Super User
Dövlət Tərcümə Mərkəzi “Dəf(i)nə yarpağı” müsabiqəsinin növbəti turunu elan edib
Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə bədii tərcümə sahəsinin təkmilləşdirilməsi və dəyərləndirilməsi məqsədilə hər beş ildən bir keçirilən “Dəf(i)nə yarpağı” müsabiqəsinin növbəti turuna start verdi.
Bu barədə AzərTAC-a Tərcümə Mərkəzindən bildirilib.
* Müsabiqəyə 2020–2021-ci il orijinaldan Azərbaycan dilinə tərcümə edilmiş kiçik həcmli nəsr və poeziya nümunələri qəbul edilir:
nəsr əsərləri – 20.000 işarəyə qədər;
poeziya nümunələri – 100 misra;
* hər nominasiya üzrə mükafatın bir müəllifə və bir əsərə təqdim edilməsi nəzərdə tutulur;
* bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər;
*müsabiqədə iştirak edən namizədlərə yaş məhdudiyyəti yoxdur;
* əsərlər oktyabrın 1-dən, dekabrın 20-nə qədər qəbul edilir;
* müsabiqə qaliblərinin adlarının 2022-ci il martın 5-də keçiriləcək mükafatlandırma mərasimində elan olunacağı nəzərdə tutulur.
* Müsabiqəyə təqdim edilən əsərlər ilkin mərhələdə müəllifin adı gizli saxlanılmaqla, nömrələnmiş qaydada Ekspert Şurasına təqdim olunur. İkinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasının müzakirəsinə verilir;
* əsərlərin dəyərləndirilməsi 5–10 bal sistemi üzrə həyata keçirilir;
* Ekspert Şurası və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır;
* qaliblər diplom, döş nişanı və pul mükafatı ilə təltif olunur.
Müsabiqənin mükafat fondu
Nəsr üzrə
I yer – 2000 (iki min) manat
II yer ¬ – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
Poeziya üzrə
I yer – 2000 (iki min) manat
II yer ¬ – 1000 (min) manat
III yer – 500 (beş yüz) manat
Həvəsləndirici mükafat – 300 (üç yüz) manat.
* əsərlər, müəllifin digər tərcümə nümunələrinin siyahısı və nəşr mənbəyi bildirməklə, elektron poçtu vasitəsilə, yaxud kağız formatında 5 nüsxədə təqdim edilməlidir;
* əsərin Azərbaycan dilinə hansı dildən tərcümə edildiyi qeyd olunmalıdır;
* müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər geri qaytarılır.
Ünvan: Bakı şəhəri, Ə.Topçubaşov küçəsi 74
Email:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: (012) 595 10 69
Mob: (055) 988 89 30 (votsap)
Acun İlicalı “Səni heç vaxt unutmayacağıq” dedi
Türk kinooperatoru Alper Bayçinin 3 il öncə Dominikan Respublikasında ürəyindən bıçaqlanaraq öldürülməsi türk ictimaiyyətini, xüsusən incəsənət adamlarını bərk sarsıtmışdı. Onun xatirəsinin əbədiləşdirilməsi üçün Antalyada yerləşən Muratpaşada “Kinooperator Alper Bayçin” parkının dünən təntənəli açılış mərasimi olub.
Son Dakika xəbər ajansının məlumatına görə, İnstagram hesabından 13,4 milyon abunəçisi üçün açılış mərasiminin kadrlarını bölüşən məşhur türk prodüsseri Acun İlicali bildirib: "Biz 2018-ci ildə itirdiyimiz hörmətli həmkarımız Alper Bayçinin kiçik qardaşı ilə Antalyada Alper Bayçinin adına salınan parkının açılışında olduq. Biz səni heç vaxt unutmayacağıq, Alper dedik.”
“Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb
“Ulduz” jurnalının sentyabr sayı işıq üzü gördü. Jurnalın bu sayı Qismət Məsimin “Özüylə söhbəti və şeirləri” ilə açılır.
Jurnalın bizim “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşarın təqdimatında Xalq yazıçısı Kamal Abdulla ilə maraqlı müsahibə dərc edilib.
Yaşar Süleymanlının ilk dəfə bizom portalımızda dərc edilən "Reinkarnasiya" hekayəsi xüsusi maraq doğrurur.
İlham Abbasovun "Vətənində narazılıq doğuran laureat" başlıqlı yazısı Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, fransız yazıçısı Martin dü Qarın həyat və yaradıcılığından bəhs edir.
