Super User

Super User

 

15 sentyabr. Beynəlxalq nöqtə günü

 

Kitabsevərlər, hamının öz nöqtəsi olsa belə bugünkü nöqtə məhz sizin nöqtənizdir. 2009-cu ildən qeyd edilən bu əlamətdar günün tarixi ingilis yazıçısı Piter Reynoldsun “Nöqtə” kitabı ilə bağlıdır. Həmin kitabın baş qəhrəmanı Vaşti adlı bir qızdır. Şəkil çəkə bilməyən Vaşti rəsmxətt dərsində qələmi vərəqə taqqıldatmaqla nöqtələr yaradırdı, amma onun bu boşuna məşğuliyyəti nəticəsində yaranan nöqtələr müəllimin diqqətini cəlb edir, bu nöqtələr sürprizlərə və kəşflərə səbəb olur. Terri Şay adlı bir müəllimə Reynoldsun kitabından ilhamlanıb şagirdlərdə gizli istedadlar üzə çıxarandan sonra təklif verib ki, gəlin təqvimə xüsusi bir gün salaq, həmin gün istedadlar üzə çıxarılsın. Beləcə də bax bu nöqtə günü yaranıb. Özü də çox effektiv gündür, doğrudan da üzə çoxlu istedadlar çıxarılır. Bəlkə bizlər də beynəlxalq təqvimin əlamətdar günlərinin qeyd edilməsinə əməl edək, mahiyyətinə varaq ki, zərər yox, yalnız xeyir götürərik?

 

15 sentyabr, Bakının azad olunduğu gün

 

Təqvimdə elə günlər var ki, bir xalqın bütün sonrakı müqəddəratını o günlər həll edir, xalqın mövcudiyyatını təmin etmiş olur. Azərbaycan xalqı üçün də belə günlər, təbii ki, istisna deyil. Sentyabrın 15-i Bakının bolşevik-daşnak, yəni rus-erməni işğalından azad olunduğu gündür. 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də türk oğlu türk Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməklə Azərbaycanın müstəqilliyi təmin edib, ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyub. Tarix mahiyyətcə eynidir, məzmunca nisbətən fərqlənir.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Yazılanlara görə, Bakı, Şamaxı və Quba qırğınlarından sonra gözüqıpıq qalan həmvətənlilərimiz Türk ordusu tərəfindən bolşevik-daşnak birləşməsinin burnunun ovulmasını, Bakının işğaldan azad edilməsini əsl bayram təmtəraqı ilə qeyd ediblər. İnsanlar gözlərində sevinc yaşı küçələrə axışıb xilaskarlarına tamaşa edib, onları alqışlayıblar. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə ənamlar təqdim edib.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.  Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə "Türk Şəhidliyi" abidəsi bu münasibətlə ucaldılıb. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur, “Türk Şəhidliyi" abidəsi önündə anım mərasimi keçirilir.

 

Türkiyə Azərbaycanın ən böyük dostu, arxadaşı, güvənc yeridir. Bu gün bunun əksini düşünənlər böyük suç daşıyırlar.

 

15 sentyabr. Limfomlarla ümumdünya mübarizə günü

 

Limfom – immun sistemi hüceyrəsi şişidir, bədxassəli şiş növüdür, insanın limfa sisteminə – dalaqdan ta ki beyin iliyinə qədər böyük bir vacib əraziyə nüfuz edən bir bəladır. Limfoma bir xəstəlik deyil, 30 müxtəlif xəstəlik qrupudur. İmmun sistemi şişinin iki tipi var: Hodjkin və qeyri-Hodjkin limfomu. Hər il dünya əhalisinin hər 100000 nəfərindən 12-15 nəfəri bu xəstəliyə məruz qalır, amma vaxtında tədbir görülsə, 80 faiz insanda onun müalicəsi uğurla başa çatır. Limfomun yaranma səbəbi təbii ki, əksər digər xəstəliklərdəki kimi həyat tərzinin düzgün seçilməməsidir. Oturaq həyat, qeyri-sağlam qidalanma, stress və depressiyalar – bunlar insanı bəlaya yuvarladan əsas nəsnələrdir, Allah hamını limfomlardan qorusun!

