanlar asan zamanları yaradır.

Asan zamanlar zəif insanları yaradır.

Zəif insanlar çətin zamanları yaradır.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-10-da Nizami Kino Mərkəzində keçiriləcək. 

 

Artıq festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb.

Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışlarından əldə olunacaq bütün gəlirin qadın rejissorlara dəstək məqsədilə ianə ediləcəyini bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 15:30

Günün fotosu: Moldova rus diplomatlarını ölkədən qovur

Günün fotosu: Moldova rus diplomatlarını ölkədən qovur

 

Foto: Reuters

 

Moldova hakimiyyəti Rusiya səfirliyinin Ştatlarını ciddi şəkildə azaltmağı əmr edib. Diplomatlar və onların ailə üzvləri xüsusi təyyarələrlə geri qaytarılırlar. 

Onlarla diplomat, habelə Rusiya Federasiyasının səfirliyinin texniki işçiləri və onların ailə üzvləri - cəmi 70 nəfər Moldova Respublikasını tərk etdilər. 

Bildirək ki, Moldovadakı diplomatik idarənin üçdə ikisini azaltmaq qərarı Rusiya Federasiyasının Kişinyovdakı səfirliyinin damında quraşdırılmış antenalarla bağlı son qalmaqaldan sonra qəbul edildi. 

Jurnalistlər nəzarət üçün istifadə edildiyi iddia edilən antenaların sayının artmasına diqqət çəkdilər. Rusiya Federasiyasının Moldovadakı səfiri Oleq Vasnetsov antenaların kəşfiyyat üçün deyil, rabitə üçün lazım olduğunu söylədi.

Bununla belə, moldovların sözü keçdi. İndi Rusiya əvvəlki Rusiya deyil axı. 

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının poçtunda Gəncədən Lalə Həsəncanın bir xəbəri yer alıb. İdman və gənclik mövzulu bu xəbəri diqqətinizə çatdırırıq.

Gəncə Gənclər Evi və 2 saylı Gəncə Regional Asan Xidmət Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə könüllülərimiz arasında mini-futbol idman növü üzrə yoldaşlıq oyunu baş tutub.

Çətin mübarizə şəraitində keçirilən görüşdə Gəncə Gənclər Evinin könüllüləri qalib olublar.

Qalib könüllülərimizi təbrik edir, digər iştirakçılara isə təşəkkür edirik!

 

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

 

 

Çərşənbə axşamı, 15 Avqust 2023 18:00

Ən çox oxunan: Marqot Robbinin 50 milyon dolları

 

Təbii ki, insanların əsas şakəri başqasının var-dövlətinin hesabını aparmaqdır. Ona görə də günün ən çox oxunan xəbəri yeniyetmələrin ağlını başından alan, yaşlıların isə beynini dəng edən “Barbi” filminin baş rol ifaçısı Marqot Robbinin qazancı barədə yayılan xəbər oldu. 

Əksər saytların paylaşdığı xəbərdə qeyd edilirdi ki, ekran əsərinin baş rol ifaçısı və prodüseri Marqot Robbi filmdən təxminən 50 milyon dollar qonorar qazanacaq.

Qeyd edək ki, cari il iyulun 21-də kütləvi nümayişə buraxılan film ABŞ və Kanadada 526, dünya nümayişindən isə 657 milyon dollar gəlir əldə edib.

Bütün rekordları bir pəmbə gəlincik qırmırmı, qırır.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

Dağ yəhudilərinin sıx məskunlaşdığı Qırmızı qəsəbə mənə güclü təsir bağışladı.

AzərTAC xəbər verir ki, bunu amerikalı jurnalist Kelvin Dark STMEGİ saytına müsahibəsində deyib.

 

O, bu yaxınlarda jurnalistlər qrupunun tərkibində Azərbaycanda olduğunu xatırladaraq deyib: “Bakı gözəl memarlığı ilə yaddaşımda qaldı. Qarabağda olmaq mənim üçün çox maraqlı idi. Biz işğaldan azad olunmuş bir neçə rayonda – Şuşa, Füzuli və Qubadlıda olduq. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır, bu, məni heyran etdi.

Bundan başqa, müharibə vaxtı güclü raket zərbələrinə məruz qalmış Gəncəni ziyarət etdik. Dağıntıları gördüm, günahsız dinc sakinlərin, xüsusən də uşaqların ölümü barədə məlumat məni çox hiddətləndirdi”. 

