Super User

Super User

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

 

Bu gün portalımızın Qonaq otağında sizləri gənc yazar Nemət Mətinlə görüşdürəcəyik. 

 

-Nemət Mətin, xoş gördük. Bir çoxumuz sizi “Sonuncu Uçuş" kitabı ilə tanıdıq. Digərləri isə sonuncu kitabınız olan "Gözəgörünməzlər" əsəri ilə sizi sevdi. Lakin istərdim özünüz haqda da bir az məlumat verəsiniz.

 

-Xoş gördük. Salamlayıram hamını. Təxəllüsümü Mətin götürmüşəm, çünki Nemət Hacıəliyev adı ilə bir neçə məqalə verdikdən sonra mənə bildirdilər ki, Hacıəliyev adı çox uzun səslənir. Bir təxəllüs olsa daha yaxşı olar. Mən də düşündüm ki, Mətin sözü Nemət adı üçün çox uyğun gəlir. Həm də ki, bildiyiniz kimi, Mətin sözü dözümlü, iradəli deməkdir. Yazı yazanda dözümlü və iradəli olmaq vacibdir. Roman yazarkən iki qat dözümlü, iradəli olmalısan ki, əsəri yazıb istədiyin kimi tamamlaya biləsən.

 

-Kitablarınızı hansı ardıcıllıqla yazmısınız?

 

-Ən birinci məqalələr kitabım “Ədəbiyyat və Kütlə” çap olunmuşdu. İçində nümunə kimi bir hekayəni də yerləşdirmişdim. Pis deyildi, uğurlu saymaq olar. Ardınca "Sonuncu Uçuş" kitabım çapdan çıxdı. Mənə görə, yetərincə uğurlu olmuşdu və məni daha çox tanıtmışdı. Həmçinin bu kitabım Türkiyədə də çap olundu. Səhv etmirəmsə, 1000 tiraj olmuşdu, sayını tam xatırlamıram. O kitab da yarısı hekayə, yarısı isə məqalələrdən ibarət idi.

Üçüncü kitab "Gözəgörünməzlər" kitabı isə istədiyim tərzdə hekayələrdir. Və bununla da hekayə kitablarına son deyirəm. Gələcəkdə, təbii ki, saytlar və qəzetlər üçün hekayələr yaza bilərəm, ancaq hekayə kitabından doymuşam artıq. İndi daha çox romanlar üzərinə fokuslanmaq fikrindəyəm.

Yeri gəlmişkən “Gözəgörünməzlər” kitabı Cənubi Azərbaycanda da çap olunacaq. Artıq çap prosesi gedir və yayınlanmasına çox az bir vaxt qalıb. Bundan başqa digər ölkələrdən də təkliflər gəlib, onun üzərində də işləmək lazımdır.

 

-Sizcə, yazıçı deyilən şəxs sırf ədəbiyyatçı və ya qələm adamı olmalıdır, yoxsa digər peşələrdə də çalışaraq gözəl əsərlər yarada bilər?

 

-Mənə elə gəlir, harada işləməyinin o qədər də əhəmiyyəti yoxdur, çünki indiyə kimi fərqli peşələrdə çalışan yetərincə çox yazıçılar olub. Sadəcə, ədəbiyyatda tanınana qədər müvəqqəti haradasa işləmək lazımdır. Sonra artıq kitabların satıldıqca heç vaxtın olmayacaq ki, başqa işlər görəsən.

Rayonda bir nəfərdən soruşurlar ki, “oğlun Bakıda nə işləyir”? O da cavab verir ki: “Bakıda şair işləyir”. (gülür)

Belə, həqiqətən, gülməli səslənir, amma kitablarının satılmağı özü böyük bir işdir. Yəni otur, səhərdən axşama kimi düşün, yaz, sonra üzərində işlə özü böyük bir vaxt tələb edir. Çünki baxırsan ki, artıq Netflixin özü belə yeni ideyalar axtarışındadır. 70-ci illərin filmini təkrar 2023-cü ildə bir az yeniləyib çəkirlər. Çünki yeni ideya yox dərəcəsindədir. Yeni ideya vermək dünyadakı ən böyük işdir.

 

-Hər bir yazıçı bu peşəyə yiyələnməzdən öncə yaxşı oxucu olmalıdır deyə düşünürəm. Bəs sizə ədəbiyyatı sevdirən hansı janr olub? Hansı kitablar sizdə yazıçılıq ruhunu oyadıb?

 

-Uşaqlıqdan çox kitab oxumuşam. Atamın kitabxanası var idi. Görürdüm ki, kitabları açıb vərəqləyir. Günlərdən bir gün kitab rəflərinə baxarkən “Hophopnamə” qarşıma çıxdı. Kitablarının arasında Hophopnamə hamısından böyük idi. İçində şəkillərinin olması nəsə marağımı çəkdi. Çox köhnə nəşr idi. Açdım vərəqlədim. Ordakı şeirləri oxudum və Sabirin yaradıcılığı xoşuma gəldi.

Belə-belə oxumağa başlamışdım digər kitabları da. Lakin ciddi oxumağa hərbi xidmətdəki  dövrlərdə başladım. Dəhşət sıxıldım. Xidmətə çıxıb qayıtdın, yemək yedin, idman elədin, yatdın-durdun, bəs sonra nə edəsən? Həmin ərəfələrdə əsgər yoldaşım evdən kitablar yollatdırmışdı. Elə oldu ki, o özü kitabların heç birini oxumadı, mən onun 5 kitabını 5 günə bitirmiş oldum. Rusca, Azərbaycanca və Türkcə oxumağa başladım. Amma sırf yazıçılığa addım atmağım Köhnə Azərbaycan kitablarını oxumağa başlamağımla oldu.

 

-Yeri gəlmişkən, yazarlığa necə başlamısınız?

 

-Mənim bir əsgər yoldaşım var idi. Onunla düşmənə çox yaxın idik. O mənə bütün arzularını danışmışdı. Özü də ali təhsil almadan 1 il 6 aylıq müddətlə gəlmişdi. O mənə deyirdi ki, gedib kollec oxuyacağam, evlənəcəyəm və digər işlərimi qaydasına qoyacağam. Çox səliqəli insan idi. Yəni mən o adama valeh olmuşdum. Elə oldu ki, xidmətlərin birində düşmən atəş açdı, onlar da iki nəfər gedirdilər. Qarşıdakı əsgərin “buşlat”ından keçib güllə ona dəymiş və beləcə, şəhid olmuşdu. İndi də yadıma düşəndə mənə bu çox pis təsir edir. Həmin zamanlarda isə mənə o qədər pis təsir etmişdi ki, neçə gün nə yemək yedim, nə də danışa bildim. Həyatını itirən o, ölən isə mən idim. Ruh kimi hiss edirdim özümü. Sonra elə oldu ki, əlimə dəftər keçdi, yazmaq istədim. Mən heç zaman şeir yazmamışdım. Götürdüm, 4 bənd olmaqla şeir yazdım. Çox zəif şeir idi, lakin müharibəni və bütün hissləri təsvir etməyə çalışmışdım.

Təxris olduqdan sonra gəldim və yenə çoxlu kitablar oxudum. Daha sonralar köhnə Azərbaycan əsələrini oxumağa başladım. Bu, sanki mənim yaradıcılığım üçün yeni bir mərhələ açdı. Çünki orda elə sözlər var idi ki, insanın ədəbi dil biliyini çox zənginləşdirir. Baxsan, indiki dilimizdə o sözləri demək olar ki, çox az, yox dərəcədə istifadə edərik, ya etmərik. Nə qədər istifadə etməsək də yazanda bu sözlər cümlənin içinə xüsusi bir ahəng qatır.

 

-Bəs şeirlərinin axırı necə oldu? Yenə şeir yazırsanmı?

 

-3-4 müğənni də mənə mahnı üçün müraciət etmişdi. Hətta aralarından biri oxudu, 3-4 saytda da yayımlandı. Lakin hiss edirdim ki, şeir mənlik deyil. Daha sonralar məqalələrə keçəndə bu şeirlərimi sildirdim saytlardan. Əslində şeir yazmaq istəyərəm. Mənə görə, insanlar poeziya ilə doğulur, yəni ritm üstündə, romantik anlarda şeir formasında gəlir düşüncələr.

 

-“Gözəgörünməzlər" kitabını 3 cümlə ilə necə təsvir edərdiniz?

 

- “Həyatda, baxırıq, elə adamlar var ki, görməzdən gəlirik. Ancaq görməzdən gəldiyimiz bu adamın başına çox maraqlı hadisələr gələ bilir.” – Mənə elə gəlir hər yazıçı belə eksperimentlər etməlidir. Tanımadığı adam gördükdə və ya maraqlı bir adamla qarşılaşdıqda onu qələmə almağı sınamalıdır.

 

-Elə olubmu ki, hansısa bir adam sizin üçün maraqlı olub və onun həyatını, hansısa yaşantısını qeydə almısınız?

 

-Misal üçün, “Sonuncu Uçuş” kitabımda da bir hekayə var: Adam dayanıb güllərə dua oxuyur. Maraqlıydı ki, o kiminlə danışır? Yaxınlaşıb araşdırdığım zaman sonradan bildim ki, iki qızı xəstələnib rəhmətə gedib. Ən sonunda adam başını itirib və ona elə gəlir ki, güllərə dua etməklə Tanrıyla təmas qurur. Beləcə, onun haqqında bir hekayə canlandırdım.

 

-Ədəbiyyatdan kənar incəsənətin hansı növü ilə yaxından maraqlanırsınız?

 

-Mənə elə gəlir ki, yazıçı hər bir şeylə maraqlanmalıdır. Tək yazıçı yox, misal üçün sən rejissorsansa araşdırırsan ki, Tarkovski musiqiçi olub, ən azı musiqiyə gedib və skripkanı bilir. Belə-belə çox nümunə saymaq olar. Mən də rəssamlığın tarixini araşdırıram və yazan adam olduğuma görə yazdığım şeylərin dərin qatı ilə maraqlanıram. İstər musiqinin yazılma prosesində, istərsə də rəssamlığın da fəlsəfi mənasını araşdırmaqla, elə-elə adama çoxlu ideyalar gəlir.

 

 -Sizcə, yazıçılar birlik olduğu zaman daha gözəl əsərlər ortaya çıxar, yoxsa yazıçı yalnız başına olanda daha da güclü əsərlər yarada bilər?

 

- Hər iki cür olub, baxır özünü hansı janrda görür. Məsəlçün Nicat Həşimzadə ilə Nəcəf Əsgərzadə çalışaraq birlikdə kitab yazıblar. Və belə nümunələr dünyada çoxdur. Misal üçün tək adam oturub yazsa bu, beş ilə başa gələr. İki adamdırsa, iki ilə bitirmiş olacaq. Və iki nəfərin düşüncəsi bir nəfərə nisbətdə daha möhkəm ola bilər. Əsasən elmi əsərlərdə belə olur...

