Super User
Memar: İşğaldan azad edilmiş ərazilərin inkişafında sahibkarlığa dəstək dövlət siyasətidir
Dövlətin iqtisadi fəaliyyətinin prioritet istiqamətlərindən biri, ilk növbədə regionların, o cümlədən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur regionunda iqtisadiyyatın inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.
Bu barədə AzərTAC-a açıqlamasında “ARCHİTECTURE and Mep” şirkətinin təsisçisi, memar Fərid Bayramov deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında gözlənilən nəticəyə nail olmaq üçün müasir infrastrukturlarla yanaşı, sahibkarlıq fəaliyyətinə də ciddi dəstək göstərilir. Bütün bunların nəticəsi olaraq bu ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan daxil olan müraciətlərin 65,2 faizi yerli, 34,8 faizi isə xarici investorlardır: “Xarici investorlar sırasında Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiya üstünlük təşkil edir. Xarici investorların cəlb edilməsi məqsədilə Vergi Məcəlləsinə də dəyişikliklər edilib. Belə ki, işğaldan azad edilmiş ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilirlər”.
F.Bayramov xatırladıb ki, sözügedən ərazilərdə nəqliyyat infrastrukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastrukturu ilə birləşdirilir. Bu regionda xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan‒Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yollarının və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək yekunlaşması nəzərdə tutulur.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən təməli qoyulan “Ağdam” Sənaye Parkında mindən çox yeni iş yerinin yaradılması gözlənilir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzur regionunda əlverişli investisiya mühiti yaratmaqla həmin regiona investisiya axınına və sahibkarlığın inkişafına səbəb olacaq. Bu isə öz növbəsində həmin ərazilərin qısa zamanda sosial-iqtisadi inkişafına gətirib çıxarmaqla, ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Tannenbaum – Şmidtin lider davranışı kontiniumu
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Liderlik nəzəriyyələri ilə tanışlığınızı təmin etməkdəyik.
Nəzər yetirdiyimiz növbəti modeldə liderliyə təsir edən üç faktora (liderin özü, onun ardıcılları və yaranmış vəziyyət) münasibətdə liderin seçə biləcəyi 7 davranış nümunələrindən bəhs olunur.
Burada iki bir-birinin əksi – demokratik və avtoritar liderlik stilləri götürülür, bu liderliklər arasındakı fərq onların hakimiyyət mənbələri və insan xarakterinin təbiəti barədəki qənaətləri səbəbi ilə izah olunur. Demokrat zənn edir ki, hakimiyyət ona ardıcılları tərəfindən verilir və bu insanlar düzgün motivasiya şəraitində özünüidarə və yaradıcı iş qabiliyyətinə malik olurlar. Avtokrat isə hesab edir ki, hakimiyyət ona öz mövqeyi nəticəsində qismət olub, təşkilatlar və insanlar təbiətən tənbəldirlər və onlara güvənmək olmaz.
Demokratik liderlikdə hakimiyyət mənbəyi ardıcıllar üçün fəaliyyət azadlığı sahəsi, avtoritar liderlikdə isə liderin tətbiq etdiyi hakimiyyət sahəsi hesab olunur. Lider davranışının tərkib hissəsi olacaq seçiləsi 7 davranış nümunələri isə aşağıdakılardır:
- lider öz ardıcıllarının «azadlıq» zonası hüdudlarında fəaliyyət göstərmələrinə imkan yaradır;
- lider müəyyən çərçivələrdə qrupların qərarlarını yönəldir;
- lider problemlər irəli sürür, təkliflər verilməsini xahiş edir;
- lider həll yolları təklif edir və onların dəyişdirilməsini mümkün hesab eləyir;
- lider ideyalar irəli sürür və onların müzakirəsini təklif edir;
- lider qərar qəbul edir və onu tabeçiliyində olanlara çatdırır;
- lider öz qərarlarının düzgünlüyünə ardıcıllarını əmin edir.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Nəhayət, heykəltaraşlıq müsabiqəsinin qalibləri məlum olub
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə heykəltaraşlıq müsabiqəsi elan etmişdi, qaliblər müəyyən olunub.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqədə ölkəmizin heykəltaraşları tərəfindən 21 əsər təqdim olunub.
Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.
Müsabiqədə:
Natiq Əliyev birinci,
Nurəli Şahbazov ikinci,
İlqar Ağaşov isə üçüncü yerə layiq görülüb.
Xatırladaq ki, heykəltaraşlıq müsabiqəsi Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Çiçəklərin çəkir gözü intizar…
MƏDƏNİYYƏT NAZİRLİYİNDƏ AKİF İSLAMZADƏ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Təkrarsəz səsi, gözəl ifası ilə yaddaşlarda qaldı Akif İslamzadə. Baxmayaraq ki, uzun illərdir səsini itirib və daha oxumur….
Avqustun 8-də Mədəniyyət Nazirliyində Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Akif İslamzadə ilə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli həmin gün 75 yaşı tamam olan Akif İslamzadəni yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Sonra sənətkara Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Qeyd edilib ki, Akif İslamzadə ifa üslubu ilə Azərbaycan estrada sənətinin inkişafına, ifaçılıq məktəbinin zənginləşməsinə töhfələr verib. Estrada ifaçılıq sənəti ilə bərabər, xalq mahnılarımızın da ifasında özünəməxsus üslubunu, dəst-xəttini yaradan müğənni xalqın böyük sevgisini qazanıb. Bu gün gənc nəsil müğənnilər onun da ifaçılıq ənənələrindən bəhrələnirlər. Musiqiçi ailəsində dünyaya gələn müğənni milli musiqi ənənələrimizə sadiqliyi ilə hər zaman nümunə olub. Mahnı ifaçılığında özünəməxsus yeri olan Akif İslamzadənin səsində lentə alınan nəğmələr bu gün də sevə-sevə dinlənilir, müğənnilərin repertuarında yer alır.
Akif İslamzadə fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Görüşdə musiqi sənətimizin inkişafı və klassik estrada ənənələrinin yaşadılması ilə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
8 avqust 2023-cü il tarixində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir.
İclasda Apellyasiya Şurasının üzvləri - İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyev, Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov iştirak etmişdir.
İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 13 yanvar 2023-cü il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 16 nəfər namizədin apellyasiya şikayətlərinə baxılmışdır. 16 nəfər namizəddən 5 nəfərin müsahibə nəticəsi dəyişdirilərək vəzifəyə uyğun hesab edilmiş, 11 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılmışdır.
İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunmuşdur. İbrahimzadə Lalə İlqar qızı, Qasımlı Ceyhun Elşən oğlu, Həsənzadə Təbriz Asəf oğlu, Səfərli Teymur Əlisahib oğlu, Hüseynov Bəxtiyar Mirdamət oğlu və Novruzov Nicat Habil oğlu Şuranın iclasında iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunmuşdur. Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilmişdir.
Hüseynova Türkan Şükür qızı, İbrahimzadə Lalə İlqar qızı, Rəhimli Fidan Məmmədağa qızı, Həsənzadə Təbriz Asəf oğlu, Səfərli Teymur Əlisahib oğlu, Quluyev Aqil Əkbər oğlu, Əliyeva Sevinc Zeynal qızı, Qasımlı Ceyhun Elşən oğlu, Novruzov Nicat Habil oğlu, Qəniyev Cəbrayıl Nəriman oğlu və Həsənova Aygün Vidadi qızının şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
İbrahimova Aidə Kamandar qızı, Rəhimova Əzizə Cəlil qızı, Cümşüdlü Pərviz Telman oğlu, Hüseynov Bəxtiyar Mirdamət oğlu və Ələkbərov Müşviq Azər oğlunun şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsi dəyişdirilərək iddia etdikləri vəzifəyə uyğun hesab edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də - doğum günündə Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.
Dövlətimizin başçısı əvvəlcə Xalq artisti Rasim Balayev ilə söhbət edib. Söhbətin stenoqramını AzərTAC-a iqtibasən təqdim edirik.
