Super User
Sabah Xalq artisti Eyyub Yaqubov “Big band sound pro” qrupu ilə konsert verəcək
Sabah və birigün - avqustun 19-20-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Eyyub Yaqubov və "Big band sound pro" qrupunun birgə konserti təşkil olunacaq.
“Big band sound pro” qrupunun müşayiəti ilə Xalq artistləri Eyyub Yaqubov, Cavan Zeynallı və qrupun bədii rəhbəri Fuad Musayev bənzərsiz ifaları ilə tam fərqli şou formatında yenidən tamaşaçıların qarşısına çıxacaqlar.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Sizcə, Azərbaycanın ən isti guşəsi haradır?
Respublikanın əksər bölgələrində avqust ayının birinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib, havanın orta temperaturu çoxillik iqlim normasından 3-5º yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə norma daxilində olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 29º, Qarabağ bölgəsində, Mil – Muğan, Gəncədə, Goranboyda və Mərkəzi Aranda 30-31º, Lənkəran - Astara bölgəsində 28º, Tovuz-Qazaxda 21-29º, Quba və Dağlıq Şirvanda 27º, Şəki - Zaqatalada 27-28º qeydə alınıb.
Havanın minimum temperaturu Gədəbəy və Qazaxda 13º, Qubada 18º, Dağlıq Şirvanda, Naxçıvanda, Zaqatalada, Tovuzda və Ceyrançöldə 19º, Lənkəranda, Gəncədə, Şəkidə və Qəbələdə 20º, Qarabağ bölgəsində 21º, Cəfərxanda və Mərkəzi Aranda 22º, Maştağada 23º təşkil edib.
Demək, Azərbaycanın ən isti bölgəsi Mərkəzi Aran rayonları (Kürdəmir başda olmaqla), ən sərin bölgəsi isə Gədəbəydir.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Hər halda, Nizami Gəncəvinin kəllə sümüyü harda saxlanılır?
Dosent Zaur Əliyevi biz ən maraqlı mövzuların müəllifi kimi tanıyırıq. Bu gün də o, öz ampluasındadır. Nizami Gəncəvi ilə bağlı araşdırma edib. “Ədəbiyyat və incəsənət” portalı onun “Nizami Gəncəvinin kəllə sümüyü harda saxlanılır?” adlanan araşdırmasını öz oxucularına təqdim edir.
Dünya elminə və poeziyasına əvəzolunmaz töhfələr verən Nizami Gəncəvi (Gəncəli) Şərq və Qərbin bu gün də araşdırdığı və hələ də öyrəndiyi böyük bir şəxsiyyətdir. Nizami Gəncəvi (Gəncəli) bütün dövrlərdə çox sevilib. O təkcə şair deyil, eyni zamanda bütün elmlərdən vaqeh olan dahi mütəffəkir idi. Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar Birliyinin birinci Konqresində nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb. Elə şəxsiyyətlər var, onlar tək bir xalqa yox, bütün dünyaya məxsusdurlar. Azərbaycan xalqının dünya ədəbiyyatına verdiyi dahilərdən biri də Nizami Gəncəvidir. (Gəncəli) Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla “Xəmsə”-nin üzü dəfələrlə köçürülmüşdü.
Böyük Nizami Gəncədə dəfn edilmişdi. Onun doğum tarixi kimi, vəfat tarixi də mübahisəlidir. Nizaminin vəfat tarixini qeyd edən orta əsr bioqrafları bir-biri ilə fərqli tarixlər yazıblar. 1180-1217-ci arası bu gün də mübahisələr gedir ki, nəticədə 37 il fərqi olan müxtəlif rəqəmlər göstərirlər. Lakin son məlumatlara inansaq, 63 il ömür sürən Nizami Gəncəvinin 1947-ci ildə məqbərəsində aparılan qazıntı işləri zamanı sinə daşı tapılıb. Daşda Nizami Gəncəvinin 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyi yazılıb. Böyük Həmid Araslı “Ədəbiyyat və incəsənət” qəzetinin 25 fevral,1983-cü il sayında yazır: “Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. …məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş”
Lakin zaman keçir və Nizaminin məzarı baxımsız və diqqətsiz qalır. Səfəvilər Gəncə şəhərini 1590-cı ildə imzalanmış İstanbul sülh müqaviləsinin bir nəticəsi olaraq, Osmanlılara verməli olmuşdular. Bu zaman Nizaminin məzarı hələ də ziyarət edilirdi. Osmanlı ordusu təhlükəsini aradan qaldıran Şah Abbas Gəncə şəhərini geri qaytarmaq üçün müharibə niyyəti ilə bura böyük qoşunla gəlir. İskəndər Münşi yazır ki, 1606-cı ili fevralında Gəncəyə yaxınlaşan Şah Abbas Nizaminin türbəsi yaxınlığında düşərgə salır. Qızılbaşlar 1606-cı il 4 iyul tarixində hücuma başlayır və əlbəyaxa döyüşdə Osmanlı qoşunları qızılbaşlara diqqətəlayiq itkilər verirlər, ancaq onlardan 2.500 nəfər əsgər həlak olur. Nəhayət, Gəncə bəylərbəyi Mehmed Paşa təslim olur və Şah Abbas ilə ordusu qalanın nəzarətini ələ alır. Bu döyüşlər zamanı Nizaminin məzarı da ciddi dağıntılara məruz qalır. Şah Abbas Gəncəyə dəyən dağıntıları düzəltmək əmri verir, lakin Nizaminin məzarı bu əmrdən kənarda qalır. Özünü qatı şiə hökmdarı hesab edən Şah Abbas Nizaminin sünni müsəlman olmasını əsas götürüb onun məzarını təmirdən kənarda saxlayır.
Qeyd edim ki, o dövrdə sufiliyin sol cinahı – əxilik – qardaşlıq cərəyanı daha geniş yayılmışdı. Sənətkarların təşkil etdikləri əxilik silahlı mübarizə üsuluna daha çox üstünlük verirdi. Əxilər emalatxana sahiblərinə, ruhanilərə, sələmçilərə, dövlət məmurlarına qarşı mübarizə aparır, ehtiyac içərisində yaşayan şəxslərə köməklik göstərirdilər.O, vətəndaş cəmiyyətinin elementlərini özündə daşımış və xalq demokratiyasının inkişafına təkan vermişdir. Lakin qeyri-demokratik sistemlərdə onlar öz fəaliyyətlərini çox vaxt gizli şəkildə həyata keçirməyə müyəssər olmuşlar. Nizami Gəncəvi, Məshəti Gəncəvi, Xəqani Şirvani və başqa bu kimi dahilərimiz bu təşkilatın fəaliyyətində iştirak etmişlər.
