Super User

Super User

Çərşənbə axşamı, 07 Sentyabr 2021 10:00

Bu payız məktəbli geyimi dəb olacaq

Əminik ki, indi bu məqaləni oxuyanların bir çoxu  belə bir fikir söyləyəcəklər: “Yaxşı ki, mən məktəbə getmirəm".
Ancaq “Ədəbiyyat və incəsənət” Vogue nəşrinə istinadən məlumat veriri ki, məktəb forması yeni bir qüvvə ilə qarderobumuza qayıdır və əgər təhsil aldığınız zaman onu sevə bilməmişdinizsə, indi sevməli olacaqsınız, çünki 2021 payız- qış mövsümünün əsas tendensiyalarından biri məktəbli formasına qayıdış olacaq.
Hansı paltar seçmək və nə ilə geyinmək lazımdır?
“Məktəblinin geyimi" anlayışına klassik birtonlu qammada və ya xırda damalarda, ağ yaxalıqla və ya dairəvi kəsiklə bütün modellər düşür. Ümumiyyətlə, uşaqlıq formasını xatırladan bütün paltarlar bu seçimə aid edilir. Məsələn, Christian Dior kolleksiyasında olduğu kimi, payız-qış 2021 mövsümü üçün qəhvəyi platya və ağ çıxacaqlar təklif olunur (fotoda). Maria Grazia Curie də oxşar geyim- bu dəfə ağ köynək ilə qəhvəyi ətək və əlbəttə ki, ağ qolf ilə geyinməyi təklif edir. Bu vəziyyətdə geyimi brutal ayaqqabılar tamamlayır, lakin onlar daha çox adi məktəbli ayaqqabıları "Mary Jane" və ya lofer ilə əvəz edilə bilər. Simone Rocha də məktəbli qıza aid  möhtəşəm bir ətək və ağ yaxası olan anime paltarında bir xarakter təklif edir, geyimi qara ceket tamamlayır. Ofis günləri üçün, işgüzar görüşlər üçün və ələlxüsus da tələbələr - bu
geyimlərdən seçsələr əsil zövqlü hesab ediləcəklər, digərlərinə nümunə olacaqlar.
Haydı, dəb paylaşmağa!

 


Cəlilabadda yaşayıb yaradan gözəl şairimiz Əlizadə Nuri yeni şeirlərini “Ədəbiyyat və incəsənət” portalının oxucularına ərməğan edir. Biz əksərən yaxşı poeziyadan danışanda şablon olaraq paytaxtda və üzdə olan beş-üç nəfərin adını çəkirik. Onlar tədbirlərdə başda oturur, efirlərdə poz verir, rəsmi ədəbi orqanlarda müntəzəm dərc edilir, mükafatlar alırlar. Amma
, insafən, Əlizadə Nuri kimi şairləri diqqətdən kənarda saxlamaq günahdır. 

 

Mən bir boş tüfəngdə güllə səsiyəm”, “Sənə yağış dərirəm, buludun budağından”, “O kimdi eşq rəsmi çəkir, sinəmin kətan yerinə”, “Daş oldum, bu eşqə hörülüm deyə” söyləyən şairin lirikası dərindir, zəngindir, təsirləndirir, duyğulandırır və kövrəldir həm də.

 

Şairin hazırda sağlamlıq durumunun qaydasında olmadığını öyrəndik. Allahdan ona şəfa diləyirik. 

 

 

 

 

 

Bir sevgi yıxılıb ürəyi üstə

 

 

 

Mən bir boş tüfəngdə güllə səsiyəm,

 

Solmuş bir baxçanın gül həvəsiyəm.

 

Bu qırıq simlərin təranəsiyəm-

 

Dinləyə bilənə yüz xalat düşür.

 

 

 

Zərim tək qalıbsa, düşməz ki, qoşam,

 

Qanadı günəşdən əriyən quşam.

 

Mən cəmi bir nəğmə quraşdırmışam,

 

Deyirlər ona da qazamat düşür.

 

 

 

Sürət qatarıydım... sənə çatmağa

 

Bir azca qalmışdı, dirəndim dağa.

 

Yanımda sevinci neynirəm daha-

 

Şəklim bu dərd ilə nə babat düşüb!

