Super User
Bu gün “Məhəbbət əfsanəsi” günüdür!
Bugünün adı “Məhəbbət əfsanəsi”!
Bundan gözəl nə xəbər ola bilər? Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin vətənində səhnəyə qoyulur.
Bu gün və sabah Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək. Balet möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq.
Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcək. Əsər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənəcək.
Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.
Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini görkəmli türk şairi Nazim Hikmətin “Fərhad ilə Şirin” pyesi əsasındakı librettoya bəstələyib. Arif Məlikov 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib.
“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.
Balet bu günədək dünya səhnələrini fəth edir. Əsər müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.
Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması da təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli Lider Heydər Əliyev Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə Ümummilli Lider Heydər Əliyevə olan sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası Ulu Öndərə ithaf olunub.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
“O olmasın, bu olsun” tamaşası təqdim edildi
İllər ötür, nəsillər dəyişir, amma elə mədəniyyət artefaktları var ki, onlar yenə də başda dayanır. O cümlədən də, Azərbaycanın “Arşın mal alan” və “O olmasın bu olsun” tamaşaları kimi.
Akademik Musiqili Teatrının repertuarına bu mövsüm də dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası salınıb.
Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüş səhnə əsəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanıb.
Xatırladaq ki, sentyabrın 17-də təqdim olunan tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
21-Cİ DƏRC
Odur ki, o, bir neçə nəfərə ardıcıl söz verdi. Onlar auditoriya mikrofonu qarşısında sırayla dayanıb öz xırda çıxışlarını etdilər.
-Söz verilir ingilis yazıçısı və publisisti S.F.Dikson-Consona. O,1916-cı ildə yazdığı «Ermənilər» kitabından bəzi epizodları danışacaq.
-Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü var - o da hakimiyyətləri üçün yeni bir fürsətdir. 1878-ci il Berlin sazişinə görə, onu imzalayan ölkələr Osmanlıya nəzarət və onun daxili işlərinə qarışmaq hüququna malik oldular. Bu bəndlər ermənilərdə belə bir fikir oyatdı ki, onların Osmanlı dövlətindən xüsusi imtiyazlar almağa ixtiyarları var. Bu da onları asanlıqla erməni məmləkəti və ya erməni dövləti yaratmaq ideyasına təhrik etdi.
Ermənilər 1876-1878-ci il rus-türk müharibəsi dövründə Tiflisdə gizli sui-qəsd təşkilatını yaradaraq fəaliyyətə başladılar, onun Nyu-Yorkda, Londonda, Parisdə və Vyanada şöbələrini təşkil etdilər. İngiltərədə erməni tərəfdarı olan cəmiyyətlər erməni vətəndaşını belə qələmə verirdilər: «O, fağır, yumşaq təbiətli, sakit, əkib-becərən, zəhmət və əziyyətlə qazandığı mal-dövlətini əlindən alan qəddar məmurlar tərəfindən əzilən bir adamdır... Onlar ara-sıra öz xristian ənənələrinə görə şəhid olurlar... Onlar heç kəsə əziyyət verməyən dinc adamlardır”. Halbuki belə deyildi, tam əksi idi.
1876-cı ildə Kiçik Asiyada ümumi üsyan qaldırmaq cəhdi boşa çıxan erməni «inqilabçılar»ı xarici ölkə səfirlərini müdaxiləyə sövq etmək ümidi ilə İstanbulda bir-birinin ardınca daha təhlükəli planlar qurdular. Onlar tapança və qumbaralarla silahlanaraq Osmanlı bankına hücum etdilər və on iki mühafizəçini öldürdülər, avropalı işçiləri girov götürdülər və binanı partlatmaqla hədələdilər. Xarici səfirlər Babi-Alidən sui-qəsdçilərin salamat qalmasına zəmanət ala bildilər. Eyni zamanda Böyük Pera küçəsinə də qumbaralar atıldı və İstanbulun bu boş küçəsindəki evlərin damında özlərinə mövqe tutmuş sui-qəsdçilər küçədən keçən adamlara da atəş açdılar.
1896-cı ildə İstanbula «Nyu-York Hərald» qəzetinin müxbiri kimi gəlmiş jurnalist Sidney Veytman yazırdı ki, o, küçə vuruşmaları zamanı ermənilərin qumbaralarından və güllələrindən yaralanmış 40-a qədər türk əsgərinin yatdığı xəstəxanaya da gedib. Həmin gün polis Pera küçəsindəki bir mənzildə çoxlu qumbara və partladıcı maddələr tapmışdı. Deyilənlərə görə, onları bura ermənilər ruslarla gizli razılaşma vasitəsilə gətiriblərmiş.
Ən nəhayət, onu deyim ki, «...erməni tərəfdarları» 1915-ci ildə ölənlərin sayını şişirtmək və dəfələrlə təkrar etmək yolu ilə ictimaiyyəti qorxuya sala bildilər. Məlumdur ki, onlar qədim bir Şərq məsəlinə uyğun hərəkət edirdilər: «Yalanı bir günlüyə burax, onu dərk etməyə yüz il lazım geləcək».
-Söz verilir ingilis səyyahı Çarlz Vilsona. O, 1915-ci ildə İstanbulda hadisələrin düz episentrində olub.