 

-Lakin mənim nəzərdə tutduğum sual bu deyildi. Demək istədiyim, sadəcə sənin əsərin ola bilər, amma o əsərin arxa planında səninlə birlikdə on nəfər adam ola bilər. Sənə dəstək olmaq üçün oxuyub tənqidlər bildirə bilər ki, sən roman üzərində işləyərək kitabı yenidən söküb yığmış olarsan.

 

-Hə, düz deyirsən. Nobel almış Orxan Pamuk necə edir? Osmanlı haqqında bir roman yazmaq istəyir, oturub onu ən xırda detalları əvəzinə oxumur, çünki bunu etsə uzun 10 illiklər alar, buna isə vaxt yoxdur. Ona görə bir adam tutur və tarixləri qısa-qısa yazır. Misal üçün “həmin dövrdə gəmi nə cür olub?”, “həmin dövrdə nə cür geyinilib. Bir o, bir də yazandan sonra artıq sən inanıb zövqünə güvəndiyin on nəfərə onu paylamalısan. Düzdür, yazıçı öz fikrini dəyişmir çox vaxt, amma yenə də hansısa bir hissəni yönləndirə bilər, yaxud daha möhtəşəm bir ideya ilə zənginləşdirə bilər. Ona görə bu dediyin çox lazımlı bir məsələdir.

 

-Bernard Şounun bir sözü var: “Yaşlı insanlardan şam kimi yox, məşəl kimi istifadə edib onların biliklərini gələcək nəsillərə ötürmək lazımdır”. Ustadlarımızdan özünüzə müəllim kimi gördüyünüz yazıçılar varmı?

 

-Sağ olub yanımda olanlardan Azad Qaradərəlinin adını çəkə bilərəm ki, ondan çox şeylər öyrənmişəm. Geniş yazmaq necə olur, biri var ki, yazıb fikri bitirirsən, biri də var yazıb o fikri genişləndirə bilirsən. Daha sonra Azər Qismətin adını çəkə bilərəm. Özü həm jurnalist, həm yazıçıdır. Mən fikir verirəm ki, yazıçı həm də jurnalist olmalıdır. Sən müsahibə ala, insanları söhbətə tutub onların həyatını araşdıra bilməlisən. Bunlar hamısı jurnalistikaya aiddir və ondan çox şey öyrənmişəm.  Çünki yazıçı iki şeyə fikir verir, bir sujet xəttinə, bir də yazı üslubuna. Təbii ki, ümumi ideya da olmalıdır. Misal üçün az öncə də dedin, “əsəri iki cümlə ilə ifadə elə”. O iki cümlə o qədər möhtəşəm olmalıdır ki, oxuyan ondan yüz il, iki yüz il sonra nəsə götürməlidir. İncilər suyun altında olur, gərək üzüb gedib onları tapasan.

 

-Eynən. Yüz dahinin həyatını oxuyub 101-cini yaradırsan, yəni özünü. Çünki çevrənə kimi yığırsansa, zaman keçdikcə onlara çevrilirsən.

 

-Maraqlı yanaşmadır, razıyam. İnsan özünə dahi deməz, amma özündən əmin olmaq lazımdır.

 

-Oxumadan yazmaq mümkündürmü, sizcə?

 

-Deyirlər, Kafka oxumadan yazırmış, amma  mən Kafkanın məktublarını tapdım. Dostu ilə məktublaşarkən oxuduğu kitabların adlarını saymağa başlayır. Bəstəkar bir dostu ilə əsərləri geniş həcmdə müzakirə edirlər, görürsən ki, adam çox oxuyub.

 

-Gənc yazıçıların uğurlu ola bilməsi üçün etməsi gərəkən ən önəmli şeylər nələrdir?

 

-Birinci növbədə özünü təkmilləşdirmək. Hiss etməlisən ki, hər dəfə daha yaxşı yazmağa başlayırsan. Məsəlçün növbəti kitabı yazanda düşünürəm ki, əvvəlkindən yaxşı olmalıdır. Yaza bilmədiklərimi də yazmağa çalışıb oxucuya daha da gözəl əsərlər bəxş etməyə çalışıram. Və ikinci növbədə reklamdır. Reklam sektoru bizdə yetərincə inkişaf etməyib, yazıçı çalışır ki, özü özünü reklam etsin. Reklama baxan nəşriyyatın bir qolu olmalıdır. O səni tanıtmalıdır. Amma bizim ölkədə bu olmadığına görə yazıçı çalışır özü-özünü reklam etsin. Və onun da yolları var. Kim istəsə maraqlana bilər və onun haqqında da danışa bilərəm növbəti müsahibələrimizdə.

 

-Vaxt ayırıb müsahibəmizdə iştirak üçün sizə minnətdaram. İşlərinizdə və yeni kitablarınızda sizə müvəffəqiyyətlər arzu edirəm!

 

-Çox sağ olun, var olun, mən də sizə, sizin portala və rəhbərliyə təşəkkürümü bildirirəm.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

“Ozan dünyası” dərgisi Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, tanınmış şair-publisist Əkbər Qoşalı ilə geniş müsahibə yayınlayıb. 

Əkbər Qoşalının “Ozan dünyası”nın baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun suallarına verdiyi cavablar dərginin builki ilk sayında yayınlanıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

 

- Əkbər müəllim, ömrünüzün 50-ci baharında xoş gördük!  Bu 50 ildə istək və arzularınızı nə qədər gerçəkləşdirə bilibsiniz?

 

- Öncə sizə, dərginizin yaradıcı heyətinə əsənliklər, uğurlar diləyirəm! Diqqət göstərdiyiniz üçün sağ olun! 50 yaşa “gəncliyin son yazı” deyirlər, biz “ikinci yaz” deyək. 50-ni  görmədən  ancaq  ciddi  uğur   qazandıqdan  sonra  bu həyata gözlərini   əbədi yumanlar olub, 50-nin ikiqatını yaşayıb, toplum üçün bir yaddaqalan iş görmədən, dərin iz qoymadan ömrü yelə verənlər də olub... Mənim öz yaşıma, çalışmalarıma qiymət verməyim nə   dərəcədə doğru olar, bilmirəm, ancaq onu bilirəm ki, bacardığım qədər xeyirdən yana   olmuşam, az-çox nə yazıb-yaratmışamsa,   Vətənim, ulusum, Türk dünyası və bütün   tərəqqipərvər insanlıq üçün etmişəm.   Şərdən-şəbədəndən yana olmamışam,   öyyıxan olmamışam. Əlbəttə, gücümün   yetdiyincə sənətin estetik dəyərlərini,   oxucuya, dinləyiciyə, tamaşaçıya ötürəcəyi zövqü-səfanı göz önündə, könül içində   tutaraq qələm çalmışam. Belə bir söz var, deyərlər, “Əllə işləyən fəhlə, əllə və ağılla işləyən usta, əl, ağıl və könüllə işləyən sənətkardır”. Özümə sənətkar deyəcək deyiləm, ancaq hesab edirəm, ən azı ibtidai statusda da qalmamışam. Necə deyərlər, kağıza qələmi sənətə, sənətkarlarımıza,   başqa sözlə, ustadlara, klassikaya sayğımı kəm etməyərək endirmişəm. Daha konkret olsaq, 50 yaşa varıncayadək, bir sıra İLKlərə imza atmaq, Dünya Gənc Türk Yazarlar Birliyini yaratmaq, çoxsaylı kitabların   yazarı, həmyazarı, tərtibçisi, redaktoru, önsöz yazarı olmaq nəsibim olub. “Türk   dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk   dünyası...” mövzusunu Azərbaycan   Yazıçılarının Qurultayının, belə demək mümkünsə, daimi gündəliyinə gətimişəm.  Anar müəllim, bu məruzənin birincisi   haqqında model məruzə tərifini verib və artıq son iki Qurultayda məruzəm olub; bunlardan öncə isə “Ədəbiyyat qəzeti” üzrə məruzəçi olmuşam. Çoxsaylı səfərlərim,   çoxsaylı konfrans, simpozium, yarışma  təşkil etməyim olub, neçə-neçə  gənc istedadın ilk kövrək addımlarında əlindən-qolundan tutmağım, ürək-dirək verməyim, irəli çəkməyim olub. Nə yaxşı ki, olub, yoxsa, ömür məzmunsuz olardı, elə deyilmi? Və nə yaxşı ki, o əldən tutmaları, ilk dəfə çap etmələri, ilk yazılarını, qızılcıq çıxardırmış kimi qırmızı qələmlə redaktə etmələri... qədirbilən gənclərimiz özləri yada salır... yoxsa, şükür Tanrıya biz belə şeylərin “uçot”unu aparmırıq ha... 

 

- Sizi Azərbaycanda yetərincə yaxşı tanıyırlar. Yəni istər ədəbi mühitdə,   istərsə   də ictimai həyatda məşhursunuz. Məşhur olmağın yaxşı və pis tərəfi nədir. Ümumiyyətlə pis tərəfi varmı? 

 

- Siz belə yaraşdırırsız, var olun. Mən bu yerdə özümdən deyil, gənəl olaraq danışsam, yaxşıdır. Ünlü olmağın siz vurğuladığınız hər iki tərəfi vardır. Bəlkə də,   pis tərəfi deməyək, məsuliyyətli tərəfi var. Oxucu, dinləyici, nə bilim, qohum-qonşu və  b. sənə inanır, səndən umur, sənə yüksək   əyar yaraşdırırsa, o əyarı doğrultmaq zorundasan; yaxud o əyarı zədələməməlisən, səmimi, xəlqi duyğularının yanısıra, bacarıqlı, güvənli olmalısan. Bu da elə “halva-halva deyincə ağız şirin olmur” misalı ilə desək, elə-belə olmur, ömür qoymalısan, vaxt ayırmalısan, sözünə, özünə sıradan biri kimi davranmadan, çəki-düzən verməlisən...  Bir də, bilirsiz, məşhur olmağı istəməklə məşhur olunmaz, məncə. İnsan öz işiylə məşğul olur, əgər vicdanlı,   üfüq genişliyi və məzmun dərinliyi ilə çalışır, yazır-pozursa, bir də baxır sürəc özü onu ünlü qılıb...

 

- Dostoyevski  deyirdi:  “Əsl böyük insanlar bu dünyada  böyük kədəri duymalıdırlar”. Sizcə zəmanəmizin böyük kədəri nədir?

