Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının “Çərşənbə söhbətləri” rubrikasında Aysel Kərimin bugünkü həmsöhbəti respublikanın əməkdar artisti Rəşad İlyasovdur. Daim pozitiv olan, repertuarını genişləndirən Rəşad İlyasov ona verilən yaradıcı, bir az da fəlsəfi sualları olduqca yaradıcılıqla və filosofsayağı cavablandırıb, buyurun, tanış olun.

 

                             

 

-Dəyərli Rəşad bəy, xoş ovqat arzusuyla ilk sualıma keçid almaq istəyirəm, xalq artisti İlhamə Quliyeva ilə ifa etdiyiniz  “Yaşın nə fərqi var?” mahnısını ilk dəfə eşidəndə uşaq idim. İndi böyük bir qız kimi sizdən soruşmaq istəyərdim, sizə görə, yaşın sevgiyə təsiri varmı? Sizcə, sevgi duyğusu mütləq şəkildə yaş fərqi ilə ölçülməlidirmi?

 

-Salam, dəyərli Aysel xanım. Xoş gördük. Böyük məmnuniyyətlə suallarınızı cavablandırmaq istəyirəm. Əslində, çox dərin sualdır. Adətən, məndən soruşurdular,  “Sənə görə yaşın fərqi varmı?” Amma siz sualı başqa cür qoymusunuz. Ona görə bu suala belə cavab verə bilərəm ki, hər yaşda sevgi var. Sadəcə müəyyən yaşda o sevgi bir cür, növbəti yaşda bir başqa cür qavranılır. “Məncə insan yaşadıqca onun ürəyində sevgi mütləq və mütləq şəkildə olmalıdır. Hər yaşda, hər kəsə sevib-sevilməkləri arzu edirəm” - O vaxt bu sözləri İlhamə xanım demişdi. Mən də onunla razı olmuşdum. Amma arada tərəddüdlər də etmişdim ki, sevgidə bəzi kriteriyalara görə yaşın fərqi olur. İndi isə bir az illər keçdikcə görürəm ki, yox, doğrudan da sevgidə yaşın fərqi əsla yoxdur.

 

-Sosial media üzərindən sizə mesaj yazan heyranlarınıza cavab yazırsınızmı? Yoxsa məsafəlisiniz? Ümumiyyətlə, sosial şəbəkələrin fəaliyyəti sizi qane edirmi?

 

-Açıq desəm, məsafəliyəm. Amma nə qədər məsafəli olsam da istəyərdim və buna çalışıram ki, səmimiyyətimi əldən verməyim. Çünki qeyri-səmimi insanları, riyakar insanları əsla sevmirəm. Ona görə özüm də çalışıram ki, yetərincə səmimi olum. Bəzən o çizgini keçə bilirəm, amma qətiyyən sosial şəbəkə iştirakçılarıyla bu belə olmur. Çünki doğrudan da məsafə gözəl xüsusiyyətdir. Ələlxüsus da tanımadığın, bilmədiyin şəxslərlə. Ona görə mən çalışıram, öz izləyicilərimdən, mənə yazan, diqqət göstərən şəxslərdən heç vaxt diqqətimi əsirgəməyim və suallarını yetərincə cavablandırım. Digər suala gəldikdə isə, bəzən hansısa səhifələrin “adminləri” görürsən ki, qarışqanı fil edirlər. Bu da təbii ki, savadsızlıqdan irəli gəlir. Şişirdilməli məsələlər qalır bir kənarda, aidiyyatı olmayanlar daha çox qabardılır. Ona görə də sosial şəbəkələrin fəaliyyəti o qədər də məni qane etmir.

 

-Səhnəyə hər çıxdığınızda həyəcan yaşayırsınızmı? Yoxsa artıq bunu adi iş kimi qəbul etmisiniz?

 

-Yox, Aysel xanım heç həyəcansız iş olar? Mən də əvvəl elə düşünürdüm ki, insan getdikcə professionallaşar, ona rahat olar. Düzdür, bir şəkildə rahatlıq var, amma əksinə, hər dəfə səhnəyə çıxdıqca və zaman keçdikcə o məsuliyyət və həyəcan ki, var, bizi boş qoymur. Belə deyək, səhnəyə ilk çıxdığın vaxtlar bir az naşılıq həyəcanı olur, çünki ilk çıxmısan, yeni-yeni addım atırsan. Sonradan o həyəcan çevrilir artıq məsuiliyyət həyəcanına. Getdikcə yetərincə kütlən, adın-sanın olduqca, ələxsus fəxri ad alandan sonra müəyyən təbəqələri, müəyyən məqamları əldə etdikdən sonra həyəcan azalmır, yenə də səninlə olur. Sizə bir misal çəkim, mən indi də bizim gözəl sənətkarımız, SSRİ xalq artisti Zeynəb xanım Xanlarovayla işləyirəm, amma lap sənətə gəldiyim vaxtlarda da onunla başlamışam. Onda hələ heç müğənnilik etmirdim, musiqiçiydim, onun ansamblında mahnıları kanonla müşayiət edirdim. Bu da o illərə təsadüf edirdi ki, Azərbaycanda ictimai-siyasi vəziyyət gərgin idi. 1990-cı ilin 20 yanvarından sonra  Zeynəb xanım bir il səhnəyə çıxmadı. Yaralar azacıq qaysaq bağladıqdan sonra o, Heydər Əliyev sarayında bir neçə, sayca 10-dan çox konsert verdi. Və mənim yadımda belə bir epizod qalıb: Demək konsertdə antrakt elan edilmişdi, ikinci hissənin başlamağına az qalmış biz kulisdəyik, son hazırlıq işləri gedirdi, konsertmeystr ona-buna tapşırıq verirdi. Mən bir də gördüm, Zeynəb xanım səhnənin arxasındakı pilləkənlərlə bizə doğru gəlməkdədir, sinəsində də bir böyük, gözəl gül buketi var. Baxdım gördüm, sinəsinə sıxdığı güllər titrəyir. Təəccübləndim. Dedim, Zeynəb xanım bu nədi belə? Həyəcanlanırsınız ki? Dedi, bəs necə? Mən soruşdum,  yəni siz də? Dedi, o həyəcan həmişə var da, həyəcan keçmir ki. O söz yadımdadır, indi bir daha şahidi oluram ki, doğrudan da elədir. Hətta illər keçir, necə səhnələr görürsən, hansı şəraitlərdə çıxış edirsən, nə cür situasiyalardan çıxırsan, amma ona baxmayaraq o həyəcan yenə insanı tərk etmir. İnşallah, heç vaxt bu həyəcan bizi tərk etməsin də.

 

-Biz kanonu  sizsiz, sizi kanonsuz təsəvvür edə bilmirik. Sizin üçün müğənniliklə kanonun ayrılmaz vəhdət təşkil etdiyini bilirik. Özünüz bunu necə şərh edərdiniz?

 

-Bəli, çox doğrudur kanon musiqi alətində ifa etmək və oxumaq mənim ayrılmaz vəhdətimdir. Aysel xanım, siz özünüz professional musiqi bilicisi kimi xəbərdarsınız ki, oxuyaraq musiqi alətində ifa etmək, öz səsini müşayiət etmək çox çətindir. Ona görə, çətin də olsa, çalışıram ikisini bir arada göstərim.

 

-Sənətdə və səhnədə məsləhət aldığınız insanlar çoxdurmu? Təhsilinizin ardını haçansa qardaş Türkiyədə davam etdirmək istəyiniz olubmu, hər halda bir dəfə belə bir informasiya mənim gözümə sataşmışdı.

 

-Bilirsiniz, mənim gözəl müəllimlərim olub. Səhnəyə gəlişimdə və səhnədən öncə. Ailəmdə musiqiçilər olub. Zeynəb xanımdan əvvəl “Ümid” ansamblı vardı, orda çalışırdım, orda da çox gözəl musiqiçilər toplaşırdı. Solistlərimiz elə o vaxtdan tanınırdılar. Xalq artistləri Brilliant xanım Dadaşova, İlqar Muradov. O vaxt təbii ki, bu cür fəxri adları yox idi, yetərincə məşhur deyildilər, amma səhnəyə çıxdıqları andan geniş kütlələri vardı  və bizim ansambl ilə çox sıx əməkdaşlıq edirdilər. Bizim məşqlərimiz çox professional şəkildə keçirdi. Daha sonra Zeynəb xanımla çalışmağa başladım. Türkiyə səfərimiz oldu. Yeni ili orda qarşıladıq. Daha sonra Bakı konsertlərimiz, studiyada səs yazılarımız oldu. Sonra Nisə xanım məni görüb ansamblına dəvət etdi. 7 il onunla çalışmışam. Azərbaycanın bölgələrində, xarici səfərlərdə çıxışlarımız olub. Bu ifaçılar, dediyim kimi, gözümün qarşısında olublar. Zeynəb xanıma, Nisə xanıma baxmışam, götürmüşəm, öyrənmişəm. Mədəniyyət və İncəsənət Universitetində əlavə vokal müəllimlərimdən biri Firudin Mehdiyev olub. Bir neçə müddət getmişəm yanına. Ruhu şad olsun. Bir də, Allah can sağlığı versin Teymur müəllim. Nə vaxt görürəm, elə çalışıram ki, istədiyimi alım ondan. Teymur müəllimin də dərslərində iştirak etmişəm bir müddət. Bunlardan əlavə, bütün ifaçılardan görüb-götürürəm. Müşahidələrim sonsuzdur. Canlı ifaları, çıxışları izləməyi çox sevirəm. İndi buna performans deyirlər də. İstər Zeynəb xanımımız olsun, istər Müslüm Maqomayev, istər dahi sənətkarımız Şövkət Ələkbərova olsun. Bunlardan əlavə, mən dünya ulduzlarını təqib etməyi xoşlayıram. Onların canlı çıxışlarını hər zaman diqqətimdə saxlayıram. Çünki canlı çıxışlar dinləyicilərlə, tamaşaçılarla təmasda ifaçının nə cür nəhəng bir sənətkar olduğunu bir daha göstərir. Yəni musiqiyə olan diqtəsi, konsertin idarə olunması, tamaşaçıların razı qalması - çalışıram ki, hamısını sənət adamlarından öyrənim və öz işimdə, öz çıxışlarımda tətbiq edim. Onu deyim ki, gənclik illərimdə təhsilimi qardaş Türkiyədə davam etdirmək istəyim olub, bəli. Amma anam buna razı olmamışdı. O hesab edirdi ki, birdən gedərəm, orda  qalaram, qayıtmaram. Narahat idi, deyirdi ki, ailə həyatını və işlərini burda qursan yaxşı olar. Ona görə də getmədim.

 

-Sizi həm də teleaparıcı ampluasında görürük ara-sıra. Aparıcılıq mənəvi cəhətdən sizə nə qazandırır? Bu sizin daxili istəyiniz idi? Yoxsa bir təsadüf?

 

-Belə deyək, ümumiyyətlə təsadüflərə inanmıram. Zərurətdən yaranan bir haldır hər şey. Bəzən leksikomumuzda var, deyirlər təsadüfən filankəsi gördüm. Mən düşünürəm ki, o görüş zərurətdən yaranır və təsadüfə çevrilir. Əvvəla, Aysel xanım, onu deyim ki, aparıcılıqda maddi cəhətdən qazanc olur (gülümsəyir). Çünki aparıcılıq edəndə mən çalışıram professional şəkildə bunu edim. Mənim doğma AzTV kanalıyla və digər kanallarla əməkdaşlığım olub. O vaxt ANS-də, bilirsiniz, “Kamerton” proqramını aparmışam. AzTV-də “Səhər” informasiya-analitik proqramını aparmışam. Daha son proqramlarımdan biri “Bu axşam” və “Yaradanlar və yaşadanlar” olub. Maddi qazanclarım, mənəvi qazancım da olub, boşluğu doldurmuşam. Bunlar öz yerində. Çünki bilirsiniz, mənə çox deyirlər, “nitqin gözəldir, informasiyalısan.” Düşünürəm ki, bu da təsadüfən deyil. Anam jurnalist idi. Atam 3 ali məktəb bitirmişdi. Mühəndisiydi, çox savadlı biri idi. Anamın çox gözəl nitq qabiliyyəti olub. Hətta o vaxt radio təzə fəaliyyətə başlayanda Azərbaycan radiosunda ilk olaraq diktor kimi də fəaliyyət göstərib. Dayım filoloq idi. Elə adımı da o verib mənə, böyük türk yazıçısı Rəşad Nuri Güntəkinin adıdır. Yəqin bunların aparıcı kimi yetişməyimdə təsiri var. Sadaladığım nüanslar genetik faktorlardır yəni. Heç yadımdan çıxmaz, 90-cı illərin ortası idi, artıq “Çağdaş” klipimi Fuad Əlişovla iş birliyimiz kimi efirdə yayımlamışdıq. Müsahibələr alırdılar məndən. Bir veriliş vardı o vaxt, “Gecə kanalı” adlanırdı. Çox populyar idi, onu o vaxt yazıçı Varis, bir də Faiq Hüsiyev aparırdılar. O verilişdə danışa bilmədim, sıxıldım. Gəldim, axşam müsahibəyə anamla bir yerdə baxdıq. Bir az söhbətim, danışığım xoşuma gəlmədi. Anam qoydu məni qabağına, dedi ki, “Bu nə danışıqdır, niyə itirirsən özünü, nə var ki burda?” Dedim, nə bilim, ilk çıxışlarımdır, bir az kameranı gördüm, suallar-filan, həyəcanlandım. İstədim sualların üstünə yıxım ki, suallar bir az elə idi, belə idi. Anam dedi, bu bəraət ola bilməz, başqalarının sənə nə aidiyyatı var, sualı verdilər, sən öz fikrinlə, öz sözlərinlə suallara cavab ver, sadəcə, beyninin dərinliyində nəzərində saxla ki, efirdəsən və bir də qətiyyən rus sözlərindən istifadə eləmə. Bax bu fikirlər, anamın o tövsiyyəsi mənim yadımdadır. Ruhu şad olsun. Artıq növbəti müsahibəmdən sonra anam dedi, sən niyə belə bülbül kimi ötürsən (gülümsəyir)? Dedim, bəs sənin sayəndədir hamısı.
-Allah ananıza, cəmi ölənlərə rəhmət eləsin. Doğrudan da övladı uğura yönəldən ən birinci bələdçi valideyindir, buna şübhə yoxdur. Belə bir sual verim, Rəşad bəy, pandemiyanın sizə nə kimi mənfi və müsbət təsirləri olub?

 

-Mənfilər göz qabağındadır. Ən çox ziyan biz incəsənət ustalarına dəydi, belə deyərdim. Çünki bizim sənətimiz xalq üçündür, camaat üçündür. Yəni yığışmaq, toplaşmaq, konsertlərin, müəyyən korporativ tədbirlərin, el şənlikərinin olmaması -  bunun maddi tərəflərini bilirsiniz. Mənəvi tərəfləri isə çox böyük boşluqdur. Necə yəni, insan sevdiyi işlə məşğul olmasın? Təbii ki, bu, insanı çox geri salır. Amma pandemiyanın müsbət tərəfləri də oldu. Çünki insanlar bir-birlərinə diqqət etməyə başladılar. Artıq təbiətə etinasız yanaşmamağı nəzərdə saxlamağa başladılar. Məncə, bu səhfləri etdik deyə bəşəriyyət bax bu cür xəstəliklə üz-üzə gəldi. Ona görə, mən çıxdığım proqramlarda da, müsahibələrimdə də, tədbirlərdə də bunu dönə-dönə qeyd edirəm və öz şəxsi sosial şəbəkə hesablarımdan da bildirirəm. Bildiklərimi də çalışıram ki, dinləyicilərimə, tamaşaçılarıma aşılayım. Çünki dəryada damla qədər də olsa pandemiya dövründə istərdim ki, cəmiyyətə yararlı olum. Ona görə, bir daha hər bir vətəndaşı diqqətli olmağa çağırıram. Burda bir gözəl məqam var ki, keçən ildən fərqli olaraq bu il bizim insanların daha çox pandemiya təcrübəsi var. Düzdür, mütəxəssislər virusun bir şəkildən başqa şəklə mutasiya etdiyini deyir. Biz də zəif deyilik və bizim də öz mübarizə metodlarımız var. Mütləq gigiyenik qaydalara, bütün qanunlara əməl edək ki, tezliklə bu virus bütün dünyamızdan azad olub getsin.

 

-Rəşad İlyasov necə atadır? Tələbkar, sərt? Yoxsa anlayışlı və mülayim?

 

-Həyatın hər bir məqamı mənim ruhumda, xasiyyətimdə var. Bəzən sərt oluram, bəzən mülayim oluram, bəzən anlayış göstərirəm, bəzən başa düşə bilmirəm. Yəni həyatdı da, yaşayıb gedirik. Yəni mən də bu kimi hisslərə malikəm. Çox vaxt mülayim oluram. Yəqin ki, ifalarımdan ruhum bilinir. Amma müəyyən məsələlər var ki, məhz təhsilnən bağlı uşaqlara güzəşt edə bilmirəm. Mən savadlı və məlumatlı insanları çox sevirəm. Övladlarıma da bunu aşılayıram ki, mütləq və mütləq təhsilinizdə boşluq qoymayın. Ümumiyyətlə isə qəlb sındıran insan deyiləm, Aysel xanım.

 

-İncəsənət adamları digər sahənin adamlarına nisbətən çox həssas və tez ruhdan düşən olurlar. Belə məqamlarda gücünüzü, həvəsinizi kimdə və nədə tapırsınız?

 

-Mən müsbət enerjini insanlardan alıram. Bəzən olur, səhnəyə çıxanda müəyyən qanqaraçılıqlarla qarşılaşıram. Amma yetər ki, gözəl bir dinləyici olsun, tamaşaçı olsun orda. Ondan gözəl enerji alıram. O cür də, ondan da artıq enerjini istəyirəm ona qaytarım. Ruhdan düşəndə, məsələn, sənətdə müəyyən bədbinliklərə köklənəndə ailəyə bağlanıram. Ailədə əsəbiləşəndə, uşaqlar məni əsəbiləşdirəndə götürürəm kanonu, ifa edirəm, bir az onda sakitləşirəm. Bax belə. Hər ikisi insana kömək olur. Hər ikisi insana lazımdır. Amma ailənin yeri bizim qəlbimizdə, ruhumuzda, azərbaycançılıqda, biz şərqlilərdə tamam bambaşqadır. Mən düşünürəm ki, insan ailəsini, doğmalarını necə sevməyə bilər? Ona görə hər bir insan öz ailəsinə, doğmalarına sadiqdir. Mən belə görürəm, belə düşünürəm.

