Super User

Super User

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

10 avqust - böyük qazax aydını, qazax yazılı ədəbiyyatının ustadı Abay Kunanbayevin doğum günüdür (10.08.1845 - 06.07.1904).

Əsl adı İbrahim olmuş, anasının dili ilə (“Abayım”, “Abayjanım"…) Abay kimi sevilmiş mütəfəkkir, istər sovet illərində, istərsə müstəqillik dönəmində qazax yazılı ədəbiyyatının əsas siması olaraq tanınıb, qəbul görüb. 

Əlbəttə, qazax qardaşlarımızın ədəbiyyatı Abayla başlamır - Böyük Çölün Abayadək də  böyük söz ustadları, akınları, poetik ruhlu ruhaniləri olub və onlar söz qoşub, nəğmə çağırıb, dombra çalıb, sənət yaradıblar; lakin dünyəvi, maarifçi, universal və yazılı olması etibarı ilə Abay yaradıcılığı bir başqa yerə-göyə sahibdir. O, özündən öncəkiləri (necə deyərlər) ümumiləşdirən, universallaşdıran və özündən sonrakılara yol göstərən bir ədəbi zirvə olmuşdur. Abay qala bürcü kimi qazax ədəbiyyatının, mədəniyyətinin və incəsənətinin hər tərəfindən görünür. 

Onun əsərlərinə, çağırışlarına zaman-zaman istinad olunub və öz həyatı, yaradıcılığı da əsərlərə mövzu olub. Yalnız Muxtar Auezovun “Abay yolu” əsərini, o əsərin tirajını xatırlamaq yetərlidir ki, Abaya müraciətin miqyası, dərinliyi və üfüqü aydın görünsün… 

Müstəqil Qazaxıstanın işıqlı gəncləri Abayın “Qara söz”ünü oxuyurki xalqın ağgünlərə çıxsınının tarixcəsinə yaxından bələd olsunlar...

Abay sözü qazax qardaşlarımızın türkcəsində "ustuf, uslu, diqqətli, ehtiyatlı" anlamında işlənir. Ərazi və əhalicə dünya nəhəngi (və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan) iki nüvə dövləti ilə (Rusiya Federasiyası və Çinlə) sınırqonşusu olan Qazaxıstan bu gün məhz Abay yolu ilə, bir başqa deyilişlə, qazax yolu - Qazaxıstan yolu ilə ustuf-ustuf, uslu-uslu irəliləyir. Bu irəliləyiş ata yurdda möhkəmlənməyi, “altın qıran”lı, Günəş şəfqətli göy bayrağı böyük ölkənin hər yerində və həmişə dalğalandırmağı ifadə edir.

 

*

Abay mədrəsə oxuyaraq ərəb-fars dillərinə yiyələnmişdi, bu da onun Nizami, Füzuli və b. qüdrətli söz ustalarını oxuyub, öyrənməsinə imkan yaratmışdı. O, həmçinin sonradan öyrəndiyi rus dili vasitəsi ilə qabaqcıl rus yazarlarını və Avropa klassiklərini oxumuşdu.

"Bir qazax da heç kitabxanaya gedib, kitab mı oxuyar?" deyə heyrət edilən vaxtlarda böyüyüb boya-başa çatan Abay, köçəriliklə oturaq həyatın (şəhərləşmənin) estetikasını bir arada tutmağı bacaran - öz dünyagörüşündə təcalla etdirən, o təcallanın energetikası ilə qələmə sarılan irəligörüşlü aydın olub.

Bir maarifçi kimi həm poeziya, həm də nəsrdə öz xalqının qayğılarını, yaşam çətinliklərini, toplumun qalxınmasını daim diqqətdə saxlayan Abay özü belə yazırdı:

 

“Ən böyük sevincimiz uşaqlardır, uşaqlar,

Bildim ki, oxumaqla olacaqlar bəxtiyar. 

Göndərdim mədrəsəyə tapsınlar orda şöhrət,

Qazansın el içində onlar biliklə hörmət”.

 

Bəli, Abay xəlqani şairdi.

3 poema, 200-ə yaxın şeir və 45 nəsr əsəri yadigar qalan (günümüzə yetişən) Abayın əsərləri yüzə yaxın başqa dilə çevrilib. 

Daha da çevriləcək. 