Uzun zamandan sonra Gəncənin imkanlı ailələri pul yığıb məzarı təmir edirlər.
Lakin dahi Nizaminin məqbərəsi yenidən, lakin bu səfər tamamilə bərbad günə Rusiya-İran müharibəsi dövründə, 13 sentyabr 1826-cı ildə Gəncə ətrafında baş verən döyüşdən sonra düşür. Qeyd edim ki, Qacar şahı Abbas Mirzə döyüşdən əvvəl gəncəlilərin Nizami sevgisini bildiyi üçün onların yanında belə bir əmr imzalayır “Gəncə azad ediləndən sonra Nizaminin günbəzi qızıldan düzədilsin”
Lakin Qacarlar məğlub olurlar və ruslar Gəncəni işğal edəndən sonra uzun illər Nizami Gəncəvi (Gəncəli) məzarı dağınıq vəziyyətdə olur. 1875-ci ildə İsgəndər bəy Axundov və 1879-cu ildə Həcc ziyarətinə gedən Seyid Əzim Şirvani bu qəbri ziyarət edib yazırdılar: “ Şeyx Nizami məqbərəsinin tağı uçulub tökülüb, üstündə ilan və kərtənkələlər sürünən kərpic günbəz indi çovğun və istilərdən onun məzarını qoruya bilmir”
1881-ci ildə Tiflisdə arxeoloqların qurultayı keçirilir, tədbirə rusiyalı və avropalı mütəxəssislər toplaşır. Qurultay keçirilən ərəfədə avropalı arxeoloqlar Gəncəni görmək adı ilə Nizaminin məzarına gəlirlər. 525-ci qəzetdə bu barədə geniş yazı yazan Zakir Muradov bildirir ki, “avropalı bir heyət gəlib lağım ataraq Nizaminin qəbrindən yazılı qəbirüstü daşı aparmışdır. Nizaminin qəbrindən həmin başdaşı ilə bərabər, əski məqbərənin günbəzindən uçub tökülən qədim Kufi yazılı kərpiclər də yox olmuşdur".
Bu qəbirüstü daş Tiflisə, sonradan isə İrana aparılıb. Sovetlər isə izn verməyiblər ki, İranla münasibətlər korlanması deyə axtarış edilməsin. Beləliklə daş hazırda İranda saxlanılır.
1922-ci ildə şairin məzarı açılmış, qalıqları yeni tabuta yığılaraq dəfn edilməsi üçün Gəncə şəhərinə gətirilmişdir. Lakin, sonradan Bakıdan gələn göstərişə əsasən tabut geri qaytarılmış və əvvəlki yerində dəfn edilmişdi. 1932-ci ildə isə onun məzarı üzərində yeni qəbirüstü daşlar qoyulur. Həmin dövrdə artıq türbənin şimal divarı da uçmuş, yalnız təməl və 4–5 sıra hündürlüyündə kərpic hörgü saxlanmışdır.
1940-cı ildə Nizaminin məzarı üzərində məqbərə inşa ediləcəyi nəzərə alınaraq, arxeoloji qazıntı işlərinə başlanılır. Bu qazıntılarda sovet antropoloqu, arxeoloqu Mixail Mixailoviç Gerasimov da iştirak edir. lk dəfə olaraq başın yumşaq toxumaların quruluşunun və kəllə skeleti arasında müəyyən asılılığın olmasını elmə gətirən Gerasimov məzardan çıxan sümükləri incəlməyə başlayır. O zaman o təklif edir ki, Nizami Gəncəvi (Gəncəli)-nin kəllə sümüyünü ona versinlər və o kəllə skeletinə görə şəxsiyyətin eyniləşdirməsi və kəllənin təsvirinə görə kəlləsi güman olunan şəxsin həyati fotoşəklini müəyən etsin. Yerli əhalinin və ağsaqqaların xəbəri olmadan Nizaminin kəllə sümüyünü ona verirlər və Gerasimov onu götürüb Sank-Peterburq şəhərinə gedir. Qeyd edim ki, bu M.M.Gerasimov kəllə sümüklərinin əsasında Əmir Teymurun simasını bərpa etmək fikrinə düşən və onun məzarını açan adamdır.
Gerasimov kəllə sümüyünü geri qaytarmır, lakin məzar bərpa olunmalı idi. Çünki içərisində iki qəbr var idi. Biri ehtimallara görə Məhsəti Gəncəvinin qəbri idi. Məqbərə tikintisi başa çatmalı idi. Elə bu zaman, 1941-ci ildə Almaniyasının SSRİ-yə qəfil hücumu bu yöndə planları pozdu. Məqbərənin tikintisi təxirə düşdü. 1947-ci ildə isə məqbərənin tikintisi tamamlandı. Lakin bu zaman dahi Nizaminin məzarında onun kəllə sümüyü yox idi. Gerasimov onu geri qaytarmadı. Bəzilərinin iddiasına görə guya Nizaminin kəllə sümüyü Peterbuqrda saxlanılır. Lakin bir versiyaya görə Gerasimov onu ermənilərə satıb və hazırda həmin kəllə sümüyü Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzində gizlədilir.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
“İmtinalardır, qoruyur məni...” - Qali-Dana Singerin şeirləri Səlim Babullaoğlunun təqdimatında
“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim etməkdədir. Bu gün Qali-Dana Singerin poeziyası ilə tanışlıq baş tutacaq.
Qali-Dana Singer – tanınmış şairə və tərcüməçidir, ivritdə və rus dilində yazır; ingilis, amerikan, rus poeziyasının ivritə və çağdaş yəhudi şeirinin ruscaya tərcüməçisidir.
1962-ci ildə Sankt-Peterburqda doğulub. 1988-ci ildən Qüdsdə yaşayır. “İO” və “İki nöqtə” jurnallarının redaktorudur. Əsərləri İsraildə, Rusiyada, İngiltərə və Fransada nəşr edilib.
Y.Saban mükafatının (1997), “Poeziya-2000” ödülünün və İsrail baş nazirinin xüsusi mükafatının (2004) laureatıdır.
Etiraf
Daha o bər-
bəzəkli konfetləri sevmirəm
(heç vaxt da sevməmişdim),
barbarisi, düşesi,
nanəcövhəri heç demirəm.
Daha o bər-
kimiş, uzunsov, solğun
sarı, yaşıl, yarımşəffaf şeyləri
görmək istəmirəm (əvvəl görmüşdümmü)
tutqun əzilmiş kağızlara bükürlər,
ağızdan çıxardanda parıldayırlar.
amma bilirsən
indi (əvvəlkitək) o bər-
bad şəkildə yanıq qoxuyan
qənnadı fabriklərinin ruhunu
hiss edəndə
ürəyim ağzıma gəlir həyəcandan.
