Super User

Super User

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu il ölkədə dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami Gəncəvi İli” elan olunub. Bu münasibətlə sentyabrın 9-da Gəncədə ümumşəhər tədbiri keçirilib.
Heydər Əliyev meydanında təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, deputatlar, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçiriblər. Sərgidə Gəncə Dövlət Kukla Teatrının, Gəncə şəhər Uşaq İncəsənət və Uşaq Rəssamlıq məktəblərinin və Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sənət əsərləri nümayiş olunub.
Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Sonra Nizami Gəncəvi yaradıcılığına nəzərə salınıb. Bildirilib ki, Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai, bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini məhz burada ərsəyə gətirib. Dahi şairin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.
Rəsmi hissədən sonra Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Kompozisiyanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissoru Elşad Əhmədovdur. Nizami obrazını Xalq artisti Alim Məmmədov canlandırıb.
Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətlərinin ifasında konsert proqramı nümayiş olunub. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev və digər ifaçıların çıxışları şəhər sakinlərinin zövqünü oxşayıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “nizamiganjavi.az” saytının yaxın günlərdə istifadəyə veriləcəyi barədə məlumat verilib. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar öz əksini tapacaq.

Tanınmış fotoqraf Reza Deqati ermənilər tərəfindən talan edilmiş Kəlbəcər Muzeyindən fotolarını öz instaqram səhifəsində paylaşıb.
Reza Deqati paylaşımında yazıb: “Kəlbəcər Muzeyi əsrlər boyu Kəlbəcərin qiymətli daşları və qızılı ilə yaradılan inanılmaz heykəlləri və əsərləri ilə məşhur idi.
1979-cu ildə əhalinin ən son siyahıya alınması zamanı burada 5604 nəfər yaşayırdı - 99.4 faiz azərbaycanlı, 0.1 faiz erməni, 0.1 faiz isə rus. 1993-cü il aprelin 2-də erməni qüvvələri şəhəri ələ keçirdi. Əhaliyə çıxmaq üçün 10 saat verdilər. Bir çoxu ayaqqabı olmadan belə piyada 3480 metr hündürlüyündə dağı keçərək qarda ayaqlarını itirdi və ya öldü. Şəhər kül oldu, yaşamaq üçün bir neçə ev saxlanıldı. Erməni qüvvələri 2020-ci ilin noyabrında məğlub olduqdan sonra Azərbaycan onlara Kəlbəcəri tərk etmək üçün 25 gün vaxt verdi və onlar istədiklərini götürə bildilər.
Ayrılmazdan əvvəl isə hətta evləri yandırdılar, ağacları kəsdilər, heyvanları öldürdülər və Ermənistana getdilər. Qurtuluşdan sonra şəhərə gələndə, bir çox başqa görməli yerlər arasında məşhur muzeyi axtardım. Muzeyi tamamilə yer üzündən sildiklərini gördükdə isə kədərləndim və şoka düşdüm... Bütün qiymətli və qədim heykəlləri və əsərləri, qızılları götürmüşdülər. Yalnız bir neçə heykəl qalmışdı ki, yəqin ki, onları da ağır olduqları üçün aparmamışdılar. O əvəzolunmaz muzey əşyaları haradadır? Bütün Qarabağ muzeylərindən, tarixi abidələrdən və evlərdən talan edilmiş bütün bu əsərlərin və minlərlə digər əşyaların siyahısı sovet arxivlərində mövcuddur.
İnanıram ki, UNESCO bu mövzuda müəyyən işlər görəcək”.

Cümə axşamı, 09 Sentyabr 2021 10:02

7 sentyabr. Braziliya.

Ölkə prezidenti Jair Bolsonaru öz tərəfdarlarını küçələrə çıxarıb ki, gələn ilki prezident seçkisinin elektron səsvermə yolu ilə keçirilməsinə etiraz etsinlər.

Cümə axşamı, 09 Sentyabr 2021 10:02

Nəvai Mətin.