-Ermənilər əsas etibarilə şərqli idilər, sadə və ağıllı idilər, öz işlərində bacarıqlı idilər, qədim əxlaq normaları və adətlərə çox bağlı idilər, lakin acgöz və tamahkar idilər, fitnəkar və araqızışdıran idilər, heç kəsi bəyənmirdilər, onlar xırda bir işi şişirtməkdə istedad sahibi idilər, intriqa yaratmağı sevirdilər. Onlar əvvəlcədən fikirləşmədən və hazırlaşmadan daha düşüncəsiz siyasi cinayətlər törədəcək, heç bir tərəddüd etmədən özlərinə və başqalarına ziyan vuracaq və dağıntı gətirəcək qədər fərqli idilər; onlar hətta öz qardaşlarını belə təsadüfi qazanc, qənimət xatirinə qurban verəcək şəxslər ididir; ən az inandıqları adamlarla belə əyri niyyətlər xatirinə geniş miqyasda əlbir olurdular; bir tərəfdən hayıf çıxmaq üçün öz milli problemlərini bir kənara atır, özləri üçün təhlükəli anlarda isə vaxtilə onların mənafeyinə xidmət edən adama xəyanət edir və onun haqqında təhqirlər, söyüşlər yağdırır, onu biabır edirdilər...
Erməni «inqilabçıları» ədavət etdikləri adamlarla vuruşmaq xatirinə öz dini normalarını belə tapdalayırdılar; Konstantinopoldakı erməni terrorçuları hətta öz həmvətənləri arasında qırğın alovunu yandırmaq məqsədilə bombalar da partlatmışdılar.
-İndi də söz verilir amerikalı yazıçı Mark Sayksa.
-Ermənilərin «qeyri-təbii» adətləri vardı. Başqa qüvvətli dövlətləri onlara kömək etməyə vadar etmək üçün özlərini təhlükəyə məruz qoyurdular. Məndə olan əsaslı dəlillər belə qənaətə gəlməyə imkan verir ki, bu bədbəxtlər türkləri cinayətkar kimi qələmə vermək və Amerikanın Türkiyəyə müharibə elan etməsi ümidi ilə amerikalı missionerləri öldürmək planı qurmuşdular. 1896-cı ildə isə Malaya bölgəsində fransız rahiblər monastırdan qaçarkən bu əclaf köpəklər 200 yardlıq məsafədən onları atəşə tutmuşdular ki, avropalılardan birinin öldürülməsi güclü dövlətləri bu işə qarışmağa vadar etsin.
Şahid ifadələri bitdi, tamaşaçılar bu yerdə hər üç çıxışçını şiddətlə alqışladılar. Baş Hakim üzünü Şaxrikyana tutdu:
-Sözünüz qaldımı, cənab Şaxrikyan?
Şaxrikyan nəsə demək istədisə də bunu deyə bilmədi, nitqi tam tutuldu. Belədə Baş Hakim söylədi:
-Mən, cənab Şaxrikyan, sizin” Erməni məsələsi” adlı kitabınızdan bir sitat gətirmək istəyirəm son olaraq. Düşünürəm ki, tamaşaşılarımız da etiraz etməz.
Yerbəyerdən “əlbəttə”, “maraqlıdır”, “buyurun” nidaları ucaldı.
Baş Hakim not dəftərinə baxıb ora yazılanları oxumağa başladı:
-“Gələcək “birləşmə assimilyasiyasında deyil, vahidlik siyasətindədir, daha doğrusu, plüralist birlik siyasətindədir. Təbiətin müxtəlifliyini silin, kainatın müxtəlifliyini silin, kainatın uniformasını yaradın. Onda siz təbiətin gözəlliyini, harmoniyasını, onun həyatiliyini silmiş olacaqsınız. Təbiətin müxtəlifliliyi, orda ki, adama elə gəlir ki, hər bir element digəri ilə münasibətdə müxtəliffikirliliyə, qarşıdurmaya aparır, faktiki isə bu, harmoniyadan keçərək kainatın əbədi hərəkətliliyinin möhtəşəmliliyini formalaşdırır”.
Baş Hakim azacıq susub əlavə etdi:
-Şərhini verimmi? Hər bir fərd, hər bir hərəkat, hər bir siyası qurum öz müxtəlif yönlü siyası baxışı ilə sonda ümumi işə - Böyük Ermənistanın yaradılmasına xidmət etməlidir. Nasizmin fərqli çaları. Adolf Hitlerdən xeyli əvvəl yaradılmış “digər xalqların külü üzərində bir xalqın mövcudiyyatı” ideologiyası. Bu ideologiya isə ən böyük təpkiyə, tənbehə, ən nəhayət, cəzaya layiq görülməlidir.
Tamaşaçıların alqışları altında Baş Hakim məhkumun hökmünü oxudu:
-Divan yekdil qərarla əlini türk xalqının qanına bulayan, eləcə də öz xalqını sonsuz məhrumiyyətlər yaşamağa məcbur edən Şaxrikyan Arutyun Mkrtıçeviçə qeybedilmə cəzası kəsir. Divan hökmün dərhal icra edilməsini tələb edir.
