Super User

Super User

Bazar ertəsi, 14 Avqust 2023 12:45

Nə olar, istedadlılara yol verin!

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Bir beçə ildir ki, DİM imtahan komissiyası jurnalistika şöbəsinə imtahan verənlərin yazılarını yoxlamaq üçün bizi  imtahan komissiyasına dəvət edir. Biz də böyük məmnuniyyətlə bu dəvəti qəbul edib gedirik. 

 

Ötən il jurnalistika fakultəsinə sənəd  verənlərin əksəriyyəti "Jurnalist binasından ev almaq istəyirik" arzusunu dilə gətirmişdilər. Daha bilmirlər ki, əslində jurnalist olmaq üçün bu arzuda olanın fəhmi, ilahi vergisi və yaza bilən qələmi olmalıdır. Jurnalistin məqsədi yazmaq və hər şeyi ayna kimi göstərmək olmalıdır. Nə yazıqlar olsun  ki, bu gün bizim çoxumuzun yerini tutan psevdo juranalistciklər sayta 30 informasiya yerləşdirməklə qeydiyyatdan keçib MEDİA Agentliyinin tam hüquqlu mənsubu ola bilirlər, halbuki onların bəziləri  heç öz tərcümeyi-hallarını belə yaza bilmirlər. Aralarında elə sayt rəhbərləri bizim şərəfli adımızı  şərəfsizcəsinə daşıyanlar var ki, yumurta-toyuq davası edirlər. Hər hansı bir broyler fabrikində fabrikin direktoru bir "zurnaçı trol”ciyəzə 1 qutu yumurta və iki toyuq verirsə, digərinə 4 toyuq və 2 qutu yumurta verirsə, bax onda bu iki nəfərin arasında intriqa başlayır... "A... necə yəni sənə məndən çox toyuq verib... Yaxşı... bundan sonra görsün ki, onun başına nə oyun açacağam...”

Onların arasında bir tort, bir dəstə gül davası edənlər də var... Nə yazıqlar olsun ki, bu qırmızı "troll paçalar" ucbatından əsil jurnalistlər qalır kənarda və onlar əsl jurnalistlərə meydan sulayır.  1 ilə bahalı maşın alıb sürürlər... O qədər oyunlardan çıxırlar ki…

Jurnalist olmaq istəyən abituriyentlərin yazılarını oxuyanda, onların yazdıqlarından necə jurnalist ola biləcəkləri bəllidir. Şəxsən mən onların heç birinə yüksək bal yazmamışam.

Bu dəfə bir günə 15 yazı oxudum. Və oxuduğum birinci yazı məni titrətdi: Mövzu: “Uğurlu insan olmaq nə deməkdir?" 

1.“Bir uğur əldə etmək yoluna girəndə çəkinmə. Uğurlu insanlar da güclü insanlardırlar, amma məğlubiyyət qəbul etmədiyi müddətdə”.

2.“Həyatda özünə etdiyin ən böyük yaxşılıqlarındır sənin uğurların”.

3.“Hər şey beyində başlayır, beyində də bitir”

Bu mövzunu yazanın oğlan və ya qız, neçə yaşında olmasını bilməsəm də, 2 səhifə yarım yazısında 5-6 dənə belə uğurlu cümlə var idi. Yazı tərzi də bişmiş bir qələmi olan gənc  jurnalisti xatırladırdı.

Daha bir yazı  babat idi. Yönləndirən olarsa, ondan jurnalist ola bilər. Verilən digər mövzularda yazılan qalan 13 yazı isə bərbad idi. Bu abituriyentlər ədat, isim, fel, heç bir qrammatik qayda tanımırlar, onların heç birinin mütaliəsi yoxdur. Görün abituriyentin biri nə yazıb:

“Bir insan bu dünyada yaşayırsa, bu insanın mütləq bir işi düz gətirməyə bilər, bu o demək deyil ki, demək həyat bitti, və yaxud da bu həyata əlvida. Umummiyyətlə heç bir canlı bu ifadəni işlətməməlidir...”.

"həyat bitti" - bitti??? Bəlkə bitdi? 

heç bir canlı bu ifadəni işlətməməlidir"... - yəni it-pişik də, ağac da? Bəlkə insan? 

Belə səhvlər o yazılarda o qədər çox idi ki...  Ədəbiyyat, jurnalistika fakultəsinə imtahan verənlər -da, -də, -ki şəkilçilərinin işlədiləcək yerlərini bilmirlər. Absaz tanımırlar.

Bu bədbəxtlikdir, bu faciədir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, niyə məktəblərdə uşaqları ədəbiyyat kitabları ilə yükləmirsiniz, niyə bu uşaqlar oxumağı və yazmağı bacarmırlar? Belə deyirlər ki, məktəblərdə inşa və ifadə yazmaq, yoxlama işi yazmaq proqramdan çıxarılıb. Bu nə fəlakətdir? Niyə bu uşaqları bədbəxt edirsiniz? Axı dərindən yazıb oxumağı bacarmayan bu yetirmələrimiz sonra, bu dövlətdə məmur, nazir olurlar. Əksər hallarda da belə oxumağı-yazmağı bacarmayanlar gəlib yüksək kreslolarda otururlar.

Ötən il Bakı şəhər təhsil şöbəsinin bir qrup  direktor və müəllim heyəti Finlandiyaaya təhsil təcrübəsini öyrənməyə getmişdilər. Oradan qayıdandan sonra gördükləri nəyi tətbiq etdilər? Dünyanın heç bir yerində imtahanlarda tələbələr, dövlət imtahanı verənlər Azərbaycandakı kimi əziyyət çəkmir. Bizdə  imtahan verib iş axtaranları İsa kimi çarmıxa çəkirlər.  

