Super User
Xalq artisti EMİN Bakıda konsert verəcək
Azərbaycanın Xalq artisti EMİN ənənəvi qış konserti ilə Heydər Əliyev Sarayının səhnəsinə qayıdır.
Dekabrın 8-də müğənni tamamilə yeni proqramla böyük solo konserti təqdim edəcək.
EMİN-in konsertləri hər zaman romantikanın və coşqunun sintezi deməkdir. Onun musiqisi insanı xəyal qurmağa, hisslər aləminə qapılmağa və inanılmaz duyğular yaşamağa sövq edir, mahnılarının mətni isə təsirli və səmimi lirikayla zəngindir.
Qarşıdakı konsert də istisna olmayacaq. Musiqi qrupu ilə məşqlər sürətlə davam edir, yeni mahnılar, sevimli hitlər yenə öz dinləyicilərini gözləyir. Əlbəttə, kumir bu dəfə də yad ediləcək - EMİN-in heç bir konserti böyük Müslüm Maqomayevin xatirəsinə ehtiram əlaməti olaraq, "Sinyaya veçnost" kompozisiyasını ifa etmədən tamamlanmır.
Proqrama yeni işıq üzü görəcək ingilis dilindəki albomdan mahnılar, eləcə də yeni aranjimanda səslənəcək rus dilində hitlər daxildir: "MMM", "Angel Bes", "Otpusti i leti"," Zabıt tebya" və s.
Biletlər artıq satışdadır və onları saytdan, proqram əlavəsindən, eləcə də iTicket.Az kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
KİTAB BƏLƏDÇİSİndə “Kəpənək”
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Salam xeyirli axşamlar!
Uraqan Abdullayevin “Kəpənək” və “Allahsızlar şəhəri” kitablarını oxudum.
Uzun müddət idi mütaliəyə vaxt ayıra bilmirdim.
“Kəpənək”lərin mənim üçün xüsusi anlamları olduğu üçün ilk öncə ondan başladım.
Bir söz var, deyir: "Bir şeyin sənə aid olduğunu bilmək üçün onu azad buraxmalısan."
Və belə bir söz də var ki: "Nəyi fəda etsən, o sənə ehsan olunar. Nəyə qıya bilməsən onunla sınanarsan."
Bəzən bir şeyə çatmaq üçün biz ondan vaz keçməliyik.
Necə ki, Yaqub peyğəmbər də Yusifə yalnız ondan vaz keçdiyində qovuşmuşdu.
Amma biz bunu, yəni ona çatmaq üçün ondan vazkeçməli olduğumuzu öncədən dərk edə bilmirik. Çox zaman bu istəmsizcə və özlüyündən və yaxud da yorulduğumuz zamanlarda baş verir.
“Kəpənək” kitabında da eynən belədir. Qəhrəmanlarımızdan biri olan Jalə Eminin, yəni sevdiyinin ona geri qayıda bilməsi üçün yanında dustaq saxladığı kəpənəyi azad buraxmalıdır. Amma Jalə bundan xəbərsizdir.
Yaxşı, bəs o bunu anlayacaqmı? Yoxsa yorulub kəpənəkdən vazmı keçəcək?
Və indi də digər qəhrəmanımızın, yəni Eminin tərəfindən baxaq.
Sevgi çox güclü bir hiss və eyni zamanda çox güclü bir bağdır. Lakin sevgi təkbaşına bəzən hər şeyin öhtəsindən gələ bilmir. Əgər onun yanında, məsələn, səbr, hövsələ, empati, incə və inamlı bir mübarizə yoxdursa..
Bəli, sevgi həm də səbrdir.
Və bu zaman çox sevdiyim bir alıntı gəlir ağlıma.
- Dözə bilərsənmi?
-Yox, mən dözmərəm, səbr edərəm.
-Nə fərqi var?
-İnsan sevmədiyi şeylərə dözür. Səbr etməksə sevgidir.
Qəhrəmanımız Emin Jalə ona sevdiyini açıb söyləyə bilmir deyə bəzən əsəbləşir..
Yaxşı, bəs o, sevgisini səbrlə yoğura biləcəkmi?
O, kiçik qurdların pup düzəldib kəpənəyə dönüşəcəyi günə qədər səbr etməyi öyrənəcəkmi və ya bunu bacaracaqmı?
Kitab bu sualların cavabından ibarətdir.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
Seyid Nigarini tanıyaq - ƏSƏRLƏRİ
Pərvanə Bayram yazır
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan sufizminin, teologiyasının, eləcə də 19-cu əsr ədəbiyyatımızın görkəmli nümayındəsi Seyid Mir Həmzə Nigarini “Tanıdaq” rubrikasında Pərvanə Bayramın imzası ilə oxuculara təqdim edir.
Bu gün dahi şəxsin əsərləri barədə danışılacaq.
a)Türkcə Divanı
1884-cü ildə İstanbulda, 1908-ci ildə isə Tiflisdə çapdan çıxmışdır.
Nigarinin Türkçə Divanının çap nüsxələri çoxdur. Bunlardan bizə məlum olanları
aşağıdakılardır:
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına əlyazmaları institutunda saxlanılan Seyid Nigari Divanının İstanbul çaplarının nömrələri:
Nigari Mir Həmzə, Seyid Nigari Divanı- Türkcə çap, İstanbul 1301 h- 1884 m; dəmirbaş nömrələri:
1) 2) 3)
IX–459/15492, 336 s.
III–448/32915, 366 s.
XVI–1373/5596, 366 s.
Kitab əvvəldən naqisdir.
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına əlyazmaları institutundakı Seyid Nigari Divanının 1908 Tiflis çaplarının nömrələri:
Nigari Mir Həmzə, Seyid Nigari Divanı- Azərbaycanca çap, Tiflis, Qeyrət mətbəəsi, Haz: Hacı Musa Əfəndi Hacı İsa Əfəndizadə, 1326 h–1908 m;
1) III–49/13582, 398 s.
2) II–266/2775, 398 s.
3) VII–639/6513, 266 s.
Qeyd: 249–264-cü səhifələr əksikdir.
Seyid Nigari Divanının İstanbulda, Mərmərə Universiteti İlahiyyat Fakultəsi Kitabxanasında saxlanılan nüsxələri də vardır:
Bunlardan birinin dəmirbaş nömrəsi belədir: 1268/ T 811. 219. Divan-ı Seyyid Nigari be-zeban- ı Türkî. İstanbul (1301H)-1884. Əsər İstanbulda Süleyman Əfəndi Mətbəəsində çap edilmişidir, 298 səh. 23x15.