 

15 sentyabr. Google-ın doğum günü

 

Əziz və hörmətli Quql. Bu gün sənin doğum günündür. Sən 1997-ci ilin bu günündə Stendfordda dünyaya gəlmisən. Orada təhsil alan 24 yaşlı iki tələbə - Lari Peyc və Sergey Brin səni yaratmaqla dünyanı silkələyəcək bir yeniliyə imza atıblar. Adını necə qoyublar? Axı google sözü heç bir anlam kəsb etmir. Lari seminar zamanı  riyazi termin olan googol-u hərf səhvi ilə google kimi yazıb, bunu müəllim ona irad tutub, həmin dönəmdə yeni kəşflərinə həyat vəsiqəsi verməyə hazırlaşan və ona ad axtaran dostlar üçün Larinin bu səhvi göydəndüşmə olub, onlar səni google sözü ilə adlandırıblar.

 

Sən elə bir fədakar sistemsən ki, hər bir şəxs sənin axtarış çubuğuna lazım olan sözü yazanda, həmin söz barədə məlumatlar orta hesabla 2500 kilometr məsafə qət etməklə informasiyanın araşdırılması mərkəzindən axtarış verən şəxsin hüzuruna gəlir. Bax bu cəfakeşliyinə görə sənə çox sağ ol deyir, doğum gününü təbrik edirəm. Bir tuş!

 

15 sentyabr. Bilik günü

 

Azərbaycanımızda bilik günüdür bu gün. Bizim nəsil, bizdən əvvəlkilər və bizdən sonrakılar həmişə bilik gününü 1 sentyabrda qeyd edərdik. Doğrudan da, bu qeydetmənin rəmzi mənası vardı, yay qurtardımı, yay tətili qurtardımı, haydı, məktəbə. 2004-cü ildə 1 sentyabrı 15 sentyabra niyə keçirdilər? Tutarlı bir səbəb gətirilmir. Ancaq mənim yadımdadır ki, həmin il şiddətli istilər düşmüşdü, sentyabrın əvvəllərində 40 dərəcə isti var idi, olsun ki, bu səbəbdən bilik gününün vaxtı dəyişdirildi. Budur, sentyabr əvvəlki qaydada payız ayı imicinə qayıtdı, bir baxın, havalar necə sərin, hətta deyərdim ki, soyuq keçir, amma bilik günümüz 15-i tarixinə pərçimlənərək qaldı.

 

İndi də korona işə pəl vurur, bu il sentyabrın 15-i məktəblər açılmayacaq, bilik günümüz daha bir həftə o yana – üzü oktyabra doğru atılacaq. Hər nədirsə, xeyirlisi, bayramınız mübarək, bilik verənlər və bilik alanlar!

 

15 sentyabr. ABŞ-da dördqat bayram

 

Macəra dolu Amerikanın mətbəx macəraları bitirmi, bitmir. ABŞ-da bu gün Milli pendir tostları günüdür. Narahat olmayın, holland pendirini çörəyin üstünə qoyub tosteri işə salın (tosteri olmayanlar dədə-baba qaydası ilə qazın üstünə qoyulan yumru dəmirlərdən istifadə etsinlər, onların üstündə çay, aş dəmə qoyulur, xörək qızdırılırdı), pendir tostunuz hazırdır. Amma sevinməyin, qayğılar bununla bitməz ki. Bu gün ABŞ-da nanə-çovhərli likyör günüdür həm də. Burda müsəlmançılıq məsələsini irəli sürüb “spirtli içki içmirəm” deyibən bayramdan vaz keçmək olar. Di gəl, bu gün Amerikada Linquin günüdür həm də. Linquin nədir? Biz yeyən makaronun bir qədər iri forması. Bakıda linquin tapılmaz yəqin, eyb etməz, adi makaron yeyib də məsələni həll etmiş olarıq. Amma o nə amerikalıdır ki, işdən iş çıxartmasın. Heç bu da demək, hamısı deyilmiş. Bu gün həm də Amerikada ikiqat çizburger günüymüş. Daha nə söyləyim, reklam olmasın deyə adını çəkməyəcəyəm, amma uşaqlarınızın əlindən tutub yekə M hərfi ilə paytaxtımızda bərqərar olan restoranlar şəbəkəsinə təşrif buyurmaq zorunda qalacaqsınız, ikiqat çizburgerlərdən yeyib amerikalıların və əlbəttə ki, uşaqlarınızın sevincinə sevinc qatacaqsınız.

