Super User
Rəngkarlıq Muzeyində növbəti mühazirə feminist arxeologiyasına həsr olundu
Sentyabrın 14-də XXI əsr Azərbaycan Rəngkarlıq Muzeyində arxeoloq, eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadənin “Feminist arxeologiyası (İbtidai-icma quruluşunda qadın)” mühazirəsi keçirildi.
Mühazirədə paleolit və neolit dövrlərinə aid Venera heykəlcikləri əsasında qədim zamanlarda qadının rolu, anaxaqanlıq, tanrı və ilahələrin semantikası haqqında bəhs edilirdi. Həmçinin Venera heykəlciklərinin tarixdəki yeri, bu mövzu ilə bağlı elmi müzakirələrin nədən ibarət olduğundan danışıldı, hipotez və paradiqmalar təhlil edildi.
Azərbaycan dilində aparılan mühazirə maraqla dinlənildi.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
“Cümə günü Əbülfətqızının 10 sualı”nda bu gün Təranə Dəmirdir
Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”
“Cümə günü Əbülfəzqızının 10 sualı" rubrikasının budəfəki qonağı öz qələmi ilə xüsusi imzası olan şair xanım Təranə Dəmirdir.
-Xoş gördük Təranə xanım. Vaxt itirmədən keçək suallarımıza.
1) Qeyrətli, qeyrətsiz adamlar kimi,
Sözün də kişisi, şərəflisi var.
Əyilməz özünü pula satmayan,
Doğuşdan qəbrədək kişi olanlar..
(Təranə Dəmir)
Təranə xanım, “sözün kişisi" ifadəsini necə təhlil edirsiniz?
1.Salam. Xoş gördük səni də, oxucuları da. Əvvəla bir oxucu kimi sənə təşəkkür edirəm. Sonra da rubrikanın ilk qadın qonağı olduğum üçun minnətdarlığımı bildirirəm.
Keçək suala. Yazar sözü azad buraxmasa, kölgədə saxlasa, fikirlərini ifadə etməyə qorxsa, onun ərsəyə gətirdiyi əsər də qorxaq olacaq. Oxunacaq, bir müddət sonrasa unudulacaq. Sözü azad buraxmaq lazımdı. Dünyanı hansı rəngdə görmək istəyirsənsə, necə təsvir edirsənsə, elə də sözə çevirənlər əsl yazarlardır, məncə. Sözün də kişisi, əri deyəndə bunu nəzərdə tuturam. Ruhu azad olanların sözü həmişə qalib gəlib tarixin bütün dönəmlərində.
2) Dəyərli Yaradıcımız, A. Şopenhaurun gözəl bir deyimi var: " Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir."
Bəs hər xırda səbəblərə görə küsüb-barışan, münasibət qura bilməyib, " sevgi yoxdur" - deyib sevgini ucuzlaşdıran kəslərə nə söyləyərdiniz?
2. Ayrılıq sevgisizlikdən, sevgi tükənəndə düşür ortalığa mənim aləmimdə.
Sevmək səbir, dəyanət, dözüm istər. Əgər bir yola qoşa qədəm qoyursansa, demək, onun bütün çətinliklərini, ağrılarını da gözə almalısan. Əks halda, bu sevgi deyil. Tutqudur. Alışdın və söndün. Bir də sevgi iki ruhun qarşılıqlı hissidir. Biri bitirsə, o biri bunu yürüdə bilməz. Həm də cütlər arasında hörmət, qayğı, diqqət əsasdır. Laqeydlik də sevgini kül edən amillərdən biridir. Hətta ən mükəmməl eşqləri belə soyuda bilir.
3) Mahatma Qandiyə görə: " Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir."
Sizcə, bu ifrat bataqlığını yaradan hansı əməllərdir?
3. Azadlığı bəzən barbarlıqla dəyişik salırıq. Azadlığın qapısını geniş açmaq olmaz. İfrat azadlıq meşşanlığa, ləyaqətsizliyə belə apara bilər adamı. Azadlığı anlamadan "mən azadam " demək olmaz. İnsan nəfsinə, şərəfinə, qeyrətinə sahib çıxmağı bacarmalıdır. Məsələn: "Azadam "- deyib hər düşündüyünü etmək və ya demək də olmaz. Azadlığın da sərhəddi var. Keçdinsə, özünü itirəcəksən.
4) Təranə xanım, şeir kitablarınızın adlarından istifadə edib növbəti sualıma cavab istəyirəm.
Səssizliyin melodiyasında payız qadının daş arzularını uzaqlara aparan küləyə nə söyləyərdiniz?
4.Bilirsiniz ki, şairlər dünyanın yatan vaxtı daha yaxşı duyğularını dilləndirə bilir. Yəni, özləriylə olanda dünyanı daha gözəl düşünə, analiz edə bilirlər. Bu sarıdan o kitab səssizliyimin məhsuludur. Daş arzularsa hər kəsin ürəyində yatan, həyata keçməyən (bəzən qorxaqlıqdan, bəzən naşılıqdan, bəzən acıqdan) arzular elə daşa dönüb qalır insanın ürəyində. Nə çata bilirsən, nə unuda. O külək sənin özünsən birinci növbədə. Keçmişi heç nəylə geri qaytarmaq olmaz. Çatmadığın arzular da keçmişində qalsa, yaxşıdır. Düşündükcə özünü incidirsən. İrəli, yalnız irəli. Sadəcə nəticə çıxarmaq lazımdır.