Qazaxıstanla Azərbaycanın arasından Xəzər dənizi keçir, amma aramızdan su keçməz! Biz bəngü qardaşlarıq! Heç təsadüfi deyil ki, Abay adı, irsi Azərbaycanda da əziz tutulur, doğma bilinir. Paytaxtımızda Abay küçəsi var, kitabxanalarımızda azərbaycancaya çevrilmiş Abay əsərləri var, Bakı Dövlət Universitetində Abay adına Qazax Mədəniyyət Mərkəzi var, elm ocaqlarımızda araşdırılan Abay mövzuları var… - Var da var! Qardaşlığımız var olsun!

Abayın ruhuna alqış!

Türküstan ellərinə əsənliklər dilərim!

Ötən gün böyük Qazaxıstan öz böyük oğlunun doğum gününü bayram etdi.

Qardaşımızın bayramı bayramımızdır, şeirin-sənətin, mədəniyyətin, qardaşlığın bayramıdır! 

Qutlu olsun!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Cümə, 11 Avqust 2023 12:28

Xalq artistinə AĞIR İTKİ üz verdi

 

Xalq artisti, "M.Teatr"ın bədii rəhbəri Vidadi Həsənova ağır itki üz verib.

 

Bakupost.az xəbər verir ki, aktyorun bacısı bu gecə qəfildən vəfat edib. Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Dəfn bu gün Gəncədə olacaq.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

Cari ilin yanvar-iyun aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 18 milyard 965,9 milyon manat olmaqla 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,8 faiz artıb. 

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,4 faizini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri 2022-ci ilin səviyyəsindən real ifadədə 9,8 faiz artaraq 18 milyard 086,5 milyon manat olub. 

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz azalaraq 8 milyard 242,8 milyon manat təşkil edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Cümə, 11 Avqust 2023 15:30

Replika

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bəzən insan həyatını heyvanların yaşamına da bənzətmək olar. Məsələn, it evdə nə qədər öz yerini bilsə də, vəfalı heyvan olsa da, buyruqları yerinə yetirsə də yiyəsi onun boğazına tez-tez ip salıb azadlığını məhdudlaşdırır. 

Pişik isə evdə ürəyi istəyəni edir və ən yumşaq yerlərlərə çıxıb yaxılır, sahibinin göstərişlərinə saymazyana yanaşır və heç vaxt da boğazına ip bağlanmır. 

Belə çıxır ki, VƏFALI olması itin başının bəlasıdır…

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

Növbəti Açıq Portfel xəbəri: Bu ilin yanvar-iyun aylarında paytaxtda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 78,4 milyon manat dəyərində məhsul istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsi bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 8,4 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 7 faiz artım var.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Cümə, 11 Avqust 2023 13:30

Fədakar kitabsevər

 

Diş həkimi Məhəmməd Məmmədli nəcib bir iş görüb. İşlədiyi kabinetin qarşısında kitab rəfi hazırlayıb, adı "kitab qovşağı"dır. 

Kitabsatanların endirimlərindən   yararlanmaqla məhlə uşaqlarının diqqətini kitaba cəlb etmək istəyir. 

Kitabı götürüb oxu, ya da götürüb apar, yerinə başqasını qoy. 

İlk dəfə bu barədə “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu xəbər paylaşaraq məsələni ictimailəşdirib.

Alqışlayaq Məhəmməd bəyi.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

Ötən əsrin 70-ci illərində ad eləmiş Böyük Britaniyanın "The Rolling Stones” rok qrupu yaşlı insanlarımızın yadındadır. Qrup da deyil, bir əfsanə idi. 1962-ci ildə yaradılmışdı  və uzun illər populyarlıq baxımından “The Beatles” ilə rəqabət aparan yeganə Britaniya rok qrupu idi. 

Budur, qrupun yaradıcıları Mik Caqqer və Kit Riçardsanın Londonun yaxınlığında yerləşən doğma Dartford şəhərlərində heykəlləri qoyulub. 

“The Glimmer Twins” adlı heykəltəraşlıq kompozisiyasının müəllifi Emi Qudmandır. Mik Caqqer əlində mikrofonla təsvir olunub. Onu gitarada Riçards müşayiət edir. 

Özü də heykəl postamentsizdir. Lap bizim Hacı Zeynalabdinin heykəli kimi. Yəni, “xalq adamı qoy xalqın içində olsun” anlayışı, demək, tək bizdə yox imiş.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı Mətbuat Şurasının sədri, AYB sədrinin müavini Rəşad Məcidin son vaxtlar sosial şəbəkələrdə tanınmış insanlara qarşı qarayaxma kampaniyasına münasibətini diqqətinizə çatdırır. 

