Super User
Məhəmməd peyğəmbəri təhqir edən rəssam Lars Vilks avtoqəzada yanıb kül oldu
İsveç rəssamı, Məhəmməd peyğəmbərin karikaturasını cızmış Lars Vilks və onun iki mühafizəçisi İsveçin cənubunda, Krunuberg əyalətinin Markaryud yaşayış məntəqəsinin yaxınlığında magistral yolda qəzaya uğrayıblar, onların minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində hər üçü həyatını itirib. Bu barədə SVT telekanalı gecə xəbərlərində məlumat yayıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, toqquşma nəticəsində
hər iki avtomobil yanıb, yük maşınının sürücüsü də ciddi xəsarət alıb. Qəzanın necə baş verdiyi barədə hələlik dəqiq məlumat yoxdur. Yük maşını sürücüsü xəstəxanada dindirilib. İlkin proqnozlar - bunun bir terakt olması təsdiqlənməyib.
Vilks Peyğəmbərin necə bir karikaturasını çəkmişdisə onu biz küfr olar deyə izah etməyəcəyik. Bütün insani və əxlaqi keyfiyyətlərini itirmiş rəssam bu nanəcib hərəkətə 2007-ci ilin noyabr ayında rəvac vermişdi, karikatura İsveçin “Nerikes Allehanda” qəzetində çap edilmişdi. Nəşr o zaman dünyanın bir çox ölkələrində müsəlmanların böyük hiddətinə səbəb olmuşdu. Bəzi məlumatlara görə, "Əl-Qaidə" terror şəbəkəsinin yaraqlıları Lars Vilksin başına 100 min dollar qonorar da vəd etmişdilər. O vaxtdan bəri karikaturaçı daimi polis nəzarəti altında yaşayırdı. 2010-cu ilin iyulunda Landskruna rayon Məhkəməsi iki nəfərə Vilksin evini yandırmağa cəhd göstərdiklərinə görə üç il müddətinə həbs cəzası kəsmişdi. Az sonra karikaturaçıya dərs dediyi Upsal Universitetində hücum oldu, fəlsəfə fakültəsində sənətdəki söz azadlığı mövzusunda mühazirədən sonra bir tələbə yumruqlarını işə salıb onun üzərinə atılmışdı. Daha sonra hakerlər rəssamın veb saytını dağıtdılar.
Növbəti ilin martında İrlandiyada Vilksə divan tutmağa hazırlaşan ekstremist qrup həbs olundu. Sonra bir müddət məsələ sanki unuduldu, Vilks dinc buraxıldı. Ötən il amerikalı Kolin Larouz Vilksə qarşı sui-qəsd təşkil etdi, amma Vilks xilas edildi, məhkəmənin hökmü ilə amerikalı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu.
Allah böyükdür. Bəndələr edə bilmədiyini Allah özü etdi. Peyğəmbərə sataşan şəxs bu böyük günahı müqabilində ölümə qovuşdu. Avtoqəzadan sonra onun cəsədinin yanması da boşuna deyil, bu, rəmzi məna daşıyır. Vilksin günahı o qədər böyük idi ki, onun yandırılmasını cəhənnəmə gedincəyə qədər yubatmaq olmazdı.
Azərbaycan Daşkənd Beynəlxalq film festivalında təmsil olunub
Özbəkistanda “İpək yolu dürdanəsi” XIII Daşkənd Beynəlxalq Film Festivalı keçirilib. Festivalın açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov çıxış edib, Özbəkistan Prezidenti Şavkat Mirziyayevin təbrik məktubunu oxuyub.
Mədəniyyət Nazirliyimizin yaydığı məlumata görə, dünyanın 50-yə yaxın ölkəsindən 350 qonağın iştirak etdiyi festivalda 150 film nümayiş olunub. Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları – Stiven Siqal, Mithun Çakraborti, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Nikita Mixalkov, Nuri Bilge Ceylan, Özcan Deniz və digər məşhur sənət adamları iştirak edib.
Azərbaycan Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov öz çıxışında belə bir festivalın keçirilməsi üçün Özbəkistan tərəfinə minnətdarlıq ifadə edərək bildirib ki, Daşkənd festivalı dünyanın nüfuzlu kinematoqrafçılarını bir araya yığa bilib. O, festivala uğurlar arzulayıb, Azərbaycan kinematoqrafçılarının fəaliyyətindən danışıb.
