Super User
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan Opera İnciləri” filmi təqdim edilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan Opera İnciləri” filmi təqdim edilib. Filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur.
Mədəniyyət Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Opera İnciləri” filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, həmçinin, zəngin tarixi olan opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib.
Filmdə Üzeyir Hacıbəylinin “Koroğlu”, Əfrasiyab Bədəlbəylinin “Nizami”, Müslüm Maqomayevin “Nərgiz”, Reinhold Glierin “Şaxsənəm”, Fikrət Əmirovun “Sevil” və Ramiz Mustafayevin “Vaqif” operalarından əsərlər təqdim edilib.
Sofi Marso: “Texnologiya yüksəlişdə olanda, mədəniyyət üçün mövcudiyyat çətin olur”
Fransız rejissoru Fransua Ozonun "Hər şey yaxşı keçdi" tragikomediyası dünya prokatına çıxıb, onun premyerası iyulda Kann festivalında baş tutub. Süjetə görə, Sofi Marsonun parlaq ifasında Emmanuel xəstəxanaya tələsir - onun atası, 85 yaşlı Andre Düssole insult olub. Ata qismən iflicdir və kritik vəziyyətdədir. Emmanuel ağır xarakterinə, daimi şıltaqlıqlarına və birgə yaşadıqları keçmişdə atası tərəfindən incidildiyinə, çəkdiyi iztirablara baxmayaraq, sonuna qədər atasına qayğı göstərməyə hazırdır. Ancaq Andre qızının qayğısına tüpürmək belə istəmir, əzablarının tez bir zamanda aradan qaldırılması üçün qızından onun həyatdan köçməsinə kömək etməyi xahiş edir. Olduqca maraqlı və dramatik bir süjet və dünyaşöhrətli Sofi Marsonun ecazkar ifası.
Bu filmin izi ilə TASS agentliyi Parisdə 54 yaşlı aktrisa ilə görüşüb ondan müsahibə götürüb. Sofi Marsonun Azərbaycanda da sevildiyini, dünya kino sənətinin kult ifaçısı hesab edildiyi səbəbindən “Ədəbiyyat və İncəsənət” portalı müsahibəni tərcümə edərək öz oxucularına təqdim edir. Müsahibədə Sofi Marso sözügedən film barədə bir çox suallara cavab verməklə yanaşı niyə nadir hallarda kinoya çəkildiyinə və mükafatlar almağı sevmədiyinə də aydınlıq gətirib.
- "Hər şey yaxşı keçdi" filmində rol almağınızı uzun fasilədən sonra sizin kinoya qayıdışınız adlandırmaq olar. Niyə uzun müddət çəkilmədiniz?
- Mən vaxtımı özümə həsr etmək və filmlərə, reklamlara və sair çəkilişlərə ayırdığım zamanı özümü sərf etmək istəyirdim. Mən öz cədvəlimi azad və sərbəst etmək istəyirdim. Mən bunu böhran adlandırmazdım, çox güman ki, imkanlar üçün açıq qalmaq və heç nə haqqında düşünməmək istəyirdim.
- Onda niyə məhz kambek üçün bu layihəni seçdiniz?
-Yaxşı, etiraf edirəm, belə bir təklifə müqavimət göstərmək çətin idi. Ssenari ilə tanışlıq hər şeyi dəyişdi. Bir gün sevdiyiniz bir şey oxuyursunuz və geri dönməyə qərar verirsiniz. Bu, gözəl, təkrarsız və sadə alındı, ən əsası da, təbii alındı, kinoya qayıtmaqdan məmnun oldum.
- Film sadə olmayan ölüm, borc, valideyn-uşaq münasibətləri mövzusunu qaldırır. Bu filmin üzərində psixoloji anlamda işləmək nə qədər çətin idi?
