Super User
“CinemaPlus” kinoteatrlar şəbəkəsində Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediyası nümayiş olunacaq
Bu gün “Ganjlik Mall” ticarət mərkəzində yerləşən "CinemaPlus” kinoteatrında tanınmış rejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev və "Həyat, deyəsən, gözəldir” filminin aktyorlarının iştirakı ilə qala gecəsi keçirilməlidir.
Sentyabrın 21-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçılar Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediyasına Azərbaycan dilində baxa biləcəklər.
Ekran əsəri Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.
Film beynəlxalq miqyasda ilk dəfə 2022-ci il noyabrın 4-də “Korkut Ata” türk dünyası kinofestivalında nümayiş olunub, burada Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyasında mükafata layiq görülüb.
“Həyat, deyəsən, gözəldir” filmi Azərbaycan torpaqlarının 30 illik erməni işğalı dövrü və Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən bəhs edir. Süjetin mərkəzində Azərbaycan Ordusunun əks-hücumundan sonra vəlvələyə düşən erməni əsgərlərinin arasında olan və əsir düşən iki erməni qardaşdır. Onların sonrakı taleyi tragikomediya janrında təqdim olunub və bu ekran əsərinin leytmotivini təşkil edir.
Filmin ssenari müəllifi Vaqif Mustafayevdir. Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Qiorqi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və digərləri çəkilib.
Filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.
Biletləri www.cinemaplus.az saytında, “Ganjlik Mall” kinoteatrının kassalarında və “CinemaPlus” mobil tətbiq vasitəsilə əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
Şahbaz Xuduoğlu: “Bu ilin ən uğurlu layihələrindən biri “90 dəqiqə” layihəsidir”-MÜSAHİBƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Növbəti müsahibimiz naşir, tərcüməçi, yazar, “Qanun” nəşriyyatının direktoru, həmçinin Elmar Hüseynov fondunun həmtəsisçisi və “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğludur. Onunla həmsöhbət olduğumuz müddətdə kitablarla bağlı bəzi nüanslara toxunduq.
-Şahbaz bəy, “Qanun” nəşriyyatında oxucular üçün ən son hansı yeni əsərlər çap olunub?
-Əslində, “Qanun” nəşriyyatında hər gün yeni bir kitab çap olunur, amma bu ilin ən uğurlu layihələrindən biri “90 dəqiqə” layihəsidir. Bu, məsələn, "Sokratla 90 dəqiqə", "Platonla 90 dəqiqə", bütün fikir dühaları ilə belə 90 dəqiqə kitablarıdır. Mən fikirləşirəm ki, bunlar bizim üçün çox vacib kitablardır və onları nəşr etmişik, davam edirik onların nəşrinə. Sonra, təhsil üzrə ən böyük alim, pedaqoq hesab olunan Ken Robinsonun məktəb təhsili ilə bağlı bir neçə kitabını nəşr etmişik, məncə, onlar da çox faydalıdır. Yəni, digər kitablar da var, dediyim kimi, hər gün biz yeni kitab nəşr edirik. Qanun.az saytına baxanda da bunu asanlıqla görmək mümkündür.
-Bir naşir olaraq nəşr edəcəyiniz əsərləri hansı xüsusiyyətlərinə əsasən seçirsiniz ?
-Mən ilk növbədə kitabları araşdırıram, onlar haqqında məlumat alıram. O kitablardan bəzilərini oxuyuram, bəzilərini tam, bəzilərindən bir parça oxuyuram və yaxud da rəylər oxuyuram və qət edəndə ki, bunu Azərbaycan dilinə çevirmək lazımdır, o zaman onu çeviriyə ötürürəm və Azərbaycan dilinə çevrilir. Mən bilirəm ki, deyək ki, özünüinkişaf, biznes kitabları mütləq bizə lazımdır. Detektivlər çox oxunur, sanballı romanlar lazımdır, onları nəşr edirik, yəni çalışıram ki, Azərbaycan oxucularının tələbatını da nəzərə alım kitab seçərkən.
