Super User
Super Mario oynayan nazir, hanniballardan müstəqillik dərsi və ilk dünya gözəli
11-20 sentyabrın təqvimi Varisin təqdimatında
11 sentyabr. Ümumdünya terrorizmlə mübarizə günü.
2008-ci ildən bəri qeyd edilən bu gün 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda baş vermiş faciənin ildönümünün qeyd edilməsinə hesablanır. Bildiyiniz kimi, həmin gün ekiz göydələnlərdə 2996 nəfər həlak olub. Amma mən terrorizmlə mübarizə gününün bu dar çərçivəyə salınmasının əleyhinəyəm. Çünki dünyada ən böyük terrorizm erməni terrorizmidir, bütün xalq bu bəlaya tutulubsa, demək onların dəvası belə yoxdur. Bir dəfə təyyarəyə minib iki ekiz göydələnə çırpılmaq hara, yüz illər bütün dünyada yüz minlərlə insanı qanına qəltan etmək, idarə və müəssisələri, aeroportları, bankları partlatmaq hara. Və mən inanıram ki, haçansa biz ölkə kimi nailiyyətlər əldə edib öz imicimizi düzəltsək, səslər arasında səsimiz eşidilsə, bax onda dünyaya təklif edəcəyik ki, 26 fevral Ümumdünya erməni terrorizmi ilə mübarizə günü kimi təqvimlərə düşsün və elliklə qeyd edilsin.
11 sentyabr. Xəbərlərsiz yaxşı gün.
Bu günün anlamı nədir? Hər gün media, sosial media, sözgəzdirən qonşular, xəbərçi rəfiqələr və dostlardan yüzlərlə xəbər alırıq, əksərən bədbin, qorxulu, həyəcanverici olan bu xəbərlər bizi təlaşlandırır, bəzən sarımızı belə udur, hətta apatiya vəziyyətinə belə düşürük. Mütəxəssislər qeyd edir ki, ildə bir dəfə “az aşım, ağrımaz başım” deyibən xəbər eşitməkdən vaz keçmək lazımdır. Qulağınız dinc qalarsa, demək, qanınız da qaralmaz. Bu şərtə, sizcə, əməl edə bilərikmi? Ay-hay!
11 sentyabr. Pravoslavların Novruz bayramı
Bəli, bəli. Heç bir səhvlik yoxdur. Bu gün koptlar – Misirin pravoslav kilsəsinə itaət edən etno-dini qrup üçün yeni ay gəlir – Thout ayı. Bu da yeni ilin başlanğıcı deməkdir. Koptlarda bu gün Nayruz (yeni gün) adı altında bayram edilir. Deməzsənmiş, xristianların da Novruz bayramı var imiş. Kopt təqvimi həbəş təqvimi ilə oxşardır. Koptlar Misirdə, Sudanda, eləcə də Şimalı Amerikada yaşayırlar. Liviyadakı ən böyük xristian icmasını da koptlar təşkil edirlər. Sayları 10 milyona çatır, yəni ki, elə bizim qədərdirlər. Tarixə görə, ərəblər 641-ci ildə Misiri ələ keçirib İslam dinini yayanda xristianlıqdan əl çəkməyərək inad göstərən koptlara əvvəlcə təzyiq olunmuşdur, amma onların qılınc gücünə müsəlman olmayacaqlarını anlayandan sonra ərəblər koptların başlarını buraxmışlar.
Məşhur ərəb mütəfəkkiri Lui Avad da koptdur. Daha bir məşhur kopt Ənvər Sadatın dövründə Misirin xarici işlər naziri işləmiş, sonradan BMT-nin başında durmuş Butros Butros-Qalidir. Digəri isə biznesmen Naqib Sivirisdir ki, dünyanın 100 ən varlı insanı sırasında yer alır.
Yəqin ki, koptlar şəkərbura bişirməz, tonqalın üstündən atlanmaz, kosa-keçəl şəbədəsi çıxarmaz, yaxud qapı pusmazlar, amma Novruz bayramı keçirmələri özlüyündə onları mənə bir köynək yaxınlaşdırdı, odur ki, burdan səsimi duymasalar belə koptlara səslənirəm, qoy mənim Novruz təbriklərimi qəbul etsinlər.
