Super User
Dünya içində lazımlı əşyalar olan bir ev kimidir…
Adilə Nəzər yazır
“Ədəbiyyat və incəsənət” portalı elm və ədəbiyyat xadimi Adilə Nəzərdən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi barədə təəssüratlarını alıb.
Bu dünyanı düşünəndə görürsən ki, o, içində lazımlı əşyalar olan bir ev kimidir. Göy dam kimi ucaldılıb, yer sərgi kimi yayılıb, ulduzlar çıraq kimi öz yerlərində yerləşdirilib, mədənlər xəzinə kimi gizlədilib, qalan hər şey sizin istifadəniz üçün hazır vəziyyətə gətirilib...
Kitab da eynən belədir. Müəllif oxucu üçün ən qiymətli fikirləri üstüörtülü, sətiraltı deyir, qalanlarını açıq şəkildə. Və bunu bilərəkdən etmir, dünyanın - təbiətin bir parçası olduğu üçün yazdıqları sadəcə belə alınır.
Əsas olan oxumaqdır, həm də uşaqlıqdan mütaliəyə vərdiş edəndə o gizli mədənləri tez tapırsan, çünki sözlərin bədii, poetik mənalarını öyrənmiş olursan. Sevindirici haldır ki, builki kitab sərgisində gənc oxucular üstünlük təşkil edirdi.
İmza saatında şəkilləri hərə öz telefonu ilə çəkirdi, bir də sərgiyə təhkim olunmuş fotoqraflar çəkirdilər.
Bu şəkill isə 5 gündə Kitab Sərgisində mənim telefonumun kamerasına düşənlərdən biridir.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
“Getcontact"ı silməyin fəlsəfi qaydası
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Heç kimin adınızı tapa bilməsini istəmirsinizsə bu üsuldan istifadə edərək getcontact hesabınızı durdura bilərsiniz. Lakin bunu etdiyiniz zaman siz də başqalarının adlarına baxa bilməyəcəksiniz.
Düşünürəm ki, həyatda da belədir, biz heç kimin həyatına burnumuzu soxmasaq, heç kim də bizim həyatımıza burnunu soxa bilməz. Bizlər çox zaman camaat nə deyər qorxusuyla yaşayırıq (əsas da yaşlı nəsil), fəqət bizə heç kimin həyatı maraqlı olmasa, başqalarının da bizim haqqımızda nələr düşünəcəyindən qorxmasına bir səbəb qalmaz.
"Başqaları nə deyər" düşünərək yaşayan insanlar başqalarının həyatına baxaraq yaşayan insanlardır. Reallıq budur ki, siz düz də etsəniz, səhv də davransanız sizi qınayanlar olacaq. Elədirsə niyə görə öz istədiyimiz həyatı yaşamayaq? Niyə başqalarının həyatlarına və ya nömrələrinə burnumuzu soxaq ki, başqalarının da bizim həyatımıza burnunu soxmasına imkan verək?
Tətbiqi indi durdur və bu qorxulardan azad ol.????️✍️
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
Və bəlkələrin, kaşkilərin ömrümüzün böyük bir qismini oğurlaması… -ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Dönüb insanlara baxsaq, hamısının bir dərdi, bir narazıçılığı var. Hamıda bir peşmanlıq, qırğınlıq, bir ümidsizlik var. Ümumiyyətlə bəlkələr və kaşkilər ömrümüzün böyük bir qismini oğurlayır bizdən. Daim bir yerlərdə buraxdığımız peşmanlıqlar, yarım qalmış hekayələr, qırğınlıqlar və ümidsizliklər var.
Amma bir yolun sonu uçuruma belə gedib çıxsa dəli cəsarəti hər kəsdə olmalıdır zənnimcə. Qoy məni incidən, qıran, peşman edən etdiklərim olsun, əməllərim olsun. Kaş ki, bunu etməzdim dəqiqliyi, bəlkə belə etsəydim hər şey daha gözəl olardı ehitmalından daha şükürlü acılar çəkdirir insana.