 

-Kliplərinizi izləyib sizi aktyor kimi kəşf etmək olur. Heç bu sahə üzrə təklif almısınız? Yaxud daxilinizdə belə duyğu olubmu?

 

-Bəli, bir dəfə təklif aldım. Sadəcə olaraq üstünə düşmədim. Sonra həmin rola başqa adam çəkildi. Həmin film heç də yaxşı alınmadı. Məndə elə hiss vardı ki, mən çəkilsəydim daha yaxşı alınardı. O vaxt rol almağa yox demişdim, amma indi özümü aktyor kimi sınamaq istərdim. Çünki daxilimdə nəsə bir ehtiyac var. Mikayıl Müşfiq demişkən, ruhun ehtiyacı var. Özü də, ələxsus, tarixi bir filmdə, orta əsrlər Azərbaycan tarixinə aid bir filmdə önəmli bir insanın obrazını yaratmaq istərdim.

 

-Əməkdar artist Fərqanə Qasımova ilə mahnı seçimində fikrinizin üst-üstə düşdüyünü vurğulamısınız. Duet ifa etmək istərdinizmi?

 

-Aha, demək, qoy oxucularımız da bilsinlər ki, bu sual hardan yarandı. Sizinlə müsahibəyə hazırlaşarkən aramızdan belə bir dialoq keçdi, bir çox ifaçıları qeyd etdik. Təbii ki, söhbət düşdü bizim gözəl sənətkarımız, dünya şöhrətli xalq artisti Alim Qasımovdan və onun sizin əsərinizi ifa etməyindən. Həmçinin onun övladı Fərqanə Qasımovadan. Mən bir məqama toxundum ki, bəzən bir neçə mahnılar oxuyuruq, görürəm Fərqanə xanım da repertuara daxil edib, mən də. Bu çox yaxşı bir şeydir. Məclislərin birində Alim müəllimlə görüşdük. Mən səhnədə Cahangir Cahangirovun mahnısını ifa edirdim. “Həyat sevgisi” mahnısı var, Mikayıl Müşfiqin sözlərinə, onu. Alim müəllim çox təqdir elədi və gözucu baxdım, gördüm ki, çox böyük maraqla dinləyir. Təbii ki, bu, mənim işimdə, sənətimdə, ifamda bir az da məsuliyyətimi artırdı. Alim müəllimlə hər dəfə görüşümüzdə, söhbətimizdə əsas məsələ musiqi və şeir olub. Mən bilirəm, Alim müəllim sözlərə vurğundur və mən də müəyyən mahnı sözlərində onunla bir fikir mübadiləsi edirəm. O ki qaldı Fərqanə xanımla duet ifa etməyə, niyə də olmasın. Mən, Fərqanə xanım və kanon. Bu artıq duet deyil trio oldu, amma olsun. Hər halda fərqi yoxdur, sonda bir gözəl nəticə olsun (gülümsəyir). Nəsib olsa, Fərqanə xanımla elə sizin lirik əsərlərinizin birini bərabər ifa edərik. Yerli-yerində verilən bu dəyərli suallar üçün sizə çox təşəkkür edirəm, Aysel xanım. Var olun.

 

-Siz də var olun, dəyərli Rəşad bəy, zövqləri oxşamaqda davam edin.

 

 

 

1-10 sentyabrın təqvimi Varisin təqdimatında

 

 

 

1 sentyabr. Ümumdünya Məktubyazma Günü

 

Ta qədimdən insanlar məktublaşıblar. Poçt göyərçinləri, çaparlar bu namə-məktubları daşıyıblar. Üçkünc, dördkünc zərf məktubları sonralar peyda olub. Çox təəssüf ki, müasir dövrdə mobil telefonların görüntülü zəngləşmələri, skayp kimi texnologiyalar ünsiyyəti bir saniyə ərzində elə reallaşdırır ki, məktub yazıb aylarca yetişməsini və aylarca cavab gəlməsini gözləmirsən. Buna görə də məktublar get-gedə arxaikləşir, unudulur. Amma barı ildə bir dəfə gəlin məktub yazaq, köhnə vərdişlərimizi xatırlayaq. Yazıb, zərfə qoyub aparıb göy rəngli poçt qutusuna ataq. Sonra da Novruzəli kimi onun keşiyində duraq, poçtalyon gəlib onu ünvanına çatdırmaq istəyəndə məktubumuza təhlükə duyub poçtalyonun üstünə atılaq. Öz məktublarımızın ünvana yetişməsinə özümüz də mane olaq. Əslində, avamlıq da gözəldir, onsuz da indi məktubların cavabsiz qaldığı bir zamanəyə yetişmişik. Biri var reallığı görə bilmədən kor olasan, biri də var, görə-görə kor olasan.

 

1 sentyabr. Aktyor Fazil Salayevin 90 illiyi

 

Azərbaycan mədəniyyətinin qızıl fondunu təşkil edən köhnə kinolar və onlarda rol alan köhnə aktyorlar – onların yeri bir başqadır, yeniləri heç vaxt onların yerini tuta bilməz. Bir Fazil Salayevi xatırlayaq. Onun “Bir cənub şəhərində” filmində yaratdığı Fazil, “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd obrazlarını məgər unutmaq olarmı?

 

Fazil İdris oğlu Salayev 1931-ci il sentyabr ayının 1-də Bakı şəhərində anadan olub. Dövrünün çox şöhrətli və istedadlı meydan teatrı aktyoru Lotu Cabbarın nəvəsiymiş. Əslən Cənubi Azərbaycandan idilər. Orta məktəbi yaxşı qiymətlərlə başa vurub, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alaraq 1957-ci ildə oranı əla qiymətlərlə bitirib. Bir müddət orta məktəbdə müəllim işləyib, Yasamal rayonundakı məktəbdə Xalq artisti Afaq Bəşirqızıya rəsm dərsi də keçib. “Azərnəşr”də rəssamlıqla məşğul olduqdan sonra içində olan aktyorluq sevgisi onu ikinci ali təhsil almağa sürükləyib. O, 1957-1961-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1961-1970- ci illərdə Akademik Milli Dram Teatrında, 1970-1975-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1975-1978-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib. Onun səhnə sərbəstliyi və improvizə məharəti təkrarsız təsir bağışlayırdı. Milli Dram Teatrında o, Lütfiyar (“Əcəb işə düşdük”), Xəlil (“Qaçaq Nəbi”), Mürşüd (“Xoşbəxtlər”), Cəlal (“Ölülər”) kimi əsas obrazlar oynayıb. Musiqili Komediya Teatrında isə Şəkərli (“Axırı yaxşı olar”), Şakir (“Dağlar qoynunda”), Qulu Rəhimli (“Nənəmin şahlıq quşu”) və s. kimi əsas rollar ifa edib. F.Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşıb. Rejissor H.Seyidbəyli onu “Möcüzələr adası” filmində epizodik rola dəvət edib, cəmi bir il sonra isə o, rejissor A.Quliyevin ekranlaşdırdığı “Ulduz” filmində fotomüxbir rolunu oynayıb.

 

Aktyor “Mozalan” satirik kinojurnalında da müxtəlif yaddaqalan tipajlar yaratmağa nail olub. Həmişə sərxoş olduğu üçün metroya girə bilməyən məşhur tipajın monoloqu məgər heç unudularmı? Qeyd etdiyimiz iki filmdən başqa Fazil Salayev “Alma almaya bənzər” filmində Mehdi, “Bizim Cəbiş müəllim” filmində Mıqqı, “Dərviş Parisi partladır” filmində Qulaməli, “Ürək, ürək…” filmində çilingər, “Sən nə üçün susursan?” filmində Ramazan, “Şir evdən getdi” filmində İbrahim kimi yaddaqalan obrazlar da yaradıb.

 

Fazil Salayev 1978-ci il iyun ayının 16-da heç bir fəxri ad, mükafat almadan Bakı şəhərində vəfat edib. Demək ki, bu nəsnələri qazanmaq üçün nə istedad, nə ad-san, nə də ümumxalq sevgisi yetərli imiş. Ruhu şad olsun!

 

1 sentyabr. Şair Tofiq Abdinin 80 illiyi

 

Elə şairlər var ki, cəmi bircə bəndlə sənin yaddaşına həkk olunur. Tofiq Abdin də belələrindəndir. Gəncliyimdə ədəbi jurnaldan onun bir bənd sonetini dəftərçəmə köçürmüşdüm, sonradan debüt romanım olan “Sonuncu ölən ümidlərdir”də bu bənddən epiqraf kimi istifadə etdim. Bir bənddə ayrılıqdan doğan bir insan kədəri və nisgili bundan gözəl necə deyilə bilər axı:

 

    Evdən çıxacağam

 

nisgil əlindən,

 

Hər axşam.

 

Səni bu işıqlı

 

küçələr boyu,

 

Axtaracağam,

 

Əllərimdə şam.

 

Səni soruşaraq

 

tanış-bilişdən,

 

Gəzərəm şəhəri

 

sökülüncə dan.

 

Baxıb görərəm ki,

 

sənli günlərim...

 

Ötür yanımdan.

 

Tofiq Məhərrəm oğlu Abdinov (Tofiq Abdin) 1941-ci il sentyabr ayının 1-də Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. Kənddə kolxozçu işləyib, sonra Bakıya gəlib, Komvol fabrikində usta köməkçisi kimi çalışıb, 1962-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alıb. 1967-ci ildə Azərbaycan Sovet Ensiklopediyasında korrektor, kiçik redaktor, 1968-ci ildən “Qobustan” jurnalında teatr və kino redaksiyasının müdiri vəzifələrində çalışıb, istedadlı jurnalist və şair kimi nüfuz qazanıb. 1969-cu ildə Böyük Vətən müharibəsində itkin düşmüş sənət adamları haqqında ilk sənədli “Etüd” oçerklər kitabı çap olunub. 1984-cü ildə “Bəlkə bir də görüşdük” adlı oçerklər toplusu işıq üzü görüb, “Nəğməli gecələr” (1972), “Ata sevgisi” (1978), “Sahilsiz dünya” (1986), “Səhərimiz ayaq açır” (1991) kimi şeir kitabları çap olunub.

 

Tofiq Abdin 1993-2001-ci illərdə Türkiyədə yaşayıb. Türkiyədə çalışarkən “Orta doğu” və “Asiya” qəzetləri ilə əməkdaşlıq edib. Lakin 2001-ci ildən doğma jurnalı olan “Qobustan”a qayıdıb, burada 2005-ci ilə kimi məsul katib vəzifəsində işləyib. 2005-2006-cı illərdə “Ulduz” jurnalında ədəbi işçi, Mədəniyyət və Turizm Nazirliyində Teatr sektorunda aparıcı məsləhətçi, 2006-cı ildə isə “Mədəniyyət” qəzetində baş redaktorun müavini vəzifələrində çalışıb. Həmçinin bu illər ərzində şairin “Şeirlər” (2001), “Proza” (2006), “Poeziya” (2009) və bu kimi kitabları çap olunub. 2002-ci ildə Xalq şairi Rəsul Rza adına Beynəlxalq ədəbiyyat mükafatına, 2010-cu ildə isə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

 

Tofiq Abdin 2014-cü il fevral ayının 24-də vəfat edib, Bakıda dəfn olunub. Allah rəhmət eləsin.

 

1 sentyabr. Ət qızartması və katibələr bayramı, həm də 2-ci dünya müharibəsinin başlanması günü

 

Dünya xalqları bu günü kürən pişiklər günü kimi qeyd edirlər. Kürən pişik rastınıza çıxanda hər birinizin ona qayğı göstərməsi tələb olunur beynəlxalq normaya görə. Yeni Zelandiyada bu günü qəfil yaxşılıqetmə günü kimi təqvimə yazıblar. Plandankənar yaxşılıqlar günüdür yəni onlarda bu gün. Slovakiyada Konstitusiya, Özbəkistanda müstəqillik, Hondurasda bayraq, Polşada veteranlar günüdür. Almanlar bu günü sülh günü kimi, eritreyalılar müstəqillik uğrunda mübarizə günü kimi, liviyalılar inqilab günü kimi, türkmənlər tələbələr günü kimi qeyd edirlər. Amerikalılar yenə də bir günə iki mətbəx bayramı salıblar. Onlar həm albalılı popover (hesab edin ki, kökə), həm də quro (ət qızartması) bayramını qeyd edirlər. Zimbabvelilər daha uzağa gediblər, bu gün onlarda katibələr (bəli, bəli, katibələr) günüdür. Müdirə çay gətirən, telefonlara cavab verən, harın müdir olduqda daha başqa tələblərə hədəf olan katibəlik, əslində, ən təhlükəli peşələrdəndir.

 

Bir vaxtlar bizdə də məktəblər 1 sentyabrda açılırdı deyə bu gün bilik günü kimi qeyd edilirdi. Biz bu vərdişdən yan keçdik, amma bir çox ölkələrdə bu gün bilik günü kimi qeyd edilir. Tarixi hadisələrin ildönümünə gəlincə, 2004-cü ilin bu günündə  Rusiyada Beslan teraktı baş verib, 1 saylı məktəbə hücum çəkən 32 terrorçu 1200 uşaq və böyüyü girov götürüb, Rusiya xüsusi xidmətinin uğursuz əməliyyatı nəticəsində girovlardan 300 nəfəri həlak olub.  1996-cı ildə ukrainlər qrivna adlı milli valyutanı dövriyyəyə buraxıblar. 1939-cu ildə 3-cü reyx Polşaya hücum edib, bununla da 2-ci dünya müharibəsi başlayıb.

 

2 sentyabr. “Bir daha bax” günü.

 

Köhnə əşyaları, paltarları atmaq istəyirsiniz? Onlara bir daha baxın, nəzərdən keçirin. Bəlkə onların içində elələri var ki, dost-tanışınıza gərəkli ola bilər, yaxud aparıb aztəminatlı ailələrə verə bilərsiniz? Bu günün məğzi bax budur. Və deyilənə görə, bu gün həqiqətən də insanların sanki şüuru dəyişir, beyinlərinə pozitiv fikirlər dolur, ətrafdakılara pay-pürüş paylayırlar. Həqiqətən, səninçün lazımsız olan bir şey kiminsə həyatını dəyişə bilər, bu aksiomdur.

 

İnsanlar arasında məgər belə deyil? Sənin dəyər vermədən ayrıldığın birisi gedib bir başqasını xoşbəxt etmirmi?

 

2 sentyabr. Rəssam Əyyub Hüseynovun 105 illiyi

 

Azərbaycanı dünya miqyasında tanıdan rəssamlar az olmayıb. Onlardan biri də Əyyub Hüseynovdur. Əyyub Müseyib oğlu Hüseynov 1916-cı il sentyabr ayının 2-də Naxçıvanın Noraşen rayonunun (indiki Şərur) Xok kəndində anadan olub. Onun yaradıcılığının erkən dövrü Bakı Rəssamlıq Texnikumunda təhsil aldığı illərdən başlanır. O, 1931-ci ildə texnikumu bitirdikdən sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirib, təhsilini başa vurduqdan sonra bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib,  müxtəlif tamaşalar üçün dekorasiya və eskizlər hazırlayıb. Lakin rəssam kimi dəzgah rəngkarlığına daha çox meyl edib. Əyyub Hüseynov  kənd mövzularında rəngarəng tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib. “Araz vadisində” mənzərə tablosunun yaranmasından 70 ildən artıq vaxt keçməsinə baxmayaraq, əsər bu gün də məşhurdur. Əyyub Hüseynov sovet dövründə əsərləri ilə Azərbaycanı dünyada tanıtdıranlardan biri olaraq müxtəlif janrlarda çəkdiyi rəsmlərində milli dəyərlərimizi təsvir edib. Yaratdığı tablolar bu gün də dünya muzeylərini bəzəyən eksponatlardandır. Əmək mövzusunda çəkdiyi “Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrında “Şahbuz”, “Yağışdan sonra”, eləcə də “Aşıq Ələsgər” və “Əmək qəhrəmanı” portretləri məşhurdur.

 

1980-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Əyyub Hüseynov 1998-ci il aprel ayının 17-də Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!

 

2 sentyabr, Odessa şəhərinin günü

 

Odessada axırıncı dəfə 1996-cı ildə olmuşam. Amma təəssüratlar o qədər yaxındır ki, hətta bu Qara dənizdəki liman şəhərinin Dənizkənarı bulvarının qoxusu belə burnumdadır. Dünyada onlarca ölkələrdə, şəhərlərdə olsam belə nədənsə Paris, London, Madrid, Frankfurt, Nyu-York, Moskva, Kiyev, İstanbul belə məni Odessa qədər təəccübləndirməyib, sevindirməyib, xoşbəxt etməyib. Bəlkə də onu mənə sevdirən türk köklərinin olmasıdır. Bir baxın, 1415-ci ildə bu şəhər Hacıbəy adı ilə tanınırdı. Sonradan, 18-ci əsrdə ruslar buranı ələ keçirib adını da dəyişdilər, Odessa sözü fransız mənşəlidir, çoxlu su deməkdir. Deyilənə görə, o vaxtlar şəhərə köçürülən kazaklar insanların Hacıbəy yox, Odessa demələrinin qeydinə qalırmışlar, şəhərin girəcəyində lövbər salaraq gələnlərə “Hara belə?” sualı verirmişlər, Odessa cavabı aldıqda gələni şəhərə buraxır, Hacıbəy cavabı aldıqda onu qılıncdan keçirirmişlər. Bax belə bir qara şovinizm tarixçəsi.

 

Şəhərin o qədər özəlliyi var ki. Burada bir çox məşhur sovet filmləri şəkilib.  Dünyaca məşhur Privoz bazarı burdadır. Eləcə də, dünyaca məşhur Deribasovsk küçəsi də. Sovetlər dövründə ayrıca bir lətifə kateqoriyası var idi, Odessa lətifələri. Sovet dövründə məşhur bir məsəl də var idi, “Rostov papa, Odessa mama”. Ölkənin bütün kriminal avtoritetləri Odessada yığışardı. Dünyanın ən yaşıl və güllü-çiçəkli bulvarlarından biri Odessa bulvarı hesab edilir. Buranın bir adı da var idi, yəhudi Odessası. Yəhudilər burada çox idilər, Avram və Sara obrazları da həm buna, həm də şəhərin yumor ənənəsinə bir işarə idi.