“İpək yolu dürdanəsi” Beynəlxalq Film Festivalı çərçivəsində “Azərbaycan kinosu günləri” keçirilib. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kinosu günləri”nin açılış mərasimi keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, bir sıra universitet müəllim və tələbələri, jurnalistlər iştirak edib. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri düzüb. Mərasimdə çıxış edən səfir uzun illərdən bəri Azərbaycan kinosunun şərəfli bir yol keçdiyini, dünya kino tarixinə qiymətli sənət əsərləri bəxş etdiyini bildirib. Azərbaycan və Özbəkistan kinematoqrafçılarının əməkdaşlığından danışan səfir vurğulayıb ki, tanınmış Azərbaycan kinorejissoru Tofiq Tağızadə vaxtilə “Görüş” adlı film çəkib və bu əsər Azərbaycan-özbək dostluğunun bariz nümunəsidir.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Rüfət Həsənov çıxışında bildirib ki, zaman-zaman Azərbaycan kinematoqrafçıları Özbəkistanda, özbək kinematoqrafçıları isə Azərbaycanda birgə film çəkilişlərində iştirak ediblər. Məşhur “Nəsimi” filminin bəzi kadrları, o cümlədən Nəsiminin edam edilməsi səhnəsi Özbəkistanda - Xivədə çəkilib. Rüfət Həsənov əmin olduğunu bildirib ki, kinematoqrafçılarımız bundan sonra da daha sıx əməkdaşlıq edəcək, birgə filmlər yaradacaq.
Mərasimdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə istehsal etdiyi, Vətən Müharibəsində şanlı zəfərinə həsr olunan “Biz” sənədli filmi nümayiş olunub.
Kino günləri çərçivəsində İsmayıl Səfərəlinin “Balıqçının qızı”, Əli-Səttar Quliyevin “Olimpia”, Kseniya Laqutinanın “Fəridə”, Orman Əliyevin “Biz”, Fariz Əhmədovun “Sonuncu”, Murad Hüseynovun “Vəhşi durnaların vaxtı”, Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstərilib.
Gənc kinorejissorlar Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmi Daşkənd Beynəlxalq Film Festivalının “5 Gündə Film” müsabiqəsi çərçivəsində “Maarifləndirmə və inkişaf naminə” nominasiyasında qalib olub.
Festival çərçivəsində Azərbaycan nümayəndə heyətinin Özbəkkino Milli Agentliyi ilə geniş tərkibli görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri, nümayəndə heyətinin rəhbəri Rüfət Həsənov və ÖzbəkKino Milli Agentliyinin baş direktorunun birinci müavini Şuhratilla Rizayev tərəfindən memorandum imzalanıb. Memorandum özbək və Azərbaycan kinematoqrafçıları arasında əməkdaşlıq və müştərək filmlərin çəkilməsini nəzərdə tutur. İlkin olaraq yaxın müddətdə “Molla Nəsrəddin” filminin istehsalı qərarlaşdırılıb. Filmin rejissoru Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir.
Festival İpək yolu ölkələrinin mədəni həyatında əhəmiyyətli bir hadisə kimi yaradıcı təcrübə mübadiləsi və mədəni əməkdaşlıq, xalqlar arasında sülh və dostluq ilə əlamətdar olub.
Lui Jan Lümyerdən Paul Fleminqə qədər
5 oktyabr. Ümumdünya müəllimlər günü
World Teachers Day. 1994-cü ildə təsis edilən bu əlamətdar gün müəllimlərin vəziyyəti barədə YUNESKO-nun və Beynəlxalq əməyin təşkili təşkilatının Tövsiyələr protokolu imzalamalarının ildönümü şərəfinə qeyd edilir. Yalnız yaxşı müəllimlərin sayəsində gələcək qurulur, bu şərəfli peşə sahiblərinə hər kəs borcludur. Amma dünyanın siması dəyişdikcə, İKT tərəqqisi, təbii fəlakətlər, epidemiyalar, müharibələr , iqtisadi krizislər dünyanın durumuna bir korrektə edir, nəticədə güzəran pisləşdikcə müəllimlik peşəsinin maddi təminatla uzlaşmaması anlamı yaranır. Təsəvvür edin ki, bu gün dünyada ibtidai təhsil üçün müəllim çatışmazlığı rəqəmi 35 milyon nəfərdir. Həyəcan təbili döymək vaxtı deyilmi?
Müəllimlər barədə maraqlı faktlar gətirəcəyəm. Müəllimlik peşəsini seçmiş insanların hamısı axıradək dözüm nümayiş etdirə bilmir, onların 33 faizi ilk üç il ərzində seçimindən peşiman olub işini dəyişir. Müəllim – pilot və yanğınsöndürənlə birgə ən stressli peşə nümayəndəsi sayılır. Müəllimlərin 15 faizi öz ixtisası üzrə dərs keçmir.