-Günümüzdə oxucular daha çox hansı mövzulu əsərlərə maraq göstərirlər?
-Daha çox detektivlər, özünüinkişaf kitabları, bir də ki, əlbəttə, dramlar oxunur. Paulo Koelyo, Mark Levi, Sesilya Ahern, Sarah Dio, Xalid Hüseyni, Elif Şafak - bu yazarların romanları illərdir çox oxunmaqda davam edir.
-Oxucuların kitablara olan marağı sizi nə dərəcədə qane edir?
-Əslində, köhnə ilə müqayisədə əlbəttə ki, tamamilə mümkündür demək ki, indi kitaba maraq xeyli artıb. Və bu maraq dayanmadan artmaqda davam edir. Məsələn, əminəm ki, gələn il bu ildən daha yaxşı olacaq. Necə ki, bu il köhnə ildən daha yaxşı idi. Yəni ilbəil oxucuların sayı azalmır, əksinə artır.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
İtaliya saytları dahi bəstəkar Üzeyir Hacıbəylidən yazıb
İtaliyanın kütləvi informasiya vasitələrində Azərbaycan professional musiqi sənətinin və milli opera məktəbinin banisi Üzeyir Hacıbəyli haqqında məqalələr dərc olunub.
AzərTAC xəbər verir ki, “Agenzia Nova” informasiya agentliyində və “Kmetro0” portalında yayımlanan yazılarda sentyabrın 18-nin Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar gün olduğu bildirilir. Qeyd olunur ki, dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəyli məhz 1885-ci il sentyabrın 18-də Qarabağda, hazırda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada anadan olub. Şərq və Qərb musiqisinin özünəməxsus və cəsarətli sintezi sayəsində Üzeyir Hacıbəyli milli musiqi mədəniyyətinə yenilik gətirib, onu daim yeniləyib və müasir zövqə uyğunlaşdırıb. O, təkcə Azərbaycanda deyil, Şərqdə opera janrının banisi olub və İslam dünyasında ilk müsəlman operasını yaradıb, Azərbaycan Dövlət Konservatoriyasını təsis edib. Üzeyir Hacıbəyli 1918-ci ildə Azərbaycanın Dövlət Himnini bəstələyib, sovet dövründə Azərbaycan SSR-in yeni himninin sözlərini və musiqisini yazıb.
Yazılarda, həmçinin diqqətə çatdırılır ki, 1995-ci ildən etibarən hər il Azərbaycanda Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr Milli Musiqi Günü kimi qeyd edilir. 2009-cu ildən isə sentyabr ayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, eləcə də müxtəlif tədbirlər və mərasimlər keçirilir. On gün ərzində müxtəlif şəhərlərdə keçirilən festivalda müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə konsertlər, ustad dərsləri və konfranslar təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
Qəhrəmanlarımızı tanıyaq - “Polad idi axı adı. Polad güllə keçirməz.."
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
"Sağlığında qiymət verin insanlara"-, deyirdi şair, fəqət biz nə cəmmiyyət, nə millət, nə də ümumilikdə bəşəriyyət olaraq təəssüfki hələ də, bunu bacarmırıq.
Necə ki, onu da şəhid olandan sonra tanıyıb-tanıtdıq. Necə ki, onun da vətənini, millətini, vətənin əsgər övladını necə sevdiyindən, ona necə qayğıyla yanşdığından, necə xeyirxah bir şəxsiyyət olduğundan şəhadətindən sonra xəbər tutduq.
Polad İsmayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ (Qutqaşen) rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Elə həmin il Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb, burada yaşamağa başlayırlar.
Orta təhsilini Sumqayıt şəhərində alan Polad Həşimov 1992-ci ildə orta məktəbi bitirib məzun olur və sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verir. 1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə Qəbul olan Polad Həşimov 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirmiş, 2014-cü ilin iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və 2016-cı ildə "Hərbi idarəetmə" üzrə magistr dərəcəsi almışdır.
