Bu gün beynəlxalq gözəllik günüdür

 

9 sentyabr.  Beynəlxalq Gözəllik Günü

 

İnternational Beaty Day - vizajistlər, parikmaxerlər, kosmetoloqlar, manikür və pedikür ustaları, plastik cərrahlar və öz peşəkar fəaliyyətlərini insan gözəlliyinə yönəldən digər peşə ustaları bu günü bayram edəcəklər. “Gözəllik ondur, doqquzu dondur” məsəlinə uyğun olaraq mən bu sıralamaya kuturyeləri, loru dillə desək dərziləri də əlavə edərdim.

 

20-ci əsr kosmetologiya sahəsində inqilabi çevrilişlər ili oldu, kosmetologiyanın inkişafında ən innovativ dövr oldu. Kosmetologiya həm də bir elmdir, insan orqanizminin estetik problemlərini öyrənir, onların korreksiyası ilə məşğul olur. 1946-cı ildən fəaliyyət göstərən Beynəlxalq Estetika və kosmetologiya komitəsinin təşəbbüsü ilə təqvimə belə bir günün salınması özündə müxtəlif gözəllik müsabiqələrinin keçirilməsini ehtiva edir. Və gözəllik yaradanların məşhur bir deyimi də var, 1951-ci ildə Londonda keçirilən ilk “Dünya missi” gözəllik yarışmasında bu deyim ilk dəfə səsləndirilib: “Ən böyük gözəllik xarici gözəlliklə daxili gözəlliyin vəhdəti zamanı qeydə alınır”. Gəlin bunu unutmayaq.

 

9 sentyabr. Görkəmli tibb xadimi Adilə Namazovanın 95 illiyi

 

Adilə Əvəz qızı Namazova 1926-cı il sentyabr ayının 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun  pediatriya fakültəsində, Moskva Həkimləri Təkmilləşdirmə Mərkəzi İnstitutunun aspiranturasında təhsil almışdır. Moskvada təhsil aldığı illərdə alim kimi formalaşmış, namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə dünya şöhrətli alim, akademik B.V.Petrovskinin klinikasında o dövrə qədər hələ də qaranlıq qalan və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının tədqiqatına başlamış, xəstəliyin düzgün topik diaqnozunu dəqiqləşdirərək ürək üzərində cərrahi əməliyyatın aparılması göstərişini və əks-göstərişini təyin etmişdir. 1960-1965-ci illərdə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının doktoranturasında təhsil alan Adilə Namazova 1965-ci ildə I Moskva Tibb İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmiş və bununla da pediatriya üzrə tibb elmləri doktoru olan ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür.

 

1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1971-1992-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurasının sədri, 1972-ci ildə Azərbaycan Respublikası uşaq həkimləri cəmiyyətinin sədri, 1983-cü ildə Azərbaycan EA həqiqi üzvü, 1989-cu ilin mart ayında SSRİ Xalq Deputatı, iki dəfə SSRİ Ali Sovetinin üzvü, 2005-ci ildə Azərbaycan Uşaq Fondunun həmsədri seçilmişdir. Adilə Namazova 1975-ci ildə “SSRİ Səhiyyə əlaçısı” adını almış, 1976-cı ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1981-ci ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilmiş, 1982-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdur. 1996-cı ildə isə səhiyyənin inkişafındakı nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Adilə Namazova 2000-ci ildə ADTU-da Etika proqramının tərtibinə görə Albert Şveyserin SOROS qrantına layiq görülmüş, 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiya-sının “Akademik Mirəsədulla Mirqa-sımov mükafatı”na və Rusiya Pediat lar İttifaqının “Akademik G.Speranski Medalı”na layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

 

Böyük və unudulmaz  alim  2020-ci il dekabr ayının 15-də Bakı şəhərində vəfat etmişdir. Ruhu şad olsun!

 

9 sentyabr. Gözəl möcüzələr günü

 

Gözəl möcüzə nə ola bilər? Balıq tutarsan, tilovuna qızıl balıq düşər, sənin üç arzunu yerinə yetirər. Lampa alarsan, içindən cin çıxar, deyər, qadan alım, əmrinə müntəzirəm, mənə buyruq buyur. Bunlar utopik möcüzələrdir deyərsiniz, onda reallarını deyim: lotereya alarsan, cek-potu apararsan. Ya da marketlərin 30 manatlıq alış-veriş müqabilində avtomobil qazanmaq şansından yararlanarsan, cağbacağ avtomobil sənin olar. Amma əslində elə bunlar da utopiyadır. Ən böyük utopiya isə odur ki, gözünü açasan, görəsən arzuladığın ən ideal bir quruluşda, cəmiyyətdə yaşayırsan. Görəsən, xoşbəxtlər xoşbəxtisən.