Gəlin müəllimlərimizi səmimi qəlbdən təbrik edək. Bu gün bir zərərli vərdişimizdən qurtulaq onların xətrinə. Bizdə müraciət vasitəsi kimi müəllim sözünün işlənməsi çox uğursuzdur. Bir də görürsən, küçədə dalandara, parkovşikə, limonsatana da müəllim deyirlər. O gün gözümlə gördüm. İşıqforda avtomobilini saxlayan bir qaqaş dilənçi qadını “müəllimə” deyə yanıına çağırıb ovcuna pul basdı. Əlbəttə, heç bir peşədə çalışmaq ayıblı deyil. Amma gəlin unutmayaq ki, müəllimlik bir zirvədir, onu ucuzlaşdırmaq olmaz.
5 oktyabr. Payız tənhalığı günü
Payıza dədə-babadan qəm-kədər fəsli deyilmirmi, deyilir. Havalar soyuyur, günəş səmadan didərgin düşür, yaşıllıqlar saralıb-solmağa başlayır. Və bütün bunlar insan ovqatına təsir edir, insane kədərlənir, eyni zamanda özünü nədənsə tənha hiss etməyə başlayır. Təqvimə məxsusi bir payız tənhalığı gününün salınmasının səbəbi var, insanları agah eləyirlər ki, indi hamınız kədərlə baş-başasınız və tənhasınız. Buna görə də dərhal əhval-ruhiyyənizi dəyişməyin qeydinə qalın, sevdiklərinizin əhatəsində olun, ünsiyyətdən doymayın, təbiətə çıxın, sarı-qızılı rənglərin yaşılı əvəzləməsində də sevinc işartıları tapıb payızın nəm torpaq qarışıq xəzəl qoxusunu ciyərlərinizə çəkin.
5 oktyabr. Nəsə bir yaxşı iş görmək günü
Görün necə bir ideal gündür. Əlimizdən lap kiçik bir yaxşılıq yəni gəlmir ki? Kimsə səndən mərhəmət, kimsə diqqət, kimsə insani münasibət umur. Hamıdan hər şeyi əsirgəyə-əsirgəyə yaşamaqdayıq. Yetər ki, bu gün dəyişək, içimizdəki metamarfoz cəmiyyətə, insanlığa bir zərrə xeyir gətirsin. Böyük sücaətlərə gücümüz çatmasa da, ən azı küçədəki səfil bir uşağı yedirtmək, əyilmiş ağacı dik vurub dikəltmək, zəngimizə tamarzı qalmış ağsaqqal-ağbirçəklərimizə zəng vurmaqla onları sevindirmək ki əlimizdən gələr?
5 oktyabr. Vanatulular və konstitusiya
Beynəlxalq fahişəliklə mübarizə günü. Ayrıca turizm adı altında ərəblərə və digər əcnəbilərə göstərilən xidmət sferası olaraq xalqımıza rüsvayçılıq gətirən olaylar var ki, onlar barədə saatlarca danışmaq olar. Nə isə. Amerikalılar bu günü Betti deserti günü kimi qeyd edirlər, nuş olsun. Portuqaliyalılar Respublika, vanuatulular isə Konstitusiya günü kimi. Xüsusən ekzotik Vanatu və konstitusiya anlamı mənə maraqlı gəldi. 83 adada yerləşən, 300 nəfərlik ordusu olan, rəsmən prezidenti olsa da bir neçə nəfər avtoritetdən ibarət Məşvərət şurası tərəfindən idarə olunan bu Sakit okean ada-dövlətində insanlar papa və mama canına, Allah haqqıya- filana deyil, konstitusiyaya and içirlər, təsəvvür edirsiniz?
2016-cı ilin bu günündə alimlər insan ömrünün maksimal uzunluğunu hesablayıblar, bu 115 ildir. Ən maksimal istisna isə 125-dir. 2011-ci ilin bu günündə Apple şirkətinin sahibi, maqnat Stiven Jobs dünyasını dəyişib. Onun vəsiyyətlərini bütün dünya oxudu, xatirinizdədirmi? İnsan dünyadan köçən anında etiraf etmişdi ki, dünyada ən böyük xoşbəxtlik pul-para-filan deyil, ən böyük xoşbəxtlik açılan hər yeni səhərə sevinməkdir. 1962-ci ilin bu günündə Bitlz qrupunun ilk sinqlı – Love Me Do işıq üzü görüb. 1880-ci ilin bu günündə klassik operettanın banisi – fransız bəstəkarı Jak Offenbax dünyasını dəyişib. 1864-cü ilin bu günündə kinematoqrafı kəşf edən Lui Jan Lümyer doğulub. 1609-cu ilin bu günüdə isə barokko dövrünün məşhur alman şairi Paul Fleminq dünyaya gəlib.
