Bu gün - sentyabrın 20-də Birmingemdə konsertlə Genesis qrupu Britaniya, ABŞ və Kanada üzrə üç ay nəzərdə tutulan qastrol turuna başlayır. The Last Domino adlı tur, musiqiçilər artıq elan etdikləri kimi, onlar üçün sonuncu olacaq və bununla da qrupun yarım əsrlik tarixi başa çatacaq.
“Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən məlumat verir ki, bu gün başlayacaq tur son 14 il ərzində qrupun ilk qastroludur, son dəfə 2007-ci ildə, Genesis Fil Kollinz, Toni Banks və Mayk Rezerforddan ibarət orijinal tərkibdə qastrol səfərlərində olmuşdu. Onda - 2007-ci ildəki qastroldan sonra üçlüyə elə gəlirdi ki, qrup özünü öldürüb və birgə işi davam etdirmək artıq lazım deyil.
Bütün bu illər ərzində onların hər biri öz işi ilə məşğul olub. Əsas ulduz - Fil Kollinz hələ 1978-ci ildə Genesis-in çiçəklənməsi dövründə başlamış qeyri-adi uğurlu pop müğənnilik üzrə solo karyerasını davam etdirib, o, dünyanın müxtəlif ölkələrində hitlərə çevrilmiş onlarla mahnı səsləndirib, səkkiz "Qremmi" mükafatı, bir "Oskar" mükafatı və keçmiş təvazökar təbilçi üçün görünməmiş kommersiya uğuru əldə edib.
Bəli, daha bir musiqi əfsanəsi səhnədən gedir, dünya musiqisi bir qədər yetim görünəcək təbii ki.