 

Yadımdadır, bir dəfə Dənizkənarı bulvarı gəzərkən dənizin, gül-çiçəyin və xoşbəxtliyin qoxusu başıma necə vurmuşdusa gülsatan qarıdan bir vedrə gül alıb yoldan keçən qəşəng qızlara paylamışdım. Eh, Odessa, Odessa!

 

2 sentyabr. Müharibənin bitməsi, məcburi sıyıqyemə, “Titanik”in tapılması günü

 

Tarixə fikir verirsinizmi, 2-ci dünya müharibəsi dünən – 1 sentyabrda başlayıb, bu gün – 2 sentyabrda başa çatıb. 1945-ci ilin bu günündə, Moskva vaxtı ilə saat 16.02-də almanların son müttəfiqi – Yaponiyanın kapitulyasiyası ilə bəşər tarixində ən çox can alan bir müharibə sona çatıb.

 

Bu gün vyetnamlılar Milli dövlət günlərini qeyd edirlər, amerikalılar Kaberne gününü. Kaberne təbii ki, mətbəxə aiddir, şərab üzümü növüdür. Üstəlik, amerikalılarda bu gün “Səhər naharında sıyıq” günüdür. Olsun ki, bizdə peyvənd məcburi olduğu kimi amerikalılarda da 2 sentyabrda sıyıq yemək məcburidir. 

 

1993-cü ilin bu günündə Özbəkistanda 2000-ci ildən kiril əlifbasından latın əlifbasına keçmək haqda qərar verilib. Amma 2021-ci ildir, hələ də keçə bilməyiblər. Demək, latına keçə bildiyimiz üçün bizi alqışlamaq yerinə düşməzmi, düşər. 1985-ci ildə Nyufaundlend sahillərində əfsanəvi “Titanik” gəmisi tapılıb. 1969-cu ilin bu günüdə Kaliforniya universiteti laboratoriyalarından birində bir kompüterdən digərinə məlumat ötürülməklə İnternetin yaranmasına ilk töhfə edilib. 1834-cü ildə Samuel Kolt öz revolverinə patent alıb. İki yüz ilə yaxın bir dövr ərzində koltlar nə qədər can almışlar, bu qədər insan ruhu Kolt köpək oğlunu elə bilirsiniz lənətləmir?

 

1831-ci ildə Qoqolun “Dikanka yaxınlığında Xutor axşamları” romanı işıq üzü görüb. 1789-cu ildə ABŞ-da maliyyə nazirliyi yaradılıb. 1192-ci ildə tarixin növbəti dönümünü səciyyələndirən əlamətdar bir olay baş verib, Yaffada ingilis kralı 1 Riçard Şir ürəkli ilə Sultan Səlahəddin sülh müqaviləsi bağlayıblar.

 

3 sentyabr. Heydər Əliyevin hakimiyyətə qayıdışı günü

 

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Xatırlayaqmı həmin günləri? Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəldi. 1990-cı il avqustun 21-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin Rəyasət heyəti Heydər Əliyevə Naxçıvan MSSR vətəndaşlığı verilməsi barədə qərar qəbul etdi. 1990-cı il 30 sentyabr seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabriki kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatlığına seçildi. 1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirildi. Həmin sessiyada çox mühüm qərarlar qəbul olundu. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respubli-kasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmaq qərara alındı. Naxçıvan MSSR Ali Sovetinin adını dəyişərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı.

 

1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası çağırıldı. Həmin sessiyada Heydər Əliyev yekdilliklə Ali Məclisin sədri seçildi. Heç 2 il keçmədi ki, o, Azərbaycanın rəhbərliyinə gətirildi

 

3 sentyabr. Korifey aktyor Yaşar Nurinin 70 illiyi

 

Yaşar Nurini tanımayan, sevməyən varmı? Sözün həqiqi mənasında böyük aktyorlardan idi, Allah ona qəni-qəni rəhmət eləsin. Əlbəttə, mütləq çoxluq onu yaratdığı komik obrazlarla sevib. Amma mən məktəbli ikən baxdığım “Səni axtarıram” teletamaşasında rol aldığı dramatik “Elçin müəllim” roluna vurğun idim, Firəngiz Mütəlllibova ilə yaşadıqları səhnə sevgisi bizə o qədər real görünürdü, içimizdə pərvazlanan ilk sevgi ruşeymləri cücərir, böyüyürdü sanki. O dövrlərin necə ki tamaşaları, mahnıları fərqli idi, eləcə də sevgiləri fərqli idi, təmənnasızıydı, safıydı büsbütün.

 

Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış və unudulmaz aktyorumuz Məmmədsadıq Nuriyevin ailəsində anadan olmuşdur. Səhnədə ilk dəfə on bir yaşında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxış etmişdır. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmiş, müxtəlif dram dərnəklərinə getmişdir. 1968-ci ildə Bakıdakı 173 saylı orta məktəbi bitirmiş, Azərbaycan İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. Kurs rəhbərləri tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir. Tələbəlik illərində Balaş (“Sevil”), Salmanov (“Toy”), Neznamov (“Günahsız müqəssirlər”) və s. obrazlar yaratmışdır. 1974-cü ildə Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə kollektivin aktyor truppasına qəbul olunmuşdur. Yaşar Nuri Milli Dram Teatrında işlədiyi gündən repertuarda olan bir çox tamaşalarda iştirak etmişdir. O, Pərviz (“Bağlardan gələn səs”), Qasım (“Quşu uçan budaqlar”), Sərsəm Salman (“Dəli yığıncağı”), Əbdüləli bəy (“Sevil”) və s. obrazlarını yaratmışdır.

 

Yaşar Nuri həm də məşhur kino aktyoru idi. Əlliyə yaxın bədii filmə çəkilmiş, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak etmişdir. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın qızıl fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlara R.Həsənoğlunun hazırladığı R.Qasımovanın “Yollar görüşəndə...”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, H.Cavidin “Topal Teymur”, A.Qəhrəmanovun əsərləri əsasında lentə alınmış, haqqında əvvəldə söz açdığım “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası və s. televiziya tamaşalarını misal göstərmək olar.

 

O, 1981-ci ildə Azərbaycan SSR-nin “Əməkdar artist”, 1989-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüş, 1991-ci ildə 40 illik yubileyində “Yaramaz” filmindəki roluna görə Dövlət mükafatı laureatı olmuş, 1992-ci ildə isə “Qızıl dərviş” mükafatına layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinın Fərdi təqa­üdçüsü idi. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

 

Yaşar Nurini 2012-ci il noyabr ayının 22-də itirdik.

 

3 sentyabr. Ümumdünya Göydələnlər Günü

 

Dünyada ilk göydələn 1885-ci ilin 3 sentyabrında ABŞ-ın Çikaqo şəhərində istifadəyə verilib, bu gün həmin o hadisənin şərəfinə təqvimdə göydələnlər günü kimi qeyd edilir. Həmin bina The Home İncuranse sığorta şirkətinə aid idi, 10 mərtəbəliydi, arxitektoru Uilyam Cenni idi. İlk göydələnin ömrü isə elə də uzun olmamışdı, bina 1931-ci ildə sıradan çıxmışdı.

 

Göydələnlər gününü bizim paytaxtımız xüsusi şövqlə keçirə bilər, çünki dünyanın ən gözəl memarlıq şedevrlərindən biri olan Alov qüllələri Bakının hüsnünü bəzəyir. Bu gün ərinmədən yolunuzu bu gözəlliyin yanından salın, bir daha ona baxıb həzz duyun, yaxşımı?

 

3 sentyabr. San Marino Respublikasının Günü

 

Yaxın oturun, sizə müasir cənnətlərdən biri haqqında danışacağam. 3 sentyabr 301-ci ildə yaradılmış San Marino knyazlığı həqiqətən cənnətdir. İlk olaraq ondan başlayım ki, hazırda yer kürəsində koronavirusa qalıb gələn yeganə ölkə də San Marinodur. Korona bəlası gələndə və insanlar yoluxub vəfat etməyə başlayanda ölkənin rəhbəri “Onsuz da əhalimiz azdır, elə edək ki, bu bəla axırımıza çıxmasın” deyərək ən keyfiyyətli və ən bahalı vaksini almış, öncə özü və ailə özvləri, hakimiyyət əyanları nümayişkəranə şəkildə vaksin olunmuşlar, ardınca da bütün ölkə əhalisi. Hazırda ölkədə bircə dənə yoluxma halı yoxdur, hamı da şad-xürrəm ömür sürməkdədir.

 

Bu bayran günündə san-marinolular dini rituallar ifa etməkçün kilsələrə toplaşırlar, günortaya kimi ruhani prosedurlar yekunlaşır, günortadan sonra isə dünyəvi prosedurlar başlayır. Hərbi orkestr ifa edir, arbalet turniri keçirilir, atəşfəşanlıq baş tutur.

 

Ərazisi cəmi 61 kvadrat kilometr (hansı rayonla bərabərləşdirim, heç biri uyğun gəlmir. Belə deyək də, bir imkanlı azərbaycanlının qəsri yerləşən torpaq sahəsi qədər), əhalisi isə vur-tut  34450 nəfər olan bu ölkə kiçikliyinə görə Avropada 3-cü, dünyada isə 5-cidir. Amma bir balaca boyu var, dam dolusu toyu var.Uzun-uzadı yazmayacağam, orda maddi rifah halı necədir, adambaşına düşən ümumi daxili məhsulun həcmi nə qədərdir, bir aylıq gəlirə neçə kilo qara kürü və ya trüfel göbələyi (qara kürünün kilosundan xəbəriniz varmı, deyirlər 1500 manatdır, trüfel göbələyi isə nə vaxtdır 2000 dollarda dirənib) ala bilirlər, bunları deməyəcəyəm, tək onu deyəcəyəm ki, orada demokratiya elə bir həddədir ki, azadlıq özü də bu qədər qol-qanad açmasına utanır. Ölkənin konstitusiyası isə 1500-cü ildən dəyişməz olaraq qalır, təsəvvür edirsinizmi?

 

3 sentyabr. Tanınmış rəssam Oqtay Şıxəliyevin 90 illiyi

 

Oqtay Şıxəliyevin (Oqtay Şirəliyev yox a) əl işləri hər gün gözümüzə sataşır, amma bilmirik ki, bunların yaradıcısı kimdir. XX əsrin 60-cı illərindən etibarən Bakıda bir çox ictimai binaların - idman sarayı, məktəb, zavod, metro stansiyası, park və s. bədii tərtibatını o verib, binaların interyerində müxtəlif formalı kompozisiyalar yaradıb. Rəssamın monumental yaradıcılıq nümunələrinə misal olaraq Bakıdakı 18 saylı məktəb, Bakı məişət kondisionerləri zavodu, “Azərbaycan” nəşriyyatının binası, Bakıda “Uşaq dünyası” universal mağazası və digərlərini göstərmək olar. O, rəngkarlıq sahəsində çalışmış, çoxlu portret və mənzərə təsvirləri, plakatlar işləmiş, dekorativ vazalara və boşqablara tərtibat da vermişdir. Daha çox lokal rənglərə üstünlük verən rəssam bu rənglərin ahəngini onların təzadı ilə birgə yaratmışdır. “Mənim qaracam”, “Nigar”, “Qız”, “Kimyaçı” kimi portretlərdə, həmçinin, “Qobustan”, “Müharibənin nəticələri” adlı mənzərələrində buna rast gəlmək mümkündür. Rəssam dəzgah rəngkarlığının müx­təlif janrlarında bir-birindən maraqlı əsərlər yaratmışdır. “Çənlər” (1969), “Kürün ram edilməsi” (1970), “Sallaqxana” (1970), “Mənim buketim” (1971), “Kapella” (1980) və s. əsərləri onun tematik tablolarının əsas bədii xüsusiyyətlərini əks etdirir. Portret və mənzərə janrında yarat­dığı “Qobustan daşları” (1966), “Sum­qayıt boruları” (1970), “Tarzən Bəh­ram Mansurov” (1972), “Aydın səma” (1974), “Rəs­samın ailəsi” (1976), “Meksika həyəti” (1982) və s. rəssamın yaddaqalan uğurlu əsərlərindəndir. Bir çox xarici ölkələrdə - Meksika, Almaniya, Kanada və s. yaradıcılıq səfərlərində olmuş Oqtay Şirəliyevin əsərləri dünyanın müxtəlif ölkələrində nüfuzlu muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. O, 1982-ci ildə Azərbaycan Respublikasının “Əməkdar rəssamı”, 1992- ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür, Prezident təqaüdçüsü idi. Oqtay Şıxəliyev 2012-ci il yanvar ayının 31-də Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.

 

3 sentyabr. Tranzistorlu radioqəbuledici, Xruşşev, Formula 1

 

Bu gün Qətər Britaniyadan aldığı müstəqilliyinin 50 illiyini bayram edəcək.  Bu gün İranda isə Britaniya müstəmləkəçiliyi ilə mübarizə günüdür. Milli qəhrəman Rais Əl Delvarinin şərəfinə qeyd edilir bu gün. Bir baxın, onlarda da Britaniya, bunlarda da.

 

ABŞ-da donuz qabırğasından barbekyü günüdür. Yaponiyada çarpayı günüdür. Bəli, amerikalılar bu gün bolluca donuz qabırğası yeyəcəklər, yaponlar isə çarpayıda sərələnəcəklər.

 

1959-cu ildə Yaponiyada Sony kompaniyası ilk tranzistorlu radioqəbuledici istehsal edib. İndiki gənc nəsil bilməz, bizim dövrümüzdə bu cihaz məişətdə çox önəmli yer tuturdu. 80-ci illərin sonunda SSRİ-də və Azərbaycanda baş verən siyasi hadisələr barədə doğru-düzgün məlumatları insanlar məhz bu tip radiolar vasitəsi ilə xarici radiostansiyalardan alırdı. “Amerikanın səsi” və “Azadlıq” radioları, diktor Mirzə Xəzər çox populyar idilər. 20 yanvardan sonra, yadımdadır, mən VEF markalı tranzistorumuzu həyətə çıxarardım, cavanlar toplaşıb qulaq asardıq, valideyinlər arasında isə şayiə dolaşardı ki, göydən vertolyotla izləyirlər, kimlər xarici radiostansiyalara qulaq asırlarsa onları tutacaqlar.

 

1953-cü ilin bu günündə SSRİ-də hakimiyyətə Nikita Xruşşev gəlib. O adam ki, ölkəni başdan başa qarğıdalı plantasiyalarına çevirib, xarici müxbirə ayaqqabısını çıxarıb tolazlayıb. 1950-ci ilin bu günündə İtaliyanın Monsa şəhərində Formula 1 üzrə ilk dünya çempionatına start verilib ki, hazırda o çempionat Bakı küçələri üçün də keçərlidir. 1914-cü ildə amerikalı Meri Cekobs büstqalteri (üzr istəyirəm) kəşf edib, iki il əvvəl isə Böyük Britaniyada ilk konserv zavodu istifadəyə verilib.

 

1875-ci ildə avstriyalı konstruktor Ferdinand Porşe dünyaya gəlib. Porşe indi dünyanın sevərək idarə etdiyi Porşhe və Volkswagen avtomobillərinin, eləcə də Tiqr tankının yaradıcısıdır, biləsiniz.

 

4 sentyabr. Moskva şəhəri günü

 

Əhalimizin nə qədəri Rusiyada, onun da nə qədəri Moskvadadır. Barı, oradakılar bilsinlər ki, bu gün Moskvada şəhər günü qeyd ediləcək, əhali gəzintiyə, alış-verişə çıxacaq. Dükan-bazar, kafe-restoran işlədənlər ən azı alverlərinin ikiqat artacağını göz önünə alsınlar. Vətənpərvərlərimiz isə hansısa bir izdiham olan yerdə bir-iki kəlmə Qarabağ şüarı səsləndirsinlər. Düşmən hər vasitədən istifadə edir, biz niyə etməyək? Konditerlərimiz İrəvan xanlığı adında tort, kababçılarımız Xankəndi lüləsi adı altında kabab çıxarsınlar süfrəyə. Qoy ruslar yeyib hayıl-mayıl olsunlar, bu adları da ölənədək xatırlasınlar.

 

4 sentyabr. Ümumdünya Taekvondo Günü

 

Əsil bizlik bayramdlır. Nə qədər medallarımız var bu idman təmrini üzrə. Rəhbərlikdə təmsil olunan Füzuli Musayevlə, Niyaməddin Paşayevlə hətta tanışlığım da var. Azərbaycanda qara kəmər daşıyıcılarının sayı 500 nəfərdir. Var olsun Azərbaycan idmanına şərəf gətirən taekvondoçularımız. O ki qaldı bu bayramın mənşəyinə, 1994-cü ilin bu günündə Beynəlxalq Olimpiya Komitəsi taekvondonu olimpiya idman növü kimi təsdiqləyib.

 

4 sentyabr. Beynəlxalq Saqqal Günü

 

Bəli, məhz saqqal günü. Sentyabrın ilk şənbəsi ənənəyə görə belə bir gün qeyd olunur. Bu, saqqallı insanların günüdür. Yəni, kim saqqal saxlayırsa bu günü qeyd edə bilər. Skandinav ölkələrində və Amerikada xüsusən bu bayram coşqu ilə qarşılanır. Saqqallı insanlar yeyib-içmə kampaniyaları keçirir, təbiət qoynuna gedir, əylənirlər.

 

Ta qədimdən saqqal saxlamaq üz qırxmaq anlayışı meydana çıxmadığı üçün gündəmdə idi. Üzü təraş etmək qaydaları təzbit olunduqdan sonra kimlərsə buna qarşı çıxdılar, saqqal saxlamağı üzü soyuqdan qorumaq vasitəsi hesab etdilər. Hansısa zamanda din təraşı haram buyuranda bu dəfə məhz dini kurallara uyğun olaraq saqqal saxlanıldı. Hazırda isə saqqal yalnız bir dəb vasitəsidir.

