Super User
Hansı kasıbçılıqdan dəm vurursuz?
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün Putiniadada sonuncu siyasi lətifə söyləyəcəm. Rusiyada hazırda Putin barədə lətifə qoşmaq dəbdir. Və gülünc bir şey deyim. Rus özü öz prezidentinə şəbədə qoşur, amma Azərbaycanda rus xofu hələ də o qədər güclüdür ki, kimsə bu lətifələri söyləməkdən qorxur.
Nömrə 5
-İnflyasiya çox cüzi, cəmi səkkiz faiz olacaq, - deyə Putin efirdən bəyanat verdi.
-Onun öz inflyasiyası var, bizim öz, - deyə insanlar mağazaların ərzaq rəflərinə göz gəzdirib söylədilər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Bazar günü Perseid meteor yağışı olacaq
İNANILMAZ ANLAR YAŞANACAQ
Göyə baxmağı kim sevməz. Xüsusən aylı-ulduzlu gecələrdə füsünkar səmaya baxmaqdan doymuruq. Və əgər bilsək ki, göydə ara-sıra meteor yağışı da olurmuş…
“Ədəbiyyat və incəsənət” sizlərə bazar gününə təsadüf edəcək inanılmaz bir hadisə barədə danışacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofozika kafedrasının mütəxəssiləri bildiriliblər ki, avqustun 13-də unikal təbii hadisənin - Perseid meteor yağışının maksimumu müşahidə ediləcək.
Maksimumda zenitdə saatda 150-yə qədər meteorun görünməsi proqnozlaşdırılır. Perseid meteorlarının geosentrik sürəti 59 km/s qiymətləndirilir.
Mütəxəssilər bildirib ki, kometlər və asteroidlər keçdikdən sonra onların yolunda qalıqları qalır. Yer kürəsi həmin qalıqlardan keçdikdə meteor yağışları baş verir. Belə yağışların ən məşhurlarından biri Perseid meteor yağışıdır. Perseid meteor yağışları hər il iyulun 17-dən avqustun 24-nə kimi davam edir. Perseidin maksimumu ildən asılı olaraq 11, 12 və ya 13 avqusta təsadüf edə bilər.
Perseid meteor yağışı 1862-ci ildə kəşf edilmiş 109P/Svift-Tuttle kometinin qalıqlarından əmələ gəlir. Hətta bu kometi Perseid meteor yağışının “buzlu valideyni” adlandırırlar. Nüvəsinin diametri 26 km olan bu komet 133 ildən bir Yerin yaxınlığından keçir. Günəş ətrafında illik hərəkəti nəticəsində Yer hər dəfə yay aylarında kometin qalıqlarından keçir və bu zaman Perseid meteor yağışı baş verir. Radiant (meteorların mənbəyi) Persey bürcündə olduğu üçün meteor yağışı Perseid alandırılır.
Rəsmi məlumata görə, Bakıda Perseid meteor yağışının mənbəyi həmişə üfüqdən yuxarıda (batmayan) olduğu üçün meteor yağışı bütün gecə ərzində müşahidə olunacaq. Meteor yağışının avqustun 13-də günorta saatlarında maksimum aktivliyə çatacağı gözlənilir və ona görə də Azərbaycan ərazisindən ən yaxşı görüntüləri həmin gün səhər açılana qədər və axşam Günəş batandan sonra görmək olar. Yerin öz oxu ətrafında fırlanması nəticəsində səhər saatlarında Bakıya gələn meteorların hərəkəti baxış istiqamətində olacaq. Bu səbəbdən meteorların sayı çoxluq təşkil esəcək. Həm də meteorlar atmosferə şaquli istiqamətdə daxil olacaq və ona görə onların buraxdığı izlər çox qısa görünəcək. Səhər saatlarında Bakı üçün meteor yağışının mənbəyi üfüqdən 63°-69° hündürlükdə görünəcək və buna əsaslanaraq demək olar ki, saatda 130-140-a qədər meteor görünəcək. Digər vaxtlarda isə Bakı üzərində yanan meteorlar daha az olacaq.
Zira, bu meteorlar atmosferə bucaq altında daxil olduğuna görə tamamilə yanmazdan əvvəl səmanın böyük bir sahəsini keçə bilən uzunömürlü meteorlar əmələ gətirəcəklər.
Bir sözlə, tamaşa etməyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
“Qar yağmasın” - Varisin yeni hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin yeni yazdığı “Qar yağmasın” hekayəsini təqdim edir.
Varis
Qar yağmasın...
Hekayə
Dünyanın ən yaxşı nəsnələrini görmək və onlara əllə toxunmaq mümkün deyil. Onları yalnız hiss etmək mümkündür.
Helen Keller
Gecənin bir aləmində N. İ.-nin yuxudan qan-tər içində oyanması var idi. Üstünə şığıyan nəhəng tank qabağına qatıb onu bağrı yarılınca qovduğundan, özünü salamat görəndə “şükür” deyib Allaha dua edərdi. Amma bu gecəki yuxusu daha dəhşətli alınmışdı, uğultu qoparan zirehli maşın onu haqlayıb altına almış, tikə-parça etmişdi, həmin bu tikə-parçalar havada qan axıda-axıda uçuşur, sanki rəqs edirdilər.
Ayılandan sonra daha yata bilməmişdi. Pəncərənin zülmət qaranlıq rəsmi işıq naxışlarıyla əvəz olundu nəhayət ki.