Rasim Balayev: Salaməleyküm.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Rasim Balayev: Mənim bir arzum var idi ki, Qarabağdan sonra, işlərinizdən sonra Sizi qucaqlayım. Çox şükür ki, bizə qismət oldu.
Prezident İlham Əliyev: Sağ olun. Sizi ilk növbədə yubileyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.
Rasim Balayev: Çox sağ olun.
Prezident İlham Əliyev: Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsiniz. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam.
Rasim Balayev: Çox sağ olun.
Prezident İlham Əliyev: Siz, eyni zamanda, ölkəmizin ictimai həyatında da çox fəalsınız. Çox dəyərli fikirləriniz ölkəmizin ümumi inkişafına dəstəkdir. Təbii ki, sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün Babək, Nəsimi obrazları ilə də bağlıdır. Xalq qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqının təsəvvüründə də onlar elə sizin obrazınızdır.
Mən sizi ürəkdən təbrik etmək, sizə cansağlığı, uzun ömür arzulamaq istəyirəm. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, həm sovet dövründə bir çox mükafatlarla təltif olunmusunuz...
Rasim Balayev: Rəhmətlik Ulu Öndərimiz 50 yaşımdan həmişə mənim qayğıma qalıb.
Prezident İlham Əliyev: Bəli, elədir.
Rasim Balayev: Bunu da Siz davam etdirirsiniz.
Prezident İlham Əliyev: Qeyd etdiyiniz kimi, müstəqillik dövründə də 50 illik yubileyinizdə sizi “Şöhrət” ordeni ilə təltif etmişdir.
Rasim Balayev: Siz isə “Şərəf” ordeni.
Prezident İlham Əliyev: Bəli, mən “Şərəf” ordeni ilə. Bu yubiley ərəfəsində də siz yüksək ordenimiz olan “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Sizi bir daha təbrik edirəm.
Rasim Balayev: Təşəkkür edirəm, cənab Prezident. Dediyim odur ki, mən Sizin apardığınız bütün siyasəti – daxili və xarici siyasəti dəstəkləyirəm. Möhtəşəm Qələbə də Sizin adınızla bağlıdır. Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm, Siz öz adınızı tarixə bir Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq.
Bu mükafat Azərbaycan sənətinə, sənətkarlara verilən qiymətdir. Biz başda Siz – Ali Baş Komandan olmaq şərti ilə qəhrəmanlarımızı, qazilərimizi mütləq kino xətti ilə vəsf etməyə borcluyuq. Bu, bizim borcumuzdur, biz gərək bunu edək.
Mən Sizin bütün bu fəaliyyətinizi bir vətəndaş kimi dərindən izləyirəm və Sizə çox böyük inamımız var. Ad gününüzü rayonlarda, Qarabağda camaatla birlikdə qeyd edirsiniz.
Prezident İlham Əliyev: Bəli, sağ olun.
Rasim Balayev: Bütün bunları hamı, millət görür. Mən Sizə bu yolda uğurlar diləyirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Rasim Balayev: Yenə də deyirəm, cənab Prezident, biz Sizə borcluyuq. Sizə və xalqımıza borcluyuq ki, bu gözəl, möhtəşəm Qələbəni biz kino vasitəsilə vəsf etməliyik. Çünki Qələbə, müharibədəki qəhrəmanlıqlar, orada iştirak edən qazilərin fədakarlığı hər yerdə göstərilməlidir. Mən bir-iki dəfə Şuşaya getmişəm, inanın gözlərim yaşarıb. Çünki mən 1986-cı ildə də getmişdim, orada İsa bulağının yanında ailəvi şəkil çəkdirmişdik. Sonra da 2021-ci ildə getdim. Bu xoşbəxtliyi bizə Siz bəxş etmisiniz. Siz deyirdiniz ki, bizim güclü Ordumuz var, mən nəyin və nə vaxt olacağını yaxşı bilirəm. Siz, nəhayət, bu uğuru gətirdiniz. Xalq Sizi çox sevir.
Prezident İlham Əliyev: Çox sağ olun, Rasim müəllim.