1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində "Güzgü", "Koroğlu" və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşmışdır. Həmin ildə o, Müdafiə Nazirliyi tərəfindən İstanbulun Tuzla ilçəsində yerləşən Piyada Məktəbində üç aylıq təlimlərə göndərilmişdir.
Birinci Qarabağ müharibəsinin bitməsindən sonra Polad Həşimov daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət etmişdir. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin Murovdağ silsiləsində olan hərbi hissələrində xidmət etmişdir. Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışmışdır.
Polad Həşimov 28 yaşı olanda "mayor" hərbi rütbəsi almışdır və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
6 il sonra isə Polad Həşimov "polkovnik-leytenant" hərbi rütbəsi almışdır və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. 2013-cü ildə komandiri olduğu hərbi hissələrin birində baş vermiş əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı rütbəsi alınaraq "mayor"a endirilmişdir. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi idi. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi
Azərbaycan Ordusu tərəfindən işğaldan azad olnumuşdur.
Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdir. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır.
Polad Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi vəzifəsində çalışırdı.
2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilmişdir. Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olmuşdur.
2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur.
Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan respublikası prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Polad Həşimov 2003-cü ildə ailə həyatı qurub və üç övladı var.
Şəhidimizin anası müsahibələrinin birində Polad Həşimov haqqında danışarkən: " Mən kabinet generalı yox, səngər generalı yetişdirmişdim. Polad kabinet generalı deyildi, səngər generalıydı."-, söyləyir.
Doğrudan da əsgərlərinin Polad Həşimov haqqında söylədiklərini oxuyanda biz onun həqiqətən də necə cəsur və eyni zamanda da, necə humanist bir insan olduğuna şahid oluruq.
Nicat Həşimzadə:
“Yatmağa yerimiz yox idi. Daha doğrusu bərbad halda idi. Göy rəngli palatkaları birləşdirib özümüzə yer düzəltmişdik. Bir dəfə dəhşətli küləkdən dam başımıza uçdu. Sonra gözlənilmədən dağda kazarma tikintisi başladı. Elə bildik ki, nazirlik bizim üçün kazarma tikir. Ancaq kazarmanı hərbi hissə komandiri Polad Həşimov öz hesabına tikdirdi. Öz evi olmayan komandirimiz bizim üçün ev düzəldirdi.
Bizim komandirimiz Polad Həşimov dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı. (vacib bir postu azad etmişdi).
Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda, o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin vaxt polkovnik idi. İndi Azərbaycan sizsiz, komandir”.
Seymur Kazımov:
"General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi. Cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı.
Ünsiyyətimiz çox olub, amma 2 dəfə cəzasına da məruz qalmışam - bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.
2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdı futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyi tapşırdı. 10 dəqiqədən sonra əlində bu xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.
Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın...
2018-ci ildə Talışdakı "Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.
Təşəkkür edirəm, 2006-ci ildəki mayor, 2020-ci ildəki general-mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!”.
Ramazan Səmədov:
“2010-2011-ci illərdə komandirim olmuş Polad Həşimovun xatirəsinə…
Yanvar ayı idi, qar dizə çatırdı. Hərbi hissəyə çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların çoxdur, bilirəm, amma ən yaxın dostun mənəm burada.
Tez-tez çağırırdı yanına. Dərdləşirdik, söhbət eləyirdik. Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur, vətənini sevən bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına fikir verirdi. Tualetimizə kimi öz hesabına təmir elətdirirdi. O vaxtki rəhbərliyin yardımını gözləmirdi.
Briqada qarşısında həmişə mikrofonsuz, əsl natiq kimi danışardı. Ən savadsız insan belə onun nə demək istədiyini anlayırdı. Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.
Briqadanın həyətində erməni traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi. Traktorun arxa şüşəsində gullə yerləri var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru. Polad idi axı adı. Polad güllə keçirməz…
Vüqar Ədilov:
“Əsgərliyimin ilk günləri Ramazan ayına təsadüf etmişdi. 2 gün idi ki gizlincə oruc tuturdum. Namaz qılmağıma icazə alsam da, oruc tutmağıma icazə almağa çəkinmişdim, düşünmüşdüm ki, icazə verməzlər.
