Super User

Super User

Cahangir Cahangirov adına Xora bədii rəhbər, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinə isə baş dirijor təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, təyinatlarla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmrlər imzalayıb.

 

Belə ki, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Təranə Yusifova 1968-ci il 5 dekabrda Sumqayıt şəhərində anadan olub. 1984–1988-ci illərdə S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin xor dirijorluğu ixtisası üzrə, 1988–1993-cü illərdə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Tarixi nəzəriyyə fakültəsinin xor dirijorluğu şöbəsində təhsil alıb.

1991-ci ildə indiki Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə başlayıb. Sumqayıt Musiqi Texnikumu, Şuşa Musiqi Kolleci və Şuşa Humanitar Kollecində müəllim işləyib. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında balaban ansamblında dirijor kimi fəaliyyət göstərib.

2018-ci ildə “Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Nazirin digər əmri ilə Mustafa Aşurov Beynəlxalq Muğam Mərkəzinin tabeliyindəki Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin baş dirijoru təyin olunub.

Mustafa Əhməd oğlu Aşurov 1991-ci il iyul ayının 31-də Qazax  rayonunda anadan olub. 2008-2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında (tar ifaçılığı) təhsil alıb. 2015-ci ildə Milli Konservatoriyanı dirijorluq ixtisası üzrə başa vurub. 

2007-ci ildə dövlət başçısının sərəncamı ilə adı Azərbaycan Respublikası Gənc istedadların "Qızıl kitabı"na yazılmaqla Prezident təqaüdünə layiq görülüb.

2003-cü ildən respublika və beynəlxalq əhəmiyyətli festival və müsabiqələrdə iştirak edib, mükafatlara layiq görülüb. 

M.Aşurov Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru  və baş müəllim vəzifələrində işləyib. Eyni zamanda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dirijoru kimi fəaliyyət göstərib. 

Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu ilin 31 oktyabr tarixində imzaladığı qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və C.Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Naxçıvanın baş meydanında, Heydər Əliyevin abidəsi önündə şəkilən bu fotoşəkil çox qiymətlidir.

 

Noyabrın 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festival-konqresin açıldı.

Ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara əsasən, Qərbi Azərbaycana qayıdışla bağlı görülən tədbirlərin davamı olan festival-konqresin bu istiqamətdə mühüm töhfə verəcəyi şəksizdir. 

Ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərs və seçmə fənlərin daxil edilməsi, eləcə də Qərbi Azərbaycan tarixinin araşdırılması baxımından sistemli tədqiqatların aparılması, elmi-tarixi əsərlərin yazılması zəruridir.

Bizi zor gücünə dədə-baba torpaqlarımızdan çıxaranlar haqq qarşısında cavab verməli olacaqlar. 

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

“Yaradıcı Həftə" çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “Cultech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları keçiriləcək.   

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “CulTech” hakatonu kreativ sektorda olan məsələlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən intensiv proqramdır. Müsabiqədə 48 saat müddətində komandalar mentor dəstəyi alacaq və öz yaradıcı və innovativ məhsullarının prototiplərini hazırlayacaqlar. Sonda hər bir komanda üç dəqiqə ərzində prototipi münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcək.

 

“CulTech” hakatonunda iştirak etmək üçün komanda şəklində müraciət olunmalıdır.

 

“GameTech” hakatonu zamanı iştirakçılar mentor dəstəyi alaraq öz yaradıcı və innovativ oyun layihələrini yaratmaq və nümayiş etdirmək üçün bir araya gələcəklər. 48 saat müddətində davam edəcək hakatonda oyun yaradıcılığı sahəsində fəaliyyət göstərən proqramçılar, dizaynerlər, rəssamlar, habelə bu sahədə həm təhsil alan tələbələr, həm də uzun illər fəaliyyət göstərən şirkətlərdə çalışan mütəxəssislər iştirak edəcək.

 

Dekabrın 3-də münsiflər heyətinin dəyərləndirməsinə əsasən qaliblər müəyyən ediləcək və onlara mükafatlar təqdim ediləcək.

 

Qeydiyyat üçün week.creative.az  səhifəsinə keçid edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılış mərasimi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

 

Tədbir dekabrın 1-də Nizami Kino Mərkəzində olacaq.

 

Festivala təqdim ediləcək mobil telefon vasitəsilə çəkilən filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və sonda qaliblər müəyyən olunacaq.

 

Festivalda iştirak şərtləri, filmlərə dair tələblər, mükafatlar və digər zəruri məlumatlar açılış mərasimində elan ediləcək, həmçinin festivalın rəsmi internet saytında cinemoff.com yayımlanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Noyabrın 23-də Tbilisidə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

 

AzərTAC xəbər verir ki, sərgidə Marneulidən olan rəssam Xəyalə Mustafayevanın Ulu Öndərə, Azərbaycana, Şuşa, Xarıbülbül və Xocalı soyqırımına həsr etdiyi və digər əsərləri nümayiş etdirilib.