 

 

Havanın hədsiz  istiliyindənmi, ya nədəndirsə, son günlər sosial şəbəkələr, elə onların ən təmkinlisi feysbuk da çox qəddar və amansız olub. Bir damcı məsuliyyət, soyuq ağıl, normal düşüncə, həssaslıq, mərhəmət, empati duyğusu qalmayıb.

Hamı ancaq kin, nifrət üstə köklənib ölkənin dəyərli adamlarını aşağılamağa, təhqir etməyə fürsət gəzir.

Aşağılıq duyğusudurmu, kompleksdirmi, uğursuzluqdan doğan hikkədirmi bu?!  Bir belə xılt, qərəz, qəzəb hardandır?

Qurban Qurbanov, Məleykə Abbaszadə, Rasim Balayev, Ramiz Rövşən…

Yalnız son bir neçə gündə sosial şəbəkə xurafatına hədəf olan, aqressiyaya tuş gələn insanlarımızdır bunlar.

Bu insanların hərəsi öz sahəsində böyük xidmətlər göstərən, ehtirama və hətta təzimə layiq şəxsiyyətlərdir. Belə dəyərləri aşağılamaqdan necə zövq almaq olar?! Necə özünə rəva görüb , haqqın çatdı- çatmadı, ünvanlarına hərzə-hədyan demək olar?!

Hansı mənəvi keyfiyyətlərə sahib olmalısan ki, belə dəyərləri aşağılayasan?!

Obyektiv mövqeli, ağıllı insanların haqlı etirazları bu axının içində sısqa və zəif təsir bağışlayır.

Sosial medianın, burda hər an içinin xıltını tökən insanların durulmağa, təmizlənməyə, normal düşüncə məcrasına dönməyə ehtiyacı var.

Sosial media ictimai məkandır, burda fəaliyyət mənəvi ölçülər,  məsuliyyət və ən azı elementar mədəniyyət tələb edir. Gərək bunu unutmayaq!

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasında gedən şeirlərdən ən bəyənilənlərin təqdimatında Sevər Şəhabi həftəsi başlayır. Bu gün o, “Mənə xəbər gətirir” deyəcək. 

 

 

MƏNƏ XƏBƏR GƏTİR

 

Məndən öncə ölsən əgər,

Ölülərə salam yetir.

Qırx günəcən gəl yuxuma,

Ordan mənə xəbər gətir.

 

Soraqlaş gör oralarda -

Neçə saat çalışırlar?

O dünyanın insanları,

Hansı dildə danışırlar?

 

Asılaraq gələnlərin -

Boğazları yaradırmı?

İşkəncədən ölənlərin -

Dəriləri qaradırmı?

 

Afrikanın zənciləri -

Kimlərə "Bəli" deyirlər?

Onların ağ ərbabları,

Nə içirlər, nə yeyirlər?

 

O dünyanın terminalı,

Necə yer bə yer olunur?

Cənnətin ağ biletləri,

Neçəyə al-ver olunur?

 

Sanki mənim bu istəyim,

İstəmədən üzdü səni.

Səndən öncə ölsəm əgər,

Qırx günəcən gözlə məni.

 

«Ədəbiyyat və incəsənət”

(11.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

41–ci dərc

 

Kəndləri keçənə qədər Layiqə bir kəlmə də danışmadı. Mənim nəyisə fikirləşdiyimi görəndə o həmişə belə edirdi. Asfalt yola çıxanda özüm söhbətə başladım.

-Bilirəm, çox darıxmısan.

-Narahat idim, şef?

-Haradan başlayaq?

-Qaldığımız yerdən, Salamın işindən.