2-ci günün axşamı təcili olaraq şəxsi heyəti düzdülər. Bölük komandirimiz içəri girdi və soruşdu: "İçərinizdə neçə nəfər oruc tutur?".
Heç kim dillənmədi. Əslində məndən başqa oruc tutan yox idi. Yanımdaki əsgər yoldaşım dedi “niyə səsini çıxarmırsan?”. Xahiş etdim ki, deməsin. O da yazığı gəlmişdi, nə idisə, dedi “yoldaş kapitan, Ədilov orucludur”.
Komandir məni çıxardı ön cərgəyə, fikirləşdim indi dişinin dibindən çıxanı deyəcək. Amma əksi oldu. Tağım komandirlərinə tapşırıq verdi ki, oruc tutan əsgərlər bütün xidmətlərdən ayrılsın.
Təsəvvür edin Ramazan ayı boyunca rahat şəkildə orucumu tutub, namazımı qıldım.
Azərbaycan Ordusunda neçə belə hərbi hissə var???
Bəli, Cənab Şəhid Polad Həşimovun hərbi hissəsində xidmət etdiyim müddətcə əksər namaz vaxtlarım şəxsi heyətin düzülüş vaxtı ilə üst-üstə düşürdü. Ancaq heç vaxt buna görə mənə heç bir söz deyilməyib. Sözümün canı, Cənab Şəhidin rəhbərlik etdiyi hərbi hissədə bütünlüklə mənəvi ruh yüksəkliyi hökm sürürdü. Allah məqamını uca etsin”.
Və asanlıqla deyə bilərəm ki, Polad Həşimovu tanımaq istəyən bir insanın bu fikirlərə nəzər salması kifayətdir ki, onun necə uca bir şəxsiyyət olduğunu görsün.
İstifadə olunan mənbələr: az.m.wikipedia.org , Modern.az .
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
“Euronews” Azərbaycanın qayalı dağları və ucqar kəndləri barədə məqalə dərc edib
“Euronews” saytının italyan dili bölməsində Azərbaycanın qayalı dağları və ucqar kəndləri haqqında məqalə dərc olunub.
AzərTAC xəbər verir ki, yazıda adrenalin dolu gəzintiləri sevənlər, heyrətamiz mənzərələri görmək və macəra yaşamaq istəyənlər üçün 5 əsas istiqamət təqdim edilir.
Bildirilir ki, Azərbaycanda heyrətamiz mənzərələr, sıldırımlı qayalar və ucqar kəndləri arasında dünyanın ən möhtəşəm gəzinti yollarından bir çoxları var.
Vurğulanır ki, macərasevərlərə möhtəşəm mənzərələr arasında sehrli Qafqaz dağlarında, Quba rayonunun Qalaxudat kəndindən Azərbaycanın ən yüksəklikdə yerləşən kəndi olan Xınalığa 8 kilometrlik məsafədə gəzinti təklif olunur. Təxminən 3 saatlıq marşrutun əsas hissəsi Qızılqayanın solğun qayalıqlarına və yamyaşıl Qudyalçay vadisinə açılan geniş və düz yoldur.
Xınalığın Qafqaz regionunun ən qədim yaşayış məskənlərindən biri olduğu, buranın sakinlərinin əsrlər boyu öz dil və mədəniyyətlərini qoruyub saxladıqları bildirilir. Bildirilir ki, “Qədim memarlığın canlı muzeyi” kimi təsvir olunan Xınalığın sakinləri ənənəvi sənətkarlıqla - toxuculuq, dulusçuluq və xalçaçılıqla məşğul olurlar. Burada ənənəvi samovarda çay süfrəsi verən kiçik çayxana, yaşayış və yemək təklif edən qonaq evləri var.