 

Daha nə demək olar? Bəlkə bunu ki, bir dəfə media aşkarlamışdı ki, cəmi bir həftə ərzində dalbadal Britaniya şahzadəsi Qarri, aktyor Tom Xardi, aktyor Bred Pit, futbol əfsanəsi Devid Bekhem, aktyor Jonni Dep, eləcə də Leonardo di Kəprio, Çak Norris və Şon Konneri saqqal saxlamağa başlamışlar. İmkanlılar və ünlülər saqqal saxlayırsa, demək, burada bir hikmət mütləq var. O ki qaldı Azərbaycana, bizdə saqqal dəbi yoxdur, yalnız dini baxımdan saqqal saxlayanlara rast gəlinir, gənclərsə ərindiklərindən üzlərini qırxmırlar. Azərbaycanın mərhum eks prezidenti Əbülfəz Elçibəydə, mərhum şair Xəlil Rza Ulutürkdə, aktyor Mikayıl Mirzədə... xatırlayın, daha kimlərdə saqqal görmüsünüz?

 

 4 sentyabr. Fotokameranın və Morze əlifbasının yaranışı

 

Argentinada mühacir günüdür. Bu gün barədə heç bir rəsmi açıqlama tapmasam da onu deyə bilərəm ki, bu Cənubi Amerika ölkəsi ən çox erməniləşmiş ölkələr sırasındadır, ona görə də mühacirdən söz düşərkən, şübhəsiz, ermənilər xatırlanır. Belədə, qəhr olsun belə bir gün. Yeri gəlmişkən, düşmən ölkənin özündə isə bu günü Xilaskar günü kimi qeyd edirlər. Tarixləri tam saxta olduğundan xilaslkarları da saxtadır deyibən növbəti ölkələrə adlayıram. İranda kooperasiya, Moldovada və Ukraynada gömrükçü, Almaniyada qəhvə günüdür, Amerikada yenə də birdən-birə 3 bayram bir-birinə qarışıb,  bekon (bu, donuza aid yarımət, yarımpiy kəsimdir), makadami qozu və üstəlik avtomobillə piknik günüdür. (Bu xalq necə belə qayğısızdır, Tanrım!)

 

2017-ci ilin bu günündə astronomlar səmada 100 min günəş kütləsinə bərabər qara dəlik aşkar edərək həyəcan təbili çalıblar. 1888-ci ildə Corc İstmen fotokameraya patent alıb və “Kodak” adlı ilk ticarət markasını qeydiyyatdan keçirib. 1886-cı ilin bu günündə Arizonada sonuncu qırmızıdərili hindu – Ceronimo amerikalı ağlara təslim olub. 1837-ci ildə amerikalı ixtiraçı Samuel Morze məlumatları işarə ilə çatdıran elektromexanik teleqraf aparatını kəşf edib, beləcə Morze əlifbası peyda olub.

 

Sənədli filmləri sevirsinizmi? 1897-ci ilin bu günündə sənədli film janrının banilərindən biri, sovet rejissoru Mixail Kaufman doğulub. Vişnevski mazından istifadə edirsinizmi? 1874-cü ildə o mazı yaradan rus hərbi cərrahı Aleksandr Vişnevski doğulub. Böyük operaları necə, xoşlayırsınızmı? 1791-ci ildə onların ilk yaradıcısı, alman bəstəkarı Cakomo Meyerber dünyaya gəlib.

 

 5 sentyabr. Azərbaycanda Müdafiə Nazirliyinin yaradılmasının ildönümü

 

Azərbaycanda Müdafiə Nazirliyinin əsasının qoyulması 1918-ci ilə təsadüf edir. Həmin il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra təşkil olunmuş ilk hökumətin tərkibində Hərbi Nazirlik də var idi. Azərbaycanın tanınmış ictimai siyasi xadimi olmuş Xosrov bəy Sultanov isə ilk hərbi nazir vəzifəsinə təyin olunmuşdu. 1918-ci il iyun ayının 4-də Azərbaycan ilə Osmanlı Türkiyəsi arasında imzalanmış müqaviləyə əsasən Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərmək qərarına gəldi və ölkəmizə hərbi qüvvələr göndərdi. Həmin dövrdə Azərbaycanda mövcud olan milli hərbi qüvvələrin və buraya göndərilmiş Osmanlı qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Bu andan etibarən Azərbaycanda ordu quruculuğuna və ordu hissələrinin fəaliyyətinə rəhbərlik milli hökumətin qərarı ilə Qafqaz İslam Ordusu komandanına həvalə edildi. Ona görə Azərbaycanın ilk hökumətinin tərkibinə daxil edilmiş Hərbi Nazirliyin təşkili müvəqqəti olaraq təxirə salındı. Azərbaycanın milli qüvvələrinin əsasını hələ Cümhuriyyətin elan edilməsindən əvvəl yaradılan və general-leytenant Əliağa Şıxlinski tərəfindən rəhbərlik edilən Müsəlman korpusu təşkil edirdi. 1918-ci il iyun ayının 26- da Müsəlman korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan korpusu adlandırıldı. Birinci Dünya müharibəsinin nəticələrinə görə qalib elan edilmiş müttəfiq dövlətlərin Bakıya gəlmiş hərbi qüvvələri komandanlığının tələbi ilə Hərbi Nazirlik 1918-ci il noyabr ayının 22-də Gəncəyə köçmək məcburiyyətində qaldı. Hərbi Nazirlik 1919-cu il iyun ayının sonlarınadək paytaxtdan və hökumət orqanlarından uzaqda fəaliyyət göstərməli oldu. 1919-cu il iyun ayının sonlarında Bakıya köçürülən Hərbi Nazirlik Krasnovodsk və Merkuri küçələrinin (indiki Zərifə Əliyeva və Səməd Vurğun küçələri) kəsişdiyi yerdəki binada yerləşdirildi və Cümhuriyyətin süqutuna qədər burada fəaliyyət göstərdi. 1918-ci il dekabr ayının 25-də Səməd bəy Mehmandarov Azərbaycan hökumətinin qərarı ilə hərbi nazir, dekabr ayının 29-da isə general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini vəzifəsinə təyin edildilər.

 

Azərbaycan hökuməti Hərbi Nazirliyin qarşısında ölkənin ərazi bütövlüyünü müdafiə etməyə qadir olan ordunun yaradılması vəzifəsini qoymuşdu. Cümhuriyyətin süqutu ərəfəsində Azərbaycan Ordusunda hər biri üç piyada alayından ibarət olan iki piyada diviziyası, iki əlahiddə piyada diviziyası, üç alaydan ibarət olan süvari diviziyası, artilleriya briqadası və digər hissə və bölmələr mövcud idi. Məhz bu qüvvələrin vasitəsilə 1920-ci ilin mart ayında Ermənistanın hərbi qüvvələrinin və Qarabağdakı separatçı qüvvələrin Azərbaycanın müstəqilliyinə qarşı geniş hərbi təcavüzünün qarşısını almaq mümkün olmuşdu. Lakin çox təəssüf ki, 1920-ci il aprelin 28-də 70 mindən artıq olan bolşevik hərbi qüvvələrinin hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Azərbaycanda hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra Hərbi Nazirliyin bazasında Azərbaycanın Hərbiyyə və Bəhriyyə Komissarlığı yaradıldı. Əvvəlcə Çingiz İldırım, sonra isə Əliheydər Qarayev orda komissar vəzifəsinə təyin edildilər. 1922-ci ilin sonlarına, yəni SSRİ təşkil edilənədək Azərbaycan və onun Hərbiyyə və Bəhriyyə Komissarlığı formal müstəqilliyini saxladı. Azərbaycan SSRİ tərkibinə daxil edildikdən sonra qurum nazirlik statusunu itirmiş oldu. Azərbaycanda hərbi işlərə rəhbərlik SSRİ mərkəzi orqanlarının səlahiyyətinə keçdi. XX əsrin sonlarında SSRİ-nin dağılması və müstəqil respublikaların yaranması Azərbaycanda Müdafiə Nazirliyinin bərpası üçün real imkanlar açdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti “Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında” qərar qəbul etdi. Həmin qərarın əsasında 5 sentyabr 1991-ci il tarixli fərmanla Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi. Bax belə bir tarix.

 

5 sentyabr. Rok ulduz Freddi Merkurinin 75 illiyi

 

Əsl adı Fərrux Bulsara olan Freddi Merkuri adını musiqi tarixinə qızıl hərflərlə yazdırmağa müvəffəq olub, “Kuinn” rok qrupunun solisti kimi dünyaca ünlülük qazanıb. Onun bəstəkarlığı da vardı, «Bohemian Rhapsody», «Killer Queen», «Seven Seas of Rhye», «Somebody to Love», «We Are the Champions», «Don't Stop Me Now», «Crazy Little Thing Called Love» kimi hitlərin müəllifidir. 1946-cı ildə Zənzibarda dünyaya göz açan, fars mənşəli olması iddia olunsa da valideyinləri Cənubi Azərbaycandan olan Fərrux Bulsara – Freddi Merkuri Briyaniyada yaşayıb yaradıb. 2002-ci ildə onun adı 100 ən böyük britaniyalı reytinqinə daxil edilib. 2008-ci ildə isə Rolling Stone jurnalı ona bütün zamanların 100 ən yaxşı vokalçısı reytinqində 18-ci yer verib.

 

Freddi 1991-ci ildə Londonda vəfat edib. Allah rəhmət eləsin deyək.

 

5 sentyabr. Beynəlxalq Xeyriyyəçilik Günü

 

İnternational Day of Charity. BMT-nin Baş Assambleyası 2012-ci ildən bu günü keçirməkdə onu əsas götürür ki, dünyada yoxsulluq həddi çox yüksəkdir. Xüsusən inkişaf etməkdə olan ölkələr bu acını çəkməkdədirlər. Hətta BMT ekspertləri belə bir rəy də irəli sürüblər ki, bəzi xalqlara nə qədər yardım edilsə də, təhsil, həyat səviyyəsi və səhiyyənin qaldırılması üçün köklü tədbirlər görülsə də onlar yenə də yoxsul və səfil halından çıxmaq bilmirlər və çox güman ki, yoxsulluq sosial hal deyil, psixoloji haldır. Demək, bu, genlə, irsən ötürülən bir bəladır. Bununla belə, xeyriyyəçilik aksiyaları bir an olsa belə səngiməməli, bu cür ölkələrə yardım olunmalıdır, BMT başbilənləri belə düşünürlər, dini, irqi, milli ayrıseçkilik salmadan bu cür ölkələrin əhalisinə yardım etmək hər bir kəsin müqəddəs borcu olmalıdır.

 

Yeri gəlmişkən, qloballıqdan gəlin lokallığa enək, hər bir ölkənin daxilində də köməyə ehtiyacı olan yoxsullar yaşayır, karantin dövründə gündəlik qazanca göz dikən nə qədər əhalimiz çıxılmaz vəziyyətə düşdü. İnsanlara köməyi də özlərindən cəmi bir addım irəlidə olan sadə adamlar etdilər, boynuyoğunların isə heç tükü də tərpənmədi. Neynəmək olar? İldə cəmi bir gündür də xeyriyyəçilik günü. Harınlara ictimai təpki göstərmək lazımdır ki, hər biri 100 imkansız ailəyə yardım etsin. Heç bilirsiniz, necə effektiv olar?

 

5 sentyabr. “Doktor Jivaqo”dan Tereza Anaya qədər

 

Pendirli pitsa xoşlayanlar, ABŞ-da bu gün onun günüdür. Bu gün Amazonkanın tropik meşələrinin də günüdür. Danimarkada bayraqasma günüdür həm də. Və ən əsası: Bu gün Beynəlxalq Gecikənlər günüdür, punktual olmayan insanların günüdür bu gün. Təqvimdə onlara ayrıca gün boşuna ayrılmayıb ki. Bu binəvalara bircə gün güzəşt etmək, gecikdikləri üşün onları danlamamaq tövsiyə olunur. Gecikiblərsə də üzlərinə gülün, yola verin onları bu gün.

 

1958-ci ildə ABŞ-da Boris Pasternakın “Doktor Jivaqo” romanını çap ediblər, 1940-cı ildə “Pionerskaya Pravda” qəzetində Arkadiy Qaydarın “Timur və onun komandası” povestini dərc etməyə başlayıblar. 1918-ci ildə Rin-Tin adlı alman ovçarkası heyvanlar arasında ilk kino ulduzu olub. 10 filmə çəkilən köpək radioda öz şousunu aparıb, Hollivudun Şöhrət xiyabanında ona da ulduz qoyulub.

 

Və ən əsası, bu gün dahi alman bəstəkarı İohann Sebastyan Baxın on birinci oğlu olan bəstəkar Kristian Baxın doğum günüdür. Bala Bax 1735-ci ildə dünyaya göz açıb. O kı qaldı bu gün dünyadan köçənlərə, bunlar 2003-cü ildə sovet fantast yazışısı Kir Bulıçev, 1997-ci ildə Nobel mükafatçısı Tereza ana, 1857-ci ildə isə fransız filosofu Oqüst Kontdur.

 

6 sentyabr. Roş Xa-Şana, yaxud Yəhudi Yeni ili

 

Ənənəvi yəhudi təbriki belə səslənir: “Le şana tova tikatev ve-texatem”. Tərcüməsi belədir ki, Ömür Kitabında qoy bu il də sənin adın yazılsın. Bax budur yəhudi müdrikliyi. Biz adətən, insana yüz yaşa deyə maksimalist, həm də boğazdanyuxarı, qeyri-real görünən alqış edirik. Yəhudi isə minimalistcəsinə üzlərinə gələn ildə qarşısındakına bu bir ili rifah içində keçirməyi arzulayır. Saxta maksimalizmdən səmimi minimalizm daha gözəl deyilmi?

 

Əsatirə görə yer üzündə yaşayış məhz bu müqəddəs tarixdən başlayıb, dünyanın hər yerində yəhudilər bu günü bayram edir, sinaqoqa gedir, dini ayinləri icra eləyirlər. Yaxındakılar bir-birinə hədiyyə verir, uzaqdakılarsa təbrik məktubu yollayırlar. Və mütləq də bol nemətli süfrə açılır. Süfrəyə mütləq bolluq rəmzi olan balıq qoyulur, “qoy mənim ailəm ayaqda deyil, başda dursun” deyə qoyun, yaxud balıq kəlləsi qoyulur, üstəlik, kökü dairəvi kəsib dəmir sikkələrə oxşadırlar ki, qoy yeni ildə başlarına var-dövlət yağsın. Yeməyə oturanda isə yəhudilər ilk olaraq bir dilim almanı bala batırıb ağızlarına qoyurlar, yeni ilin şirin olmasını təmin etmək anlamındadır bu.

 

Yəhudi xalqı bizə dost və qardaş xalqdır. Onları Yeni il münasibəti ilə təbrik edir və deyirik: Le şana tova tikatev ve-texatem!

 

6 sentyabr, Kitab oxumaq günü

 

1852-ci ilin 6 sentyabr günündə  Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından başbilənlər bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər. İndi Dumanlı Albiondan bir Azərbaycana transfer olunaq. Kimdən soruşursan ki, hansı kitabı oxuyursan, deyir, vallah iş-güc aman vermir kitab oxumağa. Ay kişilər, dünyanın əsas ölkələrinin prezidentləri, baş nazirləri qiymətli vaxtlarından ayırıb mütaliə edirlərsə, sizin kitab oxumağa vaxt tapmamaq bəhanəniz gülünc görünmürmü? İnsan maddı və mənəvi varlığın məcmusudur. Maddi aclığı zamanı yeməli, mənəvi aclığı zamanı isə mütaliə etməli, incəsənətdən feyziyab olmalıdır. Bu yarıbayarı tələbatdır, acan kimi qarnını doyduran insan ikinci tələbatının qeydinə qalmırsa, belə çıxmırmı ki, həmin tələbat heç onda əzəldən yoxmuş? Bəs insanı canlıların alisi edən axı, məhz ikinci tələbatıdır?

 

Mən bircə misal çəkib də kitabların insan həyatındakı rolunu göstərməyə çalışaçağam. Dünyanın ən varlı adamı – “Amazon”un sahibi Cef Bezos deyir ki, bir vaxtlar mən pulsuz, iradəsiz, aciz birisi idim, heç cür uğur qazana bilmirdim, elə ki, Kadzio İsiquronun romanlarını oxudum, situasiyanı necə dəyərləndirməyi, insanları necə tanımağı, necə qətiyyətli olmağı, ən əsası da özünəgüvəni öyrəndim, gəlib indiki Cef Bezos oldum. Necədir?

 

Evdə ailə başçıları ailə üzvlərini, idarə və müəssilərdə rəhbərlər tabeçiliklərində olan işçiləri bu gün kitab oxumağa məcbur eləsinlər, ildə cəmi bir dəfə qeyd edilən kitab oxumaq günündə gəlin biz də qonşulardan dala qalmayaq.

 

6 sentyabr. SSRİ-nin dağılması, parislilərin “genosidi”, Pavarotti

 

1991-ci ilin bu günündə SSRİ Dövlət Şurasının növbədənkənar iclasında Mixail Qorbaçov Latviya, Litva və Estoniyanın müstəqilliyini tanımaq məcburiyyətində qaldı, bununla da SSRİ-nin rəsmən dağılmasının təməli qoyuldu. 1989-cu ildə Parisdə kompüter səhvi ilə yol hərəkəti qaydalarını pozmuş 41 min parisliyə canilik və soyğunçuluq ittihamı gəldi və onları affekt vəziyyətinə saldı. 1952-ci ildə Jenevrədə Müəllif hüquqları barədə Ümumdünya konvensiyası imzalandı.

 

2007-ci ilin bu günündə dünya şöhrətli italyan tenor Luçano Pavarotti gözlərini əbədi olaraq yumdu. Pavarottinin adı gələndə qeyri-ixtiyarı yadıma bir KVN zarafatı düşür. Karreras və Dominqo özlərini konsertə çatdırırlar, Pavarotti gəlib çıxmır. Belədə, konsertmeyster onlardan soruşur ki, bəs Pavarotti harada qaldı. Karreras deyir, pavarotda.

