Fransız rejissoru Fransua Ozonun "Hər şey yaxşı keçdi" tragikomediyası dünya prokatına çıxıb, onun premyerası iyulda Kann festivalında baş tutub. Süjetə görə, Sofi Marsonun parlaq ifasında Emmanuel xəstəxanaya tələsir - onun atası, 85 yaşlı Andre Düssole insult olub. Ata qismən iflicdir və kritik vəziyyətdədir. Emmanuel ağır xarakterinə, daimi şıltaqlıqlarına və birgə yaşadıqları keçmişdə atası tərəfindən incidildiyinə, çəkdiyi iztirablara baxmayaraq, sonuna qədər atasına qayğı göstərməyə hazırdır. Ancaq Andre qızının qayğısına tüpürmək belə istəmir, əzablarının tez bir zamanda aradan qaldırılması üçün qızından onun həyatdan köçməsinə kömək etməyi xahiş edir. Olduqca maraqlı və dramatik bir süjet və dünyaşöhrətli Sofi Marsonun ecazkar ifası.
Bu filmin izi ilə TASS agentliyi Parisdə 54 yaşlı aktrisa ilə görüşüb ondan müsahibə götürüb. Sofi Marsonun Azərbaycanda da sevildiyini, dünya kino sənətinin kult ifaçısı hesab edildiyi səbəbindən “Ədəbiyyat və İncəsənət” portalı müsahibəni tərcümə edərək öz oxucularına təqdim edir. Müsahibədə Sofi Marso sözügedən film barədə bir çox suallara cavab verməklə yanaşı niyə nadir hallarda kinoya çəkildiyinə və mükafatlar almağı sevmədiyinə də aydınlıq gətirib.
- "Hər şey yaxşı keçdi" filmində rol almağınızı uzun fasilədən sonra sizin kinoya qayıdışınız adlandırmaq olar. Niyə uzun müddət çəkilmədiniz?
- Mən vaxtımı özümə həsr etmək və filmlərə, reklamlara və sair çəkilişlərə ayırdığım zamanı özümü sərf etmək istəyirdim. Mən öz cədvəlimi azad və sərbəst etmək istəyirdim. Mən bunu böhran adlandırmazdım, çox güman ki, imkanlar üçün açıq qalmaq və heç nə haqqında düşünməmək istəyirdim.
- Onda niyə məhz kambek üçün bu layihəni seçdiniz?
-Yaxşı, etiraf edirəm, belə bir təklifə müqavimət göstərmək çətin idi. Ssenari ilə tanışlıq hər şeyi dəyişdi. Bir gün sevdiyiniz bir şey oxuyursunuz və geri dönməyə qərar verirsiniz. Bu, gözəl, təkrarsız və sadə alındı, ən əsası da, təbii alındı, kinoya qayıtmaqdan məmnun oldum.
- Film sadə olmayan ölüm, borc, valideyn-uşaq münasibətləri mövzusunu qaldırır. Bu filmin üzərində psixoloji anlamda işləmək nə qədər çətin idi?
- Normaldan daha çətin deyildi. Kitab, ssenari çox sadə idi. Onlarda hər şeyi yerinə yetirmək üçün mürəkkəb olan gizli psixoloji motivlər yox idi. Yalnız Fransua ilə (filmin rejissoru – red.) eyni dalğada olmaq, onun nəyə nail olmaq istədiyini, bu filmlə nə demək istədiyini anlamaq lazım idi. Və bu daimi bir proses oldu: biz ilk gündə görüşdük və son çəkiliş gününə qədər biz ssenarini müzakirə etdik. Filmin yaradılmasının bütün məğzi elə bundadır - bu, hansısa sabit bir iş deyil, o, biz onu bitirənə qədər daim dəyişib. Nəticədə, biz, obrazlı desək, müxtəlif şeylərdən Frankensteyn kimi bir əcaib varlıq ortaya çıxardıq.
- Film komediya və dram arasında daim tarazlaşır. Farsa və ya melodrama düşməmək üçün bu balansı necə saxladınız?
- Burada hər şey rejissordan və ssenaridən asılıdır, əlbəttə. Komediya hissəsinə görə eqosentrik, xarizmatik, neolitkorrekt ata rolunu oynayan qəhrəman Andre Düssolye məsuliyyət daşıyır. Hər halda, ölüm - mürəkkəb mövzudur, hansı ki, biz onun haqda fikirləşməyi sevmirik. Biz necə öləcəyimizi düşünmürük. Bax, siz öz ölümünüz üçün hazırlaşmısınız?