Varisin “1-10 oktyabrın təqvimi” yazısından
Azərbaycan filmləri türk dünyası sənədli film festivalının finalistləri olublar
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türk Dünyası Jurnalistlər Federasiyası”nın təşkilatçılığı ilə keçirilən 6-cı Türk Dünyası Sənədli Film Festivalının finalist filmləri açıqlanıb.
Bu il festivala rekord sayda - 226 film müraciət edib və bunlardan 25 film finalist olaraq seçilib. Filmlər 2 müsabiqə proqramında - “Peşəkar filmlər” və “Tələbə filmləri” nominasiyalarında yarışacaq.
Peşəkar sənədli filmlər müsabiqəsi üçün seçilən 15 film arasında 4 Azərbaycan filmi yer alır. Bunlar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Biz” (rejissor Orman Əliyev) və “Sonuncu” (rejissor Fariz Əhmədov) filmləri, habelə “Hədiyyə” (rejissor Rövşən Nicat) və “Son sütun” (rejissor Elvin Mirzəyev) filmləridir.
Festivalın mükafatlandırma və bağlanış mərasimi 15 oktyabr 2021-ci il tarixində İstanbulda keçiriləcək.
Festivalın bu ilki mövzusu “Türk mədəniyyəti və türkün dünyaya baxışı” olaraq müəyyən edilib. Festivalda mükafat qazanan filmlər “Dildə birlik - 9 ölkə - 9 şəhər - 1 Festival” şüarı ilə doqquz ölkədə nümayiş olunacaq.
Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib
Vaşinqtonda on səkkizinci ənənəvi Türk festivalı keçirilib.
AzərTAC Vaşinqtondan xəbər verir ki, festivalda minlərlə Vaşinqton sakini iştirak edib. Şounun təşkilatçıları qonaqlara türk mətbəxinin yeməklərinin və içkilərinin, o cümlədən məşhur türk qəhvəsinin dadına baxmaq, ənənəvi bəzək əşyaları, keramika, müxtəlif əl işləri almaq fürsəti yaradıblar. “ATA-DC” Türkiyə-Amerika cəmiyyəti tərəfindən ABŞ paytaxtında hər il təşkil olunan festival daim ziyarətçilərin böyük marağına səbəb olur.
Festival hər il Vaşinqtonun müxtəlif yerlərində keçirilir. Builki festival paytaxtın “The Wharf” (“Liman”) adlanan tarixi hissəsində təşkil edilib. Əvvəllər burada açıq səma altında ən uzun balıq bazarı yerləşirdi. Son illər ərzində “Wharf” inkişaf edərək Kolumbiya dairəsinin sahilboyunda ən maraqlı yerlərdən birinə çevrilib.
Festivalda türk musiqisi, həmçinin türkdilli xalqların mahnı və rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri təqdim edilib. Vaşinqtondan olan “Silk Road Dance Company” rəqs qrupu qonaqlara Azərbaycan və özbək rəqsləri nümayiş etdirib. Festival ziyarətçiləri Osmanlı Dövlətinin və Türkiyənin mədəniyyətini əks etdirən eksponatlarla, xüsusən də əl ilə toxunan türk xalçaları, ənənəvi geyimlər və qab-qacaqla tanış olublar.
Bu gün görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin anım günüdür
Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anım günüdür, böyük sənətkarın vəfatından 21 il ötür.
Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.
Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.
1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meylini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə - 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.
O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəsgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.
Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləmiş, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.
1936-cı ildə Üzeyir Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.
Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.
Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.
1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və Gənc Tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən, U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.
Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.
O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir, həmçinin həmin vaxtlarda “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.
Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhval-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.
Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.
T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhval-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.
Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.
T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.
Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daimmüxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.
Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi ulu öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.
Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.
Mənbə: AzərTAC
Bu qış oxunması mütləq olan romanlardan: Hilari Lixter. “Müvəqqəti”
Bu qış oxumaq lazım olan daha 3 yeni romanı sizə təqdim edirik.
Həyatınızın nəzarətini necə qaytarmaq olar? Nə çətindir: çətinliyə və ya sevincə dözmək? Peşəkar cəhətdən tanınmanın dəyəri nə qədərdir və buna necə nail olmaq olar? Bu və digər, heç də az əhəmiyyətli olmayan suallara cavab verə biləcək kitabların toplusunu bölüşürük.