İşdən bir günlük icazə almışdı. Müdirinə demişdi, sabah rəhmətə gedənimin ildönümüdür, rayona gedib qəbrini ziyarət eləyəsiyəm. Müdir bir kəlmə “Kimdir ki” sualını verəndə “Doğmamdır” cavabını ünvanlamışdı. Müdir də daha dərinə getmədən “Get, Allah rəhmət eləsin” söyləmişdi. Amma hər halda, ardınca “Məktubları çox da nəzarətsiz qoyma” tapşırığını da vermişdi.
Məvacibi aşağı olsa da işindən razıydı, şirkətə gələn məktubları saf-çürük edər, üç yerə bölər, sonra da ən əhəmiyyətliləri barədə xülasəni müdirinə çatdırardı, müdiri də kefi düşəndən-düşənə dördqat buxağına sığal çəkə-çəkə tərif və təkliflərin bəzilərinə - öz aləmində ən tutarlılarına cavab verərdi, şikayətlər isə üzü qara halda qara zibilqabına tullanardı. N.İ.-nin fikrincə, məktublar sözlərdən xeyli kəsərlidirlər. Sözü deyirsən, keçib gedir. Tutalım, biri səni sözlə yamanladı, bir tərs sillə kimi dəyib getdi. Məktubsa daha uzunmüddətli təsir gücünə malikdir. Ta ki məhv etməyincə dəfələrlə gözünə soxulub səni incidə bilər.
İşini çox sevir, necə də olmasa çörək ağacıdır. Müharibə qurtarandan bura düzəlib. Bir qolu olmadığından bu cür yüngül iş lap göydəndüşmədir onunçün. Yeganə narahatçılığı bir diliqurumuşdan eşitdiyi “elektron məktublar kağız məktubları sıradan çıxaracaq” kəlmələridir, “görəsən haçan” müəmması ilə baş-başa qaldıqca üzülür.
Evdən ertədən çıxmalıydı, beş yaşlı oğlunun başını tumarladı, növbəti dəfə içindən inilti qopdu. İtirirdisə, barı az işlək olan sol qolunu itirərdi. Nə etmək istəyirsə, qeyri-ixtiyari, on iki santimetrlik çıxıntıdan ibarət sağ qolu irəli atılır...
Həyat yoldaşına bir az xərclik verdi, dedi, rayona gedirəm, il mərasiminə, evə ayın-oyunu özün alarsan, ağ köynəyimi də ütlə.
Həyat yoldaşı onun əsəbi olub da bəzən boş yerdən bomba kimi partlamasına vərdiş etdiyindən, kimin yas yerinə getdiyini soruşmadı, “əlbət, iş yoldaşlarından kiminsə nəyidirsə ölən” düşünərək “sağ-salamat” söylədi. Və paltar dolabından ağ uzunqol köynəyi götürüb ona ütü çəkməyə başladı. Köynəyin sağ qoluna keçəndə qadının doluxsunması, dodağının səyriməsi N.İ.-nin gözündən yayınmadı.
Kədər bəzən insanın üzündə olur, bəzən içində. Üzdəki anidir, içdəkisə daimi.
O, əslində həyat yoldaşının xətrini istəyirdi, üstünə qışqırması da özündən asılı deyildi. Bir sinifdə oxumuşdular, elə ilk dərs günündə əsmər bənizli bu qızdan xoşu gəlmişdi. Evlənəndə Leyli və Məcnun sevgisiylə evlənmiş, müharibəyədək tək balalarını bəxtəvərlik içində böyüdərək bir-birinə can deyib can eşitmişdilər. Elə ki müharibəyə getdi, ağır yaralanıb, qolunu da itirib geri döndü, sanki tamam başqa birisi oldu. Əsəbi, səbirsiz, deyingən...
Oğlu idi, salamat qolunu dartırdı. “Mənə avtomat alarsan” deyə arzusunu dilə gətirdi. Avtomat? Elə bil, N.İ.-nin üzünü qarsıya-qarsıya bir alov keçdi. “Yox, avtomat yox, sənə maşın alacam!”, - dedi. Çox ucadan dedi. Təmirsiz divarın suvağından bir parçanın qopub düşməsi ilə telefonunun mesaj siqnalı bir-birini necə tamamladısa, öz səs tembrinə təəccüblənməyə macal tapa bilmədi.
Əmin idi, yazan həmin o əcnəbi araşdırmaçı jurmalist xanımdır, o qır-saqqızdır.
“Axı necə bir hissdir, sap-sağlam gedirsən, bir əzanı – özü də ən vacib əzanı itirib gəlirsən? Və heç şikayətlənmirsən? Bunun psixoloji şərhini açın, çox xahiş edirəm. Tutuquşu kimi təkrarlamayın amma, “vətənə borcumu verirdim” kəlmələri mənə əsla səmimi görünmür...”
Səs yolladı: “Mən tam səmimiyəm”.
Həyat yoldaşının “yenə odur” sualına başını tərpətməklə cavab verdi, qapıdan çıxhaçıxda gözü divara vurulmuş rəsmə sataşdı. Ev sahibinin dediyinə görə, rəsmi rəssam əmioğlusu çəkmişdi. Qışın bəyaz qar örtüyünün hökmranlığı altında daxma və bir neçə şam ağacı olduqca bəxtəvər görünür. Günəşin şəfəqləri qar hüdudsuzluğunda əks-səda verməkdədir... Hər kimdisə, bərəkallah, gözəl çəkmişdi.