- Normaldan daha çətin deyildi. Kitab, ssenari çox sadə idi. Onlarda hər şeyi yerinə yetirmək üçün mürəkkəb olan gizli psixoloji motivlər yox idi. Yalnız Fransua ilə (filmin rejissoru – red.) eyni dalğada olmaq, onun nəyə nail olmaq istədiyini, bu filmlə nə demək istədiyini anlamaq lazım idi. Və bu daimi bir proses oldu: biz ilk gündə görüşdük və son çəkiliş gününə qədər biz ssenarini müzakirə etdik. Filmin yaradılmasının bütün məğzi elə bundadır - bu, hansısa sabit bir iş deyil, o, biz onu bitirənə qədər daim dəyişib. Nəticədə, biz, obrazlı desək, müxtəlif şeylərdən Frankensteyn kimi bir əcaib varlıq ortaya çıxardıq.
- Film komediya və dram arasında daim tarazlaşır. Farsa və ya melodrama düşməmək üçün bu balansı necə saxladınız?
- Burada hər şey rejissordan və ssenaridən asılıdır, əlbəttə. Komediya hissəsinə görə eqosentrik, xarizmatik, neolitkorrekt ata rolunu oynayan qəhrəman Andre Düssolye məsuliyyət daşıyır. Hər halda, ölüm - mürəkkəb mövzudur, hansı ki, biz onun haqda fikirləşməyi sevmirik. Biz necə öləcəyimizi düşünmürük. Bax, siz öz ölümünüz üçün hazırlaşmısınız?
- Hələ bu məsələ ilə məşğul olmaq mümkün olmayıb.
-Bəli, mən belə də düşünürdüm. Və elə mənim xoşuma gəlir ki, film səni bu fikirlərə sövq edir və bu barədə danışır. Son bir il ərzində, təbii ki, koronavirus dönəmindən söhbət gedir, biz yalnız ölüm haqqında eşidirik, insanlar birdən-birə ölümlü olduqlarını başa düşdülər. Bu film mənə xatırladır ki, ölüm haqqında bəzən düşünməyə dəyər. Emmanuelin, əslində, atasına kömək etmək və ya etməmək üçün heç bir seçimi yoxdur, çünki o, əvvəlcə atasının tərəfdaşı, dostu, heç bir şeyə baxmayaraq sonuna qədər gedəcək köməkçisi olmaq qərarına gəlir. Bu gözəldir, çünki ata və Emmanuel tamamilə fərqlidir və bu, onların ailəsində bir çox problemləri artırır. Aktrisa kimi mənə belə layihələr olduqca maraqlıdır, çünki onlar emosiya və ziddiyyətlərlə doludur.
- Ssenarini oxuduğunuz zaman özünüzün belə bir xahişə necə reaksiya verəcəyinizi heç düşündünüzmü?
- Mən Emmanuelin seçimi olduğunu düşünmürəm. O əmindir ki, atası heç vaxt fikrini dəyişməyəcək. Onun edə biləcəyi bir şey atasını tək buraxmaqdır ki, qoy hər şeyi özü həll etsin, xüsusən, də atası ilə belə mürəkkəb münasibətlərinin olması şərti ilə. Uşaqlıqda atası ona qarşı qəddar olanda Emmanuel atasını öldürmək istəmişdi və bacısının zarafat etdiyi kimi, indi onun belə bir imkanı var idi, amma o, bunu edə bilməz. Əksinə, bəlkə də, belə həyasız atasına görə o, çox empatik birisinə çevrilib. Mənim qəhrəmanım bir real prototipə malikdir və bütün yoldaşları onun hər kəs üçün əsl dost olduğunu söyləyirlər.
- Film özlüyündə qeyri-siyasi olsa da, onun qaldırdığı məsələlər çox böyükdür. Bu məsələnin etik tərəfi barədə sizin fikriniz varmı?