 

 

 

Çökür bu adamlar çörəyi üstə...

 

O eşqi üstədi, bu nəyi üstə?

 

...Bir sevgi yıxılıb ürəyi üstə,

 

Yanına əzilmiş iki ad düşüb...

 

 

 

Yaş oldum, gözündə görünüm deyə,

 

Daş oldum, bu eşqə hörülüm deyə...

 

O ay işıgına bürünüb deyə-

 

Bu daxma necə də gör abad düşüb?!..

 

 

 

 

 

Səni aldatmağım gəlir

 

 

 

Bir laylanın dizi üstə,

 

Baş qoyub yatmağım gəlir.

 

Dənizdə üzmək öyrənib,

 

Torpaqda batmağım gəlir.

 

 

 

Bu necə ovçudu axı-

 

Tətikdə əsir barmağı?

 

O quş mənə elə baxır,

 

Özümə atmağım gəlir...

 

 

 

Kim çəkdi bu yolu sağa?

 

Çəkir məni yol uzağa...

 

O üşüyən yalquzağa, 

 

Bir ocaq çatmağım gəlir.

 

 

 

Göz yaşların ləldi deyib,

 

Kədər də gözəldi deyib.

 

Bu dünya düzəldi deyib,

 

Səni aldatmağım gəlir...

 

 

 

 

 

Ömür- yanmış zəmi kimi

 

 

 

Su çəkən kağız kimiyəm,

 

Gəzdirirəm can yerinə.

 

Günəş deyil, bəlkə qandı

 

Yığılıbdı dan yerinə?!

 

 

 

Məni sevgi fəsli çəkir,

 

Allahın o qəsri çəkir...

 

...O kimdi eşq rəsmi çəkir

 

Sinəmin kətan yerinə?!

 

 

 

Axır ki, ötdüm özümü,

 

Aynayla örtdüm üzümü.

 

Bir daşa sürtdüm üzümü

 

Sürtdüm bir insan yerinə.

 

 

 

Ömür- yanmış zəmi kimi,

 

Su basmış zirzəmi kimi.

 

...O qız batan gəmi kimi

 

Dönmədi liman yerinə...

 

 

 

 

 

Mən təkəmsə- hamı yoxdu...

 

 

 

Əlim  heç yerə  çatmadı-

 

Ha çıxdım düzün üstünə.

 

Sinədəki yaraları

 

Kim sərib duzun üstünə?

 

 

 

Mən təkəmsə - hamı yoxdu...

 

Dünya var e...damı yoxdu.

 

Bu dərdin adamı yoxdu-

 

Götür qoy gözüm üstünə.

 

 

 

Səs deyil hər haray-həşir.

 

Hər adam - bir ümid nəşi...

 

Əl atıb tutaq günəşi,

 

Düşməsin tozun üstünə.

 

 

 

Yerdi əsən, yeldi əsən?

 

Piyadaymış hər tələsən.

 

Qələm yorulub deyəsən,-

 

Yıxılıb sözün üstünə...

 

 

 

Qəfəs deyil, amma dardı,

 

Yer üzü damar-damardı.

 

...Bu ömür - bir qazan qardı-

 

Qoymuşuq közün üstünə...

 

 

 

 

 

Səhra kimi yaşadım

 

 

 

Gətirdiyin havadan

 

Bir dəfə udum, ölüm.

 

Sən baxınca ölmərəm,

 

Gözlərini yum, ölüm...

 

 

 

Belə qəmli oxuma-

 

Qar yağacaq yuxuma...

 

Mən boyda bir toxuma,

 

Olarsanmı şum, ölüm?!

 

 

 

Söz qaytardım şahlara,

 

Könül açdım ahlara.

 

Girdim bu günahlara-

 

Özümü yudum... ölüm.

 

 

 

Neynirəm bu boş adı?

 

Mən dərdimi boşadım...

 

Səhra ömrü yaşadım -

 

Qoy indi qum-qum ölüm...