Qoruqçunun şikayəti
“Qoruqçu olmaq istəmirəm”- dedi qoruqçu.
Qoruqsuz olmaq istəmirəm,
Qoruqlu olmaq istəmirəm.
Qor olmaq istəmirəm.
Qara daş olmaq istəmirəm.
Qumbara olmaq istəmirəm,
qırmaq da istəmirəm.
imtinalardır, qoruyur məni.
Özümü gözləyirəm qorxunc göz kimi.
“Gözətçi olmaq istəmirəm” – dedi gözətçi.
gözdə-qulaqda olmaq istəmirəm,
göz də olmaq istəmirəm.
İmtinalar məni gözətləyir, gizləyir,
küləkdə tərəddüdlə gizildədir.
“Burda, qapıdayam” – dedi qapıçı,
arzum nədir,
heç kim soruşmayıb, bilmir.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
“Liman” – Güneyli yazar Əli Çağlanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər layihəsində bu gün sizlərə portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanın “Liman” hekayəsini təqdim edəcəyik.
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zincirləri qıram gərək, qıram, qıram!..
Xəlil Rza Ulutük
Uzaqdan əzanın səsi eşilirdi. "Bir neçə dəqiqədən sonra Təbrizin xiyabanlarında olanişıq dirəklərinin hamısının işığı bir göz qırpımında söndürüləcəkdir. Qızım, qaranlıqdan qorxmadın? Sonra kimisə qayışını bağlaya-bağlaya evdən küçəyə atılıb yerə tüpürəcəkdir. Qızımı sənə tapşırıram ilahi? Bələdiyyəişçilərinin süpürgəsinin səsini avtomobillərin uğultusu batıracaqdır. Qızım ağıllıdır, bilirəm. Hansısa əsgərin çiynində özündən böyük çantası ilə yorğun ayaqlarına təpilmiş məcburi botlarının bağını bağlamayıb tappıldada-tappıldada kazarmaya geri dönəcəkdir. O gün qızım hara qaçırdı? Kimisə ərini işə getmək üçün oyatdığı zaman, evləndiklərindən bəri it kimi boğuşsalar da, onun gecədən öldüyünü sezdikdən sonrahay qopararaq başına döyüb qonşuları şirin yuxusundan eləyəcəkdir. Qızım gecəni şirin yata bildinmi? Sonra şəhəri günəşin işığı bürüyəcək, ölü daşıyan avtomobilin sürücüsü mürgülədiyi anda tibb bacısı zəng açıb o kişinin cəsədini daşımaq üçün ünvanını təkrarlayacaq. Qızım harda yatdın bu gecəni?Bir neçə Adəm də gecələr Həvvanın yuxusunu görüb sayaqladıqdan sonra gözünün içini ova-ova çörək növbəsində dayanacaq. Qızım, ac deyilsən? Kimisə tələsə-tələsə bankdan növbə alıb ac-susuzcasına bank işçisinin yuxudan oyanıb iş başına dönməyini gözləyəcəkdir. Qızım, pulun yox idi, anan ölsün qızım..." - deyərək polis idarəsinin kamerasının soyuq kafelinin üzərində uzanıb şəhərdəki özgür insanlara fikirləşirdi. Kameranın qapısının cüyültü səsi qulağının içinə girmək istəyən milçək kimi vızıldamağa başladı. Məhbus qadın, diskinib yerindən qalxdı. Uzandığı yerdən boylanıb kor adamlar kimi tor pəncərəyə baxıb gözlərini qırpdı. Hələ gün təpələrin arxasında gizləndiyinə əmin idi.
"Əşhədü ən la ilahə illa allah" - səsini uzaqdan yel gətirmirdi, polis idarəsinin həyətinin o tayında yerləşən məscidin audio lentindən qalxan səs idi. Qapını açıb içəri keçən Agent qadının üzü açıqcasına görünmürdü. Yerdə uzanan Məhbus qadın ayağa qalxmağa çalışsa da, gecədən göm-göy göyərən yaraları ağrımağa başladı. Anidən beyninə “Nə çətindir! Bir var insan vurularkən gözləri açıq olub haradan dəyiləcək zərbənin yerini bədənində qısmağa çalışsın, bir var qapalı gözləri ilə birdən-birə bədəninin naməlum yerinə zərbə vurulsun! Görünən zərbəni işkəncə, görünməyən zərbəni cinayət adlandırmaq olar!..” fikiri çatdı.
Ancaq qadın bir şeyi bilmirdi. O da zərbə vuranın əllərinin məsələsi idi. Əslində sillə yeyən şəxsin təkcə üzü deyil, sillə vuranın əllərinin içi də onun üzü qədər ağrıyır. Bunu işkəncə verən şəxs hamıdan daha yaxşı anlayır, amma üzə gətirmir.
Qara çarşablı Agent qadın, boğuq səsi ilə yerdə uzanan Məhbus qadını ayağa qaldırmağa çalışdı. Çarşabının altından qandalı çıxarıb yuxulu Məhbus qadının qoluna bağladı. Çarşablı Agent qadının sağ qolundakı qızıl bilərziklər bir-birinə toxunaraq səs salırdılar, sarı qızıllar qaranlığın bağrını yararaq gözə girirdilər, qızıldan biraz üstlükdə paltarının iki qolunda isə par-par parıldayan içi boş iki sarı ulduzlar Agent qadının qızıllarına tay parıldasa da, qızıldan deyildi, amma Agent qadın onlara qızıldan daha çox dəyər verdiyi məlum idi. Məhbus qadının heç zaman taxa bilmədiyi qızıl, bəzək əşyaları yadına düşdü. İnsan bir işi görməyirsə, bir şeyi təcrübə etməyirsə, o görmədiyi iş necə yadına düşə bilər?
Çarşablı Agent qadın "Qorxma qızım, səni həkimə aparıram, gecə səni çox əziyyət eləyiblər, bədənin zəifləməyə başlayıbdı. Bir ağrıkəsici iynəsi vurandan sonra rahat olacaqsan." - deyib Məhbus qadını razı salmağa başlasa da, Məhbus qadın iki könüllü qalmışdı. “Ya məni asmağa aparırlar, ya da həqiqətən xəstəyəm. Axı dünən kamera çox soyuq idi. Hə, ümid hər nədən yaxşıdır, məni bu Agent qadın həkimin yanına aparır.” – deyərək düşünürdü.
Dərd insanı boğduğu zaman, insan hər nəyi unutmağa məruz qalır. Bu iki gündə Məhbus qadına görülən işkəncələrə görə niyə, necə xəstələndiyini özü də anlaya bilmirdi.