İkinci istiqamət kimi Talış dağlarının qoynunda yerləşən Sım kəndindən eyniadlı şəlaləyə uzanan üç saatlıq və 6,5 kilometrlik yol təqdim olunur. Sım evlərin arasında minillik ağaclar və mamırlı qayalar olan, sakinlərinin arıçılıqla, tərəvəzçiliklə məşğul olduğu və mal-qara saxladığı kənddir. Buradan Hirkan Milli Parkından keçən marşrutla mandarin bağlarından uzanan yolla Xəzər dənizinə nəzər salmaq mümkündür.
Çıraqlıdan Cavadxana gedən 5,5 saatlıq və 13,9 kilometrlik yol isə Çıraqlı kəndindən, Gəncəçayın sahilində, Qoşqar dağının ətəklərindən başlayır. Marşrutun çox hissəsi ağaclar və bitki örtüyünün az olduğu torpaq və dağ yollarından keçir. Lakin ətrafda möhtəşəm zirvələri - Kəpəz, Qoşqar və Murov dağ silsiləsinin ecazkar mənzərələrindən həzz almaq olar. Cavadxan zirvəsində 1786-1804-cü illərdə hakimiyyətdə olmuş Gəncə xanlığının sonuncu xanı Cavad xanın abidəsi var.
Laza və Kuzun kəndləri arasında yaşıl dərələr və şəlalələrlən keçən 2,5 saatlıq və 6,5 kilometrlik yol isə növbəti istiqamətdir. Bu yol Qusar rayonunun iki qədim yaşayış məskənini birləşdirir. Qusarçay vadisində gəzinti zamanı sıldırımlı qayalara, şəlalələrə, meşələrə və başı qarlı dağlara heyran qalmamaq mümkün deyil. Yolboyu Qusarçay dərəsinə axan şəlalələrin valehedici mənzərəsindən həzz almaq olar.
Quba-Bakı magistralıilə qərbə, Altıağac dağ kəndinə doğru irəliləyərək, sürreal gözəlliklər vadisindən keçirsən. Hər iki tərəfdə psixodelik qırmızı, çəhrayı, narıncı və tabaşir zolaqları və burulğanları olan yuvarlanan təpələr var. Bildirilir ki, Azərbaycan üzrə ən çox satılan bələdçi kitablarının müəllifi britaniyalı səyahətçi Mark Elliott bu əraziyə “Candy Cane Mountains” adını verib. Möhtəşəm rənglərin süxurdakı dəmir birləşmələrinin tədricən eroziyaya məruz qalması ilə bağlı olduğu qeyd edilir.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
BİRİ İKİSİNDƏ - Nurlana İşığın “Burulğan” hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün növbəti dəfə Nəsr saatıdır, Nurlana İşığın “Burulğan” hekayəsinin təqdimatıdır.
İşıq tut ağacının altında oturmuşdu. Kürəyini də ağacın gövdəsinə söykəmişdi. Başının üstündəki yarpaqlar yelpik olub onu sərinlədirdi. Üçrəng pişik də böyründə qıvrılıb xumarlanırdı. İşıq bu gün həmişəkindən sevincli idi. Anası onu xeyli tərifləmişdi. O, anasına tut mürəbbəsi bişirməkdə yaxşıca kömək etmişdi. Birlikdə şipşirin bir gün keçirmişdilər. İndi yorulub lap əldən düşmüşdü.
İşıq tut çətirinin altında yenicə mürgü döyməyə başlamışdı ki, yarpaqların qəfil xışıltısına oyandı. Gözlərini açıb yerindən tərpənmədən diqqətlə ətrafa baxdı. Düz gözünün qabağında yaranan burulğanın özüylə birgə iki dənə qurumuş yarpağı süpürüb göyə sovurduğunu gördü. İşığın bundan çox xoşu gəldi. O istədi ki, yenə belə bir səhnə olsun, o da tamaşaya dursun. Ancaq pişiyin gözləri qorxudan böyümüşdü, tükləri biz-biz durmuşdu.