Dərindən düşündükcə anlayırsan ki, sevdiklərindən başqa, hansısa bir canlı olmayan əşyanı, cismi də sevirsən. O da qarı sevirdi. Bəlkə də, dünyaya qarlı gündə gəldiyindən, bəlkə də bir vaxtlar qarın üzərinə uzanıb səmanın hüdudsuzluğuna baxdıqca xoşbəxtlik duyduğundan idi bu. Qar yağdımı, heç nə onu qəhvəyi rəngli meşin əlcəklərini taxaraq qarı topalayıb qar adamı düzəltməkdən, qartopu oynamaqdan saxlaya bilməzdi. Hətta müharibə zamanı da qarlı ərazidən keçid edəndə hamının təəccübünə rəğmən qarın üzərinə atılıb qar adamı düzəltdiyi, əsgər yoldaşlarına qartopu atdığı olmuşdu...
Kəsik qolu sızıldadı.
...Qarabağ səmtə gedən avtobuslar çox seyrək hərəkət edir. Avtovağzala çatıb xeyli gözlədi, sonra daha gözləyə bilməyib bədxərclik elədi: bir boş yeri qalmış yol maşınına mindi. İli xeyli köhnə olan dördgöz idi.
Gözlərini yumdu.
Ötən il birinci ildönümündə qəbristanlığa getməsini xatırladı. Onda getmək daha məşəqqətli idi. Necə çətinliklə icazə almışdı, neçə saat nəqliyyat gözləmişdi, yoxlamaları necə zülümlə adlayaraq gedib mənzil başına çatmışdı. Məzarın sinədaşı əvəzi qoyulmuş mişar daşını silib təmizləmişdi, ot-ələfi, tikanları yolub bir kənara atmışdı...
Gecə yuxusuzluğu özünü göstərirdi. Bir anlıq mürgülədi. Yenə üstünə zirehli maşın şığıyanda necə dik atıldısa yanında əyləşmiş orta yaşlı kişini də səksəndirdi.
Başını qatmaq, yolun uzunluğunu gödəltməkçün istədi yol yoldaşı ilə söhbətləşsin. Zalım oğlunun sifətindən zəhrimar yağır. Beləsiylə kəlməmi kəsmək olar? Fikrindən daşınıb gələcək haqda düşünməyə başladı. Özü heç, özü yazılıb qurtarmış, nöqtəsi qoyulmuş məktub kimidir. Oğluyla bağlı düşündü. Onu mahir bir güləşçi eləmək, çempion kürsüsündə görüb qürrələnmək ən böyük arzusuydu. Arzu çox böyük olmalıdır ki, özünə də yetməsən, barı həndəvərində daldalana biləsən.
Özü vaxtı ilə çox ümidverici güləşçi olmuşdu. İç yarışları da qazanmışdı, dış yarışlarda da uğurları az olmamışdı. Medallarını, kuboklarını, diplomlarını evin bir küncünə düzüb fəxrlə nümayiş etdirərdi. Müharibədən yarıcan qayıtdıqdan sonra hamısını dolaba basıb gizlətdi. Bədbəxt olduğu düzəngahdan xoşbəxt olduğu zirvəyə baxmaq insanı çox incidər.
“Naşükür olma. Buna da şükür de. Özündən yaxşıları görüb dərd çəkməkdənsə özündən betərləri görüb ovun. Tetraameliya deyilən bir xəstəlik var, insan anadangəlmə əllərsiz və ayaqlarısz olur...” Həyat yoldaşı bir dəfə onu zorla psixoloq yanına aparmışdı, bunları psixoloqdan eşitmişdi.
“Britaniyalı Rik Allen tək əllə mahir zərb alətləri ifaçısı, alman Klaus Ştauffenberq tək gözlə məşhur sərkərdə, rus Aleksey Meresyev hər iki ayağı olmadan as təyyarə pilotu olub. Avstraliyalı Nik Vuyçiç isə hər iki ayağı və hər iki əli olmadan xarici ölkələri gəzib, kitablar yazıb, üzüb, dünyanın ən uğurlu motivasiya kouçu olub...” Bunları da.
Üçyolda dayandılar. Sürücü elan etdi ki, kim istəyir çay içsin, kim istəyir gedib təlabatını ödəsin, amma iyirmi dəqiqəyə çıxasıyıq.
Bir tərəfi bürüşmüşdü, maşından düşdü, var-gəl elədi. Susuzlamamışdı əsla, di gəl, susatan oğlanın suyu şirin gəldi, eynən rəhmətlik qardaşına oxşatdı onu. Müharibəyə hər ikisi birlikdə, könüllü getmişdilər. Bu, yalnız müharibə qurtarhaqurtarda yaralandı, ora kimi gedib çıxa bildi. O yazıqsa on günün əsgəri oldu, səngərdən çıxarkən snayper gülləsinə tuş gəldi. Müharibənin öz qanunları var. Silah açılmağa bir an yubansa, daha əsgər əlində deyil, torpaqda - şəhid yanında atılıb qalasıdır.
Susatandan suyu alanda yenə salamat sol qolu gözünü döyüb qaldı, topal sağ qolu ondan qabaq irəli atıldı.
Bu qədər bənzərlikmi olar? Nə səbəbdənsə, qardaşıyla adaş olub-olmadığını yoxlamaq üçün susatanın adını da soruşdu. Yox, adaş deyildilər.
Qardaşı tələbəydi. Fizikanı mükəmməl bilirdi. Hətta ixtiralar da edirdi. Deyirdi, fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Deyirdi, orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.
N.İ.-nin yenə oğlu var, davamçısı var. Yazıq qardaşı heç evlənməyə belə macal tapmadı. Ailə qurmadan ölənlər tək özləri ölmür ki. Dünyaya gətirməli olduqları övladlarını da özləri ilə torpağa gömürlər. Həyat deyilən nəsnə əslində ən böyük zordur, doğulanda da sənin istəyin nəzərə alınmır, öləndə də. Hər şeyi sənin əvəzinə həll edirlər. Birini valideyinlərin, digərini əcəl.