- Hələ bu məsələ ilə məşğul olmaq mümkün olmayıb.
-Bəli, mən belə də düşünürdüm. Və elə mənim xoşuma gəlir ki, film səni bu fikirlərə sövq edir və bu barədə danışır. Son bir il ərzində, təbii ki, koronavirus dönəmindən söhbət gedir, biz yalnız ölüm haqqında eşidirik, insanlar birdən-birə ölümlü olduqlarını başa düşdülər. Bu film mənə xatırladır ki, ölüm haqqında bəzən düşünməyə dəyər. Emmanuelin, əslində, atasına kömək etmək və ya etməmək üçün heç bir seçimi yoxdur, çünki o, əvvəlcə atasının tərəfdaşı, dostu, heç bir şeyə baxmayaraq sonuna qədər gedəcək köməkçisi olmaq qərarına gəlir. Bu gözəldir, çünki ata və Emmanuel tamamilə fərqlidir və bu, onların ailəsində bir çox problemləri artırır. Aktrisa kimi mənə belə layihələr olduqca maraqlıdır, çünki onlar emosiya və ziddiyyətlərlə doludur.
- Ssenarini oxuduğunuz zaman özünüzün belə bir xahişə necə reaksiya verəcəyinizi heç düşündünüzmü?
- Mən Emmanuelin seçimi olduğunu düşünmürəm. O əmindir ki, atası heç vaxt fikrini dəyişməyəcək. Onun edə biləcəyi bir şey atasını tək buraxmaqdır ki, qoy hər şeyi özü həll etsin, xüsusən, də atası ilə belə mürəkkəb münasibətlərinin olması şərti ilə. Uşaqlıqda atası ona qarşı qəddar olanda Emmanuel atasını öldürmək istəmişdi və bacısının zarafat etdiyi kimi, indi onun belə bir imkanı var idi, amma o, bunu edə bilməz. Əksinə, bəlkə də, belə həyasız atasına görə o, çox empatik birisinə çevrilib. Mənim qəhrəmanım bir real prototipə malikdir və bütün yoldaşları onun hər kəs üçün əsl dost olduğunu söyləyirlər.
- Film özlüyündə qeyri-siyasi olsa da, onun qaldırdığı məsələlər çox böyükdür. Bu məsələnin etik tərəfi barədə sizin fikriniz varmı?
- Mən istərdim ki, belə bir fikir məndə olsun. Mənim həmişə ev heyvanlarım olub və mənim itim çox xəstə idi. O, artıq qocalmışdı. Biz həkimlərə getdik və bir dəfə həkim mənə dedi: "Sofi, mən başqa bir şey edə bilmərəm". Mən də dedim ki, nə etmək lazımdırsa onu edin. Onu iynə vurub ölüm üçün yatızdıranda hiss etdim ki, itim, nəhayət, sakitləşdi, sanki, gərginlik, ağrı-acı onu buraxdı. Onda fikirləşdim ki, necə dəhşətli imiş, mən bütün bu illər ərzində onun həyatını qoruyub saxlamağa çalışmışdım, o isə bu cür əzab çəkirmiş. Mən hiss edirdim ki, onun bədəni ağrıdan necə gərgin idi, mən isə onu yatıra, onu ovuda bilmirdim. Mən kor-koranə istəmişdim ki, o, həyat uğrunda mübarizə aparsın və o, öləndə məyus oldum ki, onu əvvəllər ağrıdan azad eləməmişəm. Və bu, çox mürəkkəb bir dilemmadır.
- Baxın, siz deyirsiniz ki, film heç də psixoloji deyil, onu təhlil etməyə dəyməz. Amma psixologiya olmadan bir film çəkmək necə mümkün olar axı? Siz özünüz də öz ampluanızda ona müəyyən bir məna çaları artırmalısınız axı.
- Mənə elə gəlir ki, tamaşaçı ekranda baş verənləri özü interpretasiya edir. Çünki vəziyyət, ümumiyyətlə, aydındır və ona çox sayda təhlil, sözlər, emosiyalar əlavə etmək lazım deyil. Bu Ozonun üslubunda deyil və bu - olduqca quru və düz xəttli filmdir. Bununla belə, o sizi gərginlikdə saxlayır və sizin bu baş verənləri özünüz yaşayırsınız kimi hiss etmənizə vəsilə olur. Məşqlər zamanı mən daha çox psixoloji olmağa çalışırdım, Ozona hansısa interpretasiyalar təklif edirdim və o, sadəcə, buna məhəl qoymurdu. Bu halda, sən meydançada bu aspektləri başında saxlamalısan, lakin onlar haqqında danışmamalısan.