Lap elə götürək juranlist olmaq istəyənlərə bu dəfə lototrondan çıxan mövzular. O nə mövzudur ki? Jurnalist olmaq istəyənlərin də hamısı  ağıllarına gələni yazıb, vərəqləri  mənasız sözlərlə doldurmuşdular. 

Bizə dünyanın inkişaf etmiş ölkələrində, Finlandiyada, lap elə yaxınlığımızda olan Qazaxıstandakı təhsil sistemini gətirin.  Bizim uşaqlara kitab oxutmalıyıq. Kitab , ədəbiyyat oxumayan insan cəmiyyətdə formalaşa bilmir. Yalnız tiktokun, instaqramın əsiri olub qalır.

Təhsilimiz xəstədirsə, millətimniz, dövlətimiz xəstədir. Bu reanimasiyadan təhsilimizi xilas edək!

Sonda isə onu demək istəyirəm ki, yuxarıda birinci yazısından misal gətirdiyim  abituriyent, əgər bu yazımı oxuyacaqsansa, özünü tanıt bizə. Sənə 10 bal yazdım. Sənin işığın bizim işığımızdır. Bir uşaq, bir tələbə, bir idmançı gözəl nəticə, uğur qazananda buna sevinirəm. Çünki bu, Vətənimin adına yazılır.

O ki, qaldı jurnalistikamıza, qəzetçiliyimizə… İnanıram ki, jurnalistikamızı bu ağlamalı günə qoyanları nə vaxtsa bir ələkdən keçirən tapılacaq. Ələyin altına gedənləri deyil, üstündə qalanları götürək. Çünki  juranalistikamızı ot-ələf basıb. 

Biz yenidən yer belləyib, torpaq şumlayıb jurnalistikamız üçün əkinçilik etməliyik, toxum səpməliyik.

Nə olar, jurnalistikamızı onun dəyərini bilənlərə verin, copy-paste edənlərə deyil, araşdırma aparanlara yol verin, meydan verin. 

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında Heyran Zöhrabovanın “Kainatla Günəşin nağılı” adlı nağıl-hekayəsini təqdim edir.



"Amma unutma, daş divarlar arasındakı qaranlığımın səndən başqa pəncərəsi yoxdur."
Sabahattin Ali

Bir varmış, bir yoxmuş, qədim bir rəvayətə görə bir zamanlar içinə hər şeyi sığdırmış qocaman bir Kainat varmış. Bu Kainatın bir tərəfi gündüz kimi işıqlı, bir tərəfi isə gecə kimi qaranlıqmış.
Kainatın aydınlıq tərəfində dünya adlı çox gözəl, rəngarəng bir planet və həmçinin varlığı, möhtəşəm parıltısı və hərarəti ilə Yer kürəsinə yaşam qaynağı olan bir Günəş varmış. Günəş o qədər gözəl və parlaq idi ki, Yer kürəsi və daha başqa planetlər pərvanə misalı onun ətrafında fırlanarmış. Amma Kainatın digər tərəfi isə hər zaman zülmət qaranlıq və soyuq imiş. Onun bu tərəfi bəlkə dünyadan da gözəl idi və qaranlıqlarının lap dərinliyində qəlb kimi döyünən kiçik bir işartı vardı, fəqət onu örtən zülmət qaranlıq o qədər qatı idi ki, o işartı qaranlıqlar altında qalıb görünmürdü.
Günəş bir gün kainatın qaranlıq tərəfinə doğru çevrilib, orada kiçik bir parıltı, özündən bir parça görmüş, ona yaxınlaşmağa başlamışdı. Günəş həmin parıltıya doğru getdikcə onun işığı bir fənər kimi qaranlığı aydınlatmış və Günəş gözlərinə inanmamışdı, demə, kainatın bu tərəfi nə qədər gözəlmiş. Amma bura həm də çox dərin və ucsuz-bucaqsızmış.
O zaman Günəş Kainatın bu qaranlıq amma bir o qədər dərin olan tərəfinə məftun olmuş, onu sevmiş və onu öz nuruna qərq etmək arzusuna düşmüşdü.
Günəş bir müddət Kainatın qaranlığını öz nuru ilə aydınlatmağa çalışmış, sanki Kainata yenə bir həyat bəxş etmiş, isitmişdi Kainatı. Kainatın soyuqluğu onu bələyən qaranlıqdanmış məgər, yoxsa o çox sıcaqmış əslində. Qaranlıq onu boğrmuş.
Kainatın bu tərəfi ilə yaxınıaşdıqca və ona olan sevgisi artdıqca Günəş özü də bu günədək heç vaxt olmadığı qədər çox parlayır, hərarəti günü-gündən artırdı.
Amma Kainat Günəşin də onun zülmət qaranlığına qarışıb, onun içində sıxılıb, parıltısının yox olacağından qorxmuş və Günəşdən üz çevirib getməsini yenidən dünyanı işıqlandırmasını istəmişdi. Günəşsə bu Kainatı sevdiyini, israrla onu aydınlatmaq istədiyini və onun parıltısının Kainatın tərəfindən bəxş edildiyini söyləmişdi.
Kainatla Günəşin sevgisi və bir-birinə olan bağlılığı hər ikisinə çox yaxşı gəlmişdi.
Amma bir müddət Kainatın qaranlığını öz şəfəqləri ilə nura qərq edən Günəş bir zaman sonra Kainatın zülmət qaranlığından və soyuqluğundan sıxılmışdı, bir gün Kainatın qaranlığından üz çevirib yenidən başına dolanan rəngarəng dünyasına çevirmişdi üzünü.