Zatən hər kəs özünün belə fani dünyada qalıcı olmadığını dərk edəndə etmədiyi hər şey üçün peşman olacaq. Hörməti hörmətsizliklə qiymətləndirənlər, qırıb incidənlər, yalan danışanlar, şiddət göstərib daim həyata qarşı kinli olanlar zatən bir gün etdiklərinə görə peşman olacaq və mən inanıram ki, peşman olan hər kəs xətalarından dərs almağı gec-tez öyrənəcək.
Bəs etmədiklərinə görə peşman olmaq??
Əmin olun, bu peşmançılıq çox daha ağırdır. İnsan geri dönüşü olmayan yola girəndə ona heç bir əl uzanmaz, bütün ümid şamlarına ruzigar çarpmışcasına sönər və adam hansı səmtə dönsə qaranlıqda qısılıb qalar.
Cəsarət edib sevdiyinin əlindən tutmayan yarının başqasına yar olduğunu görəndə, təhsilindən narazı olub öz istədiyi ixtisası sırf ailəsi istəməmişdi deyə seçməyib 8 saatlıq iş rejimi ilə ofislərdə bəyaz yaxalı kölələrə çevriləndə, vaxtında sözünün tonunu ədalətsizlik üçün qaldıra bilməyib anasına səsinin tonunu qaldıran anasının məzarı başında səssiz ağlayanda peşman olur. Niyə vaxtında sevgi uğruna addım atmadım? Niyə əlindən tutmadım? Niyə xəyallarımı mentalitet və o çox ali el sözünü gözündə tanrı edən ailə dəyərlərinə qurban verdim? Niyə sağlığında qucağlamadığlarımın məzarını qucağlamağı gözlədim?
Bax budur peşmançılıq. 3 günlük dünyada etdiyimiz hər əməlin peşmançılığını yaşayıb tövbə edə bilərik, yetər ki, O'na pənah gətirib sidq ürəkdən tövbə qapısına yönələsən. Ancaq vaxtında atılmamış hər addımın geri dönüşü olmayan peşmançılığı olur. Vaxtında sevgisini verə bilməyən o hiss ilə vidalaşır, lakin bir sevən əlbət ki bir daha sevər. Vaxtında qərarlarının arxasında durmayan kəsin nə etibarı olar, nə hörməti. Vaxtında sözünü deməyə çəkinənin sözünün çəkisi heç vaxt olmaz.
Vaxtında sahib çıxmadığımız hər şeyi itirəndə bir daha heç nəyi o qədər sahiblənə bilmərik. Vaxtında şiddətə susanda, vaxtında bütün şərəfsizliklərə göz yumanda insan dönüb olar cəhalətdən qəlbi daşlaşmış bir məxluq...
Belə ki vaxtında edin hər şeyi. Buraxın peşman belə olsaq uçurumun kənarından geri dönüş yarada biləcək tövbə qapısına sığına biləcək addımlarımız olsun. Mücərrəd zaman anlayışında sonuncu nəfəsin nə vaxt dayanacağını bilməyən fərdlər olaraq etmədiklərimizdən peşman olmayaq.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
Macarıstanda çəkilmiş ilk tammetrajlı Azərbaycan bədii filminin Budapeştdə premyerası olub
Macarıstanın paytaxtı Budapeşt şəhərində Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYID) tərəfindən təşkil olunan Türk dünyası gənclərinin bədii yaradıcılıq gecəsi çərçivəsində Macarıstanda çəkilmiş "Görüşənədək" adlı ilk tammetrajlı Azərbaycan bədii filminin premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, “MagNet Közösségi Ház”da keçirilən tədbirdə çıxış edən AYID-in sədri Ramil Şükürov film haqqında ətraflı məlumat verib. O, bu kimi layihələrin Azərbaycan və Macarıstan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini, həmçinin Türk dünyasında ortaq mədəniyyətin, incəsənətin və irsin qorunması və inkişafında azərbaycanlı gənclərin rolunu vurğulayıb.