“Qız portreti”

Cümə axşamı, 09 Sentyabr 2021 10:00

Venesiya kinofestivalında “Gülüş kralı”

Venesiya kinofestivalında daha bir İtalyan lenti – "Gülüş Kralı" nümayiş olunub. Filmin rejissoru Mario Martonadır, əvvəllər festivalda öz əsərlərini təqdim etmiş Mario Martona. Film məşhur neapolitan aktyoru və ssenarist Eduardo Skarpettanın həyatına həsr olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.
Növbəti təqdim olunan film də maraqla qarşılanıb: Rejissor Odri Divanın (Fransa) “Hadisə” filmində "hadisə" 1960-cı illərdə baş verir. Əsas obraz gizli abort etmək məcburiyyətində qalır.
– Gizli abortlar haqqında təsəvvürlərim o qədər fərqlənirdi ki, mən əslində bunun necə baş verdiyini biləndə sadəcə şok oldum, - Odri Divan deyir. Və sonra da əlavə edir: Bu əsəri onu Annie Ernonun yazdığına görə çox sevirəm, Annienin üslubu təmiz, çox da intuitivdir və dərhal onu ekranlaşdırmaq istədim.
Xatırladaq ki, 78-ci Venesiya kinofestivalı sentyabrın 11-dək davam edəcək.

Opera müğənniləri Anna Netrebko və Azərbaycanın Xalq Artisti Yusif Eyvazov sentyabrda Nijni Novqorod, Samara və Voronejdə qastrol turu çərçivəsində çıxış edəcəklər. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Week-end nəşrinə istinadən bildirir. Moskvada çərşənbə günü  mətbuat konfransında Berin Iglesias Holding-in prezidenti Maksim Berin -  konsertin təşkilatçısı mediaya açıqlama verib:
"Əlbəttə, bundan sonrakı bütün il yubiley ili olacaq və sentyabrın 18-də Kremldəki konsertdən sonra biz Rusiya üzrə böyük tura gedəcəyik. Və bu, Anna Netrebkonun tarix boyunca ölkəmizdə ilk turu olacaq".
Nijni Novqorodda konsert 23 sentyabr tarixində planlaşdırılır, Samara ulduzları 26 sentyabrda, Voronej 28 sentyabrda gözləyəcək. Novosibirsk və Krasnoyarsk performansı  təxirə salınıb, Sibirdəki covid məhdudiyyətlərinə görə.
“İfaçılar ilk dəfə Rusiya şəhərlərinə qastrol turu keçirəcəklər. Anna və Yusif zalların xüsusiyyətlərini, bu şəhərlərdə konsertlərdə olacaq auditoriyanın xüsusiyyətlərini nəzərə alırlar. Onlar Rusiya turu üçün çox populyar, asan, eyni zamanda çox məşhur proqram seçiblər", - deyə Berin qeyd edib.
Rusiyanın Xalq Artisti Anna Netrebkonun repertuarında Mixail Qlinka, Sergey Prokofyev, Nikokay Rimskiy-Korsakov, Cüzeppe Verdi, Cakomo Puççini və digər bəstəkarların operalarından parçalar var. Soprano mütəmadi olaraq Mariinski Teatrı, "Metropoliten-opera", "Karneqi-holl", Vyana Dövlət Operası və s.kimi ən yaxşı dünya səhnələrində çıxış edir.
Yusif Eyvazov da dünyanın aparıcı opera səhnələrində çıxış edir. Bu yaxınlarda Münhendə Bavariya Dövlət Operasında Makduf ("Makbet" Cuzeppe Verdi), Praqa Milli Teatrında Andre Şen, Mariyinski Teatrında Moris Saksoniya ("Adrien Lekuver" Françesko Çilea), "Arena Di Verona" festivalında Radames ("Aida"), Zalsburq festivalında Manriko ("Trubadur" Verdi), Vyana Dövlət Operasında isə yenə də Makduf ("Makbet”) obrazlarını Yusif məharətlə canlandıraraq sürəkli tamaşaçı alqışı qazanıb.