Qulu Ağsəsin "Beşdə beş" essesi tənqidçi Əsəd Cahangirin 55 illik yubileyinə ithaf edilib. "Debüt" rubrikasında gənc yazar Amin Namazlının "Ömrün işığı" hekayəsi, "Polemika"da İslam Sadıqın Aşıq Ələsgər və Aşıq Əsəddən bəhs edən "İki böyük sənətkarla bağlı iki böyük yanlışlıq" başlıqlı araşdırma yazısı, "Tərcümə saatı"nda Xatirə Nurgülün tərcüməsində Yevgeni Zamyatinin "Şir" hekayəsi, "Qürbət şeirləri"ndə Fransada yaşayan şair Şəhriyar İbrahimovun şeirləri, "Tribuna"da Abid Tahirlinin "Müqəddəs gün-15 Sentyabr zəfəri mühacir qələmində" yazısı dərc olunub.
Xalq şairi Sabir Rüstəmxanlının təqdimatında gənc yazar Sevinc Yunuslu haqqında yazı və onun şeirləri, Əli Əmirlinin ustad dərsləri, Ruzbeh Məmmədin və Aygün Yaşarın şeirləri də jurnalın bu sayındadır.
“Dərgidə kitab"da Türkan Turanın "Təzadların vəhdəti" başlığı altında hekayə və yazıları yer alıb.
Şair-publisist Anar Məmmədovun “Kor olsun ayrılıqları” xatirə yazısı mərhum şair, jurnalist və folklorşünas Əhməd Oğuza həsr edilib. “Təbriz eli"ndə Əkrəm Bağırov cənublu yazıçı Sadiq Hidayətin keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salır, yazıçının "Üç damla qan" hekayəsi təqdim edilir.
Dünya ədəbiyyatı da jurnalın bu sayında təmsil olunur, klassik dünya ədəbiyyatının parlaq nümayəndəsi Mixay Emineskunun şeirləri Səlim Babullaoğlunun tərcüməsində oxucuların görüşünə gəlib..
Təranə Vahidin "Yaddaşsız kölgələr"i, Aybəniz Məmmədəliyevanın "Şirmayı dillərin nəğməsi" və “Naxış” hekayələri, Xəyalə Zərrabqızının İkinci Qarabağ müharibəsində haqq sözümüzü dünya ictimaiyyətinə çatdırmaqda yorulmadan fəaliyyət göstərmiş türkiyəli jurnalist Fulya Öztürkdən bəhs edən yazısı, eləcə də Ayişə Nəbinin "Qucağımdaymış ölüm",
“Sərgi"də gənc rəssam Gülbəs Ayvazın işləri yer alıb.
Bir sözlə, oxuyun, zövq alın!
Altayda türk mədəniyyətinin virtual muzeyi açılıb
Rusiya Federasiyasının Altay Respublikasında türk mədəniyyətinin virtual muzeyi açılıb. Muzeydə türk mədəniyyətinə məxsus silah nümunələri, daş heykəllər, xüsusi mərasimlərdə istifadə olunan dulusçuluq nümunələri və digər arxeoloji tapıntılar yer alıb.
TASS agentliyi xəbər verir ki, bu barədə layihənin rəhbəri Altay Dövlət Universitetinin professoru Sergey Qruşin məlumat verib.
“Türk mədəniyyətinin eksponatları dünyanın müxtəlif muzeylərində, o cümlədən Orta Asiya ölkələrində təqdim olunsa da, onlar haqqında vahid təsəvvürümüz yoxdur. Biz ən parlaq və əhəmiyyətli eksponatları toplayıb vahid bir platformada birləşdirməyə qərar verdik. Bunun görə belə bir layihə hazırlandı ki, əməkdaşlarımız muzeyləri gəzib, eksponatların 3D fotoşəkillərini çəksinlər və sonra onları virtual muzeyə təqdim etsinlər. Sonradan muzeyə gələnlər də nəinki onları görə, həm də onlarla işləyə, eksponatları fırladıb, kəsilmiş formasına müxtəlif bucaqlardan baxa bilsinlər. Bu, arxeoloqlar üçün çox vacibdir. Muzey arxeoloqlar üçün bir baza olaraq elmi məqsədlər üçün istifadə oluna bilər”, - deyə Sergey Qruşin bildirib.