 

15 sentyabr. Beynəlxalq Demokratiya Günü

 

Demokratiya özündə elə bir siyasi rejimi ehtiva edir ki, orada qərarlar kollektiv və kollegial şəkildə verilir, hər bir fərdin con yekun nəticəyə təsiri olur. Demokratiyanın mexanizmi xalqın öz iradəsini azad ifadə etməsində, insan azadlığının tam bərqərar olmasındadır. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlləri beynəlxalq arenada əsas trend məhz demokratiyadır. Demokratiyanın əksi isə hakimiyyətin qeyri-legitimliyi, bir əldə cəmləşməsi, insanların hüquq və azadlıqlarının, xüsusən seçki azadlığının  məhdudlaşdırılmasıdır.

 

Yeri gəlmişkən, 1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cumhuriyyətinin paralel olaraq işlənən adı Azərbaycan Demokratik Respublikası olub, ulu babalarımız Şərqdə ilk demokratik dövlət qurublar. Demək, Azərbaycan da demokratiyanın dadını hiss edib.

 

 

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İtaliyanın Bolonya şəhərində keçirilən G20 sammiti çərçivəsində təşkil olunan Dinlərarası Dialoq Forumunun “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyasında çıxış edib.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İtaliyanın təhsil naziri Patrizio Bianki, Albaniyanın təhsil, idman və gənclər naziri Evis Kuşi və digər qonaqlar iştirak edib.
İştirakçıları səmimi salamlayan nazir Anar Kərimov Forumun həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Azərbaycanın əməkdaşlığa önəm verdiyini və birgə fəaliyyətin ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə istiqamətləndiyini bildirib. “Din ümumi mədəniyyətlərarası dialoq bacarıqlarının inkişafında əhəmiyyətli və müsbət rol oynayır. Dini liderlər münaqişələrin qarşısının alınmasında və dialoqun təşviqində əsas rol oynama potensialına malikdirlər. Onlar xüsusən gənclər arasında bu dialoqu gücləndirmək və təşviq etmək üçün dərin təsir gücünə malikdirlər”, - deyə nazir çıxışında qeyd edib.
Anar Kərimov həmçinin bildirib ki, əsrlərdir Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri mehriban, sülh və harmoniya şəraitində yaşayırlar. Məhz buna görə də Azərbaycan çoxmillətli, çoxkonfessiyalı və sivilizasiyaların qovuşduğu ölkə kimi tanınır. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb, 2010-cu ildə BMT Baş Assambleyasında ölkəmizin Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirmək niyyəti bəyan edilib və Bakı şəhəri 2011-ci ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Təsadüfi deyil ki, BMT Baş katibinin 2017, 2018 və 2019-cu illərdə Baş Assambleyaya təqdim etdiyi məruzələrdə “Bakı Prosesi”nin əhəmiyyəti xüsusi vurğulanıb və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından elan olunub.
Nazir bildirib ki, Azərbaycan çoxəsrlik multikulturalizm ənənələrinə, eləcə də UNESCO konvensiyalarının irəli sürdüyü dəyərlərə sadiq qalaraq təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində mədəni irsin qorunub saxlanılmasına yönəlmiş bir sıra layihələr həyata keçirir. Heydər Əliyev Fondu Azərbaycanda yüzlərlə abidəni bərpa etməklə yanaşı, xarici ölkələrdə də bu istiqamətdə mühüm layihələr reallaşdırıb. Fond tərəfindən Parisdə Luvr Muzeyi, Vatikanda Müqəddəs Marçellino və Petro kilsəsi, Bolqarıstanda Prapezitsa qəsri və qalası, Strasburqda Notrdam kilsəsi və s. abidələrdə bərpa işləri aparılıb.
Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan nazir, müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd edib.
Anar Kərimov çıxışında vurğulayıb ki, Azərbaycanın otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış əraziləri 2020-ci ildə azad edilib və bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin, dini mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan, Azərbaycan dövləti tərəfindən bərpasına başlanılıb. Baxmayaraq ki, ölkəmiz otuz ilə yaxın davam edən hərbi təcavüzə, ərazilərin işğalına, etnik təmizləməyə məruz qalıb, Azərbaycan bu gün də sülhpərvər siyasət yeridərək bu istiqamətdə təşəbbüsləri, sülh  çağırışlarını irəli sürür.
Nazir çıxışının sonunda mədəni müxtəlifliyinin təşviqinin, insanlar, cəmiyyətlər və xalqlar arasında dialoq və anlaşmanın müasir dünyamızın gələcəyi üçün əhəmiyyətini bir daha vurğulayıb.  “Mən dünyada əmin-amanlıq üçün təhsil və mədəniyyət vasitəsilə bu mesajın gələcək nəsillərə çatdırılmasında uğur qazanacağımıza və bununla da istədiyimiz gələcəyi təmin ediləcəyimizə inanıram” deyən Anar Kərimov Dinlərarası Dialoq Forumunun işinə uğurlar arzulayıb.
BMT Sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Moratinos öz çıxışı zamanı sülh anlayışının və fəaliyyətlərinin daha önə sürülməsinin vacibliyini qeyd edərək Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsünün zamanında irəli sürülmüş strateji layihə olduğunu qeyd etdi.