Şaxrikyanın “məni əfv edin”, “məni bağışlayın”, “səhv yolda olmuşam, lütfən bağışlayın” kimi ibarələri dənizdə batanın saman çöpündən yapışması demək idi, çünki bu masştabda törədilən cinayət cəzasız qala bilməzdi. Amma son peşmançılıq, fayda verməsə belə, hər halda gözəldir. Gec olan heç olmayandan hər halda daha dəyərlidir.
4-CÜ PROSES.
MKRTIÇ XRİMYAN
Növbəti proses günü öncəsi günəş həmişəkindən hərarətli idi. Baş Hakim adəti üzrə günəşi eyvandan qarşıladı. İllərdir ki, o, günəşi bu cür qarşılayır. Tezdən saat beşdə oyanır, bir stəkan qəhvə içib günəşin görüşünə gedir. Eyvandan görünən nəhayətsiz dənizin üzərində qıırmızımtıl rəng, ilk günəş şəfəqləri, sularda onların parıtılı əksi. Bəlkə də insanlar Əsl dünyada reallaşdıra bilmədikləri arzularını Axirət dünyasında reallaşdırmağa təşnədirlər. Baş Hakim Baltikyanı ölkələrdən biri olan Estoniyada dünyaya gəlmişdi, 1973 təvəllüdlüydü, Sovetlər dönəminin bütün ideoloji baryerini öz üzərində görmüş, Tallinndə aldığı ali hüquq təhsilini sovetlərə xidmət üçün deyil, öz eston xalqının rifahı üçün yönəltməyi bacarmışdı. Estoniya müstəqillik qazanandan sonra məhkəmə sistemində çalışmış, elmi dərəcə almışdı. İşini, ailəsini çox sevirdi, başı işinə qarışdığından ailəsinə istənilən qədər vaxt ayıra bilmirdi, həmin dönəmlərdə ən böyük arzusu bir yay ailəsini də götürüb dəniz sahilində yaxşıca dincəlmək, günəşi qarşılamaq, çimib qaralmaq idi.
Estoniyanın məhkəmə sistemi Avropanın ən yaxşlarından hesab olunurdu. Tartu dövlət məhkəməsi, Tallinn və Tartu dairə məhkəmələri, Tallinn və Tartu inzibati məhkəmələri, onların nəzdindəki Pyarnu və Yıxva məhkəmələri, eləcə də Tartu, Pyarnu, Xaryus və Virus əyalət məhkəmələri işlərini elə qurmuşdular, haqq-ədalətin keşiyində elə dayanmışdılar ki, bu ölkədə “apelyasiya məhkəməsi”, “kassasiya şikayəti” kimi anlamlara əsla ehtiyac qalmırdı.
Estoniya multikulturual bir dövlətdir, burada 192 millətin nümayəndələri yaşayır. Təbii ki, dünyanın hər yerinə səpələnmiş ermənilər burada da az deyil, rəsmi məlumata görə onların sayı 2000-dir. Estoniyada erməni dilində bazar günü məktəbi fəaliyyət göstərir, Müqəddəs İoann kompleksinə aid qədim Xaani Seeqi məbədi təmənnasız Erməni Apostol Kilsəsinə verilib ki, hazırda orada erməni məbədi fəaliyyətdədir. Estoniyanın milli azlıqlar Palatasının başında da məhz erməni – fəlsəfə doktoru Rafik Qriqoryan dayanır. Bir dəfə “Estoniyanın tarixi. Erməni izləri” adlı bir kitab yazaraq həmin doktor bu torpaqlarda da qədim dövrlərdə ermənilərin məskunlaşdığını iddia etmişdi, bax onda Baş Hakim onunla xeyli mübahisə etməli olmuşdu. Tolerant Estoniyanın paytaxtının vitse-meri Leyvi Şer ermənilərin çığır-bağır salaraq Estoniyanı dünyanın gözündən salmaq cəhdində bulunacaqlarından ehtiyatlanaraq “Bu kitabı millətçiliyə yozmayaq, Estoniya multikulturializminin nailiyyəti adlandıraq” demiş, bu mübahisəni hüquqi aspektə yönəltməyə izin verməmişdir, yoxsa Baş Hakim tarixi saxtalaşdıran ağ yalanlara görə Rafik Qriqoryanı məşhər ayağına çəkəcəkdi. Ardınca daha bir incident Erməni Apostol Kilsəsinin Rusiya və Yeni-Naxçıvan eparxiyasının Baltiya ölkələrindəki nümayəndəsi Xosrov Stepanyanla yaşamışdı. Bu şəxs Litvadakı Xaç dağındakı xaçkara – xaç şəkilli qayaya ziyarətlər təşkil edib Pribaltika ermənilərini aparır və bildirirdı ki, xaçkar sırf qədim ermənilərə aid abidədir. Baş Hakim onu bu qərəzkarlığında qınamış, bu məsələni də hüquqi müstəviyə çıxarmaq istəmişdi, amma yenə də millətçilikdən uzaq olan Baltik xalqlarının yuxarı instansiyalarda oturanları “boş verək” demişdilər. Baş Hakimsə gözəl bilirdi ki, ermənilərin arxasında torpaq iddiaları dayanan millətçilik çıxışlarını boş vermək sonda necə faciələrə gətirib çıxara bilər. Bunu vaxtı ilə Azərbaycan etmişdi, nəticədə nə qədər torpaq itirdi. Və o, məsul şəxsləri əmin etməyə çalışırdı ki, vaxt gələcək, mütləq ermənilər eston xalqının tarixi Xaani Seeqi məbədini qədim erməni məbədi adlandıracaqlar.