5) Düma söyləyib ki, " Uğurun iki səbəbi var- səbir və ümid."
Təranə xanım, səbirdən yoxsul olanlara nə tövsiyə verərdiniz?
5. Baxır səbrə hansı tərəfdən yanaşırsan. Haqsızlığa, bərabərsizliyə qarşı aşırı səbrin əleyhinəyəm. İstər sosial həyatda olsun, istər ailədə, istərsə də sevgidə. Amma səbir etməyənləri də elə hər şeyə üsyan edənləri, bütün sərhədləri çılğıncasına qırıb atanları da, hövsələsizləri, ən sonda demək istədiklərini ən əvvəldə deyənləri də təqdir etmirəm
Səbrin də həddi, sərhəddi olmalıdır.
6) Təranə xanım, sevgini hansı rəngə bənzədirsiniz və nə üçün?
6. Əsl sevgi bahar rəngdədir. Ömrün bütün fəsillərində yamyaşıldır. Sevgi insanı yaşadan duyğudur. Hər kəs ürəyində sevgi bəsləsə, dünya həmişə bahar olar.
7)Unudulmaz şair-Məmməd Araz söyləyib ki: " İnan ki, ehtiras aldatmayanı,
İnci də, göhvər də aldada bilməz."
Təranə xanım ehtirasın " şirin səsinə" uyub əsiri olanlara nə demək istəyərdi?
7. Ehtiras insanı uçuruma aparan duyğudur. Bəzən insanlar sevgiylə ehtirası eyniləşdirirlər. Sevgi ləkəsiz olmalıdır. Tərtəmiz. İnsan ağılla sevməlidir, hisslə yox. Əks halda onu xoşagəlməz sürprizlər gözləyə bilər.
8) Mən elə bilirdim daşam, dəmirəm,
Sən demə, məndən də adam olarmış.
Sən demə, mənim də barmaqlarımın,
Özünə bənzəyən sığalı varmış.
(Təranə Dəmir)
Təranə xanım, bu sualımı digər baxış bucağından ünvanlayıram. Sizcə, ailələrdə tellərə sığal çəkilməməsinin səbəbi neçə faiz sosial problemlərdən qaynaqlanır?
8.Telə sığal çəkməməyin sosial problemlərdən qaynaqlandığını düşünmürəm. Sevgi bütün maneələri aşa biləcək gücdədir. Axı sevgini ismarlamırsan. Qapını nə vaxt döyəcəyindən də xəbərin olmur. Əgər qəlbindəki həqiqi sevgidirsə , onu heç nə söndürə bilməz. Nə qayğılar, nə problemlər, nə ətraf, nə cəmiyyət. Axı sığal da pulla deyil. Onu çəkməyə xəsislik edənlər sevginin nə olduğunu dərk etməyənlərdir. Yəni bir atımlıq barıtları vardı. Atdılar və bitdi.
9) Psixoanalizin banisi Ziqmund Freyd söyləyib ki: "İnsan sevildiyini hiss edəndə daha inamlı və cəsarətli olur."
Müasir cəmiyyətdə " saxta sevgi"lərdən qorunmaq üçün hansı" silahdan" istifadə etməliyik?
9. Saxta sevgi həmişə olub. Keçmişdə də olub, indi də var və gələcəkdə də olacaq. Təəssüf ki, sevginin gözü kor olur və bu sevgi qarşıdakının hisslərini də analiz etməyə qoymur səni. Eləcə sevirsən. Bir gün ayılırsan ki, qurbansan. Mən kiminsə qarşısına keçib, bunu sev və ya sevmə deyə bilmərəm. Sadəcə insanlar sevəndə də ehtiyatı əldən verməməlidir. Ağılla sevməyi bacarmalıdır. Özünə dəyər verməlidir. Əks halda, ona heç kim dəyər verməyəcək. Arada quru peşmanlıq qalacaq.
10) Bir şeirinizdə həsrəti " Qız qalası"na çıxıb atdınız.
Təranə xanım insanı dəyərsizləşdirən hansı xarakteri də o qaladan atmaq istəyərdi?
10. Mən yalanı, məkri, hiyləni, vicdansızlığı, qorxaqlığı, nifrəti o qaladan biryolluq atmaq istəyərdim. Tərtəmiz dünyada yaşamaqdan gözəl nə var ki, həyatda?!
Təranə xanım, rubrikamızın qonağı olduğunuz üçün Sizə dərin təşəkkürümüzü bildiririk, yaradıcılığınızda uğurlarlar diləyirik, var olun!
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Sabah Milli Musiqi Günü münasibətilə Xalça Muzeyində sərgi açılacaq
Milli Musiqi Günü münasibətilə sentyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda musiqi” adlı sərgi açılacaq və uşaqlar üçün konsert proqramı təşkil olunacaq.