11 sentyabr. Ümumdünya ilk tibbi yardımın göstərilməsi günü
Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının üzvlərinin təşəbbüsü ilə təqvimə salınan bu gününü əsas məğzi tibbi yardıma ehtiyacı olan, amma normalda bundan yararlana bilməyən insanları sadə tibbi müdaxilə yolu ilə iztirabdan qurtarmaq, ağrısını yox etmək, geniş anlamda isə ölümdən xilas etmək, sağlamlığa qaytarmaqdır. Adətən, ekstremal tibbi yardıma ehtiyac zərurəti qəfildən, xüsusi tibbi təhsili olan insanlar istisna edilən yerlərdə, zaman defisiti şəraitində yaranır. Belə hallarda ən əsası, panikaya düşməmək, hər saniyə həlledici olduğundan qəti və sürətli hərəkət etmək gərəkiyir. Tibbdə “qızıl saat” deyilən bir zaman var, tibbi müdaxiləyə ehtiyacı olan şəxs məhz həmin zamanda tibbi yardım alırsa, ona xətər toxunmur. Yəni, insan orqanizminin qəfil ciddi xəsarət alarkən stabil vəziyyətini qoruması müddəti ilk bir saatdır, bədbəxt hal baş verərkən məhz ilk birinci saatda həyata keçirilən tibbi müdaxilə ciddi xəsarətləri minimumlaşdırır.
İlk tibbi yardımın göstərilməsi müharibə zonasında, döyüşlər zamanı da qaçılmaz olur. 44 günlük müharibə zamanı qəhrəmanlıqla yaralı əsgərlərə ilk tibbi yardım göstərən tibb bacılarımızı, gəlin, alqışlayaq, bu gün onlara diqqət göstərmək vacibdir, zəruridir.
11 sentyabr. Pinoçet, Krım zəlzələsi, “şeytan əməli”
Ruslar hərbi rəşadət gününü qeyd edirlər. Bu, admiral Uşakovun eskadrasının Tendra burnunda türk eskadrasını məğlub etməsinin şərəfinədir. Demək, ideologi cəhətdən ikiyə bölünmüş Şimalı Azərbaycanımızda ruspərəstlərçün bayram, türkpərəstlər üçünsə matəm günüdür. Ukraynada bu gün eyni zamanda həm kino günüdür, həm də bədən tərbiyəsi və idman günüdür. Kino demişkən, Sovet dönəmində ən gözəl filmləri ruslar deyil, ukrainlər çəkirdilər, Dovjenko adına kinostudiyanın çəkdiyi hər bir film ekranlara çıxanda hamı nəfəsini belə dərmədən gözünü ekrana zilləyir, nə isə fövqəladi bir filmə baxacağına inanırdı. Bir xatırlıyın onlardan ən azı birini – “Geriyə yol yoxdur” filmini. İkinci dünya müharibəsindən bəhs edən Mayor Toporkovun filmi. Həqiqətən də əsl kino incisi idi.
Bu gün Efiopiyaya yeni il gəlir, sən demə həbəşlərin Məskərəm deyilən ayı bu gün qədəm qoyurmuş, həbəş təqviminə görə də, bu, yeni ilin başlanğıcı demək imiş. Amerikalılar bu gün bulka gününü qeyd edirlər, niderlandlılar varislik gününü. İsveçrədə daha maraqlı bir gün qeyd edilir – Knabenşissen günü. Ağlı kəsən ox-yay, tüfəng götürüb hədəfivurma yarışlarına qatılır, ən dirigözlülər mükafatlar qazanır. İspaniyadakı katalonların bu gün milli bayramıdır – milli katalon günü. Dost Pakistanda da bu gün milli günüdür. Bu gün Pakistan dövlətinin atası və qurucusu sayılan Mühəmməd Əl Cinnənin vəfat etdiyi gündür.