Sonra Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin gənclərindən ibarət ansambl tərəfindən hazırlanmış musiqili tamaşa göstərilib, Azərbaycana və digər türk xalqlarına məxsus mahnılar ifa edilib.
Tədbir AYID-in idarə heyəti üzvü, gənc soydaşımız Nazim Musabəylinin ssenari müəllifi və rejissoru olduğu "Görüşənədək" bədii filminin nümayişi ilə davam edib. Baş rollarda Kamil Şükürov, Elnarə Abdullayeva, Lalə Rəfiyeva, Aqşin Sakif və Timi Janurik, həmçinin müəllifin özünün yer aldığı filmdə Macarıstanda yaşayan iki gənc azərbaycanlı tələbə Aqşın ilə İlqarın həyatları və onların çətinliklərə qarşı mübarizəsindən bəhs edilib. Film böyük maraqla qarşılanıb.
Tədbir filmin yaradıcı heyətinin səhnəyə dəvət olunması və qonaqları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri mükafatlandırılıb
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyəy Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə nazirliyin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalda nümayiş olunan filmlər haqqında danışıb. Bildirib ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyidir (ARKA): “Layihəyə verdikləri dəstəyə görə, Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə təşəkkür edirəm. Bizim Kino Agentliyinə ümidlərimiz çoxdur. İnanırıq ki, növbəti illərdə əməkdaşlığımız davam edəcək. Festivalı tanıdan yaxşı filmləri və peşəkar münsiflər heyətidir. Filmlərin seçilməsində münsiflər heyətinin böyük əməyi var. Buna görə münsiflər heyətinə təşəkkür edirəm. Altı gün boyunca hər gün saat 11-dən axşama kimi salonlarımız dolu olub. Düşünürəm ki, növbəti festival bundan da rəngarəng filmlərlə bol olacaq”.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu festivala fəaliyyətində uğurlar arzulayıb və qalibləri təbrik edib. “Bu gün burada ARKA işçilərindən mükafat alanlar var. Düşünürəm ki, bu məqam ARKA-nın hansı tərkibdə formalaşması və fəaliyyətinə dair çox şey deyir. Kinematoqrafiya elə bir sahədir ki, burada müxtəlif baxış bucaqları mövcuddur. Biz Mədəniyyət Nazirliyi, Kino Agentliyi heç bir baxış bucağını redaktə etməkdə maraqlı deyilik. Qəbul olunmuş kino kriteriyaları çərçivəsində ərsəyə gələn ekran əsərlərinə dəstək olmaqda maraqlıyıq”, – deyə Orxan Fikrətoğlu bildirib.
Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
Beynəlxalq müsabiqədə “Ən yaxşı animasiya” nominasiyasında “Fabuladakı canavar” animasiya filmi (rejissorlar Vuk Palibrk və Tanja Brzakovic. Serbiya), “Ən yaxşı sənədli film” nominasiyasında “Qalina Petrovna” filmi (rejissor Nikita Lovetski, Qırğızıstan), “Ən yaxşı bədii film” nominasiyasında “Heç biri” ekran əsəri (rejissor Patrisio Martines və Fransisko Kanton, Argentina) mükafata layiq görülüb.
Yerli müsabiqədə isə “Ən yaxşı bədii film” nominasiyasında “Salam İsa” (rejissor Səməd Ağayev), “Ən yaxşı sənədli film” nominasiyasında “Sabahın xeyir, Sübh anası” (rejissor Kürçaylı Məmmədov), “Ən yaxşı rejissor” nominasiyasında “Nəfəs” (rejissor Elmar Bayramov), “Ən yaxşı ssenari” nominasiyasında “Qütb ulduzu” (rejissor Şirin Əhmədov) filmləri mükafatlandırılıb.
Sonda “Ən yaxşı bədii film” nominasiyası üzrə “Qızıl nar” mükafatı almış Səməd Ağayevin “Salam, İsa” filmi nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
HANSINI???
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Gülüş klubunun Günün lətifəsi rubrikasında bu gün sizlərə dünən bir toy məclisində eşitdiyim lətifəni təqdim edəcəyəm. Belə hallar, siz elə bilirsiniz, real həyatda baş vermir?
