Super User

Super User

Çərşənbə, 20 Sentyabr 2023 08:30

Diqqət! Riayət edin!

Baş prokurorluq aşağıdakı xəbərdarlığı paylaşıb. Sosial şəbəkə istifadəçiləri mütləq bu qaydalara riayət etsinlər. Unutmayaq ki, söhbət Vətənimizin müqəddəratından gedir. 

 

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərinin nəzərinə. 

Aşağıdakı məlumatların yayılmasına yol verilmir:

 

1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında;

 

2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında;

 

3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında;

 

4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

 

Terror aktları, eləcə də terror əleyinə əməliyyatlarla bağlı yayılması qadağan edilən məlumatın internet informasiya ehtiyatında  yerləşdirilməsi inzibati xəta hesab edilir (İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi) və fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manat məbləğdə inzibati cərimə edilir, yaxud 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Çərşənbə, 20 Sentyabr 2023 10:15

Arif Məlikova həsr edilmiş kitabın təqdimatı olub

Sentyabrın 19-da Mədəniyyət Nazirliyinin dəstəyilə Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşıyeva – İbrahimovanın “Arif Məlikov: Tarix və müasirlik” kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Arif Məlikovun həmkarları, tələbələr, kitabın ərsəyə gəlməsində əməyi olan şəxslər, musiqişünaslar və ailə üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən kitabın müəllifi Aytən Baxşiyeva-İbrahimova Qara Qarayev kimi dünyaşöhrətli Azərbaycan bəstəkarından dərs alan Arif Məlikovun musiqimizdə, incəsənətimizdə yeni bir səhifə açdığını bildirib.

 

Böyük bəstəkarın çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində müstəsna xidmətlər göstərdiyini deyən kitabın müəllifi qeyd edib ki, Arif Məlikov zəngin təcrübəsi ilə istedadlı musiqiçilər nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərib.

 

“Arif Məlikov: Tarix və müasirlik” kitabı” barədə məlumat verən müəllif diqqətə çatdırıb ki, kitabda görkəmli bəstəkar Arif Məlikovun həyat və yaradıcılığına həsr olunmuş məqalələr və onunla bağlı xatirələr yer alıb.

 

O vurğulayıb ki, kitabın sonuncu bölməsində Arif Məlikovun məzunlarının ürək sözləri və xatirələrinə yer verilib. Əlavəyə isə bəstəkarın əsərlərinin siyahısı daxildir. İstifadə olunmuş şəkillər bəstəkarın şəxsi arxivindən götürüldüyünü bildirən müəllif kitabın həm ixtisas-musiqiçi, həm də geniş oxucu kütləsinə ünvanlandığını diqqətə çatdırıb.

 

Medianın məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və Qara Qarayevin ev-muzeyinin müdiri Züleyxa Qarayeva-Bağırova çıxış ediblər.

Qeyd edilib ki, bəstəkarın yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib və o, Azərbaycanın ən yüksək mükafatlarına layiq görülüb. Həmçinin Arif Məlikovun müasir musiqi mədəniyyətində ən parlaq şəxsiyyətlərdən biri olduğu xüsusilə vurğulanıb.

Tədbirdə digər çıxış edənlər Arif Məlikovun musiqisinə həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin çox böyük rəğbətlə yanaşdığını vurğulayıblar. Belə ki, dövlətimizin başçısının 2013-cü il 13 sentyabr tarixli Sərəncamı ilə Arif Məlikovun Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi buna bir örnək olduğu diqqətə çatdırılıb.

Tədbir Arif Məlikovun əsərlərindən ibarət konsert proqramı ilə davam edib, eyni zamanda, videoyazılar, sənədli kadrlar nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

BU TALE HEKAYƏTİNİ YAZAN ŞƏXS SADƏCƏ ÜMİD EDİR VƏ İNANIR

 

 

Əziz oxucular. Sizə Redaksiyamızın poçtundan çox dərdli, hər kəlməsi ürək ağrıdan bir məktubu təqdim edirik. Müəllif kimi biz də xoş sonluğa ümid edir və inanırıq. 

 

Mən Dinar Bədrəddinqızı. 

Sizə öz taleyimi yazmaq istəyirəm, 2018-ci il dən bu yana ağır xəstəliyə düçar oldum, 24 yaşım var, 6 yaşlı bir oğlumla ana-atama sığınıb yaşayıram. Düz 6 il əvvəl həkimlər hər iki ağciyərimin sıradan çıxdığını və vəziyyətimin son dərəcə ağır olduğunu bildirmişdilər. Hətta mənə 3 gün vaxt qoymuşdular, öləcəm deyə. Amma içimdə ümid, inam hissi vardı, yaşayacağıma dair. Çünki ömrü verən də, alan da yalnız uca Rəbbimizdir. 