Diktator Pinoçetin adını eşitmisiniz yəqin. 1973-cü ilin 11 sentyabrında o, qanuni prezident Salvador Alyendeni devirərək hakimiyyətə gəlmiş, xunta yaratmışdı. 1927-ci ilin 11 sentyabrında Krımda – Fedosiyadan Sevastopola qədər çox nəhəng bir ərazidə dəhşətli bir zəlzələ baş verdi ki, həmin zəlzələ İlflə Petrovun “12 stul” romanının süjetinə düşdü. 1888-ci ilin bu günündə tarixdə ilk dəfə olaraq Torontoda insan səsi yazıldı. Deyilənə görə, səsyazmadan sonra bu səs səsləndiriləndə adamlar “şeytan əməli” deyərək başlarını tutub qaçıblarmış.
1885-ci ildə 20-ci əsrin əvvəllərinin ən sanballı ingilis yazışısı Devid Lourens, 1816-cı ildə məşhur alman optik mühəndisi Karl Seys dünyaya gəlmişlər.
12 sentyabr. Şair Novruz Gəncəlinin 100 illiyi
Şair xalqın şair övladının 100 illik yubileyidirsə ondan necə bəhs etməyəsən ki? Nоvruz İsmаyıl оğlu Sаdıqоv - Novruz Gəncəli 1921-ci il sеntyаbr ayının 12-də Bаkı şəhərində аnаdаn оlub, 8 yaşında ikən atasını itirib, qardaşının himayəsində yaşayıb, Gəncəyə köçüblər, Tохuculuq fаbriki nəzdindəki оrtа məktəbdə ibtidаi təhsil аlıb, sonra toxuculuq fabrikində işləyib. Sonra yenidən Bakıya qayıdıb, bu dəfə təhsil almağa. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Şair taledən növbəti zərbəni alıb, bu dəfə qardaşını itirib, qardaşının ölümü ilə əlaqədar olaraq əyani təhsildən qiyabi təhsilə keçməli olub. 1941-1943-cü illərdə Lerik rayonunun kəndlərində müəllim və məktəb müdiri vəzifələrində işləyib. 1943-1946-cı illərdə yeni təyinat alıb, Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında çalışıb, DTK-dan sonra mətbuat sahəsi ona qucaq açıb, 1946-1949-cu illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında, Azərbaycan Baş Mətbuat İdarəsində, 1949-1950-ci illərdə isə Аzərbаycаn Yаzıçılаr İttifаqının “Nаtəvаn” klubundа çаlışıb. Növbəti vəzifəsi artıq partiya işi olub - Аzərbаycаn KP MK Təbliğаt və Təşviqаt şöbəsində təlimаtçılıq edib. Yaradıcılığa erkən yaşlardan başlayan Novruz Gəncəli hələ 22 yaşı olarkən “Odlu ürəklər” (1943) adlı ilk kitabına sevinib. Müharibə dövrüydü, əsas mövzu sevgi və qəhrəmanlıq idi. Ömrünün sonuna kimi yazıb yaradan şairin sağlığında 14 kitabı çap olunub: “Unudulmaz günlər” (1949), “Üç dost” (1953), “Könüllər açılanda” (1954), “Şah və tutuquşu” (1973), “Əbədi dost” (1984) və s.
N.Gəncəli həmçinin bir sıra xarici ölkə ədəbiyyatından dilimizə nümunələr də tərcümə edib, C.Bаyrondan, B.Brехtdən, Abaydan, Mixaydan. Şair 1995-ci il oktyabr ayının 19-da Bakıda vəfat edib. Ruhu şad olsun! Bilirsiniz, əgər şairin özündən sonra cəmi bircə şeiri yadıgar qalırsa, dillər əzbəri olursa nə xoş o şairə. Novruz Gəncəli də bir dəfə həqiqətən “tutuzdura bilib”, söhbət “Ananın səsi” şeirindən gedir. Həmin şeir zamanında minlərlə insanın yaddaşına həkk olunub. Gözəl bəstəkarımız Ələkbər Tağıyevin bu şeirə yazdığı mahnı SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında tez-tez oxunub, populyarlaşıb. İndi bir bənd yazacağam, dərhal xatırlayacaqsınız:
Ana qəlbim odlanır, söz düşəndə davadan.
Bəs deyilmi ey insanlar, töküldü qan, axdı qan?
Bəs deyilmi, qara torpaq su içdi göz yaşından.
Yer üzündə dostu olsun, gərək insan insanın,
Qəlbimdəki bu arzular, arzusudur zamanın.