 

 

 

 

 

Çərşənbə axşamı, 07 Sentyabr 2021 09:57

 “YARAT”da Rusiya istehsalı filmlər nümayiş olunub

“YARAT” Film Klubu və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə rus kinorejissorlarının "Səmadan dərhal döyüşə" filmi nümayiş edilib.
AzərTAC xəbər verir ki, film “YARAT” Müasir İncəsənət Mərkəzində açılan sərginin konsepsiyasına uyğun olaraq, müxtəlif nəsillər arasında fərqliliyi təcəssüm etdirir. Ekran əsəri İkinci dünya müharibəsi və Qış müharibələri zamanı hava-desant qoşunlarının komandanı, ordu generalı, Sovet İttifaqı qəhrəmanı Vasili Margelovun taleyindən bəhs edir. Film, desantçılar arasında kulta çevrilmiş "Batya" adlı seriala istinadən çəkilib.
Daha sonra “YARAT”da Rusiya istehsalı olan “Afrika” filmi də nümayiş olunub. Filmdə hadisələr 1943-cü ilin qışında, Leninqradın ağır blokadası vaxtında cərəyan edir.

Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan Tərcümə Mərkəzinin bu il ukrain dilində Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının Kiyev Beynəlxalq Kitab Festivalında (“Kyiv Book Art Fest”) təqdimatı keçirilib. Təqdimatı
tanınmış Ukrayna yazıçısı, tərcüməçi, Əməkdar incəsənət xadimi Aleksey Kononenko açaraq, Nizaminin zəngin ədəbi irsi haqqında danışıb. Natiq həmçinin Azərbaycan Tərcümə Mərkəzinin Ukrayna–Azərbaycan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrdən bəhs edib: “Azərbaycan Dövlət Tərcümə Mərkəzi “Leyli və Məcnun” poemasını ukrain dilində Ukraynada nəşr etməklə dahi Nizaminin zəngin ədəbi irsinin Ukraynada yaxından tanıdılması və dərindən öyrənilməsinə yönəldilmiş dəyərli bir layihə həyata keçirib. Bu il 880 yaşı qeyd edilən böyük şairin əsərlərinin yenidən dünyaya ayaq açması, bəşəri mənəvi dəyərlərin gündəmə gətirilməsinə, ümumilikdə insanlığın ruhi dünyasının zənginləşməsi və saflaşmasına xidmət edən tarixi zərurətdir”.
Mərkəzin Ukrayna təmsilçisi Marina Qonçaruk nəşr haqqında ətraflı danışaraq kitaba, məşhur ukraynalı türkoloq-alim Aqafangel Krımskinin Nizami yaradıcılığının geniş və dərin təhlilini verən “Nizami və müasirləri” monoqrafiyasından parçaların da daxil edildiyi və əsərin artıq ölkənin mərkəzi kitabxanalarından əldə edilə biləcəyi barədə məlumat verib.
Festival çərçivəsində “Leyli və Məcnun” kitabı ilə yanaşı, Dövlət Tərcümə Mərkəzinin ukrain dilində Ukraynada ərsəyə gətirdiyi “Müasir Azərbaycan poeziyası antologiyası”, İmadəddin Nəsiminin “Haqq yolu mən özüm oldum...”, Leyla Əliyevanın “Dünya yuxutək əriyir” kitabları da nümayiş edilib.

Bazar ertəsi, 06 Sentyabr 2021 10:56

Bu gün Beynəlxalq Kitaboxuma Günüdür

 

6 sentyabr, Beynəlxalq Kitaboxuma Günü

 

1852-ci ilin 6 sentyabr günündə  Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından başbilənlər bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər. İndi Dumanlı Albiondan bir Azərbaycana transfer olunaq. Kimdən soruşursan ki, hansı kitabı oxuyursan, deyir, vallah iş-güc aman vermir kitab oxumağa. Ay kişilər, dünyanın əsas ölkələrinin prezidentləri, baş nazirləri qiymətli vaxtlarından ayırıb mütaliə edirlərsə, sizin kitab oxumağa vaxt tapmamaq bəhanəniz gülünc görünmürmü? İnsan maddı və mənəvi varlığın məcmusudur. Maddi aclığı zamanı yeməli, mənəvi aclığı zamanı isə mütaliə etməli, incəsənətdən feyziyab olmalıdır. Bu yarıbayarı tələbatdır, acan kimi qarnını doyduran insan ikinci tələbatının qeydinə qalmırsa, belə çıxmırmı ki, həmin tələbat heç onda əzəldən yoxmuş? Bəs insanı canlıların alisi edən axı, məhz ikinci tələbatıdır?