“Siz səmimi deyilsiniz bu cavabınızla. Necə yəni, Vətənə canım da qurbandır? Bu pafos, bu taftalogiya nəyə lazımdır axı? İnsan canını - ən əziz mövcudiyyatını niyə versin? Əsaslandırın görək də. Bir fakt deyim. İkinci Dünya Müharibəsindən sonra Sovet şəhərləri müharibədən şikəst qayıtmışlarla doldu. Əllərini, ayaqlarını itirmiş bu insanların çoxu mövcud halları ilə daha heç kəsə lazım olmayacaqlarını sanıb evlərinə qayıtmır, bomj həyatı sürürdü. Medallarını sinələrinə düzüb küçələrdə dilənir, qənimət əldə etdikcə içkiyə verirdilər. Pulları azlıq eləyəndə vodka və samaqon əvəzinə “Troynoy” odekalon içirdilər. Onlardan kəsif tər, çirk, sidik qoxusu gəlirdi...”
Yola düzəldilər.
“...Dövlət məxvi qərarla bir gecədə bütün ölkə boyu onların hamısını yığıb pasportlarını, hərbi biletlərini, orden və medallarını əllərindən alaraq Xarkovdakı, Krımdakı, Yerevandakı, Barnauldakı, Sibirdəki internat evlərinə doldurdu... Onları həm müharibə qəhrəmanı statusundan, həm də ümumən insan statusundan məhrum etdilər. Bu cür aqibətdən qorxmursuz yəni?...”
Bir kəlmə “Xeyr, qorxmuram” səsini atdı.
Az keçmiş işğal edilmiş ərazilərə - düşmənlə təmas xəttinə çatdıqca addımbaşı postlar başladı, yoxlanışlar səngimək bilmədi. Otuz il düşmən əsarətində qalmış yurd yerlərinin çox dəhşətli və miskin görünüşləri var. Dörd tərəf xarabalıqdı, damsız, qapı-pəncərəsiz divarlar əlsiz, ayaqsız, gözsüz əsgərlərdir sankı...
Qəbristanlıq şosse yoldan azacıq aralıda yerləşir, maşından düşən kimi torpaq yolla ora səmt aldı. Tez də səbirsizlənib kol-kosun arasıyla kəsə getməyə başladı. Belə baxanda, on addım da on addımdır.
...Çatdı.
Qara qarğalar qarr deyə-deyə qırıldaşır, yerə cumub təzədən fəzada qanad çalırdılar.
Ətrafa nəzər saldı. Ondan başqa daha bir nəfər vardı, hardasa iyirmi addım aralıda, bir məzarın qarşısında əlil ağaclarına dirənib dayanmışdı.
Burda məzarlar hamısı bir-birinin ekiz qardaşıdır sanki. Burda sərdabələr, bahalı-ucuz mərmərlər, qranitlər, dekorativ hasarlar, ağaclar, gül-çiçək fərqlilik yaratmır əsla. Bütün qəbirlər bir-birinin oxşarıdır: kiçicik bir qum təpəsi, üzərində dik qoyulmuş mişar daşı. Daşın üzərinə də sahibinin cızılaraq yazılmış adı.
Bu qadın usanmadımı yazmaqdan?
“Minetik rəqabətin fəlsəfi-antropoloji kateqoriyaları arasında qurbanvermə təzahürü xüsusi çəkiyə malikdir. Ümumən, insan cəmiyyətindəki mədəni institutların genezis problemləri daim olub və olacaqdır. Zira, sakral və profan dünyalar arasındakı vasitəçi kimi təkgözlü, təkayaqlı və təkqollu əcaib və qorxunc qəhrəmanların yaradılması...”
Gerisini oxumadı. Yadına Təpəgözün nağılı düşdü.
...Ziyarət edəcəyi qəbrin yanına çatan kimi daşı öpdü, sonra diz çökdü. Qəhərli səslə xitab etdi:
-Xoş gördük. Necəsən?
-....
-Bizsiz necə yaşayırsan? Darıxmırsan ki?
-...
-Biz hamımız bir yerdəyik. Amma səni burda yalqız qoymuşuq. Vəfasızıq biz. Çox vəfasızıq.
Sol qolunun barmaqlarını sağ qolunun kəsik yerinə sürtə-sürtə, sanki o yeri ovudaraq bir xeyli dayandı. Qəhvəyi rəngli meşin əlcəyin sağ tayını cibindən çıxarıb qəbrin üstünə qoydu, “əlcəyini gətirdim, qışda üşüməyəsən deyə” söyləyəndə qəhər onu necə boğdusa, zülüm-zülüm ağlamağa başladı.
Heç keçən il gələndə bu qədər dərdlənməmiş, bu qədər göz yaşı tökməmişdi. Bəlkə keçən il ilk il idi, hələ təzəydi, isti-istiydi dərdi. Baxırsan, bəzən yaralar zaman keçdikcə sağalmaq, qaysaq bağlamaq əvəzinə daha da qövr edirlər...
Çiyninə əl toxunanda əmin oldu ki, həmin o digər ziyarətçidir. Meh onun kəsilmiş ayağının boşluğuna sarılmış şalvarının balağını yelləməkdəydi.
-Sənin qolundur, elə?
Gələn soruşdu. O başını tərpətdi. Gələn başı ilə ayağına deyil, iyirmi addım aralıdakı qəbrə işarə elədi:
-Mənim də ayağımdır.