Hillarinin romanının qəhrəmanı bir-birinin ardınca peşəsini dəyişdirən gənc bir qızdır. O, müvəqqəti işçilərin toplaşdığı hansısa bir sinfin mövcud olduğu xüsusi bir dünyada yaşayır. Və özü də "müvəqqəti"lərin üzvüdür. O, agentdən müxtəlif sifarişlər alır, onların mahiyyəti heç də həmişə əvvəlcədən bilmir: təyinatlara bir baxın, gah ayaqqabı kolleksiyası hazırlayır, gah pirat gəmisində bir piratı əvəz edir, hətta cadugərə köməkçilik də etməli olur.
Və bunlar, kifayət qədər əyləncəli görünür, ciddi görünmür. Və əsərin həyatsevər qəhrəmanı, hər şeylə razılaşır və nikbindir, zarafatlaşır, deyir, “mənim karyeram mənim geyindiyim ətəklər kimi qısadır". Lakin "Alisa möcüzələr ölkəsində" ruhunda yaşayan bu qızın komik və absurd həyatı get-gedə gerçək, inandırıcı bir hekayə ilə nəticələnir.
Əsərin qəhrəmanına bir uşaq iş sifariş verir - onun uzun müddətlik anası olmaq. Və tezliklə qəhrəman həqiqətən özünü əsl valideyn kimi hiss edir, gənc sifarişçini bir oğlu kimi sevir. Oğlan isə sərt və soyuqdur, onun üçün münasibətlər rəsmi müqavilə çərçivəsində qalır, “muzdlu anasına” ürək qızdıra bilmir. Və nəticədə qəhrəman özünü sınmış hiss eləyir.
Vəziyyət fantastikdir, lakin romanda real problemlər qaldırılıb: qarşılıqlı olmayan sevgi, sinizm, itirilmiş və sosial qeyri-sabitlik. Dəyişikliklər hekayənin dünyasını kaleydoskopa çevirir, burada qəhrəman sanki parlaq şüşədir, amma zəmanə onu parlamağa qoymur, üzərinə çirk yaxmaq istəyir. Əsərin leytmotivi odur ki, həqiqətən də yaxşı insanların onlar üçün yaxşl olan yerlərdə qalmağa haqqı yoxdur.
Gözlənilməz, bəzən qəddar, lakin həmişə məcburi vəzifələr qızın həyat eşqini söndürür, digər insanlarla əlaqə qurmasına mane olur. Belə bir şəraitdə öz həyatına necə nəzarət etmək olar axı?
Hilari Lixter amerikalı yazıçı və jurnalistdir. Onun hekayələri və esseləri Nyu-York Harper's jurnalında və Nyu-York Times qəzetində dərc edilmişdir. "Müvəqqəti" — onun debüt romanıdır.
Milli Kitab Satış Sərgisində yazıçı Varislə görüş keçirildi
Oktyabrın 3-də Bakı İdman Sarayında təşkil olunan Milli Kitab Satış Sərgisində yazıçı Varis Yolçiyevlə görüş, imza mərasimi keçirildi. Eləcə də yazıçı görüşə qatılanlara “Kitabı niyə sevməli” mövzusunda mühazirə oxudu.
“Ədəbiyyat və incəsənət” portalının məlumatına görə, iki saata qədər davam edən tədbir böyük oxucu izdihamı ilə yadda qaldı.
Yazıçı oxucularına öz yaradıcılığı, dünya ədəbiyyatının aparıcı tendensiyaları, dünyaşöhrətli insanların - milyardçılar Cef Bezosun, İlon Maskın, Bil Qeytsin, Uorren Baffetin həyatını kitabların necə dəyişməsi barədə məlumatlar verdi, çoxsaylı oxucu suallarını cavablandırdı. Sonda oxucuların aldıqları kitablar imzalandı.
Tədbir barədə yazıçı öz Facebook səhifəsində təəssüratlarını bu cür bölüşdü: “Yeni gətirilmiş kitablarımın bircə anda satılması. Addımbaşı pərəstişkarlarımın yaxınlaşıb şəkil çəkdirmək istəkləri. İmza mərasiminə qələmlərin tab gətirə bilməməsi… Bu sevgini qazanmaq üçün illərimi xərcləmişəm. Sizi çox sevirəm, dəyərli oxucularım!”
Çingiz Abdullayevin “Körpə və kürən pişik balası” hekayəsi “Krımın səsi”ndə
Krım tatarlarının populyar media orqanı olan “Krımın səsi” qəzetində tanınmış Azərbaycan yazıçısı, xalq yazıçımız, AYB-sədrinin birinci müavini Çingiz Abdullayev barədə məlumat və onun “Körpə və kürən pişik balası” hekayəsi dərc edilmişdir. Krım tatarlarının rəğbətlə qarşıladıqları hekayəni portalımızın oxucularının da oxumasını istərdik.