Onun sözlərinə görə, bu günə qədər mütəxəssislər Altay Respublikasının ərazisində olan muzeylərdən 80 eksponat çəkərək hazırlayıblar. “Hazırda türk mədəniyyətinə aid kolleksiyaların virtual muzeyə daxil edilməsi üçün Qazaxıstan, Qırğızıstan, Tacikistan və Monqolustan muzeyləri ilə danışıqlar aparılır. Artıq razılaşmalar əldə edilib, lakin alimlərin Altaydan bu ərazilərə getməsi pandemiyaya görə hələlik məhduddur”,- deyə professor qeyd edib.
Akademik Opera və Balet Teatrı oktyabr repertuarını açıqlayıb
Nazirlər Kabineti yanında Operativ Qərargah oktyabrın 1-dən ümumi tutumu 50 faizdən çox olmamaq şərti ilə mədəniyyət obyektlərinin, eləcə də konfrans zalları, kinoteatr və teatrların fəaliyyətinə icazə verilməsi ilə bağlı müvafiq qərar qəbul edib. Pandemiya səbəbindən yaranan uzun fasilədən sonra teatrlar yeni mövsümə böyük həvəslə hazırlaşır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı da oktyabr ayında bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək. Teatrda ilk tamaşa oktyabrın 9-da nümayiş olunacaq.
AzərTAC teatrın oktyabr ayı üçün nəzərdə tutulan repertuarını təqdim edib, repertuarı nəzərinizə çatdırırıq:
9 oktyabr – “Şəhrizad”, “Qipçaq rəqsləri”
10 oktyabr – “Sevil”
13 oktyabr – “Məhəbbət tanqosu”
16 oktyabr - “Arşın mal alan"
17 oktyabr – “Min bir gecə”
20 oktyabr - Qala-konsert
23 oktyabr – “Trubadur”
24 oktyabr – “Dahi hekayəçi”
27 oktyabr – “Şah İsmayıl”
30 oktyabr – “Aida”
31 oktyabr - “Leyli və Məcnun”.
Azərbaycan Dövlət Rəqs Ansamblı İordaniyada çıxış edib
Azərbaycan Dövlət Rəqs Ansamblı cari ilin sentyabr ayında İordaniya Haşimilər Krallığında keçirilən 35-ci Ceraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında iştirak edib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, ansamblın bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadənin başçılığı ilə həyata keçirilən səfər zamanı Ceraş şəhərinin mərkəzi meydanında baş tutan konsert proqramında “Mənim Azərbaycanım” süitası, “Naz eləmə”, “Ağ çiçək”, “Qaytağı”, “Sarı gəlin” və Qarabağ yallısı ifa olunub.
İordaniya mətbuatında Azərbaycan Dövlət Rəqs Ansamblının ifası festivalın ən gözəl incəsənət nümunəsi adlandırılıb. Hətta “Orobanews” nəşri “Azərbaycan ansamblı Ceraş səmasına işıq saçdı” adı altında məqalə paylaşıb.
Azərbaycan milli rəqsi növbəti dəfə dünya səhnəsində təbliğ edilərək yüksək səviyyədə tanıdılıb.
Beynəlxalq Türk Akademiyası Yunus Əmrənin “Seçilmiş şeirlər” kitabını təqdim edib
Qazaxıstanda - Türküstan şəhərində Beynəlxalq Türk Akademiyası, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Qazaxıstan Parlament sədri Nurlan Niqmatullinin iştirakı ilə Yunus Əmrənin türk və qazax dillərində çap olunmuş “Seçilmiş şeirlər” kitabını təqdimatını keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, TÜRKPA Baş katibi Altınbek Mamayusupov, Türkistan vilayəti akimi (qubernatoru) Umirzak Şökeyev, Qazaxıstan və Türkiyədən olan deputatlar, qardaş ölkələrdən dövlət xadimləri və ziyalılar iştirak ediblər.
Türk Akademiyası tərəfindən “Yunus Əmrə və Türk ili” çərçivəsində hazırlanan kitabda Yunus Əmrənin şeirlərinin daha əvvəl nəşr olunmamış yeni tərcümələri yer alıb.
Tədbirdə çıxış edənlər bu əhəmiyyətli hadisənin iki ölkə arasındakı qardaşlıq əlaqələrinin güclənməsinin bariz göstəricisi olduğunu bildirdilər.