Xəstəliyin gücündən ayaqlarım belə tutulmuşdu, atam-qardaşım qucağında həkimləri gəzdirirdi məni. Həkimin son sözü isə "Aparın nə arzusu var, həyata keçirin" olmuşdu. Atamın o zaman mənə "Qızım, hara aparım səni, nə ürəyin istəyir?" sualı oldu, mən isə cavabında kəndimizdən azca aralıda yerləşən bir ziyarətgah olan "Şeyxbaba ziyarətgahına apar" dedim. Əslində mən əvvəllər belə ziyarətgahlara inanmayan, dindən, inanclardan uzaq, möcüzələrin varlığına inanmayan birisi olmuşam. Amma bilmirəm niyə həmin an o ziyarətgah beynimə düşdü, dilimə belə gətirdim aparsınlar deyə. Atam xəstəxanadan çıxarıb maşın tutub apardı məni həmin ziyarətgaha. Maşından düşə bilmədim, oradaca əllərimi açıb ziyarətgaha tərəf dua etdim, "Allahım sən mənə şans, ikinci həyat ver, oğlumu böyüdə bilim" deyə yalvardım, ağladım, dua etdim. 3 gün dualar oxudum, gecə-gündüz demədən. Atama dedim, mən yaşayacam, içimdə belə bir hiss var, məni ayrı həkimlərə apar, müayinələrdən keçim. 

Atam dinlədi sözümü və məni başqa yerə həkimə apardı, müayinələrdən keçdim, analiz verdim. Həkimlər bildirdi ki, həqiqətən vəziyyətim son dərəcə ağırdır, amma şans var, yaşayacağam. Təcili aparın Bakıya dedilər, oksigen balonuna qoşulmalıdır, nəfəsi yoxdur. 

Həmin 3 gün də dəfələrlə ölüb-dirilirdim, nəfəsim dayanırdı, yarım saat sonra yenidən qayıdırdı nəfəsim. Hətta ölmüşəm bilirdilər və bir dəfəsində üzümə qara yaylıq salmışdılar ki, ölmüşəm. Amma nəfəsim qayıtmışdı və hər kəs şoka düşmüşdü. Özüm sağikən atama demişdim ki, "Molla çağır, gəlib Quran oxusun mənə". Və molla gəlib sağikən Quran oxumuşdu mənə. Həqiqətən də atamgil Bakıya çatdırdılar məni, son nəfəsimdə çatdım, oksigen balonuna qoşmuşdular. Reanimasiyada komaya düşmüşdüm, 1 ay o halda qaldım, amma ölmədim. 

Həkimlərin 3 gün qoyduğu vaxt 6 il oldu, 6 ildir ki, pis-yaxşı yaşayıram. Reanimasiyada qalanda hər gün gözümün önündən bir meyid, ölü aparırdılar, ağlaşma, çığırışma, fəryad səsləri qulağımdan getmir heç. Ölənlərin içində yaşlısı da olurdu, uşağı da, cavanı da. Əvvəl orada qalanda çox pis olurdum, ağlayırdım, qorxurdum. Yuxuma belə girirdi, amma zaman keçdikcə alışdım. 1 ay orada qalmışdım reanimasiyada, ilk günlər çətin idi mənə, sonradan öyrəşdim. Dedim ki, onsuz hərkəs bir gün öləcək, nədən və niyə qorxuram ki. 

6 ilim, ən gənc gözəl çağlarım xəstəxanalarda, həkim yollarında keçdi. Bezdiyim, yorulduğum, üsyan etdiyim anlar da az olmadı təbii ki. Amma büdrəyə bilməzdim, nə geri dönüşü yox idi bu yolun, nə də dayanmaq olmazdı. Dayana bilməzdim ona görə ki, oğlum var mənim, övlad anadan yetim qalarmış. Bunu anası olmayanlar anlar, ona bu acını yaşatmağa haqqım yoxdur. 

Yaşamaq uğrunda mübarizə aparmalıyam, aparıram da, ən azı çabalayıram hələki. Nələrsə etməyə çalışıram, əsas odur ki, büdrəməyim. Qarşıma məqsəd qoydum, özümə söz verdim. Necə yorulsam, bezsəm də, yaşamaq uğrunda mübarizəmi dayandırmayacağam. Sonuna kimi gedəcəm, Allah o zaman məni yaşadıbsa, demək ki, vardır bir bildiyi. İnsan istəsə hərşey mümkündür, necə mümkünsüzü mümkün etmək olur. Təki Allah bizdən üz döndərməsin, bizə o şansı versin. 6 il əvvəl mənə yaşamaq şansını verdiyi kimi, mən hələ də ağır xəstəyəm. Əməliyyat olunmalıyam, ağciyər köçürülməsi olunacaq, amma imkan yoxdur. Müəyyən vəsait lazımdır ki, əməliyyat oluna bilim. Allah mənə ikinci həyat şansını veribsə o zaman, inanıram ki, bu halda da yoxdan bir qapı açacaq, yoxdan var edən Rəbbimizə şükürlər olsun. 