Rasim Balayev: Biz həmişə dövlətimizin, dövlətçiliyimizin arxasındayıq və gələcək işlərimizdə Sizin bu diqqətinizə layiq olmağa çalışacağıq. Mən inanıram ki, Sizin və xalqımızın sevdiyi filmləri yenidən çəkəcəyik.
Prezident İlham Əliyev: Çox sağ olun.
x x x
Dövlətimizin başçısı “İstiqlal” ordenini Rasim Balayevə təqdim edib.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)
Bəzi rayonlarda havanın temperaturu 44 dərəcəyə yüksələcək
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova hava proqnozunu açıqlayıb. O deyib:
“Hazırda ölkə ərazisində isti hava şəraiti müşahidə olunur. Əksər rayonlarda hava yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə, əsasən Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə təsiri nəticəsində həftəsonunadək havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 37-40°, bölgələrdə 36-41°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44°-dək yüksələcəyi gözlənilir.
Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər. Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində əhalinin bol-bol maye qəbul etməsi məsləhət görülür. Uzun müddət açıq havada günəş şüaları altında qalmaq tövsiyə olunmur.
“Ədəbiyyat və incəsənət”
(08.08.2023)
Ülviyyə Əbülfəzqızının “Sirli güzgü” kitabının və “Zaman-XXI” jurnalının ikinci buraxılışının təqdimatı olub
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Ülviyyə Əbülfəzqızının “Sirli güzgü” kitabının və “Zaman-XXI” jurnalının ikinci buraxılışının eyni auditoriyada təqdimatı baş tutmuşdur. “Sirli güzgü” kitabı şair-şəhid Səbuhi Əsədovun ruhuna ithaf olunmuşdur. Şəhidimizin atası Azər Əsədov, anası Cahan xanım da öz ürək sözlərini söyləmişlər. Ülviyyə xanım bu kitabı qələmə alarkən yazıçı Varisin “Qırmızı ləçəklər” romanından təsirləndiyini dilə gətirmişdir.
Kitabın redaktoru bəndənizdir - Habil Yaşar. Kitabın növbəti təqdimatları daha geniş auditoriya üçün də planlaşdırılır.
“Zaman-XXI” jurnalının ikinci buraxılışı da olduqca maraqla qarşılanmışdır. Jurnalda yazarlardan Mərcan Şahbuzlu, Gündüz Sevindik, Şamil Ənvəroğlu, Elmira İsmayılova, Gülnarə Məsum, Nigar Həsənzadə, Ülviyyə Əbülfəzqızı, Habil Yaşar, Könül Həsənli, Elsəvər Müseyibzadə, Təbriz Babayev, Yusif Cəbiyev, Mehman Xaliq, İslam İslamov, Murad Vəlixanov, Səmayə Mirzəyeva, İxtiyar Dönməz, gənc rəssamlardan Zəhra Həmidova, Günay Tarıverdiyeva, Aydan Aslanzadə, Çinarə Əkbərova, psixoloqlardan Müjqan Məmmədova və Aysel Ərəstunqızı işıqlandırılmışlar.
Tədbirdə əməkdar artist Fəridə Məlikova, gənc şairə Könül Həsənli də iştirak etmişdir.
Vətənpərvərliklə bağlı fəaliyyətlərə dəyər verən Zaporojye Kazakları Beynəlxalq Birliyinin rəhbəri marşal Yaroslav Bançuk tərəfindən “Marşal Üzeyir Vahabov” medalı Ülviyyə Əbülfəzqızına təqdim edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(08.08.2023)
Yuliy Qusman: “Bizim ailənin bütün üzvləri ildə bir dəfə də olsa, Bakıdakı evimizə gəlirik ki, buranın havasını, suyunu dadaq, ruhunu könlümüzə köçürək”
MƏŞHUR BAKILI İLƏ GÖYÜSTÜ SÖHBƏT
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Ya uzaq səfərə, ya da elə şəhər içərisinə çıxanda əlimi Tanrıya açıb: “Qarşıma işıqlı, nurlu insanları çıxart”- alqışını dilərəm o böyük Yaradandan. Atamdan öyrənmişəm bu alqışı və diləyi.