Çərşənbə axşamı, 14 Sentyabr 2021 17:50

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

Sentyabrın 14-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a bildiriblər ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Müzakirəyə əvvəlcə Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyaları dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat təqdim olunub. Qənirə Paşayeva bildirib ki, hesabat dövründə komitənin 14 iclası keçirilib. İclaslarda 7 qanun layihəsi də daxil olmaqla 17 məsələ müzakirə olunub. Komitədə baxılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclası tərəfindən qəbul edilib. Hesabat dövründə komitənin ünvanına daxil olmuş 2013 məktub, təklif, ərizə və şikayətin 1554-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. O, hesabat dövründə komitə tərəfindən vətəndaşların, xüsusən də yaradıcı şəxslərin qəbulu, Azərbaycanın və türk dünyasının mədəniyyət sahəsində fəaliyyət göstərən müvafiq təşkilatları ilə davam etdirilən əməkdaşlıq və digər tədbirlər barədə məlumat verib.
İclasda Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub.
İş planına əsasən, qarşıdakı sessiyada “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi ilə yanaşı, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması diqqət mərkəzində olacaq. Bundan başqa, komitədə dinləmələrin keçirilməsi, xüsusən də Azərbaycan Prezidentinin tapşırığı ilə hazırlanmaqda olan Mədəniyyət Strategiyası ilə bağlı Milli Məclisdə geniş müzakirələrin aparılması nəzərdə tutulub.
Sonra iclasda Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb. Q.Paşayeva bildirib ki, layihədə “Teatr və teatr fəaliyyəti haqqında” Qanuna nəzərdə tutulan dəyişikliyə komitə öz rəyini bildirməlidir. Bildirilib ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqları ilə bağlıdır.
Müzakirələr zamanı Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, komitə üzvləri Nizami Cəfərov, Cavanşir Feyziyev, Əziz Ələkbərov, Ülviyyə Həmzəyeva və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Çıxış edənlər komitənin hesabatını yüksək qiymətləndiriblər, komitənin yaradıcı insanlara göstərdiyi diqqəti təqdirlə qarşılayıblar, müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini səsləndiriblər. Deputatlar komitənin gündəliyinə çıxarılan qanun layihəsini Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə tövsiyə ediblər.
İclasda deputat Mixail Zabelin və digər rəsmi şəxslər də iştirak ediblər.

Çərşənbə axşamı, 14 Sentyabr 2021 14:15

Azərbaycanlı rəssam beynəlxalq müsabiqənin qalibi olub

Belarusun Mogilyov Vilayətində Pavel Maslenikov adına Regional İncəsənət Muzeyində "Vətənin İncəsənətdə Təsviri" adlı 25-ci beynəlxalq yaradıcılıq müsabiqəsi keçirilib.
Azərbaycanın Belarusdakı səfirliyindən AzərTAC-a bildiriblər ki, müsabiqədə Belarus, Rusiya, Moldova, Azərbaycan, Özbəkistan və Misirdən olan onlarla rəssamın rəsm əsərləri nümayiş etdirilib. Müsabiqə üç nominasiyada keçirilib. "Təsvirin poetik təcəssümü" nominasiyasında – Azərbaycanı təmsil edən Kamal Hacıyevin "Fəth edilməmiş" əsəri qalib seçilib.
Qeyd edək ki, Kamal Hacıyev 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1981-1983-ci illərdə Repin Sankt-Peterburqdakı Rəssamlıq Akademiyasının Rəssamlıq fakültəsində təhsil alıb. 1984-1990-cı illərdə Belarus Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirib. 1991-ci ildə Belarus Rəssamlar İttifaqına qəbul edilib. Belarus Dövlət Rəssamlıq Akademiyasında, Maksim Tank adına Belarus Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.