O gündən sonra Kainat yenə zülmətlərə qərq olur.  Amma bu dəfə Kainatın qərq olduğu zülmət daha qatı və daha dözülməz olur. Çünki Kainat Günəşi və eyni zamanda Günəşin onu aydınladan sevgi dolu şəfəqlərini çox sevmiş, çox bağlanmışdı ona. Günəş Kainatın qaranlığını tərk edib getdiyi gündən sonra Kainat Günəşin onu nurlandırdığı günləri düşündükcə içində ulduzlar parıldamağa başladı. Parlayan hər ulduz Günəşdən geriyə qalan bir parça, bir xatirə oldu. Kainat Günəşi xatırladıqca kiçik parıltıları ilə Günəşi anımsatan milyonlarca ulduz Kainatın dərin qaranlığında yanıb sönməyə başladı.
Günəşin başına dolanan Yer kürəsinin Ay adlı bir peyki vardı, Günəş kainatın qaranlığından çox uzaqlaşdığı zamanlarda onun parıltısı Ayın üzünə düşər, Ayı parıldadardı. Bu zaman Kainatın həsrəti böyüyər və yanıb sönən ulduzlar Ayın ətrafına dolaraq par-par parıldayardılar.
Bəlkə də elə buna görə idi ki, Yer kürəsində yaşayan insanlar gecələr darıxdıqları zaman Ayı seyr edər və Ayın üzündə öz qəlb evlərini aydınladan Günəşlərinin simasını görərdilər və bu zaman Ayın ətrafında milyonlarca ulduz yanıb sönməyə başlayardı. Və bəzən Kainat Günəş üçün hədsiz darıxdığı zamanlarda Günəşin geri qayıtmasını diləyər və bu zaman gözdən yaş düşən kimi, bir ulduz düşərdi səmadan. Kainatın həsrətindən doğan bir göz yaşı olan o balaca ulduz yerdəki insanlar üçün ümid işartısı olardı. Ulduz düşərkən insanlar da qəlblərindəki arzunun gerçəkləşməsini diləyərdi.
Kainatın həsrət göz yaşları insanlara ümid işartısı olardı.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)



 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Müstəqil Dövlətlər Birliyi və Rusiya Dövlət Kitabxanası, Müstəqil Dövlətlər Birliyi üzrə Federal Agentliyin “Yeni nəsil” xarici dövlətlərin siyasi, ictimai, elmi və işgüzar dairələrinin gənc nümayəndələrinin Rusiya Federasiyasına qısamüddətli tədris səfərləri proqramı çərçivəsində “Kitabxanaların Birlik Təhsil Əməkdaşlığı” birgə layihəsinə dəvət alıb. 

 

Kitabxanadan verilən məlumata görə, Respublika Gənclər Kitabxanasının İnformasiya və media ilə iş şöbəsinin müdiri Nubar Cəlilova layihədə iştirak edərək, 14 günlük distant tədrisə cəlb olunub. Rəqəmsal texnologiyalar, elektron resurslar, müasir avtomatlaşdırılmış kitabxana informasiya sistemləri kimi mövzuları əhatə edən tədris proqramı iki mərhələdə - distant və əyani formada keçirilir. Artıq geridə qalan distant mərhələnin sonunda yüksək göstəricilər nümayiş etmiş Gənclər Kitabxanasının əməkdaşı sertifikat ilə qiymətləndirilib. 

Sertifikatların təqdimat mərasimi Moskva şəhərində keçiriləcək layihənin ikinci mərhələsində baş tutacaq.

Layihə 25 yaşdan 35 yaşa qədər olan gənc kitabxana mütəxəssisləri arasında keçirilir. Birinci mərhələdə distant təhsil texnologiyalarından istifadə etməklə virtual formatda “Kitabxanaların rəqəmsal transformasiyası” təhsil proqramı tədris edilib. 

İkinci mərhələyə bu gün Moskva şəhərində start veriləcək. Layihə 20 avqustda yekunlaşacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Bazar ertəsi, 14 Avqust 2023 12:00

Ayna Əhmədlinin debütü

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Bakı Dövlət Universiteti, filologiya fakültəsinin 3 kurs tələbəsi Ayna Əhmədlinin debüt hekayəsini sizlərə təqdim edəcəyik.

 

 

DEBÜT

                                                                                                                                              Ayna ƏHMƏDLİ

 

ÜMİDLƏRİN YENİDƏN DOĞULDUĞU GÜN – ZƏFƏR GÜNÜ

 

Bu gün o gündü, zəfər günüdü, zəfər günümüzdür. Arzuladığım gündür, 27 il əvvəl verdiyim sözü yerinə yetirdim. İndi qollu-budaqlı ağacın altında oturmuşam. Dərindən, doyunca  nəfəs alıram. İndi anlayıram, yaşamaq bu imiş. Sanki 27 il heç yaşamamışam. Mən nə zaman unutdum yaşamağı? Mənim üçün zaman o gün dayanmışdı,  o  qara xəbərin gəldiyi gün... O gün içimdə qarışıq hisslər vardı. Atam gələcəkdi, çəkdiyim şəkilləri ona göstərəcəkdim, durmadan sual verəcəkdim, olub-keçənləri həvəslə danışacaqdım. Amma evimizdə qəribə bir sükut vardı,  bu sükut məni qorxudurdu. Hər kəs bizə gəlməliydi, çünki  o gün atam cəbhədən gələcəkdi, mənə cəbhədən, müharibədən, evimizi necə xilas etdiyindən danışacaqdı. O, mənə  söz vermişdi, “oğlum, evimizi almamış qayıtmaycam” – demişdi. Sonra birlikdə evimizə qayıdıb xoşbəxt həyatımızı yaşayacaqdıq.

