“Açgöz ağa” - Əyyub Türkaydan yeni uşaq mənzum nağılı Featured

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Əyyub Türkayın uşaqlar üçün yazdığı yeni mənzum nağılını təqdim edir.

 

 

ACGÖZ AĞA

 

(Mənzum nağıl)

 

Keçmiş zamanlarda uca bir dağda

Yaşardı Əjdaha gözdən qıraqda.

Kimsəyə bir pislik eləməmişdi,

Hamı düşünürdü, bu necə işdi?

Əjdaha dediyin hücum eləyər,

Qorxudan canlılar aman diləyər.

Lakin bu Əjdaha sakitcə durur,

Ömrünü xoşluqla evində sürür.

İndi kimdən deyim sizə, a dostlar,

Bu kəndin bir acgöz Ağası da var.

İncidib hər kəsi həddin aşardı,

Pislik etmək ilə ömür yaşardı.

Kəndlinin sərvətin çapıb-talardı,

Etdiyi əməldən məmnun qalardı.

Hərənin boynuna bir iş qoymuşdu,

Kəndlilər Ağadan cana doymuşdu.

Toplaşıb bir yerə plan qurdular,

Çoxlu fikirlərlə beyin yordular.

Nəhayət, danışdı bir müdrik qoca,

Hörməti var idi dağdan da uca.

Söylədi: - Gərəkdir bu acgöz Ağa

Aldanıb bizlərə yollansın dağa.

Başqa əlacımız qalmayıb daha,

Onun öhdəsindən gəlsin Əjdaha.

Çəkdilər Ağanı kənd meydanına,

Bir-bir toplaşdılar onun yanına.

Hiylə dəyirmanın saldılar işə,

Girdilər Ağayla gizli döyüşə.

Dedilər: - Qarşıda gördüyün bu dağ

Dünyada hər yerə salıb səs-soraq.

Zirvəsi almazla, qızılla dolu,

Heyif ki, çətindir, keçilmir yolu.

Əgər qalxa bilsən dağın başına

Var-dövlət orada qalmaz boşuna.

Daha sərvətinin çoxalar sayı,

Bu da olar sənə Tanrının payı.

Ağanın sevincdən parladı gözü,

Tez qəbul elədi deyilən sözü.

Bilirdi Əjdaha hakimdir orda,

Özünü qoyacaq çətində, darda.

Lakin var-dövlətin xəyalı onun

Düşünmür tezliklə gətirər sonun.

Aldı qılıncını, yollandı dağa,

Düz getdi, baxmadı nə sola-sağa.

Nəhayət, yetişir həmin məkana,

Vahimə gətirir bura insana.

Gördü burda yoxdur ləl-cəvahirat,

Anladı kələklə üzləşib heyhat.

Bir az da irəli yüyürüb getdi,

Dağın zirvəsində xeyli yol ötdü.

Gördü yaxınlıqda bir iri quyu,

Düşündü içərəm mən sərin suyu.

Boylanıb quyunun içinə baxdı,

Bu zaman quyudan Əjdaha çıxdı.

Ağa qılıncını uzatdı ona,

Zərbə vurmaq üçün çəkildi yana.

Əlində qılıncı oynadan zaman

Qorxudan əlləri əsirdi yaman.

Qəzəblə nərilti çəkirdi nəhəng,

Ağanın üzündə qalmamışdı rəng.

Əjdaha Ağadan yapışdı dərhal,

Qəti tərpənməyə vermədi macal.

Bir göz qırpımında uddu Ağanı,

Hamının acgözdən qurtardı canı.

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.