Super User
Gəl və apar günü?
Təqvimə baxdıqda görərik ki, bu günün qəribə təyinatı var: 6 oktyabr “Gəl və apar günü” kimi qeyd olunub. Genişqəlbli insanlar bir-birinin evinə gedib həmin gün bəyəndikləri bir şeyi hədiyyə olaraq götürüb aparırlar. Gün gözütox insanlara hesablanıb. Heç bir sui-istifadə etmədən onlar dəyərcə ucuz, amma xoşagəlimli bir şey seçirlər adətən. Amerikada, Yaponiyada, Avropa ölkələrində qeyd olunur. Bizlərdə belə bir gün qeyd edilmir yaxşı ki. Onu görərsən, biri o birinin evinə gəlib 10 min manatlıq çılçırağını, o biri bu birinin evinə gəlib qarajındakı 100 min manatlıq çipini “gəl və apar günü”nün şərəfinə hədiyyə istəyə bilər, aləm dəyər bir-birinə.
Bu günün daha hansı təyinatları var?
“Ağılsız papaqçı” günü “Alisa möcüzələr ölkəsində” kitabının qəhrəmanının şərəfinə təsis edilib. Qonşularımız gürcülər bu gün Tbilisi gününü qeyd edirlər. Bayramın adı Tbilisoba adlanır. Təbii ki, Tbilisi bizlərə çox tanışdır. Sovetlər dönəmində Qərb bölgələrimizin əhalisi bizdə kərə yağı talonla verildiyindən ora kərə yağı almağa axışardı. İndi də bizdə aviabiletlər çox baha olduğundan ora təyyarə ilə uçmağa axışır. Tbilisi adı gürcü dilindəki tbili sözündən yaranıb, tərcüməsi isti deməkdir. Ötən gün Həkim gününü qeyd edən dünya bu gün də həkimlərin asissentlərinin gününü qeyd edəcək. Moldova şərab gününü qeyd edəcək. Niyə? Çünki bu kiçik və kasıb ölkə dünyaya şərab ixrac etməklə əhalisinin güzəranını qura bilir. Moldova şərabı ucuz və keyfiyyətli olduğu üçün hətta şərab vətəni Fransada belə yaxşı satılır. O ki qaldı mətbəxsevər amerikalılara, onların bugünkü bayramları da olduqca orijinaldır – milli əriştə günü.
1973-cü ildə Misir və Suriya İsrailə hücum edərək 18 günlük ərəb-yəhudi müharibəsinə rəvac veriblər. 1948-ci ildə dünya tarixinin ən güclü zəlzələlərindən biri baş verib, Aşqabad yerlə yeksan olub. O məsəl var e, “Aşqabad batan kimi batdı”, - onun mənşəyi burdandır. Bu gün Türkmənistanda milli matəm günüdür. 1927-ci ildə Nyu-Yorkda ilk səsli film nümayiş olunub. 1768-ci ildə rus-türk müharibəsi başlayıb. (1774-cü ildə bağlanan sülh müqaviləsinə görə ruslar Qara dənizə çıxış əldə ediblər).
Varisin “1-10 oktyabrın təqvimi” yazısından
Mədəniyyət naziri incəsənət xadimlərinə mükafatlar təqdim etdi
Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq Səməd Vurğun adına Rus Dram Teatrının bir qrup əməkdaşına və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bu mərasimin çoxdan keçirilməsinin planlaşdırıldığını bildirib: “Bilirsiniz, bu gün müəllimlər günüdür. Mən incəsənət xadimlərini müqəddəs müəllimlik peşəsindən ayırmıram. Müəllimlər şagirdlərə elmi, incəsənət xadimləri isə cəmiyyətə mədəniyyəti təqdim edir. Mən hesab edirəm ki, Azərbaycanın ən gözəl səfirləri mədəniyyət xadimləridir. Çünki onlar xaricdə də ölkəmizi mədəniyyət vasitəsilə təbliğ edirlər”.
Vurğulanıb ki, vaxtilə Heydər Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd edib.
Qarabağın işğaldan azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu bildirən A.Kərimov deyib ki, ancaq mədəniyyət sahəsində mübarizəmiz hələ də davam edir.