Mən anayam bu səsimdə yerin, göyün, dərdi var.
Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar!
12 sentyabr. Faşizm qurbanlarının xatirəsi günü
Faşizmdən bütün dünya zərər çəkib. Ən qorxulu ideologiya – insanı damarında daşıdığı qana görə doğuluşundan günahkar elan edən ideologiyadır, bunun adı nasizmdir, bu gün nasizmin faşizm qolu artıq tarixin arxivlərinə atılıb, amma onun ermənizm qolu geniş vüsət almaqda, at oynatmaqdadır.
1962-ci ildən hər il sentyabrın ikinci bazar günündə faşizm qurbanlarının xatırəsini anmaq qərara alınıb, bəs niyə sentyabrın, çünki ikinci dünya müharibəsinin başlanğıc günü də, bitmə günü də sentyabr ayına düşür. Tarixin naxışına baxın, müharibə ayrı-ayrı illərdə olsa da 1 sentyabrda başlayır, 2 sentyabrda bitir.
Bu gün insanlar qəbiristanlıqlara gedir, memorial kompleksləri ziyarət edirlər. Müharibədən ən çox itki vermiş rus, yəhudi, ukrain, belorus xalqlarıdır. Təbii ki, bizim xalqımız müharibə zamanı ərazimiz işğal edilməyib deyə yalnız döyüşçü sarıdan itkilər verib. Amma müasir faşizmin yeni cərəyanı sayılan ermənizmin torpaqlarımızı işğal edib əhalimizi qıran, şikəst edən, əsir düşərgələrində incidən müasir simasını xalq olaraq mütləq lənətləməliyik, ən azı Qubada 1918-ci il qurbanlarının Memorial kompleksində, yaxud Bakıda Xocalı qurbanlarına həsr edilmiş Ana fəryadı abidəsinin önündə.
12 sentyabr. Beynəlxalq Durna Günü
Necə də romantik səslənir. Bu gözəl quşları hansı şair vəsf etməyib? Onların zərifliyi, qaməti, uzun boyunları, ipək tükləri zərb məsəllərə çevrilib, dilimizdə möhkəm yer tutub. Sən demə, bu quşlar ən qədim canlılardan hesab olunurlar, onların əcdadları 40-60 milyon il əvvəllər yaşayırmışlar, dinozavrların həmkarları imişlər. Hazırda durnalar Avropa, Asiya, Amerika və Avstraliyada, su hövzələri ilə bağlı şəkildə, dəstə halında yaşayırlar, monoqamdırlar, yəni evlənib-boşanmağa alüdə olan insanlardan fərqli olaraq bir dəfə cütləşib ömürlərinin sonuna qədər bir-birilərinə sadiq qalırlar. Vəhşi təbiətdə yaşayan bu quşların ömrü 20-30 il olur. Uçuşda 10 kilometrəcən yüksəkliyə qalxa bilən bu quşların bəzi növləri köçəri olsa da bəziləri iqlimə öyrəşərək payızda isti ellərə köç etmirlər. Amma bizim təsəvvürümüzdə durna köç edən quşlara deyilir. Soyuqlar düşəndə isti ellərə köçən quşlar eynən çətinliyə düşəndə yaşamaq asan olan ölkələrə köç edən mühacirləri xatırladırlar. Amma durnalar əmindirlər ki, yenə yaz gələcək, istilər düşəcək, onlar da ellərinə-obalarına dönəcəklər. Mühacirlərin isə gedişi əksərən əbədi olur. Hər il “bəlkə bu il düzəldi” deyib vətəndə vəziyyətin yaxşılaşacağına ümid edir, ili ilə sataraq sonlarını yaxınlaşdırırlar.
Sizə müştaq durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları.
Asta qanad çalın, qafil telləri
Heyifdir, salarsız düzə, durnalar.