Çərşənbə axşamı, 14 Sentyabr 2021 14:14

Bu gün ustad Aşıq Ədalətin anım günüdür

 

2017-ci ilin bugünkü günündə dünyaya gözlərini əbədilik yuman Aşıq Ədalət barədə danışanda ilk öncə onun incəsənət tariximizdəki rolunu dəyərləndirmək üçün barəsində söylənən fikirlər yada düşür. Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında demişdi: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazıyla dünya mədəniyyəti meydanına çıxa bilərdik." Məşhur türk yazıçısı Əziz Nesinonun haqqında söyləmişdi: "Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur". Belə fikirlərdən birini də ədəbiyyatşünas Məti Osmanoğlu söyləyib: “Aşıq Ədalət bir xalq dahisi idi. Kim nə deyir-desin, onun saz əsərlərinin (yalnız ifasının deyil!) yerini Fikrət Əmirovun, Niyazinin, Vaqif Mustafazadənin əsərlərinin yanında görürəm...”

 

Aşıq Ədalər (Ədalət Məhəmmədəli oğlu Nəsibov) 27 yanvar 1939-cu ildə Qazaxda dünyaya göz açıb, gözünü açandan evlərində saz görüb, saz səsi eşidib. Atası pinəçi olsa da sazda gözəl ifa etməyi var idi, Ədalət də lap uşaq yaşlarında atasından saz çalmağın sirlərini öyrənib. Onun sazla rəftarından xoşhallanan atası “Bu uşaqdan nəsə çıxacaq” deyib, onu ustad yanına qoyub. Ədalət Aşıq Əlidən dərs alıb. Gənc yaşlarından onun fitri istedadı üzə çıxıb, məclislərə dəvət almağa başlayıb. Hətta Xalq şairi, böyük Səməd Vurğun ilk tanışlıqdaca onun çalğısının vurğununa çevrilib.

 

Aşıq Ədalət musiqi tariximizə "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarının bənzərsiz ifaçısı kimi düşüb. Onun “Yeddi oğul istərəm”, “Aşıq Ələsgər”, “Ədalət”, “Prima”, “Tanrı payım, telli sazım” kimi filmlərdə çəkilərək əbədiləşməsini də qeyd edə bilərik. Xüsusən, elə bir azərbaycanlı tapılmaz ki, “Yeddi oğul istərəm” filmindəki “Yanıq Kərəmi” havasının ifası onun qəlbini riqqətə gətirməsin.

 

Ustad sənətkarın mədəniyyətimizə verdiyi töhfələr layiqincə qiymətləndirilib, o, 1990-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına, 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb, "Şərəf" ordeni ilə təltif edilib. UNESCO dünyannın nadir musiqi ifaçıları sırasında onun da diskini  buraxıb.

 

Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə uzun sürən xəstəlikdən sonra 78 yaşında Bakı şəhərində vəfat edib, öz vəsiyyəti ilə Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub. Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədovun təşəbbüsü ilə onun şərəfinə qəbirüstü abidəsi ucaldılıb.

 

Adətən tarixin ötüb-keçən illərinin seli bu cür dahi şəxsiyyətlərin adlarını yuyub apara bilmir, belə adlar əbədi olaraq qəlblərə yazılır. Ruhun şad olsun, Aşıq Ədalət!

 

 

 

 

İlk dəfə olaraq “Hans Kristian Andersenin qızıl medalı” - uşaq yazıçıları və uşaqlar üçün kitabların illüstratorları üçün ən yüksək mükafat  Moskvada təqdim edildi. Bu, Rusiyada keçirilən uşaq ədəbiyyatı üzrə Beynəlxalq Şuranın 37-ci Ümumdünya Konqresinin (IBBY) ən yaddaqalan hadisələrindən biri oldu.