 

Tədbirin təşkilatçılarından olan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov çıxış edərək bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın Ulu Öndər Heydər Əliyevə böyük və xüsusi sevgisi var. X.Mustafayevanın çəkdiyi rəsmlər həm Ulu Öndərə, həm də doğma Azərbaycana olan sevginin bariz nümunəsidir.

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında ölkələrimiz arasındakı dostluq münasibətlərindən, soydaşlarımızın, eləcə də gürcü xalqının Ulu Öndərə olan sevgisindən bəhs edib. Bildirib ki, sərgidə nümayiş etdirilən rəsm əsərlərinin - M.K. Atatürkün, Azərbaycan-Gürcüstan dostluğunun, Xocalı soyqırımının, Qarabağımızın, Xarıbülbülün, Şuşanın əsrarəngiz təbiətinin, Ulu Öndərin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrin, Ümummilli Liderin və onun siyasətini ləyaqətlə və uğurla davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin portretlərinin xüsusi ardıcıllıqla nümayiş etdirilməsi olduqca təqdirəlayiqdir.

 

Diplomat səfirliyin soydaşlarımıza hər zaman dəstək olduğunu və bundan əvvəl də rəssam X.Mustafayevanın sərgilərinə dəstək olduğunu qeyd edib.

 

Gürcüstanda səfərdə olan ADA Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva çıxışında X.Mustafayevanın yaradıcılığına münasibət bildirib, gənc rəssamın çəkdiyi əsərləri yüksək qiymətləndirib.

 

Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov Ulu Öndərin soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə məlumat verib. Rəssamın bu sərgisinin soydaşlarımızın Ümummilli Liderə olan sevgisinin bariz nümunəsi olduğunu vurğulayıb.

 

Rəssam X.Mustafayeva sərginin təşkilinə göstərilən dəstəyə görə, təşkilatçılara minnətdarlıq edib. Bildirib ki, bu əsərləri çəkməklə Ulu Öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına olan sevgisini göstərmək istəyib.

 

Sərgidə paytaxt Tbilisi ilə yanaşı Rustavi şəhərindən, Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarından ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Sərgidə rəssamın 30-dan əsəri nümayiş etdirilib.

 

Qeyd edək ki, sərgi qafqazturk.com portalının informasiya dəstəyi ilə reallaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin   şeirlərini təqdim edir. 

 

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub.  1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.

 

 

MƏNİMLƏ GƏL

 

Saçlarım çiyinlərindən tökülür

Və bu pəncərədən Şimal dənizinə qovuşur

Məndən uzaqlaşmağını istəmirəm

Rəmkədə keçən buludlarla gedəsən

Ya da mövsümün qanlı yarpaqlarının üstündə addımlayasan

Və ya qoca tısbağalar arasında

Özünə dalasan

Səsini içindən eşidirəm

Onun dinliyi yoxdur

Gəl olayların dibərdinə vuraq

Gəl suların üzündə əsək

Və Mərcan qayalarını dalğalara oyuncaq edək

Günəş nəhəng ağaclar səltənətini idarə edir

Və sən daxili duyğularının inqilabında boğulmaq istəyirsən?

İndi boğulmaq vaxtı deyil

Yerdəki canlılar arasında həyat hələ də davam edir

Mənimlə gəl

Tropik küləkləri izləyək

Və başqa yerə gedək.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Cümə, 24 Noyabr 2023 14:30

Sabah “Sənsiz” oynanılacaq

Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan “Sənsiz” tamaşası sabah və birigün - noyabrın 25-26-da Akademik Milli Dram Teatrında teatrsevərlərə təqdim ediləcək.

 

Şıxəli Qurbanovun eyniadlı dramı əsasında səhnələşdirilən əsərin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Tamaşada rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova ifa edəcəklər.

“Sənsiz” repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanların dramından bəhs edir.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Cümə, 24 Noyabr 2023 15:30

Heç nə ikinci dəfə təkrarlanmır

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

Cümə günü sizlərə lətifə yox, bir ibrətamiz pritça söyləyəcəyəm. Qəhrəmanımız bir qurbağadır. 

 

Bir gün qurbağa başı üstə yerə çırpılır. Nəticədə gözəl bir qıza çevrilir.

Bu metamarfozdan bərk sevinən qurbağa ikinci dəfə özünü başı üstə yerə çırpır. 

…Və idbar bir oğlana çevrikir.

Heç nə ikinci dəfə təkrarlanmır.