 

 7 sentyabr. Musiqişünas Gülnaz Abdullazadənin 75 illiyi

 

Biz həqiqətən elm fədailərimizi tanımırıq, bunun da səbəbi ictimaiyyətin pozitivdən daha çox neqativə yüklənməsidir. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini bitirib görkəmli bəstəkar Cövdət Hacıyevin tələbəsi olmuş Gülnaz Abdullayeva  1976-1979-cu illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almış, aspiranturanı bitirdikdən sonra “Hegelin estetikasında musiqi incəsənətinin problemləri” mövzusunda namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Onun “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili” mövzusunda elmi işi yüksək qiymətləndirilmiş və 1992-ci ildə o, professor elmi rütbəsini almışdır. Gülnaz xanım 1991-ci ildən Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur.

 

O, Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Uluslararası Avropada və Türk Cümhuriyyətlərində musiqi mədəniyyəti və tədrisi konqresində (Ankara, Qazi Universiteti. 2002,13-16 noyabr), bir sıra konfrans və seminarlarda məruzələrlə çıxış etmişdir. Gülnaz Abdullazadə 1999-cu ildə akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olmuşdur. Və ən başlıcası, o, Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətini araşdırmışdır. Tanıyın bu cür dəyərli ziyalılarımızı.

 

7 sentyabr. Qəribə bayramlar günü

 

“Nə yağış, nə qar günü”. Anlamı təmiz səma olan bu gündə insanlar Tanrıdan təvəqqe edirlər ki, barı bir gün nə yağış, nə qar yağdırsın. Əlbəttə ki, 365 günün ən azı 300-ü yağmursuz keçən Azərbaycanda belə bir gün aktual deyil, amma nəzərə alın ki, qardan, çovğundan əziyyət çəkən Antarktida, Qrenlandiya, leysan yağışlarından əziyyət çəkən Amazon da var.

 

Krujeva günü. Bizə yabançı olan, məişətimizə ruslardan gələn krujevanın dilimizdə qarşılığı da olmasın gərək. Parça üzərində toxunmalardır krujeva. Vətəni isə Rusiya da deyil, İtaliyadır. Bu gün xanımlar əllərinə iynə-sap alsalar savab olmazmı?

 

Hərbi oyuncaqdan imtina günü. Hərbi oyuncaqdan imtina deyərkən hərbi münaqişələrin dayandırılması, müharibə nəticəsində yetim qalmış uşaqlara oyuncaqlar hədiyyə edilməsi nəzərdə tutulur.

 

ABŞ isə bu gün yenə üç mətbəx bayramını qeyd edəcək. Milli pivə günü. Milli salyami (bərk hisə verilmiş kolbasa) günü. Bir də, Milli balqabaq günü. Pivə ilə salyamini birləşdirib süfrə açmaq olar, amma balqabağı ora nə cür pərçim etmək olar, bax bunu bilmirəm.

 

Tarixdə 7 sentyabr gününə təsadüf edən hadisələrdən isə onu deyə bilərəm ki, 2016-cı ildə BMT həyəcanverici bir məlumat yayıb, deməzsənmiş, son 20 ildə dünyanın vəhşi təbiətinin onda bir hissəsi məhv olubmuş. 1822-ci ildə Braziliya Portuqaliyadan müstəqillik əldə edib. 1812-ci ildə Napoleon Borodino döyüşündə rusların əngini əzib. 70-ci ildə romalılar Qüdsü ələ keçirərək viran qoyublar.

 

7 sentyabr 1870-ci ildə gözəl hekayələr müəllifi rus Aleksandr Kuprin doğulub, 1907-ci ilin 7 sentyabrında isə Nobel mükafatçısı olan fransız şairi və esseisti Fransua Arman Syulli-Prüdom vəfat edib.

 

8 sentyabr.  Beynəlxalq Savadlılıq Günü

 

Yazıb-oxuya biliriksə demək savadlıyıq? Əsla yox. Savadlılıq – yazıb oxumaq qabiliyyətindən dividendlər götürməyə deyilir. YUNESKO-nun 14-cü sessiyasında təqvimə belə bir gün salmaq təşəbbüsü heç də boşuna olmayıb. İnsanın ətrafdakı insanlar arasında yer tuta bilməsi, cəmiyyətə faydalı ola bilməsi, həyatda müəyyən izlər qoymaq bacarığını özündə aşılayan tələblər vardır ki, mütləq bu tələblərə riayət olunmalıdır. Xüsusən, hədəf qrupu gənclər hesab edilir. Proqnozlara görə, 2020-ci illərdə - yəni ta ki 30-cu ilədək gənc mütəxəssislərə özlərinə iş tapmaq üçün ən vacib olan keyfiyyətlər kommunikabelli olmaq, komandada işləyə bilmək, qoyulan məqsədlərə çatmaq üçün innovativ və yaradıcı yanaşma, habelə tənqidi düşünmə tərzi hesab ediləcək. Bax bütün bunların cəmi də savadlılıq kriteriyasına aiddir. O ki qaldı ümumən yazıb-oxuya bilənlərin sayına, yəni qismən savadlılara, belələrinin sayı dünyada 4 milyard nəfərdir.

 

8 sentyabr. Jurnalistlərin beynəlxalq həmrəyliyi günü

 

1958-ci ildə Buxarestdə, beynəlxalq jurnalistlər təşkilatlarının 4-cü konqresində belə qərara gəlinib ki, 8 sentyabr günü jurnalistlərin beynəlxalq həmrəyliyi günü kimi qeyd edilsin. Bütün dünya jurnalistləri xüsusən öz hüquqlarının müdafiəsi yönündə həmrəylik nümayiş etdirməlidirlər.

 

1943-cü ilin 8 sentyabrında Almaniyada çex jurnalisti, yazıçısı Yulius Fuçik edam edildi. O, antifaşist kimi Praqa həbsxanasında yatarkən “Boğazda petlə ilə reportaj” kitabını yazaraq məşhurlaşmışdı. Həmin kitab Fuçikin ölümündən sonra 70 dilə tərcümə olundu. Jurnalistlərin beynəlxalq həmrəylik gününün ən cəsur jurnalist sayılan Fuçikin edam edildiyi gündə keçirilməsi rəmzi xarakter daşıyır, jurnalistlər mərd, cəsarətli, habelə həqiqətpərəst olmağa çağırılır. Həmin gün müxtəlif ölkələrdə bayram konfransları keçirilir, jurnalistlər mükafatlandırılır. Məsələn, Amerikada ən nüfuzlu jurnalist mükafatı hesab edilən Pulitser mükafatı məhz 8 sentyabrda təqdim edilir.

 

8 sentyabrda digər əlamətdar hadisələr

 

Ümumdünya fiziki terapiya günü. Ümumdünya üzristəmə günü. Hemenqueyin “Qoca və dəniz” kitabının işıq üzü görməsinin (1952), İngiltərə futbol liqasında ilk matçın keçirilməsinin (1888), Luvr muzeyində ilk eksponatın  qoyulmasının (1791), Florensiyadakı Sinyorina meydanında Mikelancelonun əl işi olan 5 metrlik “David” heykəlinin açılışının (1504) ildönümü.

 

9 sentyabr. Görkəmli tibb xadimi Adilə Namzovanın 95 illiyi

 

Adilə Əvəz qızı Namazova 1926-cı il sentyabr ayının 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun  pediatriya fakültəsində, Moskva Həkimləri Təkmilləşdirmə Mərkəzi İnstitutunun aspiranturasında təhsil almışdır. Moskvada təhsil aldığı illərdə alim kimi formalaşmış, namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə dünya şöhrətli alim, akademik B.V.Petrovskinin klinikasında o dövrə qədər hələ də qaranlıq qalan və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının tədqiqatına başlamış, xəstəliyin düzgün topik diaqnozunu dəqiqləşdirərək ürək üzərində cərrahi əməliyyatın aparılması göstərişini və əks-göstərişini təyin etmişdir. 1960-1965-ci illərdə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının doktoranturasında təhsil alan Adilə Namazova 1965-ci ildə I Moskva Tibb İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmiş və bununla da pediatriya üzrə tibb elmləri doktoru olan ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.

 

1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1971-1992-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurasının sədri, 1972-ci ildə Azərbaycan Respublikası uşaq həkimləri cəmiyyətinin sədri, 1983-cü ildə Azərbaycan EA həqiqi üzvü, 1989-cu ilin mart ayında SSRİ Xalq Deputatı, iki dəfə SSRİ Ali Sovetinin üzvü, 2005-ci ildə Azərbaycan Uşaq Fondunun həmsədri seçilmişdir. Adilə Namazova 1975-ci ildə “SSRİ Səhiyyə əlaçısı” adını almış, 1976-cı ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilmiş, 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. 1996-cı ildə isə səhiyyənin inkişafındakı nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Adilə Namazova 2000-ci ildə ADTU-da Etika proqramının tərtibinə görə Albert Şveyserin SOROS qrantına layiq görülmüş, 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiya-sının “Akademik Mirəsədulla Mirqa-sımov mükafatı”na və Rusiya Pediat lar İttifaqının “Akademik G.Speranski Medalı”na layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

 

Böyük və unudulmaz  alim  2020-ci il dekabr ayının 15-də Bakı şəhərində vəfat etmişdir. Ruhu şad olsun!

 

9 sentyabr.  Beynəlxalq Gözəllik Günü

 

İnternational Beaty Day - vizajistlər, parikmaxerlər, kosmetoloqlar, manikür və pedikür ustaları, plastik cərrahlar və öz peşəkar fəaliyyətlərini insan gözəlliyinə yönəldən digər peşə ustaları bu günü bayram edəcəklər. “Gözəllik ondur, doqquzu dondur” məsəlinə uyğun olaraq mən bu sıralamaya kuturyeləri, loru dillə desək dərziləri də əlavə edərdim.

 

20-ci əsr kosmetologiya sahəsində inqilabi çevrilişlər ili oldu, kosmetologiyanın inkişafında ən innovativ dövr oldu. Kosmetologiya həm də bir elmdir, insan orqanizminin estetik problemlərini öyrənir, onların korreksiyası ilə məşğul olur. 1946-cı ildən fəaliyyət göstərən Beynəlxalq Estetika və kosmetologiya komitəsinin təşəbbüsü ilə təqvimə belə bir günün salınması özündə müxtəlif gözəllik müsabiqələrinin keçirilməsini ehtiva edir. Və gözəllik yaradanların məşhur bir deyimi də var, 1951-ci ildə Londonda keçirilən ilk “Dünya missi” gözəllik yarışmasında bu deyim ilk dəfə səsləndirilib: “Ən böyük gözəllik xarici gözəlliklə daxili gözəlliyin vəhdəti zamanı qeydə alınır”. Gəlin bunu unutmayaq.

 

9 sentyabr. Gözəl möcüzələr günü

 

Gözəl möcüzə nə ola bilər? Balıq tutarsan, tilovuna qızıl balıq düşər, sənin üç arzunu yerinə yetirər. Lampa alarsan, içindən cin çıxar, deyər, qadan alım, əmrinə müntəzirəm, mənə buyruq buyur. Bunlar utopik möcüzələrdir deyərsiniz, onda reallarını deyim: lotereya alarsan, cek-potu apararsan. Ya da marketlərin 30 manatlıq alış-veriş müqabilində avtomobil qazanmaq şansından yararlanarsan, cağbacağ avtomobil sənin olar. Amma əslində elə bunlar da utopiyadır. Ən böyük utopiya isə odur ki, gözünü açasan, görəsən arzuladığın ən ideal bir quruluşda, cəmiyyətdə yaşayırsan. Görəsən, xoşbəxtlər xoşbəxtisən.

 

Möcüzə heç vaxt baş tutmayan nəsnələrə deyilir, mənim əzizlərim. Baş tutursa, adi gerçəklik olur, onun nəyi möcüzədir? Bizimçünsə bu günə ən gözəl möcüzə o ola bilər ki, tutalım, marketdə bizi çəkidə aldatmazlar, JEK-dən arayış alanda şirinlik istəməzlər, məktəbdə uşaqlarımızdan süpürgəpulu yığmazlar, benzin pulu 5 qəpik, işıqpulu 3 qəpik ucuzlaşar. Möcüzələrimiz var olsun!

 

9 sentyabr. Prezidentin adıyla adlanan oyuncaq ayı günü

 

Bu gün yumşaq ayı oyuncağının da günüdür. Bu günün çox ibrətamiz bir tarixşəsi var. 1902-ci ilin bu günündə Missisipidə ov zamanı ABŞ prezidenti Teodor Ruzvelt balaca ayıya güllə atmaqdan imtina edir. The Washington Post bu əhvalatı ictimailəşdirir, hadisə barədə cizgi filmi çəkir. Morris və Rouz Mixtomlar qardaşları isə Teddi ayıları adında yumşaq ayı oyuncağı buraxmaq üçün prezidentə müraciət edib razılıq alırlar. (Teddi – Teodorun qısa variantıdır). Beləcə, Teddi ayısı adı altında yumşaq ayı oyuncaqları peyda olaraq dünya uşaqlarını sevindirməyə başlayır. Yeri gəlmişkən, mənim qızımın da oyuncaq ayısı var. Gərək ona mütləq bu oyuncağın yaranma tarixşəsini danışım.

 

9 sentyabr. Əlamətdar hadisələrlə zəngin bir gün

 

Beynəlxalq Alkoqol sindromlu döl barədə məlumat günü. Yəni, xroniki alkoqolizm xəstəliyinə tutulanlar məlumatlandırılırlar ki, övladınız şikəst ola bilər, ay binəvalar.

 

Beynəlxalq sudoku günü. Sudoku – rəqəmli başsındırandır, həll etmək insandan diqqət və düşüncə bacarığı tələb edir. Bizim skanvord həll etməyi sevən xalqımız bilmirəm sudoku da həll edirmi, amma dünyada bu əyləncəli riyaziyyat çox populyardır, biləsiniz, ayrıca gününün keçirilməsə də buna bir sübutdur.

 

Əfqanıstan Məsud gününü qeyd edir. Şah Məsud Əfqanıstanın milli qəhrəmanı hesab edilir. “Taliban” hərəkatının lideri kimi Sovet işğalına müqavimət hərəkatının başında dururdu,  2001-ci ilin bu günündə terakt nəticəsində həlak olub deyə bu gün onunçün göz yaşı axıdılır.  Müstəqilliyini qeyd edən Şimalı Koreyaya gəlincə, yer kürəsinin ən totalitar rejiminin formalaşdığı bu ölkə 1948-ci ildə SSRİ-nin barmağı ilə Cənubi Koreyadan ayrılandan öz mövcudiyyatını bayram edir. Bütün ölkədə parad keçirilir, insanlar robotlarsayağı hakim elitaya təzim edirlər.

 

Çinlilər bu gün Tibeti işğal etmələrinin düz 70 illiyini qeyd edəcəklər. 1913-cü ilin bu günündə kiyevli təyyarəçi Pyotr Nesterov tarixdə ilk dəfə “ölü petlə” adlı yüksək pilotaj fiqurunu icra edib ki, hazırda bu fiqur Nesterov petləsi adlanır. 1908-ci ilin bu günündə ən ünlü italyan yazarlarından biri olan Çezare Paveze doğulub. 1828-ci ilin bu günündə rus ədəbiyyatının zirvəsi Lev Tolstoy dünyaya gəlib. 1769-cu ilin bu günündə isə yeni Ukrayna ədəbiyyatının banisi İvan Kotlyarevskiy doğulub.

 

45 il əvvəl - 1976-cı il sentyabrın 9-da dünyanın ən böyük diktatorlarından biri – Mao Tse Dun vəfat edib.

 

10 sentyabr. Opera artisti Mobil Əhmədovun 90 illiyi

 

Yadımdadır, elə ki ekranda Mobil Əhmədov ariya ifa etməyə başlayırdı, rəhmətlik nənəm “Bu yenə başladı qışqırmağa” deyibən başını götürüb otaqdan qaçırdı. Yazıq arvad nə bilsin ki, bu da bir musiqi ifaçılığı növüdür.

 

Mobil Əhmədov da həyat yolunu dərhal təyin edə bilməyib, öncə rəssam olmaq xəyalına düşüb, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub, amma bir il sonra fikrini dəyişib, bu dəfə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq Dövlət Radiosunun xorunda işləməyə başlayıb, həmin ilin sentyabr ayında Musiqili Komediya Teatrına solist kimi dəvət olunub. Mobil Əhmədov teatrın səhnəsində bir-birindən maraqlı, təkrarolunmaz obrazlar yaradıb, bunlardan  “Milyonçunun dilənçi oğlu” operettasında Yetim obrazı ona çox böyük uğur qazandırıb. O, klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda bir-birindən maraqlı rollar ifa edib. Şirin, məlahətli, coşğun səsə və zəngin çalarlı aktyorluq ifadə vasitələrinə, eləcə də həssas obraz duyumuna malik olan Mobil Əhmədovun bu gün Azərbaycan Teleradiosunun qızıl fondunda 600-ə yaxın lent yazısı saxlanmaqdadır. 1978-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüş Mobil Əhmədov 2006-cı il iyun ayının 3-də Bakı şəhərində vəfat edib, ana vətəni  Gəncədə dəfn olunub. Ruhu şad olsun.

 

10 sentyabr. Ümumdünya intiharın qarşısının alınması günü

 

Ümumdünya Sağlamlıq Təşkilatının təkidi ilə təqvimə salınan bu gündə insanları intihardan çəkindirməyə çalışırlar. Suisid -  insanlığın ən qlobal problemlərindəndir, hər il milyondan artıq insan özünə qıymaqla dünyanı tərk edir. Daha çox qeyri-stabil iqtisadi-sosial vəziyyəti olan, ikinci sorta aid edilən ölkələrin əhalisi suisidə meyilli hesab edilir. Bir vaxtlar yaponların liderlik etdikləri bu sahə indi tam olaraq Şərqi Avropa – postsosialist ölkələrinin ixtiyarına verilib. Necə qəribə olsa da əhali sayının intihar sayına nisbətinə görə dünya birincisi Rusiyadır. Ən az intihar hallarına isə müsəlman dünyasında və Latın Amerikası ölkələrində rast gəlinir.