 

“Ədəbiyyat və İncəsənət” “Rossiyskaya qazeta”ya istinadən məlumat verir ki, 2020-ci ildə Andersen qızıl medalının laureatları ABŞ yazıçısı Jacqueline Vudson və İsveçrədən olan rəssam Albert Zullo olmuşlar. Onlar Paşkovun evində təltif edilmişlər.

 

"Andersenin Qızıl medalı” uşaq ədəbiyyatı və illüstrasiyası sahəsində dünyanın ən nüfuzlu mükafatıdır. Əbəs yerə deyil ki, onu "Kiçik Nobel" adlandırırlar. Mərasimi Moskvada qəbul etmək çox vacib və məsuliyyətli bir missiyadır“ - mükafatın Münsiflər heyətinin üzvü və IBBY İcraiyyə Komitəsinin üzvü Denis Beznosov deyib.

 

Beznosov onu da söyləyib ki, “Təəssüf ki, Rusiya yazıçıları bu mükafatı bir dəfə də almayıblar, əvəzində iki dəfə qızıl medala bizim illüstratorlarımız layiq görülüblər. 1976-da mükafat Tatyana Mavrinaya və 2018-da İqor Oleynikova qismət olub.”

 

Şübhəsiz, Sovetlər Birliyində yaşamış hər kəs üçün Moskvanın Böyük Teatrı bir mədəniyyət Məkkəsi hesab edilirdi. Eləcə də oraya düşə bilmiş hər bir Azərbaycan vətəndaşı  özünü xoşbəxtlərin xoşbəxti sanırdı. Bəs bü gün - koronavirusun tüğyan etdiyi günümüzdə teatrın durumu necədir? TASS agentliyinin məlumatına görə, Rusiyanın Dövlət Akademik Böyük Teatrı hələ QR-kodlara daxil olmayacaq, koronavirus infeksiyasından peyvənd olunanların sayı artarsa, bu iş rejimi mümkündür, deyə teatrın baş direktoru Vladimir Urin bildirib.
"Biz bunu xüsusi olaraq etmirik. Bu gün bir sıra tamaşaçılar ehtiyatla teatra gedirlər. Tarixi səhnəni, Yeni səhnəni, Kamera səhnəsini və Bethoven zalını nəzərə alaraq, gündə təxminən 3 min bilet satmalıyıq. Bu, böyük rəqəmdir. Bu gün Rusiyada və Moskvada peyvəndin aparılması ilə bağlı vəziyyətin nə olduğunu bilərək, biz özümüzü riskə atmırıq, çünki biz bununla teatra bu və ya digər səbəblərə görə peyvəndi edə bilməyənlərin getmək imkanını azalda bilmərik", - deyə Urin bazar ertəsi jurnalistlərə mövsümün açılışından sonra bildirib.
O əlavə edib ki, Böyük teatr bir müddət də qonaqlar üçün QR-kodların daxil edilməsi ilə gözləməyə hazırdır. Elə ki, peyvəndləşmə tam yüksək həddə çatdı, vaksinasiya faizi qalxdı, əlbəttə ki, bu rejimə hər kəsin keçdiyi kimi biz də keçəcəyik", - deyə baş direktor qeyd edib.
Onun sözlərinə görə, 3 400 artistdən və teatr işçisindən 1 896 nəfəri peyvənd olunub, 616 nəfər covidə yoluxub, hal-hazırda 11 nəfər xəstədir.