Seyid Nigari Divanının Türkiyədəki elm aləminə məlum yeganə əlyazma nüsxəsi Ankara Milli Kitabxanasında İbn-i Sina adına əlyazmaları bölümündəki kataloqlardan birində A–5181 nömrədə qeydiyyatda saxlanılır. 332 vərəqdən ibarət olan əsər XIX əsrdə yazılmışdır.
Seyid Nigarinin Türkcə Divanınının çapının tarixləri:
Seyid Nigarinin Türkcə Divanı İstanbulda o dövrdəki Maarif Nəzarəti Cəliləsinin- yəni Təhsil Nazirliyinin 23 Zilqəddə 1300 tarixində verilən 610 nömrəli icazəsinə əsasən Sultan Bəyazid camii şərifi kitabxanası altındakı Süleyman Əfəndi mətbəəsində 13 Rəbiəlaxir 1301-ci ildə çap olunmuşdur. (Bilgin,2003:320).
Divanın sonundaki 842 nömrəli şeir də “Dağıstan vilayətindən Qarabağ Qəzasına bağlı Lənbərani Məhməd Şəirifzadə Əhməd Həmdi Əfəndinin acizanə təb-i divan-ı eşq-i həzrət-i Seyyid Nigariyə təsvid etdiyi mücəvhər tarixi havi bir təqrizdir” (Həzrəti Seyyid Nigarinin “Divan-ı eşq”inin çap edilməsi münasibətiylə yazdığı təqriz və əbcəd hesabıyla düşürdüyü tarixdir) başlığı altında yazılmışdır. Bu şeirin yazılış tarixi Hicri 1301-ci ildir.
15 beytdən ibarət olan bu qəzəl şairin şəxsiyyəti və yaradıcılıq yönümü ilə oxucuları tanış etmək baxımından maraqlıdır. Şeirin məzmunu belədir: “Nigari ayələrdən danışan o qədər gözəl bir şəxsdir ki, onun babası nəbilərin hamısının fəxridir. O, çap edilən kitablar arasına elə bir eşq Divanı qoydu ki xalq bu Divanı Füzulinin Divanında n çox istədi. O, Nəqşibəndilik təriqətində şeyx kimi otururkən özünü dərviş kimi sadə göstərir. Ey gözəllərin şahı, ey eşq ölkəsinin taxtında oturan sultan, sən lütfünün kölgəsini mənim başımdan bir an belə ayırma. Ey ayağının torpağı eşq iqliminə kimya olan, Həmdi kimi aciz bir qul səni övməyə qadirmidir? Ey ən gözəl səfa bağının bülbülü, sənin kitabına göylərdən afərin olaraq mücəvhər bir tarix endi.” Seyid Nigari Divanının yaranma tarixini bildirmək məqsədiylə yazılan bu maddəyi-tarix şair haqqında aydın təsəvvür yaradır. Bu şeirdən bir neçə beyti aşağıda veririk:
Habbeza bir zat-ı pak-i menkabət-ayat kim Mebdə-i ecdadıdır fahr-ı güruh-ı enbiya
Saha-i nəşr ü zuhura koydı bir divan-ı aşk
Halkı itdi hahiş-i kavl-i Fuzulidən rəha Nakşibənd-i buriya-yı guşe-i vahdet iken Zahira kendin kalender gösterür beyn el-vera....
tarix: 13 rebiülaxir sənə 1301- (İyun 1883–84-cü il).
(Bilgin,2003:320)
Divanın sonunda Yusuf Ziya Əfəndinin “Mir Nigari divan-ı bəlagat ünvanı içün Fatih dərsiam xocalarından Şirvani el-hac Yusuf Ziya Əfəndinin Farisiyül-ibarə təqriz və nəşr içün tarix-i tamlarıdır” ünvanı ilə təqdim olunan farsca şeiri də bir tarixdir. Şeirin qarşısında Türkcə tərcüməsi də verilmişdir. 5 beyitdən ibarət olan bu şeirin son beyti aşağıdakı kimidir.
Tərcüməsi:
Zi-gülzar-ı nübüvvət rost səbzə
Gulam-ı Nakşibəndi Mir-i Hamza ( Divan, 2003: 321)
Peyğəmbərin gülzarında bir ot bitdi
Nəqşibəndin tələbəsi Mir Həmzə
Şeirin sonunda Ərəbcə hicri 1301(miladi 1883-84) ili göstərən tarix beyti də yazılmışdır.
İzzü ehlil-kəmal biizzətil- kadim
Təmmə tabul kitab bi-lutfihil-amimi- 1301 (Bilgin,2003:321)
Kamal və izzət sahibi bir insana aid olan bu misilsiz əsər Allahın lütfüylə tamamlandı (1883–1884).
Nigari Divanı dilşünaslıq baxımından da araşdırılmış, Türkiyədə Muzaffər Akkuş Bəy
tərəfindən 2000-ci ildə bu mövzuda doktorluq dissertasiyası yazılmışdır.
Nigarinin Türkcə Divanı 2003-cü ildə İstanbul universiteti ədəbiyyat fakultəsi müəllimlərindən olan Azmi Bilgin Bəy tərəfindən hazırlanaraq İstanbul və Tiflis nəşrlərinin müqayisəsiylə birlikdə çap edilmişdir. Divan 642 qəzəl, yüz on doqquz rübai, qırx doqquz qitə, 28 bəndlik tərkibbənd şəklində yazılmış bir saqinamə, 19 bəndlik başqa bir tərkibbənd, 18 tərcibənd, 5 qəsidə, 3 müstəzad, Füzulinin qəzəllərinə yazılmış 5 təxmis, 49 ədəd heca vəzniylə yazılmış şeir və “Çaynamə” adlı bir məsnəvidən ibarətdir. İstanbul çapında olmayan Tiflis nəşrində yer alan “Mənaqıb-ı Seyid Nigari” adlı mənqəbq, müxtəlif janrlada yazılmış 36 ədəd şeir də bu kitaba daxil edilmişdir. İndiyə qədər Türkiyədə və Azərbaycanda latın qrafikalı əlifbayla çap edilən bütün Nigari divanları içində bu əsər elmi cəhətdən ən etibarlısı və ətraflı tədqiq edilənidir. Tərtibçi, kitabın əvvəlində Seyid Nigarinin həyatı, sənəti və əsərlərindən bəhs edir. Divanın sonunda lüğət və bəzi qəliz kəlimələrin açıqlamaları da verilir.