Nazir bildirib ki, səngərdə qalibiyyət qazanmışıqsa, mədəniyyət sahəsində də bu qalibiyyəti, uğuru davam etdirməliyik: "Azərbaycan mədəniyyətinin əsgərləri də mədəniyyət xadimləridir. Ermənistanın Azərbaycan mədəniyyətini özününküləşdirmə, mənimsəmə səyləri nəticəsiz qalacaq. Azərbaycan əsrlər boyu zəngin mədəniyyəti ilə məşhur olan bir ölkə olub. Bundan sonra da mədəniyyət işçiləri bu tarixi missiyanı davam etdirəcək".
Hazırda Mədəniyyət Nazirliyində islahat prosesində yeni bir mərhələyə qədəm qoyduğunu söyləyən Anar Kərimovun sözlərinə görə, islahatları keçirməkdə əsas məqsəd mədəniyyətimizi strateji olaraq cəmiyyətə təqdim etməkdir.
Sonra mədəniyyət naziri Anar Kərimov ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilənlərə mükafatların vəsiqə və medallarını verib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mükafat alanlar fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Bu gün Aktyor Nurəddin Mehdixanlının 65 illik yubileyidir
Nurəddin Əzulla oğlu Quliyev (Mehdixanlı) 1956-cı il oktyabr ayının 6-da Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, böyük rejissor Ədil İsgəndərovun rəhbərlik etdiyi kursu 1978-ci ildə başa vurub, təyinatla Akademik Milli Dram Teatrına göndərilərək sentyabr ayının 1-dən aktyor truppasına işə götürülüb, saysız-hesabsız obrazlar yaradıb. Aktyor Azərbaycan Dövlət Teleziziyasında Ə.Əhmədovanın “Pəncərədə işıq” (Toğrul), C.Cabbarlının “Solğun çiçəklər” (Bəhram), N.Həsənzadənin “Kimin sualı var?” (İlham), B.Vahabzadənin “Vicdanla üz-üzə” (Hakim) teletamaşalarında iştirak edib, “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar Quliyev, “Cavid ömrü”ndə Əhməd Cavad, “Məhkumlar”da Polkovnik Hacıyev, alman rejissoru F.Xelmerin “Susuzluq və sevgi”sində Zaza, ABŞ rejissoru A.Helencerin “Burulğan”ında Kişi, “Təlatüm” bədii-televiziya filmində İlyas Şahdağlı, “Cavad xan”da Cavad xan rollarına çəkilib. N.Mehdixanlı 1986-cı ildə Naxçıvan MR-nın “Əməkdar artisti”, 1998- ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2002-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2016-cı ildə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Biz onu həm də gözəl qiraət ustası kimi tanıyırıq. Səs tembri insanı büsbütün alüdə edə bilir. Yubileyin mübarək, sənətkar, - deyirik.
Akif Marifli: Bu sərginin formatı öncəkilərdən fərqlidir
Bu gün Bakı Ekspo mərkəzində açılmış Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası yeddinci dəfə təşkil olunacaq. Bu tip sərgilər indiyədək hər iki ildən bir keçirilirdi, lakin bu ildən başlayaraq hər il ənənəvi olaraq təşkil olunacaq. Bu sərginin formatı da öncəkilərdən fərqlidir. Belə ki, sərgi həm beynəlxalq status daşıyır, həm də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur.
Bu fikirləri VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına həsr edilmiş mətbuat konfransında Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli deyib.
Qeyd edilib ki, sərgidə 12 ölkədən 43 xarici şirkət, Azərbaycandan isə 100-dən çox yerli nəşriyyat evləri, mətbəələr, kitab mağazaları, mədəniyyət mərkəzləri və poliqrafiya şirkətləri iştirak edirlər.
Bakıda VIII Beynəlxalq “Musiqi və rəqs” konqresi təşkil edilib
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi çərçivəsində VIII Beynəlxalq Bakı “Musiqi və rəqs” konqresi təşkil edilib.
BMA-dan AzərTAC-a bildirilib ki, konqres çərçivəsində rəsm sərgiləri, konfranslar və axşam konsertləri təşkil olunub.
Konqresin konsertində tələbələrlə yanaşı, Azərbaycanın görkəmli sənətkarları da iştirak ediblər. Onların sırasında AzTV-nin “Qaytağı” instrumental ansamblının bədii rəhbəri, Xalq artisti Ənvər Sadıqov da yer alıb.
Tədbirə Türkiyə, Braziliya, Argentina, İordaniya, Xorvatiya ölkələrinin səfir və nümayəndələri də qatılıb.