Sərgidə muzeyin kolleksiyasından musiqi sənəti ilə əlaqəli 11 ədəd zəngin kompozisiyalı portret və süjetli xalçalar, qobelenlər nümayiş etdiriləcək. Bunlar Xalq rəssamları Tahir Salahov və Eldar Mikayılzadənin müəllifi olduqları görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev və Dmitri Şostakoviçə həsr olunmuş portret xalçaları, xalçaçı-rəssamlar Gülmurad Bəbirovun, Bəsti Şərifin, rəssamlar Pavel Kuzmenko, Rimma Eminova və Faiq İbrahimovun maraqlı süjet həllinə malik əsərləridir.
Miniatür və realistik üslubda bədii-texniki cəhətdən mükəmməl işlənmiş bu əsərlərdə klassik və xalq musiqisinin, muğam və milli rəqs sənətinin, musiqi alətlərimizin xalça naxışları ilə mükəmməl ahəngi öz əksini tapıb.
Yüksək bədii-estetik dəyəri olan müəllif əsərlərindən ibarət sərgi sentyabrın 28-dək davam edəcək.
Milli Musiqi Günü münasibətilə təşkil olunacaq konsert proqramı isə muzeyin Uşaq şöbəsi və H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin birgə əməkdaşlığı ilə baş tutacaq. Burada H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında bir-birindən gözəl klassik və müasir musiqi nümunələri təqdim ediləcək, vətənpərvərlik ruhunda şeirlər səsləndiriləcək.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Azərbaycan Bəstəkarlar İttifaqı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müsabiqə elan edib
Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.
Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir.
Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).
Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.
Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.
İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.
Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.
Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.
Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər.
Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Bu gün IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı açılır
Bu gün - sentyabrın 15-dən 22-dək Bakı, Şəki və Lənkəran şəhərlərində eyni anda IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.
Festival son illərin rezonans doğuran, nüfuzlu film festivallarında nümayiş edilən, mükafatlı sənədli filmlərini Azərbaycan auditoriyasına təqdim edir.
Belə ki, qadınların haqq və azadlıqları uğrunda mübarizə hekayələrindən, müxtəlif həyat təcrübələrindən bəhs edən sənədli filmləri “Festivallardan seçmələr” ("Best of Fests") adlı xüsusi proqramda nümayiş etdirəcək festival bu il də maraqla qarşılanacaq.
Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında (IDFA) əsas mükafata layiq görüldükdən sonra böyük beynəlxalq maraq əldə etmiş “Apoloniya, Apoloniya” ( Leo Qlob) filmi Danimarkanın növbəti Oskar film mükafatları üçün qısa siyahısında yer alır. Sundance Film Festivalında yarışmış Sirenalar (Rita Bağdadi), Xarkov beynəlxalq Film Festivalının qalibi “Mənim adım Mutludur” (Ayşe Toprak & Nik Rid), Hot docs Beynəlxalq Sənədli Film Festivalının qalibi İran Xanımın əri (Mərcan Xosravi), nüfuzlu Venesiya film festivalının müsabiqədənkənar proqramında nümayiş edilmiş “Aradüzəldən” (Benedetta Argentieri), Berlin Beynəlxalq Film Festivalının qalibi “Tehranda yeddi qış”(Steffi Niderzol) kimi filmləri festival çərçivəsində ölkə sənədli filmsevərləri ilə qovuşacaq.
Həmçinin seçki komissiyası tərəfindən dünyanın bir çox ölkəsi və yerli rejissorlar tərəfindən göndərilmiş çoxsaylı sənədli filmlər içərisindən xüsusi etina ilə seçilmiş və “Beynəlxalq qısametraj sənədli film”, “Yerli qısametraj sənədli film” və “Tammetraj sənədli film” kateqoriyaları üzrə nümayiş ediləcək filmlər zəngin müsabiqə proqramında yer alır.
Həmçinin bu il festival çərçivəsində dünya kino tarixinin əfsanələrindən olan və sənədli film tarixində silinməz izə sahib dünyaşöhrətli rejissor Anyes Vardanın retroperspektivi baş tutacaq ki, izləyicilər rejissorun yaradıcılığında xüsusi yer tutan dörd sənədli filmi geniş ekranlarda izləmək fürsəti əldə edəcəklər.
Festivalın bu il də dünyanın bir çox ölkəsindən dəvət etdiyi çoxsaylı nüfuzlu xarici mütəxəssislər festival günlərində müxtəlif ustad dərsləri və panel müzakirələr fonunda yerli rejissorlar, kinosevərlərlə görüşəcəklər. Dünyaşöhrətli Azərbaycanlı Fotoqraf Rəna Əfəndi ilə yerli auditoriyanın görüşü və dünya kino tarixinin əfsanələrindən kinorejissor Anyes Qodarın master-klası bu baxımdan xüsusi yerə sahibdir.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Azərbaycanın Əməkdar artisti İtaliyada növbəti konsertdə çıxış edib
Əməkdar artist Afaq Abbasova İtaliyanın Toskana regionunun Torre del Laqo şəhərində dünyaşöhrətli bəstəkar Cakomo Puççininin vəfatının 100 illiyinə həsr olunan “Puççininin qəhrəmanları” adlı konsertdə çıxış edib.
AzərTAC xəbər verir ki, Afaq Abbasova konsert proqramında məşhur soprano Martina Serafinlə birgə eyni səhnəni bölüşüb.
Tanınmış italiyalı aktyor və rejissor, “Oskar” mükafatı laureatı Ciankarlo Ciannini tədbirdə çıxış edərək Puççininin operalarındakı ariyalarla bağlı fikirlərini bölüşüb.
