Bu gün ”İnsanı xoşbəxt etmək dünya yaradılan zaman planlara daxil edilməmişdir” söyləmiş Freydin anım günüdür

 

23 sentyabr. Son baharın gəlişi

 

Çox təəssüf ki, biz azərbaycanlılar bu günü qeyd etmirik, amma dünyanın əksər xalqları üçün son baharın gəlişi əsl bayram hesab edilir. İsti yaydan sonra və soyuq payız ərəfəsində bax bu qısa bir müddət var ki, hava ən ideal halına yetişir, insan hey gəzmək, təbiətə çıxmaq istəyir. Son bahar kədər qarşısında sevincin təslim olması ərəfəsidir, ondan yararlanmamaq insafdan deyil.

 

Yadıma məşhur fransız müğənni Co Dassenin dillər əzbəri olmuş “Son bahar” (L’ete indien) mahnısı düşdü.

 

23 sentyabr. “Məni unutma” günü

 

Çox romantik bir gündür. Hər ilin sentyabr ayının dördüncü cümə axşamında qeyd edilir. Bu dəfə də məşhur türk müğənnisi Sezen Aksunun “Məni unutma” mahnısını xatırladım. “Məni unutma” kəlmələri ayrılıq zamanı deyilən ən təsirli kəlmələrdir. Sevənlər niyə bir-birinə bunu deyir, onsuz da həqiqi sevgi yaşayıblarsa onlar bir-birinin ruhuna çöküblər, səsinə, baxışlarına, xatirələrinə şöküblər, onsuz da unutmaq mümkün olmayacaq, onsuz da ölmək unutmaqdan daha asan olacaq. Bununla belə, bu kəlmələr vida kəlmələri kimi səslənir, “xoşca qal”, “əlvida” kəlmələrindən sonra əllər bir-birindən qopur və hərə öz səmtinə bir neçə addım atdıqdan sonra son olaraq “məni unutma” deyə səslənirlər. Əgər kimlərsə vəfasızlıq edib unudublarsa da, bu gün unutduqları kəsləri xatırlasınlar, xatırlamasalar günaha batmış olacaqlar.

 

Hərə öz məhrəm xatirəsi ilə yaşayacaq bu gün. Bu gün fərqli bir gün olacaq.

 

Bilirim herkes payına düşeni yaşar,
Ve her yeni günde değişir hep bir şeyler,
Sen de kendi payından bir hatıra seç ne olur

 

O ben olayım beni unutma.

 

23 sentyabr. Zaman kapsulası günü

 

1938-ci ildə Nyu-Yorkda Ümumdünya yarmarkası günündə yerə zaman kapsulası basdırılıb, qərara alınıb ki, bu kapsula 5001 il keçəndən sonra – 6939-cu ildə açılsın. Zaman – bizi sürətlə gəncliyimizdən, əvvəlki vərdişlərimizdən, xarakterik xüsusiyyətlərimizdən, dost-tanışlardan, doğmalardan uzaqlaşdıran bir kabusdur əslində. 5001 il sonra insanlar həmin o 83 il əvvəl yerə basdırılmış kapsulanı qazıb çıxaracaqlar, “eh fani dünya” deyib əvvəlki – onu basdıran insanları xatırlayacaqlar. Və 5001 ilin necə keçməsinin, neçə milyard insanın doğulmasının, neçə milyardının vəfat etməsinin, hansı müharibələrin, epidemiyaların, təbii fəlakətlərin baş verməsinin fərqində belə olmadan təntənəli bir törən də keçirəcək, ölümsüz olan zamanın şəninə təriflər qoşacaqlar. Bəlkə 5001 ildən sonra çıxarılası bir kapsula da onlar basdıracaqlar.

 

23 sentyabr. Müxtəlifliklər günü

 

Dama günüdür, dama həvəskarları mütləq bu gün vaxt tapıb bir-iki partiya oynasınlar gərək.  Dama ilə arası olmayanlar Beynəlxalq Jestlər Gününün şəninə bir-biriləri ilə jestlərlə danışsınlar. Jestlərlə arası olmayanlar isə Məktəblilərin orta məktəbi bitirməmələri ilə mübarizə gününə öz töhfələrini versinlər, məktəbi atıb avaraçılıqla məşğul olan birisini tapıb onu tənbeh etsinlər. Buna da həvəsi olmayanlar bir teleskop tapıb Günəş sisteminin səkkizinci planeti olan Neptun səmtə baxsınlar, özünü görməsələr belə onu hiss etsinlər, axı 1846-cı ilin bu günkü günündə İoqann Halle Neptunu kəşf edib. 

 

Tarixsevərlər eradan əvvəl 63-cü ildə doğulmuş əzəmətli Roma imperatoru Oktavian Avqustu, fəlsəfəsevərlər isə 1939-cu ildə dünyasını dəyişmiş Ziqmund Freydi yad etsinlər. Freydin aforizmlərindən birini misal gətirmək istədim, amma dördünü gətirəsi oldum:

 

    İnsan xaricdən nə qədər gözəl olarsa, onun daxili bir o qədər çirkindir.

 

   Təəssüf ki, boğduğumuz hisslər ölmür. Həmin hisslər içimizdə böyüyərək bizə zərər verməyə başlayır.

 

   Hər bir insanın başqalarından gizlətdiyi arzular mövcuddur. Hətta özünə etiraf etməyə qorxduğu arzular da var.

 

   İnsanı xoşbəxt etmək dünya yaradılan zaman planlara daxil edilməmişdir.

 

Varisin “21-30 sentyabrın təqvimi” yazısından

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.