İtaliyanın Bolonya şəhərində keçirilən G-20 sammitinin Dinlərarası Dialoq Forumunda iştirak edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İCESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüşüb.
Mədəniyyət Nazirliyinin yaydığı rəsmi məlumata görə, görüşdə Azərbaycan-İCESCO əlaqələrindən söhbət açılıb, baş direktorun 2021-ci yanvar ayında Azərbaycana səfəri, həmin səfər çərçivəsində müzakirə olunan məsələlərlə bağlı yenidən fikir mübadiləsi aparılıb.
Anar Kərimov İCESCO-nun baş direktorunun bu səfərinin Azərbaycan cəmiyyətində böyük rezonans doğurduğunu, İCESCO-nun 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə ölkəmizə verdiyi dəstəyin bir daha yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Eyni zamanda həmin səfər çərçivəsində razılaşdırılmış məqamların həyata keçirilməsi üçün konkret addımların atılması ilə bağlı müzakirələr aparılıb.
Salim Əl-Malik öz növbəsində Azərbaycana yüksək səviyyədə rəsmi səfərə dəvət edildiyinə və Prezident İlham Əliyev tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirib, görüşlərdə əldə olunan razılaşmaların icrası ilə bağlı İCESCO-nun artıq fəaliyyətə başladığını deyib.
Vurğulanıb ki, buraya ən vacib məqam olaraq Şuşa şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi, Azərbaycanda İCESCO-nun regional ofisinin açılması ilə bağlı məsələlərin tamamlanması, həmçinin İCESCO-da Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması kimi məsələlər daxildir.
Görüş zamanı cari ilin sonuna kimi İCESCO-nun Baş katibliyində Nizami Gəncəvi irsinə həsr olunmuş böyük beynəlxalq tədbirin təşkili, regional ofis ilə bağlı məsələlərin Azərbaycan tərəfinin təklif etdiyi məqamlara aydınlıq gətirildikdən sonra işçi qrup səviyyəsində müzakirə edilməsinə dair ümumi razılıq əldə olunub. Eləcə də bu ilin sonunadək həm İCESCO Baş Konfransında, həm mədəniyyət nazirlərinin konfransında bu məqamlarla bağlı təqdimatların edilməsi razılaşdırılıb.
Baş direktor eyni zamanda Azərbaycan tərəfinin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasına öz dəstəyini ifadə edərək, 2021-ci  ilin dekabr ayında keçiriləcək İCESCO Baş Konfransı çərçivəsində bu kampaniyanın geniş təqdimatının keçirilməsinə razılığını ifadə edib.

Əsas sual - “İlin ifaçısı” kim oldu?
Bu, hamımızın yaxşı tanıdığı, yeniyetməliyindən musiqi Olimpinə yüksəlməyi bacarmış bir gəncdir - kanadalı müğənni Jastin Biber!
MTV Video Musiqi Mükafatlarının (MTV VMA) ən əsası hesab edilən "İlin ifaçısı" mükafatının bazar günü gecədən xeyli keçmiş keçirilən mərasimdə (mərasmin yayımı MTV telekanalının canlı efirində keçirilirdi) Biberə qismət olması onu çox xoşbəxt etdi, Biber qeyd etdi ki, ötən il koronavirus pandemiyasına görə hamı üçün asan olmayıb və onu qələbələrə ruhlandırdığl üçün bu il evləndikləri həyat yoldaşı Hayley Bolduinə xüsusi təşəkkür edir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.
Qeyd edək ki, Kanada pop müğənnisi bu mükafat uğrunda Ariana Grande, Doja Cat, Megan Piti (Megan Thee Stallion), Olivia Rodrigo və Taylor Svift kimi tanınan ulduzlarla mübarizə aparmışdır.
Bundan başqa, kanadalının Dezman Evans (Giveon) və Eşton Simmonds (Daniel Caesar) ilə Peaches adlı birgə kompozisiyası "Pop-musiqi" kateqoriyasında ən yaxşı kompozisiya elan edilərək mükafatlandırıldı.
Amma MTV mükafatlandırma mərasimində əsas mükafat nədənsə “İlin ifaçısı” deyil, “İlin videosu” mükafatı hesab edilir. Bu ilin ən yaxşı videoklipinə görə Amerika reperi
Lil Nas X 2021 MTV Video Musiqi Mükafatlarının əsas mükafatı hesab edilən “İlin videosu” kateqoriyasının qalibi oldu. Reperə uğur qazandıran Call Me By Your Name albomundan olan Montero mahnısı olub. Bindan əlavə, Lil Nas X daha bir mükafat qazandı. O, özü rejissorluq etdiyi bu klipinə görə “Ən yaxşı rejissorluğa  görə” mükafatına da layiq görüldü.
Lil Nas X ilə əsas mükafat uğrunda  “Kiss me more” mahnısı ilə Amerika müğənnisi Doja Cat, “Bad habits” mahnısı ilə Ed Şiran, Save Your Tears treki ilə kanadalı The Weeknd, WAP mahnısı ilə ifaçılar Cardy Bi və Megan Thee Stallion, eləcə də Popstar kompozisiyası ilə müğənnilər DJ Khaled və Drake rəqabət aparırdılar.
Beləcə, növbəti MTV mükafatları öz sahiblərinə qovuşdu. Ən əsası - bu ilin avqustunda 40 yaşı tamam olmuş telekanalın mükafatı öz adi formatına qayıtdı - bütün mükafatlar azarkeşlərin iştirakı ilə Bruklində -  Barclays Center-in qapalı idman arenasında təqdim edildi.
MTV Video Musiqi Mükafatları 1984-cü ildə MTV musiqi telekanalı tərəfindən təsis edilib və sonradan videokliplərin yaradılması sahəsində ən nüfuzlu mükafatlardan birinə çevrilib. Onun laureatlarına ənənəvi olaraq telekanalın loqotipinin təsvir olunduğu bayraq, habelə  skafandrda astronavt şəklində heykəlciklər təqdim olunur.