Konsertə dair təəssüratlarını dilə gətirən Əməkdar artist çıxışından və məşhur ifaçılarla eyni səhnədə olmaqdan məmnunluğunu bildirib, eləcə də ona dəstək olan hər kəsə təşəkkür edib.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Vicdanı şöhrətindən üstün olanlar
Həvva Cəbrayılova, “Ədəbiyyat və incəsənət” üçün
Düşünürəm ki, bu həyatda hər şeyin iki üzü var. Hər ikisi də bir-birindən əks qütbdə dayanır. Əks qütblərin bir-birini cəzb etməsi elmdə də öz əksini tapıb. Yaxşılıq varsa, pislik onu özünə cəzb etməlidir, ya da əksinə.
Ətrafımızda olan insanlar da belədir. Vicdanı şöhrətindən üstün olanlar və şöhrəti vicdanından üstün olan insanlar. Birinci xüsusiyyətə malik olan insanlar nə qədər yaxşı olsalar da, cəmiyyətdəki mövqeləri nədənsə pis dəyərləndirilir. Hər zaman qəlblərinin səsinə qulaq asıb yaxşılıq edirlər ki, axşam yastığa başlarını qoyarkən vicdanları rahat olsun. Ancaq vicdanları rahat olsa da, ruhları dünyadan ayrı düşür.
İkinci xüsusiyyətə sahib olanlar isə vicdanları arxa planda olduğu kimi pislikləri də arxa planda işləyir. Niyə belə olmalıdır? Nə üçün? İnsanları belə olmağa vadar edən səbəb nədir? Məncə, bu sualların tək cavabı var. O da azad olmama qorxusudur. Onlar üçün önəmli olan öz yersiz egoları ilə hər şeyi əldə edib olmayan vicdanları ilə "mən buyam" deyə bilmələridir və belə olanda da onlar azad olduqlarını düşünürlər. Ancaq biləklərindəki zəncirin ağırlığından xəbərləri yoxdur. Çünki onlar üçün "azad olma" egosu önəmli olsa da, zəncirlərinə ağırlıq verən yalanların, böhtanların, duyğusuzluqların fərqində deyillər. Bəlkə də fərqində olduqları zamanlar olub, ancaq daxildən gəlməyən bir hiss bir müddətdən sonra yox olur və əsl ruh halın yenə də öz işiylə məşğul olur.
“Ədəbiyyat və incəsənət”
(15.09.2013)
Avrasiyanın ürəyində və Avrasiyanın ürəyindən
Əkbər Qoşalı və Məleykə Mirzəli, “Ədəbiyyat və incəsənət” üçün
Adını hələ qədim çağlardan türkün daş yaddaşına həkk etmiş tatar xalqının böyük Sibir çöllərindən ruh almış, Ural bozqırları və İtil (Volqa) qıyılarında şəkilləndirmiş zəngin ədəbiyyatı fərqli imzaları ilə bu gün də diqqət çəkir.
Türkün qəhrəmanlıq tarixini özünə özək seçmiş “Xan qızı Altunsaç”, “Qırx qız”, “Boz igid”, “Esabay batır”, “Çora batır” və b. qəhrəmanlıq dastanlarından tutmuş, orta çağ ilk yazılı tatar qaynaqlarına kimi istənilən abidənin adını çəkərkən müxtəlif özəllik və gözəlliklərlə (keyfiyyətlərlə) qarşılaşırıq. “İlk qaynaq” demişkən, hələ də araşdırmaçılar arasında o yana-bu yana dartışdırılan (Qul Əlinin) “Qisseyi-Yusif” poeması da XIII yüzil tatar ədəbiyyatına aid edilən örnəklər sırasındadır.
Tatar ədəbiyyatı nümayəndələri hələ orta yüzilliklərdən belə türkcəyə qədirşünaslıqla münasibət bəsləmişdir. XIV yüzildə tatar yazar Seyfi Sarayinin Sədi Şirazinin “Gülüstan” əsərini türk dilinə çevirməyi özünə borc bilməsi də, bəlkə, bunun səbəbidir. Və bu gün həmin əsər orta çağ qıpçaq türkcəsinin özəlliklərini daşıyan kamil örnək sayılır.
Türk xalqları ədəbiyyatında XIX yüzil sanki özünəqayıdışın “altun körpü dönəmi”dir. Azərbaycan ədəbiyyatı üçün də heç yad olmayan bu məfkurənin – maarifçiliyin, tənqidi realizmin ortaya çıxması tatar ədəbiyyatında da həmin dönəmə təvafüq edir. Kayum Nasiri (1825-1902) ilə başlanan bu cığır Abdulla Tukay (1886-1913), Məcid Qafuri (1880-1934), Fateh Əmirxan (1886-1926), Şərif Kamal (1884-1942) yaradıcılığında davam etmiş, Alimcan İbrahim (1884-1938), Qəvi Nəcmi (1901-1957), Taji Qizzat (1895-1955), Şamil Usmanov (1895-1937), Musa Cəlil (1906-1944) kimi sənətkarların yazıb-yaratdığı çağda isə Tatar ədəbiyyatı, necə deyərlər, dünyaya (başqa sözlə, böyük coğrafiyaya) açılmışdır.