Tartu ölkənin məhkəmə paytaxtı olduğundan Baş Hakimin yolu ora tez-tez düşürdü. Elə ömrünün düz 45-ci baharında – yubileyinə cəmi bir gün qalmış bir yay ailəsini də götürüb dəniz sahilində yaxşıca dincəlmək, günəşi qarşılamaq, çimib qaralmaq kimi ən böyük arzusu da məhz Tallinn-Tartu yolunda gözündə qaldı, o, avtomobil qəzasına düşüb faciəli surətdə həyatını itirdi.
İki il idi Axirət dünyasındaydı. Bu, burada aldığı ilk böyük iş idi. Buna kimi, ötən il Kiçik Divanda Kolumbiya narkomafiyası liderlərinin prosesində Baş Hakim köməkçisi kimi çalışmışdı, bu dəfə isə o, Böyük Divanda Baş Hakim idi, bəxtinə düşən proses də ağırın ağırı idi. Erməni millətçiliyinin cinayətlərini yığıb-yığışdırmaq, ən əsaslarını seçib-seçmələmək hədsiz ağır idi.
Divanın İşlər Vəkili ona bu prosesi həvalə etmək istədiyini dilə gətirəndə Baş Hakim sövq-təbii “Deyəsən Rafik Qriqoryanla, Xosrov Stepanyanla mübarizəm barədə məlumatlısınız, ona görə də ermənilərin prosesini mənə tapşırırsınız” söyləmişdi, Divanın İşlər Vəkili isə söyləmişdi ki, “Düzü, ermənilərin Estoniyaya hansısa millətçilik iddiası barədə konkret bilgim yoxdur, amma ona əminəm ki, ermənilərin “tutar qatıq, tutmaz ayran” prinsipi ilə bəlkə də indiyədək hər bir dünya ölkəsinə, hətta sivilizasiyadan kənar Papua-Yeni Qvineyaya da millətçi iddiaları olub” .
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Cəmilə Hacıyevanın “Septem” adlı fərdi sərgisi açılıb
Rənglər xarakteri aça bilərmi? Qədim kəndlərin təkrarolunmaz cazibədarlığı, təbiət və insanın cəzbedici gözəlliyi, peyzajlar, natürmortlar, habelə hamının sevdiyi rənglər; bütün bunları bu yaxınlarda Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Muzey Mərkəzinin İncəsənət qalereyasında açılan rəssam Cəmilə Hacıyevanın “Septem” adlı fərdi sərgisində görmək olar.
Qeyd edək ki, gənc rəssamın yaradıcılıq tərcümeyi-halında ilk dəfə keçirilən bu sərgi multisensor formatda təqdim olunub və incəsənət həvəskarları, mədəniyyət xadimləri, təbiətsevərlərin diqqətini cəlb edib. Sərginin ekspozisiyası 40 rəsm əsərindən ibarətdir və onların arasında Şuşa və Cıdır düzünə həsr olunmuş “İndi biz azadıq” tablosu xüsusilə seçilir.
“Septem” rəssamın dünyaya klassik realizmə və impressionizmə əsaslanan baxışıdır. Cəmilə mənəvi və daxili rahatlığı ehtiva edən, estetika çərçivəsini aşan sakit kənd peyzajları yaradır. Onun təmiz və toxunulmamış təbiət cənnəti konsepsiyasından ilhamlanaraq yaratdığı tablolar tamaşaçıları şəhər xaosundan uzaq, harmoniya və təbiətin gözəlliyi ilə vəhdət təşkil edən səyahətə dəvət edir.
Müəllif deyir: “Mən insanı gündəlik həyat qayğılarından azad edən, onu urbanizmin təsirindən ayıran, dünyaya başqa gözlə baxmağa vadar edən və ruhunu təzələyən bir şey yaratmaq istədim.
Beləcə, latıncadan tərcümədə yeddi gün mənasını verən “septem” adlı əsərlər silsiləsi ərsəyə gəldi. Bu, mənim uğurlu rəqəmimdir və “sentyabr” kimi də qəbul olunur. Mən sərgini məhz bu ayda təşkil etməyi planlaşdırdım. Bu silsilənin yaranmasının əsas fəlsəfi ideyası insanları hüzurlu bir aləmə qərq etməkdir. Onlar burada səmimilik görəcək, özlərini evdəki kimi hiss edəcəklər. Hər bir əsərimdə hüzur və sükunətlə süslənmiş bir kənd idilliyası var”.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
“Uşaq Evi"ni on ilə yaxın ərzaq və paltarla təmin edən adam...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yaxşı insanları tanımaqdan ötrü, hər hansı bir adamın xüsusi istedadlı, bilik və savadlı olması vacib deyil. Sadəcə görüb dəyər verməyi bacarmaq lazımdır. Sentyabr ayında unudulmaz eloğlumuz, xeyirxahlığı ilə tanınmış, çox imkansızlara əl tutan Davud Məmişovun vəfatının 10 ili tamam olur. Ruhu şad olsun!..