Bu gün Beynəlxalq Ceyms Bond günüdür
Məşhur Agent 007-nin filmlərini kim sevmir ki? Hətta onlardan birinin Bakıda çəkilməsi də nəzərə alınmalıdır. İlk filmin – “Doktor No” 1962-ci ilin 5 oktyabrında ekrana çıxması şərəfinə bu gün təqvimlərə salınıb qeyd edilir.
Ceyms Bond, həmçinin Agent 007 Jan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə ingilis casusu və qəhrəmanıdır. “Ədəbiyyat və incəsənət” məlum edir ki, Fleminq bu personajı 1952-ci ildə yaratmış və ona aid çoxlu əsərlər yazmışdır. Bu personajın ekranlaşdırılmasına, əsasən, müəllifin ölümündən sonra,1964-cü ildən etibarən başlamışlar. Daha sonralar Ceyms Bond macəralarını Kinqsli Amis, Con Piarson, Con Qardner, Reymond Benson və Carli Hiqson kimi yazarlar yazmışlar. Əvvəllər Ceyms Bonda personajı kitablara əsasən tanınırdısa hal-hazırda onu əsasən filmlərdən tanıyırlar. Filmlərin sayı isə tam 24-dür, ötən ayadək sonuncu film 2015-ci ildə şəkilmiş “Agent 007. Spektr” idi, sentyabrın 28-də Londonda, Albert-hollda bondiananın “Ölmək zamanı deyil” filminin ilk nümayişi oldu. Bu filmin Ceyms Bondu tanınmış aktyor Deniel Kreyq canlandırır. Ceyms Bond rolunda rəsmi filmlərdə indiyədək 6 aktyor oynamışdır: Çon Konneri, Corc Leyzenbi, Rocer Mur, Timoti Dalton, Pir Brosnan və Deniel Kreyq.
Bəs real həyatda Ceyms Bond olubmu? Sən demə, o, əsla uydurma obraz deyil, real olaraq yaşamış tarixi şəxsiyyətdir. Amma xəfiyyə, casus olmayıb, adi alim olub. Onun sadəcə adından istifadə edilib. Necə? Deyək, bilin. Əsil Ceyms Bond 1900-cü il yanvarın 4-də Filadelfiyada anadan olub. Həmin şəhərin akademiyasında təbiət elmləri üzrə işləyib. Bond quşların karib növləri üzrə ekspert - ornitoloq idi. Onun 1936-cı ildə “Qərbi-Hindistan quşları” ( Birds of the West Indies) adlı kitabı nəşr olunub. 1998-ci ildə Ceyms Bondun “Qərbi-Hindistan quşlarının bələdçisi” ( A Guide to the Birds of the West Indies) kitabı nəşr olunana qədər bu kitab karib quşlarının faunası təsvir olunan yeganə kitab idi.
Bond 1952-ci ildə Yamayka institutu tərəfindən “Musgrave”, 1954-cü ildə Amerika Ornitoloqçular İttifaqı tərəfindən “Brewster” və Təbiət Elmləri Akademiyası tərəfindən 1975-ci ildə “Leidy” medalı ilə təltif olunub. Ceyms 89 yaşında Filadelfiyanın “Çestnat Hil” xəstəxanasında uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
Bəs necə olub ki, Ceyms Bondun adı ədəbi qəhrəmana verilib? Bunun çox sadə tarixşəsi var. Quşları seyr etməyi sevən, onlarla maraqlanan yazıçı-jurnalist Yan Flemminq Yamaykada yaşayanda Ceyms Bondun quşlar haqqında yazdığı kitab ilə tanış olub və Ceyms Bondun adını “Kazino Royal” əsərinin baş qəhrəmanına verib. Flemminq Bondun xanımına bu mətndə məktub yazıb: “Ərinizin qısa, romantik olmayan, anqlosakson adı məni cəlb etdi. Mənə elə bu cür ad lazım idi və beləliklə əsil Ceyms Bonddan savayı ikinci Ceyms Bond da yarandı”. Gizli agent Ceyms Bond ornitoloq olaraq filmin 20-ci bölümündə (Die Another Way) Kubaya yollanır və beləliklə o, gerçək Ceyms Bondu filmdə ifa etmiş olur.
