Super User
Gənc şair Aypara Ayxanın ilk kitabı işıq üzü görüb
“Mücrü” nəşriyyatında gənc şair Aypara Ayxanın ilk şeir kitabı olan "Mutasiya" işıq üzü görüb. Bu kitabda 13 yaşından şeirlər yazan Ayparanın 2015-ci ildən bu yana yazdığı şeirləri yer alıb. Redaktoru tanınmış şair Ayaz Arabaçı, ön söz müəllifləri Vasif Süleyman və Ömer Faruk Arlı olan kitabda Ayparanın Azərbaycan və Türkiyə mediasında ara-sıra dərc edilən, eləcə də sosial mediada paylaşılan şeirləri yer alıb.
“Sayəndə DNT-si də dəyişdi duyğularımın. Sevgim mutasiyaya uğrayaraq nifrətə çevrildi” deyən şair bununla öz lirik mənini də ortaya qoymuş olur, kövrək sevgi misralarına tapındığını izhar edir.
Aypara Ayxan öz sosial media hesabında kitabı ilə bağlı ümidlərini bu cür dilə gətirib: “İnanıram ki, bu kitabı oxuyan hər kəs öz duyğularına xitab edən şeirlə qarşılaşacaq.”
Ümidlərinin doğrulması diləyi ilə!
Pikassonun qızı atasının kolleksiyasından doqquz eksponatı Fransaya hədiyyə edir
İspaniyalı dünyaşöhrətli rəssam Pablo Pikassonun qızı Maya Pikasso Fransaya doqquz eksponat hədiyyə edir. Bu barədə Agence France-Presse-nin məlumatına istinadən “Ədəbiyyat və incəsənət” portalı məlumat verir.
Ötən gün Fransanın mədəniyyət naziri Rozlin Başlo-Narken bu olay haqda rəsmi açıqlama edib. “Mən bu hədiyyənin Milli kolleksiyalara daxil edilməsini dərin həyəcan hissi ilə qeyd edirəm", - deyən nazir bunu “müstəsna hadisə" adlandırıb.
Agentliyin məlumatına görə, Maya Pikasso bu işləri Fransa dövlətinə hədiyyə edərək, bu yolla miras vergisinin ödənilməsini əvəz edə biləcək. Rəsmlərin hamısı təntənəli mərasimin keçirildiyi Pikasso Muzeyinə təqdim olunacaqdır. Tədbirdə mədəniyyət naziri və Maya Pikasso ilə yanaşı, Mayanın uşaqları da iştirak edib.
9 hədiyyə edilmiş eksponatdan altısı rəsm əsəridir, biri karandaşla eskizlər edilmiş rəsm albomudur, biri xırda heykəldir, biri isə etnoqrafik sənət əsəridir.
Mətbuat konfransı zamanı jurnalistlərə yalnız bir iş - "Konfetlə uşaq" nümayiş etdirilib. Bu rəsmi rəssam 1938-ci ildə çəkib. Kubizm üslubundadır rəsm. Hədiyyə olunan rəsmlərin ən köhnəsi isə 1895-ci ilə aiddir, bu, Pikassonun atası Don Xose Ruisonun portretidir.
Hədiyyələrə 2022-ci ilin aprelindən ümumi baxış mümkün olacaq.
Maya özü 1935-ci ildə Fransada anadan olub. 1938-ci ildə böyük rəssam sevimli qızının portretini çəkib, əsər “Kukla ilə Maya" adlanır, ondan sonra daha on üç iş Mayaya həsr edilib.
2017-ci ildə Maya İspaniyanın təbəəliyini alıb və Madridə köçüb. Pikassonun və Mayanın Fransada yaşamaları qanuna görə dahi rəssamın qoyduğu mirasdan Fransa hökümətinə pay ayrılmasını tələb edirdi, 9 hədiyyədən sonra (əslində, bunlara vergi demək daha düzgün olardı) miras borcları silinmiş olacaq.
Şəkildə: Pikasso və qızı Maya Parisdəki mənzillərinin eyvanında. 1944-cü il.
Daha üç serial “Emmy mükafatları”nın qalibi seçilib
“Tac”, “Ted Lasso” və “Kraliçanın addımı” serialları “Emmy mükafatları”nın qalibi seçilib.
TASS agentliyi xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.
“Tac” 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda “Mandalorian”, “Qaqalar”, “Bridcerton”, “Qulluqçunun nağılı”, “Lavkraft ölkəsi”, “Duruş”, “Bu bizik” ekran əsərləri mübarizə aparıb.
Daha geniş növbəti günlərdə.
Azərbaycan Tallində keçirilən festivalda təmsil olunub
Sentyabrın 18-i və 19-da Estoniyanın paytaxtı Tallində “milli azlıqların yarmarkası” keçirilib.
Azərbaycan Diasporuna Dəstək Fondundan AzərTAC-a bildiriblər ki, Tallin şəhərinin mərkəzi Ratuş meydanında keçirilən yarmarkada ölkəmiz də təmsil olunub.