 

ÜST təşkilatı intiharın qarşısının alınması üçün təbliğat-təşviqat işini vacib hesab edir, yəni bu gün hər birimiz bir depressiya halında olan tanışımızla ünsiyyət qurub onun intihar meyilllərini aradan qaldırmağa çalışmalıyıq. Daha böyük auditoriyası olanlar isə bunu kütləvi şəkildə etməlidirlər. Həqiqətən təbliğat işi bəhrə verir, mən bunu öz təcrübəmdən bilirəm. 2013-cü ildə Özbəkistanın “Darakçı” nəşrində hər həftənin şənbə günü hissə-hissə mənim “Sonuncu ölən ümidlərdir” romanım dərc edilirdi. 124000 tiraj toplamış bu publikasiyalar bir intihar halının qarşısını da almışdı. Demək, ögey atası tərəfindən incidilən bir səmərqəndli yeniyetmə qız evin damına çıxıb özünü asmaq qərarına gəlibmiş. Mələfəni boynuna dolayıb ayağının altındakı daşı aşırmaq istəyəndə gözü yerdəki qəzet parçasına sataşıb. Başını tutmuş ağlayan qızın, sıqaret tüstülədən dərdli oğlanın fotoları və “Sonuncu ölən ümidlərdir” yazısı qızı necə cəlb edibsə özünü asmaq yaddan çıxıb, düşüb gedib yazını sonadək oxuyub, “əvvəli filan sayımızda” və “davamı gələn sayımızda” yazılarına da riayət edərək gedib kitabxanadan bütün əvvəlki hissələri oxuyub, davamını oxumaqçünsə növbəti şənbəni gözləyib, beləcə intihar fikri təxirə salınıb. Sonda isə əsərdən əxz edib ki, intihar zəiflikdir, məğlubiyyətdir, yaşayıb səni incidənlərdən quracağın xoşbəxt tale ilə qisas almağın sənin qalibiyyətin ola bilər. Gedib qəzetin redaksiyasına, bu romanın dərci üçün redaksiyaya minnətdarlıq bildirib. Qəzet iri bir yazı da yazmışdı, “Varis yeniyetmə qızı necə xilas etdi” başlığı altında.

 

Sonrakı illərdə xəbər tutdum ki, həmin qız universitet təhsili alıb, biznes ledi kimi uğurlar qazanıb, xoşbəxt bir ailə qurub. Bu hadisə bütün intihar fikrinə düşənlərə bir görk olmalıdır əslində. İntihar - ani qərarın gətirdiyi bir sonucdur, bundan daşınmaq, soyuqqanlılıaqla hər şeyi bir daha saf-çürük etmək isə mütləq sənə həyatı sevdirəcək. Mən mütəxəssis rəyləri ilə tanış olmuşam, özünü kəndirlə asanların 99 faizi son anda dırnaqları ilə kəndiri didib xilas olmaq istəyiblər. Bu isə ona işarədir ki, intihar edənlər mütləq sonda nə etdiklərinin fərqinə varıb peşiman olurlar.

 

 10 sentyabrın şeir payı

 

 

 

Sentyabr yayla payızın ortasında, elə bir yerdə qərar tutub ki, yayın sevinci hələ tam səni tərk etməyib, yağışlı, çiskinli, küləkli payız da tam bərqərar olmadığı üçün kədərə də hələ tam bürünməmisən. Amma nədənsə sentyabr bineyi qədimdən ayrılıqlar ayı kimi qələmə verilir. Sanki on bir ay getməyi qərarlaşdıran insan məhz on ikinci -  sentyabr ayında gedir. Sevənlər bir-birindən ayrılır, doğmalar bir-birindən ayrılır. Birində ayrılıq, birində ölüm dayansa da hər ikisinin motivi eyni olur – gedən bir daha qayıtmır.

 

Oturursan sentyabr dumanında-çiskinində azacıq tərləmiş pəncərənin önündə və gedənlərin üçün dinməz-söyləməz göz yaşı axıdırsan.

 

 

 

Gülə can verən arıyıq,

 

Yönü sevdalara sarıyıq,

 

Ölüm heç nədi, ayrılıq

 

Yamandı, ay gedən, əylən.

 

 

 

Açıb yasəmən kolları,

 

Açılıb bizə qolları.

 

Tanı getdiyin yolları,

 

Dumandı, ay gedən, əylən.

 

                             Akif Səməd

 

 

Ümumdünya Karikaturaçılar Birliyinin "Cartoon Magazine" dərgisinin yeni sayında istedadlı azərbaycanlı rəssam Soltan Soltanlının 6 əsəri yer alıb.
Qeyd edək ki, Soltan Soltanlı mütəmadi olaraq beynəlxalq sərgilərdə və dərgilərdə yer alır, dərin məzmunlu yaradıcılığını beynəlxalq izləyiciyə təqdim edir.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, “Nizamidən Vaqifə” adlı poetik kompozisiya təqdim edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Vaqif Poeziya Günlərinin hər kəs üçün xoşbəxt anlar yaşatdığını vurğulayıb. “Şuşaya gəlməyimizlə bizim ruhumuz yüksəlir, əhvalımız yüksəlir, başımız dikəlir və öz tariximizlə, öz varlığımızla qürur duyuruq”, - deyib xalq şairi.
“Bu günlərdə təşkil olunun Vaqif Poeziya Günləri əslində sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramıdır. Biz Şuşaya gələndə gördüyümüz o keçilməz yolları bizim ər oğullar Vətən sevdası, Şuşa sevgisi ilə qısa bir zamanda, çox sürətlə keçərək bu yerə gəlib çatıblar. Bu, misli görünməmiş bir qəhrəmanlıqdır. Əslində bu, 30 il çox çətin günlər yaşamış ədəbiyyatımıza Azərbaycan əsgərinin verdiyi bir töhfədir. Bu, Azərbaycan əsgərinin göstərdiyi tarixi bir igidlikdir. Dünən Ali Baş Komandan bu qələbələrin nəticəsi olaraq Azərbaycanın söz ordusuna Vaqif məqbərəsini qaytardı. Sözün və silahın bir olduğu yerdə ölkə basılmaz. Məhz bu gün burada əyləşən söz, sənət adamları da daim Azərbaycan Ordusuna dayaq olmağa, onları yeni döyüşlərə ruhlandırmağa çalışıb. Bu gün nə yaxşı ki, sözümüzlə silahımız birdir. 44 günlük müharibə də bu birliyi bir daha göstərdi. Amma bu birliyin ən gözəl nümunəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan göstərdi”, - deyib Sabir Rüstəmxanlı.
Xalq şairi Vətən müharibəsində Qələbəyə həsr etdiyi “Qarabağa dönüş” poemasından bir parçanı oxuyub.
Vaqif Poeziya Günlərinin ikinci günündə şair Vaqif Bəhmənli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin sədri Arif Buzovnalı, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Asim Yadigar, “Əli Kərim poeziya evi”nin rəhbəri, şair İbrahim İlyaslı, “Söz” ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə, AYB-nin mətbuat katibi şair Xəyal Rza, şairə Rəsmiyyə Sabir, Dünya Gənc Türk Yazarlar birliyinin sədri şair Əkbər Qoşalı, AYB-nin Gənclər Şurasının sədri şair Fərid Hüseyn çıxış edərək şeirlərini oxuyublar. Tədbirdə Muğam Beynəlxalq Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Xəyal Hüseyinovun ifaları dinlənilib.
“Nizamidən Vaqifə” adlı poetik kompozisiya isə tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb.
Vaqif Poeziya Günlərinə “Qarabağ, ana yurdum” mahnısı ilə yekun vurulub.

Yazıçı, Azərbaycanın Rəsul Rza mükafatı, Rusiyanın Fyodr Dostoyevski medalı, Ukraynanın Müqəddəs Georgi ordeni laureatı Əlibala Məhərrəmzadə görkəmli Azərbaycan şairi, poeziyamızın bayraqdarlarından biri, “Azərbaycan bayrağı” şeiri ilə tarix yazmış Ramiz Qusarçaylının “Vətən” epik poeması barədə qeydlərini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir.

Poeziya lirik Mənin daxili duyğusunu, hiss və həyəcanını obrazlı şəkildə, metaforalarla, təşbih, istiarə, məcaz, metonimiyalarla qüvvətləndirməklə heca ölçüsü və qafiyə tələblərinə riayət edib ortaya qoymaqdır. Min illərdir ki, bu tələblərlə, bəzən bu tələblərdən sərbəst və əruz vəznli şeirlər şəklində nisbətən kənara çıxmaqla ortaya mükəmməl nümunələr qoyulur, yeni-yeni şairlər, şeir nümunələri yetişir.
Poeziya bəzən tarixi hadisələri nəql etmək üçün epik roman halına da gətirilir, xüsusən bu, qədim dövrlərdə - yazılı ədəbiyyat olmadığı üçün şifahi nitqə istinad zərurətindən doğurdu, orta əsrlərdə də bu ənənə özünü davam etdirmişdi, amma janrın çətinliyi, tarixi salnamənin prozada daha yaxşı, daha mükəmməl, hərtərəfli əhatə olunması reallığı, üstəlik, min illərin tarixini qafiyəyə çəkməklə xırda bir görüntü obyektinə gətirməyin mürəkkəbliyi müasir dövr şairlərini bu işdən çəkindirir. Poeziya ensiklopediyasına baxsaq az-az şair tapılar ki, Homerin, Bokaççonun, Şekspirin, Nizaminin, Rustavelinin, Nəvainin, Firdovsinin ənənələrini bu gün davam etdirsin. Və bu az-azların sırasında da müasir Azərbaycan poeziyasında öz sözü ilə çoxdan özünü sübut etmiş Ramiz Qusarçaylının imzasına rast gəlirik.
Poeziyamızın vətəndaşlıq poeziyası guşəsində həmişəyaşarlıq qazanıb, “Azərbaycan bayrağı” şeiri ilə yaddaşlara hopub bu şair.
 
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
İrəvanda qonduğun Üç müədzin daşına,
Dərbənddə sən qonduğun Narınqala qaşına,
Təbrizdə sən qonduğun Eynalının başına,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
 
Bu günlərdə ustad şair ortaya 3 illik gərgin bir əməyin bəhrəsi olan, min illik Azərbaycan tarixinin nəzmə çəkilmə nümunəsini qoyub, “Vətən” epik poemasının azərbaycanlılara və Azərbaycana təhvil verilməsi şairin uzun bir yaradıcılıq yoluyla gəldiyi əsas dayanacaq yerini, mənzilini bəlli eləyib. Doğrudan da, poemanı oxuduqca bədii sözün kəsərini, bədii təxəyyülün hüdudsuzluğunu görür, bədii obraz mükəmməlliyinə heyran qalırsan.
 
Ağac gövdələri sala dönürdü,
Dən daşı daş toxa, oraq olurdu.
Dəmir parçaları nala dönürdü,
Dəbilqə olurdu, yaraq olurdu.
Çiyində gəzirdi qorxunc silahlar,
Arada-bərədə ov ovlanırdı.
Hər gün təzə yollar, təzə günahlar,
İnsan əməlinə girovlanırdı.
 
Şair incə ricətlə ibtidai insanın yaranışından bəhs edir, az sonra türkdilli tayfaların, ilk qədim dövlətlərin necə təşəkkül tapmasından söz açır:
 
O zaman türkdilli tayfaların da,
Öz boyu varıydı, öz duruşları.
Zaman dolanırdı öz axarında
Yaranırdı dövlət quruluşları.
Sərhəd çəkilirdi quruda, suda,
Dövlət yaranırdı aranda, dağda.
Zəncanda, Xəzərdə, Qarqarda, Suda,
Qədim Urmiyada, Mil Qarabağda.
 
Tarixi əsər yazmağın çətinliklərini hər birimiz gözəl bilirik. Arxivlər, ensiklopediyalar, vikipediyalar, yüzlərlə yazılı və şifahi ədəbiyyat, alim və mütəxəssislərə gənəşmələr əsərin skeletini qurmaqda yardımçı olur, onu ətə-qana gətirmək isə işin daha mürəkkəb hissəsidir. Yüz haldan doxsanında bu istənilən effekti vermir, gözünün önündə olan, müasirin olan canlıya can vermək ayrıdır, min illər öncə baş vermiş cansıza can vermək isə ayrıdır. Gərək nə qədər istəyin, enerjin, bir o qədər də istedadın olsun ki, bu işi başa vura biəsən. Ramiz Qusarçaylı isə bunu bacarıb, bacarıb da söz deyil, mükəmməl şəkildə bacarıb.
Poemada Ramiz Qusarçaylı palitrası bir görün gözümüz önündə bütün rəng çalarları ilə necə mənzərə açır:
 
Azıx,
Qazma,
Qala,
Daşsalahlı, Zar,
Buzeyir,
Qaraca,
Damcılı, Tağlar...
Turukku, Lullubi, Kuti, Hurrilər,
Subar, Kassit, Kaspi, Kadusi, Gərgər,-
Hər biri əzəli türk birlikləri
Öndə dövlətçilik öhdəlikləri...
 
Hər bir xalqın tarixində ağ və qara yerlər, qələbə və məğlubiyyətlərdən dolayı zəfər və yenilmə düyünləri hədsizdir, Azərbaycan tarixində də qardaşın qardaşa asi çıxması, qılınc çəkməsi, birinin uğurunu həzm edə bilməyənin xəyanətə əl atması səhnələri az deyil, böyük qəhrəmanlarımızla yanaşı, xalq yazıçımız İsmayıl Şıxlı demiş, sapı özümüzdən olan baltaları da çox görmüşük. Şairin bu kimi hallardan poema boyu yanğı ilə söz açması da başadüşüləndir.
 
 
Kuti də,-
dövrün dağ əjdahaları,
Uğradı daxili çəkişmələrə.
Doğma sandıqları yad qafaları
Qalxıb məmləkəti böldü min yerə.
Bürüdü ölkəni iğtişaş, üsyan,
Vəzifə uğrunda mübarizələr,
Dağıdıb ölkəni qoydular viran,
Getdi dövlətçilik,
ilkin dəyərlər...
Parçalandı xırda vilayətlərə,
Yem oldu yadelli məmləkətlərə...
Səni Kuti-Kuti uduzdum,Vətən,
Turukku-Turukku uduzdum səni.
Səni Kaspi-Kaspi uduzdum, Vətən,
Lullubi-Lullubi uduzdum səni.
 
Ötən ilin payızında 44 günlük müharibə nəticəsində şanlı Azərbaycan ordusunun Qarabağ zəfərində Türkiyənin Azərbaycanın yanında olması, illər öncə, 1918-ci ildə daşnak-bolşevik qətliamları nəticəsində mövcudiyyatını itirmək təhlükəsi ilə üzləşən xalqımıza Nuri paşanın ordusu ilə türklərin dəstək durması iki qardaş xalqın müttəfiqliyindən xəbər verir, bununla bərabər, türk birliyindən, özbəkli, qazaxlı, türkmənli, qırğızlı, qaqauzlu, kərküklü, qıprıslı, qaraçaylı, çərkəzli böyük və qüvvətli bir birliyin mövcudiyyatı barədə dünyaya mesaj ötürür. Bu dövrdə bu birlik daha sıx inteqrasiya şəklində, daha intensiv olaraq nümayiş edilməkdədir, Ramiz Qusarçaylı da bir Azərbaycan türkü olaraq türkçülüyü ilə öyünür, qürurlanır.
 
Beləcə gəlirdi Macar türkləri,
Beləcə gəlirdi Acar türkləri,
Beləcə gəlirdi Bulqar türkləri,
Beləcə gəlirdi Uyğur türkləri,
Beləcə gəlirdi Xəzər türkləri,
Beləcə gəlirdi Azər türkləri,
Beləcə gəlirdi Od Ər türkləri,
Beləcə gəlirdi Saf Ağ türkləri,
Beləcə gəlirdi Ar Sak türkləri,
Gəlirdi, beləcə Saf Qan gəlirdi,
Gəlirdi, beləcə Turan gəlirdi...
Tarixə həkk edib ilk Turanlığı,
Beləcə yarandı Sibir xanlığı,
Şeybani xanlığı, Qıpçak xanlığı,
Peçenek xanlığı, Qazax xanlığı,
Uz, Tuna, Buxara, Kaşgar xanlığı,
İtil Bulqar, Kazan, Kırım xanlığı,
Həştərxan, Urmiya, Uyğur xanlığı,
Nogay, Qırgız, Türkmən, Tuva xanlığı,  
Ərbil, Gəncə, Dərbənd ,Quba xanlığı,    
Naxçıvan, İrəvan, Bakı xanlığı,
Qarabağ, Lənkəran, Şəki xanlığı,
Beləcə yarandı Türk xanlıqları.
Türk xanimanları, xaqanlıqları...
 
Fenomenal bir haldır, tariximizin bütün dövrləri poemada öz əksini tapıb, hər bir tarixi hadisə ya geniş təhlil edilib, ya da, ötəri toxunulsa belə mahiyyəti açılaraq keçmiş mənzərəni göz önünə gətirmək konteksində uğurla işlədilib. Babək üsyanı, Səfəvilər İmperiyası, Şah İsmayıl Xətai və Nadir şah dönəmləri ardıcıllıqla gəlib bugünümüzün ən böyük bəlası olan torpaqlarımızın Rusiya tərəfindən işğalı, bundan doğan erməni məsələsində dirənir, buradan düyünlər açılmağa başlayır.
 
Ən duru tarixdi Əfşar tarixi,
Türkün, türk ruhunun yaşar tarixi,
Rusun,
erməninin cızdığı deyil,
Farsın öz adına yazdığı deyil,
Nə Rus-Slavyandı,
nə Fars-İrandı,
Nə də ki,
İngilis-Amerikandı...
Fədakar,yenilməz Türk tarixidi,
Şərəf tarixidi, görk tarixidi.
 
Şair məkrli düşmənin iç üzünü lirik boyalarla, çox incə ricətlə açmaqla sanki ürəyimizdən bir tikan da çıxarmağa müvəffəq olur:
 
Erməni qızları gənc yaşlarından
Can atırdı şahın hərəmliyinə,
Erməni evləri hərəm yuvası,-
Hərəm müəllimi, hərəm təlimi,
Hərəm bəsləyirdi haram yuvası,
Uğur qazanırdı haram təlimi,
Yollar uzanırdı hərəmxanaya,
Haylar yarınırdı hay kimliyindən,
Erməni atalar öz qızlarının
Qürur duyurdular hərəmliyindən.  
 
Azərbaycanın ikiyə bölünməsi, təbii ki, illərdir ki, hər bir azərbaycanlının ən yaralı yeridir, zaman-zaman Araz çayı boyunca vətənimizin parçalanması vətəndaş poeziyamızın baş mövzusu olub. Ramiz Qusarçaylıda bu qara hadisə kədərli və təsirli notlarla, ustalıqla ortaya qoyulur:
 
Böldü məmləkəti,
böldü min yerə
Böldü,
parçaladı müqavilələr,-
Kürəkçay,-
kələk-çay müqaviləsi,
Tükmənçay,-
türkmən-vay müqaviləsi,
Gülüstan,-
külüstan müqaviləsi...
 