Addımlarını birgə atan iki qadın, xəlvət zalın bir başından gəlirdilər. Agent qadının yeridiyi anda qara çarşabı havada fırlanıb özü zənn etdiyi azadlıq bayrağı kimi dalğalanırdı.
Səkkiz yaşlı qızını özü böyüdürdü. Lənətə gəlmiş narkoman əri gecələr evə gələndən sonra onu cəlladlar kimi döydüyündən bezar olandan sonra işləri məhkəməyə çəkib boşanmışdılar. Qızını məktəb qabağında gözləyəndən sonra məktəbin son zəngi vuruldu. Məktəbin həyət darvazasının ağzında dayanmış qadın, qızını məktəb uşaqlarının hamısının bir geyindiyi paltarların arasında tanıyıb əl salladı. Uşaqların hamısı çığıra-çığıra atalarının qucağına qaçırdılar, amma qadının kiçik qızı məyuscasına ağır addımları ilə anasına tərəf yeriyirdi. Anası onun kövrək olduğunu düşünüb qucağını açıb qızını səslədi. Nə adı ilə səslədi? boş ver, onsuz da bu ölkədə yaşayan qızların adının dəyəri yoxdur, hamısı qızdır, hamısı sabah böyüyəndən sonra döş çıxardacaq, qırmızı pomada vuracaq, açıq-saçıq paltar geyinib gəzəcəklər. Onları azadlıq xiyabanında dustaq etdikləri anda o səhnəyə şahid olan bığlı kişilər evlərinə dönüb ayaqlarını uzadıb çay içdikləri zaman qadınlarına “Bir neçə qızı açıq-saçıq gəzərkən dustaq etdilər” deyib çaylarının soyumamasına tələsək qurtu ilə içəcəklər.
Ana ilə bala qucaqlaşdıqdan sonra, kiçik qız başındakı yaylığı çıxardıb anasına verdi. Qadın, yaylığı özü götürdüyü çantanın içinə qoydu.
- Ana, Bəyani müəllimə sprey almağımızı istədi. Dedi sabah məktəb həyətinin divarında rəsim çəkəcəyik.
- Həmən gedib alarıq qızım, nigaran qalma.
Qadının yannda pul az olsa da qızının könlünə toxunmağa dəyməzdi. “Olsun, bu gün taksi pulumuz olmasa da, evə piyada gedərik” – deyə fikirləşdi. Məktəbin yan xiyabanındakı qələm-dəftər satılan dükana keçib iki qara rəngdə sprey alıb qızının çəhrayı çantasına qoydu.
Onlar xiyabandan keçdikləri anda, qızı uzun bir dəmirin üstündən dalğalanan İranın bayrağını göstərdi:
- Ana... Ana... – dedi. – Bayraq necə dalğalanır? Bu nə səbəbdəndir? Bəyani müəllimə yelin əsdiyinə görə onun dalğalandığını deyir. Ana, axı indi yel əsmir, o necə dalğalanır?
Qadın, kiçik qızının qulpundan yapışdığı məktəb çantasını qolunu aşıraraq çiyninə atdı.
- Qızım – dedi – bayraq dalğalanmır, bayraq yel ilə birgə əsmir. Bayraq rəqs edir, bilirsən?
- A... Bu olan işdir axı?
Qadın bu işin həqiqi olub-olmamasını dəqiq bilməsə də, öz sözünə yekun vurub təsdiqləməyə məcbur idi:
- Bəzən qeyri-adi işlər olmağa başlayır. Hər ölkənin bayrağı da yelin qammaları ilə rəqs edir. Bir bayraq zəfər qammaları, bir bayraq kədər qammaları, məğlubiyyət qammaları ilə rəqs edir. Bax qızım, indi sənin sarışın saçların da rəqs edir, sənin yeriş qammaların ilə.
- Bunu Bəyani müəllimyə danışacağam.
Polis idarəsinin uzun, xəlvət zallarında addımlayan Agent qadının çarşabı dönümləri döndükcə daha çox rəqs etməyə başlayırdı. Məhbus qadının çarşabı kədər, ayrılıq, dustaq, işkəncədən yaranan qammalar ilə, qızıl bilərzikləri cingildəyən Agent qadının çarşabı isə özündə vizuallaşdırdığı dindən yaranan özgürlük, sevinc qammaları ilə rəqs eləyirdi. Məhbus qadının kiçik qızının sarışın saçlarının necə rəqs elədiyini gözündən yayındıra bilmirdi.
Məktəbdən qızı ilə qayıdan zaman “Bu yol nə qədər uzundur, niyə evə çatmırıq?” – deyən qadın, indi isə klinikaya getdiyi yolun uzun olduğunu düşünən Məhbus qadın xarakterinə çevrilmişdi.
- Bu boyda polis idarəsinin işkəncə bölməsinin bir klinikası var – Agent qadın yorulmuşdu. – Biri xəstələnərsə kameradan klinikaya gələnə qədər yeddi kəfən çürüdər.
Məhbus qadının canına qorxu çökdü:
- Biri xəstələnərsə? Məgər mən xəstələnməmişəmsə klinikada nə işim var?
Artıq azanın səsi kəsilmişdi. Agent qadın nəfəsini dərib saxlayandan sonra qabaq dişlərinin sınıq yerindəneşiyə buraxdıqda, xəlvət zalda firt səsi divarlara dəyib qayıtdı:
- Füsssüüüü... Bu yollarda sümük sındırmışam, sonunda kəfən çürütməsəm yaxşıdır.
Məhbus qadının kiçik qızı yadından çıxmasa da dilinin altında mızıldadı:
- Sən niyə narahatsan?
- Narahatam ana, bilirsən nədən?
- Sənə qurban olum qızım, nədən narahatsan?
- Saçlarımın necə dalğalandığından narahatam. Saçlarımdan qorxuram, birdən kədər qamması ilə dalğalandığından qorxuram. Kaş oğlan olaydım ana, böyüdükdə saçlarımı qırxdırıb şəhərdə yaylıqsız özgürcəsinə gəzə bilərdim.
Qadın qızının əlini bərkdən sıxaraq udqundu:
- Yox, qızım, bu sözü bir də dilinə gətirmə. Sənin saçlarının dalğalanması özgürlük qammaları ilə dalğalanır. Qızım, sənin saçlarının dalğalanmağını özün görmürsən, amma mən görürəm.
Kiçik qız anasının əlini bərkdən sıxaraq ah çəkdi. Xiyabanın o tayında üç erkək polis dayanmışdılar. Çiynində üç böyük sarı ulduzu olan erkək polis, sanki o biri dayanan erkək polislərin rəisi idi. Çiynində çəhrayı məktəb çantası ilə gedən ana ilə kiçik qızını görən kimi donub dayandı.