Estoniyadakı “Azərbaycan Evi” tərəfindən hazırlanmış guşədə ölkəmizin milli musiqiləri, rəqsləri, xalq geyimləri və milli mətbəximizin ləziz təamları festival iştirakçılarına təqdim edilib.
Azərbaycan tarixini, mədəniyyətini təsvir edən kitablar, milli məhsul və suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. Guşədə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanan, 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə həsr edilən “Xarıbülbül” və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Eternity” adlı musiqi albomları da nümayiş etdirilib.
Tədbirdə Estoniyada fəaliyyət göstərən, rəhbəri Yelena Əhmədova olan “Gratsia” rəqs qrupunun Azərbaycan milli rəqslərini nümayiş etdirməsi və Leyla Rəhimovanın ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yaddaqalan anlar yaşanıb.
Qeyd edək ki, Estoniya Milli Azlıqlar Forumunun təsis konfransı 1988-ci il sentyabrın 24-də Tallin Politexnik İnstitutunda keçirilib. O zaman Estoniyadakı Azərbaycan İcması həmin Forumun təsisçilərindən biri olub və hər il keçirilən festivalda bu məlumat xüsusi olaraq vurğulanır.
Beynəlxalq Adana kinofestivalına yekun vurulub
Kinosevərlərin diqqəti Türkiyəyə yönəlmişdi. Paytaxtın Adana Bələdiyyəsinin təşkil etdiyi 28-ci Adana "Qızıl Barama" beynəlxalq kinofestivalında mükafatlar öz sahiblərini tapmışdır.
Son dakika informasiya agentliyinin məlumatına görə, milli bədii filmlər müsabiqəsində ən yaxşı filmə görə mükafat "Yaramaz oğlan" filminə təqdim edilib. Ən yaxşı aktyor Bard Çelik olub, ən yaxşı aktrisa isə Emel Qeksu və Ayşe Dəmirəl olublar.
Bu gün Fil Kollinzli əfsanəvi Genesis qrupu 3 aylıq qastrol turuna başlayır
Bu gün - sentyabrın 20-də Birmingemdə konsertlə Genesis qrupu Britaniya, ABŞ və Kanada üzrə üç ay nəzərdə tutulan qastrol turuna başlayır. The Last Domino adlı tur, musiqiçilər artıq elan etdikləri kimi, onlar üçün sonuncu olacaq və bununla da qrupun yarım əsrlik tarixi başa çatacaq.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat verir ki, bu gün başlayacaq tur son 14 il ərzində qrupun ilk qastroludur, son dəfə 2007-ci ildə, Genesis Fil Kollinz, Toni Banks və Mayk Rezerforddan ibarət orijinal tərkibdə qastrol səfərlərində olmuşdu. Onda - 2007-ci ildəki qastroldan sonra üçlüyə elə gəlirdi ki, qrup özünü öldürüb və birgə işi davam etdirmək artıq lazım deyil.
Bütün bu illər ərzində onların hər biri öz işi ilə məşğul olub. Əsas ulduz - Fil Kollinz hələ 1978-ci ildə Genesis-in çiçəklənməsi dövründə başlamış qeyri-adi uğurlu pop müğənnilik üzrə solo karyerasını davam etdirib, o, dünyanın müxtəlif ölkələrində hitlərə çevrilmiş onlarla mahnı səsləndirib, səkkiz "Qremmi" mükafatı, bir "Oskar" mükafatı və keçmiş təvazökar təbilçi üçün görünməmiş kommersiya uğuru əldə edib.
Bəli, daha bir musiqi əfsanəsi səhnədən gedir, dünya musiqisi bir qədər yetim görünəcək təbii ki.
Üzeyir Hacıbəylinin “Koroğlu” operası 62 il sonra yenidən lentə alınıb
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası yenidən lentə alınıb.
AzərTAC xəbər verir ki, Azərbaycanın məşhur vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovun təşəbbüsü ilə lentə alınmış Uzeyir Hacıbəylinin məşhur “Koroğlu” operası artıq bütün musiqi platformalarında yer alıb.
“Azərbaycan klassik opera janrımızın şah əsəri olan “Koroğlu” operası böyük tarixi bir yol keçmişdir. Məhz, Üzeyir bəyin “Koroğlu” operası müxtəlif illərdə müxtəlif ifaçılar tərəfindən özünəməxsus formada ifa edilmişdir. “Koroğlu” operası sonuncu dəfə 1959-cu ildə böyük Maestro Niyazinin rəhbərliyi altında lentə alınmışdır. Yaradıcı heyətlə belə bir qərara gəldik ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xoru və solistləri ilə bu operanı lentə alaq. Düşünürəm ki, bu opera hüdudlarımızdan kənarda Azərbaycan klassik musiqisevərlərə Üzeyir bəyin əziz xatirəsinə, Milli Musiqi Günündə bir töhfə olacaq. Fürsətdən istifadə edib, səs yazılışında iştirak edən bütün yaradıcı kollektivə öz minnətdarlığımı bildirirəm”,- deyə Ramil Qasımov söyləyib.