Bölündü İrəvan,
Bakı xanlığı,
Bölündü Qarabağ,
Şəki xanlığı,
Bir yerdə görmədik iki xanlığı
Yarandı məhəllə,
səki xanlığı...
 
Xalqımının tarixindəki ən qara səhifələr sırasında 1918-ci il qırğınları əvəzsiz yer tutur, buna əsla şübhə yoxdur, rusların himayəsi ilə torpaqlarımızda yerləşdirilən ermənilər onlardan dəstək alıb o torpaqlara sahib çıxıblar, ərazilərini genişləndirməklə xalqımızı qətliamlara məruz qoyublar. Daşnak-bolşevik qırğınlarının törədildiyi məkanlardan biri – hadisələrin episentlərindən biri də elə şairin ana vətəni olan Qubadır.
Poemanın növbəti hissəsi tarixin bu qaranlıq səhifəsinə də işıq salır:
 
Qubada erməni soyqırımları,
Bakıda erməni soyqırımları,
Şəkidə erməni soyqırımları,
Vanda, İrəvanda,
Üç Müədzində,
Göyçədə erməni soyqırımları,
Şamaxı, Kürdəmir, Qax, Zaqatala,        
Göyçayda erməni soyqırımları,
Ərzurum, Ərdahan,  İqdır,Zəngəzur,
Lənkəran, Qarabağ, Naxçıvan, Şərur,
Salyanda erməni soyqırımları,
Hər yanda erməni soyqırımları,
Qırğınlar dalınca qırğın gəlirdi,
Soyğunlar dalınca soyğun gəlirdi...
Vətən can verirdi yad əllərində,
Yadların əzazil əməllərində...
 
Poemanın növbəti hissəsində türklərin Azərbaycana gəlişi, 1918-ci il qurtarışı, ardınca Xalq Cumhuriyyətinin qurulması və qısa surədə devrilməsi, ikinci dünya müharibəsi öz qəhrəmanları, səhnələri ilə təsvir edilir, sonra bugünümüzə adlayırıq, Qarabağ probleminin yaranmasından, torpaqlarımızın 30 illik işğalı dövründən söz açılır.
Şair ilmə-ilmə tarixi toxuyub bugünə gətirib çıxarır, rəngbərəng ilmələrə son düyünü vurub toxuduğu sənət əsərini 44 günlük zəfərimizlə tamamlayır. Əlbəttə ki, poema parçalanan, yadelli zülmü altında inləyən, müharibə və soyqırımları ilə insanlarını itirən, şəhərləri, kəndləri dağıdılıb viran qoyulan, zəkalıları repressiyalara, sürgünlərə məruz qalan bir xalqın tarixini göz yaşı ilə nəql etməklə qəm-kədər ovqatı yaradar, insanlığı hey düşünməyə, səhvləri görməyə vadar edir, amma sonda əzmlə, mətanətlə silaha sarılıb dünya güclərini vecə almadan düşmənə qan udduran, onu geri oturdan bir xalq olmağımızın nikbinlik gətirməsi də yerinə düşəndir, poemanın təsir gücünün maksimal ifadəsidir:
 
Qisasa susayan hər igid əsgər,
Bir cəsur coşquda,
həvəsdə gəldi.
Bir vaxt qucaqlarda çıxan körpələr
İndi Qarabağa tank üstdə gəldi…
 
44 günlük Zəfər mənzərələri,
Qalibiyyət, hünər mənzərələri,
Bu film deyildi,
bu Qarabağda
Vətən qovğasıydı,
Vətən qalıydı,
Şanlı müharibə ssenarisi,-
Möhtəşəm Qələbə serialıydı!
 
Ustad şair poemasında zaman-zaman vətən sevgisi həqiqətini açmağın necə müşkülə çevrilməsini, şair olan bəndənin necə sərt təpkilərə məruz qalmasını, senzuralar və qadağaların gətirdiyi tabu buludlarını göstərməklə azadfikirliliyin təqib edilməsini, azadlıq və müstəqillik tərəfdarlarının tarix boyu şahlar, çarlar, kommunist katiblər tərəfindən necə təqib edilməsini də təsvir edir, bu ağrını zamanında özü də yaşadığı, bütün məhrumiyyətləri bircə kəlmə “Araz” kəlməsi ilə ifadə etmək mümkünlüyünə sığınmaya özü də məruz qaldığı üçün bu ağrını gözəl ifadə edir:
 
İlahi, zülümmüş Vətəni sevmək,-
Sevən ürəklərə qara çəkiblər.
Vətən deyənlərin dili kəsilib,
Vətən deyənlərin başı kəsilib,
Vətən deyənləri dara çəkiblər.
Vətən sevənləri ağlar qoyublar,
Gözünün içində od qalayıblar,
Vətən deyənləri şaqqalayıblar...
 
Həyat davam edir, məğlubiyyətlər qələbələrə kökləyirsə, uğursuzluqlar uğur aşılayırsa, demək, yaşamağa dəyərmiş. Ən əsası, bu gün Şuşada Azərbaycan bayrağı dalğalanırsa, demək, arzuların bir çin olma ehtimalı da yüksəkmiş.
Mən ustad Şair Ramiz Qusarçaylıya belə gözəl bir sənət şedevri ortaya qoyduğu üçün hədsiz minnətdarlıq bildirirəm, əminlik ifadə edirəm ki, tezliklə bu poema hər bir azərbaycanlının ürəyinə həkk olunacaq.
Poemanın aşağıda qeyd edəcəyim son akkordu isə dillər əzbəri olacaq:
 
Vətən!
Bir ürəkdə döyünən candır,
Qarabağ bizimdir,-
Azərbaycandır!

Çərşənbə axşamı, 31 Avqust 2021 09:58

Time təqdim edir: "Reyxstaq üzərində qələbə bayrağı"

Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən növbəti foto ilə tanış olun: Yevgeni Haldey" Reyxstaq üzərində qələbə bayrağı",1945-ci il

“Bu, 1400 gün gözlədiyim hadisədir", - deyə Sovet fotoqrafı Yevgeni Haldey etiraf edib. Dünya şöhrətli hərbi müxbiri öz məşhur şəklini 2 may 1945-ci ildə çəkib. Həmin vaxt Berlində küçə döyüşləri başa çatmışdı və şəhər Sovet qoşunları tərəfindən tamamilə işğal edilmişdi. Haldey rastlaşdığı ilk əsgərlərdən fotoşəkil çəkməyə kömək istədi. Tezliklə o, iki kaseti onlarla birlikdə çəkib götürdü.
Şəkil üzərində həkk olunmuş bayrağı Yevgeni Xaldey özü ilə gətiribmiş. Maraqlıdır ki, bayraq fotoqrafın Moskvaya səfərlərindən biri zamanı  "Qırmızı fotoxroniklər" yeməkxanasından “çırpışdırdığı” qırmızı süfrədən tikilmişdir.

Şəkil: 100photos.time.com

Çərşənbə axşamı, 31 Avqust 2021 09:57

Bu gün ömrün daha bir yayına əlvida deyirik

 

31 avqust. Ümumdünya blogger günü

 

World Bloggers Day – bu gün insanların diqqətini bloggerlərə cəlb eləmək, bu yeni əsr peşə sahiblərinin əməyini diqqət önünə çəkmək nəzərdə tutulur. Bloggerləri hər yerdə sevmirlər. Xüsusən insan hüquqları pozulan, demokratiya olmayan ölkələrdə bu sosial mediya fədailəri hakimiyyət üçün baş ağrısı hesab olunur. Bu səbəbdən bloggerlər təqib olunur, onların sosial mediya hesablarına basqılar edilir, onlara qarşı trol ordusu hərəkətə keçir.

 

Əlbəttə, xalqın dərdlərini, problemlərini açıb-ağardan, məmur korrupsiyasını gündəmə gətirən bloggerlərin fəaliyyəti alqışlanmalıdır. Amma bəzən, xüsusən öz ölkəsinin hüdudlarından kənarda yaşayan mühacir bloggerlər tənqidlə təhqiri dəyişik salır, vulqar ifadələrlə, söyüşlə silahlanırlar, bax bu yolverilməzdir.

 

31 avqust. Ermənilərin özbəklərə qarşı genosidi, Svetayevanın vəfatı və patı

 

Yayın son günü. Bu gün təqvimdə Açıq havada qidalanmaq günü qeydi də var. Anlamı nədir? Yayın son günündə insanları təbiətin qoynuna çıxmağa, gözəllikdən həzz ala-ala qidalanmağa çağırırlar. Bəzən xoşbəxtlik o qədər xırda şeylərdə olur ki, biz sadəcə onu duymadan ötürürük.

 

Bu günü qardaş özbək xalqı Repressiya qurbanlarının xatirəsi günü kimi qeyd edir. Bu barədə illər öncə Ozbəkistanın ilk prezidenti İslam Kərimov sərəncam verib. Özbək xalqının taleyinə 20-ci - 30-cu illərdə Stalin repressiyaları, 40-cı – 50-ci illərdə ikinci repressiya dalğası, 80-ci illərdə “pambıq işi” deyilən müdhiş cinayətlərə tuş gəlmək yazılıb. Və çox qəribədir ki, həmişə də özbəklərə atılan güllənin arxasında ermənilər dayanıb. Xüsusən “pambıq işində” bütün xalqı incidən, kişiləri həbsə atan, güllələdən, qadınları şantaj edib namuslarına toxunan bir nömrəli sima erməni müstəntiq Telman Qdlyan olub. Bu gün Özbəkistanın ermənilərlə diplomatik əlaqə qurmamasının da kökündə bax bu erməni cinayətləri durur.

 

1994-cü ilin bu günündə Berlindən işğalşı Sovet Ordusunun çıxarılmasına başlanılıb. 1907-ci ildə Atlanta ittifaqı yaradılıb. 1941-ci ilin bu günündə rus şairəsi Marina Svetayeva vəfat edib. Və ən nəhayət, bu gün həm də Beynəlxalq doza həddini keçmə barədə məlumatlandırma günüdür. Dünyda hər il yüz minlərlə insan doza həddini aşmaqla narkotiklərdən vəfat edir. Narkotiklərlə ayrıca mübarizə günləri təqvimdə müxtəlif adda bir neçədir. Bu günsə doza həddini keçməmək tələbi qoyulur, yəni, narkotik qəbul eləməyiniz cəhənnəmə, barı doza həddini keçməyin.

 

Çox təəssüf ki, bu gün ölkəmizdə narkomaniya cövlan edir. Bütün sosial mediya patı adlı bəladan bəhs edir. Xalqın gələcəyini bir dəstə murdar insan zəhərləyərək özünə milyonlar qazanır. Buna təcili son qoyulmalıdır! Dərhal son qoyulmalıdır!

 

31 avqustun şeir bəndi

 

Bu gün həm bütöv bir aya, həm də bütöv bir fəslə “əlvida” deyirik. Əlvidalar insan ömrününü daimi qonaqlarıdır, insan itirə-itirə getdiyindən bir dəfə uşaqlığına, bir dəfə gəncliyinə, bir dəfə sevdiyinə, bir dəfə valideyinlərinə, bir dəfə gözəlliyinə, bir dəfə sağlamlığına, bir dəfə də həyatına əlvida deyir.

 

Hələ bu dünyada qalmaq payım var,

 

Bəxtimin üzünə gülmək payım var,

 

Azadlıq yolunda ölmək payım var,

 

Obalar əlvida, ellər əlvida.

 

Şahmar Əkbərzadə

 

 

 

Varisin “21-31 avqustun təqvimi” yazısından seçmələr

 

 

Şuşada keçirilən Vaqif Poeziya Günündə AYB sədri Anar Rzayev çıxış edib. Anar Rzayevin çıxışının mətnini diqqətinizə çatdırırıq:
“Hörmətli cənab Prezident. Hörmətli Mehriban xanım. Hörmətli tədbir iştirakçıları. Unudulmaz Ulu Öndərin ucaltdığı və vandalların uçurduğu bu Vaqif məqbərəsi bu gün əvvəlki əzəməti ilə dirçəlib. Buna, Vaqif Poeziya Günlərinin bərpasına, cənab Prezident və Mehriban xanım, şəxsən bu tədbirdə iştirak etdiyinizə görə mən bütün Azərbaycan yazıçıları adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Mən ilk dəfə Şuşaya 1952-ci ildə gəlmişəm. O zaman mənim 14 yaşım var idi. Şəhərdə bircə abidə var idi - Sovet İttifaqı Qəhrəmanı Nelson Stepanyanın abidəsi. İndi bədnam adı tarixdə qalmış bu vilayətin erməni başçıları bu qədim Azərbaycan şəhərini erməni şəhərinə çevirmək istəyirdilər. Burada Azərbaycan abidələri yox idi. Qədimdən var idi, amma yenilər yox idi. Ulu Öndərin vaxtında burada muzeylər açıldı - Üzeyir Hacıbəylinin, Bülbülün muzeyləri, Natəvanın, Üzeyir bəyin, Bülbülün heykəlləri qoyuldu. Nəhayət, bu əzəmətli məqbərənin əsası qoyuldu və bu məqbərə açıldı. 1982-ci il yanvarın 14-də həmin o tədbirdə mən də iştirak edirdim.
Vaqif Azərbaycan poeziyasında nadir yeri olan şairdir. O, bizim xalq şerini, qoşmaları, gəraylıları, heca vəznində yazılan şeirləri əruz vəznində yazılan dram ədəbiyyatı ilə birləşdirən, vəhdətdə təqdim edən, Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan şair idi. Onun dostu Vidadi bədbin şeirlər yazırdısa, bədbinliyi təbliğ edirdisə, Vaqif “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi. Amma keşməkeşli həyatının axırıncı illərində, faciəvi illərində o da “Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, hər nə gördüm əyri gördüm, özgə babət görmədim” deyirdi.
Bu gün mənim ürəyim doludur, çox şey deyə bilərəm, amma dedilər ki, qısa danışmaq lazımdır, ona görə də mən qısa danışacağam. Mən 2010-cu ildə bir mərasimdə çıxış edəndə, - cənab Prezident də iştirak edirdi orada, - dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi. Mən Allaha təşəkkür edirəm, taleyimə minnətdaram və Sizə minnətdaram. Sizə minnətdaram ki, o sözü desəm də, bir də Şuşanı görəcəyimə inanmırdım, amma bu gün mən burdayamsa, Sizə minnətdaram, bizim müzəffər Ordumuza minnətdaram. Siz bu Qələbəni Ordu ilə bir yerdə qazandınız. Amma diplomatik qələbəni, təbliğat qələbəsini Siz təkbaşına qazandınız. Çünki Sizin 4 dildə onlarla çıxışlarınız yeni Azərbaycanı tanıtdı, Azərbaycan həqiqətlərini çatdırdı. Bu da çox böyük bir hadisə idi. Siz bizə, Azərbaycan xalqına onun milli qürurunu qaytardınız. Bizim hamının qarşısında alnımız açıq, başımız dikdir ki, öz torpaqlarımızı qaytardıq. Bu torpaqlar bizə əzizdir. Amma indi şəhidlərin, qazilərin qanı, şəhid ailələrinin göz yaşları, Mehriban xanımın şəhid ailələri ilə görüşlərində axıtdığı göz yaşları ilə suvarılmış bu torpaqlar bizə ikiqat əzizdir, ikiqat doğmadır.
Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur! Təşəkkür edirəm”.