İyul ayının üçüncü ongünlüyündə Ata yurdumuz Qazaxıstana bu dəfə biznes-klass salonunda uçmalı oldum. Təyyarəmiz İstanbulda eniş etməklə Astanaya uçurdu. Yerim təyyarənin ən birinci oturacağında, pəncərənin böyründə idi. Mənimlə yanaşı oturacaqda əyləşən yaşlı kişiyə salam verib, keçib pəncərə tərəfdə yerimi tutdum. Təyyarə yuxarı qalxandan sonra, yanımda oturan göylərdəki yol yoldaşıma bir də diqqətlə baxdım:
-Bağışlayın, siz Qusmanlara çox oxşayırsınız.
-Özüdür ki var... Mən Yuliy Qusmanam.
-Ayyyy, nə gözəl, bu nə xoş təsadüfdür,- deyib sonra sevincimi izhar etdim. Hətta boynunu qucaqlamaqdan belə çəkinmədim. Belə həmsöhbətlə səssiz yol getmək günahdır.
Söhbətimiz şirin alındı desəm, inanın mənə. Dedi ki, kiçik qardaşı Mixail Qusman Şuşada keçirilən Qlobal Media Forumuna gəlib. O da fürsətdən istifadə edib, 3 günlüyə yolunu Bakıdan salıb. İndi İstanbula enəndən sonra, Amerikaya - evinə qayldacaq. Səhhətində narahatçılığı olduğundan, forumda iştirak edə bilməyib.
Söz sözü, söhbət söhbəti çəkdi. Soruşdum:
-Yuliy Solomonoviç, göyün 9-cu qatındayıq... Tanrıya, yaradana yaxınıq... Təyyarə göyə qalxanda əllərimi yenə Tanrıya açıb mən ondan diləklərimi dilədim. Bəs siz səma sərnişini ikən nə düşünürsünüz?
-Bu gün əslində hər kəs, Yaradana, göy səmaya çox yaxın olmalıdır. Çünki dünyada yaşamaq çətinləşib. Acılar, ağrılar, göz yaşları çoxalıb. Çoxdandır dünyada bu qədər göz yaşı axıdılmırdı. Lap çoxdan, 70 il idi ki, bu acılar tükənmişdi.
Acıları azaltmaq üçün müharibələrə son qoymaq lazımdır, deyilmi?
-Əlbəttə. İnsanlara gülüş, sevinc vermək lazımdır. Mən Bakıda doğulmuşam. Evimiz indiki Əlövsət Quliyev, o vaxtkı Montin küçəsində idi. Qara şəhərin yanında idi. Balaca, şəraitsiz otaqlarımız var idi. Baxmayaraq ki, atam və anam yüksək vəzifədə idilər. Atam Solomon Moyiseyeviç Qafqaz Hərbi Konfederasiyası üzrə tanınmış həkim-professor idi. Anam Lola Barsuk isə pedaqoji elmlər doktoru, professor idi. İnstitutda dərs deyirdi. Aza qane olub yaşayırdıq. Elə konfortumuz da yox idi. O vaxtlar insanlar bir-birini sevir, hörmət edirdilər. Mən sevinirəm ki, yenə də gəlib doğma Vətənimi, Bakını gördüm. Azərbaycanı çox sevirəm. Onun uğurlarına sevinirəm. Bu, bir həqiqətdir. Mən hər zaman Bakının adamları, dənizi, havası, meyvələri, mərkəzi üçün darıxıram. Bakının havasını heç nəyə dəyişmərəm. Baxırsan ki, indi şəhər dəyişib. Ürəyi, ruhu isə heç dəyişməyib. Bakı həmişə olduğu kimi qonqaqpərvər, delikat, incə və gözəldir.
Arada stüardesa xanımdan rica edirəm ki, şəklimizi çəksin. Xanım stüardesa şəklimizi çəkəndən sonra Yuliy Qusman ona təmiz bakılı ləhcəsində “Çox sağ olun...” deyir. Stuardesa xanım bizim üçün yemək gətirir.