13 sentyabr. Proqramçı və kompüterçi günü
Hər ilin 256-cı gününü proqramçı və kompüterçi kimi qeyd etmək ənənəsi var. Niyə 256? Bu, bir baytın köməkliyi ilə ifadə ediləsi mümkün olan rəqəm sayıdır. Adətən, proqramçı deyəndə fikrə personal kompüter qarşısında əyləşmiş şəxs gəlir, zira, məsafə idarəsi pultundan tutmuş proqram idarəli mürəkkəb istehsal dəzgahlarınacan hər bir elektron cihaz özlüyündə proqramlaşdırma mühəndisinin əlindən keçir. Televizora baxırıq, radio dinləyirik, telefonla danışırıq, bunların hər birini proqramçı yaradıb. Bir görün, bu gün nə qədər insanın bayramıdır. Təbrik edək hamısını. Gələcəyin ən çox tələb edilən sahələrində əyləşiblər, seçimləri gözəldir, çörək pulu qazanmaq problemi görməzlər əlbəttə ki.
13 sentyabr. Roald Dal günü
Sən bir xalqın yazıçısı olasan, amma digər xalqlarda da o qədər seviləsən ki, ilin 365 gününün biri sənin günün ola, həmin günü dünyada qeyd edələr. Roald Dal adı bizə nəsə deyirmi? Bu, Şekspir deyil, Hemenquey, Höte, Balzak, Hüqo deyil, heç Markes də deyil, əksəriyyətimiz onun adını belə eşitməmişik, di gəl, təqvimdə onun adına gün salınıb. Bəs kimdir Roald Dal? 1916-cı ilin bu günündə doğulan norveç əsilli Britaniya ədibi, çoxsaylı romanlar, nağıl və novellalar müəllifi olan yazıçı, şair, ssenarist. Onun prozası öz gözlənilməz sonluqları ilə, uşaq kitabları isə sentimentalizmdən uzaqlığı, qara yumoru ilə məşhurdur. Ədəbiyyat üzrə bəs qədər mükafatlar alan Roald Dal günü Avropada Böyük Britaniya və Nörveçdə, Latın Amerikası və Afrika ölkələrində zəruri şəkildə qeyd edilir, digər dünyada isə ən azı ədəbiyyatsevərlər onu anırlar. Biz də bu gün adını eşidib hafizəmizə yazsaq bəsimizdir. Barı bundan sonra bir əcnəbi bizə “Roald Dal gününüz mübarək” deyəndə, ən azı bunu hansısa Halloween günü ilə qarışdırmarıq.
13 sentyabr. Başqa birisini günahlandırmaq günü
Maraqlı bir gündür, deyilmi? Bu gün bilirsiniz kimə aiddir? Həmişə hər şeydə “nə yemisən, turşulu aş” deyib eyni adamı ittiham edənlərə. Onlara xitabən bu günü yaradıblar ki, atam-qardaşım, ildə bir gün get bir başqasından yapış, bu binəvaya bircə gün dinclik ver. Uğursuz ailə başçısı hər şeydə həyat yoldaşını, səbatsız müdir referentini, məşqçi yetişdirməsini günahkar bilmirmi, bilir. Ağzından gələni demirmi, deyir. Bu gün bunu edə bilməyəcək. Hüququ pozulanlar, bu gün belə hal təkrarlansa inamla Haaqa məhkəməsinə müraciət edib təzminat qopara bilərsiniz, ianın mənə.
13 sentyabr. Sem dayının günü
Bu gün dünyanın super güclü dövləti hansısa banan, piroq, yaxud kotlet gününü qeyd etmir, Sem dayının gününü qeyd edir, ona görə də bu rəsmi bayrama görə amerikalılara təbrik düşmürmü, düşür. Sem dayını tanımayan olmaz yəqin ki, ABŞ-ın simvollarından biridir. Bu simvolun proobrazı Sem Uilson 1776-cı ilin 13 sentyabrında doğulduğundan bu gün Sem dayı günü kimi bayram edilir.
Öz aramızdır, Sem dayı yaxşı səslənir, onu dilimizə Sem əmi kimi tərcümə etsəydik uğursuz alınardı. Siz heç eçitmisinizmi deyələr, filankəsin yaxşı əmisi vardı, onu qabağa çəkdi? Əsla yox. Qabağa çəkən, arxa-dayaq olan ancaq daydaylar olur. Amerika da dünyada ən yaxşı arxa-dayaq sayıla bilər, onun statusu dayılıqdır, əmilik yox.