Gülə-gülə səkkidə addımlayan kiçik qız ilə qadının önündə dayandı. Bir əlini belindəki Zoaf adlı tapançasının qundağına, bir əlinin də iç üzünü açıq şəkildə qadın ilə kiçik qız gələn tərəfə tutub “Dayanın” – dedi. Kiçik qız ən gözəl sığınacaq yer anasının kürəyidir deyə anasının buduna sarılaraq gizləndi.
Qadın “Buyurun cənab, nəsə olub?” – dedi.
- Çantanı boşaldın.
- Hansı çantanı cənab.
- Hər ikisini də.
- Nədən?
- Sizə deyirəm çantaları boşaldın.
- Sənə deyirəm çantanı boşalt.
Həkim qadın idi, əsəbiləşmişdi.
Agent qadın, ayağa qalxıb iynə, şərbət, dərman olan çantaya tərəf addımladıqda dönüb Həkim qadının önündə kinolarda bir-biri ilə öpüşən iki aşiq kimi üzünü üzünə yapışdıraraq:
- Mənə bir də belə əmr eləmə. Səni it gününə qoyaram. Hambal axtarırsansa odur, rəisə məktub yaz, yardım üçün yanında tibb bacılarından birini gecələr saxlasın, nə istəyirsənsə qabağında tir-tir əssin.
Həkim qadın uşaqyana sifətini çevirib öz işinə görməyə başladı. Ona toxunsaydın, ağlayacaq kimi görünürdü. Sanki evdəki böyük bacısı üstünə çımxırıb ona yemək payını az vermişdi. Məhbus qadın klinikanın içinə ayaq basdığı andan fikir boğurdu.
- Fikirləşməyə gərək yoxdur. Bir polis olaraq çantaları boşalt deyirəmsə, boşaltmalısan.
Erkək polis tapançasını çıxardıb qadına tərəf tutdu. Kiçik qız ağladı. Səhnəni dövrələyib baxan adamlar bir neçə addım geri çəkildilər. Xiyabanın o tayında polis avtomobilinə söykənən başqa erkək polislər də qadın ilə kiçik qızı, camaatın baxdığı sıradan səkkiz-doqquz addım qadın ilə kiçik qızın yaxınlığında mühasirəyə saldılar.
Qadın, kiçik qızına təsəlli verdi. İlk öncə öz çantasını çıxardıb yerə boşaltdı. Pomada, sürmə, bəzək əşyaları, qızının ağ yaylığından sonra heç nə yox idi. Özünü itirmədi, çantadan boşaldılan bəzək əşyaları ilə ağ yaylığı bir-bir çantanın içinə qaytardı.
- O biri çantanı da boşalt.
Qadın, kiçik qızının məktəb çantasını çiynindən aşırıb fermuarını açdı. Önündə dayanıb tapança ilə qadını hədəfə alan erkək polis qışqırdı:
- Çevir, nə varsa yerə boşalt.
Qadın, çantanı tərsinə tutub içində olan əşyaları boşaltdı. Çantanın içindən qızının dəftərləri, kitabları, qələmi yerə düşdü. Sonunda isə iki sprey yerə düşüb səkkidə diyirləndi. Erkək polis bir əlini tapança ilə qadının üstünə tutduğu zaman, bir əli ilə sinəsində olan ratsiyanın böyrünü sıxıb başını biraz da endirdi.
- Mərkəz... Mərkəz... Əməliyyat uğurla görüldü. Çantanı boşaltdıq, içində sprey var idi.
- Yox, yox, bizim heç günahımız yoxdur.
Kiçik qız qollarını anasının qıçına daha bərkdən dolayıb çığırdı:
- Ana... Ana...
- Bunlar... Bu... Bu... Bunlar nədir?.. Nə... Nəd...
- Ana, ana.
Erkək polislərin biri çığırdı:
- Sənə deyirik özünü təslim elə. Diz çök, əllərini başına qoy.
- Ana... Ana...
- Qızım... Qızım... – deyib erkək polisə üz tutdu – Nə olar? Qızımla işiniz olmasın. Qızım...
Mikroavtobusun arxasından iki qadın polis düşüb sel kimi dalğalanan camaatın arasından gəmi kimi yol açıb səhnəyə girdilər. Çarşablarını yellədə-yellədə xiyabanı adlayıb qadın ilə kiçik qızına tərəf gəldilər.
- Ana... Ana...
Bir qadın polis kiçik qızdan, o birisi də qadının qollarına qandal vurmaq istəsə də, ana ilə kiçik qızı dartınırdılar.
- Ana... Ana...
Kiçik qız, qadın polisin əllərindən qurtulub anasına tərəf qaçmaq istədiyi zaman, qadın polis kiçin qızın saçlarından yapışıb yoldu. Yerdə sürütləyib ayağa qaldırdı. Başının ortasından qapaz vurduğu zaman kiçik qız pişik kimi vəngilti səsi çıxartdı.
Qadın, bu səhnəni gördüyü zaman dartınıb onu qandallamaq istəyən qadın polisin əlindən çıxdı. İnsanın dişini, bağırsağını hirs kəsdiyi zaman daha çox güclənər, qabağını heç kim saxlaya bilməz. Qadının gözləri dərhal yerdə yarımçıq kərpiçə sataşdı. Bu kərpiçi bura kim atdığı ilə işim yoxdur, amma sanki kərpiçi ora qısas ilahələri qoymuşdular, birinin başına çarpılmaq üçün.
- Bu kərpiçləri bura nəyə qoyubsunuz?
Agent qadın idi. Çantanı yerə boşaldıb ayağa qalxdıqdan sonra gözlərinə sataşmışdı.
- Sabah, yox, yəni bu gün nahar çağı işçilər gəlib divar işləyəcəklər.
Həkim qadın, Məhbus qadının qolunu əli ilə açıb mavi rəngdə bir bağ bağlayıb sıxdı. Sonra alkoqollanmış pambığı damarın üstündə oynatdı. Sonu ölümə gedən yolda mehribanlıq nəyə gərəkirdi?
Alkoqol nə idi? pambıq nə idi? yoxsa özünü and içib xəstələrə yardım etmək üçün çalışan həkimlər kimi aparırdı? Bəlkə də bu iş adət üzrə idi.
- Əlini yum, sıx.
Məhbus qadın, iynənin damarına keçdiyi an qorxdu. Həkim qadın iynənin içini Məhbus qadının qanı ilə doldurdu. Agent qadın “Çəkdin?” – deyərək dodağındakı gülüşü saxlaya bilmədi.
- Siz demişdiniz iynə təzriq edəcəyik, xəstəsən. Bəs nədən qanımı çəkirsiniz?
Həkim qadın ilə Agent qadın qahqaha ilə güldükləri zaman klinikanın həmən otağındakı nahara qədər işçilərin yolunu gözləyən kərpiçləri diskindilər.