- Mən istərdim ki, belə bir fikir məndə olsun. Mənim həmişə ev heyvanlarım olub və mənim itim çox xəstə idi. O, artıq qocalmışdı. Biz həkimlərə getdik və bir dəfə həkim mənə dedi: "Sofi, mən başqa bir şey edə bilmərəm". Mən də dedim ki, nə etmək lazımdırsa onu edin. Onu iynə vurub ölüm üçün yatızdıranda hiss etdim ki, itim, nəhayət, sakitləşdi, sanki, gərginlik, ağrı-acı onu buraxdı. Onda fikirləşdim ki, necə dəhşətli imiş, mən bütün bu illər ərzində onun həyatını qoruyub saxlamağa çalışmışdım, o isə bu cür əzab çəkirmiş. Mən hiss edirdim ki, onun bədəni ağrıdan necə gərgin idi, mən isə onu yatıra, onu ovuda bilmirdim. Mən kor-koranə istəmişdim ki, o, həyat uğrunda mübarizə aparsın və o, öləndə məyus oldum ki, onu əvvəllər ağrıdan azad eləməmişəm. Və bu, çox mürəkkəb bir dilemmadır.
- Baxın, siz deyirsiniz ki, film heç də psixoloji deyil, onu təhlil etməyə dəyməz. Amma psixologiya olmadan bir film çəkmək necə mümkün olar axı? Siz özünüz də öz ampluanızda ona müəyyən bir məna çaları artırmalısınız axı.
- Mənə elə gəlir ki, tamaşaçı ekranda baş verənləri özü interpretasiya edir. Çünki vəziyyət, ümumiyyətlə, aydındır və ona çox sayda təhlil, sözlər, emosiyalar əlavə etmək lazım deyil. Bu Ozonun üslubunda deyil və bu - olduqca quru və düz xəttli filmdir. Bununla belə, o sizi gərginlikdə saxlayır və sizin bu baş verənləri özünüz yaşayırsınız kimi hiss etmənizə vəsilə olur. Məşqlər zamanı mən daha çox psixoloji olmağa çalışırdım, Ozona hansısa interpretasiyalar təklif edirdim və o, sadəcə, buna məhəl qoymurdu. Bu halda, sən meydançada bu aspektləri başında saxlamalısan, lakin onlar haqqında danışmamalısan.
- Bu filmi Kann festivalında təqdim etdiniz. Bir şey qazanmaq sizinçün vacibmi idi?
-Yox. Əgər düzünü desəm, mükafatsız qalmaq istəyirdim, əks halda mən qayıtmaq, nitq hazırlamaq, paltar axtarmaq məcburiyyətində qalacaqdım. Əlbəttə, bunlar gözəldir, amma heç bunları etmək istəməzdim. Hər halda, bu, biznesdir, mükafat qazanmaq film üçün çox gözəldir, çünki bu yolla film özünə diqqəti cəlb edir. Amma mən dəhşətli bir eqoistəm, mükafatlardan ötrü əsla sino getmirəm və bütün bu sayaq təntənələrdən uzaq olmaq istəyirəm.
- Sizi məşhur edən "Bum" filmi 40 il əvvəl ekranlara çıxıb. Necə düşünürsünüz, o, gənc nəsil üçün hələ də aktualdırmı?
- Mən qorxuram ki, bəli (gülür), bu da təəccüblüdür. Mən bəzən doqquz yaşlı qızlarla görüşürəm, onlar mənə böyük gözlərlə baxır və düşünürlər: bu xanım həmin o filmdən olan qızdır? Onlar üçün bu, yəqin ki, çox qəribədir, çünki 9 yaşlı qızın rolunu oynadığım filmə çəkilərkən mənim 13 yaşım var idi.
- Amma belə çıxır ki, onlar sizi görən kimi tanıyırlar?
- Oy, yox, bunu onlara anaları deyir, əllərini mənə sarı uzadıb deyirlər: "Bu, "Bum"dakı o qızdır”. Bu da çox gözəldir, hər halda, nəsillər arasında hansısa əlaqə lazımdır.
- Sizcə, gənc ulduzlara indi 40 il əvvəl olduğundan daha çətindir, yoxsa asandır?
- Mən onlara çox acıyıram. Bu, çox ağırdır. Əlbəttə, hər şey sənin ətrafından asılıdır, nə qədər sənin həyata ayıq baxmağından asılıdır, amma bu çox sərt mühitdir. Və indiki zamanda mən əsla məşhur bir yeniyetmə olmaq istəməzdim, çünki ümumiyyətlə indiki yeniyetmə və gənclər müdafiəsizdirlər. Mənə şöhrət gəldikdə, dərhal müstəqil olmağı öyrəndim və indi bu cür tryukların işləməyəcəyini düşünmürəm.