Sizə də bəllidir ki, XIX yüzildə kırımlı İsmayıl Qaspiralı “Tərcüman” qəzetini türklər yaşadığı coğrafiyalara necə min bir çətinliklərlə ulaşdırırdı... Lakin günümüzdə belə bir çətinliyimiz yoxdur və qardaş ədəbiyyatların materiallarını çox asanlıqla əldə edə bilirik. Əldə etdiyimiz materiallar göstərir ki, XXI yüzildə tatar ədəbiyyatı keçmişdə olduğu kimi, indi də estefati əlində saxlamağı bacarmış və bir-birindən daha qüvvətli yazarlar yetişdirməyə nail olmuşdur. Biz bir-birimizin mədəni irsini, ədəbiyyatını, ədəbiyyatçılarını, o cümlədən çağdaş yazarlarımızı qarşılıqlı olaraq, tanımalı, bilməli, öyrənməliyik. Bu tanıma, tanıtma dil-üslub özəlliklərini öyrənmək baxımından, ortaq yaxud unudulmuş sözləri yenidən dövriyyəyə qaytarmaq baxımından da önəmlidir.
Azərbaycan bu kimi məsələlərdə tarixən həmişə qədirşünas mövqe sərgiləmişdir. Deyərdim, öz ədəbi missiyasını davam etdirməyi bacarır. Təkcə bu son illər içində qardaş tatar ədəbiyyatından bir çox kitabın və əsərin dilimizə uyğunlaşdırmasından söz açmaq bu məsələdəki mövqeyini sərgiləmək üçün yetərlidir.
•2016-cı ildə Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) tərəfindən 23 istedadlı gənc tatar şairinin əsərlərindən ibarət “Yeni tatar şeiri antologiyası” Bakıda azərbaycanca nəşr olunub.
•2018-ci ildə tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Robert Minnullinin “Bülbüllərin toyu” adlı şeirlər kitabı Bakıda azərbaycanca çıxıb.
•2018-ci ildə tatar ədəbiyyatının yeni nəsil şairi Rəmis Aymətin “Şimşəklər qoynunda” adlı şeirlər kitabı Bakıda azərbaycanca gün üzü görüb.
•2018-ci ildə tatar ədəbiyyatının tanınmış nümayəndəsi, görkəmli dramaturq Danil Salihin pyeslərindən ibarət “Qəribə adam” adlı kitabı Bakıda azərbaycanca nəşr olunub.
•2019-cu ildə Tatarıstanın Millət vəkili və Xalq şairi Razil Vəliyevin seçilmiş şeirlərindən ibarət “Payız yağmurları” kitabı DGTYB-nin xətti ilə Bakıda azərbaycanca gün üzü görüb.
•2022-ci ildə tanınmış yeni nəsil tatar yazıçı-publisisti, 100 yaşlı “Kazan Odları” ədəbiyyat-mədəniyyət jurnalının baş redaktoru Rüstəm Qaliullinin 8 hekayəsindən ibarət “Ata və oğul” adlı kitabı DGTYB-nin və “İntellektual Hüquq Mərkəzi”nin xətti ilə Bakıda azərbaycanca nəşr olunub.
•2023-ci ildə 31 tatar nasirinin hekayələrindən ibarət “Çağdaş tatar hekayələri antologiyası” Bakıda DGTYB-nin, ABAİ İB və RHİM İB-in xətti ilə azərbaycanca yayınlanıb.
•2023-cü ildə Tatarıstanın Millət vəkili, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi Rkail Zəydullanın povest və hekayələrindən ibarət “Ağ yapıncılı qoca” adlı adlı kitab DGTYB-nin və “İntellektual Hüquq Mərkəzi”nin xətti ilə Bakıda azərbaycanca nəşr olunub. –
(Bu, Azərbaycanda tatar ədəbiyyatı çalışmalarının, əlbəttə, tam siyahısı deyil).
Təbii, bütün bunlarla yanaşı, Tatarıstanda da Azərbaycan ədəbiyyatı diqqətlə izlənilmiş, tatarlar müxtəlif qəzetlərdə, jurnallarda zaman-zaman azərbaycanlı qələm dostlarının əsərlərinə yer vermişlər. Bundan əlavə, bu yazının həmmüəllifinin şeirlərindən ibarət “Dərviş sözü” adlı kitabı 2023-də Kazanda Tatarıstan Dövlət Kitab Nəşriyyatında gün üzü görmüşdür.
*
Şübhəsiz, seçilmiş yazarlar parlamağı bacarır, bu parlaqlıq sayəsində öz əsərləri ilə sərhədləri aşa bilir. Çağdaş tatar poeziyasından Marsel Qaliyev, Firuzə Camaləddinova, Zölfət Hakim, Fərid Yaxin, Rkail Zəydulla, Rifə Rəhman, İlsiyar İksanova kimi çağdaşları ilə birgə Rəmis Aymətin yaradıcılığı da buna bir örnəkdir.