 

- Bizim nəsil - ədəbiyyat planında götürsək, 90-cılar nəsli kədərin, ağrı-acının dibini görüb. Böyük  kədəri görmüşük biz. Təsəvvür edin: dövlət müstəqilliyini qazanmaq üçün necə və neçə can qurban gedib, əliyalın oğullarımız “And” yazaraq, and içərək “millət yolu, haqq yolu”ndan geri dönməyib və şəhid olub! Sonra müstəqilliyin bərpasını   həzm   edə   bilməyən   keçmiş   imperiyanın   inersiya   ilə davam edən qurum-quruluşları, zəhərli beyinlər erməniləri maşa kimi qullanıb,   müstəqilliyimizi, el diliylə desək,   burnumuzdan töküblər. Xocalı Soyqırımı baş verib, işğallar olub, ən azı 9 şəhər, 300-dən   artıq kəndimiz görünməmiş vandallığa   məruz qalıb... Bax, bunlar yalnız bir millətin, bir ölkənin başına gələnlər deyil; bunlar hələ də mövcud olan   faşizmi, ədalətsiz dünya düzənini,   haqsızla haqlının eyni tutulması kimi   bəşəri neqativləri göstərir. Yaxşı,   havadarları   dəstək   dururdu-dururdu, bəs bu,  ömrü   boyu  bizdən   yaxşılıqdan  başqa   pislik  görməyən “mədəni”, “ən qədim millət” niyə adamlıqdan çıxırdı, niyə hamilə qadının   qarnına diri pişik balaları doldururdu,   atanın yanında qızına, qardaşın yanında bacısına, ərin yanında arvadına təcavüz edirdi?! Və bu qədər urvatsızlıqlardan   sonra  – gec də olsa, başlarına haqq   etdikləri Dəmir Yumruq enəndən sonra da, erməniləri süddən çıxmış ağ qaşıq kimi göstərmə cəhdlərinə nə deyəsən?.. Bu mövzu yaralı yerimizdir, yenə özümü ələ almağa çalışıram, ancaq keşkə nə belə kədər olaydı, nə o kədərin yazdırdıqları...

 

- M.Ə.Sabir deyirdi ki, “Sabir çörəksiz qalar, Nizamisiz yaşaya bilməz!” Cek London isə  yazırdı: “Böyük şair həmişə özündən daha böyük başqa bir şairə hörmət etməlidir”. Bəs sizin üçün böyük şair kimdir? Əkbər Qoşalı hansı şairsiz yaşaya bilməz?

 

-Böyük şair böyükürəkli, üfüqügeniş, yazdıqlarının anlamı dərin olan   şairdir   yəqin. Deyərlər, şair, yazıçı öz dövrünün səlnaməçisidir həm də. Əlavə edək, əsil şair, yazıçı, ümumən, yaradıcı insan gələcəyə şəkil verəndir. Bir də keçmiş var axı... Keçmişi yalnız tarixçilərə buraxmaq olmaz, elə deyilmi? Sənətin, o cümlədən, söz sənətinin gücü, qüdrəti bütün zamanlara sirayət edə bilməsindədir zatən. Qaldı,   o   salam-sayğı məsələsinə, yuxarıda da   vurğuladığımız kimi, özündən öncəki ədəbi   yola, mədəni irsə vaqif olmadan havadan   yazmaq nəyə yarar? Köksüz ağac kimi   olmamalıdır şairin sözü... Əlbəttə, təzə söz deməli, əlbəttə, yenilik gətirməlidir o;   ancaq o yenilik, o təzə söz doğma   mədəniyyət iqlimində mayalanmasa,  tutmaz, göyərməz...  Mənim böyük adaşım   Aşıq Əkbər (Cəfərov) demiş: “Sancıldım  yurdum   göyərdim,  bitdim”...  “Ana ürəyi,  dağ çiçəyi” siqlətiylə, “Xarıbülbül Şuşadan başqa yerdə bitmir” yaraşdırması kimi bir qutsalca duyğu-düşüncə ilə yanaşınca, aşığın dediyi, o “sancılan” üzüm tingi, nar çubuğu və hətta ox da olsa, ancaq öz ana torpağımızda, ata iqlimimizdə bitə bilər...     

 

- Şair və siyasət – buna necə baxırsınız? 

 

-Bizim 90-cılar ədəbi nəslinə mənsub yazarların önəmli bir hissəsi ədəbi yazılardan daha çox siyasi yazılarla çıxış etmə durumunda olub. Bu, bizim nəslin   qədəriydi... Şairin  siyasətdə olmasından heç kimə ziyan yoxdur, siyasətçi isə heç zaman şair ola bilməz. 

 

- Vaxtilə M.S.Ordubadi yazırdı: “Öz dilində şeiri olmayan xalqın nəyi ola bilər. Bir xalqın   dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır”. Hazırda bizdə şeir, ümumiyyətlə ədəbiyyat hansı səviyyədədir?

 

-Haqlısız, dillə bağlı qayğıların çözümünü   xalq daha çox şair-yazıçıdan umur, rəsmi müraciətlər üçün də məhz söz adamlarının irəli durmasını uyğun görürür. Dərd ondadır, bizim bəzi yeni nəsil əli qələmlilər sözlə   hoqqa çıxarmaqla yeni söz demə kimi məzmunsuz girişimdə bulunur. Bəzi   “məhsuldar” şair, yazıçı, jurnalistlər var, deyirsən, dili ilk növbədə elə bunların özündən qorumaq lazımdır. Bir də doğma dildə səlis danışmaq, yazmaq işin “şəriət qat”ıdır, gərək o sözlərlə yaxşı anlamlar çatdırmağı, necə deyərlər,  yaxşı  söz  deməyi bacarasan; dilə  söz  qazandırasan, sözə yeni anlamlar yükləyə biləsən,   unudulmuş sözlərimizi dövriyyəyə qaytarmağı bacarasan, xeyirli yeniliklər yaradasan...    

 

- Jan Kaktonun “Biz şairlər həmişə doğru danışan yalançılarıq” fikrinə münasibətiniz?

 

-Gəlin biz o sözün doğru hissəsini götürək, yalançılıq hissəsinisə xeyrə yozaq. 

 

- Yaxşı şair olmağın sirrini hərə bir şeydə görür.  Məsələn, Nikolay Fomiçevə görə, “yaxşı şair olmaq üçün gözəlliyin təbiətini anlamaq lazımdır”. Bəs siz necə düşünürsünüz, yaxşı şair olmaq üçün nə  etmək lazımdır?

 

-Bu əla sözdür: gözəliyin təbiətini anlamaq!   “Gözəlliyin təbiəti” üzərinə cild-cild kitablar   yazmaq olar, bir müsahibə boyu bu barədə   nə qədər danışa bilərik, bilmirəm. Gözəlliyin   təbiətini anlamaq, elə kainatın ruhunu anlamağa xidmət edir. Yaxşı şair təbiri,   tərifi   də,   gözəllikdən   gözəl   yazmağın   yanısıra   idraklı yazmaqdır. Əlbəttə, şair şeir yazarkən sosiloji araşdırmaçı deyil, kulturoloji tədqiqatla məşğul olmur yaxud təbiətşünaslıq etmir; o,məhz gözəlliyin təbiətini poetik dillə ifadə edə bildiyi üçün yaxşı şairdir. Fikir verirsiz, əsl şair, filosof şair deyilmir bu yerdə, yaxşı şair deyilir. Yaxşı şair elə gözəlliyi Tanrının yaxşılığı, lütfü olaraq görən   şairdir...   Bizim   türk   təfəkkürümüz   Tanrı   sözü   ilə   yanaşı məhz yaxşılığı təsəvvür edir, yamanlığı deyil... Yamanlıq Tanrıdan aşağı kateqoriyaların hadisəsidir...

 

- Məhmət Əmin Yurdaqul yazır: 

“Burax məni haykırayım, susarsam sən matəm et; 

Unutma ki, şairləri haykırmayan bir millət 

Sevənləri torpaq olmuş öksüz cocuq kimidir”.

Necə düşünürsünüz, bu gün şairlərimiz haykıra bilirlərmi?

 

- Çətin sualdır... O hayqırışı Türk dünyasıncamı götürməliyik, “bugün” qavramını sırf bu günümüzün özü boydamı, yoxsa, ən azı müstəqilliyimizin  yaşınca – bir   qərinəmi   götürməliyik?.. Azərbaycan şairinin hayqırışı hazırda  daha  çox Təbriz, Güney kodlu, mövzulu və bütövlük mahiyyətlidir. Özəlliklə, Azərbaycanın Güneyindəki fədakar şairlərimizin hayqırışına dərin sayğılar olsun, eşq   olsun!   Biz   müstəqil   respublikada   yaşayırıq,   bizim   yazıb-yaratmağımıza nə var? Bizdə hayqırış daha çox 30-cu və 70-80-ci illərdə olub,   90-cı   illərdə  öz   məntiqi  yekununu   bulub.   Özəlliklə Xəlil Rza Ulutürkün adını örnək olaraq çəkə bilərik. Susmayan ustadlarımızın ruhu şad, yaşayan şairilərimizin qələmi iti olsun! 

 

- Dostoyevski deyirdi: “Yazıçının ən böyük bacarığı pozmağı bacarmaqdır. Kim onu bacarırsa, kim özününkünü  pozmaq iqtidarındadırsa, o, uzağa gedə biləcək”. Sizə  elə   gəlmirmi   ki,   bu   gün   yazıçılarımız   ancaq   yazmaqla məşğuldurlar. Yəni heç kim yazdığını pozmaq istəmir. Ona görə də az oxunur, az sevilirlər.

 

-Bizdə   toplumun , belə   demək   olarsa,   ədəbiyyatla   nəfəs alma dönəmləri  olub,   elə   bilirəm, o   dalğa   yenə  qayıtmaqdadır.   Ona görə də oxunma, sevilmə məsələlərinin qiymətləndirilməsi xeyli şərtidir.   Bilgisayarla   işlədiyimiz   çağımızda   pozmaq, yerdəyişdirmək, calamaq indi texniki məzmundur, İKT-nin indiki inkişaf   aşamasında   işin   bu   tərəfi   çox   qolaydır.   Dostoyevskinin sözü, yəqin, texniki məzmundan yuxarıdadır, ancaq bu da var ki, onun   qaçaraq   həyatı,   borclarını   ödəmək üçün   dərgilərə   vaxtlı-vaxtında əsər çatdırıb, qonorar almalı olması və s. onun özünün pozmaqla   barədə   çox   az uğraşdığını   deməyə   güclü   ehtimal yaradır. Olsun ki, həyatına bir az nizam gəldikdən sonra, yaxud ömrünün son illərində öz yazdıqlarını səf-nəzər edincə bu fikrə gəlib. 

Dostoyevski Dostoyevskidir, adı dünyanın ən çox oxuduğu yazıçıların   ön   sıralarında   gəlir   və   bəlkə   də,   oxucu   onun   kimi düşünmür,   “nə   yaxşı   ki   Dostoyevskinin   pozmağa   vaxtı,   macalı olmayıb” deyə düşünür... 