Seyid Nigarinin Türkcə Divanı Amasya şəhərində Qurtuluş Altunbaş adlı bir ədəbiyyat müəllimi tərəfindən də latın qrafikasına çevirilərək çap edilmişdir. Müəllif əsərin “Ön söz”ündə şairin nəvələrindən Müzəffər Özbayın istək və həvəsləndirməsinə görə bu əsəri hazırladığını qeyd edir. Bu qeyddən şairin Türkiyədə də yaşayan nəvələrinin olduğu aydınlaşır. İki qalın cilddən ibarət olan əsər bir çox yöndən önəmli bir mənbədir. Əsər, 2004-cü ildə Samsun şəhərində çap edilmişdir. Əsərdə Nigarinin Türkcə Divanına daxil olan şeirlərindən başqa şair haqqında digər mənbələrdə rast gəlmədiyimiz önəmli məlumatlar da vardır. Bunlar içində ən dəyərlisi kitabın ikinci cildinin 562–661- ci səhifələrində yer alan şairin həyatı, fəaliyyəti, sənəti, oğlu Siraci və davamçıları haqqında verilən məlumatlardır. Bu kitabda da əsərin İstanbul, Tiflis çapıyla bərabər əlyazma nüsxəsindən də istifadə olunmuşdur. Təəssüflər olsun ki, müəllif istifadə etdiyi əlyazmanın nömrəsini kitabda qeyd etməmişdir. Müəllif bu əsərdə şeirlərin Türkiyə türkcəsindəki mənalarını da nəsrə çevirərək vermişdir. Nigarinin şeirlərinin bu şəkildə sadələşdirilərək çap edilməsi həm klassik ədəbiyyatımız və həm də şairi sevənlər üçün layiqli bir töhfədir.
Bununla belə, kitab nöqsansız da deyildir. Kitabın içində olduğu kimi üz qapağında da bəzi sözlərin düzgün oxunmadığı anlaşılır. Yuxarıda da qeyd etdiyimiz kimi əsərin ən mühüm əhəmiyyəti kitabın axırında yer alan və müəllifə Amasya millət vəkili hörmətli Əhməd İyimaya tərəfindən verilmiş bir çox yeri əksik və üzərində “Mali-1304” ifadəsindən başqa bir tarixin olmadığı və müəllifi bilinməyən bir yazıda Nigari haqqındakı çoxumuza məlum olmayan məlumatların əksini tapmasıdır.
Nigarinin həyatı və yaradıcılığı haqqında Azərbaycanda bu zamana qədər sistemli bir elmi tədqiqat əsəri yazılmamışdır. Təkcə Şahlıq Xanım Çələbi tərəfindən 2004-cü ildə Nigarinin şeirlərinin çox az bir hissəsini əhatə edən şəxsi bir əlyazmasına əsaslanmaqla “Xaki-payin tacı-sərim” adlı bir kitab çap edilmişdir. Kitab Azərbaycanda Nigari və onun şeirləri haqqında məlumat verən latın qrafikalı əlifbayla çap edilmiş ilk əsərdir. Burada Nigari Divanındkı bütün qəzəllər əhatə olunmasa da bu kitab Nigarinin tanınması və Azərbaycan ədəbiyyatında şairdən bəhs edən ilk kitab olması baxımından əhəmiyyətlidir.
Mərhum Yəhya Çələbi Alı Çələbi oğlu tərəfindən tərtib edilən bu əsər tərtibçinin xanımı möhtərəm Əhməd Çələbi qızı Şahlıq Çələbinin vəsaiti ilə çap olunmuşdur. Onu da qeyd edək ki, əsər elmi prinsiplərlə hazırlanmış bir mətn deyildir və divandakı şeirlərin çox az bir hissəsi bu kitaba düşmüşdür. Əsərdə jurnalist Əli Rza Xələflinin Seyid Nigari haqqında yazdığı dəyərli bir araşdırma da yer almaqdadır.
b) Farsca Divanı
Seyid Nigarinin Farsca Divanı 1911-ci ildə İstanbulda çap edilmişdir. Bu əsərin bir hissəsi, şairin qardaşı oğlu Mustafa Fəxrəddin Ağabalı tərəfindən Türkcəyə tərcümə və şərh olunmuşdur. Divanın sonunda Həşt behiştnamə adlı bir risalə də vardır. (Süleymaniyyə Kitabxanası, A.N.Tarlan., nr.188, s. 501-555)
Seyid Nigarinin farsca Divanının nüsxələrinə müxtəlif kitabxanalarda da təsadüf edilir. Bunlardan İstanbulda Süleymaniyyə Kitabxanası, Ali Nihad Tarlan adına kataloqda no:188 və Mərmərə Universiteti İlahiyyat Fakultəsi Kitabxanası, no: 240/7288 nüsxələrini göstərə bilərik.
c) Nigarnamə Məsnəvisi
Seyid Nigarinin “Nigarnamə” əsəri İstanbulda Hicri 1305, Miladi 1877-ci ildə çap edilmişdir. Əsər məsnəvi janrında yazılmışdır. Şair əsərdə özünün yuxuda ikən məna aləmində gördüyü Nigara aşiq olduğunu dilə gətirir. Onun ülvi məhəbbət duyğuları ilə döyünən qəlbi mənəvi məclislərdə aşiq və ariflərlə eşq haqqında söhbət edərək nəhayət məşuqunu tapmaq ümidiylə səyahətə çıxar. Əsər allegorik bir tərzdə qələmə alınmışdır. Orta əsrlər Türk məsnəvilərində və Füzulinin “Leyli və Məcnun”unda olduğu kimi məsnəvi arasına qəzəllər yerləşdirilmişdir. Əsərdəki eşq və aşiqlik haqqındakı söhbətlər, ilahi eşq motivləri Füzulinin “Leyli və Məcnun”a, məsnəvidə rastlaşdığımız rəmzi ifadələr və başqa əlamətlər bu əsərin XVIII əsrdə Anadoluda Hind Üslubunun və eyni zamanda klassik Türk ədəbiyyatının son məşhur şairi Şeyx Galibin “Hüsn ü Eşq” adlı məsnəvisinə bənzədiyini söyləməyə əsas verir. Bu əsəri Türkiyədə Muammer Mete Taşlıova maqistr işi olaraq transkribe etmiş ve incələmiştir.