Tatarıstan Respublikasının Əməkdar incəsənət xadimi, Musa Cəlil mükafatı laureatı Rəmis Aymət ölkəsinin hüdudlarını aşan, əsərləri tərcümə olunaraq yayınlanan, ən vacibi isə Azərbaycana olan özəl sevgisi ilə seçilən yazarlardandır. Onun “Şomırt salkınnarı” (“Duzlu soyuqlar”), “Aynın aryaqında” (“Ayın arxasında”), “Bozlı jilkənnər” (“Buzlu yelkənlər”), “Sin minem janımnın yartısı” (“Sən mənim ruhumun yarısısan”) kimi şeir kitablarından bəllidir ki, yazar kimi malik olduğu özəllikləri ilə həm çağdaş tatar ədəbiyyatına, həm də tatar ədəbi dilinə yeni keyfiyyətlər gətirməyi bacarıb.
Rəmis Aymət yaradıcılığı daha çox lirikaya köklənmişdir. Şairin könül çırpıntılarını misralarından duymaq mümkündür. “Sənin saldığın bağça”da yarını gözləməkdən qəmə qərq olan şair yazır:
Yarpaqlar matəm içrədir,
Sükut kar edib hamını.
Ölüm qanad açıb, sarıb
Sənin saldığın bağçanı.
Başqa bir məqamda isə şair ruhunda daşıdığı yarına onun ruhunu tərk etmədiyinə görə qəzəblənib hayqırır. “Kədərə səsləniş” şeirində bu hərarətli müraciətlər nidalara dönmüş şəkildə misralarda əks olunur:
Niyə əl çəkmirsən məndən,
Buraya da gəlib çıxdın?
Elə baxma gözlərimə,
Əzrayıldır baxışların.
Külə dön... Getmə heç yana,
Məhbus ol can zindanıma.
Nəfəsindir bura varan?
Bax, qor saldı otağıma...
Şair bəzən “Hər yerdə xoşbəxtlik vardı” fikrinə düşür. Amma o nədənsə həmin hər yerdə olan xoşbəxtliyi tapa bilmir. Əlacı üzülür, göylərə üz tutur. Bəlkə də, bu bir imdaddır göylərdən.
Neçə dəfə zəncir atdım
Eşqin mavi səmasına.
Kükrəyib şimşəklər kimi
Qondum səmanın bağrına.
Xoşbəxtlik sarmış hər yanı,
Hər küçədə eşq bayramı.
Elə şimşəyədir güman,
Bəlkə, alışdı eşq şamı...
Şairin sevgisi təpədən dırnağa dünyəvi, hisləri isə bir o qədər real səslənir. Lakin bəzən bu hislər, bu istəklər o həddə çatır ki, artıq gerçəklik belə eşq qarşısında aciz qalır, artıq gerçəklik belə “eşq qarşısında diz çökür”...
Olan oldu, gəl, bağışla,
Hər şeyi unudaq getsin.
O səhər mən hazır idim,
Önündə diz çöküm eşqin.
Şair bəzən eşqin üfüqlərini elə genişləndirir ki, onu bir folklor materialının, daha doğrusu, uşaq oyununun içində belə əks etdirə bilir. Onun “Gözbağlıca” adlı şeiri buna çox gözəl örnəkdir. O, gözlərini ipəksaçaqlı şalla bağlayan yarına üz tutur. Uşaqlıq xatirələritək istəklisinin qanad açıb uçmasına görə məyus olur. Sübhə sarı uçan sevgilisinin üfüqdə gülüş izi qoyduğunu, lakin şairin içində sevgilisinin kölgəsinin qaldığını söyləyir. Onun çılpaq ayaqlarını indi şeh yuyur, şeh öpür, eşq hörüklərini isə rüzgar açır, rüzgar darayır. Nəhayətində, şair onun ağ sulara qoşulub qaçdığını, geridə isə “bir mən, bir kölgən” qaldığını etiraf edir, gözübağlı dünyaya isə etiraz edir:
Payım var bu oyunda?
“Şalımı açsan, haram”!
Gözübağlıdı dünya,
Mən səni axtarıram...
Bu qədər orijinal bədii ifadə vasitələri, sözsüz ki, şairin sənətkarlığından, istedadından xəbər verir. Onun şeirlərində həmçinin ictimai-fəlsəfi fikirlər də səsləndirir, oxucunun göz önünə hazırki durumu gətirməklə için-dışın böhranını göstərir:
O qara illərin qatarı kimi
Ömrümü xərcləyib keçdi bu gün də...
Qarğalar uçuşdu başımız üstdə
Nəğmə söyləyərək qarğa dilində...
Evsiz-eşiksizik, yetim-yesirik,
Eh, nə ağıl qaldı, nə fikir barı...
İtirdi özünü, itirdi dünya... –
De, hanı xalqımın, hanı haqları?!.
Hər bir xalqın Ana dili onun milli sərvətlərindən biri hesab olunur. Və hər bir xalqın nümayəndələrinin də öz dilinə sayğı-sevgiləri tükənməzdir, əlbəttə. Özəlliklə, hansısa dil(lər)in təsiri altında olan milli dildən söhbət gedirsə, bu məqamda dili qorumaq üçün hər kəs əlindən gələni etməli, dilinin yaşaması üçün bacardığını ortaya qoymalıdır. Bu anlamda, şair Rəmis Aymətin bu borcu dərindən hiss etdiyini görməkdəyik. Tatar dilinə olan böyük sevgisini şair “Ana dilim” adlı şeirində belə ifadə etmişdir:
Göylərin üzünə doğru uzanan əlsən,
Sən məğrur dağların duman dilisən.