Yan Flemminqə Ceyms Bondla şəxsən 1964-cü ilin 5 fevralında tanışlıq qismət olub. Flemminq görüşdə Ceyms Bonda yeni romanını (You only live twice) avtoqrafla hədiyyə edib, kitabın tituluna isə “Həqiqi Ceyms Bonda onun şəxsiyyətinin oğrusundan” imzasını qoyub. 2008-ci ilin dekabrında bu imzalı kitab hərracda 84000 dollara satılıb.
Bax belə bir maraqlı əhvalat!
O ki qaldı Ceyms Bondun Bakı sərgüzəştlərinə, yəqin xatırlayarsınız, prezident İlham Əliyev Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında iştirak edərkən bir çıxış etmişdi, o, şəhərciyin yerləşdiyi ərazi ilə bağlı danışarkən, məşhur obraz Ceyms Bondun filmlərindən birinin burada çəkildiyini vurğulamışdı. Dövlət başçısının bəhs etdiyi film “Agent 007”nin 19-cu seriyası olan “Bütün dünya belə yetərli deyil (The world is not enough) filmi idi.
Film 1999-cu ildə çəkilib. Kinonun bir hissəsində britaniyalı kəşfiyyatçı Azərbaycana, Bakıya gəlir. Görüntülər neft daşlarında, Yanar dağda və bir sıra yerlərdə lentə alınıb.
5 oktyabr
Rusiyanın Romanovlar sülaləsinin varisi olan Georgiy Mixayloviç Romanovun Sankt-Peterburqda Rebbekka Bettarini ilə nikahlarının kəsilməsi mərasimi hazırda dünya mediasının diqqət mərkəzindədir.
Çinin “The Battle at Lake Changjin” filmi keçən həftə dünyanın ən çox qazanc gətirən filmi olub
Dünyanın ən iri kino bazarlarından olan Çində döyüş filmi “The Battle at Lake Changjin” böyük marağa səbəb olub.
Xarici KİV xəbər verir ki, filmin nümayişi olunduğu 4 gün ərzində istehsalçılara 234 milyon dollar qazanc gəlib. Bu, pandemiyadan sonra qısa vaxtda ən çox gəlir gətirən ilk ekran əsəridir.
Film 1950-1953-cü illərdə ABŞ-ın hücumlarına qarşı Koreyaya kömək edən Çinin könüllü əsgərlərinin göstərdikləri fədakarlıqdan və verdikləri qurbanlardan bəhs edir.
“Etibarlıdır, söykə kimsəsizliyə kürəyini” deyən gənc şair İntiqam Yaşarın şeirləri
Gənc, istedadlı şair İntiqam Yaşarın bu oktyabr günlərində 31 yaşı tamam oldu. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı şairə səmimi təbrikini ünvanlayır və onun yeni şeirlərini oxucularına təqdim edir.
İntiqam Yaşar oğlu Cavanşir 3 oktyabr 1990-cı ildə Gədəbəy rayonunda anadan olub. 1997–2008-ci illərdə Gədəbəy rayonu, Çobankənd kəndində orta məktəbdə oxuyub, 2008–2012-ci illərdə Azərbaycan Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə həqiqi hərbi xidmətdə olub.
İntiqam Yaşar mətbuatda müxtəlif məzmunlu yazıarla və şeirləri ilə çıxış edir, “Ulduz", "Yazı" jurnallarında, "Ədəbiyyat qəzeti", "Aydın yol", "525-ci qəzet", "Kaspi" kimi qəzetlərdə, eləcə də əməkdaşı olduğu portalımızda mütəmadi olaraq dərc olunur. Şairin 2012-ci ildə "İlk görüş" adlı şeirlər kitabı çapdan çıxıb. Həmçinin 2016-cı ildə "…və susarsan", 2018-ci ildə isə "Evdə yoxam" adlı şeir kitabları işıq üzü görüb.
İntiqam Yaşarın şeirləri yerli türkcəyə uyğunlaşdırılaraq Özbəkistanda, Türkiyədə, Qazaxıstanda nəşr olunan dərgilərdə və antologiyalarda yayımlanıb, həmçinin rus, ingilis, belarus dillərinə tərcümə edilib.
24 iyun 2019-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanıdır.
O, 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb, 2015-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Gənclər mükafatı"na, 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin "Uğur" mükafatına layiq görülüb.
O, həmçinin, Azərbaycan Yazıçılar Birliyinin "Ən yaxşı şeir" müsabiqəsinin də qalibidir.