Qapı döyüldü, ürəyim əsdi,  gələn atam olmalıydı, amma atam gəlmədi, onun qara xəbəri gəldi...

Birinci sinfə getdim, atam gəlmədi, məktəb bitirdim, atam yenə gəlmədi. Mən hələ də atamın gələcəyinə inanırdım. Axı qəhrəman atam məni qoyub gedə bilməzdi. Sonralar özümü inandırdım ki, bəlkə, atam mənim ən xoşbəxt günümdə gələcək. Ali məktəbə daxil oldum. Hər kəs xoşbəxt oldu. Hər kəsi xoşbəxt etdim, özüm xoşbəxt olmadım. Çünki atam yenə gəlmədi. O gün  atamın artıq gəlməyəcəyinə inandım. O soyuq gündə ayaqyalın qaçarkən məni tək qoymayan atam gəlmədisə... Bilirdim, atam ölmüşdü, artıq gəlməyəcəkdi, amma mən hələ də gözü qapıda qalıb atasını gözləyən o uşağıydım. Mənim həyatım o gündə qalmışdı, atamın qara xəbəri gəldiyi gündə. Özümə söz vermişdim, atamı məndən alanları, ailəmi ayaqyalın, başıaçıq yurdumdan qovanları yurdumdan qovacaqdım.

İndi böyük ağacın altında dayanmışam, müharibə bitib, zəfər sevincini yaşayırıq. Atamın yarımçıq qalan arzusunu yerinə yetirmək üçün müharibəyə könüllü getdim. Qəhrəman oğullarımızla çiyin-çiyinə yurdumuzu, elimizi, evimizi azad etdik. Bu gün o gündü, yarımçıq qalan arzuların həyata keçdiyi gündü...

Ümidlərim yenidən doğulub!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

 

Bazar ertəsi, 14 Avqust 2023 11:45

“Bizim günahımız” - Mercedes Ron

 “Ədəbiyyat və incəsənət” portalı növbəti yeni bestselleri təqdim edir. Bu Mersedes Ronun “Bizim günahımız” romanıdır. 

 

Nicholas və Noah münasibətlərinin ən pis günlərini yaşayırlar və heç bir şey daha əvvəlki kimi ola bilməz... 

Nəhayət, bir-biriləri üçün yaradıldıqlarına tam əmin olub birlikdə olmalarına qərar vermək üçün çox şeydən keçməli olurlar. Belə güclü bir sevgini unutmaq mümkündürmü? Ürəyinizə həkk olunmuş xatirələri necə silə bilərsiniz? 

Sevgi bəzən kifayət etmir və bağışlamaq bəzən hər şeyi düzəltmək üçün kifayət deyil. Onlar hər şeyi keçmişdə qoyub yenidən başlaya biləcəklərmi?

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq.

 

1.     Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

 

 “Ədəbiyyat və incəsənət”

(14.08.2023)

 

Bazar ertəsi, 14 Avqust 2023 11:15

Nizami Cəfərov sədr seçildi

Həftəsonu Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə keçirilən ilk iclasında millət vəkili, akademik Nizami Cəfərov şuraya sədr seçilmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalına şair, Milli Məclisin mədəniyyət eksperti Əkbər Qoşalının verdiyi məlumata görə, Əkbər Qoşalı sədr müavini seçilmişdir. 

Digər sədr müavini Vüqar Qədirov, katib Nihad Allahyarlıya olacaq. 

Şuranın digər üzvləri - Əməkdar incəsənət xadimi Ayaz Salayev, Samirə Mustafayeva, Adilə Nəzər, Xanoğlan Əhmədov və Ülviyyə Bəbirovadır. 

Mədəniyyətimizin inkişafına töhfələr verməkdə iddialı olan yeni heyətə birgə fəaliyyətdə uğurlar diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının Ekspress-sorğu rubrikası bu dəfə əhatə dairəsinə görə həm sualı, həm də cavabları ilə daha fərqlidir, ona görə də daha maraqlı alınıb. 

“Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya… - bütün bunlar dünyanı sarımaqdadır. 

İnsanlar çaşqın və ümidsizdirlər. 

Mədəniyyət bu halda bəşəriyyətin köməyinə gələ bilərmi?”

Sual belədir. 

İndi isə cavablar. 

 

Jalə İslam:

Mədəniyyət dedikdə mənəviyyatmı ön plandadır, yoxsa maddiyatmı?

Bizim zamanla həm sarsıcı, həm də düşünmədən irəli sürdüyümüz qeyri-iradi fikirlər mədəniyyətimizə necə təsir göstərir?

Sorğuya cavab hazırlayarkən bu iki suala cavab tapmağa çalışdım. Belə düşünürəm ki, xalqımızın hər hansı doğruluğa məhəl qoymadan, əsaslandırmadan inandığı bir sıra fikirlər zamanla bizim üçün həqiqət olanları yalan edir. Cəmiyyət arasında belə bir deyim var, -"Ağıl ağıldan üstündür". Əziz dostlar, niyə kiminsə ağlı bizim ağlımızdan üstün və yaxud əksik olmalıdır?! Xeyr, təbii ki bunu ciddi bir kinayə, ya da pis niyyətlə demirəm. Onu demək istəyirəm ki, niyə kiminsə ağlını, şüurunu, gücünü özümün bu cür xüsusiyyətlərim ilə müqayisə etməliyəm?! Məgər bu, insanın öz iradəsini alçaltmaq deyilmi?! Ona görə də belə düşünürəm ki, insanın özünə güvən hissi onun ən güclü qalxanıdır. Niyə xalqımız zaman keçdikcə ağır, təlatümlü bir ruhun təsiri altına düşür?! 