Qubaya səfəri barədə danışan amerikalı jurnalist qeyd edib ki, Dağ Yəhudiləri İcmasının nümayəndələri ilə görüş onun üçün çox gözəl təcrübə olub: “Qırmızı qəsəbədə diqqətimi ən çox Dağ yəhudilərinin Tarix Muzeyi cəlb etdi. Mən Dağ yəhudiləri icmasının yaradılması, onların zəngin mədəniyyəti və ənənələrinin nəsildən-nəslə keçdiyi barədə çoxlu məlumat əldə etdim. Muzeydən çox təsirləndim, çünki o köhnə adət-ənənələri və tarixi yeni interaktiv eksponatlarla birləşdirir.

Gördüm ki, Azərbaycan ilə İsrail arasında əlaqələr genişlənib və daha da möhkəmlənib. Hesab edirəm ki, bu münasibətlər müsəlmanlarla yəhudilər arasında əməkdaşlığın gözəl nümunəsidir və bütün dünya buna diqqət yetirməlidir. Fəxrlə deyə bilərəm ki, müsəlmanlarla yəhudilər arasında münasibətlərin ən yaxşı nümunəsi Azərbaycandadır", - deyə K.Dark vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 15:30

Gənc rəssamların əsərləri təqdim olunub

 

Bakıdakı Rus Evində Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunan “Gənc istedadlar sərgisi” layihəsi çərçivəsində növbəti ekspozisiyanın açılışı olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin məlumatına gprə, sərgidə ictimai xadim, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova və Bakı Dövlət Universitetinin məzunu, Rus Evinin poeziya layihələrinin təşkilatçısı Lalə Həsənovanın rəsm işləri təqdim olunub. 

Avqustun 19-dək davam edəcək sərgiyə giriş ödənişsizdir.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

 

Avqustun 24-də Heydər Əliyev Sarayında Qazaxıstandan olan “BN Team Orchestra” simfonik orkestrinin ifasında populyar Koreya seriallarından saundtreklər səsləndiriləcək.

 

Və gecədə “Giləmeyvələrdən sonra çiçəklər", "Va-bank", "Al ürəklər: Koryo", "Dolu ev" və s. kimi seriallardan musiqilər səslənəcək.

Proqram “BN Team”in müəlliflik üslubunda və simfonik orkestri, xor və solistlərin müşayiəti ilə ifa olunacaq. Böyük ekranda tamaşaçılar sevimli seriallardan ən gözəl parçaları izləyə biləcəklər. 

BN Team – Qazaxıstanın müxtəlif janrlarda fəaliyyət göstərən yaradıcı və kreativ gənc və enerjili musiqiçilər, aktyorlar və artistlər komandasıdır. Kollektiv son illərdə Qazaxıstanda, eləcə də Bakı, Daşkənd və Bişkekdə çoxlu konsert verib, bu da layihənin miqyaslığı və məşhurluğu haqqında xəbər verir.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 13:30

Ferhat Göçer Bakıya gəlir

 

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin növbəti dəfə konserti təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Çərşənbə axşamı, 15 Avqust 2023 13:15

Səhnəmizin AFAQI...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Min doqquz yüz çoxdanıncı illər idi. Azərbaycan Sovet Sosialist Respublikasının Sumqayıt şəhərinin 8-ci mikrorayonunda qayğısız uşaqlıq illərimi yaşayırdım. Hər şey - yağ, ət, qənd, hətta siqaret, kibrit də talonla satılırdı. Evin birinci uşağı olduğum üçün talonla verilən ərzaqları almaq mənim boynuma düşmüşdü. Zarafat deyil, ailəmizə ayrılan kərə yağını, əti və digər ərzaqları almaqdan ötrü ayda bir neçə dəfə gecədən səhərə qədər növbədə dayanırdım...

O, mikrorayonun əsas ərzaq mağazasının üstündə, yəni Mehriban Ələkbərzadəgilin binasının ikinci blokunda yaşayırdı. Rəhmətlik aktyor Kamil Məhərrəmovdan bir mərtəbə yuxarıda. Yeni il qabağı mağazalarda növbələr daha da uzanırdı. İnsanlar “Paytaxt salatı” hazırlamaqdan otrü, konserviləşdirilmiş yaşıl noxud, xama, mayonez və ya kolbasa almaq üçün bu növbələrdə saatlarla vaxt itirirdilər. Onu ilk dəfə həmin növbələrdən birində görüb, yadda saxlamışdım. Çox gülərüz, mehriban və necə deyərlər, döyüşkən adam kimi tanıyırdım. Nə isə, sonradan bildim ki, Sumqayıt Dövlət Dram Teatrının aktrisasıdır...