ç) Çaynamə Məsnəvisi
Mir Həmzə Nigarinin məsnəvi janrında yazılmış Çaynamə adlı 521 beytlik bir əsəri də vardır. Təsəvvüfi bir əsər olan “Çaynamə” klassik məsnəvilərdə olduğu kimi tövhid, münacat və nət ilə başlayır, sonra Seyid İsmayıl Siracəddin Şirvanidən bəhs edir. Bu əsər də alleqorik səciyyə daşıyır. İçində Qarabağın dilbər guşələrinin təsvirini verən şair bu əsərdə həm biladiyyə həm də şəhrəngiz janrının ən gözəl nümunəsini vermişdir. Əsərin Mərmərə Üniversitetində bir nüsxəsi vardır- Çayname-i Seyyid Nigari- Mərmərə Universiteti İlahiyyat Fakulteti Kitabxanası, No: T 811.219 D 1268. Əsərin dili Türkiyə Türkcəsidir. İstanbulda Süleyman Əfəndi mətbəəsində çap edilmişdir.
d)Mənaqıb-ı Seyid Nigari Tahdisiyə
Seyid Nigarinin öz mənəvi həyatını əks etdirən bir Mənaqıbının olduğu da məlumdur. Bu əsər şairin vəfatından sonra bacısı oğlu Seyid Sadəddin və Nigarizadə Mahmud Əfəndilər tərəfindən tapılaraq bu adla adlandırılmışdır.
e) Fütuhat-ı Mekkiye’ye Tavzihatı
Mənbələrdə şairin hələlik əldə olmayan “Fütuhat-ı Məkkiyyəyə Tavzihat” ( Məkkənin fütuhatına şərh) adlı əsərinin olması haqqında da məlumat alırıq.
İbnüləmin Mahmud Kəmal İnalın “Son Asır Türk Şairləri” adlı əsərində, vəfatından bir neçə gün əvvəl şairin, “Xatimə-i Seyid Nigari-Tahdisiyə” (Seyid Nigarinin son nəfəsində etdiyi şükür) adlı bir mənzumə yazdığı haqqında məlumat olsa da təəssüflər olsun ki bu əsər hələlik tapılmamışdır.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
“Hələ aldadırlar bizi, ay Vətən!” - Təranə Dəmirin şeirləri
“Ədəbiyyat və incəsənət” heyrətləndirən və təəccübləndirən şeirlərin dərcini davam etdirir. Sırada Təranə Dəmirdir. Bu gün onun 3 gözəl şeirini ixtiyarınıza buraxırıq.
BİLDİK Kİ…
Hələ ki, həqiqət ac yalavacdı,
Hələ axşam- sabah söz yoğururuq.
Hələ ki, bilmirik nə bişiririk,
Yalan yoğururuq, düz yoğururuq.
Neçə sınığı var, neçə çatı var,
Ümid neçə yerdən sarınar, Allah.
İndi elə vaxtda yaşayırıq ki
Ölmək də günahdı, qalmaq da günah.
Gündüzün gecədən xəbəri yoxdu,
Qaranlıq işığı pusur min ildi.
Bizim sözümüzün döz azarı var,
O da içimizdə susur min ildi.
Adlaya bilmirik bu daş divarı ,
Boğulub ölürük ömür qəfəsdə.
...Səs salma, hər tərəf dar ağacıdı,
Dinəni asırlar həqiqət üstə .
Ömür təqvimindən bir gün də düşdü,
Bir gün də tükəndik öz içimizdə.
Bir gün də sakitcə gəlib ötüşdü,
Bir gün də boğuldu söz içimizdə.
Bir az da gücləndi ağrılarımız,
Bir az da çoxaldı çiləmiz, Allah.
Bir az da yoruldu ayaqlarımız,
Bir az da böyüdü şələmiz, Allah.
Bir az da itirdik taqətimizi,
Bir az da səbrimiz damanda qaldı.
Yenə alammadıq qiymətimizi,
Yenə də fikrimiz gümanda qaldı.
Yenə üstümüzə gəldi ev-eşik,
Yenə bir ümiddən tuta bilmədik.
Bildik ki, bir gün də vaxt itirmişik,
Bildik aldanmışıq, ya da... bilmədik.
ASILIB
Torpağın altından ömür,
Ömürün altından baxt,
Baxtın altından tale,
Taleyin altından vaxt
Asılıb.
Yarpaq saplağından,
Saplaq budağından,
Budaq ağacından,
Ağac ayağından
Asılıb.
Ürək sevgidən,
Sevgi nağıldan,
Nağıl gecədən,
Gecə xəyaldan,
Xəyal yalandan
Asılıb.
Dalğalar sahildən,
Sahil dənizdən,
Dəniz qayadan,
Qaya göy üzündən
Asılıb.
Ümid arzudan,
Arzu duadan,
Dua Allahdan,
Allah havadan
Asılıb.
BAĞIŞLA BİZİ, VƏTƏN
Hələ ki, bişməyib, çiydi bu sevinc,
Yoxdu istiotu, duzu, ay Vətən.
Hələ ki, quruca küydü bu sevinc,
Sonradan çıxacaq səsi, ay Vətən!
Hələ dilimizdə neçə ağı var,
Hələ könlümüzdə şəhid dağı var,
Hələ yaramızın sağalmağı var,
Hələ qaysaq tutur üzü, ay Vətən!
Hələ qan iyi var çiçəkdə, otda,
Göy ayrı havada, Yer ayrı notda,
Neçə həqiqət var zülmətin altda,
Hələ aldadırlar bizi, ay Vətən!
Bu ağrı-acının neçə kökü var,
Əzilib, tökülüb torpaq o ki var,
Hələ üstümüzdə minnət yükü var,
Bizdədi şeytanın gözü, ay Vətən,
Bağışla, bağışla bizi, ay Vətən!
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
Ədəbiyyatımızın beynəlxalq müstəvidə rolu necədir?
Könül, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sonuncu günüdür bu gün və sərgi çərçivəsində Yazıçılar Birliyi və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı beynəlxalq müstəvidə” mövzusunda panel müzakirəsi xüsusi diqqət qazandı.
Gənc yazarların, elm, incəsənət və media xadimlərinin, məktəblilərin iştirak etdiyi panel Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varisin moderatorluğu ilə keçdi.
Varis ədəbiyyatımızın beynəlxalq müstəvidə yeri, görülən və görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Tədbirdə çıxış edən yazıçı Yunus Oğuz Azərbaycan tarixinin və mədəniyyətinin çox qədim olduğunu dedi: “Bizim başlıca məqsədimiz ölkəmizin qədim tarixini dünyada tanıtmaqdır. Bu vəzifə balaca oxucularımızın və gənclərimizin üzərinə düşür”.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz qeyd etdi ki, Azərbaycan xalqının böyük və zəngin ədəbiyyatını yalnız ümumiləşdirərək dünyaya çatdırmaq mümkündür. O, həmçinin Cənubi Azərbaycan ədəbiyyatı barədə də bilgilər verdi.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar bildirdi ki, dünyada ədəbiyyatın təbliğ edilməsi nəşriyyatların üzərinə düşür. Beynəlxalq əlaqələrin qurulmasında isə keçirilən ənənəvi kitab sərgiləri və festivallar mühüm rol oynayır.