-Kino sənayesi sahəsində çoxları şikayət edir ki, indi hamı yalnız böyük filmlərdə, blokbasterlərdə maraqlıdır, kiçik layihələrə isə nə zaman, nə də pul qalır. Bu dəyişiklikləri özünüzdə hiss edirsiniz?
-Mənə elə gəlir ki, incəsənət həmişə olacaq. Həqiqətən, bu günlərdə hər şey sənayeyə çevrilib, o cümlədən kino da. Bu, əhəmiyyətsiz istehlaka bənzəmirmi? Amma eyni zamanda, biz tərəqqi edən texnologiya dövründə yaşayırıq, belə ki, bu dövrdə mədəniyyətə çox da yer yoxdur. Və əgər tarixə nəzər salsaq, görərik ki, həmişə texnologiya yüksəlişdə olanda, mədəniyyət üçün mövcudiyyat çətin olur. Eyni zamanda, cəmiyyətdə həmişə fərqli düşünən insanlar var, belələrinə ağ qarğalar deyirlər. Onlar necə olsa da optimistcəsinə yaratmaqda davam edirlər, festivallarda iştirak edirlər. Unutmayın ki, hətta blokbasterlər belə, xırda, səfil mədəniyyətdən ilhamlanır. Onlardan əvvəl yaranmış kiçik layihələr olmadan heç bir blokbasterin yaranışı mümkün deyil. Ruhdan düşmək lazım deyil, zira, rəssamlar həmişə tapılacaq.
Şəkillərdə: Sofı Marso "Hər şey yaxşı keçdi" filmində və “Bum” filmində
Niderlandda Rəşid Behbudovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb
Niderlandda SSRİ Xalq artisti, görkəmli müğənni Rəşid Behbudovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb.
AzərTAC xəbər verir ki, marka 2004-cü ildən Niderlandda yaşayan, fəal diaspora nümayəndələrindən olan həmyerlimiz Səltənət Rəvanqızının müəllifi və sponsoru olduğu "Azərbaycan inciləri" layihəsi çərçivəsində buraxılıb. Niderland qanunlarına əsasən, vətəndaşlar dövlət səviyyəsində poçt markalarının buraxılmasını sifariş edə bilərlər. Bunun üçün markanın məzmunu haqqında lazım olan dövlət orqanlarına məlumat verilir və bu məlumatlar yoxlanıldıqdan sonra markanın çapına icazə verilir.
Səltənət Rəvanqızı Niderlandda belə bir qanunun mövcudluğu haqqında məlumat alandan sonra "Azərbaycan inciləri" layihəsinə start verir. Belə ki, dövlət səviyyəsində buraxılan markalar nəinki poçt ödənişləri vasitəsidir, eyni zamanda ölkəmizin mədəni dəyərlərinin təbliği və tanıdılması üçün olduqca güclü vasitədir.
"Azərbaycan inciləri" layihəsi çərçivəsində buraxılan markalar artıq “PostNL” sistemində geniş istifadə olunur və hətta ABŞ, İsrail, Azərbaycan və digər ölkə poçtlarında da tətbiq olunur.
Bu gün Azərbycanın məşhur aktrisası Əminə Yusifqızının 85 illik yubileyidir
24 sentyabr. Xalq artisti Əminə Yusifqızının 85 illiyi
Onun səsi o qədər cazibədardır ki, hər kəsi öz sehrinə sala bilir. Əminə Yusifqızı 1936-cı il sentyabr ayının 24-də Bakı şəhərində anadan olub. 1955-1959-cu illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. Hələ məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. 1956-1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1964-1975-ci illərdə Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Teatrda xeyli oğlan rolları da oynayıb. Aktrisa dublyaj, səsləndirmə sahəsində də fəaliyyət göstərib. Bununla yanaşı, o, bədii qiraət ustası kimi də tanınır. Bax, ən çox da aktrisa bu ampluada sevilir. Bir vaxtlar dövlət konsertlərində onun şeir oxumasını hamı səbirsizliklə gözləmirdimi?