 

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.
AxərTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.
Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli mərasim iştirakçıları.
Xahiş edirəm ki, ilk növbədə, Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Vaqifin məqbərəsi bütün digər tarixi abidələrimiz kimi işğal edilmiş torpaqlarda erməni vandalizminə məruz qalmışdır. Bu gün isə məqbərə tam bərpa edilib və dünən məqbərənin ikinci açılışı olmuşdur.
Bildiyiniz kimi, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdir. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır.
Əfsuslar olsun ki, Şuşa işğala məruz qalandan sonra bütün tarixi abidələr, mədəni abidələr, o cümlədən Vaqifin məqbərəsi vandallar tərəfindən dağıdılmışdır. Şuşanın işğalı xalqımızın böyük faciəsi idi. Çünki Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı. Çünki Şuşanın strateji əhəmiyyəti, əlbəttə ki, bizim üçün itirilmiş oldu və düşmən bundan istifadə edərək, ondan bir neçə gün sonra – 1992-ci ilin mayında Laçını da işğal etdi. Ondan bir il sonra – 1993-cü ilin aprelində Kəlbəcəri işğal etdi və beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi bağlantı yaradıldı. Bizim məğlubiyyətimizin qaçılmaz olması göz qabağında idi, nəzərə alsaq ki, o vaxt Azərbaycanda hərc-mərclik dövrü idi, nizami ordu yox idi, vətəndaş qarşıdurması baş vermişdi.
Şuşanın itirilməsi digər rayonların itirilməsinə təkan vermişdi. Ancaq biz Azərbaycan xalqı olaraq heç vaxt bu işğalla barışmaq fikrində deyildik. İşğal dövründə mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, işğal edilmiş bütün torpaqları, o cümlədən Şuşanı nəyin bahasına olursa-olsun işğalçılardan azad edəcəyik.
Bildiyiniz kimi, danışıqlar prosesi 30 ilə yaxın davam etdi, bunun heç bir nəticəsi olmadı. İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq.
Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik.
44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır. Müharibədən sonra mən ilk dəfə Şuşaya bu il yanvarın 14-də gəlmişdim. Bu tarix də təsadüfən seçilmədi. Çünki o tarixdən 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik.
İlk səfərim çərçivəsində Şuşanın bərpası ilə bağlı bütün lazımi göstərişlər verildi və yanvar ayından bu günə qədər - 7 ay ərzində artıq çox böyük işlər görülüb. Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görürlər. Bəli, şəhər hələ ki, dağılmış vəziyyətdədir. Çünki ermənilər nə qədər çalışalar da, yenə də Şuşanı erməni şəhəri kimi təqdim edə bilmədilər və əgər bu, erməni şəhəri idisə, niyə belə vəziyyətdə idi, niyə dağılmış vəziyyətdə idi, niyə bir dənə bina tikilməyib? Üç-dörd erməni məmurunun yeni villalarından başqa bir dənə də yeni bina tikilməyib. Köhnə binalar hamısı dağıdılıb, tarixi binalar dağıdılıb.
Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi, dünən onun ikinci açılışı olmuşdur. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular. Əgər bu, erməni şəhəri idisə, nə üçün siz bu bulaqları qurudursunuz? Ondan sonra “Xarıbülbül” oteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi və digər addımlar atıldı.
Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mənim tərəfimdən mərkəzi meydanda qoyuldu. Dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi. Qeyd etdiyim kimi, Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Polad atasının evini bərpa etdi, indi çox gözəl muzey yaradılmışdır. Dünən “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. İşğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki, bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır.
Yeni otel beşulduzlu olacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Beşulduzlu otelin yeri də mənim tərəfimdən seçildi. Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi.
Beşulduzlu otel gözəl yerdə inşa ediləcək. Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək. Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar.
Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Beləliklə, biz Şuşanı yenidən dirçəldəcəyik.
Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.
İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.
Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.
Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!
X X X
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev çıxış edərək:
-Hörmətli cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli tədbir iştirakçıları.
Unudulmaz Ulu Öndərin ucaltdığı və vandalların uçurduğu bu Vaqif məqbərəsi bu gün əvvəlki əzəməti ilə dirçəlib. Buna, Vaqif Poeziya Günlərinin bərpasına, cənab Prezident və Mehriban xanım, şəxsən bu tədbirdə iştirak etdiyinizə görə mən bütün Azərbaycan yazıçıları adından Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Mən ilk dəfə Şuşaya 1952-ci ildə gəlmişəm. O zaman mənim 14 yaşım var idi. Şəhərdə bircə abidə var idi - Sovet İttifaqı Qəhrəmanı Nelson Stepanyanın abidəsi. İndi bədnam adı tarixdə qalmış bu vilayətin erməni başçıları bu qədim Azərbaycan şəhərini erməni şəhərinə çevirmək istəyirdilər. Burada Azərbaycan abidələri yox idi. Qədimdən var idi, amma yenilər yox idi. Ulu Öndərin vaxtında burada muzeylər açıldı - Üzeyir Hacıbəylinin, Bülbülün muzeyləri, Natəvanın, Üzeyir bəyin, Bülbülün heykəlləri qoyuldu. Nəhayət, bu əzəmətli məqbərənin əsası qoyuldu və bu məqbərə açıldı. 1982-ci il yanvarın 14-də həmin o tədbirdə mən də iştirak edirdim.
Vaqif Azərbaycan poeziyasında nadir yeri olan şairdir. O, bizim xalq şerini, qoşmaları, gəraylıları, heca vəznində yazılan şeirləri əruz vəznində yazılan dram ədəbiyyatı ilə birləşdirən, vəhdətdə təqdim edən, Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan şair idi. Onun dostu Vidadi bədbin şeirlər yazırdısa, bədbinliyi təbliğ edirdisə, Vaqif “Toy-bayramdır bu dünyanın əzabı” deyirdi. Amma keşməkeşli həyatının axırıncı illərində, faciəvi illərində o da “Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, hər nə gördüm əyri gördüm, özgə babət görmədim” deyirdi.
Bu gün mənim ürəyim doludur, çox şey deyə bilərəm, amma dedilər ki, qısa danışmaq lazımdır, ona görə də mən qısa danışacağam. Mən 2010-cu ildə bir mərasimdə çıxış edəndə, - cənab Prezident də iştirak edirdi orada, - dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi. Mən Allaha təşəkkür edirəm, taleyimə minnətdaram və Sizə minnətdaram. Sizə minnətdaram ki, o sözü desəm də, bir də Şuşanı görəcəyimə inanmırdım, amma bu gün mən burdayamsa, Sizə minnətdaram, bizim müzəffər Ordumuza minnətdaram. Siz bu Qələbəni Ordu ilə bir yerdə qazandınız. Amma diplomatik qələbəni, təbliğat qələbəsini Siz təkbaşına qazandınız. Çünki Sizin 4 dildə onlarla çıxışlarınız yeni Azərbaycanı tanıtdı, Azərbaycan həqiqətlərini çatdırdı. Bu da çox böyük bir hadisə idi. Siz bizə, Azərbaycan xalqına onun milli qürurunu qaytardınız. Bizim hamının qarşısında alnımız açıq, başımız dikdir ki, öz torpaqlarımızı qaytardıq. Bu torpaqlar bizə əzizdir. Amma indi şəhidlərin, qazilərin qanı, şəhid ailələrinin göz yaşları, Mehriban xanımın şəhid ailələri ilə görüşlərində axıtdığı göz yaşları ilə suvarılmış bu torpaqlar bizə ikiqat əzizdir, ikiqat doğmadır.
Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu yoxdur. Bu yol uzandıqca uzanacaq. Bu Zəfər yolu Azərbaycanın hərbi gücünün yoludur, siyasi gücünün yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının Zəfər yoludur!
Təşəkkür edirəm.
X X X
Xalq şairi Nəriman Həsənzadə çıxış edərək dedi:
-Cənab Prezident.
Hörmətli Mehriban xanım.
Bir dəfə mən demişdim ki, cənab Prezident Siz mənim gözümün qabağında böyümüşünüz. Özünüz də dediniz, Siz burada idiniz, 20 yaşınız var idi, cənab Prezident. İndi burada cismani olaraq bircə Heydər Əliyev yoxdur, bir də Zərifə xanım yoxdur. Hamısı buradadır. Abidə də buradadır. Hamımız buradayıq. Özü də Siz gətirmisiniz. “Qarabağ Azərbaycandır, Qarabağnaməm İlhamdır”. Siz bizim ilham mənbəyimizsiniz.
Cənab Ali Baş Komandan, halaldı Sizə,
Millət, Vətən qarşısında oğul haqqınız.
44 günü Siz yazdınız tariximizə,
Günəş kimi dünyaya da doğacaqsınız.
 
“Xarıbülbül” festivalı bir möcüzə idi,
Yerlər, göylər ovsunlanıb dedim Şuşada.
Burada dağlar hamilə idi, dünya təzə idi,
Paytaxt Şuşa doğulurdu qədim Şuşada.
 
“Əziz Şuşa, sən azadsan”, bu, öz səsindi,
Vurğusu da, nidası da yadda qalırdı.
Festivalda işğalçının məhkəməsiydi
Dağlar hakim kürsüsündə mərd dayanırdı.
 
Mən Şuşada kimi gördüm, qürurlu gördüm,
Can da dedim Tanrı duası ilə.
Üzeyiri, Natəvanı, Bülbülü gördüm,
Sinəsində namərdlərin güllə yarası.
 
Yadımdadır, Ulu Öndər Şuşa deyib nitq söyləyirdi.
Vətən, ana həsrətidir Şuşa həsrəti.
Xoşbəxtəm ki, İlham özü belə deyirdi,
Mən yerinə yetirmişəm bu vəsiyyəti.
 
Cənab Ali Baş Komandan, halaldı Sizə,
Vətən, millət qarısında oğul haqqınız.
44 günü Siz yazdınız tariximizə,
Günəş kimi dünyaya da doğacaqsınız.
Cənab Prezident, mən onda olduğu kimi bir sirri də deyəcəyəm. Gedib evdə deyəcəyəm ki, lap mənim yanımda oturmuşdular, Prezident də danışanda mənə baxırdı. Siz bizi müalicə edirsiniz, dirildirsiniz, həyat bağışlayırsınız. Mən şadam, çox şadam, Allah Sizin başınızı uca eləsin. Allah Sizə dəyməsin. Bax, burada hamı İlham deyir. Yolda söhbət edirdik, Nizami Cəfərova deyirdim ki, ay Nizami, Heydər Əliyev nəinki tədbirlər keçirirdi, nəinki abidələr ucaldırdı. Dədə Qorquddan üzü bəri həm də ədəbiyyat yaradıcısı idi Heydər Əliyev. Ədəbiyyatımızı yaradırdı.
Cənab Prezident, Siz yanımızdasınız, biz həmişə Sizin yanınızdayıq. Başınız uca olsun. Qızım, Sizin də başınız uca olsun. Alla Sizi saxlasın. Çox şadam, 90 yaşımda gəncləşirəm.
X X X
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-yazıçı İlqar Fəhmi çıxış edərək dedi:
-Mən də deyilən bütün gözəl sözlərə qoşuluram, dövlətimizin başçısına, Mehriban xanıma bizə dəstək olduqlarına görə təşəkkür edirəm. Mən də şeir oxumalıydım, amma Nəriman müəllim elə bir gözəl ab-hava yaratdı ki, Vaqifin bir şeiri düşdü yadıma. Deyir:
“Məkan tutdisə Vaqif, yоx əcəb, bu Şişə dağında,
Məqami ləli-gülrəngin miyani-səngi-xaradır”.
 
Vaqif deyir bu Şuşa dağında məskən tutdusa, burada qeyri-adi heç nə yoxdur. Çünki ən qiymətli, gözəl incilərin, gözəl daşların məqamı hara olur? Dağların, daşların arası olur. Bu gün bizim bu Şuşa şəhərimiz də sanki Vaqiflə bərabər həmin o dağların, daşların qoynunda məkan tutan Azərbaycanın ən qiymətli, ən gözəl bir incisidir və bu incini bizə qaytardığına görə həm Ali Baş Komandanımıza, həm müzəffər Ordumuza bütün yazarlar adından təşəkkür edirəm və bu şeiri oxumaq istəyirəm.
Bir Şuşa var, 30 ildir xəyallarda dolaşdı,
Bir Şuşa var, bu gün gəlib varlığına qovuşdu.
Bir Şuşa var, hər ağacı, hər daşı da tarixdi,
Bir Şuşa var, sevinci də, göz yaşı da tarixdi.
 
O Şuşa ki, illər boyu ayrı qaldı anasından,
Xarıbülbül qərib düşdü doğma, isti yuvasından.
O Şuşa ki, illər boyu məhbus idi, əsir idi,
Başı üstə qara duman, ayağında zəncir idi.
 
Nəhayət ki, cuşa gəldi igidləri, ərənləri,
Son bir dəli həmlə ilə titrətdilər göyü, yeri.
Dağı, daşı silkələdi mərmi səsi, atəş səsi,
Namərd düşmən bu torpaqda axır verdi son nəfəsi.
 
Bu gün artıq “zəfər” sözü Şuşa adı ilə qoşadır.
İndi hər gün bir qələbə, indi hər yer Şuşadır.
Çox sağ olun.
X X X
Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək dedi:
-Çox hörmətli cənab Prezident. Çox hörmətli Mehriban xanım. Bu, mənim azad Şuşaya ilk səfərimdir və bunu mən öz şəxsi həyatımda tarixi bir hadisə hesab edirəm. Buradakı bu qısa çıxışın öz arxivimdə də qalmasından ötrü onu yazmışam.
Möhtərəm cənab Prezident. Çox hörmətli Mehriban xanım.
Mən bu qısa çıxışımı etirafla başlamaq istəyirəm. Mən bilirdim ki, Şuşa haçansa mütləq azad olunacaq. Çünki başqa cür mümkün deyildi. Ancaq mən özümün həmin gözəl günü görəcəyimə inanmırdım. Nə üçün inanmırdım? Çünki dünyanı ikili siyasi standartlar idarə edir və Siz, çox hörmətli cənab Prezident, bu güclü və qolu zorlu ikili standartlar dünyasında ortaya son dərəcə cəsarətli və cəsarətli olduğu qədər də qətiyyətli, prinsipial iradə qoydunuz. Qəsbkar Şuşadan qovuldu və Şuşa azad oldu. Ancaq yalnız qəsbkar deyil, bu ikili standartlar da məğlub oldu.
Mən tam əminəm, Şuşa bundan sonra daha da gözəlləşəcək, inkişaf edəcək, Şuşa daha artıq eşqlə böyük sənətkarlar, böyük vətəndaşlar yetişdirəcək. Cənab Prezident, Azərbaycanın gələcək tarix kitablarında, salnamələrdə Sizin adınız həmişə azad Şuşa ilə, azad Qarabağ ilə yanaşı yazılacaq.
Əziz dostlar, mənim təsəvvürümdə Şuşa canlı bir orqanizmdir. Biz 30 il Şuşa ağrısı ilə yaşadıq. Ancaq bu 30 ildə Şuşanın özü də həsrət və ağrı içərisində idi. Bu canlı orqanizm doğma xalqının yolunu gözləyirdi. Nəhayət ki, Şuşa bu həsrət əsarətindən, bu ağrıdan xilas oldu. 44 günlük azadlıq savaşında Ali Baş Komandan da, generallar da, zabitlər də sıravi Azərbaycan əsgəri idilər. Ali Baş Komandan həm də bu 44 gündə Azərbaycan xalqının ədalətin və prinsipiallığın tribunu idi. Bu tribunun səsi dünyaya da yayılırdı, hər bir azərbaycanlının ürəyinə də yayılırdı. Bu gün bizim hamımız, bütün Azərbaycan xalqının sevinci, fərəh hissi və qüruru, eyni zamanda, Şuşanın özünün də sevincidir, Şuşanın da qürurudur.
Əziz dostlar, mən 40 il bundan əvvəl də burada keçirilən bu unudulmaz Vaqif poeziya bayramının iştirakçısı olmuşam. Bu gün mənim içimdəki Zəfər sevinci, fərəh və qürur hissi ilə bərabər, güclü bir təəssüf də var. Mən olduqca çox təəssüf edirəm ki, ulu öndər Heydər Əliyev bu günü görmədi, bütün varlığı ilə Şuşa sevincini yaşamadı. Ürəyi Şuşa ağrısı ilə sızlayan bir çox yazıçı və şairlər də, bir çox qarabağlı insanlar, o cümlədən İlyas Əfəndiyev də bu sevinci yaşaya bilmədilər. Ancaq mən sözümü ikinci bir etirafla bitirmək istəyirəm. 44 günlük Zəfər real sevinci, real fərəhi, real qüruru ilə bərabər, mənim içimdə mistik bir reallıq da yaradıb. Mən inanıram, qətiyyən şübhə etmirəm ki, Ulu Öndər də, bu gün burada yeri görünən o yazıçı və şairlər də elə bu dəm yuxarıdan bizə baxırlar və hər şeyi görürlər. Şuşa sevinci, Qarabağ sevinci o ali məqamda onlarla bir yerdədir. Qarabağ Azərbaycandır!
Əziz dostlar, bu sözləri oxuya-oxuya bir söz də yadıma düşdü və onu demədən düşmək istəmirəm: “Nə oldu Paşinyan?”.
X X X
Azərbaycan Yazıçılar Birliyin üzvü şairə Günel Şamilqızı “Müjdə” şeirini oxudu.
Düz 44 gün xəbər hazırladıq, sənin atdığın hər addımdan,
Ekranlara dikilən gözlərə sevinc payladıq, kənd-kənd, siyahı-siyahı.
Düz 44 gün çəkdiyin hər tətik ümid verdi bizə,
Düz 44 gün yumruğun hər havaya qalxanda bir az da dikəldi belimiz.
 
İndi biz də görüşünə gəlmişik, qardaş, kiçik bir müjdə kimi,
Cisminin uyuduğu yox, ruhunun qovuşduğu ucalığı ziyarətə gəlmişik.
Sinəmizə çəkilən dağdan yol alıb,
Cırmaq-cırmaq qalxdığın dağları görməyə gəlmişik, qardaş.
 
Bizim üçün onda asan idi yazmaq “Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edildi”.
Sənin üçün barıt, qan son nəfəs qoxuyurdu,
Azad torpaqlarda ciyərinə çəkdiyin vətən havası.
 
Bizim üçün onda asan idi yazmaq “Xudafərində bayrağımız dalğalanır”,
Sənin əllərin əsirdi burada döyüş yoldaşının üzünü bayraqla örtəndə.
Bu xəbərin yuxusu qan rəngində idi, qan qovuşuqdu, qardaş,
Bu xəbərin dünəninə qərənfil səpmişdik, sabahında xarıbülbül pöhrələnəcək.
 
Dünya durduqca köhnəlməyəcək sevinci,
Dünya durduqca bu xalq üçün bu xəbər hər zaman yeni olacaq, diri olacaq.
Sən yaralarımıza pıçıldamışdın, biz gələcəyi müjdələyirik,
Bir də, bir də, bir də “Şuşa işğaldan azad olundu”.
X X X
Azərbaycan Yazıçılar Birliyin üzvü şair Şəhriyar Del Gerani şəhidlərə və Şuşaya həsr etdiyi şeirini oxudu:
Əlimi qoy ürəyinin üstünə,
O uzağın bir adı da Vətəndir.
Atasının qəbrinə məktub yazan,
O uşağın bir adı da Vətəndir.
 
Ömür elə başdan-başa yarışdı,
Oğulların səngər-səngər vuruşdu.
Bu torpağa qəhrəmanlar qarışdı,
Qarışığın bir adı da Vətəndir.
 
Yel qayadan nə aparar aparsın,
Bu fanidən əbədiyyət apar sən.
Cənnətə də bir parça od aparsan,
Bu ocağın bir adı da Vətəndir.
 
Vətən adlı eşqin özü Şuşadır,
Şeir üzlüm nağılların yaşıdı.
Əlini qoy ürəyinin üstünə,
Daha adın azadlıqla qoşadır.
Bu gün, sabah, əbədi!
X X X
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.

Türkiyədə VI Türk Dünyası Sənədli Film Festivalı və Yarışması keçiriləcək. Festival Türk Dünyası Jurnalistlər Federasiyasının təşəbbüsü ilə baş tutacaq.
AzərTAC xəbər verir ki, bu il "Türk mədəniyyəti və türkün dünyaya baxışı" mövzusunda baş tutacaq festivalda ölkəmiz həmyerlimiz, İstanbul Universitetinin kommunikasiya fakültəsinin radio, televiziya və kino bölümünün doktorantı Səidə Ömərin "Xocalıya ədalət!" sənədli filmi ilə təmsil olunacaq. Film festivala tələbə kateqoriyası üzrə təqdim edilib.
Ekran əsərində "Şuşa" filmindən və Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı çəkilən videogörüntülərdən istifadə edilib.
Builki festivalda dünyanın müxtəlif türkdilli dövlətlərinin peşəkar rejissorları və tələbələrinin filmləri yer alır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.