Eldə bir söz var: “Yanlış da bir çeşnidir. Bu öz yerində. Mənim bir iş yoldaşım vardı, irihəcmli əsərlərdən söz düşərkən deyirdi, (indi adını çəkməyim) filan Xalq yazıçısı qəhrəmanını ata mindirmək üçün 40 səhifə yazıb... Bax bu yerdə yazıçının özünün qıymamazlıq   edib,   pozmadığı   yerləri   redaktorunun   pozmaq yetkisi, nüfuzu olmalıdır. Həcm məsələsi daha çox qonorarla bağlı məsələ kimi gəlir mənə. Bir də nəsihətnamələrdə detallara varma ola bilər. Bizim çağımızda uzun-uzadı yazmağa nə hacət?.. Uzun yazmamısansa, uzun-uzadı pozmağa da ehtiyac olmayacaq, elə deyilmi?   Uzunçuluq   bir   təfəkkür   “hadisə”si   olaraq   pozmaqla düzələsidirmi, bilmirəm, çünki o kökündən ədəbi-bədii pozuculuq aktıdır... Uzunçuluq barəsində düşünərkən ağlıma həmişə Türküstanlı böyük filosof, bilgin Farabinin “Uzun danışanı qısa dinləmək lazımdır” fikri gəlir... Bundan artıq yoruma gərək yox…

 

- Söz nədir, poeziya nədir, şair şəxsiyyəti nədir?  Niyə hər şair həm də şəxsiyyət ola bilmir?

 

- Dünya şairlərinin Baş komandanı NİZAMİ necə deyirdi? –

“Dünya   yaranan   gündən   qələmin   ilkin   sözü   - 

Varlıq səhifəsində sözün özüdür, özü. 

Açılanda   varlığın   sirli   pərdəsi   əzəl,

Söz   oldu   bu,   cahanda   cilvələnən   ilk   gözəl.

Ürək   sözə   dil   açdı,   dedi   ki:   "Ver   mənə   can", 

Yoxsa,   yolmu   tapardı   bu   cansız   bədənə   can?! 

Yer   üzünə   incini   sözlə   saçıbdır   qələm,

Kainatın   gözünü   sözlə   açıbdır   qələm.

Dünyaya   sözdü   şərəf,   gör   ki,   nədir   qiyməti,

Danışmaqla,   yazmaqla   itməz   qədir-qiyməti.

Söz   eşqin   lüğətində   öz   canımızdır   bizim,

Biz - sözük, görkəmimiz - eyvanımızdır bizim”.

 

NİZAMİnin mövzusuna müraciət edib, ondan geri qalmayan söz söyləmiş başqa bir dühamız FÜZULİ nə deyirdi? – 

“Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz, 

Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz”. 

Füzulinin bu beyitlə başlayan ünlü “Söz” qəzəli, elə sözün poetik tərifi, açması, izahı deyilmi?.. 

Füzuli həm də sözün canı olduğunu deyirdi. Görün necə gözəli ifadə edir, 

“Can sözdür, əgər bilirsə insan, Sözdür ki, deyirlər özgədir can”.

Sözü   yaradıb, yaşatmağı böyük örnəklərini dühalarımız bacarıb... 

Şah babamız Xətaisə belə deyirdi:

“Sözünü bir söyləyənin

Sözünü edər sağ bir söz.

Pir nəfəsin dinləyəninY

üzünü edər ağ bir söz.

 

Söz vardır kəsdirər başı,

Söz vardır kəsər savaşı.

Söz vardır ağulu aşı

Bal ilən edər yağ bir söz”.

 

Şeirə gəldikdə isə... ədəbiyyat şeirlə başlayıb. Ədəbiyyatı biz söz sənəti olaraq   öyrənmişik,   bilmişik.  Yəhya   Kamal   Bəyatlı   şeir haqqında   “Bildiyimiz   musiqidən   fərqli   bir   musiqi”   cümləsini qurmuşdu; Cahit Sıtqı Tarançı isə şeiri “sözlərlə gözəl şəkillər yaratmaq sənəti” olaraq, yenə qardaş ölkənin ünlü klassiklərindən Nəcib Fazıl Qısakürək şeiri “Mütləq həqiqəti axtarış işidir” deyə tərif   etmişdi.   Bizim   şeir   dediyimizə   yunanlar   poeziya   deyib. Yunanlar bu qavramla nəyi ifadə edirdi? – “Dilin anlam, səs, ritm elementlərini bəlli nizam içində istifadə” poeziya adlandırılırdı. 

Uzun sözün qısası, poeziya hər hansı bir hadisəni, yaxud fikri adilikdən sıyrılmış bir şəkildə ifadə etmə sənətidir. İndi özünüz təsəvvür edin, klassiklərin, bilginlərin sözə, şeirə belə yüksək qiymət, dəyər, tərif verdikləri halda, şairin şəxsiyyəti necə olmalıdır? Şair iki cüt, bir tək sözü bəlli qayda-qanunla yazan adam ola   bilməz, təbii.   Şair   ayrı   bir   adam   növü   deyil,   irq   deyil,   əksinə ayırmayan, bölməyən, birləşdirən hadisədir. Şairə hadisə deməyim   söz   tapmamaqdan   deyil,   illa   belə   yaraşdığını düşündüyümdəndir.   XX   yüzildə   bizdə   ümumxalq   məhəbbəti qazanmış bəlli şair obrazları olub: Cavid Əfəndi, Səməd Vurğun və b. XX yüzilin sonu, XXI yüzilin başlarında çağdaşımız Zəlimxan Yaqub (əlbəttə, yalnız o deyil, bir neçə başqa şairimiz də) öz şair obrazı ilə meydanlarda və könüllərdə oldu. Bu adları birləşdirən ən ümumi cəhətlər,  amillər nələrdir? - Əlləri,  könülləri və  qapıları açıq olmaq! Şair xeyirxah deyilsə, o, öz şair şəxsiyyətini yalnız istedadla doğrulda bilməz... 

 

- Latın Amerikası yazıçısı Varqas Lyosa yazır ki, ədəbiyyat gerçək  həyatdan daxilən narazı  olmağın   məhsuludur.   Bu  fikrə sizin münasibətiniz necədir?

 

- Sözün,   poeziyanın,   şairin   haqqında   bir   öncəki   sualda danışdıqlarımız, elə ümumən ədəbiyyat haqqında və bu sualınızın cavabı   olaraq   da   keçərli   sözlər   misalındadır.   Əgər   hər   şey qaydasında,   nizamındadırsa,   daha   onda   niyə   yazasan   ki?  Yazsan   da,   tərənnüm   olacaq.   Tərənnüm   də,   gözəlləmə   də ədəbiyyat   aktıdır,  ancaq   özləm,   özündə,   toplumda,   dünyada çatışmazlıqlar,   əlçatmazlıqlar,   ünyetməzliklər,   gözgörməzliklər olmasa, şairin təbi coşarmı, yazıçının əli qələm axtararmı heç?.. Dinc dövrlər üçün digər yaradıcılıq sahələri daha təsirli olar bilər, özəlliklə, təsvirçilər. Və ən təlatümlü dönəmsə insanın öz içindəki təlatümdür...    

 

- Puşkin öz əsərləri barədə belə demişdir: “Yazdıqlarımın bəzisi bir töhmət kimi vicdanımı sıxır”. Sizin necə, nə vaxtsa yazdığınız belə əsər varmı? Ümumiyyətlə, elə əsəriniz varmı ki, ondan imtina etmək istərdiniz?

 

- Vicdanıma ləkə sürəcək yazım yoxdur, şükür Tanrıya. Vurğun demiş: “Vicdan dedikləri bir həqiqətdir, Beşiyi, məzarı əbədiyyətdir”... Bilirsiz,   bizim   ədəbi   yaradıcılığa   başladığımız   90-cı   illər imperiyanın dağılması, totalitar rejimin süqutu illərinə dəng gəldi. Sovetlər   dağıldı   və   Tanrı   bizi   ürəyimiz   istəməyəni   yazmaq əzabından,   yaxud   soyuq   Sibirdə   zindan   küncündən   qurtarmış oldu... İnşallah, sağ əlimiz Güneyli şairlərimizin başına...  

 

- Geniş auditoriya qarşısında ilk dəfə şeir oxuduğunuz vaxtı necə xatırlayırsınız?

 

-Geniş auditoriya qarşısında şeir oxuduğum ilk günü bu dəm yadıma sala bilmirəm, doğrusu... Ölkə içində və qardaş ölkələrdə fərqli   auditoriyalar   qarşısında   dəfələrlə   şeirlər   oxumuşam.   Ən həyəcanlı günlərimdən biri Ərbildə - II Türkman Qurultayında çıxış edərkən   olub.   Bu  yanılmıramsa,   2000-ci   ildə   olub.   Bilirsiz, kilometrlərlə uzaqda, başqa ölkədə sənin dilində danışan, eynən sənin kimi bir topluluqla rastlaşırsan   və üstəlik, dünyanın dörd tərəfinə səpələnmiş İraqlı  soydaşlarının  Qurultayında sənə   söz verirlər,   “Azərbaycandan gəlmiş”  - deyə   təqdim   edirlər... Həyəcanlanmamaq əldə deyil. Doğrudur, o tədbir ədəbi tədbir, o çıxış   da   şeir-sənətlə   bağlı   deyildi,   ancaq   həyəcan   nitqimə, duyğularıma,   sözlərimə   elə   yüklənmişdi,   ictimai-siyasi   məzmun orda tam bir poetik ricət qazanmışdı... Yeri   gəlmişkən,   bizlər   əlimizi   İraqlı   qardaş-bacılarımıza   daha qüvvətli şəkildə uzatmalı, onları əsla unutmamalıyıq.   

 

- Dəfələrlə şahidi olmuşdum ki, Xalq şairi Zəlimxan Yaqubdan yaradıcılıq   planları   haqqında   soruşanda   deyirdi   ki,   mən   planla işləmirəm. İlahidən nə gəlir, onu da yazıram, qarşıma məqsəd qoymuram ki, sabah bu mövzuda, o biri gün başqa mövzuda əsər yazacam. Ancaq elə şair və yazıçılar da olur ki, hətta bir neçə il öncə üçün yaradıcılıq planları barədə proqnoz verir. Yaradıcılıq və plan – bu iki məfhuma bir yerdə necə baxırsınız? Ümumiyyətlə, bu cür planla yazanlara, hətta bir neçə il sonra üçün də plan-proqnoz verən yaradıcı adamlara münasibətiniz necədir?