Əminə xanım 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Lena (“Ürək... Ürək...”), Firuzə (“Tənha narın nağılı”), Nadejda İvanova (“Skripkanın sərgüzəşti”), Xidmətçi (“Musiqi müəllimi”), Qaraçı (“Qaraca qız”) və s. bədii filmlərdə və televiziya tamaşalarında çəkilib. 1982-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2010-cu ildə aktrisaya Cəfər Cabbarlı mükafatı verilib. 2016-cı il sentyabr ayının 14-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə o, “Şöhrət” ordeni ilə təltif olunub. Bu gün Əminə xanımın günüdür, onu hamılıqla təbrik edək gəlin!
24 sentyabr. Beynəlxalq sarvan günü
Haçansa karvanlar vardı, uzandıqca uzanan karvan yolları ilə irəliləyirdilər, onları sarvanlar idarə edirdi. Belə yollardan biri də İpək yolu idi, qədim Azərbaycandan keçib Şərqi Qərbə calayırdı. O vaxtlar karvanlar təkcə məsafə qət etmək vasitəsi deyildi, həm də güvən yeri idi, belə ki, hamı tək yola çıxmaqdansa karvana qoşulmağı üstün tutardı, belədə təhlükələrdən də vaz keçilirdi. Karvan rəmzi məna daşıyırdı, həmrəylik demək idi həm də. Karvanlara ən intuitiv, ən dözümlü, ən cəsur insanlar sarvanlıq edərdi, o vaxtlar indiki kimi deyildi, işə tanışlıqla, rüşvətlə adam götürməzdilər, ona görə də iş həmişə effektli alınırdı.
Bəs niyə sarvan günü sentyabrın 24-də qeyd edilsin ki? 24 sentyabr məşhur Britaniya dəniz səyyahı Adam Uilyamsın doğum günüdür. O, Yaponiya sahillərinə gedib çıxmış ilk avropalıdır. Bir neçə gəmi Sakit okeanla məqsədə doğru irəliləyirmiş, gəmi karvanının sarvanı isə Adam Uilyams imiş.
Bəzən həyatda da sarvanlar olur. Ölkələrin, xalqların sarvanları. Allah hər kəsə yaxşı sarvan bəxş etsin!
Varisin “21-30 sentyabrın təqvimi” yazısından.
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert təqdim edilib
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqisevərlərə daha bir konsert proqramı təqdim olunub.
AzərTAC xəbər verir ki, konsertdə polşalı görkəmli sənətkar Pavel Kotlanın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, həmçinin solist İvana Sobotka çıxış ediblər.
Qara Qarayevin “İldırımlı yollarla” əsərinin səslənməsi ilə başlayan konsertdə ilk dəfə olaraq Karol Şimanovskinin “Şahzadənin mahnıları” silsiləsi ifa olunub.
Konsertin son kompozisiyası, dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri olmuş Lüdviq van Bethovenin 7 nömrəli simfoniyası ilə başa çatıb.
Konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tədbir karantin qaydalarına uyğun şəkildə keçirilib.
TOP 20. Ən çox baxılan 2021-ci il istehsalı olan filmlərin reytinqi
MDB ölkələrində ən populyar kino axtarışı portalı olan Kinopoisk.ru növbəti yenilənmə ilə 2021-ci ildə istehsal olunmuş filmlərin baxış sayı üzrə reytinqlərini təqdim etmişdir. “Ədəbiyyat və incəsənət” portalı həmin reytinqlə oxucularını tanış edir:
1. Wrath of Man (İnsan qəzəbi) 2021. Böyük Britaniya.
Triller-savaş. Baxış sayı 521 954
2. Zack Snyder's Justice League (Zak Snayderin Ədalətlilik Liqası) 2021. ABŞ və Böyük Britaniya.
Fantastika-savaş. Baxış sayı 455 393
3. Майор Гром: Чумной Доктор (Mayor Qrom) 2021. Rusiya.
Kriminal-savaş. Baxış sayı 329 893
4. Мажор (Major) 2021. Rusiya.