Yaxşı yadımdadır, on beş il bundan əvvəlin söhbətidir. Adını, soyadını belə bilmədiyim, bizim Yardımlı rayonunun Ostair kəndində tənha yaşayan bir imkansız qadının yer sürüşməsi nəticəsində evinin dağıldığı xəbərini almışdım. Damsız qalan həmin qadın üçün yeni bir ev tikilməliydi. O vaxt yaxından tanımasam da, ərk edib Davud kişiylə telefon əlaqəsi yaratdım, hadisə haqqında onu da məlumatlandırdım və evin inşaası üçün təmənnasız bir maşın daş verməsini xahiş etdim. Çox keçmədi ki, 600 ədəd karxana daşı həmin kəndə çatdırıldı...
Onunla telefon əlaqəmiz olsa da cəmi iki dəfə görüşmüşdük. Bir dəfə "Sahil" metrosunun yaxınlığındakı ofisində, bir dəfə də rəhmətlik Yaşar Abdulovun 40 mərasimində...
Haqqında söhbət açdığım Davud Əsgər oğlu Məmişov 25 may 1947-ci ildə rayonun Zevin kəndində dünyaya gəlmişdi. Orta təhsilini Yardımlı qəsəbə orta məktəbində aldıqdan sonra, o vaxtki Lenin adına APİ-nin fizika-riyaziyyat fakultəsinə qəbul olmuş, fizika-riyaziyyat müəllimi ixtisası üzrə həmin ali təhsil müəssisəsini bitirmişdi. Rayonun Vərgədüz, Zevin kəndlərində müəllim, Zevin 8 illik məktəbinin direktoru, rayon maarif şöbəsində inspektor işləmişdi. Zevin məktəbinin direktoru işləyərkən kənd sakinlərinin köməkliyi ilə məktəb üçün yeni bina inşaa etdirmişdi...
Bunlardan əlavə o, Astanlı kənd sovetinin sədri, 5 kəndi əhatə edən Kalinin adına üzümçülük sovxozunun direktoru vəzifələrində çalışıb. 1987-ci ildən isə sahibkarlıq fəaliyyəti ilə məşğul idi. Zevin kəndində sutkada gücü 8 min ədəd kərpic istehsal edən zavod inşa etdirərək, bölgənin bu inşaat materialı ilə təmin olunmasında əvəzsiz xidmət göstərmişdi.
1988-ci ildən Bakıda yaşayırdı, özəl istehsal sahəsində çalışırdı. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə Zevin kəndini Cəlilabad rayonunun Buravar kəndi ilə birləşdirən 6 km-lik yolun inşasına rəhbərlik etmiş, kənddə öz vəsaiti hesabına yeni ATS, poçt və tibb məntəqəsi binaları tikdirmişdi. Kəndin xeyir-şərində yaxından iştirak edər, gənc ailələrə ev inşası üçün mişar daşı köməkliyi göstərərdi. Kənddə məscid inşaa etdirmiş, kəndin digər iki məscidinin təmirinə maddi yardım göstərmiş, həmçinin qonşu Gölyeri kəndində yanmış məscidin bərpasında və Şıxlar kənd məscidinin yenidən qurulmasında maddi dəstəyini əsirgəməmişdi...
Ümumiyyətlə, o, ölkənin bir çox rayonlarında tikilən məscid binalarına təmənnasız olaraq müxtəlif saylarda karxana daşı hədiyyə edib. Bakının Bakıxanov rayonunun məscidinin, Bibiheybət məscidinin tikintisinə həm maddi köməklik göstərib və həm də inşasına tikinti materialları verib. Bir neçə körpü məhz onun şəxsi vəsaiti hesabına salınıb. Zevin kəndinə 6 km məsafədən içməli su çəkdirib ki, bu gün 40-a yaxın ailə həmin sudan istifadə edir.
Onun xeyirxahlıqları təkcə bununla bitmirdi, 2004-cü ildən vəfat edənədək Bakının 8-ci mikrorayonundakı "Uşaq Evi"ni həm ərzaqla və həm də oradakı kimsəsiz uşaqları isti paltarlarla təmin edib. Həmin "Uşaq Evi"ndə böyümüş iki gəncə öz vəsaiti hesabına toy etdirmiş və illərboyu onlara mütamadi maddi yardım göstərmişdi. Xəstəliklərdən əziyyət çəkən bir sıra insanları cərrahi əməliyyat etdirərək, bir neçə nəfərin xaricdə müalicə xərclərini ödəmişdi. Yazarlardan Zöhrab Zevinlinin, Ədalət İbadovun kitablarının işıq üzü görməsində dəstəyini əsirgəməmişdi...
Bütün bunlar mənim bildiklərim, el-obadan, yaxın-uzaqdan eşitdiklərimdir. Kim bilir, Davud Məmişovun kiminsə bilmədiyi neçə-neçə xeyirxah əməlləri Allahla öz arasında bir sirr olaraq əbədiyyətə qovuşub...
Haqqında “Qəlbimə salma xal, gəl” nəzm kitabı yazılıb. 2013-cü ilin sentyabr ayında vəfat edərkən 66 yaşı var idi.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Elisso Bolkvadze Heydər Əliyev Mərkəzində çıxış edəcək
Sentyabrın 22-də Heydər Əliyev Mərkəzində gürcüstanlı pianoçu, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadzenin Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konserti olacaq.