Onun sözlərinə görə, hər il Bakı Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdən nəşriyyat evləri iştirak edir. Bu isə gələcəkdə əməkdaşlıq etmək üçün gözəl bir fürsətdir.
Sonra tədbir panel diskussiyalarla davam etdi, moderator və məruzəçilər sualları cavablandırdılar.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Zəfərimizə töhfəsi
Könül, “Ədəbiyyat və incəsənət”
Bu cür tədbirlər izsiz ötmür, əbədi yaddaşlara həkk olunur.
Ötən gün Bakı Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təşəbbüsü və şairə Nigar Həsənzadənin müəllifi olduğu “İgidlərin sözü” layihəsi çərçivəsində Böyük Qələbənin üçüncü ildönümünə həsr olunmuş “Qayıdışın mübarək” adlı bədii-musiqili gecə keçirildi. Və bəri başdan bizi bu möhtəşəm tədbirə dəvət etdiyi üçün Nigar xanıma minnətdarlığımızı bildiririk.
Tədbirin açılışını Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun baş katibi, Ukrayna Ali Radası sədrinin müşaviri, hüquq elmləri doktoru Hikmət Cavadov etdi. O bildirdi ki, 44 günlük Vətən Müharibəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın qəhrəman oğullarının yüksək döyüş hazırlığı nəticəsində zəfərlə başa çatıb, bu qələbənin memarlarından sayılan Şəhidlərimiz və qazilərimiz bütün Azərbaycanın, eyni zamanda ölkəmizdən kənarda yaşayan soydaşlarımızın başını uca ediblər. Bu layihənin də möhtəşəm zəfərə həsr olunduğuna diqqət çəkdi.
Növbəti çıxışçı - Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimizin xalqımızın milli qürurunu, qələbə ruhunu özünə qaytardığını qeyd etdi. O da bu kimi tədbirlərin təşkil edilməsində məqsədin onların qəhrəmanlıqlarının hər zaman xatırlanması olmasını qeyd etdi.
Gecədə 2022-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Həzrət Əzizli gözəl müsiqi nömrəsi ilə çıxış etdi, sözləri şair Arif Abdullazadəyə, musiqisi Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlər andı” mahnısı ilk dəfə səsləndi. Habelə Qazi Məbud Əhmədov, Qazi Fərid Atazadə və Qazi İdris Huseynov musiqi nömrələri ilə çıxış etdilər. Respublikanın Əməkdar artistı Lalə Məmmədova sözləri şairə Nigar Həsənzadəyə (tərcümə: şair Salam Sarvan, aranjiman Mahir Ordubadi), musiqisi isə Xanım İsmayılqızına məxsus “Qayıdışın mübarək” adlı mahnını ifa etdi. Bu mahnı da ilk dəfə idi ki, ifa olunurdu.
“İgidlərin sözü” layhəsinin qəhrəman şairləri - 44 günlük Vətən müharibəsindəki qələbənin memarları, qazilərimiz - Oguz Alparslan, Cavid Qasımov, Miri Abdullayev, Vusal Hətəmov, Eyvaz Əyyub, Emin Piri, Tamerlan Əsədov, Elvin İntiqam, Nicat Ağayev, Kərəm Aydın, Həsən Kür və Səbuhi Qurbanov tamaşaçılar qarşısında öz şeirlərini səsləndirdilər.
Sonda səhnəyə çıxan “Söz” və “İqidlərin sözü” layihələrinin müəllifi, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, Təhsil və Humanitar Komitəsinin sədri Nigar Həsənzadə gecədə iştirak edən hər kəsə, xüsusən də şəhid və qazi analarına təşəkkürünü bildirdi və bu qələbədə onların əvəzolunmaz payının olduğunu diqqətə çatdırdı.
Onu da söyləyim ki, bədii-musiqili gecə ilə yanaşı Muğam Mərkəzinin foyesində “Accent Group”un dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasının "Döyüşən rəssamlar" (ideya müəllifi Rövşən Niat, rəssamlar Tərlan Eyvazov, İntiqam Ağayev, heykəltaraş-rəssamlar Cavid Rəhmətov, Fərid Məmmədov) layihəsi çərçivəsində Qazi rəssamların əsərləri nümayiş etdirildi.
Fürsətdən istifadə edib tədbir sonrası Nigar Həsənzadənin fikirlərini aldıq.
-Qələbəmiz! Bu Möhtəşəm anları Sizinlə bölüşmək istərdim... Beynəlxalq Muğam Mərkəzində, mənim fikrimcə, tarixi bir gecə keçirildi. "İGİDLƏRİN SÖZÜ" hər kəsin yaddaşında öz imzasını yazdı. Tədbirin təşkilatçısı olan Dünya Azərbaycanlılarının Beynəlxalq Fonduna təşəkkür edirəm. Yeni "Döyüşən Rəssamlar" layihəsinə isə xoş gəldin deyirəm!
Fotolar: Kamran Bagırovundur.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)
Hamı fındıq alacaq!
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Aylardır xəbərləri arayıb axtarıram ki, görüm “bu bahalaşdı, onun qiyməti qalxdı, bunun qiyməti kəllə-çarxa çıxdı” kimi qara xəbərlərin içində bir ağ xəbər olacaqmı, yəni nəyinsə qiyməti düşəcəkmi.
Və budur, həmin xəbər peyda oldu. Demək, Azərbaycanda fındığın topdansatış qiyməti aşağı düşüb.
Bəli, bəli!
“Ötən il fındığın bir kiloqramının orta topdan satış qiyməti 4,10-4,75 AZN arasında olub”.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O qeyd edib ki, 2020-2021-ci illərdə quru fındığın 1 kiloqramının orta topdan satış qiyməti isə 4.40-6.50 AZN idi.
Demək, fındıq minimum 30 qəpik ucuzlaşıb. Hamımız fındıq alaq! Düzdür, deyəcəksiniz, bu topdan qiymətdir, amma bunun da əlacı var. Yüz nəfər toplaşaq Kömürçü bazarına, siyahıyla adama 4 manat 10 qəpik qoyub topdan 100 kilo fındıq alaq. Və bütün problemlərimiz həll edilsin, ucuz məhsuldan əsl sevinc terapiyası şoku alaq!
Haydı, sabah hamınızı deyilən məkanda gözləyəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)
BİR ŞƏKLİN TARİXİ- Göylər kəndinin mənzərəsi və şeir yaranışı
Kərim Kərimli yazır
Şəkil Şamaxı rayonunun Göylər kəndində dostum Sevincək Muradlının evinin yanında çəkilib.
Təbiətdən ilhamlanıb “Ay şəhər, mən səni atıb gedəcəm” adlı şeir yazmışam o gözəllikdə.