 

- Rəhmətlik   Zəlimxan   müəllimin   sözünün   qüvvəti   akademik Nizami Cəfərov da deyir, “Mən epos təfəkkürlü insanam, planla iş görmürəm,   qarşıma   nə   iş   çıxır   onunla   məşğul   oluram”.   “Epos təfəkkürü”   sözündən   çox   xoşum   gəlir   və   yeri   gəldikcə çıxışlarımda, yazılarımda işlədirəm. Mən Xalq şairimizin də, Millət vəkili, akademikimizin də fikrinə şərikəm. Bizim həyat tərzimiz genetik kodlarımızdan xali deyil. Olsun ki, burada yaddaş qatlarımızdakı   fəthlər   suxuru,   uzaq   səfərlər   özləmi,   yurda  “ruh bədənə qayıdan kimi” qayıtmaq sevdası da təsirsiz ötüşməyib. Bizim plansızlığımız başı soyuqluq deyil, öz yoluna, öz könlünə, öz vicdanına   güvəndir   və   ən   əsası   kainatın   ruhuna,   Tanrının nəzərinə inamın təntənəsidir!   

 

- Dünya şöhrətli yazıçı Çingiz Aytmatov yazırdı: “Bəzən bir adamın şəxsi  taleyi, ondan çıxarılan nəticənin qiyməti o qədər yüksək, əhatə dairəsi o qədər geniş olur ki, bir adamın başına gələnləri o dövrdə yaşayan bütün adamlara, hətta ondan çox-çox sonralar dünyaya gələnlərə də şamil eləyə bilirsən”. Bu mənada Əkbər Qoşalının taleyi  necədir?

 

-Ustad   necə   də   doğru   deyib!   Bax bu, yaddaş   suxurlaşması, düşüncənin landşaftı, fikrin relyefi haqqında eşitdiklərimizin böyük qırğız yazıçısının   sözləri   ilə də  təsbit   olunmasıdır.   Şair,  yazıçı yalnız özünü   ifadə etmir,   yaddaşındakıları da  təcalla  etdirir   və Çingiz ağanın verdiyi qiymətə uyğun qələm adamları da artıq özü bir istinadgaha çevrilir. 

Qaldı ki, mən öz taleyim haqqında nə deyə bilərəm? Bir şeyin ki adı tale ola, o bizim öz əlimizdədirmi? Üstəlik, epos təfəkküründən danışdıq   bayaq.   Bu   suallara   cavab   axtarışları   bir   qədər ədəbiyyatdan kənara - dinə, təriqətə gedib çıxır. Məsələn, bir İslam bilgini, bir ruhani tale ilə bağlı sualın cavabını “Ayətul kürsü” ilə gözəl bir şəkildə yorumlaya bilər, hər şeyin Yaradanın hökmündə olduğunu açıqlaya bilər: “Onun kürsüsü göyləri və yeri əhatə etmişdir”... Və yalnız o, “zülmətdən çıxardıb işığa tərəf yönəldər”...    

 

- Nyuton deyirdi:  “Mənim   başqalarından uzaq  görməyimin səbəbi nəhənglərin çiynində dayanmağım olmuşdur”. Bəs Sizin bu   qədər   şöhrət   tapmağınızın,   bütün   Türk   dünyasında sevilməyinizin səbəbi nədədir? 

 

-Belə   dəyərləndirmə   sizin   könlünüzün   gözəlliyidir,   siz   elə görürsüz, sağ olun! Türk dünyasında tanınır olmaq şərəflidir, əlbəttə, şərəli olduğu qədər də   məsuliyyətlidir.   Əgər   bir   balaca   tanınmışlıq,   şöhrət varsa, o, plan-proqramla olmayıb, bayaq danışdığımız kimi, epos təfəkkürü   ilə   çalışmağımızın   sonucunda   belə   alınıb.   Tanrı utandırmasın!  

 

- Şöhrətli adamların şöhrətinə müvafiq gələn daha çox nədir: dərd, yoxsa sevinc? 

 

- Şöhrətdə   nə   dərd,   nə   sevinc   axtarmayaq, məncə.   Şöhrət   universal kateqoriyadır.   Bilirsiz,   elə   elmi   kəşflər   olur,   onun   nəticəsi bəşəriyyətə  fəlakət gətirir,   hansı   ki o  kəşfi   edən  alimin niyyəti fəlakət olmayıb əsla.   Tanrı   o cür  fəlakətli elmi kəşfi niyyətli   birinə verməzdi,   yəqin.   Yəni   həmin   elmi   kəşfdən   sui-istifadə   edilib. Örnəyi,   bir   elmi   yenilik   atom   elektrik   stansiyası   yerinə atom bombasına dönüşdürülüb... Şöhrət də belə həssas kateqoriyadır, o şöhrəti sənə şöhrət qazandıran nəsnələrə, yaradıcılığa, sənətə yatırım   etsən,   əladır;   amma   “bir   addım   o   yana”sından Tanrı qorusun!

 

- Başdan-başa   fikir,   düşüncə   olan   dünyadan   baş   açmaq asandırmı?

 

-  Bir şərqidə necə deyilir? - “Dünya köhnə  dünyadır, Sevgiləri təzədir”...   Dünyadan   baş   açmaq   sürəci   min   illərdir   sürür,   hələ neçə açılmamış səhifə, əl yetməmiş qat durur... Kainatın sirrinə tam vaqif olmaq insanoğluna qismət olacaqmı, bilmirəm. Ancaq insanoğlunun yaradılışdan fitrəti belədir: aramaq, axtarmaq... Aşıq Veysəl demiş “Uzun, incə bir yoldayıq, Yürüyürük gündüz-gecə”... 

 

- Xalq şairi Zəlimxan Yaqub şeirlərinin birində yazır ki:

Kim gədədi gədəsindən danışar,

Kim dədədi dədəsindən danışar.

Dünənindən, sabahından xəbərsiz,

Öz vaxtından, vədəsindən danışar.

Siz necə düşünürsünüz, dünyada gədələr çoxdur, yoxsa dədələr?

 

- Bu misralar dilimin əzbəridir. Ustadın   bu   dördlüyünü   aforizm   kimi tez-tez işlədirəm.   O   qədər   çox   ehtiyac   olur   ki   bu   sözün energetikasına... Keşkə də, dədələr çox olsaydı... 

 

- Etiraf sizin üçün nə deməkdir? İndiyədək etiraf etdiyiniz anlar olubmu? Bu 50 illik ömrünüzdə nəyi etiraf edərdiniz? İnsan daha çox hansı halda və nəyi mütləq etiraf etməlidir?

 

-   Etirafı   ayıb   saymıram,   uduzmazlıq   saymıram,   tam   tərsinə nəciblik əlaməti kimi dəyərləndirirəm. Əlbəttə, özümün də etiraflarım olub; mənə etiraf edənlər də olub. Həssas mövzuların öz zamanı, zamanların da öz mövzuları, etirafları var; bir də “Hər sözün öz adamı,   hər   adamın  öz   sözü   var”   olduğuna   inansaq,   etirafı   da etiraf   qanana   etməlisən.   Bir   adam   ki   o   etirafı   əlinə-üzünə bulaşdıracaq, o heç etirafa layiq deyil...

 

- Siz   çox   dinamik   bir   adamsınız.   Demək   olar   ki,   hər   gün müxtəlif   görüşlərdə,   yubiley     və   digər   tədbirlərdə   iştirak   edir, müxtəlif mətbuat orqanlarında, az qala, hər gün aktual mövzularda məqalələrinizi   oxuyuruq.   Bütün   bunlardan   sonra   mütaliəyə   və yaradıcılığa necə vaxt çatdırırsınız? Ümumiyyətlə, vaxt sizin üçün nə deməkdir? 

 

-Vaxtın   tərifindəki   iqtisadi   amili   daha   çox   ifadə   edən   “Vaxt qızıldır” deyimini xatırlatmaq istərdim. Əlbəttə, vaxt qızıldır, amma bizim yanaşmamızda iqtisadi xarakter, maddi-məzmun  nəzərdə tutulmur; “keşkələr”imiz nəzərdə tutulur – bunu vaxtında oxuya bilsəydim,   onu   ürəyim   istəyəndə   görə   bilsəydim,   ora   istədiyim vaxt gedə bilsəydim, bu mövzunu işləyə, kitabını yaza bilsəydim və s... Bəlkə,   qıraqdan   elə   görünür   ki,   mən   vaxtı   çox   yaxşı bölüşdürürəm, hər şeyə vaxt tapıram, nə bilim... QABİL deyirdi, “Gedən yerim olaydı...” Mən də deyirəm ki, Tanrı günaha yazmasın,“Gedən vaxtım olaydı”...  

 

- N.F.Qısakürək belə bir fikir söyləmişdir: “Cəmiyyət öz daxili dünyasında yatır, amma yuxusunu şairlər görür, yozur”. Bu gün bizim cəmiyyətin yuxusunu hansı səmtə yozmaq olar?

 

-Toplumumuzun yuxusunu xeyrə yozuram. Ustad necə deyirdi? -

Yeni düzən, yeni mizan qurandı,

İlk andımız, son andımız Turandı,

Soraq verən Peyğəmbərdi, “Quran”dı,

Nə yozulsa, xeyrə yozum olacaq,

Bu gün-sabah dünya bizim olacaq!

 

Qovuşacaq bölünənlər, bölgələr,

Nurlanacaq qaranlıqlar, kölgələr,

Dinlənəcək Oğuzxanlar, Bilgələr,

Türkə səcdə, Türkə təzim olacaq,

Bu gün-sabah dünya bizim olacaq!

Ustadın ruhu şad olsun, onun bu iki bəndi də sualınıza cavab olsun! 

 

- P.Neruda  yazır: “İlhama bu qədər bel bağlamaq olmazmış. Məni zorla görünən cığırlarla ancaq şüur irəli aparmalıdır”. Siz necə   düşünürsünüz, yaradıcı adam  üçün   təkcə ilham yetərlidirmi?

 

-Tam   bu   sualın   cavabı   olmasa   da,   söz,   poeziya,   şair   taleyi haqqında danışarkən, elə bilirəm, bu sualı da bir xeyli əhatə etmiş olduq.   Pablo   Nerudanın   öz   sözləri   ilə   desək,   “Əbədi   küləklər məmləkəti”nin   şairi   doğru   deyir:   şüursuz   ilham,   ilhamsız   şüur bütövlüyü təcalla etdirə bilməz. Bunun biri olmadan o biri yetim qalar.   Zatən   şüursuz   birini   ilhamın   necə   qanadlandırdığını təsəvvür etmək çətindir... Biz övliya deyilik, peyğəmbər deyilik ki vəhylə   hərəkət   edək.   Əsl   şairlər   haqqında   adətən   vergili   sözü işləndiyini bilirik; ancaq vergili şair kimi tanıdığımız hansı şairimiz anlaqsız   olub   ki?..   Şairin   təzadları,   dilemmaları,   suallarının cavablarını üstələdiyi anlar olur – ayrı-ayrı şeirlərdə bunu görürük; ancaq o məqamlardan qurtulan, cavab bulan da elə yenə şairin özü olur...   