Konsert Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Qeyd edək ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Akademik Milli Dram Teatrında yeni teatr mövsümünün açılışı olub
Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası ilə yeni teatr mövsümünün açılışı olub. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın nümayişindən əvvəl Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın yaradıcılıq planları haqqında danışıb.
Bildirilib ki, ənənəvi olaraq Akademik Milli Dram Teatrında mövsümün açılış və bağlanış mərasimləri "Qarabağnamə" tamaşası ilə olur.
M.Ələkbərzadə diqqətə çatdırıb ki, növbəti teatr mövsümünün açılışında "Qarabağnamə" tamaşası yeni quruluşda təqdim olunacaq. Bu ilin dekabrın sonuna qədər isə üç yeni tamaşanın premyerası keçiriləcək. Bunlar "Dantenin yubileyi", "Sənsiz" və "Əsrə bərabər Gün" tamaşalarıdır.
Sonra “Qarabağnamə” tamaşası təqdim olunub.
Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov olan tamaşada XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.
Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nurzadə, əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Aslan Şirin, Elnar Qarayev, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ramin Şıxəliyev, Ləman İmanova, Cavidan Novruz, Firuzə Balayeva, Nəzrin Abdullayeva, Məhsəti Tahirzadə, Elsevər Rəhimov və Tural İbrahimov canlandırıblar.
Səhnə əsərinin quruluşçu rəssamı İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşada Xalq artistləri Polad Bülbüloğlu və Vasif Adıgözəlovun əsərlərindən istifadə olunub.
Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
“Efirdə xalqımıza xas, illərdir qoruyub saxladığımız mədəniyyət, ailə dəyərləri itməməli, təbliğ edilməlidir…”
Bütün dəyərli "Ədəbiyyat və İncəsənət" portalı oxuyucularına salamlar, hər vaxtınız xeyir olsun. Bugünkü müsahibəmiz gənclərə xitab edən televiziya proqramlarından olan MAG'ın prodüseri Nailə Mirzəzadə ilə olacaq. Müsahibəni əməkdaşımız Leyla Səfərova aparır.
-Salam, Nailə xanım. Sizinlə müsahibə aparmaq çox xoş olacaq. Öncəliklə istərdim, bizə məlumat verəsiniz. Nailə Mirzəzadə kimdir?
-Salam, mən Nailə Mirzəzadə - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin layihəsi olan, "MZ" Production tərəfindən istehsal edilən, İctimai Televiziyada yayımlanan MAG verlişinin prodüseri, Sağlam Ailə tibb mərkəzinin Ultralab filiallarının İctimaiyyətlə əlaqələr üzrə ( PR) meneceriyəm. Bir çox tədbirlərdə təşkilatçılardan olmuşam. "MZ" Production tərəfindən istehsal olunan və Azərbaycan telekanallarında yayımlanan bir sıra verilişlərin ( “Tor” , “Analar Məktəbi “) prodüseri olmuşam.
Eyni zamanda həkim və psixoloqları bir araya gətirən ilk instagram hesabının yaradıcısıyam. Yeni yaransa da, maraq güclüdür və gələcəkdə böyük işlər görəcəyimizə inanıram. Gələcək planlarım öz sahəmdə inkişaf etmək, yeni layihələr, yeni ideyaları həyata keçirməkdir. Təbii ki, komanda ruhu ilə.
-Bütün bu nailiyyətləriniz arasında sizin üçün "ən uğurlu" hesab etdiyiniz hansıdır? Nəyə görə?
-Ən uğurlu nailiyyətim hazırda olduğum yerdir. Buna görə həmişə yanımda olan anama, ailəmə, dostlarıma, iş kollektivimə, xüsusən də mənə hər zaman yol göstərən Üzlufət xanıma bir ömür minnətdaram.
-Nailə xanım, qəbul edərik ki, televiziya mədəniyyətin başlıca qaynaqlarındandır. Sizin fikrinizcə, bugün televiziya tam mənada öz missiyasını tamamlaya bilirmi? Nə aşılanmalıdır və nə aşılanır?
-Bəziləri düşünür ki, hazırda televiziya sosial mediaya uduzur, amma tam da elə deyil. Məsələ ondadır ki, ucqar məkanlarda yaşayan insanlarımız, orta yaşlı və yaşlı insanlarımız ümumiyyətlə sosial şəbəkələrdən daha az istifadə edirlər. Bu baxımdan televiziya hələ də öz aktuallığını qoruyub saxlaya bilir. Amma etiraf etmək lazımdır ki, bəzi evlərdə ümumiyyətlə televiziya açılmır. Buna görə də deyə bilərik ki, böyük şəhərlərdə sosial media daha çox inkişafdadır. Getdiyimiz hər hansı bir məkanda telefonu açıb sosial mediadan istifadə edə bilirik. Hazırda televiziyamızda yaxşı verlişlər çox olsa belə öz ideyalarını tam çatdıra bilməyən və ya doğru təbliğatlar apara bilməyən verlişlər də kifayət qədər var. Bu cür verlişləri izlədikcə insan həqiqətən utanır ki, doğrudanmı bizim cəmiyyət hələ də bunu izləməyə davam edir, bunları müzakirə edir!? Əslinə qalanda isə bu cür mövzuları təəssüf ki, biz özümüz onları izləyərək ön planda saxlayır, aktuallaşdırırıq. Beləliklə də sırf izlənmə üçün bu cür proqramların sayı-hesabı artır. Biz keyfiyyətli verlişlərin izlənməsini və tələbini artırmalıyıq. Bu zaman televiziya da inkişaf edər.