İndi isə vəd etdiyimiz şeirlər:
PAYIZ SÜKUTU
Sən də qollarını bir az geniş aç,
sığsın ürəyinə danışdıqlarım.
Özümdən çox qabaq yerlə bir olub,
mənim ümid deyib yapışdıqlarım.
Baxırsan, payızdı, havada ah var,
baxırsan, günəş də xəcalətlidir.
Bəli, yoldan ötən gülər bəlkə də,
vallah, mənim üçün bu dəhşətlidir.
Bax, bir həyətdəki tənha çinara,
yarpaqlar küləyin alqış əlləri.
Beləcə alqışla yola salacaq,
bu çinar həm bizi, həm də illəri.
Bu sənsən, bu mənəm, bu biz deyilik.
Şəhadət barmağın "sus" əmri verdi.
Bilmirəm, yəqin ki, bizdən xəbərsiz,
biri bu taleyə "kəs" əmri verdi.
GETDİN…
Getdin,
saçlarını dağıdan Bakı küləklərini də
aldın apardın özünlə.
Susdu Xəzər.
Getdin, göylərin ulduzları da getdi…
Hələ də inanmıram...
Donmuşam sükut kimi
hava limanında.
Gözlərim çıxış qapısında
ümidlərimin əlində.
Bir "bəlkə" bitib ürəyimin
topuq vuran dilində,
Getdin, gedişin çətindi demirəm...
"Çətin" çox asandı indiki halımdan,
gözlərin qopmaq istəmir,
saçların ayrılmır xəyalımdan.
Nə uzun yol getmişik bu qısa zamanda,
özümüzə, könlümüzə...
Bu yolu qayıtmaq çətin,
bu yolu qayıtmaq əzab.
Getdin, getdin, getdin...
Kaş ki, "gələcəm" deyərdin,
Gəlməsən belə gözləyərdim.
ÖMÜR ADLANIR
Bakı boyda boşluq, Bakı boyda sükut,
Bakı boyda tənhalıq dolaşır
əl-qoluma günboyu.
Addımbaşı tikanlı fikirlər üstünə
yıxılıram üzü üstə.
Qanayır əllərim, qanayır dizlərim.
Yenə qalxıram birtəhər,
yenə çırpıram üst-başımı.
Gizlədirəm yaralarımı,
Görən olmadığına sevinirəm yıxıldığımı.
Silirəm əllərimin arxasıyla göz yaşlarımı.
Hə!
Ömür adlanır deyəsən,
domino daşları kimi düzülən günlər.
Hamısı eyni boyda, hamısı eyni ölçüdə...
BÜTÜN XƏLVƏT OTAQLAR
Bütün xəlvət otaqlarda bir qadın hıçqırığı,
bir kəfkirli saat,
bir körpə mışıltısı.
Bütün xəlvət otaqların qapısı azca aralı,
bütün xəlvət otaqlarda
xəcalət təri basmış pəncərə.
Bütün xəlvət otaqlar,
bütün xəlvət otaqlar,
heç nəyi görmür,
gözünü zilləmiş yerə.
lll
Kəfkirli saatın köksündə səslənir,
sükutun ayaq səsləri.
Zaman etibarı ilə keçmişlər unudur
ona inanan kəsləri.
Düşündükcə düyünlənir
alnındakı qırışlar da.
Eyni səhifədə, eyni yer tutur,
ayrılıqlar da, görüşlər də.
Bu yolda göz oxşayanlar,
sadəcə baş qatmaq üçünmüş.
Gəldiyin yerə dönərkən,
sadəcə tez çatmaq üçünmüş.
Başındakı son havalar
çox sərtdi, bilirəm,
Bir yandan da, havasızlıq,
bir dərddi, bilirəm.
Çıxar hərdən gün işığına,
işığa həsrət ürəyini.
Etibarlıdır, söykə kimsəsizliyə,
söykə kürəyini.
ƏLLƏRİN ÜŞÜDÜKCƏ
Əllərin üşüdükcə
Şəkillərimi yandır.
Bu dünyada hər şeyin,
axırda yanmağına
həm özünü inandır,
həm də məni inandır.
Son deyilən nə var ki,
bu da bir imtahandır.
Bu dünyada əzəldən,
həqiqət adlı nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
Xatırlamaq da olmur,
xatırlama, amandı...