-Başlayaq. Bakıda olduğun müddətdə hadisələrin gedişatı sənə kifayət qədər məlum idi. Qubaya gəldikdən sonra baş verənləri isə, polkovniklə etdiyim son söhbətin təfərrüatlarını sənə danışarkən öyrəndin. İndi ardına qulaq as. Əmirxanın işini araşdırmağa başladığımız günün səhəri Salamı həbs etdilər. Polis bölməsindən gələn Qələndərlə söhbət edəndə, onun bir cümləsi diqqətimi çəkdi, “Ölənin adamları az qala məni öldürəcəkdilər, qonşular, sonra isə polislər zorla məni onların əlindən aldılar, hamısı da «quldura» oxşayırdılar”. Polis bölməsinə gələnlər, onun özü kimi kriminal meyilli dostları idi. Fikrimcə həmin adamların da hadisənin adi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olmamasında şübhələri var idi. Sonradan hər şeyin həqiqətən də belə olduğu aydın oldu. Bunun, hər şeyi Salamın üzərinə yönəltməklə qurulmuş qətl olduğu qənaətinə gəldim. Gənc Salamın «Karat» kimi birisi ilə nə düşmənliyi ola bilərdi ki? Salamın işini aparan müstəntiq Elbrus Cavadov da mənimlə eyni fikirdə olduğunu bildirdi. Belə olanda, qüvvələrimizi birləşdirməyi təklif etdim və o etiraz etmədi. Salamın maşını onun iş yerinin qarşısından qaçırılmış və qətldən sonra yerinə qaytarılmışdı. Həmin əraziyə baxmağım vacib idi. Onun gözətçi işlədiyi xəstəxanaya birlikdə getməyimiz alınmadığından oraya tək yollandım və olduqca maraqlı şeylər aşkar etdim. Əvvəla onu deyim ki, qapalı müəssisə olan xəstəxananın təhlükəsizlik məsələləri təhlükəsizlik tədbirlərindən heç bir anlayışı olmayan birinə, təsərrüfat müdiri Mahmud müəllimə tapşırılıb. İnsafən pis kişi deyil. Ancaq bu işləri öz bildiyi kimi başa düşdüyündən, girişdə cəmi bir kamera qoyub ki, onu da gözətçi otağında quraşdırıb. Məqsədi gözətçilərin yatıb-yatmamasını yoxlaya bilməsi imiş. Onunla birlikdə gözətçi otağına baxış keçirdim. Otağın qapısı dəhlizə açılır. Qapı bağlı olarsa, dəhlizin də yaratdığı boş fəza çöldən gələn səsləri boğmağa kifayət edir. Küçəyə baxan pəncərəsi yoxdur. Həyətə baxan pəncərə isə ikilaylı, səskeçirməyən şüşədəndir. Pəncərə bağlı olarkən hətta həyətdəki sərçələrin səsini belə içəridə eşitmək mümkün deyil. Üçnövbəli iş rejimi olduğu üçün hər gün iki nəfər, gündüz və gecə növbəsində bir-birlərini dəyişən gözətçilər qarovul çəkir. Hər növbənin də özünə aid, divara asılmış dolabları var. Salamın dolabına baxış keçirdim. Orada iki yox, üç çay bardağının olduğunu gördüm. Bu artıq maraqlı idi. Bardaqlar ağ, qırmızı və göy rəngdə idilər. Sonra kamera görüntülərinə baxmaq üçün təsərrüfat müdirinin kabinetinə keçdik. Görüntülərdə Salamın tək olarkən ağ bardaqdan çay içdiyini müəyyən etdim. Deməli, ağ bardaq onun özününkü idi. Hadisədən üç gün əvvəlki görüntülərdə isə masanın üzərində iki bardaq və boşqablarda yeyilmiş rulet qalıqlarının olduğu qeydə alınmışdı. Salamın həmin gecə qonağının olduğu aydın idi. Onu da deyim ki, haqqında danışdığım görüntülər, on üç və on altı may tarixləində gecə saatlarında sıradan çıxarılmış kamera bərpa olunduqdan sonra, saat 8:12 və 8:13-dən sonra qeydə alınmış görüntülərdir. Salamın bardağının ağ rəngdə olduğunu müəyyən etdiyimi demişdim. Bu məntiqlə, ikinci, qırmızı rəngli bardaqdan onun qonağı çay içibmiş. Göy rəngli bardaq isə gündüz növbəsinin gözətçisinin imiş. Bu görüntülər mənə vacib ipuclarından birini verdi və sonradan ən önəmli sübutlardan birinə çevrildi. Salamın qonağı solaxay idi. Masanın üzərindəki qırmızı rəngli bardağın qulpu ondan istifadə edən adamın oturduğu yerə nəzərən sol tərəfə baxırdı. Ruleti yarıya qədər yemiş qonaq, çəngəli də boşqabın sol tərəfinə qoymuşdu. Bu, qonağın solaxay biri olmasına dəlalət edirdi.

Layiqə maraqla çönüb mənə baxdı.

-Şef, maraqlı müşahidədir. Bəs əgər qonaq bunu qəsdən, bizi yanlış istiqamətə yönəltmək üçün edibsə?