Bugün tam mənada televiziya öz missiyasını tamamlaya bilmir, çünki dediyim kimi, böyük şəhərlərdə sosial mediaya uduzur və nəticədə bəzən sosial mediada olan daha zəif keyfiyyətli insanlar və mövzular televiziyaya gəlib çıxa bilir. Buna görə də təbliğatlar sosial mediada daha çoxdur.
Gənclər arasında daha çox Azərbaycanlılara xas, illərdir qoruyub saxladığımız mədəniyyət, ailə dəyərləri itməməli, təbliğ edilməlidir. Ümumiyyətlə tək gənclər yox, hər kəsi doğru məlumatlandırmalı, maarifləndirməli, televiziyada daha diqqət çəkən, maraqlı verlişlər hazırlanmalı, səviyyəsiz müzakirələrə qadağalar qoyulmalıdır. Verilişi hazırlayan insanlar öncə düşünməlidir ki, biz bunu hazırlayaraq insanlara nə veririk, nə təbliğ edəcəyik? Və əgər bu sualların cavabında özlərinə müsbət cavab verə bilmirlərsə o zaman həmin verlişlərin yayımları dayandırılmalıdır.
-Siz gənclərlə işləyən, fəaliyyətini gənclərə adayan biri kimi bugünkü televiziyada nəyi dəyişmək istəyərdiniz? Mükəmmələ ən yaxın olma yolunda nə addım atardınız?
-Mən özüm də fəaliyyətimə "Müasir Azərbaycan gənci" verlişi ilə başlamışam və sırf gənclər sektorunda illərdir ki çalışıram. Bugün çox istərdim ki, televiziya sahəsində keyfiyyətli verlişlər artırılsın. Maraqlı, fərqli kontentlər, gənclərin maraq göstərdiyi mövzular təqdim olunsun. Tək gənclər üçün də deyil. Televiziya verlişləri daha keyfiyyətli hazırlanmalıdır. Kiminsə həyatı ilə bağlı xəbərlər deyil də, ümumi ictimaiyyətlə bağlı, təbliğat xarakterli doğru istiqamətlənmiş televiziya proqramları artırılmalıdır.
İnsanlarda neqativlik yaradan verlişlərin sayını minimuma endirmək istəyərdim. Onsuz da insanların kifayət qədər problemi var, əlavə olaraq başqalarının problemlərini müzakirəyə çıxartmağı dayandırmaq yaxşı olar. Çünki belə təbliğatlar nəinki inkişaf etdirir, hətta insanları mənfi istiqamətlərə yönəldirlər, sanki variant, yollar göstərirlər.
Daha kreativ, daha intellektual, insanlara pozitivlik yükləyən, maarifləndirici, əyləncəli, öyrədici, inkişafetdirən və sairə verlişlərin çoxalmasının tərəfdarıyam. Düzdür, sayılan bütün istiqamətlərdə verlişlər var, amma sayının artmasını çox istəyərdim və pararlel, həmin verlişlərin sosial şəbəkədə də aktivliyi mütləqdir. Məqsəd daha çox kütləyə çatmaq olmalıdır.
-Bildiyimiz kimi, bizim portalımız- "Ədəbiyyat və İncəsənət" portalı mədəniyyətin inkişafı və müxtəlif sahələri ilə maraqlanır. Portalımızın gəncləri də daim inkişafa meyilli gənclərdir. Bəs siz gələcəyin qələm sahiblərinə, jurnalistlərinə, rejissorlarına və s. nə demək, nə tövsiyyə etmək istərdiniz?
-Mən özüm də gənc olduğum üçün tövsiyyə etməkdən çox, öz fikirlərimi bölüşmək istərdim. Hər zaman inkişaf etsinlər, keyfiyyətli işlərlə fərqlənməyi bacarsınlar, işlərini sevərək etsinlər, etdikləri hər bir işin yaradacağı təsiri mütləq nəzərə alsınlar, ən əsası, işlərində vicdanlı olmağı bacarsınlar və özlərinə dəyər verməyi unutmasınlar.
-Nailə xanım, vaxtınızı ayırdığınız və fikirlərinizi bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildirir, gələcək fəaliyyətinizdə daimi müvəffəqiyyətlər arzu edirik. Sizi tanımaq xoş oldu.
-Mənim üçün də xoş oldu, təklifiniz üçün təşəkkür edirəm.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
Azərbaycanlı skripkaçı-virtuoz Polşada müsabiqənin laureatı olub
AzərTAC xəbər verir ki, azərbaycanlı virtuoz, Əməkdar artist Elvin Hoca Qəniyev Polşanın Katovise şəhərində keçirilən Karol Şimanovski adına mötəbər Beynəlxalq Müsabiqənin qalibi olub.