Yeyə-yeyə həmsöhbətimin avtobioqrafiyası ilə də tanış oluram.
Yuliy Qusman 1943-cü ilin avqustunda Bakıda doğulub. İlk ali təhsilini Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunda alsa da, sonralar yaradıcılıq sahəsinə daha çox meyl edib. Yuliy və Mixail Qusman qardaşlarıının həm də peşəkar jurnalist istedadları olduğunu hər birimiz yaxşı bilirik.
Ona veriləcək suallarım çoxdur, müsahibə almaq məramım olduğunu deyəndə isə, o da bir az siyasi hazırlığından, bir az da jurnalist peşəkarlığından istifadə edib daha çox Bakı haqqında danışmağa üstünlük verir.
-Mən indi Bakıya baxıram və düşünürəm ki, bu şəhəri başqa necə gözəlləşdirmək olardı ki? Bakı həmişə gözəl olub. Yenə yaraşıqlıdır, yenə gözəldir. Dostlarımı gözəllik görmək üçün həmişə Bakıya dəvət etmişəm. Uşaqlığımın yaddaşında bir Qara şəhər vardır. Montinin uşaqları ilə - məhəllə uşaqları ilə biz oranın plyajına çimməyə gedirdik. (Onun uşaqlıq dostları, məhlə uşaqları Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Elmar Məmmədyarov... və digərləri olub). Mənim yaddaşımın Nizami parkı, neft emal edən zavodları var. Külək bərk əsəndə Qara şəhərdən Bakının içərisinə neft qoxusu gəlirdi. Baxmayaraq ki, şəhəri elə tikmişdilər ki, küləklər neft qoxusunu şəhərə az yaysın. Lakin külək elə küləkdir də... Ona biz yol göstərə bilmərik ki...
İndi Qara Şəhər dönüb olub Ağ Şəhər. Port Bakı tərəfdən şəhərin içərisinə gələndə şəhərin yeni görkəmi, dənizkənarı Bulvarın görüntüsü adamı valeh edir.
Yuliy Qusman elə danışır ki, mənə sual verməyə imkan olmasın. Mən də nəzakət xatirinə sözünü kəsmirəm.
- Mən rəhmətlik Heydər Əliyevlə çox yaxın dost idim. Fəxr edirəm ki, onunla dost olmuşam. Çox maraqlıdır ki, bu il onun 100 illik yubileyi oldu, mənim isə avqustun 8-də 80 yaşım tamam olur. Bu il bizim yubileylərimizin ilidir.
- Səkkizinci ayın səkkizində səksən yaş. Nə gözəl rəqəm sıralamasıdır. Bu ilin oktyabrında da mənim 60 yaşım tamam olacaq. Yubileyimdir.
-Sən hələ cavan qızsan.
Ürəkdən gülürəm Fikirləşirəm ki, bakılı oğlanın komplimenti lap əla oldu.
-Sözüm ondadır ki, mən o vaxtlar da Heydər Əliyevin ölkəni necə inkişaf etdirdiyinin şahidi olmuşam. İndi isə belə düşünürəm ki, İlham Əliyev də, Mehriban xanım da Azərbaycanı, Bakını gözəlləşdirmək üçün əllərindən gələni edirlər. “Qorxma, mən səninləyəm” filminin bir hissəsini İlisuda çəkirdim. O zaman İlisuya gedən yollar bərbad gündə idi. İllər keçəndən sonra “Qorxma, mən səniləyəm” filminin ikinci hissəsini də yenə orada çəkməli oldum. İndi başqa bir İlisu var idi. Hər tərəf işıqlı, yollar abad, gözəl şərait... O enli küçələri, meydanları tanımadım. Hara baxsan göz oxşayır. Bu inkişaf məni çox sevindirir, qürur duyuram.
-Nəinki İlisu, Azərbaycanın hər yeri, Bakı elə gözəlləşib ki... Bakının gözəl keçmişi olduğu kimi, gələcəyi də çox gözəl olacaq. Buna adım kimi əminəm.
