24 sentyabr. Xalq artisti Əminə Yusifqızının 85 illiyi
Onun səsi o qədər cazibədardır ki, hər kəsi öz sehrinə sala bilir. Əminə Yusifqızı 1936-cı il sentyabr ayının 24-də Bakı şəhərində anadan olub. 1955-1959-cu illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. Hələ məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. 1956-1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1964-1975-ci illərdə Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. Teatrda xeyli oğlan rolları da oynayıb. Aktrisa dublyaj, səsləndirmə sahəsində də fəaliyyət göstərib. Bununla yanaşı, o, bədii qiraət ustası kimi də tanınır. Bax, ən çox da aktrisa bu ampluada sevilir. Bir vaxtlar dövlət konsertlərində onun şeir oxumasını hamı səbirsizliklə gözləmirdimi?
Əminə xanım 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Lena (“Ürək... Ürək...”), Firuzə (“Tənha narın nağılı”), Nadejda İvanova (“Skripkanın sərgüzəşti”), Xidmətçi (“Musiqi müəllimi”), Qaraçı (“Qaraca qız”) və s. bədii filmlərdə və televiziya tamaşalarında çəkilib. 1982-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2010-cu ildə aktrisaya Cəfər Cabbarlı mükafatı verilib. 2016-cı il sentyabr ayının 14-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə o, “Şöhrət” ordeni ilə təltif olunub. Bu gün Əminə xanımın günüdür, onu hamılıqla təbrik edək gəlin!
24 sentyabr. Beynəlxalq sarvan günü
Haçansa karvanlar vardı, uzandıqca uzanan karvan yolları ilə irəliləyirdilər, onları sarvanlar idarə edirdi. Belə yollardan biri də İpək yolu idi, qədim Azərbaycandan keçib Şərqi Qərbə calayırdı. O vaxtlar karvanlar təkcə məsafə qət etmək vasitəsi deyildi, həm də güvən yeri idi, belə ki, hamı tək yola çıxmaqdansa karvana qoşulmağı üstün tutardı, belədə təhlükələrdən də vaz keçilirdi. Karvan rəmzi məna daşıyırdı, həmrəylik demək idi həm də. Karvanlara ən intuitiv, ən dözümlü, ən cəsur insanlar sarvanlıq edərdi, o vaxtlar indiki kimi deyildi, işə tanışlıqla, rüşvətlə adam götürməzdilər, ona görə də iş həmişə effektli alınırdı.
Bəs niyə sarvan günü sentyabrın 24-də qeyd edilsin ki? 24 sentyabr məşhur Britaniya dəniz səyyahı Adam Uilyamsın doğum günüdür. O, Yaponiya sahillərinə gedib çıxmış ilk avropalıdır. Bir neçə gəmi Sakit okeanla məqsədə doğru irəliləyirmiş, gəmi karvanının sarvanı isə Adam Uilyams imiş.
Bəzən həyatda da sarvanlar olur. Ölkələrin, xalqların sarvanları. Allah hər kəsə yaxşı sarvan bəxş etsin!
Varisin “21-30 sentyabrın təqvimi” yazısından.