Bilin, qulaqlarınıza sırqa edin.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Cümə, 24 Noyabr 2023 18:00

26 noyabr - KƏLAĞAYI GÜNÜ

Könül, “Ədəbiyyat və incəsənət”

 

26 noyabrı biz Kəlağayı günü kimi qeyd edirik. Bu il bu günün hansı özəllikləri olacaq? Bu sualla da Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin qurucusu Güllü Eldar Tomarlıya müraciət edib ondan bilgilər aldıq. Həmin bilgiləri təqdim edirəm. 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 26 noyabr Kəlağayı gününə həsr olunmuş “Anam kəlağaylı bir muğamıydı...” adlı konsert tədbiri keçiriləcək. 

26 noyabr 2023 cü ildə baş tutacaq konsertdə saat 16:00-da  kəlağayıya aid rəsm əsərlərinin sərgisi keçiriləcək, saat 17:00-da isə konsert proqramı təqdim ediləcəkdir. Konsertdə milliliyimizin simvolu olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək. 

 

Xatırladaq ki, konsert-tədbirə biletləri iticketaz sayıtından əldə edə bilərsiniz.

https://iticket.az/en/events/concerts/anam-kelagayli-bir-mugamiydi-s/102938

Fürsətdən istifadə edib mən də bir kəlağayısebən kimi portalımız vasitəsilə bütün sənətsevərləri və kəlağayısevərləri tədbirə dəvət edirəm. 

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Əyyub Türkayın uşaqlar üçün yazdığı yeni mənzum nağılını təqdim edir.

 

 

ACGÖZ AĞA

 

(Mənzum nağıl)

 

Keçmiş zamanlarda uca bir dağda

Yaşardı Əjdaha gözdən qıraqda.

Kimsəyə bir pislik eləməmişdi,

Hamı düşünürdü, bu necə işdi?

Əjdaha dediyin hücum eləyər,

Qorxudan canlılar aman diləyər.

Lakin bu Əjdaha sakitcə durur,

Ömrünü xoşluqla evində sürür.

İndi kimdən deyim sizə, a dostlar,

Bu kəndin bir acgöz Ağası da var.

İncidib hər kəsi həddin aşardı,

Pislik etmək ilə ömür yaşardı.

Kəndlinin sərvətin çapıb-talardı,

Etdiyi əməldən məmnun qalardı.

Hərənin boynuna bir iş qoymuşdu,

Kəndlilər Ağadan cana doymuşdu.

Toplaşıb bir yerə plan qurdular,

Çoxlu fikirlərlə beyin yordular.

Nəhayət, danışdı bir müdrik qoca,

Hörməti var idi dağdan da uca.

Söylədi: - Gərəkdir bu acgöz Ağa

Aldanıb bizlərə yollansın dağa.

Başqa əlacımız qalmayıb daha,

Onun öhdəsindən gəlsin Əjdaha.

Çəkdilər Ağanı kənd meydanına,

Bir-bir toplaşdılar onun yanına.

Hiylə dəyirmanın saldılar işə,

Girdilər Ağayla gizli döyüşə.

Dedilər: - Qarşıda gördüyün bu dağ

Dünyada hər yerə salıb səs-soraq.

Zirvəsi almazla, qızılla dolu,

Heyif ki, çətindir, keçilmir yolu.

Əgər qalxa bilsən dağın başına

Var-dövlət orada qalmaz boşuna.

Daha sərvətinin çoxalar sayı,

Bu da olar sənə Tanrının payı.

Ağanın sevincdən parladı gözü,

Tez qəbul elədi deyilən sözü.

Bilirdi Əjdaha hakimdir orda,

Özünü qoyacaq çətində, darda.

Lakin var-dövlətin xəyalı onun

Düşünmür tezliklə gətirər sonun.

Aldı qılıncını, yollandı dağa,

Düz getdi, baxmadı nə sola-sağa.

Nəhayət, yetişir həmin məkana,

Vahimə gətirir bura insana.

Gördü burda yoxdur ləl-cəvahirat,

Anladı kələklə üzləşib heyhat.

Bir az da irəli yüyürüb getdi,

Dağın zirvəsində xeyli yol ötdü.

Gördü yaxınlıqda bir iri quyu,

Düşündü içərəm mən sərin suyu.

Boylanıb quyunun içinə baxdı,

Bu zaman quyudan Əjdaha çıxdı.

Ağa qılıncını uzatdı ona,

Zərbə vurmaq üçün çəkildi yana.

Əlində qılıncı oynadan zaman

Qorxudan əlləri əsirdi yaman.

Qəzəblə nərilti çəkirdi nəhəng,

Ağanın üzündə qalmamışdı rəng.

Əjdaha Ağadan yapışdı dərhal,

Qəti tərpənməyə vermədi macal.

Bir göz qırpımında uddu Ağanı,

Hamının acgözdən qurtardı canı.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.