Ay şəhər, mən səni atıb gedərdim,
Getməyə bir yerim yoxdur, neyləyim?!
Dünyanın sənintək şəhəri çoxdur,
Kəndimtək bir kəndi yoxdur, neyləyim?!
Ay şəhər, mən səndə dustağam, dustaq,
Azadca nəfəs də ala bilmirəm.
Sinəndə insantək yaşamaq – yasaq!
Bu nəhəng qəfəsdə qala bilmirəm...
Ay şəhər, mən səni atıb gedərdim...
Ancaq ki, nə yazıq, atılmış mənəm.
Qismətim faciə, qəmdir, kədərdir,
Vətəni, torpağı satılmış mənəm.
Ay şəhər, sən məni alıb qoynuna,
Milyonların biri eyləməkdəsən.
Mənim varlığımı məngənələrtək
Sıxmaqda, əzməkdə, çeynəməkdəsən.
Ay şəhər, mən səni atıb gedəcəm,
Haraya, hayana, özüm bilmirəm.
Rahatca uyuyub, yatıb gedəcəm,
Nə qədər alçalım, dözüm, bilmirəm!
Ay şəhər, mənimki səninlə tutmaz,
Mən səni atacam, atıb gedəcəm.
Sənin “təbəssüm”ün məni ovutmaz,
Mən bu “təbəssüm”ü “satıb” gedəcəm.
Satılan Vətəndə, satan Vətəndə
Hər şey satılırsa, hamı satırsa,
Atılan Vətəndə, atan Vətəndə
Hər şey atılırsa, hamı atırsa,
Mənim ürəyimi al- qan edənlər,
Ata ocağımı viran edənlər,
Vətəni düşmənə bəxşiş qoyanlar,
...
Sənin sinən üstə yaşayırlarsa,
...
Mən necə yaşayım belə Vətəndə?!
Ay şəhər mən səni atıb gedəcəm!!!
Belə yazmışdım, amma getmədim. Azərbaycandan kənarda iki həftədən artıq yaşaya bilmirəm...
İndi isə, Allaha şükür, kəndim də azaddır, şəhərim də!..))
Şeir "Şuşasız" (Bakı-2010, səh. 32) adlanan ikinci şeirlər kitabıma daxil edilib. "525-ci qəzet", "Ədalət", "Gənclik", "Şuşa" kimi qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə dərc edilib, yayılıb.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)
“Kamasin dili” - HEKAYƏ
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Vaqif Sultanlının “Kamasin dili” adlı hekayəsini təqdim edir.
Kamasin dilinin son daşıyıcısı Klavdiya Anciqatovanın ruhuna sayğı ilə
Xəstəlik onu birdən-birə, payızın sonlarına doğru yaxaladı. Bir səhər yuxudan oyanıb yatağından qalxmaq istəyəndə huşunu itirərək üzüqoylu düşdü və özünə gələndə xeyli nə baş verdiyini anlamadı. O vaxtdan bu yana yataqda keçirdiyi günlərdə yaşadığı ömrün pərakəndə lövhələri sanki hər şey dünən olubmuş kimi, yaddaşında çevrildikcə zehni ayazıyırdı...
Abalakovo ulusundan Sayan rayonunun mərkəzi Aqinskə qədər iyirmi beş kilometrlik yolu həftə aşırı gedib-gəlmək o qədər də asan deyildi. Minik olmadığından səhərin gözü açılmamış qalxıb yola çıxır, öylədən bir az keçmiş rayon mərkəzinə yetişincə poçtda işləyən bacılığını arayıb tapır, gecəni onlarda keçirir, o biri gün bazarlıq edib geri dönürdü.
Çoxlarına yorucu görünsə də, meşələrin, göllərin səssizliyinə bürünmüş bu yol onu özündən alıb aparır, mənzil başına çatana qədər zamanın necə axıb keçdiyini duymurdu. İndiyədək bircə dəfə də olsun hər daşını, kəsəyini tanıdığı yolun uzunluğunu sezməmişdi. Sanki ömrü bu yollara dağılmışdı, keçib getdikcə yaşanmış illərin qırışığı açılır, tökdüklərini yığırdı.
Yolboyu özü ilə ucadan, qışqıra-qışqıra danışır, bəzən kiminləsə bəhsə girərək söz güləşdirir, bəzənsə sanki qeybdən, görünməzlikdən ona ünvanlanmış hansısa sualı yerli-yataqlı cavablandırır, hərdənsə uşaqkən anasından eşitdiyi həzin mahnıları oxuyurdu. Ona elə gəlirdi ki, çiçəklər, yarpaqlar, quşlar, hətta daşlar, kəsəklər belə onu dinləyir, dilini, sözlərini, söylədiklərini anlayır.
Hər dəfə rayon mərkəzindən dönəndə, illah da qaranlığa düşən zaman qurdların hücumu ilə üzləşə biləcəyini düşünsə də, uşaqkən anasının anlatdığı gökbörü əfsanəsini xatırlayaraq ürəklənir, qorxuları yox olur, ulaş səsləri tənhalığını unutdurur, qaranlıqda işıldayan gözlərə heyranlıqla baxırdı. Onun ürəkliliyi aulda yeni binə salmış sakinlərə də keçmişdi.
Ulu əcdadları Mana və Kan çayları arasındakı geniş vadidə məskən salmışdı. Doğulub boya-başa çatdığı Abalakovo ulusu isə İlbin çayının seyrək yaşıllıqlarla örtülü, mənzərəli yaxasında yerləşirdi.
Uşaq ikən ulusun əhalisi bütünlüklə onun soyundan - kamasinlərdən ibarətdi. Dillərinə "kalmaji", "kanqmaci" deyilən, ağ banlı çadırlarda bir ailə kimi yaşayan ulus yayda ellikcə sürülərini qabağına qatıb Sayan dağlarının səfalı yaylaqlarına köçər, payızın nəfəsi duyular-duyulmaz yenidən Abalakovoya dönərdi. Hər tərəfin bəmbəyaz qarla örtüldüyü, iş-gücün səngidiyi şaxtalı qış aylarında qohum-qonşu bir araya gələrək xatirələrin istisinə sığınar, uzun gecələrin ömrünü qısaltmağa çalışardılar.