 

- Çingiz Aytmatovun belə bir fikri var: “Bu cavanlara yazığım gəlir. Onlar öz insanlıq sirlərinə necə yetə biləcəklər ki, onların heç   birinin   heç   olmasa   xəyalən   Tanrı   olmaq   dərəcəsinə yüksəlmək üçün heç bir imkanları yoxdur”. Siz necə düşünürsünüz?

 

-Çingiz   Aytmatovun   ruhu   şad   olsun,   onun   yaşı,   təcrübəsi   və dünyagörüşü “Tanrı olmaq dərəcəsinə yüksəlmək” kimi bir cümlə qurmağa əsas verirmiş. Elə bilirəm, “Bizə şah damarımızdan daha yaxın olan” Tanrını unutmamaq uğurlu əsər yaratmaq üçün inamlı və imanlı bir əsasdır. Siz xəyalən belə təsəvvür edin, Çingiz ağanın bu iddialı cümləsini   NİZAMİ,   NƏVAİ,   FÜZULİ   cavablandırası   olsa,   necə cavab   verərdi   –   daha   doğrusu,   sualın   qoyuluşundan   razı qalardımı? Ancaq bizim keçmişdə öyrəndiklərimizdən çıxış etsək, NƏSİMİ belə bir sualı əməlli-başlı cavablandırardı. Di gəl gör, son illər   NƏSİMİ   ilə   bağlı   yeni  araşdırmalar,   onun  əsərlərinin   yeni yorumları NƏSİMİni də, belə möhtəməl suallara cavabda NİZAMİ-FÜZULİ xəttinə aparıb çıxarır... 

Hər birinin ruhuna alqış!

 

- Ömrün 50 ilini tamamlamaq həm   də bir növ cəmiyyət qarşısında, doğmaların və əzizlərin qarşısında   hesabat məqamıdır. Əkbər Qoşalı   arxada qoyduğu bu 50 il barədə hesabat kimi qısaca olaraq nələri çatdırmaq istəyərdi?

 

-  Qəliz sualdır (gülür). Təkrarçılıq   eləmək  istəmirəm –söhbətmizin gedişində bu barədə bir az danışdım. Daha nələri demək olar? Vətənim, dövlətim, ulusum qarşısında alnıaçığam, şükür  Tanrıma!  Hər   hansı  bir əməli çalışma sahəsinin mənsubu üçün bu ən yaxşı ömür-gün açıqlaması sayılar, yəqin. 

Qələm  adamı  üçün   “nə   yaratmısan?”  sualı  da  var,  təbii. Yazdıqlarımı hansısa özəlliyə görə fərqləndirmək istəməzdim – onların hamısı mənimçün əzizdir; ancaq illa fərqləndirmək lazım olsa, “Dərvişin nağılı”, “Çobanbayatı” poemalarım yaradıcı ömrü fotə vermədiyimin, qələmi boşuna   qaldırmadığımın isbatı ola bilər... 

Salam-sayğılar, əfəndim.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Çərşənbə axşamı, 19 Sentyabr 2023 10:15

Türk xalqları mədəniyyəti - Özbək Ədəbiyyatı

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Türkdilli tayfalar arasında özünün tarix və mədəniyyətinin fərqliliyi, zənginliyinə görə seçilən xalqlardan biri də özbəklərdir. Özbək ədəbiyyatı çoxəsrlik bir tarixə malikdir. 

 

Türk xalqlarından olduqca məşhur bu xalqın ədəbiyyatı tarixən nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın və Orta Şərqin bir sıra ərazilərində yerləşən xalqların ədəbiyyatına əhəmiyyətli təsir göstərə bilmişdir. Orta əsrlərin ilk başlanğıcından özbək ədəbiyyatı həm dil, həm də mövzu baxımından yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 

Çağdaş Özbək ədəbiyyatının tarixi inkişafı şifahi və yazılı mənbələrlə araşdırılıb öyrənilir. Eradan qabaq VII əsrdə yaranan Alp Ər Tunqa dastanı və XI əsrdə Kaşqarlı Mahmudun yaratdığı lüğətlə Orxon abidələri bütövlükdə Türk dilləri və ədəbiyyatlarının özülü sayılan əsərlərdir. Özbək ədəbiyyatının qədim dövrü də bu əsərlər əsasında araşdırılır. 

 

Müasir özbək ədəbiyyatı 

 

Müasir özbək ədəbiyyatı dörd böyük mərhələyə bölünür: 

1.1917-1929-cu illәr Oktyabr siyasi çevrilişi vә vәtәndaş müharibәsi dövrlәri özbәk әdәbiyyatı. 

2.1929-1941-ci illәr sosialist cәmiyyәti quruculuğu dövrü özbәk әdәbiyyatı. 

3.1941-1956-cı illәr Vәtәn müharibәsi vә müharibәdәn sonrakı quruculuq illәri özbәk әdәbiyyatı. 

4.1956-1991-ci illәr yeni dövr özbәk әdәbiyyatı. 

Müasir özbək ədəbiyyatı irsvarislik ənənəsinə sadiq qalaraq milli, vətənpərvər, eyni zamanda beynəlmiləl bir yolla inkişaf etmişdir. Bu ədəbiyyat H.Niyazi, A.Qədiri, Çolpan, M.Aybək, Abdulla Qəhhar, Ş.Rəşidov, M.Şeyxzadə, Mirtemir, Uyğun, Səid Əhməd, Zülfiyyə, A.Yaqubov, E.Vahidov, A.Arifov, H.Xudayberdiyeva və onlarla digər sənətkarların simasında yüksək yaradıcılıq nümunəsinə çevrilmiş və çevrilməkdə davam edir.

 

Özbək xanlıqları dövrü və ədəbiyyatı 

 

XVII və XIX əsrlər arasındaki çağa Özbәk xanlıqları dövrü әdәbiyyatı deyilir. Bu çağda Xivə, Buxara və Xokand xanlıqları arasındaki çəkişmələr səbəbiylə yüksək səviyyəli əsərlər yaradıla bilməyib. Xivə mühiti Əbülqazi Bahadır Xan, Andəlib, Nişati kimilərini yetirib. Buxara bölgəsi isə “Aciz” təxəllüssüylə şeirlər yazan Əmir Abdullah Xan, babası Əmir Heydər Xan, Turdi Fəraqi kimilərini yetirib. Xokand mühiti də Ömər Xan, Fəzli, Nadirə Bəgüm, Dilşad Bərna kimi şairləri yetişdirib.  

 

Cədid ədəbiyyatı 

Cədidçilik (Yenilik) Dövrü 1900-cü illərdə Özbək ictimai həyatında yaranan yeniliklər ədəbiyyata da təsir edib. Bu dövrün başlanmasında İsmayıl Qaspıralının “Tәrcüman” qəzeti vasitəsilə yaydığı fikirləri və fəaliyyətləri öz təsirini bağışlayıb. Qaspıralının 1893-cü ildə Buxaraya gedərək Buxara əmiri ilə görüş keçirməsi və “Üsulu Cәdid” məktəbini orda açması Cədidçiliyin Türküstanda sürətlə yayılmasında əsas amilə çevrilib. 

Bu dövrün öncüllərindən biri Səmərqəndli Mahmudxoca Behbudidir. Həm din adamı, həm müəllim, həm də ədəbiyyatçı olan Behbudi Özbək dramaturgiyasının və teatrının banisidir. 

 

Özbək nümayəndələri

 

Mahmudxoca Behbudinin yaradıcılığı 

 

Özbək ədəbiyyatının Yenilik dövrün öncüllərindən biri Səmərqəndli Mahmudxoca Behbudidir. Həm din adamı, həm müəllim, həm də ədəbiyyatçı olan Behbudi Özbək dramaturgiyasının və teatrının banisidir. Onun tamaşaları Özbəkistanda yeni bir atmosfer yaradıb və gənc ədəbiyyatçılara ilham mənbəyi olub. Yazdığı yüzlərlə məqalədə insan hüquqları, azadlıq, vətən sevgisi kimi ümdələr birinci plana çıxarılıb. 

 

Abdulla Qədirinin yaradıcılığı 

 

Özbək romanının yaranmasının banisi Abdulla Qadiridir. 1894-cü il tarixində Daşkənddə bağbançılıqla məşğul olan bir ailənin evladı kimi dünyaya gəlib. Ailəsi yoxsul olduğundan ancaq 9-10 yaşlarında məktəbə gedib, güzəranları yaxşı olmadığından 12 yaşına kimi təhsilinə fasilə verərək bir tacirin yanında xidmətçi kimi işləməyə başlayıb. Bu tacir ticari fəaliyyətlərini artırmaq məqsədilə Rus dilini oxuyub-yazan birinə ehtiyac duyduğundan Abdulla Qadirini Məhəlli Rus Məktəbində oxudub. Tatarların 46 buraxdığı qəzetləri oxuyub, dükana gəlib-gedən yazıçı və şairlərlə tanışıb. 1915-ci ildə mədrəsədə təhsil alaraq Ərəb və Fars dillərini də öyrənib. Moskvaya gedərək qəzetçilik, çapçılıq sahəsindəki təcrübələrini artırmaq məqsədi ilə həm araşdırmalar aparıb, həm də məqalələrini yazıb. Bu arada Muştum (Yumruq) adlı satira jurnalını təsis edib. 1922-ci ildən etibarən silsilə şəklində çap olunan Utkan Kunlar (Keçmiş Günlәr) adlı romanını təkrar nəzərdən keçirərək 1926-cı ildə kitab şəklində çap etdirib. 31 Dekabr 1937-ci ildə tutulub İnqilabçı, millətçi, Milli Birlik Təşkilatının üzvü, anti kommunist fəaliyyətlər yeritmək kimi böhtanlarla ittiham edilib. Doqquz ay aramsız şəkildə edilən işgəncələrə dözə bilmiyərək bu ittihamları qəbul etsə də Milli Birlik Təşkilatına əsla üzv olmadığını vurğulayıb. 4 Oktyabr 1938- ci ildə Daşkənddə gizlicə güllələnərək qətlə yetirilib. 