Karol Şimanovski adına Beynəlxalq Musiqi Müsabiqəsi beş ildən bir Katovise (Polşa) şəhərində keçirilir. Qaliblər dörd fənn - fortepiano, skripka, simli kvartet və vokal üzrə müəyyən edilir. Onlar nüfuzlu mükafat, karyera yardımı, təxminən 300 min avroluq fonddan pul mükafatı, habelə əfsanəvi Marin Alsop və Polşa Radiosunun Milli Simfonik Orkestri ilə eyni səhnədə qala-konsertdə çıxış etmək imkanı əldə edirlər.
Nüfuzlu “A” müsabiqəsinin laureatı adı Elvinə ən yaxşı konsert məkanlarına, dünyanın məşhur musiqiçiləri və qrupları ilə əməkdaşlığa yol açır.
Elvin Hoca Qəniyev K.Lipinski və Q.Venyavski, P.İ.Çaykovski, D.Oistrax və başqalarının adına olan beynəlxalq skripka müsabiqələrinin laureatıdır. Azərbaycanlı virtuoz Berlində (Almaniya) keçirilən II Beynəlxalq Musiqi Müsabiqəsində qızıl medal qazanıb. Onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.
Gələcək skripkaçı musiqiçilər ailəsində anadan olub. Anası Nərminə Qəniyeva pianoçu, atası Hayretdin Hoca violonçel ifaçısıdır. Babası dünyaşöhrətli skripkaçı musiqiçi, Azərbaycanın Xalq artisti, Beynəlxalq müsabiqələr laureatı, professor mərhum Sərvər Qəniyevdir.
Elvinin valideynləri Bilkənt Universitetinin Musiqi fakültəsində dərs deyir və Bilkənt Simfonik Orkestrinin solistləridir. Uşaqlıqdan vunderkind adlanan Elvin yeddi yaşında Vivaldinin iki skripka və orkestr üçün konsertini görkəmli skripkaçı Viktor Pikayzenlə ifa etmək üçün dəvət alır. O, Bilkənt Universitetinin (Türkiyə) və Sürixdəki İncəsənət Universitetinin (İsveçrə) məzunu, beynəlxalq müsabiqə və festivalların qalibidir.
Roma Papası 2010-cu ildə İtaliyada keçirilən Gənc Musiqiçilərin Beynəlxalq Müsabiqəsində qalib gələn Elvini ordenlə təltif edib. Virtuoz skripkaçı beynəlxalq klassik musiqi müsabiqələrində fəal iştirak edir, xaricdə çoxlu konsertlər verir. Elvin ABŞ, İtaliya, İsveçrə, Böyük Britaniya, Rusiya, Türkiyə, İspaniya, Fransa, Polşa və digər ölkələrdə çıxışlar edib.
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)
“Çiyinlərdə gəzən tabutlar çiyinlərə yox, ruhlara yük olacaq…”
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Fransız bilməz bir gecədə 50 rəqəmi niyə yaddaşlara həkk oldu..
Rusun nə xəbəri axı, xalqın dilinə niyə 2784 rəqəmi dolanıb..
44-ün altında yatan yaralı ürəklər hələ buzlaşmayıb axı..
Ocaq var ki, şəhidinin 1 ili hələ təzə ikən bir şəhid də od saldı evlərə..
Yaşlılar televizora baxıb sevinir ki, torpaqlarımız alınır, bizim cavan vaxtı çıxdığımız diyarlarda yenə bizim toxumlar sərpilir..
O toxumlar qanla sulandı axı..
Biz yaddaşlarda rəqəmləri həkk etdik, amma heç bir statistika ,heç bir rəqəm bir ananın göz yaşlarını sayacaq qədər yetərli olmadı, olmayacaq.
Bizlər deyirik Vətən sağ olsun, şəhid anası deyir, kaş oğlum sağ olardı, şəhid balası isə deyir, kaş atamı bir də görə biləydim..
Yadların sevgisi torpağa, neftə, qaza, münbit iqlimə idi, canını torpağa tapşıranların sevgisi Rəsulzadə əmanəti bayrağa sarılmaq idi.
Yenə də, başın sağ olsun Vətən!
Kəramət Böyükçölün bir deyimi var idi. Deyir ki, müharibə başlayanda ilk önə atılanlar şəhid və qəhrəman olacaq, geridə qalanlar vətən sağ olsun deyib ölənin ruhuna sükuta qərq olacaq. Şəhid ailəsi, yəni: beli bükülən şəhid atası, ürəyinə dağ çəkilən şəhid anası, bəlkə 20 günlük, bəlkə 20 illik ömür gün yoldaşı, anasına sığınan şəhid övladı, gözü yaşlı şəhid şəklinə sarılan minlərlə yaralı ürək, minlərlə od düşən ocaq. Çiyinlərdə gəzən tabutlar çiyinlərə yox ruhlara yük olacaq.
Kaş mən də şəhid olardım deyən minlərlə qazilər…
Nə bilim, müharibənin say-say bitməyən yaraları, ağrı-acıları var. Sözlər yaraları dindirmir, axan qanlar durmur. Vətən sağ olsun!!
Vətən yaralı.
Vətən qanlar içində…
“Ədəbiyyat və incəsənət”
(18.09.2023)