Ruslar bu yerlərə ayaq basınca el-obanın əski düzəni pozuldu, tədricən hər şey özgə, yabançı örtüyə büründü və çadırlara bənzəməyən ağac evlərin tikilməsi ilə ulusun mənzərəsinin dəyişib tanınmaz hala düşməsi bir yana qalsın, gəlmələrin onları tayqa tatarları çağırması üzündən yavaş-yavaş adlarının da unutdurulmasına başlanıldı. Ulusda rusların açdığı məktəbin birinci sinfinə gedəndə nə üçün anasının danışdığı dildə oxumadığını, nədən əlifbalarının olmadığını düşünsə də, uşaq ağlıyla bunun səbəblərini anlaya bilmirdi. Çox keçmədən içki düşkünlüyü, sərxoşluq, əyyaşlıq el-obaya yoluxdu, ən dəhşətlisi isə kilsənin tikilməsi ilə dini inancları sıxışdırılmağa, ulusun şamanları dilləri çəkilib çıxarılaraq gizli şəkildə aradan götürülməyə başlanıldı.
Sonra keyiklər arasında vəba xəstəliyi yayılınca ulusun onsuz da qara olan günlərinə daha bir dərd bulaşdı. Anası danışırdı ki, keyiklərin bilinməyən bir azardan milçək kimi qırılmasının ardınca o çağacan görünməmiş aclıq, qıtlıq başladı. Sibirin sərt, acımasız iqlimi qarşısında duruş gətirmək o qədər də asan deyildi. Bir neçə il sürən aclığın çarəsizləşdirdiyi xalqın dolanışıq üzündən doğulduğu yurdu tərk edərək qonşu bölgələrə üz tutması isə kamasinlərin bir toplum kimi tifaqının dağılmasına, yad diyarlara səpələnməsinə, el-obanın pərən-pərən düşməsinə səbəb oldu.
Yaddaşı ayazıyanda fin dilçi-etimoloqu Kay Donnerin 1914-cü ildə Abalakovoya gəlişini dumanlı şəkildə xatırlayırdı. O zaman hələ çox gəncdi, on doqquz yaşın içərisində idi. Uzun yol keçib gəlmiş, rəsmi dövlət məmurunun himayə etdiyi qonağı dillə yanaşı ağız ədəbiyyatı, nağıllar, əfsanələr, kamasin xalqına məxsus hər şey maraqlandırırdı. O zamanlar el-oba yerində-yatağında olduğundan elə bir çətinlik duyulmurdu, hələ xalqı gözləyən fəlakət qapını kəsdirməmişdi. İndiyədək kiminsə gəlib kamasinlərin dili, yaşam tərzi ilə bunca yaxından ilgiləndiyini görmədiyindən ürəyində qonağa qarşı səbəbini anlamadığı, özünə də bəlli olmayan gizli bir sevgi cücərmişdi. Ancaq qonaqdan kamasin dilində danışanların vur-tut iki yüz nəfər civarında olduğunu öyrənincə onu heyrət bürümüşdü. İki ay sonra ulusdan ayrılan zaman qonaq xatirə olaraq anasına məxmərə bükülü bir şey bağışlamışdı. Anasının ölüncəyə qədər hamıdan gizlədiyi, qorxa-qorxa əzizlədiyi o hədiyyənin nə olduğunu bilmədi.
- Biz soyumuzdan ayrı düşdük, ona görə bu günlərə qaldıq, - bir dəfə anasının kiminləsə dərdləşəndə dediyi sözlər indiyəcən qulaqlarından çəkilib getməmişdi. Qadın türk soyundan ayrı düşən xalqını tanrının cəzalandırdığını anladırdı.
Nə qədər ki, anası Afanasiya sağ idi, qəlbinin dərinliyində bir gün nələrinsə dəyişəcəyinə, başqa cür ola biləcəyinə inanırdı, ancaq onun qəfil ölümü son ümidlərini də söndürmüşdü. Dəfn törəni bitəndən sonra vaxtının çoxunu ulusun yuxarı səmtindəki qəbiristanlıqda keçirir, qadının məzarı başında oturub yalın xəyallara dalırdı.
Ölümündən sonra ara-sıra anasının kölgələrin arasından boylanan ruhu gözlərinə görünür, yuxularını qaçırırdı. Hərdən onun əşyaları içərisindən tapdığı meşin cildli köhnə dəftəri vərəqləyərkən içərisini həzin duyğular bürüyürdü. Dəftərdə hazırda həyatda olan kamasinlərin adları yazılmış, ölənlərin üzərindən qara qələmlə xətt çəkilmişdi.
Anasını itirəndən sonra özü də duymadan mehrini xalası Matrenaya salmağa başladı və bu ona bir qədər təskinlik gətirmiş oldu. Xalası kamasincə gözəl danışdığı üçün anasının ətrini ondan alırdı. Ancaq xalası dünyasını dəyişəndən sonra doğma dilində danışmağa bir kimsə qalmadığını anlayınca ömrünə qaranlıq çökdü.
Uşaq doğura bilsəydi, bəlkə, dünyaya gətirəcəyi övladları ilə bir qədər təsəlli tapar, bunca ümidsizliyə qapılmazdı, ancaq nə yazıqlar ki, taleyinə analıq yazılmamışdı, sanki tanrı onun soyunu, elini, ulusunu, gələcəyini qarğımışdı.
Çox-çox sonralar, 1963-cü ildə rus-sovet alimi, fin-uqor dillərinin araşdırıcısı Aleksandr Matveyevin ekspedisiyası gələndə isə ulusda ondan savayı kamasincə danışan bir kimsə qalmamışdı. İyirmi ildən artıq idi ki, bu dili işlətmədiyindən çox əziyyət çəkirdi. Dillə yanaşı yerli toponimlərə maraq göstərən heyət üzvləri kamasinlərlə bağlı durumu anlayınca çox üzülmüşdülər. Nə qədər ki, qonaqlar ulusdaydı, adamlar arasında bir canlanma duyulur, kamasincə danışa bilməyənlər belə vicdan əzabı içərisində gələnlərə dəstək olmağa çalışırdı.
Bundan təxminən bir il sonra eston dilçisi Aqo Künnapın bölgəyə səfəri zamanı uşaqkən anasından eşitdiyi, yadında qalan mahnılar, nəğmələr, laylalar lentə yazılmışdı. Aqo Künnap on ilə yaxın gəlib getmiş, onun yardımı ilə kamasincə min beş yüzdən artıq söz yazıya alınmışdı və nə qədər kədərli olsa da, xalqından yalnız bunlar qalacaqdı. Aqo Künnap növbəti səfərini bitirib ulusdan ayrılanda bunun son gediş olduğu ürəyinə damıbmış kimi yalvararaq:
- Nə olar, getməyin, qalın bizimlə. Siz getsəniz, biz yox olacağıq, - demiş və hönkür-hönkür ağlamışdı.
Aradan illər keçsə də, Aqo Künnapa xalqının xilaskarı kimi baxdığı, onun sehrli inadla kamasin dilini ölməyə qoymayacağına inandığı günləri heç bir zaman xatirindən çıxarmamışdı...