- Bir də çək, bir də çək.
Agent qadın idi. Həkim qadın sevindiyindən çığırdı:
- Birini də çəkirəm, daha bəsdir, urra... Aha...
İynə yenə də damara keçib qan ilə dolduqda Agent qadın üzünü arxada kreslonun üstündə olan şüşələrə çevirib saydı.
- Bir, iki, üç, dörd, beş, altı.
- Bunu da al.
- Yaxşı, yeddi. Hahahaha... Qəhbənin it canı var, qanını soruruq qurtarmır. Hahahaha...
Məhbus qadın artıq sözlərini də itirmişdi. Başı gicəllənirdi. Otaqda olan Həkim qadın ilə Agent qadın gahdan gözünün önündə şişirdi, gahdan neçə qadına çevrilirdilər.
- İtin qızı. Səni it gününə qoyacağıq.
Sanki burda adamları it gününə qoymaq dəbdir. Biraz öncə Agent qadın isə Həkim qadın ilə dalaşdığı zaman bu sözü deyirdi.
- Qəhbə...
Qadının əlindən kərpiç çıxdığı zaman qışqırdı:
- Qəhbə...
Atılan kərpiç qadın polisin başına dəyib yerə sərildi. Arxadan yetişən erkək polislər qadını zopa ilə xiyabanın ortasında döydülər. Qadın yerdə qan içində boğulurdu. Hələ də gözləri qızını axtarırdı. Gözləri camaata sataşdı. Camaat gözündə qoyuna çevrilmişdi. Sanki qoyunları hasarın o tərəfində saxlamışdılar, bu qoyunların dilini kəsmişdilər, mələyə bilmirdilər. Erkək polislərin bir neçəsi də yerə sərilən qadın polisin başının üstündə dayanmışdılar. Yerdə ayağından sürünən qadın başını səkkinin bu biri tərəfinə çevirdiyi zaman gözləri axtardığı nöqtəni tapmışdı. Kiçik qızı ağlaya-ağlaya dönüb anasına baxıb qaçırdı. Qadının gözləri zəiflədi, qaraldı, yumuldu. Bir də gözlərini açıb baxmaq istəyirdi. Gözünü açdıqda görə biləcək qabiliyyəti olduğundan əmin deyildi, kor olduğunu düşünürdü. Yavaş-yavaş, bir, iki, üç. Açdı. Kiçik qız qaçıb uzaqlaşdıqca qadının gözlərində daha çox kiçilirdi. Sarışın saçları dalğalana-dalğalana qaçırdı... Qaçırdı... Qaçırdı...
Qadın, üzünün yerdə sürtülüb yaralandığı yaranı, zopa yerlərinin ağrısını unutmuşdu, gözləri sabit dayanaraq kiçik qızının qaçıb uzaqlaşdığı yola baxırdı.
Səhnəyə göydən baxsaydınız, daha aydın görünürdü. İki futbol topu kimi mütəhhəriksiz qan, bir sarı kərpiç, bir çəhrayı rəngdə məktəb çantası, kitablar, qələm çantası, dəftərlər, iki sprey, toplanıb hadisəyə baxan dilsiz qoyunların qara saçları, müxtəlif rəngdə köynəklərinin çiyinləri, qaçan adamlar, polislər, polis avtomobillərinin mavi-qırmızı sirena işıqları. Şəhər bir-birinə qarışıbdır. Səkkinin yanında olan baqqal bir vedrə su töküb qanları yuyur. Qan getdikcə sıvaşıb daş xalçalara yapışır.
Ax-ax... Getmə, dayan, səhnəni çək yaxına gətir. O nədir? Hə, qandır, mən də dedim bəs nədir, qadının yerdə sürtülmüş üzünün qanıdır. Qandır, qan, qan...
- Mənim qanımı neynəyirsiniz?
- Hahahaha...
- Qanını sorub içirik.
- Hahahaha... Şərbətdir elə bil, bəh-bəh.
Baqqal bir vedrə də su töküb mızıldandı:
- Mürəbbədir. Qan deyil ki, mürəbbədir elə bil.
Agent qadın qan dolu bir şüşəni əlinə alıb Məhbus qadına göstərərək: “Qan deyil ki, mürəbbədir elə bil.” - deyib Həkim qadına üz tutdu.
Qadını mikroavtomobilə mindirdilər. Həzyan deməyə başlamışdı:
- Qızım. Hardasan? Qammalar. Dalğalar. Bayraqlar. Sarışın. Qızım. Saçlar...
Artıq gicəllənməyin sonuna çatmışdı. Bu qədər qan əldən verəndən sonra iki qadının gülüş səsini eşidirdi. Həzyan deyirdi:
- Qanım... Qızım... Qanım dalğalanır... Qızım rəqs edir...
- Hahahaha...
- Mən... Ölürəm... Bayraqlar... Rəqs eləyir... Qızım... Qammaların üstünə yel əsir.
- Yox, yox. Ölmə, sən ölsən biz yaşaya bilmərik.
- Hahahaha...
- Mən ölürəm qızım... Ölürəm... Ölürə... Ölür... Ölü... Öl... Ö...
- Hahahaha...
- Hahahaha...
- Rəisə zəng aç. Haha...
Həkim qadının həddən artıq güldüyünə görə gözlərindən yaş axırdı.
Agent qadın mobili dinamikə vurub Həkim qadına üz tutdu:
- Bu bizim dərəcəni nə zaman verəcək? Hahaha...
Yuxudan təzəcə oyanan bir şəxs, mobilin o tayından səsləndi:
- Alo, buyur, eşidirəm.
- Alo, rəis, qurtardıq.
- Cəsədini qızı ilə bir yerə qoyun, limana göndərəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Mərakeş qəzeti oxucularına Azərbaycan kulinariyası haqqında məlumat verib
Mərakeşin “l'Opinion” fransızdilli qəzetində Azərbaycan kulinariyasına həsr olunmuş məqalə dərc olunub. “Azərbaycan kulinariyası” layihəsinin rəhbəri Hüsniyyə Səmədova qəzetə müsahibəsində Azərbaycan mətbəxinin zənginliyindən, təamlarının yüksək dad keyfiyyətlərindən və ölkəmizin qonaqpərvərliyindən söhbət açıb.
AzərTAC xəbər verir ki, nəşrin jurnalistləri Azərbaycan mətbəxinin populyarlığının sirləri ilə maraqlanıblar.
