“Yoxdur…” - ESSE Featured

Nigar Arif

“Ədəbiyyat və incəsənət” təqdim edir 

 

Hərdən ayaqlarımız bizdən əvvəl yüyürüb fikrimizin unudulmuş qatlarında, heç özümüzün də bilmədiyimiz, amma elə bil ki, çalışıb-vuruşub çox ciddi cəhdlə hamıdan gizlədiyimiz həmin o yerə - harasa getmək istəyir… Bax onda başa düşürük ki, əslində gediləcək heç bir yerimiz yoxdur… Ən pisi də elə budur… Yoxluq!.. 

 

Yoxluğun nə olduğunu anlamaq üçün elə də böyük savad, qeyri-adi bilik-bacarıq tələb olunmur… Əvvəl-axır hamımız az-çox bunun dadına baxırıq, barmağımızı batırıb pəh-pəhlə tamını yoxlayırıq, bəzən əlimiz yanır, bəzən ürəyimiz… “Yoxdur” sözü xəyal qırıqlığıdır, o qırıqlar çox zaman dərimizə batır, yaralayır, ağrıdır, olur ki, öldürür də… 

 

Binamızın arxa hissəsində zibil yeşikləri var idi… Yayın cırhacırında tez-tez üfunət iyi verəndə, hərdən külək də bu iyi qabağına qatıb məhləmizə qədər gətirirdi, yanından keçəndə əlimizlə burnumuzu tutsaq da, bir topa çibin-milçək çox həvəslə bu yeşiklərin başına dolanır, üzərində “ləzginka” oynayırdı… 

Bir dəfə həmin o yerdən keçəndə üst-başından çirk, üz-gözündən yazıqlıq, bədbəxtlik yağan bir qocanın bu zibil yeşiklərinin içində eşələndiyini, hər şeyi ələk-vələk etdiyini gördüm… Mən onda uşaq idim, bir uşaq bu mənzərə qarşısında nə qədər heyrətlənə, nə düşünə bilərdisə onu da düşündüm: “Görən zir-zibilin içində neyləyir, bu adam dəli olub?”…

Çox keçmədi, yağış yağanda ortaya çıxan balaca göbələklər kimi haradansa başqa məhlələrdən də bir yığın uşaq peyda oldu, əllərini əllərinə vurub başladılar qocaya gülüb ələ salmağa… Dəyəsən bu hadisə bircə məni əyləndirə bilməmişdi, “komik” deyildi… “Görən acdır? Yəni doğrudan da bu üfunətin içində yemək axtarır? Yazıq…” …deyə ağlımdan bir sıra suallar keçirdi… 

Bir xeyli yeşiklərin içindəkiləri töküb -dağıtdıqdan sonra axır ki, o çirkabın içindən çıxdı, bu dəfə də yerdə oturan qoca başını aşağı salıb “ yoxdur” deyərək ağlamağa başladı, onun bu hərəkəti bayaqdan gülən uşaqları elə çaşdırmışdı ki, elə bil qurbağa gölünə daş atılmışdı, hamı susmuşdu… Qoca kiminsə “Nə yoxdur?” sualına “Oğlum yoxdur, burda da yoxdur, heç yerdə yoxdur!”… cavabını verəndə mən artıq burnumu tutmamışdım, əlimlə “yazıq qoca” deyib göz yaşımı silirdim…

Sonradan öyrəndik ki, müharibədə oğlunu itirən ata havalanıbmış, bu “üzümüzdən iraq olsun” dediyimiz hadisə baş verəndən bəri ağlı onu tərk edib hər yerdə bu cür balasını axtarırmış, bəzən öz-özünə gülüb oğlu ilə danışırmış, bəzən də… yəqin ardını eşitmək istəməzsiniz…

Bəzi sonluqlar bilinməyəndə daha yaxşıdır… Ümumiyyətlə, bəlkə də hər şey ona görə var ki, heç nə yoxdur… Nə olursa olsun, ən xırda məqamda belə “ yoxdur” kəliməsi tikan kimi batıb diksindirməyi bacarırsa, bu var olanları xatırlatmaq üçündür, şükür etməyi bacarmağımız üçündür, çünki əlimizdə olanlar əllərində olmayanların xəyalıdır… Gediləcək heç bir yerimiz yoxdursa, qoy olmasın, bəlkə olduğumuz yer elə olmalı olduğumuzun ən yaxşısıdır? Kim bilir?…bəlkə də…

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.