Cümə axşamı, 09 Sentyabr 2021 09:59

“Matrix: Dirilmə” filminin yeni tizeri təqdim edilib

“Warner Bros.” kinostudiyası “Matrix: Dirilmə” filminin yeni tizerini təqdim edib.
TASS agentliyi xəbər verir ki, qısa videoda tamaşaçılar “seçim sənindir” sözü ilə müşayiət olunan qırmızı və göy həblərin təsvirini görə bilər.
“Warner Bros.”, həmçinin iki həb arasında seçim etmək üçün filmin mikro saytını da buraxıb. Seçimdən asılı olaraq tizerin variantlarından birini görmək olacaq.

Cümə axşamı, 09 Sentyabr 2021 09:56

Bu gün beynəlxalq gözəllik günüdür

 

9 sentyabr.  Beynəlxalq Gözəllik Günü

 

İnternational Beaty Day - vizajistlər, parikmaxerlər, kosmetoloqlar, manikür və pedikür ustaları, plastik cərrahlar və öz peşəkar fəaliyyətlərini insan gözəlliyinə yönəldən digər peşə ustaları bu günü bayram edəcəklər. “Gözəllik ondur, doqquzu dondur” məsəlinə uyğun olaraq mən bu sıralamaya kuturyeləri, loru dillə desək dərziləri də əlavə edərdim.

 

20-ci əsr kosmetologiya sahəsində inqilabi çevrilişlər ili oldu, kosmetologiyanın inkişafında ən innovativ dövr oldu. Kosmetologiya həm də bir elmdir, insan orqanizminin estetik problemlərini öyrənir, onların korreksiyası ilə məşğul olur. 1946-cı ildən fəaliyyət göstərən Beynəlxalq Estetika və kosmetologiya komitəsinin təşəbbüsü ilə təqvimə belə bir günün salınması özündə müxtəlif gözəllik müsabiqələrinin keçirilməsini ehtiva edir. Və gözəllik yaradanların məşhur bir deyimi də var, 1951-ci ildə Londonda keçirilən ilk “Dünya missi” gözəllik yarışmasında bu deyim ilk dəfə səsləndirilib: “Ən böyük gözəllik xarici gözəlliklə daxili gözəlliyin vəhdəti zamanı qeydə alınır”. Gəlin bunu unutmayaq.

 

9 sentyabr. Görkəmli tibb xadimi Adilə Namazovanın 95 illiyi

 

Adilə Əvəz qızı Namazova 1926-cı il sentyabr ayının 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun  pediatriya fakültəsində, Moskva Həkimləri Təkmilləşdirmə Mərkəzi İnstitutunun aspiranturasında təhsil almışdır. Moskvada təhsil aldığı illərdə alim kimi formalaşmış, namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə dünya şöhrətli alim, akademik B.V.Petrovskinin klinikasında o dövrə qədər hələ də qaranlıq qalan və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının tədqiqatına başlamış, xəstəliyin düzgün topik diaqnozunu dəqiqləşdirərək ürək üzərində cərrahi əməliyyatın aparılması göstərişini və əks-göstərişini təyin etmişdir. 1960-1965-ci illərdə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının doktoranturasında təhsil alan Adilə Namazova 1965-ci ildə I Moskva Tibb İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmiş və bununla da pediatriya üzrə tibb elmləri doktoru olan ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.

 

1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1971-1992-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurasının sədri, 1972-ci ildə Azərbaycan Respublikası uşaq həkimləri cəmiyyətinin sədri, 1983-cü ildə Azərbaycan EA həqiqi üzvü, 1989-cu ilin mart ayında SSRİ Xalq Deputatı, iki dəfə SSRİ Ali Sovetinin üzvü, 2005-ci ildə Azərbaycan Uşaq Fondunun həmsədri seçilmişdir. Adilə Namazova 1975-ci ildə “SSRİ Səhiyyə əlaçısı” adını almış, 1976-cı ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilmiş, 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. 1996-cı ildə isə səhiyyənin inkişafındakı nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Adilə Namazova 2000-ci ildə ADTU-da Etika proqramının tərtibinə görə Albert Şveyserin SOROS qrantına layiq görülmüş, 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiya-sının “Akademik Mirəsədulla Mirqa-sımov mükafatı”na və Rusiya Pediat lar İttifaqının “Akademik G.Speranski Medalı”na layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

 

Böyük və unudulmaz  alim  2020-ci il dekabr ayının 15-də Bakı şəhərində vəfat etmişdir. Ruhu şad olsun!