-Yaxşı sualdır. Ancaq mənim bundan əvvəl gəldiyim qənaət bu ehtimalı istisna edirdi. Ona görə də qonağın solaxay olduğuna əmin idim. Bunu nəinki bizi azdırmaq, müəyyən mənada heç onların səhvi kimi də qəbul etmədim. Qulaq as, izah edim. İdeal olmasa da, bu cinayət kifayət qədər düşünülmüş şəkildə hazırlanıb. Ancaq iki şey vardı ki, cinayətkarlar onları heç cür nəzərə ala bilməzdilər. Əvvəlcə, sənə bu iki şeydən ikincisini izah edim ki, sualına cavab vermiş olum. Sonra bir qədər keçmişə qayıdıb birinci səbəbi izah edərəm. Bir ay əvvəldən qətlin planını hazırlayan Qılınc, təbii ki, xəstəxanada da iz qoya bilməzdi. Xəstəxanada iş saat 9-da başlayır. Cinayəti hazırlayarkən Qılınc bunu və başqa öyrəndiklərini əsas götürüb. Lazımi məlumatları öyrənməyə ona sevgilisi Sənəm də kömək edib. Ancaq nə o, nə də Sənəm bilməyiblər ki, təsərrüfat müdiri Mahmud müəllim hər gün işə bir saat tez, saat 8-də gəlir. Hadisədən əvvəlki növbəsində səhərə yaxın Salamın yanına gələn Qılınc, kameranı sıradan çıxardığı üçün arxayınlıqla oturub onunla çay içir. Sonra onun üçün gətirdiyi, dərman qatdığı şirəni dolabına qoymasına əmin olub çıxıb gedir. O, kamera qeydlərinin Mahmud müəllimin otağında olduğunu da bilir və onun hamı kimi saat 9-da və ya 9-a qalmış işə gələndən sonra zədələdiyi naqili calamaqla görüntüləri bərpa edəcəyini düşünür. Həmin vaxta isə, növbəni təhvil verməyə hazırlaşan Salam masanın üzərindəkiləri yığışdırmış olacaqdı. Ancaq Mahmud müəllimin tez gəlməsi vəziyyəti dəyişir və həmin gün saat 8:12-dən etibarən qeydə alınmış görüntülərlə indi dediklərimi öyrənmiş oldum.

-Başa düşdüm, şef. Amma kameranı necə sıradan çıxara bilir dəfələrlə? Əgər ona Salamın növbədə olduğu iki gecə lazım idisə, əvvəlki iki dəfə gündüz də kameranı niyə sıradan çıxarır?

-Bax elə düşünülmüş cinayət deyəndə, onların bu və buna bənzər addımlarını nəzərdə tuturdum. Qulaq as deyim. Qılınc şəhərə gurultu salacaq bir qətlə hazırlaşırdı və bunu kor-koranə edə bilməzdi. Kameranın ona mane olacağını bildiyindən lap əvvəldən lazımi günlərdə, mayın on üçü və on altısı onu sıradan çıxarmağı düşünüb. Bununçün ilkin olaraq aprel ayının on ikisində, gündüz saatlarında xəstəxanaya gəlib, gözətçi otağından Mahmud müəllimin otağına gedən kamera naqilini kəsir. Divar boyu çəkilmiş naqil «siqaret çəkmək üçün» ayrılmış yerdən keçir. Məhz siqaret çəkmək adı ilə, heç bir şübhə doğurmadan oraya yaxınlaşıb bir anda işini görür. Təbii ki, görüntülərin itməsini görən Mahmud müəllim dərhal həyətə çıxar və ya pəncərədən boylanıb onu görə bilərdi. Ona görə də, Sənəm vasitəsilə Mahmud müəllimin kabinetində olmadığı vaxtı seçir. Bundan sonra, ola bilər, elə orada bir kənarda dayanıb, ola da bilər sonradan gəlib, nasazlığı aşkar edən təsərrüfat müdirinin nə edəcəyini öyrənir. Bu onun üçün vacib idi. Çünki növbəti addımlarını buna uyğun atacaqdı. Nasazlıq isə üç cür aradan qaldırıla bilərdi: naqil tam dəyişdirilər, calanıb üstü lentlə bağlanar, ya da sadəcə calanardı. Yəqin ki, hər üç hal üçün onun atacağı addımları hazır olub. Ancaq Mahmud müəllim işin ən asan olanını edir, məftili calayıb görüntüləri bərpa edir. Bundan bir müddət sonra, aprelin on doqquzunda yenidən oraya gələn Qılınc, yenə siqaret çəkmək bəhanəsi ilə kəsik olan yerə yaxınlaşır, lakin bu dəfə naqili kəsməyi heç düşünmür də. Bu artıq şübhə doğurardı. Siqaret çəkə-çəkə sol əlini divara dayaq verməklə əlindəki alışqanı kəsilən yerin altına tutub naqili lazım olan qədər qızdırır. Qızan metal genişlənir və calaq yerində boşluq əmələ gəlir. Naqil soyuduqdan sonra bu boşluq bir qədər də artır. İstənilən kamera naqili isə, tək zədə yox, calaq yerində azca boşluq da olarsa, görüntünü ötürmür. Eyni münvalla təsərrüfat müdirinin yenə calaq yerini bərkitməklə kifayətləndiyini dəqiqləşdirir və ona lazım olanı etdiyi üçün kamera məsələsini bir müddət kənara qoyur. Bu özü də planın bir hissəsi idi. Artıq bu işə məsul olan Mahmud müəllimin yaddaşına kamera naqilinin zədəli olması fikrini yerləşdirir. Bu yolla da, gələcəkdə ona lazım olacaq iki gecə növbəsində kamerada yaradacağı nasazlıqları sığortalayır və onların da naqildəki zədəyə yozulması üçün zəmin yaradır. Əlbəttə ki, nasazlıqların həm gündüz, həm gecə saatlarında baş verməsi də diqqətləri konkret gecə növbəsindən yayındırmağa xidmət edəcəkdi.