Komediya. Baxış sayı 207 701
5. Raya and the Last Dragon (Rayya və sonuncu Div) 2021. ABŞ.
Cizgi filmi. Baxış sayı 201 760
6. Конёк-Горбунок (Konyok-qorbunok) 2021. Rusiya.
Fentezi-komediya. Baxış sayı 183 268
7. Mortal Kombat (Mortal Kombat) 2021. ABŞ.
Fentezi-savaş. Baxış sayı 149 419
8. Cruella (Kruella) 2021. ABŞ, Böyük Britaniya.
Komediya-kriminal. Baxış sayı 126 439
9. Tom & Jerry (Tom və Cerri) 2021.ABŞ, Böyük Britaniya.
Komediya-macəra. Baxış sayı 113 492
10. Nobody (Heç kim) 2021. ABŞ, Yaponiya.
Triller-savaş. Baxış sayı 109 451
11. Suicide Squad (İntiharedənlər dəstəsi) 2021. ABŞ, Kanada.
Fantastika-savaş. Baxış sayı 91 417
12. Godzilla vs. Kong (Qodzilla Konqa qarşı) 2021. ABŞ, Avstraliya.
Fantastika-savaş. Baxış sayı 86 468
13. Ice Road (Buzlu drayv) 2021. ABŞ.
Triller-savaş. Baxış sayı 83 512
14. Black Widow (Qara dul qadın) 2021. ABŞ.
Fantastika-savaş. Baxış sayı 81 320.
15. Chaos Walking (Xaos dairəsi) 2021. ABŞ, Kanada.
Fantastika-fentezi. Baxış sayı 79 457
16. F9 (Forsaj 9) 2021. ABŞ, Tailand.
Triller-savaş. Baxış sayı 65 802
17. Бендер: Начало (Bender: Başlanğıc)2021. Rusiya.
Macəra-komediya. Baxış sayı 65 284
18. Турист (Turist) 2021. Rusiya.
Savaş. Baxış sayı 64 484
19. Пара из будущего (Gələcəkdən olan cütlük) 2021. Rusiya.
Savaş. Baxış sayı 64 484
20. Dune (Dyünlər) 2021. ABŞ, Kanada.
Fantastika-dram. Baxış sayı 57 455.
Türkiyənin ATV kanalı ilə yayımlanan “Milyonçu olmaq istəyən” şousu yeni mövsümə uduş fondunu yüksəldib
Uzun illər böyük maraqla izlənilən, beynəlxalq layihənin Türkiyə variantı "Milyonçu olmaq istəyən" intellektual teleşousunda yeni mövsümdə dəyişikliklər baş verib. Müsabiqənin pul ağacında mükafatların dəyəri artırılıb. Müsabiqəyə 100 min, 200 min və 400 min lirə məbləğində pul mükafatları təqdim olunub. Kenan İmirzəlioğlunun rəhbərlik etdiyi, Türkiyədə teleyayım praymında ən böyük izləyici auditoriyası toplayan “Milyonçu olmaq istəyən” proqramı uduşlar büdcəsini artırmaqla daha böyük başarılara imza atmağı hədəfləyir, bu barədə CNN-türk məlumat verir.
“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib.
XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib. Mədəniyyət Nazirliyinin məlumatına görə, tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə ön sözlə açaraq, xalqımızın tarixi ədaləti bərpa edib zəfər çaldığı eyni zamanda ölkəmizdə pandemiyanın hökm sürdüyü dövrdə Üzeyir Hacıbəylinin adını daşıyan festivalın keçirilməsinin önəmindən bəhs etdi.
Mövzu çərçivəsində konfransda beş məruzə səsləndi. ABİ-nın məsul katibi, əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin Azərbaycan etnomusiqişünaslığında rolu” mövzusunda çıxış etdi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professoru İmruz Əfəndiyeva tanınmış teatrşünas Məmməd Sadıq Əfəndiyevin fəaliyyətindən söz açaraq “M.S.Əfəndiyevin Ü.Hacıbəylinin “Koroğlu” operası haqqında ilk elmi-tədqiqat məqaləsinə dair fikirlər” mövzusunda məruzə etdi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Güllü İsmayılova da “Ü.Hacıbəylinin yaradıcılığında milli məfkurə və türkçülük ideyalarının təcəssümü” məsələsi ilə bağlı fikirlərini bölüşdü.
Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimlərindən biri, musiqili teatr mədəniyyətimizin banilərindən olan Müslüm Maqomayevin fəaliyyətinə dair tarixi-faktoloji materiallar əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın məruzəsində açıqlandı. Konfransın son məruzəsi Bakı Musiqi Kollecinin və Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimi Rəhilə Abbasovaya aid oldu. Üzeyir bəyin vətənpərvərlik ənənələri və humanist prinsiplərinin Əşrəf Abbasovun fəaliyyətində örnək kimi əhəmiyyətindən bəhs olundu.
Tədbirin sonunda Nizami Gəncəvi poeziyasına əsaslanan qısa müddətli musiqi proqramı təqdim edildi. Bəstəkarlar Lalə Cəfərovanın “Səbr et” qəzəl-romansı Əməkdar artist, tenor müğənni Fərid Əliyevin, Azər Dadaşovun “Sevgi qanaddır” qəzəl-romansı isə əməkdar artist, pianoçu Nərgiz Əliyeva ilə kamança ifaçısı Azər Hacıbalayevin ifasında səsləndi.
“Xəmsə və yaxud könüllər mülkünün sultanı” tamaşasının premyerası olub
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin qələmə aldığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatından bəhs edən “Xəmsə və yaxud könüllər mülkünün sultanı” tamaşasının premyerası olub.
AzərTAC xəbər verir ki, Dərbənd Azərbaycan Dram Teatrının səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Dağıstanın Əməkdar rəssamı Naida Alimetovadır.
Tamaşa barədə fikirlərini bölüşən Sərvər Əliyev deyib: “Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olub. Bu münasibətlə dahi şairə həsr olunan müxtəlif tədbirlər keçirilir. Biz də bu ilə töhfə olaraq “Xəmsə və yaxud könüllər mülkünün sultanı” tamaşasını hazırladıq. Tamaşanın üzərində 44 gün çalışmışıq, necə ki, Azərbaycan əsgəri 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Onu da qeyd etmək istəyirəm ki, Nizaminin ailə həyatının bağı Dərbəndlə də bağlıdır. Belə ki, Dərbənd əmiri tərəfindən şairə kəniz kimi göndərilən Afaqla Nizami ailə həyatı qurur. Dərbəndlilər Nizami yaradıcılığını çox sevirlər”.
Səhnə əsərində dahi Nizaminin obrazını gənc aktyor Sərxan Səmədov canlandırıb.
Bu gün ”İnsanı xoşbəxt etmək dünya yaradılan zaman planlara daxil edilməmişdir” söyləmiş Freydin anım günüdür
23 sentyabr. Son baharın gəlişi
Çox təəssüf ki, biz azərbaycanlılar bu günü qeyd etmirik, amma dünyanın əksər xalqları üçün son baharın gəlişi əsl bayram hesab edilir. İsti yaydan sonra və soyuq payız ərəfəsində bax bu qısa bir müddət var ki, hava ən ideal halına yetişir, insan hey gəzmək, təbiətə çıxmaq istəyir. Son bahar kədər qarşısında sevincin təslim olması ərəfəsidir, ondan yararlanmamaq insafdan deyil.
Yadıma məşhur fransız müğənni Co Dassenin dillər əzbəri olmuş “Son bahar” (L’ete indien) mahnısı düşdü.