Şəkillərdə: Lil Nas X və Castin Biber

 

14 sentyabr. Sevgi duyğularının mükəmməl ifadəsi

 

Elə ədiblərimiz var ki, bircə əsərlə özlərini milyonlara sevdirə biliblər. Onlardan biri də Azərbaycan teletamaşa tarixinin ən qızıl səhifələrindən olan “Səni axtarıram” trilogiyasının müəllifi Aslan Qəhrəmanovdur. 1939-cu ilin bu günündə dünyaya gəlmiş ədib həmin o üç tamaşayla – “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz”lə sevən qəlbləri riqqətə gətirməyibmi, gətirib. Üstəlik, Yaşar Nuri ilə Firəngiz Mütəllimovanın təkrarsız ifası günü bu gün də unudulmur. Biz – 80-ci illərin yeniyetmələri üçün Elçin və Gülnar Leyli və Məcnun, Romeo və Cülyetta qədər məhəbbət simvoluna çevrilmişdi, inanırsınızmı? Gəlin ədibimizə bir Allah rəhmət eləsin deyək.

 

14 sentyabr. Diqqətsizlik bəlası

 

CAR-lılar bu gün çox maraqlı bir günü qeyd edirlər: diqqətin və hiperaktivliyin defisiti sindromu gününü. Demək, belə bir sindrom var imiş. Əslində o sindrom indi bütün dünyada hakimi-mütləqdir. Dövran insanları  çox qayğılandırıb, pandemiya, müharibələr, təbii fəlakətlər, yoxsulluq, səfalət hamını üzür, fikir insanı incidir, passiv və diqqətsiz edir. Diqqətsizlikdən isə böyük problemlər törəyir, deyilmi? Elə hər şeyi bir kənara qoyaq, bir sürücü diqqətsizlik elədi, bir avtobus insanı qəzaya saldı, bir farmasept diqqətsizlik elədi, bir düjin xəstəni qırdı, bir kulinar diqqətsizlik elədi, bir obanın camaatını zəhərlədi. Cənubi afrikalılar ilk olaraq bu sindromu diqqət mənbəyi ediblərsə alqış onlara.

 

14 sentyabr. Kremli ponçik yeyən meksika süvarisi

 

Əlbəttə, ABŞ-da bu gün “Submarin” sendviçi və kremli ponçik günüdür. Birincidən dadmasam da ikinci çox dadlıdır, nuş olsun onlara. Hindistanda Hindi-diva günüdür, 1949-cu ilin bu günündə ölkədə hindi dili rəsmi dil kimi qəbul edilib. Meksikanlarda isə bu gün süvari günüdür. Bir köhlən atın ola, tumarlayıb, əzizləyib belədən-belə çapasan, elədən elə.

 

1937-ci ilin bu günündə hay-lek stilinin yaradıcısı, Pritsker mükafatı laureatı, italyan memarı Penso Piano dünyaya gəlib, 1867-ci ilin bu günündə Karl Marksın məşhur “Kapital” əsərinin 1-ci cildi işıq üzü görüb. 1829-cu ilin bu günündə Andrionopol sülh müqaviləsi ilə Rusiya – Türkiyə müharibəsi başa çatıb, 1769-cu ildə bitki coğrafiyasının yaradıcısı, alman ensiklopedist alimi, botaniki, zooloqu və səyyahı Aleksandr fon Humbolt doğulub.

 

 

 

Varisin “11-20 sentyabrın təqvimi” yazısından

 

Şəkildə: “Səni axtarıram” teletamaşasından bir epizod

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.