Öz halal haqqını almaq istəsən,
Şanlı döyüşlərdə qalxan kimisən.
Böyük boz çöllərdə susan, dinməyən,
Qədim heykəl dili, daşlar dilisən.
Alovlardan, sudan keçib sağ qalan
Sürətli və qoçaq atlar dilisən...
Közərsən də, heç bir zaman sönməynən,
Sən müqəddəs odun yanan dilisən.
Cana hopubsan sən, qana hopubsan,
Dərdimizə məlhəm – dərman dilisən.
Ey ana dilim!
Ümumilikdə, yekun olaraq demək mümkündür ki, dostumuz Rəmis Aymətin poeziyası çoxyönümlüdür. Biz bu kiçik yazıda, ətraflı bilgi verə bilməsək də, ən azından, şairin yaradıcılığında ən qabarıq mövzulara toxunmağa çalışdıq. Gördüyümüz mənzərə odur ki, şairin özü kimi həssas qəlbə sahib lirik qəhrəmanı bütün yaradıcılığı boyu onu izləyir. Nə bu qəhrəman eşqdən yorulur, nə də şair onu şeirə gətirməkdən...
Uğurlar, Rəmis əfəndi!
Avrasiyanın ürəyində - Kazanda yaşayıb-yaradan siz tatar yazarlarının şeir-sənət bayrağı və qardaş Tatarıstanın dövlət bayrağı göylərin üzündən əskilməsin!
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
MUSİQİ BƏLƏDÇİSİ - İnsanlar xoş duyğulardan, sevgidən acdırlar…
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Uşaq yaşlarında hər birimiz müxtəlif sahələrə can atırıq. Mənim uşaqlığım bir qələmim, bir də piano notlarıyla oynayaraq keçib getdi. Ən sevdiyim səs idi, pianoda "Çalıquşu" mahnısını ifa etdikdən sonra eşitdiyim alqış səsləri...
Həyat təməlləri atıldığı gündən bu yana insanlar daim axtarışdadır. Toxluğun, hüzurun, xoşbəxtliyin, maddiyyatın və mənəviyyatın axtarışında...
Musiqi həyatımızda elə bir yer tutur ki, əsrlər əvvəl də, indi də sual veriləndə onun insanlara nəfəs, ruh ola biləcəyi deyilir. S.Ə.Şirvaninin "Guş qıl" əsəri, M.Füzulinin "Həft cəm" əsəri və başqa bir çox əsərlərdə olduqca dəyərli sözlər oxuyuruq. Məsələn, S.Ə.Şirvani musiqini insana ruh üfürən olaraq dəyərləndirmişdi. Bu bənzətməni də ancaq bir ədəbiyyatçı, bir mədəniyyətçi edə bilərdi onsuz...
Son zamanlar mənəviyyat adlandırdığımız ünsürlər inkişaf etsə də, insanlar öz mənəviyyatlarına yetərincə diqqət etmirlər. Sənətin hər növü ustalıqdır, təbii. Bir işdə ki zəhmət var, xəyal var, o iş hər zaman qalibiyyətə gedən yolda bir addımdır.
Müasir dövrdə musiqinin bir çox növləri inkişaf edib. Hər zövq, hər janr fərqlidir və hər birinin öz qüsursuz rəngi, öz izləyicisi vardır. Düşünürəm ki, son zamanlar lirik musiqilər daha çox dinlənilir. İnsanlar xoş duyğulardan, sevgidən ac, hislərini ifadə etməkdən əlil vəziyyətə gəlib çıxıb əfsus ki. Buna görə də əksəriyyət ya öz hislərini ifadə edə biləcək mahnılar axtarır, ya da "sanki məndən danışır" deyəcəyi musiqi sözləri.
İçərişəhərin ən gözəl küçələrindən birində bir piano var, yəqin ki, çoxumuz bir dəfə belə olsa onun yanından keçmişik, ya da orada nə isə bir mahnı ifa edən kimisə görmüşük. Mən deyərdim ki, sənət elə məhz onların əlində daha çox inkişaf edir. Azərbaycanın istedadlı gəncləri metrolarda, küçələrdə müxtəlif bacarıqlarını hər gün göz önünə sərir, lakin bir çoxumuz əksər hallarda onları görməzdən gəlirik. Bir dəfəsində yenə o pianoyla üzbəüz skamyalarda oturmuş, 3 gəncimizin sırayla ifa etdiyi mahnıları dinləyirdim. Və bir melodiya səsləndi. Elə bir melodiya ki, dinləyərkən gözlərim yumuldu, və qaralmış gözbəbəklərimin önündə 18 illik bir albom canlandı. Və budur! Mənə görə hər kəsin həyatında elə bir musiqi, elə bir kitab, elə bir əsər olur ki, həyatının dönüm nöqtəsini gözlərin önünə sərir. Baxdıqca, dinlədikcə, "Hə, bax, bu odur!" deyirsən. Mən o melodiyanı artıq tapmışdım. "Jane Maryam"... İndi də, nə zaman qələmimi alsam əlimə, nə zaman bir hekayə yazmaq istəsəm, ya da öz gələcəyim, keçmişimlə bağlı düşüncələrə qapılsam hər zaman bu melodiya səslənir arxa planda.