İnsan özünü inkişaf etdirməlidir ki, cəmiyyət inkişaf etsin. Cəmiyyət inkişaf etməlidir ki, maddi və mənəvi dəyərlər öz gücünü qorusun və gələcək nəsillərə öz töhfəsini versin. Məhz belə olan halda mədəniyyətimizin qədim tarixi köklərə əsaslanan sarsılmaz ruhunu qoruyub saxlaya bilərik. Axı mədəniyyətimizin bir sıra cərəyanların təsirinə məruz qalması və onun elementlərinin assimilyasiyaya uğraması çox mənfi bir nəticədir.  Mədəniyyətimizdə aşağıdakı ifadələr geniş yer tutur: xalq yaradıcılığı, xalq incəsənəti, xalq müdrikliyi, xalq ənənələri, xalq rəvayətləri, xalq sənətkarları, xalq təbibləri, xalq müğənniləri, xalq musiqisi və s. Lakin bir şeyi unutmayaq ki, xalq mədəniyyətində əlavə xalq gerçəkliyi deyilən bir ifadə bizi bu gün narahat edir. Və... bizi narahat edən bu gerçəklər günümüzün qlobal problemləridir. Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya… - bütün bunlar həqiqətən də dünyanı sarımaqdadır. Bütün bu gerçəklər bizi narahat edir və əgər bir tədbir görməsək, belə baxıram ki, bu məsələ bizi uzun müddət yormağa davam edəcək. Bəs çarə nədir, təbib hansı eldədir? 

Onu deyə bilərəm ki, mədəniyyət bu halda bəşəriyyətin köməyinə gələ bilməz, bəşəriyyət mədəniyyətin ətəyindən var gücü ilə yapışa bilər. Amma bir həqiqət var ki, tək əldən səs çıxmaz. 

Unutmamalıyıq ki, mədəniyyət keçmişdən bu yana cəmiyyətin həyat fəaliyyətinə təsirsiz ötüşməmişdir. Həyat tərzi, təsərrüfat fəaliyyəti, adətlər, ayinlər, uşaqların tərbiyəsi - bütün bunlar mədəniyyətin təməl nöqtəsidir. Mədəniyyət ailədən başlayır. Valideyn ilk növbədə uşaqlarına ədaləti, sülhü, ehtiyatlı olmağı, tutumlu olmağı təbliğ etməyi bacarmalıdır ki, həmin uşaq da böyüyəndə əldə etdiyi yaxşı tərbiyənin nəticəsi ilə bəşərə töhfə versin. İstər iki bəndlik şeiri ilə, istər bir səhifəlik bəddi yazısı ilə, istərsə də valeh edən nəğməsi ilə, fərqi yoxdur. Necə olursa olsun, önəmli olan nəticə bizi gözəl yöndə heyrətləndirsin. Şüar sahibinin sənəti bizə maraqlı deyil ki. Əsas odur şiddətə, qana, ədavətə məhəl qoymadan şəfqəti bizə öyrətsin. Desin ki, əzizim, bir dilim çörək qalıb, sənin isə qardaşın da (bacın) var. Məsələ isə mədəni deyil, vicdanı doyurmaqdır. Əgər vicdanının doymağını istəyirsənsə, həmin bir dilim çörəyi iki yerə böl. 

Desin ki, övladım, suyu və işığı söndür, yoxsa sabah işıqsız və susuz qalacağıq. Desin ki, bu dünyanı qoruyub gələcək nəsillərə çatdırmaq sadəcə bizim əlimizdədir. Əlimizdə olanı isə nə sıxmaq, nə də atmaqla hökümlüyük. Sığınan hər can, hər məfhum qorunmaq üçün çırpınır!

 

Uraqan Abdullayev:

Dostoyevskinin də dediyi kimi: "Elm və incəsənət həmişə müharibədən sonrakı ilk mərhələdə inkişaf edir. Müharibə onları yeniləyir, təravətləndirir, təkan verir. Uzunmüddətli sülh zamanı elm də süquta uğrayır."

Eləcə də təbii fəlakətlər, pandemiya, su və ya taxıl qıtlığı dönəmləri. Çətin vəziyyətlər insanları bir-birlərinə daha da yaxınlaşdırır. Qəhrəmanlar sülh zamanı və ya əmin-amanlıq dönəmində inkişaf etmir. Ən çətin anlarda, qaranlıq gecələrdə ən patlaq ulduzlar kimi üzə çıxır. 

Çətin dönəmlər insansevərliyi inkişaf etdirir və xalqları birləşdirir.

Onları bir-birinə hörmət etməyə məcbur edir.  Xeyriyyəçilik ən çox elə bu dönəmlərdə inkişaf edir. 

Yüksək insani keyfiyyətlər ortaya çıxır, insanları ümumi ortaq səbəb üçün birləşdirir. 

Düşünürəm ki, insanlığı növbəti mərhələyə daşımaq üçün bu vacibdir:

Çətin zamanlar güclü insanları yaradır.

Güclü insanlar asan zamanları yaradır.

Asan zamanlar zəif insanları yaradır.

Zəif insanlar çətin zamanları yaradır.