- Bu filmi Kann festivalında təqdim etdiniz. Bir şey qazanmaq sizinçün vacibmi idi?
-Yox. Əgər düzünü desəm, mükafatsız qalmaq istəyirdim, əks halda mən qayıtmaq, nitq hazırlamaq, paltar axtarmaq məcburiyyətində qalacaqdım. Əlbəttə, bunlar gözəldir, amma heç bunları etmək istəməzdim. Hər halda, bu, biznesdir, mükafat qazanmaq film üçün çox gözəldir, çünki bu yolla film özünə diqqəti cəlb edir. Amma mən dəhşətli bir eqoistəm, mükafatlardan ötrü əsla sino getmirəm və bütün bu sayaq təntənələrdən uzaq olmaq istəyirəm.
- Sizi məşhur edən "Bum" filmi 40 il əvvəl ekranlara çıxıb. Necə düşünürsünüz, o, gənc nəsil üçün hələ də aktualdırmı?
- Mən qorxuram ki, bəli (gülür), bu da təəccüblüdür. Mən bəzən doqquz yaşlı qızlarla görüşürəm, onlar mənə böyük gözlərlə baxır və düşünürlər: bu xanım həmin o filmdən olan qızdır? Onlar üçün bu, yəqin ki, çox qəribədir, çünki 9 yaşlı qızın rolunu oynadığım filmə çəkilərkən mənim 13 yaşım var idi.
- Amma belə çıxır ki, onlar sizi görən kimi tanıyırlar?
- Oy, yox, bunu onlara anaları deyir, əllərini mənə sarı uzadıb deyirlər: "Bu, "Bum"dakı o qızdır”. Bu da çox gözəldir, hər halda, nəsillər arasında hansısa əlaqə lazımdır.
- Sizcə, gənc ulduzlara indi 40 il əvvəl olduğundan daha çətindir, yoxsa asandır?
- Mən onlara çox acıyıram. Bu, çox ağırdır. Əlbəttə, hər şey sənin ətrafından asılıdır, nə qədər sənin həyata ayıq baxmağından asılıdır, amma bu çox sərt mühitdir. Və indiki zamanda mən əsla məşhur bir yeniyetmə olmaq istəməzdim, çünki ümumiyyətlə indiki yeniyetmə və gənclər müdafiəsizdirlər. Mənə şöhrət gəldikdə, dərhal müstəqil olmağı öyrəndim və indi bu cür tryukların işləməyəcəyini düşünmürəm.
-Kino sənayesi sahəsində çoxları şikayət edir ki, indi hamı yalnız böyük filmlərdə, blokbasterlərdə maraqlıdır, kiçik layihələrə isə nə zaman, nə də pul qalır. Bu dəyişiklikləri özünüzdə hiss edirsiniz?
-Mənə elə gəlir ki, incəsənət həmişə olacaq. Həqiqətən, bu günlərdə hər şey sənayeyə çevrilib, o cümlədən kino da. Bu, əhəmiyyətsiz istehlaka bənzəmirmi? Amma eyni zamanda, biz tərəqqi edən texnologiya dövründə yaşayırıq, belə ki, bu dövrdə mədəniyyətə çox da yer yoxdur. Və əgər tarixə nəzər salsaq, görərik ki, həmişə texnologiya yüksəlişdə olanda, mədəniyyət üçün mövcudiyyat çətin olur. Eyni zamanda, cəmiyyətdə həmişə fərqli düşünən insanlar var, belələrinə ağ qarğalar deyirlər. Onlar necə olsa da optimistcəsinə yaratmaqda davam edirlər, festivallarda iştirak edirlər. Unutmayın ki, hətta blokbasterlər belə, xırda, səfil mədəniyyətdən ilhamlanır. Onlardan əvvəl yaranmış kiçik layihələr olmadan heç bir blokbasterin yaranışı mümkün deyil. Ruhdan düşmək lazım deyil, zira, rəssamlar həmişə tapılacaq.
Şəkillərdə: Sofı Marso "Hər şey yaxşı keçdi" filmində və “Bum” filmində