Qeyd edək ki, 2021-ci il Yunus Əmrənin ölümünün 700-cü ildönümüdür. Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili "Yunus Əmrə və Türk İli" elan etdi. UNESCO müdrik şair Yunus Əmrəni bütün dünyada anmaq qərarını qəbul edib.
İlin dizi qadın oyunçusu Mola oldu
Türkiyənin Magazin Gazetecileri Derneği tərəfindən verilen Altın Objektif Ödüllerinin təqdimetmə mərasimində “İlin Dizi Qadın Oyuncusu” ödülü “Masumlar Apartmanı” dizisinin baş rolunun ifaçısı Ezgi Molanın oldu. Haberler.com-un məlumatına görə, törəndə çıxış edən Mola diqqəti qadın şiddətinə yönəldərək: “Qadın cinayətlərinin artıq durdurulmasını istəyirəm. Və biz buraya hüzurla gələ bilək - bunu istəyirəm" sözlerini dilə gətirdi. Bu sözlər tədbirə qatılanlar tərəfindən dəqiqələr boyu alqışlandı.
Netflix-də baxış üzrə dünya reytinqinə ilk dəfə Koreya serialı başçılıq edir
Cənubi Koreya istehsalı olan "Kalmar oyunu" serialı Netflix striminq platformasında dünyada populyarlığa görə birinci sırada qərarlaşıb. Bu barədə bazar ertəsi KBS telekanalı ixtisaslaşdırılmış flixpatrol.com. saytının məlumatlarına istinad edərək bildirib.
Serial ilk dəfə sentyabrın 17-də Netflix-də nümayiş olunub, bir həftə sonra isə baxışlarla birinci yerə çıxıb. "Kalmar oyunu" yalnız Ümumdünya reytinqinə deyil, ABŞ da daxil olmaqla, ayrı-ayrı ölkələrin əksəriyyətində populyarlıq siyahılarına da rəhbərlik edir.
KBS qeyd edir ki, bu, Cənubi Koreya serialının bu reytinqdə birinci yerə çıxdığı ilk dəfədir. Əvvəllər ilk onluğa Koreyada çəkilmiş "Sevimli Ev" və "#canlıdır" serialları düşsə də, onlar birinci yerə çıxa bilməmişlər.
Yeni seriyada, həyatı çıxılmaz vəziyyətə düşən insanların böyük bir pul mükafatı almaq üçün həyatlarını təhlükəyə atdıqları gizli bir oyun haqqında danışılır. Cənubi Koreya tənqidçiləri dekorasiyaların miqyasını, güclü aktyor heyətini, həmçinin rejissor Xvan Don Xekin işini fərqləndirirlər.
Çox təəssüf ki, bizim televiziyaların bu cür şedevrləri alıb azərbaycanlı tamaşaçılara nümayiş etdirməsi ənənəsi yoxdur.
Kukla teatrında tamaşalar bərpa olunur
Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatr heyətinin böyük sevincinə səbəb olub. Belə ki, müvafiq qurumun oktyabrın 1-dən teatrın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə tamaşaçı qəbul etməsinə verilən icazədən sonra teatr tamaşaları bərpa etməyə hazırlaşır.
Teatrın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, artıq mövcud karantin qaydalarına uyğun olaraq dezinfeksiya işləri ilə yanaşı repertuar planı tərtib olunub.
Bildirilib ki, bu il 90-cı yubiley mövsümünü yaşayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı müvafiq qurum tərəfindən icazənin verildiyi ilk gün – oktyabrın 1-də ilk tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. Bu, teatrın repertuarındakı ən uzunömürlü və maraqlı səhnə nümunələrindən olan “Cırtdan” tamaşasıdır.
Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirəni Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.
Onu da qeyd edək ki, mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur. Uzunmüddətli fasilədən sonra ilk nümayişə çıxacaq bu tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək.
Xatırladaq ki, istər tamaşaçılar, istərsə də kuklaçılar üçün önəmli olan bu günü daha yaddaqalan etmək üçün tamaşa sırf Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canlarından keçən qəhrəmanlarımızın övladları üçün nümayiş olunacaq. Odur ki, Vətən müharibəsi şəhidləri, əlil və qazilərinin övladları təmənnasız olaraq istədikləri seansda iştirak edə bilərlər.
Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlərimiz isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuarımızdakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər.
Məlumat üçün onu da vurğulayaq ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasından həyata keçirilir.