Bir qıza elçi gəlmək istəyirlər. Anası qızına deyir:
-Gərək özümüzü elə göstərək, guya ki, varlıyıq. Mən səndən nə istəsəm soruş ki, hansını?
Elçilər gəlir, anası deyir, gətir süfrə sər, qız soruşur, hansını. Anası deyir, qab gətir, qız soruşur, hansını.
Nəhayət məclisin əsas məqamı çatır, ev sahibini dəvət etmək lazım gəlir.
Anası qıza deyir, get atanı çağır.
Qız soruşur:
-Hansını?
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
Qərbi azərbaycanlıların deportasiya tarixi kitablaşmaqdadır
Elnur Eltürk yazır
Çox tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilovun müəllifi olduğu “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma (hüquq və tarix kontekstində)” kitabı işıq üzü görüb.
Bu münasibətlə Səməd Vəkilovu təbrik edir və uğurlar arzulayırıq!
Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Müvəkkil Hüquq Mərkəzi tərəfindən icra olunan layihə çərçivəsində hazırlanıb.
Kitabda Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz doğma yurdlarından İosif Stalinin qərarı ilə deportasiya edilərək Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyanın hüquqi aspektləri araşdırılmış və bu aksiyaya məruz qalmış insanların şəxsi hekayələri toplanmışdır.
Qeyd edək ki, kitabın məsləhətçisi Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov, rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, elmi redaktor tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafadır.
Hamı üçün gərəkli kitabdır. Acı keçmişimizi bilməsək, şirin gələcək qura bilmərik.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
“Ən çox bu havalarda darıxıram” - ESSE
“Ədəbiyyat və incəsənət” portalı Gülay Tahirlinin essesini təqdim edir - lirik, səmimi və kədər dolu bir esse.
Tələbə idim, dərslər 18:00-da - hava qaralanda bitirdi, avtobusdan düşəndə görürdüm ki, atam avtobus dayanan yolda durub məni gözləyir. Beş dəqiqəlik yol idi, nə qədər “ehtiyac yoxdur, qorxmuram” desəm də gəlirdi. Əlində də ya dürmək olardı, ya da mandarindən, almadan…
O beş dəqiqəlik yolu ac getməyimə ürəyi dözmürdü. Qaranlığın səsini, dünyanın ən doğma qoxusu olan kəndin tüstü qoxusunu, əlimdəki dürməyin dadını, ən çox da atamın sevgisini, verdiyi güvəni ilikləriməcən hiss edirdim.
İndi müəlliməm, yenə o saatda dərsdən çıxıram, daha atam qabağıma gəlmir, gələ bilməz…
Bircə atam yoxdur, qaranlıq da, o tüstü iyi də yerindədir, yerindədir, amma hiss edə bilmirəm. Daha qaranlığa dik baxa bilmirəm, bu havalarda, bu aylarda asta yeriyə də bilmirəm, elə qaçıram, qaçıram… Sanki azacıq yavaşlasam, həsrət öldürəcək məni. Darıxıram, atam, darıxıram, ən çox bu havalarda, bu aylarda…
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
Dünyanı nə xilas edəcək? -SƏNƏT
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Rəssamlar İttifaqının sərgi salonunda "Dünyanı sənət xilas edəcək" adlı rəsm sərgisi keçirildi.
Azərbaycan Rəssamlar İttifaqının və "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, rəssam, şair, Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Rəsm Komitəsi başkanı Nəvai Metinin təşkilatçılığı ilə baş tutan rəsm sərgisində rəssamlar, ziyalılar, media nümayəndələri iştirak edirdilər.
Tədbirin aparıcısı Rəssamlar ittifaqının katibi Ağəli İbrahimov qonaqları salamlayaraq təşkil olunan tədbirin yaddaqalan bir gün olacağını onların diqqətinə çatdırdı.
Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyatxan Əliyev, dosent Rəşid Mahmudov, "Dərbənd" Xeyriyyə Cəmiyyətinin sədri Nurulla Əliyev, "Dədə Qorqud" mükafatının təsisçisi Eldar İsmayılov, rəssam-kolleksioner Eldəniz Babayev Nəvai Metinin, Naqiyə Rzayevanın, Ədbüləmi Əliyevin, Əmrah Mədətovun və Məlik Məmmədxanovun yaradıcılığından söz açaraq bu cür sərgilərin keçirilməsinin əhəmiyyətindən danışdılar. Tədbirin təşkilatçısı Nəvai Metin qonaqlara öz adından və sənət dostları adından təşəkkürünü bildirdi. Daha sonra qonaqlar ekspozisiya ilə tanış oldular.
Sərgidə ümumilikdə beş rəssamın 80-ə yaxın rəngkarlıq janrında çəkilmiş rəsm əsəri nümayiş olunur.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov Nəvai Metinə xalqımızın mədəni irsinə və incəsənətin inkişafına göstərdiyi diqqət və qayğıya görə öz adından, İctimai Birliyin üzvlərinin adından təşəkkürünü bildirdi.
Rəsm sərgisi 19 noyabra kimi davam edəcək.
Fotolar müəllifindir.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)
Dərhal fəaliyyətə başlamalı
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən belə bir nəticə əldə edə bilərik:
Uğur formulu=arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etmək.
Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.
Öncə ARZULAMAQ barədə danışdıq:
1. Arzulamaq
«Öz arzularınızdan bərk tutun. Onları buraxmayın!» Məşhur Amerika psixoloqu və psixoterapevti Marden Orison bu sözləri nahaq yerə deməyib ki.
Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Əgər arzulamağı uşaq məşğuliyyəti hesab edən varsa, o, kökündən yanlışlığa yol verir. İnsan həmişə arzulamağı bacarmalıdır. Kim bunu bacarmırsa, dərhal bu qabiliyyəti özünə qaytarmağa çalışmalıdır. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik.
Uğur qazanmağın əsas sirri – öz həyatın üçün bütün məsuliyyəti öz üzərinə götürməyindir, onu idarə edə bilməyindir. Hər bir insan öz həyatının ağası ola bilmir, bu faktdır. Bəziləri ona görə işə gedir, ona görə yemək yeyir, ona görə televizora baxır, ona görə qəzet oxuyur, ona görə internetə girir, ona görə dost-tanışla ünsiyyətə girirlər ki, buna sadəcə adət ediblər. Onların monoton, şablon həyatlarında hər gün hər şey sadəcə təkrarlanır. Belələri arzulamaqdan məhrum olan insanlardır. Onların yekcins ömür kitablarında heç vaxt nə zavyazka, nə razvyazka, nə də kulminasiyaya rast gəlinməyəcək.
Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.
Sonra qarşıya məqsəd qoymaq barədə danışdıq.
2.Qarşıya məqsəd qoymaq
İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Arzu palitrası çox rəngarəng olan insanlar var ki, onlar bu arzuların heç birinin ardınca getmirlər, öz arzularını məqsədə çevirmirlər. Ucqar dağ kəndində yamacda qoyun-quzu otaran savadsız bir çobanın prezident olmaq arzusu ola bilər, amma bu, heç bir reallıqla uzlaşmayan bir xülyadır, onu məqsədə çevirmək belə mümkünsüzdür. Məqsədə yalnız insanın potensialı ilə uzlaşan, kənar mühitlə ziddiyyət təşkil etməyən arzular çevrilə bilir.
Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt.
Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.
Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.
Bütün məqsədlərinizi əhəmiyyət dərəcəsinə uyğun sıralayıb özünüz üçün ən əsas məqsədi seçin.
Məqsədlərinizi zamanla uzlaşdırıb «qısa zamanda həll olunacaq» və «uzun zamanda həll olunacaq»lara bölün. Əsas məqsədiniz isə daha çox zaman tələb edən strateji məqsəd olacaq.
Sonra Planlaşdırma barədə danışdıq.