 

Mən bircə misal çəkib də kitabların insan həyatındakı rolunu göstərməyə çalışaçağam. Dünyanın ən varlı adamı – “Amazon”un sahibi Cef Bezos deyir ki, bir vaxtlar mən pulsuz, iradəsiz, aciz birisi idim, heç cür uğur qazana bilmirdim, elə ki, Kadzio İsiquronun romanlarını oxudum, situasiyanı necə dəyərləndirməyi, insanları necə tanımağı, necə qətiyyətli olmağı, ən əsası da özünəgüvəni öyrəndim, gəlib indiki Cef Bezos oldum. Necədir?

 

Evdə ailə başçıları ailə üzvlərini, idarə və müəssilərdə rəhbərlər tabeçiliklərində olan işçiləri bu gün kitab oxumağa məcbur eləsinlər, ildə cəmi bir dəfə qeyd edilən kitab oxumaq günündə gəlin biz də qonşulardan dala qalmayaq.

 

6 sentyabr. Roş Xa-Şana, yaxud Yəhudi Yeni ili

 

Ənənəvi yəhudi təbriki belə səslənir: “Le şana tova tikatev ve-texatem”. Tərcüməsi belədir ki, Ömür Kitabında qoy bu il də sənin adın yazılsın. Bax budur yəhudi müdrikliyi. Biz adətən, insana yüz yaşa deyə maksimalist, həm də boğazdanyuxarı, qeyri-real görünən alqış edirik. Yəhudi isə minimalistcəsinə üzlərinə gələn ildə qarşısındakına bu bir ili rifah içində keçirməyi arzulayır. Saxta maksimalizmdən səmimi minimalizm daha gözəl deyilmi?

 

Əsatirə görə yer üzündə yaşayış məhz bu müqəddəs tarixdən başlayıb, dünyanın hər yerində yəhudilər bu günü bayram edir, sinaqoqa gedir, dini ayinləri icra eləyirlər. Yaxındakılar bir-birinə hədiyyə verir, uzaqdakılarsa təbrik məktubu yollayırlar. Və mütləq də bol nemətli süfrə açılır. Süfrəyə mütləq bolluq rəmzi olan balıq qoyulur, “qoy mənim ailəm ayaqda deyil, başda dursun” deyə qoyun, yaxud balıq kəlləsi qoyulur, üstəlik, kökü dairəvi kəsib dəmir sikkələrə oxşadırlar ki, qoy yeni ildə başlarına var-dövlət yağsın. Yeməyə oturanda isə yəhudilər ilk olaraq bir dilim almanı bala batırıb ağızlarına qoyurlar, yeni ilin şirin olmasını təmin etmək anlamındadır bu.

 

Yəhudi xalqı bizə dost və qardaş xalqdır. Onları Yeni il münasibəti ilə təbrik edir və deyirik: Le şana tova tikatev ve-texatem!

 

6 sentyabr. SSRİ-nin dağılması, parislilərin “genosidi”, Pavarotti

 

1991-ci ilin bu günündə SSRİ Dövlət Şurasının növbədənkənar iclasında Mixail Qorbaçov Latviya, Litva və Estoniyanın müstəqilliyini tanımaq məcburiyyətində qaldı, bununla da SSRİ-nin rəsmən dağılmasının təməli qoyuldu. 1989-cu ildə Parisdə kompüter səhvi ilə yol hərəkəti qaydalarını pozmuş 41 min parisliyə canilik və soyğunçuluq ittihamı gəldi və onları affekt vəziyyətinə saldı. 1952-ci ildə Jenevrədə Müəllif hüquqları barədə Ümumdünya konvensiyası imzalandı.