Sonra da içini çəkib “Bilmirəm, qola-qıça rəhmət düşürmü. Allah bütün ölənlərə rəhmət eləsin” söylədi. N.İ.-dən çox şeylər soruşacaqdı, kimsən, nəçisən, haralısan, hansı döyüşdə itirmisən qolunu və sair və illaxır. Özü barədə danışacaqdı, kimdir nəçidir, haralıdır, hansı döyüşdə itirib ayağını... Ətrafdakı bəzi qəbirlər barədə də məlumatlıydı, bir-bir anladacaqdı, bu filankəsin sağ ayağının qəbridir, bu bəhmənkəsin sol qolunun... Bu, nisbətən enli qəbirdəsə filan bədbəxtin hər iki ayağı yatır...
N.İ. anidən yadına saldı, sağ qolunu bükərdi, əzələləri qabarardı, uşaqlar gəlib barmaqlarını basaraq “uy da, dəmirdir, dəmir” deyərdilər. Həyat yoldaşı də o əzələni oxşamağı çox sevərdi... Ürəyi necə qübar etdi. Əlini get-gedə hamarlanmaqda olan qəbir-təpəliyə sürtüb pıçıldayaraq soruşdu:
-Əzələn durur?
Ardınca lap qara fikir dolandı başında. Yəqin iki ilə qolunun əti də çürüyüb, tək sümüyü qalıb.
Həmdərdi danışmaqdaydı: -Sən ildə bir kərə gəlməyinə baxma, mən tez-tez gəlirəm. Nə işdisə, kəsik ayağımın yeri yay-qış buz kimi olur, təkcə bura gələndə qızınır.
Onunsa indi fikri burdan çox-çox uzaqlardaydı. Yeddincidə oxuyurdular. Həmin qış dizəcən qar yağmışdı. Həyatında gördüyü ən bol qar idi bu. Evlər həm aşağıdan, həm yuxarıdan qarla örtüldüklərindən nazik zolaq kimi görünürdülər. Qızlı-oğlanlı hamısı dərsə girməyib məktəbin həyətində qartopu oynayırdı. O, hamıdan çevikiydi, əllərini tam aralayıb qara dirəyərək bir-birinə yaxınlaşdırdıqca böyük qar topası yaradır, xışmalayıb iri-iri qartopuları düzəldir, sinif yoldaşlarını nişan alıb vururdu. Və əsmər bənizli bir qız üçün də qartopu düzəldib verməyə macal tapırdı...
Dərindən ah çəkdi. İnnən belə bir qolla qaradamımı düzəldəsiydi, qartopumu oynayasıydı?
“Hər halda mən bu sirri açmaqda acizəm. Qəhrəmanımın portretini tam yaratmaq üçün hətta sizin orta məktəbdəki sinif rəhbərinizlə də danışmışam. O xatırlayır ki, bir dəfə dərsdə söz orqan transplantasiyasından, könüllü donorlardan düşübmüş. Siz demisiniz, insanın hər bir əzası onun üçün o qədər dəyərlidir ki, nəyinsə xatirinə onlardan imtina etmək ağlasığmaz görünür. “Yüz min nədir, milyon olsun, milyard olsun, mən heç nəyimdən imtina etmərəm” demisiniz. Bəs necə oldu, cəmi bir neçə ildən sonra...”
Yanındakı şəxs yasın oxuyurdu. Oxuyub bitirdi. Bununla sağollaşıb getməyə başladı. Bir qədər getmişdi, dayandı, qəbirlərdən birinin qarşısından geriyə qanrılaraq söylədi:
-Naşükür olma. Bizə şükür. Bu bədbəxt oğlu bədbəxtin yanında mərmi necə partlayıbsa gözü pırtlayıb çıxıb. Gözünün qəbridir.
Üşəndi. Tükləri biz-biz oldu.
Növbəti mesaj özünü çox gözlətmədi:
“Cənab qəhrəman, istəyərsinizmi, sizə ən bahalı bionik protez hədiyyə edilsin? İstəyərsinizmi, bank hesabı açılıb ora pul yatırdılsın? Nəsə bir istəyiniz varmı?”
Qarğalar lap fəallaşmışdılar, cəmləşib yerdə nəyisə dimdikləməkdəydilər. Uşaqkən nənəsindən eşitmişdi ki, qarğalar aşağıdan uçuşanda, bir yerə toparlaşanda qış sərt gəlir.
Görən, bu qış qar yağacaqdımı...
Gözü “Nəsə bir istəyiniz varmı?” sözlərinə ilişib qaldı. Bir xeyli keçəndən sonra – artıq yavaş-yavaş çıxışa doğru getməkdəydi - cavab yazdı. Yazdı ki, “Bəli, var istəyim. Elə edin, bu qış qar yağmasın...”
Şosse yoluna çatdı. Yol maşını ilə rastlaşmaq fikriylə bir xeyli üzüaşağı piyada irəlilədi. Təpəni aşanda qarşısına ilginc bir mənzərə çıxdı. İnsanlar, texnika bir-birinə qarışmışdı. Nəhəng bir ərazidə tikinti işləri gedirdi. Xarabalıqların yerində sırayla ağappaq, üstü qırmızı damlı evlər tikilirdi.
Birdən haradansa içinə ümid axını dolmağa başladı. Sanki qanadlandı, səmanın əngilliklərinə qalxdı. Fizika ilə metafizika arasında bir qırmızı xətt var, o xəttin həndəvərində bütün qanunlar istisnasız olaraq insanlığın xeyrinə çalışır. Orada hətta arzuların gerçəkləşməsi adlı bir qanun da mövcuddur.