-Şef, bəs bunları necə müəyyən etdiniz?

-Naqil məsələsini bir müşahidəm nəticəsində çözə bildim. Elə bundan sonra hər şeyin məntiqi izahı gəldi. Kəsik yerinə diqqətlə baxarkən, naqilin calaq yerinə yaxın hissəsində məftilin üstündəki qoruyucu örtüyün azca əridiyini gördüm. Ərimə lap cüzi idi və adi gözlə zorla seçilirdi. Ancaq mən onu görə bildim. Bundan başqa, qoruyucu örtük yalnız naqilin alt hissəsində büzüşmüşdü. Bu, naqilin alt tərəfdən qızdırıldığına işarə idi. Bu ehtimallarımın doğruluğuna hələ xəstəxanada olarkən əmin olsam da, etdiyim bir eksperiment də hər şeyi təsdiqlədi. Vaxt edən kimi, mikrorayan bazarının yaxınlığındakı mağazalardan birindən eynilə həmin naqildən tapdım. Düzdür, naqildən iyirmi santimetr istədiyimi deyəndə satıcı çox təəccüblə mənə baxdıqdan sonra kəsib verdi və hətta pul da götürmədi. Ancaq əsas olan satıcının təəccübü yox, mənim eksperimentimin nəticəsi idi. Ortadan bölüb, uc hissələrində qoruyucu örtüyü təmizləyib sonra möhkəm-möhkəm bir-birinə caladığım naqil, alışqanla qızdıranda lazımi temperatura çatan kimi dediyim effekti verdi. Elastik metalın calaq yeri boşaldı və əvvəlki möhkəmliyindən əsər-əlamət qalmadı. Sonra soyumasını gözlədim. Metal soyuyaraq yığılanda isə yaranan boşluq bir qədər də artdı. «Dəli» kimi tanıdığımız cinayətkar fizika qanunlarından da xəbərdar imiş. Beləliklə, hər şeyi yoxlamağa öyrəşmiş biri kimi, doğruluğuna əmin olduğum ehtimalımı sadəcə olaraq təsdiqləmiş oldum. Bundan sonra olanları sən də mənim qədər bilirsən. Qubada olduğum müddətdə baş verənləri isə, şəhərə çatandan sonra öyrənərik. Fikrimcə, Qılınc artıq həbs olunub.

-Bir sualım var.

-Soruş.

-Qılıncın iki dəfə gecə gələrkən divardan aşıb naqilə müdaxilə etdiyini demişdiz. İndi mənə məlum oldu ki, bunu naqili qızdırmaqla edib. Yaxşı bəs, qaranlıqda onun alışqanının alovu Salamın diqqətini cəlb etməli deyildimi?