“Azərbaycan mətbəxi azərbaycanlıların – Cənubi Qafqazın yerli xalqının yaşadığı şəraitin təsiri altında yüz illər ərzində formalaşıb. Xeyli sayda şirin su hövzələri və əlbəttə ki, Xəzər dənizi bu regionda heyvandarlığın və əkinçiliyin inkişafı üçün çox gözəl şərait yaradıb. Bu səbəbdən təəccüblü deyil ki, Azərbaycan mətbəxində ətdən, balıqdan, tərəvəzdən, yarmadan, göyərtidən geniş istifadə olunur. Azərbaycan əsrlər boyu Böyük İpək yolu marşrutunda Şərq və Qərbi birləşdirən ən mühüm məntəqə olub. Dünyanın hər bir yerindən karvanlar buraya nəfis ədviyyatlar, ipək və digər məhsullar gətiriblər. Bundan başqa, Azərbaycanda ta qədimdən zəfəran yetişdirilib. Yeməklərə xüsusi dad verən zəfəranın və digər ədviyyatların geniş işlənməsi də buradan qaynaqlanır. Onu da demək yerinə düşər ki, azərbaycanlılar müsəlman xalqı olaraq, islamın qaydalarına uyğun qida qadağalarına riayət edirlər.
Azərbaycan milli kulinariyası dünyanın ən yaxşı mətbəxləri sırasında layiqli yer tutur. Üzüm yarpaqları və ətdən hazırlanan dolma, küftə-bozbaş, düşbərə, tava kababı, döyülmüş qoyun əti və quyruq qatılmış lülə-kabab və s. kimi təkrarsız Azərbaycan təamlarını xüsusi qeyd etmək olar”, - deyə H.Səmədova qeyd edib.
Müxbirin Mərakeş və Azərbaycan mətbəxlərinin oxşarlığı barədə sualını cavablandıran layihə rəhbəri vurğulayıb ki, həqiqətən, Azərbaycanda da Mərakeşdə olduğu kimi ət yeməklərini, düyünü, pörtülmüş tərəvəzləri xoşlayır, zəfəran, sarıkök, keşniş toxumu, nanə və digər şərq ədviyyatlarından bolluca istifadə edirlər. Nanəni Azərbaycanda eynilə Mərakeşdəki kimi adlandırırlar, onu təkcə çaya deyil, şorbaya və ət xörəklərinə də əlavə edirlər. Sarıkökün tozunu isə əksər hallarda qoyun, mal, toyuq ətlərindən olan xörəklərə həm dadına, həm də rənginə görə qatırlar.
“Azərbaycan xalqında qonaqpərvərlik ənənələri çox parlaqdır. Bir süfrəyə oturmaq insanları, ailələri, doğmaları yaxınlaşdırır və birləşdirir. Hər bir qonağı hər şeydən əvvəl ləzzətli təamlarla yaxşıca doyuzdururlar”, - deyə materialda vurğulanır.
Qeyd edək ki, “Azərbaycan kulinariyası” adlı layihə 2010-cu ildə dövriyyəyə buraxılıb və o vaxtdan artıq 10 dildə nəşr olunub. Kitab Azərbaycan milli mətbəxini tanıtdırmaq məqsədi daşıyır. “Azərbaycan kulinariyası” kitabında Azərbaycan mətbəxinin daha tanınmış təamlarının hazırlanması reseptləri anlaşıqlı şəkildə izah edilir. Reseptləri müşayiət edən çoxsaylı eksklüziv rəngarəng şəkillər Azərbaycan təamlarının tərtibatının gözəlliyi barədə təsəvvür yaratmaq, həm də onların hazırlanma prosesini asanlaşdırmaq imkanı verir.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
“Heydər Əliyev İli” çərçivəsində Misirdə təşkil olunan “Quran” hafizləri müsabiqəsinin qalibləri mükafatlandırılıb
Misir-Azərbaycan Dostluq Cəmiyyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirləri davam etdirir. Cəmiyyətin binasında bu ilin iyulunda elan edilmiş “Qurani-Kərim”in hafizləri arasında müsabiqənin nəticələri açıqlanıb.
AzərTAC xəbər verir ki, müsabiqədə iştirak edənlərin mükafatlandırılması mərasimində çıxış edən Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlərin keçirildiyini bildirib. O qeyd edib ki, xəttatlar arasında keçirilən müsabiqə də bu qəbildəndir. Ulu Öndərin həyatından bəhs edən S.Nəsirov ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayıb. O bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmaya sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə prezident seçilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.
Tədbirdə çıxış edən Misirin Ali Təhsil Nazirliyinin xarici əlaqələr departamentinin baş direktoru Bağdadi İmam bildirib ki, iki ölkə arasında dostluq əlaqələrinin qədim tarixi var. Xalqlarımızı böyük hörmət və doğmalıq hissləri bir-birinə bağlayır.
Qeyd edək ki, misirli və Qahirədə təhsil alan əcnəbi gənclərin iştirak etdikləri müsabiqənin iştirakçılarına diplomlar və 6 qalibə pul mükafatı təqdim olunub.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunmuş müsabiqələrin 5 qalibinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
“Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir” – Xatton qanunu
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 5-ci qanundur:
5. E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
***
İlk 3 qanunla isə ötən günlər tanış olmuşdunuz:
1. Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2.Təsir qanunu
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
Liderlik – inkişaf qanunlarına tabedir.
4.Naviqasiya qanunu
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Dünyaşöhrətli musiqiçinin məzarı doğum günündə ziyarət edilib
O, bu torpağın oğlu idi və öz vətənini çox sevirdi. Elə ən gözəl mahnılarını küləklərin at oynatdığı doğma şəhərə, ona gecə-gündüz layla çalan mavi Xəzərə həsr etmişdi. Azərbaycana “ömrümün mənasısan, anamın anasısan”, - deyirdi. Onun heyrətamiz dərəcədə elastik olan bariton səsi insan qəlbinin fövqəladə təsirə malik çırpıntılarını ifadə etməyə qadir idi. Müslümün ecazkar səsinin pərəstişkarlarının alqış sədaları dünyanın ən məşhur konsert və tamaşa salonlarını titrədirdi...
AzərTAC xəbər verir ki, avqustun 17-də dünyaşöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə Birinci Fəxri xiyabanda mərhum müğənninin məzarı ziyarət edilərkən bu barədə bəhs olunub.
Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini Murad Hüseynov populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirən istedadlı vokal ifaçısı Müslüm Maqomayevin dünya musiqisində tutduğu yer, onun parlaq və zəngin yaradıcılığı barədə danışıb, öz doğma vətəninə çox bağlı bir sənətkar olduğunu vurğulayıb.
