İspaniyalı dünyaşöhrətli rəssam Pablo Pikassonun qızı Maya Pikasso Fransaya doqquz eksponat hədiyyə edir. Bu barədə Agence France-Presse-nin məlumatına istinadən “Ədəbiyyat və incəsənət” portalı məlumat verir.
Ötən gün Fransanın mədəniyyət naziri Rozlin Başlo-Narken bu olay haqda rəsmi açıqlama edib. “Mən bu hədiyyənin Milli kolleksiyalara daxil edilməsini dərin həyəcan hissi ilə qeyd edirəm", - deyən nazir bunu “müstəsna hadisə" adlandırıb.
Agentliyin məlumatına görə, Maya Pikasso bu işləri Fransa dövlətinə hədiyyə edərək, bu yolla miras vergisinin ödənilməsini əvəz edə biləcək. Rəsmlərin hamısı təntənəli mərasimin keçirildiyi Pikasso Muzeyinə təqdim olunacaqdır. Tədbirdə mədəniyyət naziri və Maya Pikasso ilə yanaşı, Mayanın uşaqları da iştirak edib.
9 hədiyyə edilmiş eksponatdan altısı rəsm əsəridir, biri karandaşla eskizlər edilmiş rəsm albomudur, biri xırda heykəldir, biri isə etnoqrafik sənət əsəridir.
Mətbuat konfransı zamanı jurnalistlərə yalnız bir iş - "Konfetlə uşaq" nümayiş etdirilib. Bu rəsmi rəssam 1938-ci ildə çəkib. Kubizm üslubundadır rəsm. Hədiyyə olunan rəsmlərin ən köhnəsi isə 1895-ci ilə aiddir, bu, Pikassonun atası Don Xose Ruisonun portretidir.
Hədiyyələrə 2022-ci ilin aprelindən ümumi baxış mümkün olacaq.
Maya özü 1935-ci ildə Fransada anadan olub. 1938-ci ildə böyük rəssam sevimli qızının portretini çəkib, əsər “Kukla ilə Maya" adlanır, ondan sonra daha on üç iş Mayaya həsr edilib.
2017-ci ildə Maya İspaniyanın təbəəliyini alıb və Madridə köçüb. Pikassonun və Mayanın Fransada yaşamaları qanuna görə dahi rəssamın qoyduğu mirasdan Fransa hökümətinə pay ayrılmasını tələb edirdi, 9 hədiyyədən sonra (əslində, bunlara vergi demək daha düzgün olardı) miras borcları silinmiş olacaq.
Şəkildə: Pikasso və qızı Maya Parisdəki mənzillərinin eyvanında. 1944-cü il.