Bax ora səmt aldı.
SON
19 iyul, 2023, Şabran
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
MƏNCƏ... Eltən Törəçinin fikri
“Ədəbiyyat və incəsənət” portalının “Məncə” rubrikasında bu dəfə növbə Eltən Törəçinindir.
Toplumumuzun önünü kəsən, onun irəliləyişini əngəlləyən sıxıntıları əski yanaşmalar ilə çözə bilməyəcəyik.
İllərdir bunu təkrarlayırıq və bir arpa boyu yol getməmişik.
TV verilişlərdə danışdırdığımız aydınların dediklərindən heç nə çıxmadığını görürük. Qərbli kimi geyinib,
davranıb və düşünüb bu torpaqlarda yaşamağı yamsılamaqdan başqa heç nə əldə etməyəcəyik. Düşüncə biçimi dəyişməlidir, özümüzünküləşməli, öz dilimizdə düşünməli, özəyimizə dönməliyik.
Çölçü yaşam biçimi axtardığımız asan çözüm yollarını göstərir, bütün yurd sevər aydınları bizə qoşulmağa çağırırıq. Gərçəkdən yurdunu, elini və Törəsini önəmsəyən hərkəsi gözləyirik.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Tənha evdə tənha adam - Daniel Korbunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı sizə çağdaş rumın şeirindən nümunələri tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.
Bu gün siz Daniel Korbunun şeirləri ilə tanış olacaqsınız.
Daniel Korbu
Şair, nasir, ictimai xadim. 1953-cü ildə anadan olub. 1979-cu ildə “Ədəbi Rumıniya” jurnalındakı publikasiyası ilə ədəbi debüt edib. Onlarla poetik toplunun müəllifidir. FEED BACK festivalının direktorudur. Əsərləri əsas Avropa dillərinə çevrilib. Təqdim edilən şeirlər şairin Parisdə nəşr edilən “Les documents du Chaos” (2002) kitabından götürülüb.
Ürəyin kölgəsində
Əgər işıq nurun kölgəsidirsə,
onda nurun kölgəsindən qovulan kimi
ürəyinin kölgəsindən
qovulacam.
Onun şanına sevinəcəm
və ölümü müşayiət edən sözlər
qırmızı sarğıdan boylanan qan kimi seziləcək.
Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.
Hər şeyi onu həvəsləndirir və ruhdan salıb iyrəndirir.
Sevgidən nifrətə yol keçib, aldanışları sığallayıb.
Sığal çəkib şehə, sevinib, ağlayıb.
hər dəfə yoxluq özünü göstərəndə
boşluq doğulub,
o boşluqla ürəyini doldurub,
nişan verib məzarını öz-özünə
yoxluğun və boşluğun.
Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Sabah ödənişsiz yazarlıq təlimi keçiriləcək
Avqustun 12-də, saat 16:00-da “Davam” Gənclər Hərəkatının Bakı ofisində “Davam” Kitab Klubunun təşəbbüsü ilə yazar, ədəbiyyatşünas Ramil Əhmədin təqdimatında “Yaradıcı yazarlıq təlimi: Nəzəriyyə və Praktika” adlı təlim baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təlimdə yaradıcı yazarlıq (creative writing) təhsilinin inkişaf dinamikası, pedaqoji əsasları, yazarlığın öyrənilməsinin mümkün olub olmaması kimi məsələlərdən söhbət açılacaq.
Təlimdə iştirak etmək sərbəstdir!
Əlaqə vasitəsi:
+994 70 561 65 60
Ünvan: Bakı Dayaq Mərkəzi (Səbail rayonu, Əbdülkərim Əlizadə 6/8)
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Arzu Muradın “Məktub”ları
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün qarşınızda Arzu Murad və onun məktublarıdır. 3 məktubdur cəmi. Buyurun, 3-cünü oxuyun.
MƏKTUB 3
Bayaq qoxun anidən burnuma gəldi və xəfif yel kimi ötüb keçdi. O qoxunu yenidən duya bilməkçün bütün evi dolaşdım. Yenə yaxaladım və itirməyim deyə, ciyərlərimin dibinə qədər çəkdim. Bu nə ilkdir, nə son. Evimin hər yeri demirəm, bu küçənin hər tini, insanların hamısı sən qoxuyur. Hansı birini deyim, sənin ətrindir deyib küçələri veyillənməyimi, yuxuda sayıqlamalarımımı, səninçün darıxmaqlarımımı, səhərin açılmasını gözləyib sənə tələsməyimimi?
Mən səndən başqa bir şey düşünə bilmirəm. Beynim yalnızca sənlə məşğuldur. Saatlarım sənə işləyir. Səni görməyəndə darıxmağım bir dərddir, sənin yanında olub ayrılmağımızı düşünməyim bir ayrı dərd. Bəlkə, sənə tanış hisslərdir, bəlkə də, tamamilə yaddır, amma məni anladığını bilirəm. Həyatımın altını üstünə çevirmisən və tərs kimi mən də bu halımdan məmnunam. Başımın bəlasısan, amma insan bəlanı bu qədər sevərmi?
Varlıq içində bir yoxluğam. Özümü anlaya bilmirəm. İdarəetməni itirmək budu, yəqin. Mən hər yerdə sənləyəm. Ən doğmalarımın içində belə özümü qəriblikdəki kimi hiss edirəm. Əsl bəlasan, bir insanın başına gələ biləcək ən böyük bəla. Amma o qədər doyumsuz, o qədər içdənsən ki, yanından ayrılmaq zillətə dönür. İnsan öz evinə getmək istəməzmi? İnsan ancaq sabahlarla necə yaşaya bilər?