Haqqında söhbət açdığım Afaq Səfərova 1955-ci ildə Bakı şəhərində, böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda, 20 saylı məktəbdə bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə versə də, lakin müsabiqədən keçə bilməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil aldıqdan sonra, aktrisa kimi əmək fəaliyyətinə başlayıb. 1973-1975- ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1975-1989-cu illərdə Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Sonra uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi fəaliyyət göstərib və həmin universitetin professoru elmi adına layiq görülüb.

1989-cu ildə Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub. 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alır...

 Deyir ki,- “Mən sevilən və kifayət qədər tanınan kişinin ailəsində anadan olsam da, amma varlı bir ailədə doğulmamışam. Ona görə də heç zaman harın hərəkətlərə yol verməmişəm. Başımı aşağı salıb öz işimi vicdanla icra etmişəm. Atam 1925-ci ilin mart ayının 11-də anadan olmuşdu, 1969-cu ilin mart ayının 23-də vəfat etdi. Baharda doğuldu, baharda da dünyasını dəyişdi. Əslən Qubalıdır, ancaq Bakıda anadan olub. Anası Qızılgül xanım, atası Səfər kişi, ailədə də 3 qardaş, bir bacı olublar. Səhnəyə necə gəlməsi barədə ətraflı məlumatım olmasa da, bilirəm ki, gənc yaşlarında dram dərnəklərinə gedib. İkinci dünya müharibəsində iştirak eləyib və yaralanıb, kontuziya alaraq, lal-kar kimi ordudan tərxis olunub. Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun. Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib. Atamın çox qısa ömür yolu və yaradıcılıq fəaliyyəti olsa da, ölümündən 53 il keçməsinə baxmayaraq, hələ də xalqın yaddaşından silinməyib. Mən inanıram ki, bir əsr də keçsə, silinməyəcək. Mənə elə gəlir ki, sənətkarın övladı mütləq sənətkar olmalıdır ki, onu yaşada bilsin. Bəşir Səfəroğlunun dövründə çoxlu sənətkarlar olub, öz zəmanələrinə görə yaxşı tanınıblar, amma əksəriyyəti yaddan çıxıb. Bəşir Səfəroğlunu isə indi hətta uşaqlar da tanıyır...”.

Afaq xanım ilk rollarından özünü istedadlı, işgüzar, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək sevilməyə başlayıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Bir vaxtlar Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. O, teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar"ında Darçınbəyim, Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam"ında Zəhra, Əli Əmirlinin "Bala başa bəla"sında Suğra, Məcnun Vahidovun "Yarımştat"ında Ayna, Aqşin Babayevin "Nekroloq"unda Gülya rollarını ifa edib və "Afaq gülür güldürür" şousunda müxtəlif, rəngarəng obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan “Bəxt üzüyü” filmində Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib...

“Ömrümün hər anı məni sevindirir. Mən bu sənətdə mənliyimi, kimliyimi təsdiq etməyi bacardım. Heç vaxt kimin qızı olduğumu unutmadım və Bəşir Səfəroğlunun övladı kimi üzərimə düşən məsuliyyəti hiss etdim, ancaq bu adın kölgəsində gizlənmədim, itib batmadım. Xoşbəxtəm ki, mənim sənətimi sevənlər və qiymətləndirənlər var. Xoşbəxtəm ki, sənətkar adını qazana bildim, xalqın artisti oldum”- söyləyir…

İradəli xanımdır. Neçə illərdir ki, xərçəng xəstəliyinə qarşı vuruşur. Min bir əziyyətə, ağrılara sinə gərir, amma ruhdan düşmür. Bir an da olsa belə yaşamaq eşqi onu tərk etməyib.

 Avqustun 15-i Afaq xanımın növbəti ad günüdür. Bəli, min doqquz yüz çoxdanıncı illər idi. İlk dəfə Sumqayıt şəhərində, ərzaq növbəsində görüb yaddaşıma köçürdüyüm bu xanımın uzun illər tamaşçısı olmuşam. O qədər onun yaratdığı obrazların sayəsində gülüb şənlənmişəm ki, özümü Ona borclu sanıram. Və bu borcu ad günü münasibətilə təbrik etməklə, xoş arzularımı dilə gətirməklə qismən də olsa ödəmək istəyirəm.

Allah sizə şəfa versin və öz möcüzəsilə sizi əsrin xərçəng bəlası ilə mübarizədən qalib çıxarsın!

Çox yaşayın, Afaq xanım!..

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.