“O, fantastik musiqiçi idi. Bu gün səhər mən onun vaxtilə məşhur Fransa səhnəsində ifa etdiyi Fiqaronun ariyasına qulaq asdım. Çox cəsarətlə deyə bilərəm ki, Fiqaronun ariyasını bu cür ifa edə bilən ikinci sənətkar tapmaq olmaz. Lakin o, nəinki ariyaların gözəl ifaçısı, əsl opera müğənnisi, dünyanın ən yaxşı vokal ifaçıları ilə bir sırada dayanan sənətkar idi. O nəinki keçmiş sovetlər birliyində, dünyanın hər yerində sevilirdi. Bütün bunlarla yanaşı, o, çox təvazökar və sadə idi”, -deyə Xalq artisti, pianoçu Fərhad Bədəlbəyli bildirib. O, M.Maqomayevin təkcə müğənni yox, həm də heykəltaraş, pianinoçu, rəssam, bəstəkar kimi də parlaq istedada malik olduğunu qeyd edib.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov onun zahiri ilə daxili aləminin gözəlliyinin vəhdət təşkil etdiyini, təpədən dırnağa musiqi olduğunu söyləyib: “Şübhəsiz ki, Müslüm çox böyük istedad sahibi idi. O, peşəkar vokal müğənnisi kimi zaman-zaman ürəklərdə, xatirələrdə yaşayacaq. Müslüm öz təvazökarlığı və ürək açıqlığı ilə də həmişə xatırlanmağa, yad edilməyə layiq sənətkardır”.
Çıxış edənlər ötən əsrin 60-70-ci illərində böyük şöhrət tapan Müslüm Maqomayevin dünyanın ən məşhur konsert salonlarında anşlaqla keçən çıxışlarından, qastrol səfərləri, zəngin yaradıcılığı, böyük tirajlarla buraxılan valları haqqında danışıb, sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu kimi xarakterizə ediblər.
Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya çıxışına bu sözlərlə başlayıb: “Hər dəfə Müslümün ad günündə onu sevən, xatirə işığına toplaşan çoxsaylı sənətsevərləri görəndə tüklərim biz-biz olur. Çox sağ olun ki, onu belə sevir və yüksək dəyər verirsiniz. İnanın ki, bu izdihamı, onun yaradıcılığının bu qədər pərəstişkarını görəndə həmişə həyəcanlanıram”.
O, daha sonra deyib: “Mən hər il iki-üç dəfə Bakıya gəlirəm, əvvəllər demək olar ki, hər ay gəlirdim. İndi səhhətim imkan verdiyi təqdirdə ildə iki dəfə, ən azı bir dəfə gəlirəm, çünki mən onunla nəfəs alıram. Onun olduğu hər yer mənə doğmadır – istər Bakı, istər Moskva, istər konsert salonları, istərsə də ev... O, bir an da olsa məndən ayrılmır, həmişə, hər yerdə mənimlədir”, - deyə fikrini yekunlaşdırıb.
Ziyarət zamanı Mədəniyyət Nazirliyinin nümayəndələri, bir sıra tanınmış mədəniyyət və incəsənət xadimi və ictimaiyyət nümayəndələri mərhum sənətkarın məzarı üstünə güllər düzüb, xatirə şəkilləri çəkdiriblər.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Maqomayevin ABŞ-dakı yadigarı- Marina xanım atası haqqında…
ÖTƏN GÜN DAHİ SƏNƏTKARIN 81-Cİ DOĞUM İLİ İDİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- "Atam indi yaşadığım evimizi heç vaxt görmədi, xəstə vaxtlarına düşdü. Amma təkidlə tövsiyyə edirdi ki, evdə hökmən ağ royal və kamin olsun. Kaminin üstündə də İtalyanı əks etdirən rəsm. Mən 1962-ci ildə Bakıda doğulmuşam. Həmin gün qar yağırmış. Atam məni o vaxtdan "Qarqız" deyə çağırırdı"…
Marinanın anası Ofeliya əslən ağsulu Vəli Şəmsəddin oğlu Vəliyevin qızı olub. Anası isə Znaida Petrovna Temeryuk şəhərindən imiş. Müslümlə Bakı Musiqu məktəbində bir qrupda təhsil alıblar. Dediyinə görə, Ofeliya çox cazibədar qız olub. Hər ikisinin 18 yaşı olanda evləniblər...
Müslümün tez evlənməsinə narazılığını bildirən nənəsi Ofeliya ilə rəsmi nigaha girə bilməməsindən ötrü, bir müddət Müslümün pasportunu gizləyir. Sonradan nənəsini razı salaraq pasportu alıb Ofelya ilə rəsmi nigaha girirlər. Müslüm bir müddət qaynatasıgildə yaşayır. Və aradan çox vaxt keçməmiş gənc cütlük qərara gəlirlər ki, ev-eşik qurmaqdan ötrü, qazanc dalıyca Qroznıya getsinlər. Belə də edirlər. Qroznıda yaşayarkən gənclərin arasında fikir ayrılığı yaranır. Ofeliya Bakıya qayıdır. Və burada Marinanı dünyaya gətirir. Gənc Müslüm üçün də Çeçenstanda rahat olmur. Yavaş-yavaş tanınsa da oradan köçməyə qərar verir. Övladının dünyaya gəldiyi xəbərini alıb, Bakıya dönür. Bir müddət sonra Müslüm Ofeliyanı boşayır. Qaynanasının- "Sən heç vaxt yaxşı ər olmayacaqsan"- sözləri onun çox acığına gəlir. Və boşanarkən, qızını unutmayacağını, aliment ödəyəcəyini, ondan diqqətini əsirgəməyəcəyini söyləyir. Elə də olur, Marina Müslümün son nəfəsinədək sevimli qızı kimi qalır. Hətta müğənni qızının şərəfinə məşhur "Marina" mahnısını tədbirlərdə tez-tez oxuyurmuş…
Marinanın dediyinə görə, atası onu çox istəyib. Hər bir arzusunu həyata keçirməyə çalışıb. İllər keçdikdən sonra Müslüm etiraf edib ki, onun həyatında üç böyük sevgi olub- musiqi, qızı Marina və həyat yoldaşı Tamara…
Marina xeyli vaxtdır ki, ömür-gün yoldaşı Aleksandr Kozlovskiylə ABŞ-da yaşayır. Ailənin bir övladı- Allen Müslüm Maqomayevin nəvəsi olduğundan qürur hissi keçirir…
Ohayo ştatının Sinsinati şəhərində yaşayan Marina deyir ki,- "Bakıda doğulmuşam, bu şəhərdə böyüyüb boya-başa çatmışam. Azərbaycan mənim üçün doğma, əziz ölkədir. Sonuncu dəfə atamın dəfnində orada olsam da, Azərbaycan deyiləndə, içimdə isti bir rahatlıq yaranır. Mən bu ölkəyə sülh, əminamanlıq arzulayıram. İnsanlarını isə öz doğma bacı və qardaşlarım hesab edirəm…"
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)