Hər zaman qəlbinizdə ümid, inam hissi olsun, insanı yaşadan və güclü edən məhz bu inam, ümiddir. Məni 6 ildir bu içimdəki ümid, inam hissi ayaqda tutur, yoxsa çoxdan yorulub əldən düşərdim. Bəlkə də ağlımı itirərdim, çünki həyatın bəzi gözəlliklərindən  məhrum olmuş biriyəm. Gəzmirəm, dolaşmıram, balaca daxmamızın sevgi dolu otağında aparata bağlı yaşayıram beləcə. Amma ümidim, inamım da mənimlə birgə yaşayır, nəfəs alırıq birlikdə. Mən Allahın yaratdığı həmin möcüzələrə inanan qızam, siz də inanın. Bilmirik ki, heç gözləmədiyimiz bir anda çiçək açar bütün ümidlərimiz. Sadəcə inanın, ümid edin.

 

REDAKSİYADAN: Kömək əli uzatmaq istəyənlər bu barədə poçtumuza yaza bilərlər. 

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Niderland Krallığına səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayev, Qazaxıstanın səfiri Askar Jumagaliyev və Türkiyənin səfiri Selçuk Ünal ilə görüşlər keçirib.

 

Fondun yaydığı məlumata görə, görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilata üzv və müşahidəçi ölkələr ilə yanaşı, digər xarici ölkələrlə əməkdaşlığına diqqət çəkilib. Fondun Türk dünyasının qədim və zəngin irsinin daha ətraflı öyrənilməsi və geniş auditoriyalara çatdırılması yönündə müxtəlif qitələrdə həyata keçirdiyi layihə və tədbirləri qeyd olunub.

 

Fond tərəfindən Azərbaycan, Qazaxıstan və Türkiyənin Niderland Krallığındakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində qədim Türk yazılarından olan petroqliflərə, tamğalara və runik işarələrə həsr edilmiş sərginin uğurla həyata keçirildiyi vurğulanıb.

 

Fond ilə gələcək əməkdaşlığın perspektivləri və mümkün birgə layihələr ətrafında müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən UNESCO-nun Dünya İrsi Komitəsinin 45-ci sessiyası çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) rəhbərliyi ilə görüşüb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. Məlumatda bildirilir ki, görüşü giriş sözü ilə açan təşkilatın böyük direktoru Cozef Kinq Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkəmiz mədəni irsi ilə bağlı təəssüratlarını bölüşüb, yeni əməkdaşlıq imkanlarından danışıb.

 

Öz növbəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin rəhbəri, nazir müavini Səadət Yusifova səmimi sözlərə görə təşəkkürünü bildirərək Azərbaycan üçün mədəni irsin qorunmasının əhəmiyyətindən danışıb, restavrasiya və konservasiya ekspertlərini hazırlanması istiqamətində təşkilatın institusional dəstək mexanizmləri ilə maraqlanıb.

 

Görüşdə həmçinin ölkəmiz ilə ICCROM arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsinin aparılması, bu məqsədlə təlim və seminarların birgə təşkili ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2023)

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah, sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. 

 

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-18°, gündüz 20-25° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacağı bildirilir.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

 

Bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) dörd əməkdaşı terrora məruz qalıb. Bu da ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, konstitusiya quruluşunun bərpa edilməsi məsələsini zəruri edib.

 

AzərTAC xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev deyib.