 

Möcüzə heç vaxt baş tutmayan nəsnələrə deyilir, mənim əzizlərim. Baş tutursa, adi gerçəklik olur, onun nəyi möcüzədir? Bizimçünsə bu günə ən gözəl möcüzə o ola bilər ki, tutalım, marketdə bizi çəkidə aldatmazlar, JEK-dən arayış alanda şirinlik istəməzlər, məktəbdə uşaqlarımızdan süpürgəpulu yığmazlar, benzin pulu 5 qəpik, işıqpulu 3 qəpik ucuzlaşar. Möcüzələrimiz var olsun!

 

9 sentyabr. Prezidentin adıyla adlanan oyuncaq ayı günü

 

Bu gün yumşaq ayı oyuncağının da günüdür. Bu günün çox ibrətamiz bir tarixşəsi var. 1902-ci ilin bu günündə Missisipidə ov zamanı ABŞ prezidenti Teodor Ruzvelt balaca ayıya güllə atmaqdan imtina edir. The Washington Post bu əhvalatı ictimailəşdirir, hadisə barədə cizgi filmi çəkir. Morris və Rouz Mixtomlar qardaşları isə Teddi ayıları adında yumşaq ayı oyuncağı buraxmaq üçün prezidentə müraciət edib razılıq alırlar. (Teddi – Teodorun qısa variantıdır). Beləcə, Teddi ayısı adı altında yumşaq ayı oyuncaqları peyda olaraq dünya uşaqlarını sevindirməyə başlayır. Yeri gəlmişkən, mənim qızımın da oyuncaq ayısı var. Gərək ona mütləq bu oyuncağın yaranma tarixşəsini danışım.

 

9 sentyabr. Əlamətdar hadisələrlə zəngin bir gün

 

Beynəlxalq Alkoqol sindromlu döl barədə məlumat günü. Yəni, xroniki alkoqolizm xəstəliyinə tutulanlar məlumatlandırılırlar ki, övladınız şikəst ola bilər, ay binəvalar.

 

Beynəlxalq sudoku günü. Sudoku – rəqəmli başsındırandır, həll etmək insandan diqqət və düşüncə bacarığı tələb edir. Bizim skanvord həll etməyi sevən xalqımız bilmirəm sudoku da həll edirmi, amma dünyada bu əyləncəli riyaziyyat çox populyardır, biləsiniz, ayrıca gününün keçirilməsə də buna bir sübutdur.

 

Əfqanıstan Məsud gününü qeyd edir. Şah Məsud Əfqanıstanın milli qəhrəmanı hesab edilir. “Taliban” hərəkatının lideri kimi Sovet işğalına müqavimət hərəkatının başında dururdu,  2001-ci ilin bu günündə terakt nəticəsində həlak olub deyə bu gün onunçün göz yaşı axıdılır.  Müstəqilliyini qeyd edən Şimalı Koreyaya gəlincə, yer kürəsinin ən totalitar rejiminin formalaşdığı bu ölkə 1948-ci ildə SSRİ-nin barmağı ilə Cənubi Koreyadan ayrılandan öz mövcudiyyatını bayram edir. Bütün ölkədə parad keçirilir, insanlar robotlarsayağı hakim elitaya təzim edirlər.

 

Çinlilər bu gün Tibeti işğal etmələrinin düz 70 illiyini qeyd edəcəklər. 1913-cü ilin bu günündə kiyevli təyyarəçi Pyotr Nesterov tarixdə ilk dəfə “ölü petlə” adlı yüksək pilotaj fiqurunu icra edib ki, hazırda bu fiqur Nesterov petləsi adlanır. 1908-ci ilin bu günündə ən ünlü italyan yazarlarından biri olan Çezare Paveze doğulub. 1828-ci ilin bu günündə rus ədəbiyyatının zirvəsi Lev Tolstoy dünyaya gəlib. 1769-cu ilin bu günündə isə yeni Ukrayna ədəbiyyatının banisi İvan Kotlyarevskiy doğulub.

 

45 il əvvəl - 1976-cı il sentyabrın 9-da dünyanın ən böyük diktatorlarından biri – Mao Tse Dun vəfat edib.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.