Daha sonra bu yerlərə ayaq basan olmadı və kamasinlərlə bağlı hər şey yavaş-yavaş unutqanlığa sürükləndi.
*
Özünü anlayandan yaddaşının özəyində heç cür qurtula bilmədiyi bir dərd yuvalanmışdı və illər ötdükcə bu dərd şaxələnərək sızıltılı ağrıya, sonra da sağalmaz yaraya çevrilmiş, ruhunu büsbütün soldurmuşdu. İndi soluxan ruhu ilə yalnız özünün deyil, bütövlükdə xalqının bitdiyini, tükəndiyini, yox olduğunu xəyal etdikcə hayqırmaq, qurd kimi ulamaq istəyirdi.
Hərdən hafizəsinin uzaq toranlıqlarında körpə ikən anasının çaldığı laylaların tək-tək sözləri sayrışırdı, ancaq sözlərin mənasını anlaya bilmirdi - hər şey yaddaşına səs kimi hopmuşdu. Bəzən səslər onu elə inadla çağırırdı ki, özünü saxlayammırdı, ancaq səsin arxasınca atdığı addımla boşluğa yuvarlandığını duyunca bunun yuxudamı, oyaqlıqdamı olduğunu kəsdirə bilmirdi.
Bütün günü havalı kimi danışır, bəzənsə özünü ovudurmuş kimi anasından eşitdiyi, hafizəsində yuvalanan laylaları dodaqlarının altında zümzümə edirdi. Ulusun sonuncu nəfəri olmaq o qədər dəhşətli idi ki, günlər çoxluqdan azlığa sarı axdıqca əsəbləri gərilir, ölümünün təkcə özünün deyil, dilinin ölümü olacağını düşündükcə yerə-göyə sığmırdı.
Bir tərəfdən də yaddaşı korşalmışdı - istər-istəməz yaş özünü göstərirdi. Bəzən dilinin ucundaymış kimi hansısa bir sözü yadına salmaq istəyir, ancaq nə illah eləyirdisə, xatırlaya bilmirdi. Belədə səhərə qədər uyuya bilmir, yadına salmaq istədiyi o söz yuxularını qaçırırdı.
Hərdən yay aylarında gecələr oyanıb qalxır, çiyninə yüngül bir bürüncək ataraq həyətə enir, zamanın kirimişliyində sayrışan ulduzları seyr edirdi. Hərdən də soyuq qış aylarında bəmbəyaz qarla örtülü gecələrdə pəncərənin önündə dayanıb keçmişindən qovulmuş nələrisə arayıb-axtarırmış kimi dibsiz qaranlıqları izləyirdi. Bir zamanlar onun soyunun məskəni olan bu meşələr, göllər, çaylar, göz işlədikcə uzanıb gedən bozkırlar kimlərə qalacaqdı? Nədən bütün başqa millətlər, toplumlar yaşayacağı halda, onun xalqı səssiz-izsiz yox olub gedəcək, yer üzündən, tarix səhnəsindən silinəcəkdi?
Qu quşu son nəğməsini ötən kimi, o da yaşayıb sonuna vardığı ömürlə birgə soyunu bitirəcəkdi. Ondan sonra bu ucsuz-bucaqsız bozkırlarda yenə qurdlar ulayacaq, ancaq mənsub olduğu eli, ulusu bu ulartı səsini bir daha duymayacaqdı. Qurdlar eləcə heçliyə, yoxluğa, kimsəsizliyə ulayacaqdı...
...Günlər biri-birini yeyib bitirdikcə xəstəliyi yüngülləşmək əvəzinə get-gedə ağırlaşdığından sağalacağına ümidi azalır, ömrünün sonuna sanılı günlər qaldığını hiss edirdi. Ara-sıra qonşulardan hansısa gəlib yoluxur, ağızucu bir şeyə ehtiyacı olub-olmadığını sorur, sonra yenə özüylə baş-başa qalırdı. Ancaq vaxt ötdükcə gediş-gəliş seyrəlir, günlərlə itirib axtaran olmur, unudulurdu.
*
Gecənin bir vədəsi qəfildən ürəyinin sıxıldığını hiss etdi - sanki ruhu bədənindən sıyrılıb çıxmaq istəyirdi. Yatağından qalxıb birtəhər pəncərəyə yaxınlaşdı, pərdəni çəkərək gecənin ayazında göy üzünə səpələnmiş ulduzları, küləyin sığal çəkdiyi bəyaz qar yatağını seyr etdi.
Qışın oğlan çağı olsa da, hansı tanrısal bir qüvvəsə yatağından qoparıb bayıra sürükləyir, nə illah eləyirdisə, onu çəkib aparan bu qüvvənin cazibəsindən qurtula bilmirdi. Get-gedə böyüyən, içinə sığmayan bu cazibənin təpkisi ilə özü də duymadan qapını itələyib açaraq həyətə endi, yalın ayaqlarla qarı yara-yara küçəyə çıxdı və qəfildən var gücü ilə hayqırmağa başladı. Onun hayqırışına küləyin vıyıltısı, itlərin hürüş, qurdların ulaş səsləri qarışınca sanki yer-göy titrəməyə başladı.
Bu hayqırışdan səksənib küçəyə tökülən qonşular ayın aydınlığında ayaqyalın, nazik geyimdə qarın içində dayanıb tanrıya üsyan edən qadını gecənin bağrından qoparıb evinə - ölüm yatağına qaytarmaq istədilər. Ancaq elinin, ulusunun yox oluşunu tanrıya duyurmaq istəyirmiş kimi kainatı haraya çağıran səs o qədər güclüydü ki, gələnlərin yerişini durdurur, yaxınlaşmağa qoymurdu.
Qadın qollarını geniş açaraq hayqıra-hayqıra özündən savayı kimsənin anlamadığı dildə nə isə söyləyir, sonra cavab gözləyirmiş kimi bir anlığa susub dayanır, cavab gəlməyincə səsini daha da qaldırır, sanki göyüzünü tanrıqarışıq qoparıb yerə tökmək istəyirdi.
Hiss olunurdu ki, qadın yaşına, cüssəsinə uyuşmayan dəli bir ehtirasla içindən fışqıran səsə sarılmaq istəyir, ancaq bunu bacarmadığından səma rəqsi sayağı havada əl-qol atırdı. Sonra qadının ayaqları yerdən üzüldü, vücudu əriyib dalğa-dalğa səsə çevrilərək göy üzünə dağıldı, mavi sonsuzluqda yox oldu.
İyul 2019-iyun 2023,
Kızıl-Abakan-Bakı
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)
Noyabrın 30-u son gündür
TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək.
Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)