Əziz oxucu! Əgər həyatını qaydaya salmaq, özündə nələrisə dəyişdirmək istəyirsənsə, öncə doğru mənəviyyata çatdığını hiss etməlisən. Hüzur bəlkə də notlarda gizlidir. Əgər sən bir ədəbiyyat portalını izləyirsənsə, demək onsuz da sən mədəniyyətin bir parçasını tapmısan. Mənəviyyatını və özünü çoxluca qoru.
Hörmətlə: Mən.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)
Ağlaya bilmədiyim üçün gülürəm (Joker)
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Vətəni Antik Yunanıstan sayılsa da, mənbələrə görə teatır sənəti rəqs formasında hələ ta daş dövründən mövcud olub.
Əgər buradan yola çıxsaq ,bəlkə də elə Qobustanın qayaüstü rəsmlərindəki yallı səhnələri də elə bir teatr nümunəsi idi.
Teatr əvvəl "Dionis teatrı" adlanan və dini bayramların keçirilməsi üçün nəzərdə tutulan teatr vasitəsi ilə Yunanıstandan Aralıq dənizi hövzəsindəki ölkələrə aparılır.
Daha sonra Pun müharibələri dövründə romalılar tərəfindən mənimsənilən yunan teatr mədəniyyəti Romada inkişaf etməyə başlayır.
Sonralar isə deyilənə görə pantomimanın yaranması və inkişafı ilə teatr öz əhəmiyyətini itirir.
Teatr sahəsində mənim marağımı da elə ən çox cəlb edən pantomim teatrıdır.
Pantomim teatrı aktiyorlarının üzlərinə rəsm edilən gülən maska şəkli insanların gülüşləri ilə pərdələdiyi, xoşbəxtmiş kimi təbəssüm edən simalarının arxasına gizlədikləri hüzn və kədəri, "içim içimi yandırır, çölüm özgəsini" misalını və bəzən də yaxşı insan maskası taxmış, əslində isə içi çürük olan məxluqları, mələk simalı, mələk donlu şeytanları simvolizə edir sanki.
Aktyorların susqunluğu bəzən söz və səsin hər şeyi ifadə, təsvir və tərif etmək qarşısında aciz olduğunu, bəzən bastırılmış, susdurulmuş, pərdələnmiş həqiqət, vicdan və ədaləti, bəzən insanların ruhundan qopan fəqət qəlbin daş divarlarına çırpılıb əks sədası yenə elə qəlbin özündə çınlayıb başqa kimsələr tərəfindən eşidilməyən qışqırıqları, ah nalə və üsyanı, bəzən maddi dünyadan qopub öz təxəyyül dünyasında yaratdıqları xəyal dünyasında yaşayan insanları, bəzən etinasızlaşmış, soyumuş, laqeydləşmiş insan hisslərini, və içində bəlkə tufanlar qopsa belə yenə də cınqırını çıxarmayan insan əzəmətini, bəzən qürur, bəzən vüqarını, Nəsiminin dərisi soyularkən saralan simasına ad verərkən "Günəş qürub edəndə saralır" deməsini təmsil edir.
Və ən nəhayətində jestlər və mimkalar maqnit qütbləri kimi özü ilə təzad təşkil edən insanı ehtiva edir. İnsan bəzən hər nə qədər itici görünsə də, bəzi məqamlarda çəkir özünə. İnsan bəzən hər nə qədər inadkarlıqla sussa da, içində bir yerdə hər zaman danışmadan, özünü ifadə etmədən, yorulmadan anlaşılmaq istəyir bir başqası tərəfindən. İnsan hər nə qədər bəzi hisslərini basdırmağa çalışsa da davranışları və baxışlarıyla mütləq bir məqamda ələ verir özünü, insan hər nə qədər qorxsa da ədalətsizlik önündə susmamaq, ədalətin səsini hər yana duyurmaq istəyir.
Qısaca "mim" adlanan bu sənət sözsüz teatr oyunu hesab edilir.
Burada aktiyor əsərin məzmun və mənasını tamaşaçılara səs və sözlərlə deyil jest və mimikalarının, başqa sözlə desək, bədən dilinin vasitəsi ilə çatdırır.
Universal teatr dili kimi qəbul olonan pantomimanın hələ miladdan əvvəlki dövrlərdən mövcud olduğu bildirilir.
Mim sözü təqlid və ya təmsil etmək mənalarını verən "mimeisthai" yunan sözündən yaranmışdır.
Mim sənətinin əsasında duyğu və düşüncələri bəzən musiqi, bəzən əşya, bəzən rəqs və bəzən də mimika və jestlərlə çatdırmaq ideyası durur.
Ölkəmizdə bu teatr sahəsinin əsasını qoyan xalq artisti Bəxtiyar Xanzadə olmuşdur.
1994-cü ildə Mədəniyyət Nazirliyinin sərəncamı ilə Azərbaycan gənc tamaşaçılar teatrının nəzdində fəaliyyətə başlıyan "Dəli yığıncağı" adlı pantomim tetr studiyası yaradılmışdır və 2000-ci ildə " Dəli yığıncağı" pantomim teatr studiyasına dövlət statusu verilmişdir.
“Ədəbiyyat və incəsənət”
(15.09.2023)