Bu gün Azərbaycan Respublikasında başlayan lokal xarakterli antiterror tədbirlərin davam etdirildiyini deyən E.Hacıyev bildirib ki, bu tədbirlər nəzərə alınaraq ölkənin bütün ərazisində DİN-in şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: “Respublikada mümkün təxribat, təhdid, hər hansı hüquqazidd tədbirlərin qarşısının alınması ilə bağlı DİN-in şəxsi heyətinə göstərişlər verilib. Azərbaycan cəmiyyətinə antiterror tədbirləri çərçivəsində dezinformasiya xarakterli məlumatlardan çəkinmələrini tövsiyə edirik. Bu hallara qarşı cəmiyyətin hər bir üzvü diqqətli və məsuliyyətli olmalıdır. Azərbaycanda bəzi sosial şəbəkə seqmentləri məhdudlaşdırılıb. Bu da ondan irəli gəlir ki, təhdidlər, dezinformasiyalar var idi. Qarşı tərəf təkcə Azərbaycana silahlı formada müqavimət göstərmir, həm də informasiya cəbhəsində ölkəmizlə müharibə əhval-ruhiyyəsinə köklənmiş şəkildə sosial şəbəkə seqmentlərini idarə edir. Azərbaycan cəmiyyətinə çağırışımız ondan ibarətdir ki, diqqətli və məsuliyyətli olsun, yalnız rəsmi dövlət qurumlarının verdiyi məlumatlara inansın, bunun əsasında paylaşım etsinlər.

 

Azərbaycan Respublikasının ərazisində olan qeyri-qanuni erməni silahlı qüvvələrinin birləşmələrinə qarşı tədbirlər davam edir. Buna paralel olaraq ictimai təhlükəsizlik tədbirləri birgə aparılır ki, Azərbaycan cəmiyyətində hər hansı xoşagəlməz hallar baş verməsin. Bütün cəmiyyəti birgə olmağa, qayda və tələblərə əməl etməyə çağırırıq".

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb.

 

XİN-in Mətbuat xidməti idarəsindən AzərTAC-a daxil olan məlumatda bildirilib ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, Ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

 

Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib.

 

Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

 

Görülən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Görülən tədbirlərin hədəfi müstəsna olaraq qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur.

 

Heç bir halda Azərbaycan tərəfi mülki əhalini hədəf almır. Bu xüsusda, erməni mülki əhalinin hərbi hədəflərdən uzaq durması zəruridir.

 

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

 

Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Musiqi Günü münasibətilə “Bəşər mədəniyyətinin incisi - Azərbaycan musiqisi” adlı tədbir keçirilib.

 

Mərkəzdən aldığımız məlumata görə, tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş “Qafqazın konservatoriyası – azad Şuşa” və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Mərasimdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor - müəllim heyəti, tələbələr, yerli azərbaycanlılar iştirak ediblər.

Musiqi bayramında Ulu Öndər Heydər Əliyevin Üzeyir Hacıbəylinin milli mədəniyyətimizə verdiyi töhfələrə dair fikirləri, dahi bəstəkarın yaradıcılığı və Prezident İlham Əliyevin iştirakı ilə Şuşada keçirilən tədbirlər, “Xarıbülbül” festivalına dair videomaterial nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Milli Musiqi Günü Azərbaycanın müasir peşəkar musiqi sənətinin və müsəlman şərqində ilk operanın müəllifi, dahi bəstəkar, musiqişünas, publisist, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü münasibətilə təsis edilib. O, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 18 sentyabr - Üzeyir Hacıbəylinin anadan olduğu günün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edildiyini vurğulayıb, bəşər mədəniyyətinə misilsiz töhfələr vermiş Azərbaycanın zəngin mədəniyyəti və musiqi sənəti haqqında danışıb.

Digər çıxış edənlər Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinin dosenti Davron Kadirov özbək Azərbaycan xalqları arasında dostluq əlaqələrindən danışıblar. Qeyd olunub ki, Azərbaycan musiqisi sərhədləri aşaraq dünyada tanınır, sevilərək daim ifa olunur.

Diqqətə çatdırılıb ki, 30 ildən sonra tanınmış qarabağlı, dünyaşöhrətli bəstəkar Üzeyir Hacıbəylinin vətəni, Azərbaycan musiqisinin beşiyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa Ermənistan işğalçılarından azad olunub. Bu gün azad Şuşada Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində geniş bərpa və quruculuq işləri reallaşdırılır, beynəlxalq mədəniyyət tədbirləri, festivalları keçirilir, mədəniyyət paytaxtımızda dahi Üzeyir Hacıbəylinin büstü və heykəli yenidən ucaldılıb.

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Çərşənbə axşamı, 19 Sentyabr 2023 14:36

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anım günüdür

 

Dünən dahi bəstəkarımız Üzeyir bəyin doğum gününü, az öncə dahi bəstəkarımız Arif Məlikovun yubileyini qeyd etdik, bu günsə daha bir qeydetməmiz var: görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun vəfatından 49 il ötür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Soltan Hacıbəyov 1919-cu il mayın 8-də ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Onun bəstəkar, görkəmli musiqiçi kimi yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.

Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.

Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

İkinci Dünya müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.

S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.

1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.

1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

Ötən əsrin 50-ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.

1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.

1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişib.

O dünyadan köçsə də yaratdığı musiqi irsi daim qalacaq. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.