 

2007-ci ilin bu günündə dünya şöhrətli italyan tenor Luçano Pavarotti gözlərini əbədi olaraq yumdu. Pavarottinin adı gələndə qeyri-ixtiyarı yadıma bir KVN zarafatı düşür. Karreras və Dominqo özlərini konsertə çatdırırlar, Pavarotti gəlib çıxmır. Belədə, konsertmeyster onlardan soruşur ki, bəs Pavarotti harada qaldı. Karreras deyir, pavarotda.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

 

Sevimli tarixi seriallar — Vikinqlərdən Spartaka qədər. Amma hansı daha yaxşıdır? Bu gün “Ədəbiyyat və incəsənət” portalı  kvalifikasiyalı reytinqlər dərc edən Fullpicture nəşrinə istinadən ən yaxşı tarixi serialların reytinqini təqdim edir.

 

Seriallar təsəvvür edə biləcəyinizdən də çox həyatımıza nüfuz ediblər. Onlarda zaman və məkan məhdudiyyəti yoxdur, janr da həmçinin. Birində Qədim Roma imperiyasının əsgərləri qılınc-nizə cingildədərək irəli şütüyürlər, digərində müasir dəmir-beton-şüşə  Nyu-York göydələnində məişət qovğası gedir. Bəli, a-dan ş-ya qədər, hər şey və hər kəs serialların mövzu mənbəyidir. Hal-hazırda nümayiş edilən seriallar daha çox əyləncəvi xarakter alsa da, daha çox, vaxt öldürmək istəyən əyləncəsevər təbəqənin yemi olsa da, bununla belə, müxtəlif dövrlərdə, dünyanın uzaq guşələrində baş vermiş tarixi hadisələrdən bəhs edən serialları izləmək həqiqətən maraqlıdır. Bu seriallar bizimçün o vaxtlar həyatın necə olması haqqında dramatik və maraqlı fikirlər ortaya qoyur, onların auditoriyası isə daha ciddi kontingentdir.

 

Tarixi seriallar çoxdur. Hansı birini görməyə daha çox dəyər verirsiniz – deyə Fullpicture mütəxəssislərə və zövqlü tamaşaçılara sual edib və Netflix-in dəstəyi ilə belə bir onluq formalaşdırıb, buyurun, tanış olun:

 

 

 

1. “Bordcia”

 

Bu serialı izləmək üçün bir səbəb varsa, o da Jeremi Ayronsdur,  Rodriqo de Bordcianın -  VI Aleksandrın atasının  rolunu canlandıran bacarıqlı aktyorun ifasıdır. Serial, adından göründüyü kimi, məşhur Bordcia ailəsinə və onların hakimiyyətə gəlməsinə həsr olunub və Renessans dövrü İtaliyasında baş verən  rüsvayçılıqları diqqətə çatdırır. Qalmaqallı pontifikin parlaq və mənfur obrazı auditoriyanın diqqətini cəlb etmək üçün kifayət etmirdisə də, filmin yaradıcıları süjetə onun tamahkarlıq, hədə-qorxu gəlmə, xəyanət və amansız qalmaqallarıyla dolu səhnələr daxil etməklə qaynar qazan qaynatmağa müvəffəq olublar.

 

 

 

2. ”Ordenin çöküşü”

 

Premyerası 2017-ci ildə History kanalında keçirilən, Teftonq Ordeninin qanlı savaşlarından bəhs edən və iki mövsümü efirə çıxan bu tarixi serialın bu günə qədər üçüncü mövsümünün yayımlanacağı barədə xəbər hələ ki yoxdur, lakin tamaşaçılar bu serialın gələcəkdə davam edəcəyini səbirsizliklə gözləyirlər.

 

 

 

3. “Tudorlar”

 

Tudorlar serialı cəmi dörd mövsüm ərzində - 2007-ci ildən 2010-cu ilə qədər yayımlanıb. Serial Kral VIII Henrixin hakimiyyətinin ilk günlərindəki qalmaqallı, dramatik hadisələrdən xəbərdar olmaq istəyən hər kəs üçün diqqətəlayiqdir.

 

 

 

4. “Poldark”

 

"Poldark" 2015-ci ildə yayımlanan tarixi dramdır. Serialda hadisələr İngiltərədə 18 əsrin sonlarında baş verir və serial eyni adlı romana əsaslanır.