3.Planlaşdırma
Qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların optimal bölgüsü planlaşdırma adlanır ki, riyazi nöqteyi-nəzərindən bu funksiyanın əsas arqumentlərindən biri də zaman bölgüsüdür. Planlaşdırma olmadan heç bir məqsədə çatmaq, uğur əldə etmək mümkün deyil. Bu sahəni ayrıca təhqiq elədiyim üçün onun üzərində geniş dayanmalı olacağam. Amma indi yox, növbəti hissələrdən birində.
Sonra da Hazırlaşmaq barədə danışdıq.
4.Hazırlaşmaq
Arzuladınız, qarşınıza məqsəd qoydunuz, planlaşdırdınız. Növbəti, dördüncü addım hazırlaşmaqdır. Bura həm məqsədinizə çatmaq üçün seçdiyiniz hədəfə aid biliklərinizi artırmaq, bol informasiya toplamaq aiddir, həm lazım olacaq maddi resursları əldə etmək, özünü lazım olan sosial-inzibati şərtlərə uyğunlaşdırmaq, bu yolda sənə yardım edə biləcək tərəfdaşları müəyyənləşdirmək lazımdır, həm də öz obrazını məqsədə doğru gedən insan obrazı ilə uyğunlaşdırmaq lazımdır.
Öncə öz vəziyyətiniz, hiss və emosiyalarınızı idarə etməyi öyrənməlisiniz. Məqsədin vizuallaşdırılması, xəyali obrazının yaradılması emosional vəziyyətlə bilavasitə bağlı olur. Məşhur deyim var, deyirlər – əgər varlı olmaq istəyirsənsə, özünü varlı hesab et, sağlam olmaq istəyirsənsə xəstəliyi və həkimləri unudaraq hər gün sağlam adam halı yarat, xoşbəxt olmaq istəyirsənsə, ol!
Heç vaxt naşükür olmayın, əlinizdə olan hər şey üçün şükür edin. Hər gün özünüzdə yaxşı əhval-ruhiyyə, optimizm, hər şeyə pozitiv münasibət yaradın. Unutmayın, yaxşı fikirlər sizə yaxşılıqlar gətirəcək, pis fikirlərsə pisliklər.
Hazırlıq mərhələsində mütləq özünəgüvən, özünəinam hisslərinizi möhkəmləndirin. Heç vaxt özünüzün qüvvənizə şübhəniz olmasın. Özünə inanmayan, öz uğuruna şübhələnən kəs bu uğuru heç zaman qazana bilməyəcək.
Məqsədə çatmaq üçün qərar qəbulunda müstəqillik şərti mütləqdir, eləcə də qətiyyət çox vacib keyfiyyətdir.
Bütün lazımi təmrinlərə əməl edib öz yetkin obrazınızı yarada bilməyiniz üçün dağıdıcı emosiyalardan (qorxu, qəzəb, nifrət, inciklik, paxıllıq və s.) qopmaq, sevməyi öyrənmək də çox vacibdir. Sevmək hissi, sevgi enerjisi insana güc və qüvvət gətirir, onu tam həyat energisi ilə təmin edir.
Özünəinam, sevgi, sevinc, ekstaz, optimizm, inam və özünü dəyərləndirə bilmək – bunlar birlikdə dərin daxili enerji yaradırlar. Amma şübhə, kədər, qorxu, narahatçılıq isə əksinə, bizi enerjidən məhrum edirlər.
Karlos Kastenada yazır: «Biz gah özümüzü güclü, gah aciz edirik və bu halın hər ikisinə də eyni qüvvə sərf edirik».
Belə isə, niyə biz öz qüvvəmizi özümüzü aciz etməyə sərf edək?
İnsanın fiziki vəziyyəti də onun hissləri və emosiyaları ilə bağlıdır. Buna görə də dik oturmaq, dik gəzmək, gülümsər çöhrəyə malik olmaq çox vacibdir.
Sağlamlıq da uğura, məqsədə çatmaq yolunda vacib faktordur. Sağlam həyat tərzi, bədən tərbiyəsi və idman, faydalı qidalar, daimi həkim müayinələri, profilaktika – bunlar zəruri təmrinlər olmalıdır.