-Dünyanın ən dadlı ənciri avqust ayının sonu, sentyabrın əvəvlində Bakıda yetişir. Doğrudur, indi Xəzər dənizi bir az geri çəkilib. Lakin nə fərqi var, Bakıdan çıxıb gedən deyil ki, yenə də bizimdir. Ümumiyyətlə, Bakının sakinləri, azərbaycanlılar çox istiqanlı və qonaqpərvərdirlər. Mənim doğma Vətənimə yersiz hücumlar başlayanda, onun haqqında xoagəlməyən şayiələr yayılanda çox incimişəm. İndi də bu məni incidir. Mən həmin adamlara oxuduğum 160 saylı məktəbdən danışıram. Deyirəm ki, bizim sinifdə 19 millətin nümayəndəsi oxuyubdur. Lakin biz heç vaxt kimin hansı millətdən olduğunun fərqinə varmamışıq. Bizim sinifdə altı şagird Qızıl medal almağa iddialı idi. Mən, iki nəfər azərbaycanlı, bir rus, iki nəfər də erməni: Saaakyan və Sarkisov. Bax, medalı sonda məhz o iki erməni aldı. Bakı üçün uydurulan erməni miflərinin hamısı yalandır. Bakı həmişə beynəlmiləl şəhər olub. Doğulandan 40 il müddətində hər zaman Bakıda yaşadım. Bu şəhərdə mən insanların necə xoşbəxt və mehriban bir ailə kimi yaşadıqlarının şahidi oldum. Heç bir millət, xalq haqqında yaman söz eşitmədim, burada heç kim sıxışdırılmadı.
Azacıq susub əlavə edir:
-Bax, indi Şuşada (19 iyul 2023 – red.) Media Forumu keçirilir. Səhhətimlə əlaqədar mən o forumda iştirak edə bilmirəm. Lakin qardaşım Mixail Qusman Forumun qonaqlarındandır. Bütün bu Zəfər Azərbaycanın və onun xalqının , onun rəhbəri İlham Əliyevin xidmətidir.
-Demək Qarabağ Azərbaycandır!
-Əlbəttə, elədir!
-Sizə bayaq içki təklif etdilər. Dediniz ki, içmirsiniz.
-Tələbəlik illərində içirdim. Sonra ara verdim. Qardaşım Mişa daha yaxşı içir. Mən tək-tək hallarda ya Novruz bayramında, ya da Yeni il şənliyində bir badə içərəm. Mənim temperamentim elədir ki, içkisiz də şənlənməyi bacarıram. Şərabı ona görə içirlər ki, əhval-ruhiyyə yüksək olsun. Ümumiyyətlə isə Azərbaycan şərablarını çox sevirəm. Keçmişdə Azərbaycanın şərab sənayesi “Ağ süfrə”, “Dəllər”, “Ağdam” şərabları ilə məşhur idi. İndi isə çoxdur yaxşı şərablar... Növləri də çoxalıb.
-Deyirsiniz ki, Bakı Şərq gözəlidir...
-Ümumiyyətlə, Bakı bu gün həm möhtəşəm Şərq şəhəridir, həm Avrasiyanın möhtəşəm şəhəridir, həm də Avropanın. Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində Bakı doğrudan da cazibədar görünür. Bu mədəniyyətlər Bakının küləkləri kimi bir birinə qarışaraq Səba Yeli yaradır. Mən bu doğma şəhərimi öyməkdən heç vaxt yorulmuram. Bakı nefti ilə Böyük Vətən Müharibəsi qələbəsi qazanıldı. İndi isə neftdən gələn gəlir vətənimin çiçəklənməsinə sərf olunur, ölkəyə gələn valyuta ciblərə deyil, Vətənin çiçəklənməsinə sərf edilir. Mənim 5 nəsil şəcərəm Bakıda yaşayıb. 1835-ci ildə Qusman ailəsi neft mütəxəsisi kimi buraya yerləşib. Ailədə nənə -babadan başqa 12 oğlan və iki qız olub. Ulu nənəmin məzarı da Bakıdadır. Uaşqlarıma da, nəvələrimə də hər zaman Bakıdan, onun inasanlarından, havasından, meyvəsindən, suyundan, qumundan, meynəsindən, əncirindən danışıram ki, unutmasınlar. Dünyanın ən dadlı albalısı Argentinada yetişir. Ən dadlı qarpız Sabirabadda və Həştərxanda bitir. Ən şirin əncir və üzüm isə Bakıdadır.