Ana təbiət elə bil İşığın ürəyini oxudu. Bir az ara verən sakitlikdən sonra sürətli külək daha güclü burulğan yaratdı. Pişik caynaqlarını ağacın cadar gövdəsinə keçirib onu qucaqladı. Göy üzündən xortuma bənzər qara bir bulud enib ağzını yer üzünə dirədi və ağaclardakı bütün yarpaqları göyə sovurdu. Külək elə sürətlə, elə hay-küylə əsirdi ki, ağaclar acıqlarından başlarını yelləyirdilər. Tutun budaqlarındakı meyvələr tappıltı ilə yerə tökülürdü. İşıq bilmirdi ki, hansı birini tutub saxlasın, qırmızı ətəyini açıb ora-bura qaçırdı. Tutlar onun başına, üzünə, kürəyinə – hər yerinə tökülürdü. Küləyin sürətinə gücü çatmayan İşığın qanı qaraldı. Həm də artıq ayaqları sözə baxmırdı. Küləyə qoşulub qaçırdılar. İşıq iki əlini ən yaxın budaqdan tutub müvazinətini saxlamaq istədi, ancaq burulğan altdan yuxarı hər şeyi necə sovurdusa, uşağın ayaqları torpaqdan ayrıldı, o sağa-sola yelləndi. Qasırğa bir az da hirsləndi, uşağın yapışdığı budağı möhkəm silkələməyə başladı.
İşıq acıqlandı:
– Qorxmuram səndən, nə qədər istəyirsən coş, burul, mənim tutduğum budaq səndən güclüdür. Bunu eşidən qasırğa kükrəyib ağacı kökündən tərpətdi. Ancaq ağac təmkinini pozmadı. O, İşığın qulağına əyilib pıçıldadı:
– Ayağını köklərimin üstündən ayırma. Onda qasırğanın bizə gücü çatmaz.
Balaca qızarmış barmaqlarıyla budaqdan yapışan İşıq var gücüylə ayaqlarını yerə basdı, ağacın kökünə qüvvət gəldi. Külək hər şeyi anlamışdı, o, sürətini azaltdı. Qasırğa isə yalnız özüylə yığdığı çör-çöpü apara bildi. Pişik heç nə olmamış kimi caynaqlarını ağacdan qoparıb yenə ağacın dibində xumarlanmağa başladı.
Ağac İşığa dedi: “Sağ ol ki, məni qoyub getmədin, köklərimi bapbalaca ayaqlarnla qorudun”.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
İçərişəhərdə fotoneqativlərin bərpası üzrə nəzəri-praktiki seminar təşkil olunub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Muzey Mərkəzinin fondlarından fotoların, foto və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılması üzrə nəzəri-praktiki seminar təşkil olunub. Qeyd edək ki, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəniyyətin qorunması” proqramı çərçivəsində elan etdiyi müsabiqədə Muzey Mərkəzi qalib gəldikdən sonra “Fotolarda canlanan tarix” adlı layihəyə başlanılıb.
Qoruq İdarəsindən verilən məlumata görə, bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Muzey Mərkəzinin fondundan XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə aid nadir fotoların və şüşə neqativlərin təmizlənməsi, bərpası və rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilməsi nəzərdə tutulur. Bərpa prosesi üçün Muzey Mərkəzi tərəfindən xüsusi avadanlıq alınmışdır, nadir fotoların bərpası üzrə Gürcüstan Milli Muzeyinin ekspertləri dəvət edilmişdir.
Seminar zamanı muzey və foto aləmində Azərbaycanda ilk dəfə olaraq foto artefaktların bərpası haqqında ətraflı əyani təqdimat olacaq və iştirakçılara fond nümunələri əsasında bərpa prosesi nümayiş olunacaq. Fondun fotoneqativləri arasında Bakının, Abşeron və Qarabağın abidələrinə aid unikal foto nüsxələr mühafizə edilməkdədir.