 

Əbdülhəmid Çolpanın yaradıcılığının yaradıcılığı 

 

Müasir özbək ədəbiyyatının ilk böyük nümayəndəsi hesab olunan, böyük şair, istedadlı nasir və dramaturq kimi tanınan sənətkarlardan biri Çolpandır. Əbdülhəmid Süleyman oğlu Çolpan 1897-ci ildə Əndəlican şəhərində anadan olmuşdur. Çolpan onun tәxәllüsüdür. Mənası dan ulduzu deməkdir. Çolpan bədii yaradıcılığa 1913-cü ildə, yəni 16 yaşında ikən başlamışdır. Bu illərdə şairin yazdığı şeirlərin böyük əksəriyyəti maarifçi ideyaların təbliği baxımından xüsusi olaraq seçilirdi. Çolpan bu illərdə paralel olaraq hekayə və oçerklər də qələmə almışdır. Yaradıcılığının başlanğıc dövründə yazdığı şeir, hekayə və oçerkləri “Fәrqanәnin sәsi", "Türküstanın sәsi", "Türküstan vilayәtinin qәzeti", "Ayna", "Şura" qəzet və jurnallarda çap olunmuşdur. Çolpanın "Oyanış" (1922), "Bulaqlar" (1924), "Dan sirlәri" (1926), "Söz" (1925) adlı şeir kitabları şairin milli düşüncə və təəssübkeşliyini əks etdirmək nöqteyi-nəzərindən diqqəti daha çox cəlb edir. Colpan şair, nasir və dramaturq olmaqla yanaşı, həm də ədəbi-tənqidi məqalələri və orijinal tərcümələri ilə də tanınmış sənətkarlardandır. 1913-cü ildə yaradıcılığa başlayan Çolpan şeirlərində əsasən maarifçilik görüşləri üstünlük təşkil edirdi. 

 

Maqsud Şeyxzadənin yaradıcılığı 

 

Maqsud Şeyxzadə 1908-ci ildə Azərbaycanın Ağdaş şəhərində dünyaya gəlib. Şair, Bakıda müəllim məktəbində təhsil aldıqdan sonra bir müddət Dağıstanda müəllim işləyib. Bu zaman ərzində Ağdaş şəhər qəzetində Dağıstan Məktubları adlı silsilə məqalələrini çap etdirib. Ona ad qazandıran isə Nəriman Haqqında Xalq Nağılları adlı mənzum hekayəsi olub. On Şeir adıyla ilk kitabı 1930-cu ildə çap olunub. 1933-cü ildə Undaşlarım, 1934-də Üçüncü Kitab, bir il sonra Cümhuriyyәt adlı əsərləri çap olunub. İkinci Dünya Müharibəsi illərində milli duyğularla dolu vətən yönümlü şeirlər yazıb. 1957-ci ildə Daşkәndnamә adlı mənzum hekayəsi çap olunub. Bu hekayəsində Özbəkistan Türkcəsindəki deyimlər, atalar sözləri və digər şifahi ədəbiyyat örnəklərindən uğurla istifadə edib. Cəlaliddin Məngüberdi, Mirza Uluğbek adlı tamaşa əsərləri də vardır. Cəlaliddin Məngüberdi adlı tarixi-romantik tragediyasında Türküstan Türklərinin Monqol işğalçılarına qarşı nümayiş etdirdiyi qəhrəmanlıq dilə gətirilib. Mirza Uluğbek adlı tamaşasında isə adil bir padşah, Türk dünyasının nəhəng astronomiya alimi Uluğ Bəyin həyatı və cəhalətə qarşı yeritdiyi mübarizə, Əli Quşçu, Səkkaki, Əbdürrəzzaq Səmərqəndi, Xoca Əhrar, Gəvşər Şad Bəgim, Əbdüllətif kimi tarixi şəxsiyyətlər təsvir edilib. 

 

Tahir Kahharın yaradıcılığı 

 

“Özbәk şairi Tahir Kahharın sәnәtinin bәdii xüsusiyyәtlәri” adlı məqalədə türk dünyasının məşhur adı, alim, tərcüməçi, özbək şairi Tahir Kahharın sənətinin bədii xüsusiyyətləri, Azərbaycan ədəbiyyatından etdiyi tərcümələr transformasiya olunub. tədqiqat obyektinə daxil edilir.  Araşdırmanın nəticəsi ümumən şairin sənəti və fəaliyyəti baxımından türk dünyasına misilsiz xidmətləri baxımından qiymətləndirilir.  Görünən odur ki, özbək xalqının azad şüurlu şairi özbək milli poeziya ənənələrini mövzu, forma və məzmun baxımından qoruyub saxlayaraq milli adət-ənənələrə sadiq qalaraq gələcək nəsillərə çatdırmışdır.  Müəllif Azərbaycan dilindən tərcümələrin seçimində də milli məsələlərə toxunmuş, bununla da bədii münasibətlərə yeni metafora yeritmişdir.  Məqalənin yazılması zamanı şairin şəxsi arxivindən daha çox şairin sənətinə aid sənədlər götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Çərşənbə axşamı, 19 Sentyabr 2023 10:00

Skautlarımız Küveyt forumunda iştirak edirlər

Dünya Skaut Hərəkatı Təşkilatının (World Organization of the Scout Movement) və Küveyt Oğlan Skaut Assosiasiyasının təşkilatçılığı ilə 16-22 sentyabr 2023-cü il tarixlərində “Rəqəmsal Transformasiya üçün Gənclər Forumu” (“The International Scout Youth Forum For Digital Transformation”) adlı forum Küveyt Dövlətinin paytaxtı Əl-Küveyt şəhərində öz işinə başlayıb.

 

Əksər hissəsi ərəb regionundan olan ölkələrin iştirak etdiyi mötəbər tədbirdə ölkəmizi Azərbaycan Skautlar Assosiasiyasının Baş katibi Ülvi Məmmədov və rəsmi sayt inzibatçısı İslam Şükürov təmsil edirlər.

 

“Ədəbiyyat və incəsənət” portalı Ülvi Məmmədova istinadən xəbər verir ki, 22 sentyabr 2023-cü il tarixinədək davam edəcək forum Ərəb Planlaşdırma İnstitutunda baş tutur. Mövzu üzrə rəqəmsal  transformasiya, süni intellekt, skautinqin siyasətləri və digər başlıqlarda çıxış edən mühazirəçilər Dünya Skaut Hərəkatı Təşkilatının və Ərəb Planlaşdırma İnstitutunun təlimçiləridir.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Çərşənbə axşamı, 19 Sentyabr 2023 09:30

Qızıl Alma

Yunus Oğuz yazır

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı-publisist Yunus Oğuzun “Qızıl Alma” adlı essesini təqdim edir

 

Dostum Azər Turanın 60 illiyinə

 

Uşaq vaxtı yuxularında "Qızıl Alma" görərdi. Amma anlamını başa düşməzdi. O zaman o qədər nağıllar, dastanlar oxumuşdu ki, elə bilirdi ona buta veriblər. Həvəslə daha çox oxuyardı. Oxuduqca oxuyardı. Bir gün atası İmamverdi kişidən soruşdu ki, yuxularımda "Qızıl Alma" görürəm, bu nə deməkdir? El arasında çox tanınan, ziyalı mövqeyi olan İmamverdi müəllim xəfifcə gülümsədi, amma cavab verdi ki, belə şeyləri bilmək sənin üçün tezdir, sən oxumağını, yazmağını davam et. Mənə verdiyin sualın cavabını sətirlərin arasında tapacaqsan. 

 

Sovetlər Birliyinin qılıncının dalı da, qabağı da kəsən bir zamanda ən gözəl cavab bu idi. 
Atasının bu cavabı ona bəs etdi. Oxuduqca sətirlərin arasını oxuyurdu, yazdıqca əsərlərində, məqalələrində çox az adamın başa düşdüyü sətiraltı mənaları qeyd edirdi. Nədən yazırdısa son nöqtədə "Turana - Qızıl Alma"ya gəlib dayanırdı. İçindəki o yanğını söndürə bilmirdi, yazdıqca yazırdı. Tilsim içində tilsimə düşmüşdü. Bir tilsimi açırdı, o biri tilsim qarşısına çıxırdı. Dözürdü, səbri daş deşirdi, ancaq usanmırdı, yorulmurdu. Toz basmış, Kremlin bizə unutdurmağa çalışdığı şəxsiyyətləri tədqiq edirdi, yazırdı, arxivlərdən çıxmırdı. Heç kimə fikir vermədən atasının nəsihət etdiyini dərk edirdi. 
Kimləri o tədqiq etmirdi. Türk dünyasının fikir babalarını oxuyurdu, yazırdı. Başa düşürdü ki, sovetlər bu dahiləri onlardan niyə gizlədib.
Mahmud Qaşqarlı, Əhməd Yəsəvi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Nihat Atsız, Zəki Vəlidi Toğan, Bəkir Çobanzadə, Çingiz Aytmatov və onlarla dühalar onun tədqiqat obyektinə çevrildilər.
Bir gün anladı ki, fikir babalarını bir yerə yığanda "Qızıl Alma-Turan" eyləyir. "Turan", "Qızıl Alma" elə onun butası imiş.
Başa düşürdü ki, ideya və hədəf olmazsa, ən müasir silahlarla silahlanmış əsgər müharibədə yenə uduzacaq, çünki, o bilməyəcək nəyin uğrunda vuruşur, döyüşür. İçi boş olan əsgərin qabağında durmağa nə var ki? Əsgərə hədəf göstər, durmadan döyüşəcək, vuruşacaq. Həm də ideya və hədəf cəmiyyətin bütün təbəqələrini bir araya gətirib xalq edəcək. Xalqı isə Orduya çevirəcək. O qələmilə savaşırdı, onu süngüyə çevirdi. Onun qələmi hədəf göstərirdi. Qızıl Alma-Turan. İnanırdı ki, ideya minlərlə insanın beyninə hopandan sonra bu xalqı heç kim dayandıra bilməz. Əvvəlcə ideyanı mənimsətdirmək, sonra hədəfi göstərmək. O belə də edirdi.
Otuzuncu illərdə düşünən beyinləri sovet rejimi məhv etdikcə "Qızıl Alma" haqqında fikirləşən ziyalılar sürətlə azalırdı. Bilənlərin də bəziləri susmağa üstünlük verirdilər. Sovet maşını bu ideyalardan kənarda özünün yeni hədəflərinə xidmət edən insanlar yetişdirirdi. Qorxu ilə, pul ilə, ənamlarla, şirnikləndirməklə bu insanlar cəmiyyətin pərdə arxasında yatıb qalan hədəflərini gizlətməyə çalışırdılar. Çox zaman da buna nail olurdular. Cəmiyyət öz tarixini öyrənmək belə istəmirdi, çünki ta uşaqlıqdan beyinlər yuyulurdu, "sovet vətəndaşı" deyilən bir məfhum ortalığa atılırdı.
Amma, cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi fikir babalarımızın da bizə miras qoyduğu ideya və hədəflər çox tezliklə ziyalılarımız arasında sürətlə yayılmağa başladı. İdeya daşıyıcısı kimi Azər Turan da genetik, qan yaddaşa söykənən hədəfləri cəmiyyətə göstərdi.
Onlarla kitab yazdı: "Əbədi Turan", "Əzəl-axır Türk dünyası", "Qafqaz İslam Ordusu Muğanda, "Hüseyn Cavid", "Əli bəy Hüseynzadə Turan" (Q.Paşayevlə bir yerdə), "Milli məfkurənin atası", "İrfan çobanı", "Cavidnamə" və başqa əsərlər onun qələmindən çıxdı. Əsas elmi tədqiqatları iki fikir babasını daha çox əhatə edirdi: Əli bəy Hüseynzadə, Hüseyn Cavid.
Hüseyn Cavidin ailəsinin faciəsini özünün, xalqın faciəsi kimi qəbul edirdi. Cavidin oğlu Ərtoğrulun ölümünü sovet maşınına bağışlamadı, ondan yazdı, ailə faciəsini teatrda tamaşaya qoydu.
Kövrək hislərini elə qələmə aldı ki, sanki Ərtoğrul doğma qardaşı idi. Belə də olmalı idi, çünki o fikir babası Hüseyn Cavidin oğlu idi. Münbit şərait olsa idi, Ərtoğrul da atası kimi Turan ideyasının daşıyıcısı olacaqdı. Sədd heyf!
Hüseyn Cavidin qızı Turanla ana-bala idilər. Onun dediklərini, söylədiklərini, xatirələrini qələmə alırdı. Sonradan bu xatirələr kitab halında nəşr olundu. Onun butası gercəkləşir. Türk dövlətlərinin təşkilatı yarandı, iqtisadi fəaliyyətin adı "Turan" qoyuldu. O hədəfləri görür, yazır, yenə yazır. Qarşıda görülməli işlər çoxdur. Uzun illər dilimizi ayıran kəslərə tutarlı cavab olaraq ortaq dilimiz formalaşmalı, tariximiz yenidən yazılmalı, ədəbiyyatımız və incəsənətimiz bütöv hala gətirilməlidir. Bu elə Qızıl Almadır. Azər Turan da sevinir ki, ömrünün bu çağında, sovetlərin ona unutdura bilmədiyi ideya həyata keçir, addım-addım hədəfə doğru gedirik. Hədəfimiz Qızıl Almadır. Ziya Gökalpın "Qızıl Alma" əsərində yazdığı kimi:
Vətən, nə Türkiyə, nə türkiyəlilər, nə Türküstan 
Vətən, böyük məbud ölkədir... Turan Qızıl Alma - Azər Turan.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Azərbaycanın mətbəx mədəniyyəti İsveçrədəki “Lauz'One” multikultural festivalında təqdim olunub. Lozanna şəhərinin mərkəzində keçirilən ənənəvi mətbəx şousunda Azərbaycan stendinin yaradılması “L’Heritage” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşəbbüsü ilə baş tutub.