Gizlədiləsi nə var,
Həm də ki xatırlamaq.
bir az sənə ziyandır,
bir az mənə ziyandır.
lll
Toxunmaz göz yaşlarına,
axar, axar doyunca.
Səssizcə axışına,
baxar, baxar doyunca.
Bu leysanın sonunu,
yaxşı bilir, bu, düzdü.
Suların can atdığı,
yaxın-uzaq dənizdi.
Odur ki, ürəyində,
liman salıb gəmilər.
Vüsaldı ya, ayrılıq,
bunu tək Tanrı bilər.
lll
Zaman elə gözəl axıb gedirdi,
Gözlərim önündə səssiz su kimi.
Hələ də o hisslər köksüm altdadı,
Ən doğma, ən şirin bir arzu kimi.
Nə bilim, çox vaxt da gücüm yetməyir,
Könlümdən hər keçən sözü deməyə,
Bəlkə də nə vaxtsa deyə bilərəm,
Bəlkə, izin verər özü, deməyə.
Əlləri qoynunda gizlənən adam,
Səni dinləməyə sükut tək gəlib.
Sənin otağına dərd də gələndə,
Şad gəlib, şux gəlib, mübarək gəlib.
lll
Qazıla-qazıla gedir bu qəbir,
Çox gedər, hardasa daşa çıxmasa.
Nə var ki, getməyə, qəbir də yoldu,
Qəfildən ümidlər boşa çıxmasa.
Soyuq şəkillərdə soyuq baxışlar,
Toxunsan əllərin donar bəlkə də.
O baxışlar bezib öz yiyəsindən,
Soruş, sahibini danar bəlkə də.
Zərblə çırpılan qapılar kimi,
Dəyər bir-birinə göz qapaqların.
Səni harayasa aparıb gedər,
Alıb çiyni üstə öz ayaqların.
ÖMÜRDÜ, GÜNDÜ DƏ…
Bütün doğrulardan bir addım uzaq,
Bütün yalanlara bir addım yaxın...
Ömürdü, gündü də sürürük gedir.
Hərdən eyni nəfəs dözülməz olur,
Hərdən kipriklərin sınır yük altda,
Ömürdü, gündü də sürürük gedir.
Yenə dan yerinə ümid can atır.
Yenə sabah üçün əllər uzanır.
Ömürdü, gündü də sürürük gedir.
lll
Bir də həqiqət var,
Haqqında xeyli susmağa.
Bir də sükut var, tavanı döyəcləməyə.
Bir də iki göz var,
Yorulmadan yumulmağa.
Bir də gecələr var görüşünə tələsdiyim.
Bir də bir cüt əl var çarpazlanmağa baş altda.
Bir də bir qədəh şərabdı tək ayaq üstə,
keşik çəkir.
Bir də mən varam çox uzaqlarda payi-piyada.
Bir də sən varsan çox yaxında, əlim çatmır...
lll
İlahi, ən böyük dərd hansıdısa,
Söylə, gücümüzü ona saxlayaq.
İtib-batasıyıq bu vurhavurda,
Bir az özümüzü sona saxlayaq.
İndi dar qəfəsə beşik deyirlər,
Üstündə bir çətən minnətin olur.
Yaxşıya yaxşısan, pisə pis demək,
Ya olmur, ya da ki, çox çətin olur.
Ayağında buxov, önündə yollar,
Ürək çırpınmaqdan sinən qabardı.
Çiynimiz əzilir dərdimiz altda,
Bu yük çiynimzdən düşsə nə vardı.
Ömür qum saatı, ümid dənəcik.
Çevir gah yuxarı, gah da aşağı.
Zaman dayanacaq, saat susacaq.
Dan sökülməyəcək bir səhər çağı.
Musa Yaqub barədə “Tərəddüdün yaşıdı” kitabı işıq üzü görüb
Musa Yaqubun həyat və yaradıcılığı haqqında Fərid Hüseynin sözügedən kitabı "Qanun" nəşriyyatında işıq üzü görüb. Bu kitabı yazdığı
müddətdə Fərid Hüseynə şairin ailəsi Musa Yaqubun arxivini etibar edibmiş, şairin bəlli irsi ilə yanaşı, o saysız materialları da oxuyub. Ona görə də şairin həyat və yaradıcılığı barədə xeyli məsələlər ilk dəfə bu kitabda yer alıb.