-Sən gözətçi otağının quruluşunu bilmirsən. Otaq dəhlizə açıldığı üçün həmin yer oradan görünmür. Üstəlik də, Qılınc olduqca uzaqgörən biridir. Yəqin ki, pəncərədən Salamı izləyib sonra işini görüb. Bunların hamısını mən təhlil etmişəm, Layiqə. Əsas odur ki, Salamın gözündən yayınmağı bacarıb. Hansı üsulla, artıq bu fərq eləmir.

-Bəs cinayətkarların nəzərə ala bilməyəcəyi o biri məsələ nə id? -Layiqə maraqla soruşdu.

-İndi həmin məsələyə gəlməyin vaxtı çatdı. Ardına qulaq as və bil ki, bayaqdan adını çəkdiyim Qılınc Qabulov hansı yolla maraq dairəmizə düşdü. Əmirxanın ölümündən otuz il müddət keçib. Deməli, həmin cinayət işi ilə bağlı toplanılmış materialın saxlama müddəti çoxdan bitib və arxiv sənədləri məhv edilib. Bunu bilən cinayətkarlar bu istiqamətdən hər-hansı izə düşə bilməyəcəyimizi, şahidləri də müəyyən edə bilməyəcəyimizi düşünüblər. Ancaq Arif müəllimin vaxtilə hansısa yolla əldə edib saxladığı ekspert rəylərinin və şahid ifadələrinin surətləri bu istiqamətdə də iş aparmağımıza imkan yaratdı. Mən, rəyi verən ekspert komissiyasının sədri olmuş Matvey Proxorovla görüşdüm.  Əvvəl heç nə demək istəməsə də, onu inandıra bildim və söhbət əsnasında çox səmimi münasibətimiz yarandı. Elə bu səmimiyyətin nəticəsi olaraq, o mənə Əmirxanın ölümü ilə bağlı rəyi təzyiq altında qalaraq saxtalaşdırması ilə yanaşı, əslində deməyə biləcəyi başqa bir şeyi də dedi. Rəyi verdikdən üç gün sonra bir nəfəri ruhi-əsəb xəstəsi kimi üzvü olduğu komissiya vasitəsilə xəstəxanaya yerləşdirdiyini də etiraf etdi. Bunu da, ona təzyiq edən eyni adamlar tələb etmişdilər. Son dedikləri, bəlkə də ondan öyrəndiklərimin içərisində ən vacib məlumat idi. Böyük ehtimalla, cinayətkarlar bu yolla qatili gizlətmişdilər. Matvey Semyonoviç, həmin adamın iyirmi yeddi yaşında olmasından başqa heç nə xatırlamasa da, 90-cı ildə Mərkəzi Ruhi-Əsəb xəstəxanasına yerləşdirilmiş adamların içərisində həmin vaxt iyirmi yeddi yaşı olmuş Qılınc Qabulovu müəyyən etmək mümkün oldu. Onun yeddi il həbs cəzası çəkdiyi də məlum oldu. Həm Əmirxanın, həm də «Karat»ın qətllərində oxşar dəsti-xətlər olduğuna fikir verdim. Rəy saxtalaşdırılıb, Əmirxanın işi onun maşınla vurulması qənaətinə gəlinərək bağlanmışdı. Deməli həmin vaxt sifarişçilərə sərf edən gedişat, bəlkə də ilkin planları bu imiş. Çünki şahidlər də hamısı bir nəfər kimi yüksəkdən gələn mühərrik, sonra isə təkər səslərini eşitdiklərini bildiriblər. Hər halda hadisə yerində hansısa maşın olub. Bunu nəzərə almamaq olmaz. «Karat» da maşınla vurularaq öldürülüb. Birinci halda üç gün sonra bir nəfərin ruhi xəstə kimi xəstəxanaya yerləşdirilməsi tələbi, ikinci halda isə Salamın həmin spesifikalı xəstəxanada işləməsi bu oxşarlığın daha bir əlaməti idi. Bilirsən ki, bizim işimizdə ortaya çıxardığımız belə əlamətlər zil qaranlıqda uzaqdan görünən zəif işıq kimi bir şeydir. Biz bu işığı tutub gedirik. Mən də belə etdim. Fikirlərimi polkovniklə bölüşdüm və o mənimlə razılaşdı. Onda Qılınc Qabulovun məhz bizə lazım olan adam olub-olmamasını yoxlamaq üçün əməliyyatın içində «bağ əməliyyatı» adlandırdığım bir əməliyyat keçirdim. Ancaq bundan əvvəl, Matvey Semyonoviçə zəng edib vaxtilə xəstəxanaya yerləşdirdiyi adamın solaxay olub-olmamasını xatırlmasını xahiş etdim. O adamla bağlı demək olar ki, heç nəyi xatırlamayan ekspert, solaxay olmasını yadına sala bildi. Hətta ətraflı şəkildə xatırladı. Bilirsən ki, təcrübəli ekspertlər küt və ya kəsici alətlə yetirilmiş xəsarətlərin sol və ya sağ əllə yetirildiyini də müəyyən edə bilirlər. Sən demə, ilkin olaraq verdiyi və sonradan dəyişməyə məcbur olduğu həqiqi rəydə də zərbələrin Əmirxana solaxay adamın yetirdiyini yazıbmış. Söhbətimiz zamanı bunu mənə deməyi unudan həkim, sualı eşidən kimi bunu dərhal xatırladı. Maraqlı idi. Həm Əmirxanı vuran, həm də üç gün sonra xəstəxanaya yerləşdirilən adam solaxay imiş. Əlaqəni tuta bildin?