 

 

 

5. “Son Krallıq”

 

"Son Krallıq" 2015-ci ildə efirə çıxmağa başlamış və Bernard Kornuellin "Sakson salnamələri" romanının süjeti əsasında çəkilən serialdır.  Netflix serialın hüquqlarını əldə etmədən əvvəl serial BBC America-da yayımlanmağa başlayıb və həmin gündən etibarən tam seriyalar deyil, yalnız epizodlar istehsal edir.

 

 

 

6. “Mamaça çağırın”

 

Hadisələri 1950-ci və 1960-cı illərdə cərəyan edən bir BBC dramı. Bu serialda hadisələrin nisbətən yaxın dövrdə - 20-ci əsrin ortalarında cərəyan etməsi faktı onu izləmək üçün heç də marağı aşağı salmır.

 

 

 

7. “Spartak”

 

Spartak serialı 2010-cu ildən 2013-ə qədər Starz-da nümayiş edilib. Üç mövsüm yayımlanan bir serialda hadisələr eramızdan əvvəl I əsrdə baş verir və eyniadlı məşhur tarixi Trakiya qladiatorunun həyatından bəhs edir.

 

 

 

8. “Yeraltı İmperiya”

 

Atlantik-siti şəhərində quru qanun dövründə baş verən dramatik hadisələr çox səs-küy qoparıb. Stiv Buşem bu serialda Nayk Tomsonunun rolunu oynayır. Kimdir Tomson? Şəhərdə fəaliyyət göstərən quldurların köməyi ilə Atlantik-sitini idarə edən hiyləgər bir siyasətçi. Serial 2010 – 2014-cü illərdə yayımlanıb.

 

 

 

9. “Vikinqlər”

 

"Vikinqlər" 2013-cü ildə History kanalında yayımlanan tarixi dramdır. Altıncı və son mövsümün premyerası 2020-ci ildə baş tutub və Netflix hazırda "Vikinqlər: Valqalla" adlı sikvelin yaradılması üzərində işləyir.

 

 

 

10. “Tac”

 

"Tac" hazırda  ən məşhur tarixi seriallardan biri, bəlkə də birincisi hesab edilirf. Netflix-də bu serialın premyerası 2016-cı ildə keçirilib və orada Kler Foy gənc kraliça II Yelizavetanın obrazını məharətlə oynayıb.

 

 

 

------------------------------------------------------------------

 

 

 

Reytinq tamamlandı, amma “Ədəbiyyat və incəsənət” portalı olaraq zəruri bir əlavə etmək istəyirik. Təbii ki, burada yalnız Qərb tarixi, Qərb dövlətləri gerçəklikləri əks olunan seriallar daxil ediliblər. Halbuki Şərq dünyasını əks etdirən tək bir serialın adını çəkə bilərik ki, bu serial əksər reytinqləri alt-üst etməyə layiqdir. Söhbət Türkiyənin istehsalı olan “Möhtəşənm yüz il” serialından gedir.

 

 

 

11. “Möhtəşəm yüz il”

 

Tims Productions tərəfindən hazırlanan, Star TV tərəfindən 12 noyabr 2015 tarixində yayıma başlayan tarixi türk teleserialıdır. 2011-2014-cü illər tarixlərində yayımlanan serialın prodüserTimur SavcıssenaristYılmaz Şahinrejissorları isə Mert Baykal və Yağız Alp Akaydındır. Serialın ilk bölümləri Yunanıstanın Saqqız adasında çəkilmişdir.Serialda  Osmanlı padşahı I Əhmədin cülus mərasimi səhnələri üçün İstanbulun Hadımköy səmtində xüsusi studiya qurulmuşdu. Bu səhnənin çəkimləri üçün Topqapı sarayının bir hissəsi ilə Babüssəadət və Babüssalam qapıları xüsusi olaraq yenidən hazırlanmışdı.Serialın mövzusu isə hələ 13 yaşında bir şahzadə ikən atası III Mehmedin vəfatı ilə taxta çıxan I Əhmədin və o illərdə saraykölə olaraq gətirilən Kösəm Sultanın sevgisindən, ardından  Kösəm Sultanın intiqam üçün girişdiyi taxt mübarizəsindən bəhs edir. “Möhtəşəm yüz il” teleserialı hələ televiziyada yayımlanmamışdan öncə artıq 50 fərqli ölkəyə satılmışdı. Demək, onun ən yaxşı tarixi seriallar reytinqində ön yerlərdən birini tutmağa haqqı vardır.