 

Kubra Quliyeva:

İnsan və zaman. Bir-birinə çox sıx bağlı olan iki məhfum əsasında kainatın axış sistemi, bu sistemin alt sistemləri formalaşır. Zaman axır, insan inkişaf edir və müəyyən səviyyədə fərqliliklər meydana çıxır. Min illiklər boyu insan iki əli ilə tarazılığı saxlamağa çalışır. Bir əli ilə ağaclar əkib meşələr salır, obiri əli ilə ağacları qırıb əldə etdiyi odunla evini isidir. Bir əli ilə heyvan bəsləyir, obiri əli ilə heyvanların nəslini tükədir. Bir yandan pulu yaradır, digər tərəfdə kasıblığı. Acı tox ilə öldürür, suyu alov ilə söndürür. Daim dilində "tərəqqi, inkişaf, mədəniyyət, multikulturalizm" şüarları səslənən insan cəmiyyəti çox təəssüf ki, tarazlıqda saxlaya bilmir və özünün əməyindən əlavə Tanrının bəxşişi olan həyatı da məhv edir. Amma cəmiyyətin içində getdikcə nəsli kəsilən bir kütlə var ki, hər şeyin fərqinə varıb və fərqinə vardıqlarını  qınamaq əvəzinə axtarışa keçiblər. Bəs yaxşı, çarə nədədir? Maddi, mənəvi, fiziki, təbii və hətta süni yolla bir çox itkilərə məruz qalıb yaşadığı torpaqlarda özü özünə təhlükə olan insanlar bu qədər itkinin qarşısını ala bilərmi?

Əlbəttə alar, axı dünyanı gözəlləşdirməyə çalışan elə məhz insan və onun bəşəri kəşfləri olub. Axı, Tanrı insanı cəmiyyətin ən alisi olaraq yaratdı. Düşünürəm ki, Tanrı insanı ortalama ömür sürüb torpağa qarışan çürüntü olaraq yaratsa idi ona instinkt və şüur verməzdi. Tək gərəkən bir az araşdırmaq, addım ata biləcək yollar seçmək və bunu yaymaqdır. Cəmiyyətin çarəsiz qaldığı bu dönəmdə insanların dadına yalnızca mədəniyyət və elm çata bilər. Hansı ki, maariflənmiş insan mədəniyyətində barbarizmdən kənar davranaraq fərqinə vardığı bu problemləri həll etmək üçün elmini ortaya qoysa, insanlar dünya üçün əl-ələ tutuşsa böyük bir mədəniyyət erası açıla bilər. Sosial fərqindəliyi olan fərd bunu ətrafına aşıladıqca ətraf genişlənər və böyük bir mədəniyyət kütləsi öz gücünü maariflənmə, düzgün təbliğat və elmin köməyi ilə bütün çətinliklərin öhdəsindən gələ bilər.

 

İradə Allahverdiyeva:

Son zamanlar dünyanı cənginə alan təbii fəlakətlər yer kürəsində ciddi ekoloji dəyişikliklərə səbəb oldu.

Bir sözlə, hal-hazırda planetimiz gözləniləndən daha sürətli istiləşir. 

Xatırladaq ki, Paris Sazişinə əsasən, ölkələr qlobal istiləşməni dayandırmaq və planetin 2 dərəcədən çox istiləşməsinin qarşısını almaq üçün 2020-ci ildən etibarən karbon qazı tullantılarının azaldılması ilə bağlı tədbirləri tənzimləməyi qəbul ediblər. Çünki istiləşmədə yalnız 2050-ci ildə 1,5 dərəcəlik artıma çatacağımız gözlənilirdi. 

Son 5 il 1850-ci ildən bəri qeydə alınan ən isti dövr oldu. Bu ilin 11 avqustunda Avropada indiyə qədər qeydə alınan ən yüksək temperatur yeniləndi. İtaliyanın Siciliya adasında havanın temperaturu + 48.8 dərəcəyə yüksəldi. Görünür, bəşəriyyət indi bütün problemləri kənara qoyaraq daha çox iqlim dəyişikliklərinə səbəb olan məsələri aradan qaldırmaqla məşğul olmalıdır. Əgər dünyada iqlim siyasəti kəskin şəkildə dəyişməsə, 21 -ci əsrin sonlarında planetin temperaturu daha 3 dərəcə artacaq. 

Ortamüddətli dövrdə ölkələr üçün əsas siyasət prioritetləri inflyasiya ilə mübarizə, iqtisadi aktivliyi qorumaq, ərzaq təchizatını gücləndirmək, dayanıqlı məşğulluğu təmin etmək , təbiəti, bitkiləri  qorumaq olmalıdır!     

 

Heyran Zöhrabova:

Bir var fəlakət və bir də var təbii fəlakət. Əslində bunların hər ikisində dolayı yolla bəşər övladının öz əli var. Əlinə hökm edən nəfsinin və bir az da  laqeydlik, məsuliyyətsizlik və nankorluğunun.

Bir söz var, deyir: "Əgər insanları ordan götürsək yer üzü özü cənnətdir."

Əgər insan övladı bir quru ağacı kəsdiyində onun yerində iki fidan əkmiş olsaydı, meşələr qırılmazdı. Əgər insan övladı içdiyi suyun qabını zibil qabına atmağa ərinəməyib onu sahilə atmasaydı dənizlər, okeanlar çirklənməz, balinalar intihar etməzdi. Əgər insan nəfsinə hakim olub öz torpağı ilə kifayətlənə bilsəydi müharibələr olmaz, günahsız yerə minlərlə insan həlak olmazdı. Əgər insan övladı çörəyi israf edib küçələrə atmasaydı onda taxıl qıtlığı yaranmazdı. Əgər insan övladı çirkabı təmiz suya axıtmasaydı onda təmiz su qıtlığı olmazdı.

Və əgər insan övladının pula, var dövlətə hərisliyi bu həddə çatmasaydı bəlkə infilyasya da olmazdı. 