-Tutdum, şef. Belə təsadüflər milyonda bir olur.

-Daha dəqiq desək, dünya əhalsinin cəmi on-on iki faizi solaxaydır. Başqa bir faktı da deyim, biləsən. Solaxaylarda beynin sol yarımkürəciyi ilə sağ yarımkürəciyi arasında əlaqə daha sürətlidir. Bu o deməkdir ki, onlarda məlumat daha tez ötürülür və deməli, daha iti düşünmək qabiliyyətinə malikdirlər. Qılıncın kifayət qədər uzaqgörən addımlar atması təsadüfi deyil. Davam edək. Hələ ki, dediklərim otuz il əvvələ aid yaşlı bir insanın danışdıqları idi. Bu öyrəndiklərimizi faktlarla bərkitməli idik. Qılıncın Kürdəxanı kəndində yaşadığını və həyətlərdə, bağlarda fəhləlik etməklə dolandığını öyrənmişdik. Əməliyyatı Arif müəllimin dostlarından birinin Hövsan qəsəbəsindəki bağında təşkil etdik. Əvvəlcədən Qılıncın qalacağı otağı gizli miniatür kamera ilə təchiz etdim. Otaqda televizor, kiçik kitabxana olması da vacib idi. Bunları da həll etdikdən sonra ən əsas şeyi, bir şəkil albomunu ən gözə gələn yerdə qoydum. Elbrus Cavadov vasitəsilə Salamın bir şəklini əldə etmişdim. Həmin şəkli albomun içinə qoymuşdum. Planın bir şərti kimi, Arif müəllim də başqa bir neçə şəkil tapdırıb gətizdirmişdi. Dostunun oğlu Əmirxanı yaxşı tanıdığı kimi, o vaxtlar onun yaxın dostlarını da tanıyıb Arif müəllim. O dostlardan Saleh adlı birini tapıb ondan Əmirxanla birlikdə olan bir neçə şəklini əldə etdi müəllimim. Həmin şəkilləri də Salamın şəkli olan səhifəyə yerləşdirmişdim albomda. Psixoloqların rəyinə görə, bir adamın fürsəti varsa və ya şərait imkan verirsə, qarşısındakı bir şəkil albomunu vərəqləməməsi ehtimalı bir faizdir. Hətta, insan divara vurulmuş tanımadığı adamların şəkillərinin də yanından laqeyd şəkildə keçmir, ayaq saxlamasa belə, mütləq ən azı çönüb onlara baxır. Başqa müşahidələrimlə yanaşı, Qılıncın bu şəkillərə olan reaksiyası mənim üçün həlledici olacaqdı. Nə qədər soyuqqanlı adam olursa olsun, bir qatil öldürdüyü və başqa birini öldürərək şərə saldığı iki nəfərin şəkillərini gözləmədiyi bir yerdə, eyni albomda yan-yana görərkən buna hansısa formada reaksiya verəcəkdi. Bu isə mənim gözümdən qaçmayacaqdı. Bu hazırlıqlardan əvvəl təbii ki, kənddəki bir makler vasitəsilə Qılıncın həmin bağa gəlib gecə qalmaq şərti ilə ağacların dibini belləyəcəyinə razılığı alınmışdı. Hər şey hazır olanda dostlarımızdan biri onu bağa gətirdi. Mən isə həmin andan sadəlövh bağ sahibinə çevrildim.

Layiqə diqqətlə məni dinləməyində idi.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.