Buyurun!
Gözəl günlər idi. Həmişəki südlü sıyıqla qarnını doyurandan sonra yuxuya getmək necə də ləzzət edirdi. Adətən onu anası özü yedirirdi. O, hər dəfə ağzına qoyulan qaşıq dolusu sıyığı ləzzətlə udub növbəti qaşıq üçün ağzını açanadək anası səbirlə gözləyirdi.
Sonra onu qucaqlarına alıb yataq otağına aparırdılar. Orada paltarını dəyişirdilər. Adətən təzə pampers də geyindirirdilər. Bu duyğuya da artıq vərdiş eləmişdi: bədənini səhərə yaxın islanacaq hansısa sərin yarıkağız bir suçəkən parçaya bələyirlər… Bəzən hətta həmişəkindən tez isladırdı.
Belə olanda o da həmişəkindən tez oyanır və zığıldamağa başlayırdı. Yox, o, adətən qışqırıb kimisə oyatmağa can atmırdı, ancaq sakitcə zığıldayır, sanki astaca anasını köməyə çağırırdı. Anası, demək olar ki, dərhal oyanırdı və onun qayğıkeş əlləri oğlunu beşikdən götürüb öz çarpayısında yanına uzadırdı ki, artıq islanmış bələyini – pampersini dəyişsin.
O, adətən səhərlər saat yeddiyə az qalmış oyanırdı. Yanındakı çarpayıda yatan anasının təkcə ətrini, hətta aralıdan belə hiss etmək necə də böyük xoşbəxtlik idi! Səhərlər anasının onu qucağına alıb paltarını dəyişdirməyə başlaması isə… Bax, bu, ayrıca bir doğmalıq və səadət duyğusu yaradırdı. Bu sevimli qoxu ona doğma idi. Əvvəllər anası onu sinəsinə sıxır, döşünü mehribanlıqla onun ağzına salır, isti əli ilə onun hələ təzəcə dənzərən yumşaq saçını sığallayırdı. O da bu əziz varlıqdan – anasının döşündən pompuş əlləri ilə möhkəm yapışıb acgözlüklə və ləzzətlə əmirdi. O, südün ətrini hələ unutmamışdı. Kimsə anasına demişdi ki, bir yaşından sonra əmizdirmək elə də vacib deyil. Ona görə də sıyığa keçmişdilər. Ancaq əmdiyi südün iyi uzun müddət yadında qalmışdı və anası hər dəfə onu qucağına alanda özündən asılı olmayaraq bu qədər sevdiyi o gözəl məlhəmin çeşməsini yenə də tapmaq üçün anasının döşlərinə tərəf dartınırdı.
Bəzən gecələr o, başqa bir adamın xorultusunu eşidirdi. Anası həmin adamı ona göstərir və gülümsəyərək deyirdi: “Ata…”. Ata anası ilə yanaşı yatırdı. Hərdən onun da səsi gəlir və bu səs hansısa işlək bir maşının çıxardığı xırıltılı küyə bənzəyirdi. Ata danışanda körpə tanış ahəngi eşidərək sanki donub qalırdı. Bu səs ona hələ anasının bətnində olan vaxtlardan tanış idi. Anasının səsinə nisbətən daha kobud və daha xırıltılı olan bu ikinci səs o doğulandan sonra da həmişə yanında idi. Ata evə adətən axşamlar gəlirdi. İri əllərini balaca qollarının altına ehtiyatla salıb onu qucağına götürür, başının üstünə qaldırır, hərdən hətta atıb-tuturdu da… Ondan ayrı cür qoxu gəlirdi. Atanın ətri başqa idi.
Körpə yavaş-yavaş bu qoxuya da alışırdı. Ata onu görəndə tez-tez gülümsəyirdi, hərdən yenə də qucağına alır, atıb-tuturdu. Güclü ata əllərinin onu qucağına alıb başının üstünə – hamıdan və hər şeydən yuxarıya qaldırması körpənin çox xoşuna gəlirdi. Ata tez-tez üzünü ona tutub gülürdü. O, ucaboy və yaraşıqlı idi. Körpə artıq yeriməyə başlayanda onu başqa adamlardan seçməyə başlamışdı. Onu dərhal tanıyır və yanına yüyürüb dizlərini qucaqlayırdı. Körpənin bu ucaboy, güclü adamdan xoşu gəlirdi. “Ana”dan dərhal sonra öyrəndiyi ilk söz olan “ata” sözündən də xoşu gəlirdi. Ümumiyyətlə, onu ovuclarının içində saxlayan bu iki böyük adamı çox istəyirdi. Körpə ağlayanda o dəqiqə özlərini onun üstünə atırdılar. Bələyini isladan kimi təzələyirdilər. Ona balaca qabda su verir, içib qurtaranadək gözlərini ondan çəkmirdilər.