 

9 sentyabr. Gözəl möcüzələr günü

 

Gözəl möcüzə nə ola bilər? Balıq tutarsan, tilovuna qızıl balıq düşər, sənin üç arzunu yerinə yetirər. Lampa alarsan, içindən cin çıxar, deyər, qadan alım, əmrinə müntəzirəm, mənə buyruq buyur. Bunlar utopik möcüzələrdir deyərsiniz, onda reallarını deyim: lotereya alarsan, cek-potu apararsan. Ya da marketlərin 30 manatlıq alış-veriş müqabilində avtomobil qazanmaq şansından yararlanarsan, cağbacağ avtomobil sənin olar. Amma əslində elə bunlar da utopiyadır. Ən böyük utopiya isə odur ki, gözünü açasan, görəsən arzuladığın ən ideal bir quruluşda, cəmiyyətdə yaşayırsan. Görəsən, xoşbəxtlər xoşbəxtisən.

 

Möcüzə heç vaxt baş tutmayan nəsnələrə deyilir, mənim əzizlərim. Baş tutursa, adi gerçəklik olur, onun nəyi möcüzədir? Bizimçünsə bu günə ən gözəl möcüzə o ola bilər ki, tutalım, marketdə bizi çəkidə aldatmazlar, JEK-dən arayış alanda şirinlik istəməzlər, məktəbdə uşaqlarımızdan süpürgəpulu yığmazlar, benzin pulu 5 qəpik, işıqpulu 3 qəpik ucuzlaşar. Möcüzələrimiz var olsun!

 

9 sentyabr. Prezidentin adıyla adlanan oyuncaq ayı günü

 

Bu gün yumşaq ayı oyuncağının da günüdür. Bu günün çox ibrətamiz bir tarixşəsi var. 1902-ci ilin bu günündə Missisipidə ov zamanı ABŞ prezidenti Teodor Ruzvelt balaca ayıya güllə atmaqdan imtina edir. The Washington Post bu əhvalatı ictimailəşdirir, hadisə barədə cizgi filmi çəkir. Morris və Rouz Mixtomlar qardaşları isə Teddi ayıları adında yumşaq ayı oyuncağı buraxmaq üçün prezidentə müraciət edib razılıq alırlar. (Teddi – Teodorun qısa variantıdır). Beləcə, Teddi ayısı adı altında yumşaq ayı oyuncaqları peyda olaraq dünya uşaqlarını sevindirməyə başlayır. Yeri gəlmişkən, mənim qızımın da oyuncaq ayısı var. Gərək ona mütləq bu oyuncağın yaranma tarixşəsini danışım.

 

9 sentyabr. Əlamətdar hadisələrlə zəngin bir gün

 

Beynəlxalq Alkoqol sindromlu döl barədə məlumat günü. Yəni, xroniki alkoqolizm xəstəliyinə tutulanlar məlumatlandırılırlar ki, övladınız şikəst ola bilər, ay binəvalar.

 

Beynəlxalq sudoku günü. Sudoku – rəqəmli başsındırandır, həll etmək insandan diqqət və düşüncə bacarığı tələb edir. Bizim skanvord həll etməyi sevən xalqımız bilmirəm sudoku da həll edirmi, amma dünyada bu əyləncəli riyaziyyat çox populyardır, biləsiniz, ayrıca gününün keçirilməsə də buna bir sübutdur.