-Deməli, siz uzun illərdir ki, yəni Amerikada yaşayandan Bakı əncirinin dadmırsınız...
-Əncirin mürəbbəsini tapırıq. Lakin təzə əncir və xar tutu buradan Amerikaya göndərmək olmur. Yəni istəsən də gəlib ora çıxan deyil. Bakı ənciri heç yerdə bitmir. Bakı ola bilər ki, Dubaydan, Abi Dabidən, Nitsadan, Türkiyənin bahalı kurortlarından geri qalsın, lakin Bakının insanlarından heç yerdə yoxdur. Onların koloriti başqadır. Ona görə də bizim ailənin bütün üzvləri ildə bir dəfə də olsa, Bakıdakı evimizə gəlirik ki, buranın havasını, suyunu dadaq, ruhunu könlümüzə köçürək.
-Yuliy Solomonoviç, deyirsiniz ki, 80 yaşınız tamam olur. Nədir sizi belə cavan saxlayan?
- İnsan gərək pislik etməsin, xəbis olmasın, xəyanət etməsin... Bacarırsa yaxşılıq etsin. Onun qəlbinin rahatlığının işığı üzə nur verəcək.
- Maşallah olsun, lakin bu görəkəminizi, bu yaşamaq və yaratmaq həvəsinizi görəndə sizə heç 80 yaşı vermək olmur.
-Heç siz də pis görünmürsünüz, elə bil ki, 40-45 yaşınız var...
-Yuli Solomonoviç, daha sizə sözüm yoxdur...
-Gəlin elə burada da müsahibəni bitirək...
-Əlbəttə, siz necə istəyirsinizsə, eləcə də olsun!
Sonra uçuşumuzu sakitcə davam etdiririk. Bu müdrik insan nələrsə düşünür. Mənsə Yuliy Qusmanın özüylə tanış olduğumun, şəxsən özündən müsahibə götürdüyümün sevincini yaşayıram.
Bakıya qayıtdıqda bu yazını hazırlayıb məhz avqustun 8-də “Ədəbiyyat və incəsənət” portalında dərc etdirəcəyimə qərar verirəm. Və yazı dərcə gedəndə xəbər alırıq ki, 80 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Yuliy Qusmanı “Şöhrət” oredeni ilə təltif edib.
Sevinirəm. Bəlkə də səma yol yoldaşımın özü qədər sevinirəm.
“Ədəbiyyat və incəsənət”
(08.08.2023)
ANONS: Yuliy Qusmanla əməkdaşımızın eksklüziv müsahibəsi
Bu gün məşhur azərbaycanlı Yuliy Qusmanın 80 illik yubileyidir. Az sonra əməkdaşımız, tanınmış jurnalist Aida Eyvazlının onunla müsahibəsini sizə təqdim edəcəyik.
İyul ayının üçüncü ongünlüyündə Ata yurdumuz Qazaxıstana bu dəfə biznes-klass salonunda uçmalı oldum. Təyyarəmiz İstanbulda eniş etməklə Astanaya uçurdu. Yerim təyyarənin ən birinci oturacağında, pəncərənin böyründə idi. Mənimlə yanaşı oturacaqda əyləşən yaşlı kişiyə salam verib, keçib pəncərə tərəfdə yerimi tutdum. Təyyarə yuxarı qalxandan sonra, yanımda oturan göylərdəki yol yoldaşıma bir də diqqətlə baxdım:
-Bağışlayın, siz Qusmanlara çox oxşayırsınız.
-Özüdür ki var... Mən Yuliy Qusmanam.
“ƏƏdəbiyyat və incəsənət”
(08.08.2023)