 

AzərTAC xəbər verir ki, Cenevrə şəhərində bir neçə il öncə fəaliyyətə başlayan, Azərbaycanın zəngin mədəni irsinin təbliği ilə məşğul olan Assosiasiyanın növbəti uğurlu tədbiri festivalda böyük maraqla qarşılanıb.

 

Dünyada ən maraqlı kulinariya təcrübələrinin sərgiləndiyi festivalda Serbiya, Kolumbiya, Monqolustan, Eritreya və s. ölkələrin özəl təamları ilə bir cərgədə Azərbaycanın milli yeməkləri və incə zövqlə hazırlanmış desertləri “PHS Group”un təqdimatında nümayiş olunub. 2011-ci ildən ADEM-də Azərbaycan rəqslərinin tədrisi ilə məşğul olan Mariya Xan-Xoyskaya Martignolinin parlaq milli rəqsləri ilə müşayiət edilən Azərbaycan stendi ətrafına xeyli tamaşaçı toplayıb, “Sarı gəlin” və “Yüz biri” kompozisiyaları alqışlarla qarşılanıb.

 

Festivalın fəxri qonaqları, diplomatik heyət, tədbirdə təmsil edilmiş ölkələrin nümayəndələri, yerli sakinlər azərbaycanlıların performanslarını yüksək dəyərləndirərək, mətbəx sənətinin bir mədəniyyət haqqında dolğun təəssürat yaratdığını xüsusi vurğulayıblar.

 

Lozanna festivalının əlvan rənglərinə Azərbaycanın təkrarsız çalarlarını qatan “L’Heritage” Mədəniyyət Assosiasiyasının layihələrinin isə əhatə dairəsi getdikcə genişlənməkdədir. Azərbaycanın milli, klassik və müasir musiqisini, istedadlı imzalarını, sənətkarlarını dünyaya tanıtmaq məqsədi ilə keçirilən konsertlərin, sərgilərin təşkilində əsas hədəf – son illər diqqət mərkəzində olan Cənubi Qafqazın ən qüdrətli ölkəsi haqqında doğru-dürüst informasiya yaymaq, sülhsevən, tolerant və dünyəvi dəyərlərə söykənən bir xalqla bağlı dolğun fikir formalaşdırmaqdır.

 

Assosiasiyanın təmsilçiləri eyni hədəfə köklənmiş tədbirlərin dünya və Azərbaycan arasında etibarlı körpü yaradacağına, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar arasında birliyin möhkəmlənməsinə xidmət edəcəyinə əmindirlər.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

 

Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikovun 90 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Azərbaycanın musiqi ictimaiyyətini təbrik edib.

 

AzərTAC xəbər verir ki, məktubda deyilir: “Bu mədəniyyət bayramı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir. Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir. Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi xüsusiyyətidir. Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırmışdır. Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baletidir. XX əsr dünya balet musiqisinin incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş “Məhəbbət əfsanəsi” baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək, müəllifə dünya şöhrəti qazandırmışdır. Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur. Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaqdır”.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

 

Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda qərar 2023-cü ilin 18 sentyabr tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında qəbul edilib.

 

AzərTAC xəbər verir ki, Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan nominasiyaya əsasən Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.

UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. Əks etdirdiyi ümumbəşəri dəyərlər nəzərə alınmaqla, unikallığı ilə seçilən bu zəngin irs “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya sənədi 2021-ci ildə Ümumdünya İrs Komitəsinə təqdim edilib.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev nominasiya sənədini dəstəkləyən hər kəsə təşəkkürünü bildirib, bu sənəddəki köç yolunun nümunəvi tarixi-iqtisadi model kimi təkcə Azərbaycanın deyil, bütün dünya irsinin nadir nümunələrindən olduğunu qeyd edib.

Fuad Nağıyev ölkəmizin maddi və qeyri-maddi irsinin qorunub saxlanması sahəsinə göstərilən daimi diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edərək məhz bu dəstək sayəsində Xınalıq və Köç yolu ənənələrinin Ümumdünya İrs Ərazisinə salınmasının mümkün olduğunu bildirib.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən İrs Ərazisi 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar (45 min hektara yaxın) İrs Ərazisindən və müvafiq olaraq 109392,78 hektar (109 min hektardan çox) Bufer Zonadan ibarət olan böyük bir mədəni landşaftı əhatə edir.

Dünya İrs Siyahısına salınmış ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, müqəddəs yerlər, pirlər, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.

İlk dəfə olaraq tamamilə milli ekspertlər tərəfindən hazırlanan “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya Dünya İrsinin 3-cü (ııı) və 5-ci (v) meyarları ilə qeydə alınıb. 3-cü meyar Xınalıq icmasının tarixən köçəri heyvandarlıqla məşğul olduğu vertikal köçəri mədəniyyətinin, 5-ci meyar isə insan-təbiət əlaqələrinin tarazlığı, çətin iqlim şəraitində eko-sosial münasibətlər sisteminin inkişafı və təbiət resurslarından dayanıqlı istifadənin müstəsna nümunəsi kimi təqdim olunub.

Azərbaycanın mədəni irsi üçün əhəmiyyətini, köç yolunun yerləşdiyi ərazinin qorunması, vahid idarəetmə modelinin yaradılması və burada məsuliyyətli turizmin inkişaf etdirilməsi məqsədilə 4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb.

Beləliklə, “Xınalıq və Köç yolu” Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən dördüncü mədəni irs ərazisi oldu. Bundan əvvəl Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də Ümumdünya İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, bir gün öncə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Hirkan meşələri Azərbaycanın ilk təbiət irsi ərazisi olaraq UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

 

17 sentyabr tarixində Sabunçu Gənclər Evinin təşkilati dəstəyi ilə "Azərbaycan Oxucuları" Kitab Klubunun #yazarlarımızıtanıyaq rubrikası çərçivəsində Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, yazıçı Varis və fəlsəfə üzrə fəlsəfə doktoru, yazıçı Adəm İsmayıl Bakuvi ilə görüşü baş tutdu.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “İki yazarın iki sevgi romanından keçən minlərlə tale" adı altında baş tutan görüşdə Varisin "Qırmızı ləçəklər", Adəm İsmayıl Bakuvinin isə "Eşq mələyi" romanlarında kəsişən müxtəlif həyat hekayələrindən bəhs olundu. 

Əsas mövzu başlığı "sevgi" olan əsərlərdə yazıçılar həqiqi, saf məhəbbətin insanların taleyinə necə təsir etməsindən, onların xoşbəxtlik və bədbəxtliyinin qaynaqlandığı məsələlər ətrafında həm söhbət etdilər, həm də oxucuların suallarını cavablandırdılar. 

Görüşün sonunda hər iki yazıçı oxucular üçün kitablarını imzaladılar, onlarla xatirə fotoları çəkdirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Bəli, gün ərzində paylaşılan yazıların bir neçəsi Milli Musiqi Günü ilə, Üzeyir bəylə bağlıdır. Bu gün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 138-ci ildönümü tamam olur və 18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Elə bu gün Heydər Əliyev Fondu və Mədəniyət Nazirliyi bu münasibətlə 15-ci Beynəlxalq Musiqi Festivalına start verib. 

 

Və bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.

Bu il 15-ci dəfə təşkil olunacaq bu beynəlxalq musiqi festivalının zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Belə ki, sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Miçiqan Universitetinin (ABŞ) professoru İqor Fedotovun ustad dərsi təşkil olunacaq. Sentyabrın 21-də isə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gürcüstanlı pianoçu Eliso Bolkvadzenin konserti keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində Fransadan festivala qatılan “Quatuor Diotima” simli kvartetinin konserti sentyabrın 25-də gerçəkləşəcək. Azərbaycan Dövlət Akademik Filarmoniyasında sentyabrın 26-da Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri sinqapurlu dirijor Anq Darrellin rəhbərliyi ilə çıxış edəcək. Musiqi bayramının bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri xarici qonaqlarla birgə festivalın final notlarını səsləndirəcək. Konsertdə pult arxasında dirijor Valentin Egel (Almaniya), solistlər isə Chloe Kiffer (violin, Fransa) Henri Demarquette (cello, Fransa) və Aleksandr Mutuzkin (piano, ABŞ) olacaq.

Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 111 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.

Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.

Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi qazandıqdan sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.

Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salaraq, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb, yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.