 

Əfqanıstan Məsud gününü qeyd edir. Şah Məsud Əfqanıstanın milli qəhrəmanı hesab edilir. “Taliban” hərəkatının lideri kimi Sovet işğalına müqavimət hərəkatının başında dururdu,  2001-ci ilin bu günündə terakt nəticəsində həlak olub deyə bu gün onunçün göz yaşı axıdılır.  Müstəqilliyini qeyd edən Şimalı Koreyaya gəlincə, yer kürəsinin ən totalitar rejiminin formalaşdığı bu ölkə 1948-ci ildə SSRİ-nin barmağı ilə Cənubi Koreyadan ayrılandan öz mövcudiyyatını bayram edir. Bütün ölkədə parad keçirilir, insanlar robotlarsayağı hakim elitaya təzim edirlər.

 

Çinlilər bu gün Tibeti işğal etmələrinin düz 70 illiyini qeyd edəcəklər. 1913-cü ilin bu günündə kiyevli təyyarəçi Pyotr Nesterov tarixdə ilk dəfə “ölü petlə” adlı yüksək pilotaj fiqurunu icra edib ki, hazırda bu fiqur Nesterov petləsi adlanır. 1908-ci ilin bu günündə ən ünlü italyan yazarlarından biri olan Çezare Paveze doğulub. 1828-ci ilin bu günündə rus ədəbiyyatının zirvəsi Lev Tolstoy dünyaya gəlib. 1769-cu ilin bu günündə isə yeni Ukrayna ədəbiyyatının banisi İvan Kotlyarevskiy doğulub.

 

45 il əvvəl - 1976-cı il sentyabrın 9-da dünyanın ən böyük diktatorlarından biri – Mao Tse Dun vəfat edib.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

 

 

Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən növbəti foto ilə tanış olun:
Alfred Eyzenstadt. “Tayms-skverdə Yaponiya üzərində Qələbə Günü”.

1945-ci ilin yayında fotoqraf Alfred Eyzenstadt tərəfindən “Tayms-skverdə Yaponiya üzərində Qələbə Günü " adlı təsadüfi şəkil çəkilmişdir. Məsələ bu cür olmuşdur: Fotoqrafın obyektivinə Yaponiya ilə müharibənin sona çatdığını eşidib şad-xürrəm olan dənizçi gəlir. "O, bütün küçədə gəzirdi, gördüyü bütün qadınları qucaqlayırdı, onun üçün fərqi yox idi, onlar yaşlıdırlar, ya cavan, gödəkboyludurlar, ya qamətli. Mən onun qarşısında Leykam ilə (fotokamera markası - red.) qaçdım, ətrafında fırlanıb  şəkil çəkməyə çalışdım, amma kadrların heç biri alınmırdı, məni qane etmirdi. Və birdən-birə bir flash kimi - gördüm ki, ağ bir şey obyektivimi tutdu. Dənizçi həmin o ağ bir şeyi - tibb bacısını öpəndə dönüb düyməni basdım", - sonradan fotoqraf bunları danışırdı.
Bir həftə sonra Eyzenstadtın bu fotosu bütün səhifəni tutaraq Life jurnalında nəşr olundu. Kadr bir kulta çevrildi və bir çox amerikalılar üçün sülh simvolu oldu.

Şəkil: 100photos.time.com

Cümə axşamı, 09 Sentyabr 2021 09:54

“Arşın mal alan” Çin səhnəsində

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulacaq. Sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın yeni quruluşda premyerası təqdim olunacaq.
AzərTAC xəbər verir ki, 18 sentyabr - Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunan konsert Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi və Tiencin şəhər bələdiyyəsinin dəstəyilə hazırlanır.
Tamaşanın baş məsləhətçisi və koordinatoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Əyyub Quliyev, baş menecer Yan Linyan, dirijor Sun Cinkaydır, opera üzrə kastinq direktoru Li Saofey və Lu Şendir. Tamaşa Tiencinin Mahnı və Rəqs Opera Teatrının truppasının ifasında təqdim olunacaq.
Qeyd edək ki, bu, “Arşın mal alan” operettasının Çində 3-cü dəfə səhnələşdirilməsi olacaq. Əsər Çində ilk dəfə 1959-cu ildə, növbəti dəfə isə 2010-cu ildə səhnəyə qoyulub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.