Bu gün insanlar var gücləriylə inkişafa doğru can atır və inkişaf edir, fəqət maddi inkişafa. Lakin buna baxmayaraq insan övladı yenə də xoşbəxt deyil və yenə də fəlakətlər, narahatlıqlar, maddi və ən çox da mənəvi, ruhu problemlərlə üz-üzədir.

İnsanlar əsl inkişafın mənəvi inkişaf olduğunu bilsə və özünü bu sahədə inkişaf etdirsə onda hər şeyin çox gözəl olduğunu görərdi.

Və mənəvi inkişafa aparan yol da məhz elə mədəniyyət, incəsənət və maarifdən keçir. Çünki incəsənət, mədəniyyət və maarif insanı maddiyyatdan alıb mənəviyyat ümmanına qərq edir.

 

Leyla Səfərova:

Yaşadığımız dünyada hər şey qarşılıqlı, hər şey mübarizədədir. Ağ və qara, zirvə və yoxuş, həyat və ölüm. Ən böyük qarşılıq, ən böyük mübarizə isə işıq və qaranlıq arasındadır. Qaranlıq adlandırdığımız məfhuma bizi ağladan, düşündürən, incidən, qorxudan hər şeyi aid edə bilərik. Müharibələr, xəstəliklər, fəlakətlər və s... Və təəssüflər olsun ki, qaranlıq hər zaman daha yaddaqalıcıdır. Tarixə baxdıqda müharibələr sevgilərdən, acımasız şahlar mərhəmətlilərdən daha çox yadda qalmışdır. Buna görə də bəşəriyyətin belə bir vəziyyətə gəlib çıxması, bu fəlakətlərlə üzləşməsi xoş bir vəziyyət olmasa da mədəniyyət üçün böyük inkişaf mənbəyidir. Və mədəniyyət bəşəriyyəti o qaranlıqdan çıxarıb "Cırtdanın" nağılındakı işıqlı, amma divin evinə aparan yola yox, həqiqətən yolu aydınladan biliyə, savada çatdıra biləcək tək vasitədir. Ədəbiyyatımızın ən güclü dövrlərindən sayılan maarifçilik dövrü. Xalqın savadsızlığının, avamlığının açıq dillə tənqidi, yeni yaradıcılıq nümunələri. Bunlar hamısı sadəcə və sadəcə qaranlıq meşədən işıqlı küçəyə keçməyə yardımçı çıraqlardır. 

Əsrlər öncə insanlar ilk olaraq ünsiyyət qurmaq dərdinə düşüblər. Zaman keçdikcə səsini duyurmaq istəyi artıb. Bu istək sadəcə aclığını qonşularına duyurmaqla qalmayıb əsrlər boyu inkişaf edərək dünyaya duyurmağa qədər gəlib çatıb. Musiqilərlə sevgiyə səsləyib nifrətdən, kindən uzaqlaşdıran bəstəkarlar, şeirlər və romanlarla ədalətə çağıran şair və yazıçılar, müxtəlif rəsm əsərləri ilə gözəlliyə, rifaha çağıran rəssamlar... Fəlakətə gedən xalqın tək çıxış yolu o vətənin torpaqlarında yetişən savadlı mədəniyyət ustalarındadır.

 

Habil Yaşar:

Qlobal istiləşmə, artan təbii fəlakətlər, amansız müharibələr, pandemiya, su və taxıl qıtlığı, dəhşətli inflyasiya -  bütün bunlar böyük bir bəladır. Bəşəriyyət tarix boyu o qədər müsibətlərlə üzləşmişdir ki... Amma hər nə olur-olsun insanlıq bütün bu fəlakətləri dəf edə bilmiş, öz mədəniyyətlərini qoruyub saxlaya bilmişlər. Dahilərin yaratdığı bütün əsərləri bir kənara qoysaq sadə bir gözəl rahibə xanım (Enil) tərəfindən 2300-2500 il öncə bir krala mixi yazı ilə yazılmış dünyanın ilk sevgi məktubunu xatırlamaq yerinə düşər:

-

Bəy, ürəyimin əzizi,  sənin gözəlliyin misilsizdir, 

bal kimi şirindir  sən məni ovsunladın,  

Qoy qarşında titrəyim,  Bəy, qoy səni oxşayım, 

qiymətli nəvazişim baldan şirindir,  

nəvazişlərini bağışla, rəbbim əfəndim,  

Mən Enlilin ürəyini sevindirən Su-sinəm,  nəvazişlərini bağışla

-

Bu sadə şeirin belə zamanın bütün ən dəhşətli sınaqlarından keçərək özünü qoruyub saxlaması mədəniyyətin zəfərinin təcüssümü deyilmi? 

Bütün bunlarla yanaşı qeyd etmək istərdim ki, o bəlalar ki, insana insan olduğunu unutdurur, o bəlalar ki, ən dəhşətli hadisələrin səbəbkarıdır. Qısacası, nə qədər ki, içimizdə xeyrlə şər mübarizə aparacaq, o zamana kimi də ən böyük bəlaların səbəbkarı da şərin nökəri olan insan olacaqdır... Mən bundan böyük düşmən tanımıram... İçimizdəki düşməni məhv etməklə mədəniyyətimizi daha da yüksəldə bilərik...