Əlbəttə, əsas şəxs ana idi. Bəzən səhərlər valideynləri çarpayıda yanaşı uzananda anası onu da qucağına alıb ikisinin arasına uzadırdı. Bu, ayrıca bir ləzzət idi və körpə bundan çox xoşhal olurdu. Onlar bəzən nə barədəsə danışır, deyib-gülür, zarafatlaşırdılar. Və onu da növbə ilə qucaqlayırdılar. O isə heç də tamamilə anlaya bilmədiyi bir duyğu dənizində üzürmüş kimi uzanır, gülümsəyir, özünü olduqca xoşbəxt hiss edirdi. Sanki həm də hiss edirdi ki, ana və ata onun çox etibarlı qoruyucularıdır…
Ancaq balaca pişik balası hamıdan, hər şeydən çox xoşuna gəlirdi. Pişik balası bu evə onunla, demək olar ki, eyni vaxtda gəlmişdi. Bu balaca kürən körpədən daha sürətlə böyüyürdü. Hələ bu harasıdır! Kürən öz rəqibini diqqətlə izləyirdi. Körpəyə pişik balasından çox diqqət göstərirdilər ki, bu da kürəni əsəbiləşdirirdi. Bəzən o, hətta həmişəkindən bərk miyoldayırdı ki, ona da diqqət yetirsinlər. Amma bütün bunlara baxmayaraq, o, tez-tez körpənin yanında uzanır və özünü sığallaması üçün ona şərait yaradırdı. Kürən ağıllı pişik idi və getdikcə başa düşürdü ki, bu evdə əsas şəxs hələ, demək olar ki, danışa bilməyən, ilk vaxtlar yalnız öz beşiyində uzanıb aydın olmayan səslər çıxaran bu müəmmalı körpə olacaq.
Ancaq körpə beşikdə çox qalmadı. O, qalxdı və əvvəlcə kürən pişik balası ilə birlikdə sürünməyə başladı. Bir qədər sonra iməklədi, daha sonra isə ehtiyatla, yıxıla-dura yeriməyi də öyrəndi. Bəli, düzdür, körpə hərdən yıxılırdı da, hətta hərdən kürən də onu yüngülcə itələməyə ürək eləyirdi. Amma körpə inadkarlıqla yeriməyə can atırdı və tezliklə yalın ayaqlarını şappıldada-şappıldada, xoşbəxtcəsinə gülə-gülə otaqlarda qaçmağa başladı. Artıq yekəlmiş kürən də körpənin dalınca tənbəl-tənbəl gəzir, onu gözdən qoymur, gah nədənsə qoruyur, gah da ona qoşulub şənlənirdi. Ancaq körpə heç vaxt pişiyin yeməyinə toxunmurdu. Bu isə ən vacib məsələ idi. Ona görə də onların dostluğu getdikcə möhkəmlənirdi. Bəlkə də, dostluğun əsas şərti elə bu idi – başqasının malına kəm baxmamaq!
Hərdən hansısa başqa qadın da gəlirdi. O, olmazın dərəcədə anaya oxşayırdı. Körpə bunun səbəbini anlaya bilmirdi. O da təxminən eyni cür ətir saçırdı. Ananınkı kimi mehriban, qayğıkeş əlləri vardı. Ancaq o, ana deyildi, başqa qadın idi. Körpə eşidirdi ki, anası bu qadını elə həmin gözəl adla çağıraraq ona “ana” deyir. Başa düşə bilmirdi ki, bir evdə iki “ana” necə ola bilər?! Ancaq onun özünə həmişə deyirdilər ki, bu nənədir. Bəzən o gələndə “Nənə gəldi!” deyə körpəni muştuluqlayırdılar. Körpə də kimisə başqa adamı “ana” deyə çağırmaqdan israrla imtina edərək məmnuniyyətlə “nənə” deməyə cəhd edirdi.
Bəzən gecələr körpənin təzə çarpayısının yanında kürən üçün balaca boşqabda süd qoyurdular. Yaxşı ki, körpənin heyvanlara qarşı allergiyası yox idi. Onlar ikisi də – körpə də, kürən də qarnı tox, qayğı ilə çimizdirilmiş, tərtəmiz və xoşbəxt halda yuxuya gedirdilər.