Seminar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gürcüstan Milli Muzeyinin ekspert və Almaniyanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
Milli Məclisin Mədəniyyət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib
Sentyabrın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı komitəyə istinadən xəbər verir ki, komitə sədri Qənirə Paşayeva sessiyanın başlaması münasibətilə təbriklərini çatdırıb, deputatlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Komitə sədri Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatı diqqətə çatdıraraq, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni separatçılarının əvvəlcədən quraşdırdıqları minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxdığını və mülki şəxslərin həlak olduğunu bildirib. O, Daxili Qoşunların hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçuların həlak olduğunu və yarandığını söyləyib. İclas iştirakçıları torpaqlarımızın bütövlüyü naminə həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Qənirə Paşayeva, əvvəlcə, 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib. Komitə sədri bildirib ki, hesabat dövründə komitədə 5 iclas və 2 dinləmə keçirilib. İclaslarda 8 məsələ, o cümlədən 5 qanun layihəsi müzakirə olunub. O, müzakirə olunan məsələlər arasında bəzi qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələrinin olduğunu, bununla yanaşı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin də nəzərdən keçirildiyini deyib.
Qənirə Paşayeva bildirib ki, ötən sessiyalar zamanı komitənin ünvanına daxil olmuş məktub, ərizə və şikayətlər baxılaraq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Vətəndaşlarla mütəmadı olaraq görüşlər keçirilib.
Komitə üzvləri Cavanşir Feyziyev və Əziz Ələkbərli ölkənin mədəniyyət həyatında baş verən hadisələrlə bağlı bəzi fikirlərini açıqlayıblar.
Sonra iclasda komitənin cari ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinə baxılıb. Qeyd olunub ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması, bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
Komitə sədrinin müavini Fazil Mustafa, komitə üzvü Nizami Cəfərov, deputat Razi Nurullayev mədəniyyət sahəsinin inkişafı, bu sahəyə aid qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qeyd və təkliflərini səsləndiriblər.
İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Mixail Zabelin də iştirak ediblər.
Müzakirələrin sonunda Mədəniyyət komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabatı məqbul hesab olunub, payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi təsdiq edilib.
Gündəliyin növbəti məsələsini - “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri bildirib ki, sənəddə uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur.
Qeyd edilib ki, layihəyə əsasən, “Mədəniyyət haqqında” qanuna yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. Əlavədə deyilir ki, qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.
Komitə üzvü Nizami Cəfərov bəzi qeydlərini bildirdikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda çıxış edən deputat Ülviyyə Həmzəyeva ölkədə mədəniyyət sahəsinin inkişafı istiqamətində atılan addımlardan, gələcəkdə nəzərdə tutulan tədbirlərdən danışıb.
İclasın sonunda Milli Məclisdə informasiya texnologiyalarının imkanlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə Parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsi tərəfindən hazırlanmış yeni mobil tətbiqin təqdimatı keçirilib. Yeni proqram təminatı barədə həmin şöbənin müdiri Şahin Həsənov məlumat verib.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
“Qoymayın düşmən tapdasın torpağımızı” - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Hə, tarixə qızıl hərflərlə adını yazdıran şanlı Azərbaycan!
Bir parça quru torpağı bizə vətən edən Fətəli xanlar, Nəriman, Yusif, Əhməd, Mikayıl və adını saymadığım neçə-neçə bəylər, Rəsulzadələr, Elçibəylər..
Mahnıda deyilir ki, əsgər vətən əmanəti, yurd əmanəti. Heç vaxt başa düşmədim bunu mən..
Əsgər vətənin bizə əmanəti idi, yoxsa bizləri vətən əsgərlərə tapşırmışdı..?
Vətən, məncə, bizi onlara, onları da bizə əmanət etmişdi, hər iki tərəf isə Allaha əmanət..
Qoruyun bizi, qoymayın düşmən tapdasın torpağımızı.
Qaytarın qız-gəlinlərin namusunu.
Qeyrətli oğullar əcdadlarının harayına yetib taxsınlar igidlik papaqlarını.