Motivasiyaedən kitablar oxumaq, yüngül, şən musiqi dinləmək, karaoke oxumaq, rəqs etmək, deyib-gülmək, bütün bunlar sizə əlavə stimul verəcək.
Və uğurlu insan olmaq üçün, unutmayın ki, mütləq özünüzdə intuisiya formalaşdırmağı bacarmalısınız. Düşünmə qabiliyyətinizə əl gəzdirməli, tez qərar qəbul etmə xüsusiyyətinizi formalaşdırmalısınız.
İntuisiya formalaşdırmaq üçün sakitliyi dinləmək effektiv rol oynayır. Gün ərzində heç olmasa yarım saat insan özü ilə qalmalı, bu zaman daxili dialoqu dayandırmalıdır.
İntuisiya nədir? Psixoloqlar buna bəzən daxili səs, bəzən altıncı hiss deyirlər. Amma heç bir halda intuisiyanı mifik bir şey hesab etmək olmaz. Amerikalı neyropsixoloq Robert Sperri 1981-ci ildə Nobel mükafatını məhz intuisiyanın fövqəladi bir hiss olmadığını, beyinin sağ yarımkürəsinin normal funksiyası olduğunu sübut etdiyi üçün almışdır. Belə ki, o, bəyan etmişdir ki, beyinin sol yarımkürəsi məntiqə və abstrakt təfəkkürə cavab verdiyi halda beyinin sağ yarımkürəsi informasiyanı obrazlar şəklində qəbul edib araşdırma xüsusiyyətinə malikdir. Bir sözlə, intuisiya şüuraltı alternativ ağıldır, əslində o, hamıda var, ancaq kimlərdəsə inkişaf edib, kimlərdəsə yox. Demək, treninqlər vasitəsi ilə onu hər kəs gücləndirə bilər. Bəs nə cür?
- Öz intuisiyanızla dostlaşın. İlk öncə öyrənin ki, şüuraltınız sizə hansı siqnalları göndərir;
- İntuisiyanızın necə yarandığını öyrəndikdən sonra onu lazımi anlarda işə salmağı öyrənin;
- İntuisiyanıza azadlıq verin, gün ərzində bir çox ağlasığmaz ehtimallar irəli sürün, get-gedə düzgün ehtimallarınız sayca xeyli artacaq;
- Məntiq çərçivəsindən qopun, daha çox yaradıcı təxəyyülə meyl edin.
Düşünmək, analiz etmək, tez qərar qəbul edə bilmək qabiliyyətinizə isə ən müsbət təsir edə biləcək bir şey şahmat oyunu ola bilər. Xüsusən seytnot vəziyyətindəki adi şahmat, yaxud, blits-şahmat oyunu.
Şəxsən mən özüm hazırkı düşünüb dərindən analiz edə bilmək, eləcə də ani qərar verə bilmək qabiliyyətim üçün şahmat oyununa çox borcluyam.
Nəhayət, sonda Fəaliyyətə başlamaq barədə danışacağıq.
4.Fəaliyyətə başlamaq
Fəaliyyətə haçan istədin, başlaya bilməzsən. Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən. Azərbaycanlı yazıçı Varis Yolçuyevin belə bir aforizmi var, «Özünün ən güclü zərbələrini yaşadığın zəmanənin ən zəif vaxtına saxla».
Buna görə də, məqsədyönlü fəaliyyətə başlamaq üçün mütləq əlverişli zamanı, əlverişli şəraiti gözləməyə məcbursan. Elə ki, ideal və ya ideala yaxın şərait yarandı, haydı, məqsədə doğru fəaliyyətinə başla.
Hər gün bircə dənə də olsa belə mütləq addım atmaq, hər gün məqsədə doğru ən azı bir qarış yaxınlaşmaq çox vacibdir.
Və ən əsası, məğlubiyyətdən qorxmadan qələbəyə doğru getməyiniz zəruridir.
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)