 

 

 

Şəkillərdə: “Ordenin çöküşü”, “Son Krallıq”, “Vikinqlər” və “Möhtəşəm yüz il” seriallarından görüntülər

 

 

Amerikalı publisit, tarixçi və memuarçı Tara Vestoverin adı son illər xüsusən parlayıb. Cəmi 34 yaşı olan Tara Kliftonda doğulub, Triniti kollecini və Briqama Yanqa universitetini bitirib. Avtobioqrafiya və memuar janrında yazdığı kitablar tək ABŞ-da yox, dünyada maraq oyadıb. Tara Goodreads Choice Award, John Leonard Prize, Jean Stein Book Award kimi nüfuzlu mükafatlara layiq görülüb. Ona ən böyük uğuru isə 40 dilə tərcümə edilmiş “Tələbə” kitabı gətirib. Nədən bəhs edir “Tələbə”? İlk öncə qeyd edək ki, bu da avtobioqrafik romandır, Taranın öz başına gələnlər əks olunur. Kitabın şərhi ingilisdilli resurslarda “Özünü tapmaq üçün xəyanət" başlığı ilə verilir.

 

Taranın qəribə bir ailəsi var.Ata dünyanın sonuna hazırlaşır, kütləvi aclıq ola bilməsi səbəbindən şaftalıları yığıb saxlayır və bütün kəndi məhv edə biləcək sayda silah alır. Ana türkəçarə ilə məşğuldur, yanıqları, parçalanmış sümükləri lavanda ilə müalicə edir. Qardaş və bacılar məktəbə getmirlər və zibilxanada işləyirlər, təkrar emalı mümkün olan zibilləri yığırlar. Tara tüfəng ata bilir, tikintdəi kran idarə edə bilir, lakin oxumaq və yazmaq onunçün olduqca şətindir, təhsilsiz qalmaq öz sözünü deyir. Amma bir gün onun həyatı dəyişir. Valideynlərdən gizlincə Tara kollecə daxil olmağa hazırlaşır...

 

Tara Vestoverin “Tələbə” kitabını türk dilində (ingiliscədən türkcəyə Duyğu Akın çevirib) Bakı Kitab Mərkəzindən əldə edə bilərsiniz.

 

 

 

 

 

Azad Şuşaya qayıdışdan bəhs edən film də nümayiş olunub

İstanbul şəhərində Xaricdə Yaşayan Türklər və Əqrəba Toplumlar Başqanlığı (YTB), TRT, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya Baş İdarəsi, Anadolu Agentliyi və Boğaziçi Mədəniyyət və Sənət Vəqfinin təşkilatçılığı ilə keçirilən Diaspor Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb. Festivalın seçim mərhələsindən sonra müxtəlif ölkələrdən 24 filmin əsas proqrama daxil edildiyi festival “Atlas” kinoteatrında gerçəkləşib.
AzərTAC xəbər verir ki, türkdilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun “28” filmi də nümayiş olunub. Film Hollandiyada yaşayan jurnalist Xatirə Sərdarqızının 28 il sonra doğma şəhəri Şuşaya qayıdışının hekayəsini təqdim edir. Film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.
Nümayişdən sonra rejissor Nazim Şərbətov film və Qarabağ haqqında sualları cavablandırıb. Filmin qəhrəmanının Birinci Qarabağ müharibəsində yurd-yuvasından köçmək məcburiyyətində qaldığını qeyd edən rejissor qəhrəmanın uşaq vaxtı psixoloji sarsıntılar yaşadığını söyləyib: “Bu hekayədə müharibənin insanlar və uşaqların üzərində nə kimi travmalara səbəb olduğunu göstərmək istədik”.
Festival çərçivəsində müxtəlif tədbirlər və görüşlər təşkil edilib. Kino tənqidçiləri və rejissorlar iştirakçılarla görüşərək fikir mübadiləsi aparıb.

