Sentyabrın 18-i və 19-da Estoniyanın paytaxtı Tallində “milli azlıqların yarmarkası” keçirilib.
Azərbaycan Diasporuna Dəstək Fondundan AzərTAC-a bildiriblər ki, Tallin şəhərinin mərkəzi Ratuş meydanında keçirilən yarmarkada ölkəmiz də təmsil olunub.
Estoniyadakı “Azərbaycan Evi” tərəfindən hazırlanmış guşədə ölkəmizin milli musiqiləri, rəqsləri, xalq geyimləri və milli mətbəximizin ləziz təamları festival iştirakçılarına təqdim edilib.
Azərbaycan tarixini, mədəniyyətini təsvir edən kitablar, milli məhsul və suvenirlərlə bəzədilən Azərbaycan guşəsi maraqla qarşılanıb. Guşədə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanan, 44 günlük Vətən müharibəsinin şanlı Qələbəsinə həsr edilən “Xarıbülbül” və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan “Eternity” adlı musiqi albomları da nümayiş etdirilib.
Tədbirdə Estoniyada fəaliyyət göstərən, rəhbəri Yelena Əhmədova olan “Gratsia” rəqs qrupunun Azərbaycan milli rəqslərini nümayiş etdirməsi və Leyla Rəhimovanın ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yaddaqalan anlar yaşanıb.
Qeyd edək ki, Estoniya Milli Azlıqlar Forumunun təsis konfransı 1988-ci il sentyabrın 24-də Tallin Politexnik İnstitutunda keçirilib. O zaman Estoniyadakı Azərbaycan İcması həmin Forumun təsisçilərindən biri olub və hər il keçirilən festivalda bu məlumat xüsusi olaraq vurğulanır.