23 sentyabr. “Məni unutma” günü
Çox romantik bir gündür. Hər ilin sentyabr ayının dördüncü cümə axşamında qeyd edilir. Bu dəfə də məşhur türk müğənnisi Sezen Aksunun “Məni unutma” mahnısını xatırladım. “Məni unutma” kəlmələri ayrılıq zamanı deyilən ən təsirli kəlmələrdir. Sevənlər niyə bir-birinə bunu deyir, onsuz da həqiqi sevgi yaşayıblarsa onlar bir-birinin ruhuna çöküblər, səsinə, baxışlarına, xatirələrinə şöküblər, onsuz da unutmaq mümkün olmayacaq, onsuz da ölmək unutmaqdan daha asan olacaq. Bununla belə, bu kəlmələr vida kəlmələri kimi səslənir, “xoşca qal”, “əlvida” kəlmələrindən sonra əllər bir-birindən qopur və hərə öz səmtinə bir neçə addım atdıqdan sonra son olaraq “məni unutma” deyə səslənirlər. Əgər kimlərsə vəfasızlıq edib unudublarsa da, bu gün unutduqları kəsləri xatırlasınlar, xatırlamasalar günaha batmış olacaqlar.
Hərə öz məhrəm xatirəsi ilə yaşayacaq bu gün. Bu gün fərqli bir gün olacaq.
Bilirim herkes payına düşeni yaşar,
Ve her yeni günde değişir hep bir şeyler,
Sen de kendi payından bir hatıra seç ne olur
O ben olayım beni unutma.
23 sentyabr. Zaman kapsulası günü
1938-ci ildə Nyu-Yorkda Ümumdünya yarmarkası günündə yerə zaman kapsulası basdırılıb, qərara alınıb ki, bu kapsula 5001 il keçəndən sonra – 6939-cu ildə açılsın. Zaman – bizi sürətlə gəncliyimizdən, əvvəlki vərdişlərimizdən, xarakterik xüsusiyyətlərimizdən, dost-tanışlardan, doğmalardan uzaqlaşdıran bir kabusdur əslində. 5001 il sonra insanlar həmin o 83 il əvvəl yerə basdırılmış kapsulanı qazıb çıxaracaqlar, “eh fani dünya” deyib əvvəlki – onu basdıran insanları xatırlayacaqlar. Və 5001 ilin necə keçməsinin, neçə milyard insanın doğulmasının, neçə milyardının vəfat etməsinin, hansı müharibələrin, epidemiyaların, təbii fəlakətlərin baş verməsinin fərqində belə olmadan təntənəli bir törən də keçirəcək, ölümsüz olan zamanın şəninə təriflər qoşacaqlar. Bəlkə 5001 ildən sonra çıxarılası bir kapsula da onlar basdıracaqlar.
23 sentyabr. Müxtəlifliklər günü
Dama günüdür, dama həvəskarları mütləq bu gün vaxt tapıb bir-iki partiya oynasınlar gərək. Dama ilə arası olmayanlar Beynəlxalq Jestlər Gününün şəninə bir-biriləri ilə jestlərlə danışsınlar. Jestlərlə arası olmayanlar isə Məktəblilərin orta məktəbi bitirməmələri ilə mübarizə gününə öz töhfələrini versinlər, məktəbi atıb avaraçılıqla məşğul olan birisini tapıb onu tənbeh etsinlər. Buna da həvəsi olmayanlar bir teleskop tapıb Günəş sisteminin səkkizinci planeti olan Neptun səmtə baxsınlar, özünü görməsələr belə onu hiss etsinlər, axı 1846-cı ilin bu günkü günündə İoqann Halle Neptunu kəşf edib.
Tarixsevərlər eradan əvvəl 63-cü ildə doğulmuş əzəmətli Roma imperatoru Oktavian Avqustu, fəlsəfəsevərlər isə 1939-cu ildə dünyasını dəyişmiş Ziqmund Freydi yad etsinlər. Freydin aforizmlərindən birini misal gətirmək istədim, amma dördünü gətirəsi oldum:
İnsan xaricdən nə qədər gözəl olarsa, onun daxili bir o qədər çirkindir.
Təəssüf ki, boğduğumuz hisslər ölmür. Həmin hisslər içimizdə böyüyərək bizə zərər verməyə başlayır.
Hər bir insanın başqalarından gizlətdiyi arzular mövcuddur. Hətta özünə etiraf etməyə qorxduğu arzular da var.
İnsanı xoşbəxt etmək dünya yaradılan zaman planlara daxil edilməmişdir.
Varisin “21-30 sentyabrın təqvimi” yazısından