Qeyd edək ki, operanın fond yazılışının dirijoru Əməkdar artist Əyyub Quliyev, səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayev, əsas partiyaları Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Tural Ağasiyev, Xalq artisti Əli Əsgərov və Taleh Yəhyəyev ifa ediblər.
Argentinada tanqo üzrə dünya çempionatı başlayıb
Tanqo üzrə Dünya Çempionatına şənbə günü Buenos-Ayresdə start verilib. Təşkilatçıların bildirdiyinə görə, onlayn və oflayn formatda keçiriləcək yarışda 400 ölkədən 25-dən çox cüt iştirak edəcək.
Çempionatın ilk günündə Buenos-Ayresdəki Usina del Arte Mədəniyyət Mərkəzində salon tanqo kateqoriyasına seçim turu başlayıb. Növbəti mərhələdə yer uğrunda yalnız Mərkəzin səhnəsində çıxış edən cütlüklər deyil, həm də sərhədləri xaricilər üçün bağlı olan
Argentinaya gələ bilməyən rəqqaslar da mübarizə aparacaq və çıxışlarının videogörüntülərini göndərəcəklər.
Ötən il pandemiyaya görə təşkilatçılar çempionatı tamamilə onlayn formatda keçiriblər. Bu il Argentinada tüğyan edən koronavirus səbəbindən tətbiq olunan məhdudiyyətlərə görə bütün tamaşalar tam doldurulmuş olmayan zallarda keçirilir. Bundan əlavə, təşkilatçılar hər bir turda səhnəyə çıxan cütlüklərin sayını 10-dan 6-ya azaldıblar.
Rəqs edənlərə maskalar olmadan çıxış etməyə icazə verilir, lakin tamaşaçılar daim maska daşımalıdırlar.
"Belfast" filmi nüfuzlu Toronto kinofestivalında (TIFF) qalib gəlib
Britaniya kinematoqrafiyasının istehsalı plan “Belfast" filmi 46-cı Beynəlxalq Toronto kinofestivalının (Toronto International Film Festival, TIFF) Qran-Prisini alıb. Bu barədə TASS festivalın rəsmi saytına istinadən məlumat verir.
Yarımbioqrafik dramda britaniyalı rejissor Kenne Bran bir oğlan uşağının taleyindən bəhs edir. Baş rolu Jud Hill canlandırıb.
Torontoda filmin dünya premyerası keçirilib, geniş prokata isə film noyabrın 12-də çıxacaq.
Sentyabrın 18-də başa çatan festivalda 9 gün ərzində 132 film nümayiş etdirilib.
Toronto kinofestivalı 1976-cı ildən keçirilir və dünyanın ən böyük kinofestivallarından biridir. Digər kinofestivallardan fərqli olaraq, TİFF-də rəsmi münsiflər heyəti yoxdur, əsas mükafat isə tamaşaçı səsverməsinin nəticələrinə görə verilən "Tamaşaçı simpatiyası mükafatı"dır.
2020-ci ildə qalib ABŞ-da yaşayan Çin rejissoru Xloi Zhao tərəfindən çəkilmiş "Köçərilərin torpağı" (Nomadland) filmi olub.
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Sentyabrın 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Azər TAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov festivalın əhəmiyyətindən danışıb: “Üzeyir Hacıbəylinin bizə qoyduğu miras heç zaman unudulmayacaq. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu dəfə festivalı keçirmək qərarına gəldik. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur”.
Nazir deyib ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Onun bənzərsiz irsi ölkəmizdə peşəkar bəstəkarlar nəslinin yetişməsinə təkan verib.
“Biz hər zaman bu festivalı dahi bəstəkarın doğulduğu və boya-başa çatdığı Şuşa şəhərində keçirməyi arzulamışıq. Çox sevinirik ki, bu gün doğma Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bu sevinci bizə yaşadıb. Bu gün bu festivalı Şuşada da qeyd edirik. Artıq biz Şuşada – mədəniyyət paytaxtımızda “Xarıbülbül” Musiqi Festivalını və Vaqif Poeziya Günlərini keçirmişik. Gələn ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da böyük bir hissəsini Şuşada keçirəcəyik”.
Builki festivalın özəlliyindən danışan mədəniyyət naziri bildirib ki, festivalda daha çox ideyalarını reallaşdırmaq istəyən gənclərə yer ayrılıb. Builki festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq. Yeni nəsil məhz Üzeyir Hacıbəyli musiqisinin təsiri altında böyüyür.
Festivalın zəngin proqramının olduğunu bildirən nazir deyib ki, Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, bu musiqi bayramında ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb.
Sonra söz musiqiyə verilib.
Festivalın ilk günündə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və dirijor Rauf Abdullayev) çıxış edib. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Fikrət Əmirovun “Şur” simfonik muğamı, Arif Məlikovun fortepiano və orkestr üçün konserti səsləndirilib.