Gecə olanda yanaqlarım dodaqlarını axtarır, sonra tapır, sonra ovcuma alıram dodaqlarını, sonra nəfəsinin dəydiyi boynum yanır, daha sonra çiynimdə başını hiss edirəm, əllərinin məni köksünə sıxdığını duyuram. Sonra tez özümü yuxuya verməyə çalışıram ki... Bəlkə, keçə... "Bəlkə" keçir, amma sən keçmirsən.
Gözlərinə qərq olmuşam. Bilmirəm haranın daşını salım başıma. Darıxmaq hisslərin ən şərəfsizi və də ən xainidir. İnsanı öz halından çıxarıb vəhşi bir məxluqa çevirir. Sənlə tez-tez dalaşmağımın səbəbi də elə budur. Sən gəlirsən, üzüm gülür, sən gedirsən, həyat qaralır, boğazım quruyur, havam çatmır. Vəhşiləşməyə başlayıram və tənələr yağdırıram. Kobudluğun biri bir qəpikdən dolur dilimə. Qüsuruma baxma, lütfən, mənim də sevmə şəklim belədir. Sən heç sevdiyin biri gedir deyə, uşaq kimi ağlamağın nə olduğunu bilirsən? Məndən kimə getdi deyə, nigaranlıqdan zəncir çeynəyirsən? Yemək yedi, ya hələ də acdır deyə, bir narahatlıq dolurmu içinə?
"Bir gün məndən getmək istəsən, səni tutmayacam, saxlamağa çalışmayacam" demişdim. Doğrudan, saxlamayacam, amma özümü necə saxlayacam, onu bilmirəm. Əvvəlki kimi deyiləm. Kimsəyə qızına bilmirəm. Bu əsərin müəllifi sənsən, qürur duy. Çıxılmazda qalmaqdır bu. Çarəsizlik qədər ağrılıdır və sənin qədər sevimlidir.
Mənimçün narahat olma. Bu şikayətlərimi və sözlərimi çox da ciddiyə alma. Bu da keçəcək, əlbəttə. Məni ağrıdan odur ki, hər şey keçir, amma sən keçmirsən. Məndə qalırsan, mənlə birgə dolaşırsan. Özümü aldatmağa çalışıram ki, bu yaşadıqlarım ilk deyil, son da olmayacaq, lakin boş fikirlərdir, özüm də bilirəm. Məni belə vuran olmamışdı. Ürəyimin tən ortasından dəqiq nişan aldın. Ancaq keçəcək, yox, vallah, doğrudan, keçəcək. Aramızda olan illərə xatir keçəcək. Elə sən də keçəcəksən, keçməyə məcbursan. Amma keç...mə... mən dözərəm hamısına, yanımda qal. Nə qədər qala bilirsən, o qədər qal, yetər ki, qal...
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
İstanbulda Beynəlxalq İpək Yolu Film Festivalı keçiriləcək
11-ci dəfə təşkil olunacaq Beynəlxalq İpək Yolu Film Festivalı dekabrın 15-18-də keçiriləcək. İstanbulda təşkil olunacaq festival Türkiyənin Kino və Televiziya İşi Sahibləri Peşəkar Dərnəyi (SETEM) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reallaşacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “setem.org.tr” saytına istinadən xəbər verir.
Festivalda İpək Yolu coğrafiyasından seçilən filmlər nümayiş etdiriləcək. Festivalın builki poster dizaynında Qırğızıstanda Çingiz Aytmatov Muzeyinin bağçasında yerləşən Göytürklər dövrünə aid Umay Ana heykəlindən istifadə olunacaq.
10 fərqli milli və beynəlxalq kateqoriyada mükafatların təqdim ediləcəyi festivalda münsiflər heyətinin seçdiyi film “İpək Yolu qardaşlıq mükafatı”na layiq görüləcək.
Festivala qatılmaq istəyənlər oktyabrın 1-dək müraciət edə bilərlər. Ətraflı məlumatı “setem.org.tr” saytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(11.09.2023)
Hauz və Mitçelin «Yol – məqsəd» adlı liderlik modeli
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
Bəri başdan deyim ki, mən Hauz və Mitçelin «Yol - məqsəd» adlı menecment referatını oxuyanda ikiqat məmnunluq hissləri keçirmişəm.
Niyə? Çünki öncə liderliyin bu situasiya modelini çox bəyənmişəm, onun şərtləri ilə diqqətlə tanış olduqca teoriya ilə praktikanın mükəmməl nəticəyə yönəlmiş vəhdətini duymuşam.
İkinci hissləri isə Terens Mitçel və Robert Hausun bu fundamental əməyi ilə şəxsən tanış olmadığım halda öz praktikamda – həm auditorluq, həm konsaltinq, həm də biznes fəaliyyətimdə idarə və şirkətlərimdə çalışan işçilərlə münasibətdə məhz bu modeldən bəhrələnməyim doğurub, bir sözlə, bu görkəmli şəxslərlə eyni fikirliliyim doğurub.
Nədir «Yol – məqsəd?» Odur ki, lider məqsədə çatmaq üçün yolu hamarlaşdırır, daş-kəsəkdən təmizləyir ki, rahat şütüyə bilsin. Burada «hamarlaşdırma, daş-kəsəkdən təmizləmə» anlamı özlüyündə işçiləri yaxşıca stimullaşdırmaqla maddi və şəxsi problemlərindən qoparmağı, onların «diqqət və qayğı görmək, fikirləri ilə hesablaşmaq» tələbinə müsbət cavab verməyi ehtiva edir.