Tematik adı “Yaşayacağıq" olan  Moskva Beynəlxalq kinofestivalının nəticələri həftəsonu elan olundu. TASS-ın festivalın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rejissor Andrey Zaytsevin "Blokada gündəliyi" filmi kinofestivalın Qran-Prisinə layiq görüldü.
Mərkəzi Kinematoqrafçılar evinin Ağ zalında Beynəlxalq Kinofestivalının bağlanış mərasimi ajiotajla keçdi. Bağlanış mərasimində ən yaxşı tammetrajlı filmə, ən yaxşı sənədli filmə, ən yaxşı qısametrajlı filmə, həmçinin xüsusi nominasiyalarda filmlərə mükafatlar təqdim olundu. Festivalın Qran-Prisinə layiq görülmüş Andrey Zaytsevin "Blokada gündəliyi" filmi Leninqradın ilk, ən ağır, blokada qışı haqqında danışır. Fevral 1942 il, mənfi 30 dərəcə şiddətli don, dəhşətli aclıq, su və elektrik işləmir, nəqliyyat işləmir, Leninqrad qar ilə doludur və iflic olub. Gənc qadın, Olga, bütün şəhər vasitəsilə atasının yanına gedir. O, yenicə ərini dəfn edib və tezliklə özünün də acından öləcəyinə əmindir. O, son dəfə atasını görmək, onunla vidalaşmaq və ondan bağışlanmasını istəmək istəyir. Belə bir süjet.
"Ən yaxşı qısametrajlı film rejissor Kseniya Arıelintsevanın "Avako" filminə qismət oldu. Film on üç yaşlı Aninin hekayəsini izhar edir. Yeniyetmə qız qonşusunun nəzarəti altında qalır - 18 yaşlı Arseninin, hansına ki, çoxdan vurulub. Anya gününü Arseninin "Avako" Gənclər klubunda keçirir, daim diqqətini cəlb etməyə çalışır və ağlına belə gəlmir ki, gün gələcək, Arsenini bir daha görməyəcəklər…
Festivalın ən yaxşı sənədli filmi Vladimir Qolovnevin "Uzaq plan" filmi oldu. Həmçinin kinofestivalın prezidenti mükafatı rejissor Artıkpay Suundukovun "Şambal" filmi qazandı.
Bəlkə də kinofestivalın beynəlxalq imicini qoruyub saxlayan elə yeganə detal da Artıkpay Suundukovun - qeyri rusun mükafatlardan birini qazanması sayıla bilər, hərçənd ki, o özü də Rusiya vətəndaşıdır.

Şəkildə: “Blokada gündəliyi” filmindən bir epizod.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şahı ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.
Mədəniyyət Nazirliyinin yaydığı xəbərə görə, görüşdə həmçinin, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə, Britaniya Şurasının ölkə ofisinin rəhbəri vəzifəsinə təyin olunmuş Frensis Qardener-Trexo və Britaniya Şurasının əməkdaşı Dilarə İbrahimova iştirak edib.
Qonaqları səmimi salamlayan nazir Anar Kərimov ilk öncə Samr Şahı İordaniya üzrə Britaniya Şurasının ofis rəhbəri və Levant Klasterinin başçısı vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar və böyük nailiyyətlər arzulayıb.
Ölkəmizdə fəaliyyət göstərən Britaniya Şurasının mədəniyyət sahəsində həyata keçirdiyi layihələri yüksək qiymətləndirən nazir Azərbaycanın Britaniya Şurası ilə əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin Azərbaycan və Böyük Britaniya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib.
Səmimi qəbula görə nazirə minnətdarlığını ifadə edən Samr Şah Azərbaycanda çalışdığı müddətdə Şuranın əməkdaşları ilə birgə görülmüş işləri məmnunluqla vurğulayıb, mövcud əlaqələrin, səmərəli əməkdaşlığın növbəti illərdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib, nazirə və nazirliyin kollektivinə uğurlar arzulayıb.
Görüşdə, həmçinin Britaniya Şurasının ölkəmiz üzrə nümayəndəliyinin yeni rəhbəri ilə birgə fəaliyyətin uğurla həyata keçiriləcəyinə, əməkdaşlığın daha da genişləndiriləcəyinə inam ifadə edilib.
Görüş tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.