 

Nigar Həsənzadə:

Zamanla oxuduğumuz əsərlərin içində bizə ən doğma gələnlər ən çətin anlarda yazılanlardandır. Pandemiya dövrünə aid əsərlər, müharibə dövrünə aid şeirlər... Əsasən də hal-hazırda İkinci Qarabağ müharibəsi dönəmində yazılan nəsr və nəzm tez sevilir, çünki insanlara mənəvi təsir edir. eləcə də Birinci Qarabağ müharibəsindən bəhs edən əsərlər günümüzdə də yazılır və onlara da olan sevgi göz önündədir. Ümumiyyətlə, mədəniyyət, şeir və söz dili də bir silahdır və bu silah vasitəsilə incəsənət nümayəndələri də arxa cəbhədə vuruşur. İkinci Qarabağ müharibə dövrlərində media işçilərinin, ədəbiyyat nümayəndələrinin böyük rolu var. Hətta müharibə gedə-gedə yeni mahnılar yazılırdı ki, bu da xalqa həm ümid verirdi, həm də acımızı bildirirdi və gəlin qəbul edək ki, vətənpərvər mahnılar, əsasən çətin zamanlarda yazılan bu musiqilər könülləri ələ almağı bacarırdı. 

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı növbəti Açıq Portfel xəbərini Bakı Şəhər Statistika İdarəsinə istinadən təqdim edir.

 

Cari ilin yanvar-iyun aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4 faiz artaraq 15 milyard 80,3 milyon manat olub.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin səviyyəsindən 4 faiz artaraq 15 milyard 48,3 milyon manat təşkil edib.

Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla ayda 140 manat çox əmtəə alıb. 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 2,7 faiz artaraq 9 milyard 79,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz artaraq 6 milyard 0,6 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz artaraq 60,2 faiz təşkil edib.

Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 60,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,8 faizi elektrik malları və mebelin, 3,5 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 3,4 faizi əczaçılıq və tibbi malların, 7,5 faizi avtomobil yanacağının, 7,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Hər kəsin taleyinə yazılan bir ömür yolu var. Və hər kəs bu yolda öz təyinatını icra edir. Kiminsə səhv bildiyi təyinatın əsl mahiyyətini isə Tanrıdan savayı heç kim bilə bilməz. O da öz təyinatını icra edir...

 

 Əsilli-köklü adamdır. Köhnə kişilərə xas olan keyfiyyətləri çoxdur. Artıq danışmaz, kiminsə qeybətini etməz. Nadanlardan uzaq durub, zəruri bildiyi yerdə görünməyə səy göstərər...

 

Yüksək ədəb, əxlaq sahibidir. Həmsöhbətinə o qədər iltifat göstərər ki, çiynindəki mələklər də sevinər. Davranışında, hərəkətlərində bir kübarlıq var. Bütün bunlar ona həm məxsus olduğu gendən gəlir və həm də aldığı ailə tərbiyəsindən. Onun siyasi baxışları, hansı partiyanı təmsil etməsi elə də önəmli deyil. Hansı mükafatlara, titullara layiq görüldüyü də yəqin ki, Tanrı qarşısında əhəmiyyət kəsb etmir. Önəmli olanı odur ki, sözün əsl mənasında fitri istedada malikdir, necə deyərlər, mayası poeziyadan yoğrulub...

 

Rəhbərlik etdiyi kollektivdə çalışan əməkdaşlarından biri deyir ki;- "Demokratik idaretmə bacarığına malikdir, məsələn bizimlə dost kimi davranır, sərbəst iş rejimi yaradıb. Bundan sui istifadə halları da yoxdur. Hər kəs bundan sui istifadəni özünə ayıb bilir"... 

 

Xeyli şeirləri var, gözəl poeziya nümunələri yaradıb. Onları oxuduqca mənəvi zövq alırsan, ruhun dincəlir: 

 

Ya Rəbb, deyəcəyim söz də qalmadı,

Nə mən danışanam...

Nə sən duyansan.

"Ömürdü, həyatdı…”,- dedim,

Olmadı-

Hər nədir, adını özün qoyarsan.

Neyləyim, verdiyin su ömrü deyil

Yağışda danışım, seldə danışım.

Ya mənim dilimdə yaz taleyimi,

Ya da... 

Sən bildiyin dildə danışım...

Göy üzü yorulub dualarımdan-

Bəlkə süzgəçindən keçmir, İlahi?

Mən hər gün ömrümün son baharından

Köçürəm,

Vücudum köçmür, İlahi.

Nə hesab soranam, nə hesab yazan-

Varlığım kimsəyə qənim ki deyil.

Daha yol qalmayıb

Yolundan aza-

Bu sənin dünyandı, mənimki deyil...

 

Ensklopedik bilik hər insana nəsib olmur. Ötüb keçənlərdən, müxtəlif sahələrdən məlumatlı olmaq insandan yorulmadan mütaliə, geniş dünyagörüşü tələb edir. Onun daxili aləminin zənginliyi bu gün yaşadığı mühitdən daha gözəldir. Az qala deyəcəkdim ki, o, bu dünyaya gərək yüz il bundan sonra gələydi...

 

Haqq yazıb sədəfdən alın yazımı,

Sədəf altındakı dürrdəyəm, dədə.

Varmıdır bu ömrün səndə yozumu?

Sonu bilinməyən sirrdəyəm, dədə. 

 

Bir ismi pünhanam, ismim açılmaz

Yüz il də desinlər "sim-sim", açılmaz.

Sinəmin ustündən tilsim açılmaz,

Sinəmin altında- pirdəyəm, dədə. 

 

Haqdan yol azan kəs yol dışındadı-

Nəfsi verim-alım savaşındadı...

Dünya ölüm-qalım savaşındadı

Mən elə durduğum yerdəyəm, dədə…

 

Bəli, sizinlə şair Elçin Mirzəbəyli haqqında danışırdım. Avqustun 12-si Elçin bəyin 56 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(14.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.