…Partlayış gecə baş verdi. O qədər gözlənilməz və güclü idi ki… Körpə oyandı. Əvvəlcə onu kimin və niyə oyatdığını anlamayaraq bir neçə saniyə susdu. Sonra əlini qabağa uzatdı. Çarpayısının üstünə həmişə çəkilən tor yox idi. buna təəccübləndi: axı anası toru çəkməyi heç vaxt unutmazdı. O, yenə də nəsə qışqırtılar və möhkəm gurultu eşitdi. Üşüməyə başladı. Yorğança üstündən sürüşüb düşmüşdü və maraqlı idi ki, heç kim gəlib onun üstünə örtmürdü. O, bərkdən ağlamağa başladı. Haradasa tanımadığı adamlar qışqırışırdılar. Körpə başını qaldırdı və soyuqdan titrədiyini hiss edərək qərara aldı ki, çarpayıdan sürüşüb düşsün. Həmişəki kimi dalın-dalın sürünməyə başladı ki, yıxılmasın. Əlini adətən ana yatan və ata xoruldayan çarpayıya uzatdı. Ancaq ora bir topa daş tökülmüşdü. Körpə başa düşmürdü ki, ana niyə yoxdur. Ancaq daş topasına ilişəndə öz pişiyi yadına düşdü. Geri dönüb həmişə kürən uzanan tərəfə qaçdı. Kürən körpəni bərkdən miyoldayaraq qarşıladı. Boşqab çevrilmiş, pişik balası böyrü üstə yıxılmışdı. Körpə aşağı əyilib yumşaq, pompuş əli ilə dostuna toxundu. Kürən hərəkətsiz uzanmışdı. Heç tərpənmədi də. Bu, körpənin xətrinə dəydi.
O, dostunu daha bərk silkələyərək onu oyatmağa çalışdı. Ancaq dostu susurdu.
Yaxınlıqda bayaqkı kimi adamlar qışqırışırdılar. Körpə heç cür başa düşə bilmirdi ki, onun valideynləri hara yoxa çıxıblar və kürən dostu ona niyə cavab vermir. Elə bu vaxt kimsə körpəni qucağına aldı. Kimsə onu adyala bükdü.
– Oradakıların hamısı ölüb! – tanımadığı bir səs qışqırdı. – Qonşu otaqda heç kim yoxdur.
Naməlum adam yəqin ki, həyəcandan körpəni möhkəmcə sinəsinə sıxdı. Körpə ağrıdan bərkdən ağlamağa başladı. O, hələ də başa düşmürdü ki, onun kürən dostu niyə bu qədər bərk yatıb. O, hələ bilmirdi ki, bu gün onun həyatı “qədər” və “sonra” adlanacaq iki hissəyə bölünüb və bu partlayışla eyni vaxtda yoxa çıxan xoşbəxtliyi daş topasının altında qalan anası və atası kimi artıq keçmişdə “qədər”də qalıb. O, bunu bilə bilməzdi. Ancaq o üşüyürdü və çox narahat idi. Ona görə də səsini kəsmir, ucadan qışqıraraq ağlayırdı…
Beynəlxalq Muğam Mərkəzi qapılarını yenidən tamaşaçıların üzünə açdı
Nazirlər Kabineti yanında Operativ Qərargahın teatr və konsert salonlarının fəaliyyətinə oktyabrın 1-dən icazə verilməsilə bağlı qərarı Beynəlxalq Muğam Mərkəzinin (BMM) işçi qrupu, həm də tamaşaçılar tərəfindən sevinclə qarşılanıb.
BMM-nin mətbuat xidmətindən bildirilib ki, Beynəlxalq Muğam Mərkəzinin kollektivi böyük şövqlə bu tədbirlərə hazırlaşaraq yenidən tamaşaçıların görüşünə tələsməkdədir.
Mərkəzin ilk konserti oktyabrın 3-də “Mir Həmzə Nigari Qarabaği” simpoziumu çərçivəsində təqdim edilən bədii proqram olub. Tədbirdə görkəmli muğam ifaçıları çıxış ediblər.
Mərkəzin “Unudulmayanlar”, “Qəzəllər”, “Milli musiqi xəzinəmizdən” olan layihələri, muğam axşamları və digər konsertlər oktyabrın ikinci yarısından etibarən davam etdiriləcək.
Oktyabr ayında mərkəzdə müəyyən təşkilatların, rəsmi orqanların tədbirləri də keçiriləcək.
Tamaşaçılar konsert və digər tədbirlərin keçirilmə vaxtı ilə mərkəzin sosial şəbəkələri vasitəsilə məlumatlandırılacaq.
BMM tamaşaçıları Operativ Qərargahın qərarına əsasən zalın ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə qəbul edir.