Qoy göy üzü mələklərə doysun.
Qoy bizim şəhidlərimiz olsun.
Bir gecədə əlli, qırx dörd gündə iki min yeddi yüz səksən dörd, min illər boyu milyon şəhid..
Neçə ailəyə od düşdü?
Neçə gənc tarixdən kəsilib cəbhəyə yollandı..?
Necə gənc cəbhədə tarix yazdı..?
Generala can fəda deyib neçə könüllü cəbhəyə atdı özünü..
Ana-nənələrimiz namazlarında dua etdi övladlar üçün..
Adını bilmədiyimiz Əhmədlər, Rəşadlar, Nurlanlar və neçə milyon yaralı ürəklər..
Onlar qorudular bizi, Onlar bayrağa, əmanətə sahib çıxdılar..
Ancaq biz..
Biz bacarmırıq yaralarımıza sahiblənməyi, köz bağlamamış unuduruq, unutdururlar..
Müharibənin ortasında şəhidin şəklini paylaşanlar torpaqlar geri alınanda nə şəhid anasının yaralı ürəyindən, nə şəhid övladının körpə gözlərindən utanmadan bayram edir, Qarabağ qana boyananda bayrağa bürünüb yatanlar bir yana olur, bayrağı çiynində gəzdirib pafoslu çıxış edənlər bir yana..
Hələ yeni ildə, Novruz bayramında da unutmuruq ki şəhid ailələrini..
Biraz sovqat yığıb paylaşırıq “şəhid ailəsinə dövlət sahib çıxır” deyərək..
Həmişəki kimi, məhəllədə nərd atan dayılar arasında qızğın müharibə gedir, Putini Paşinyana, Paşinyanı Trumpa qatıb söyür, sağçıları, solçuları, federalları, demokratları, liberalları tənqid edib çıxış yolu axtarırlar.
Kimisi deyir, kor siyasətə yem edilən avam xalqın zəif damarını tutub əllərində oynadırlar.
Kimisi Ukraynadan, Türkiyədən mədət umur.
Bəziləri deyir, imkan olan kimi qaçım bu xarabadan.
Bəziləri pafoslu çıxışlarında yaltaqlıq edib deyirlər, strategiya zəif olsaydı biz 50 yox 5000 şəhid verərdik, yəni rəqəmlərə baxın, halınıza şükr edin.
Bir şeyi bilirəm ki, bizlər Vətənpərvər deyilik.
Bizlər borcluyuq Vətənə.
*
Hamı hər şeyi danışacaq.
Elə mən də hamı kimi çox söz deyəcəm, araya zaman girəcək, yaralar köz bağlayan kimi yenə xatırlatma olacaq.
Mitinqlər, qarşıdurmalar, axmaq siyasi söhbətlər, partiyalararası münaqişələr…
Hələ çox söz danışılacaq.
Amma on milyon dəfə deyilən “Vətən sağ olsun” kəlməsi “kaş atam sağ olardı” deyən körpənin qarşısında aciz qalacaq.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)
“Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı olub
Sentyabrın 19-da Azərbaycan Aşıqlar Birliyində (AAB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı keçirilib.
Bu barədə Azərbaycan Aşıqlar Birliyi məlumat yayıb.
Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri giriş sözü ilə açaraq bu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, üç ay ərzində həyata keçirilən layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu və Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva layihə çərçivəsində görülən işləri yüksək dəyərləndirərək bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Sonra söz aşıqlara verilib. İfaları audiodiskdə yer almış aşıqlardan Nəbi Nağıyev, Roman Azaflı, Ruhiyyə Zəngilanlı, İmran Xəlilov, Ədalət Alməmmədov və Kərəm Təbrizoğlunun, eləcə də “Çeşmə” və “Misri” folklor qruplarının ifalarında Vətəni, ordumuzu və qələbəmizi tərənnüm edən aşıq havaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, layihənin rəhbəri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
“Ədəbiyyat və incəsənət”
(20.09.2023)