Qısası, bu modelin mahiyyəti işçilərin ortaya qoyduqları işlə son nəticədə maraqlı olmaları asılılığından ibarətdir, yəni ki, gördükləri işin müqabilində, loru dillə desək, işçilər yaxşıca ənam gözləyirlər. Modelin müəllifləri bildirirlər ki, liderlik effektivliyi ilə ardıcılların motivasiya gözləntilərinin səviyyəsi arasında birbaşa əlaqə vardır.
Model 4 lider stilini (direktiv, dəstəkləyici, nailiyyətə köklənmiş, idarəetmədə iştirak stili) aşağıdakılara uyğun müəyyənləşdirir:
1. Şərait faktorlarına rəğmən işçilərin xarakteristikası:
a) uğurlu nəticəyə inanan;
b) tabeçiliyə meyilli;
c) qabiliyyət dərəcəsi.
2. Təşkilatı faktorlar:
a) işin məzmunu və strukturu;
b) formal idarəçilik sistemi;
c) qrupun mədəniyyəti;
d) ardıcıllarının davranışı əsasında.
3. İşdən məmnunluq:
a) yaxşı işləyirəm, yaxşı da qazanacağam.
4. Motivasiya:
a) daha çox səy göstərim, daha yaxşı nəticə mütləq olacaq;
b) bu nəticəyə görə təltif olunacağam.
İndi də gəlin qısaca 4 lider stilinin xarakteristikasına nəzər yetirək:
1. Direktiv stil.
Məğzində işçinin stimullaşdırılması dayanan bu stil işçilərin müstəqilliyə və muxtariyyata can atmamaları zamanı təşəkkül tapır. Stimullaşacaqlarını bilən işçilər əmr və tapşırıqları alıb görüləcək işləri mümkün qədər tez görmək istəyirlər. Lider isə dəqiq tapşırıqlar verməklə işin müsbət sonluğunu şərtləndirir.
2. Dəstəkləyici stil.
Bu stildə stimullaşacaqlarını bilən, bununla belə yenə də özlərinə hörmət tələb edən işçilərlə onlardan qayğısını əsirgəməyən liderin münasibətləri öz əksini tapır.
3. Nailiyyətə köklənmiş stil.
Bu stildə işçilər nailiyyətlərə tam köklənmiş olur, hədəfi vuracaqlarına tam əminlik duyurlar. Lider isə onların hər biri qarşısında dəqiq məqsəd qoyaraq onlara yüksək nəticə qazanmağın vacibliyini aşılayır.
4. İdarəetmədə iştirak stili.
İşçilərin özlərini idarəetmədə görmələri bu stilin əsasını təşkil edir. Lider onlarla informasiya bölüşür, onların fikirləri ilə heçablaşmalı olur.
Beləliklə, uğur qazanmanın növbəti mərhələsi olan liderlik əldə etmək, liderlik qazanmaq yollarının ən qabaqcıl metodikası ilə qısaca tanış olduq. Və bu tanışlıq, bizə ən əsası, onu öyrətdi ki, liderlik xüsusiyyətləri qazanmaq yolunda öz üzərində çalışıb bir fərd kimi liderə xas bütün üstünlükləri (bilik, savad, müsbət davranış, müsbət xüsusiyyətlər, qabaqcıl praktik təcrübə) əxz etməyinlə yanaşı, öz potensial elektoratınla, ardıcılların və işçilərinlə münasibəti düzgün təməl üzərində qurmağın da əhəmiyyətli rol oynayır.
Bizim oteldə bir işçi vardı, tez-tez ondan şikayətlər gəlirdi ki, nizam-intizamı pozur, digər işçilərlə yola getmir. Hətta əlinin əyri olması, əyintilərə yol verib gizli pullar qazanması da bildirilirdi. Otel rəhbərliyi ondan canlarını qurtarmaq istəyir, məndən onu işdən azad etməyi xahiş edirdilər. Əlbəttə, bilavasitə bu işçi mənim rəhbərliyim altında olmadığından, mən Bakıda, onun iş yeri isə Qubada olduğundan elə bir tanışlığımız da yox idi, mən ona birbaşa təsir də göstərə bilməzdim.
Bir gün eşitdim ki, illərdir ailə qurub övlad sevinci yaşamadığı halda indi dünyaya övladı gəlib. Qubaya gedəndə pay-pürüşlə onun qapısını döydüm, təbrik etdim. İnsan bu gözlənilməzlikdən o qədər sevinmişdi ki, dili söz belə tutmurdu.
Ertəsi gündən o tamamilə dəyişildi. Artıq otel rəhbərliyi barəsində yalnız müsbət şeylər söyləyir, onu hey tərifləyir, möcüzə baş verdiyini deyirdilər.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)
Azərbaycan və Gürcüstan Milli incəsənət muzeyləri əməkdaşlıq əlaqələrini genişləndirir
Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələri inkişafına töhfə vermək məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Muzeydən AzərTAC-a bildirilib ki, sazişə əsasən hər iki nüfuzlu dövlət incəsənət muzeyi bir neçə istiqamətdə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin qurulması üçün müvafiq şəraitin yaradılması haqqında razılığa gəliblər.
Memorandum sərgi mübadiləsi, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, daşınar mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi; beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və s. kimi məsələləri əhatə edir.
Qeyd edək ki, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində bu ilin aprel ayının 12-də Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisinin açılış mərasimi keçirilib.
Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar baş tutan sərgi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
“Ədəbiyyat və incəsənət”
(11.08.2023)