13 sentyabr. Pozitiv düşüncə günü
İnsan beyni fəaliyyəti müddətində yalnız düşünür. İnsanın yaşadığı mühitdən asılı olaraq bu düşüncələr pozitiv, yaxud neqativ olur. İndi dünyanın ən pis vaxtıdır, hər şey bir yana, koronavirusun həmləsi hamını qorxu, xof içinə salıb. Təsəvvür edin, əhalisinə qarşı ən diqqətli və qayğıkeş olan İsrail dövləti ən bahalı və ən keyfiyyətli hesab olunan Moderna və Pfizer/BioNTech vaksini alıb vaksinasiya edib, iki gün öncə rəsmi məlumat yayılıb ki, vaksin olunmuş hər 100 insandan 10 nəfəri yoluxanlar sırasındadır. Bu, katastrofik nəticədir. (Əlbəttə ki, gəlin Azərbaycanda bu sahədəki pripiskanı, guya yoluxanların 99 faizini vaksin olunmayanların təşkil etməsi “faktını” nəzərə almayaq). Belə dönəmdə insan neqativlikdən necə çıxsın, necə pozitiv düşünsün axı? Bundan əlavə, gün-güzəranın yaratdığı problemləri də əlavə etsək, bugünkü statistik insanın durumu tam çılpaqlığı ilə göz önündə dayanar. Bununla belə, bu gün – 13 sentyabr günü insanlığa bir çağırış var, gəlin pozitiv düşünək, kədərə əyilməyək. Cəmi bircə gün bütün dərdi-sərimizi unuda bilərik axı.
13 sentyabr. Super Mario günü
Aman aman, unutmaqmı olar, bu gün həm də Super Mario günüdür. Bəli, məhz həmin o məşhur Dendi, Sega oyunu. O oyun ki, ilk dəfə 1985-ci ildə Yaponiyada yaranıb, həmin il ABŞ-a, iki il sonra da Avropaya təşrif buyurub. Bu oyunun baniləri Famicom komandasının üzvləri Siqeru Miyamoto və Takaşı Tedzukadır, oyun təqdim olunanda onu “möhtəşəm kulminasiya” adlandırmışdılar. Tezliklə bütün dünya əlinə pult alıb Marionu və qardaşı Luidcini Göbələklər krallığı ərazisi ilə təqiblərdən vaz keçirəə-keçirə səyahət etdirməyə, bununla da Odlu çiçək, Super göbələk, Ulduzlu adam kimi bonuslar toplamağa başladı. Bir oyun bütün dünyanın beynini işğal elədi. Azərbaycanı da həmçinin. 90-cı illərdə adi insanlar oyun salonlarına doluşdular, imkanlılar qurğuları alıb evlərində hərəkətə keçdilər. Beləcə, Super Mario gündəmimizi zəbt elədi. Hətta deyilənə görə, kabinet qapılarını kilidləyib, katibələrinə “Məni soruşan olsa de ki, iclasdadır” tapşırığı verib Super Marioya sarmaşan yüksək çinli məmurlarımız da az olmayıb, xalqın taleyini həll etmək əvəzinə Marioyla Luidcinin taleyini həll ediblər.
13 sentyabr. Şokoladlı araxis, bir də şəhid uşaqlar
Amma elə düşünməyin ki, möhtərəm amerikalılar Sem dayının gününü qeyd edirlərsə, yeyib-içmək yaddan çıxıb. Qidalarla bağlı bu gün ABŞ-da düz iki bayram var. Milli şokolad günü və Araxis (yox, bunun qarşısında milli sözü qoyulmayıb) günü. Bu gün üçün daha gözəli araxisin üzərinə şokolad yaxıb yemək olardı əlbəttə. Braziliyalıların bu gündən başlayaraq bir həftə Farrupilya bayramını qeyd etməsini də dilə gətirək. Bu, 1835-ci ildəki bir hərəkatın şəninədir ki, Braziliyada aborogen qəbilə olan qauçosların liderlərinin qələbəsi ilə nəticələnən Farrupilya inqilabı baş verib. Meksikada bu gün uşaq-qəhrəmanlar günüdür, deməzsənmiş, 1847-ci ilin bu günündə Meksika –Amerika müharibəsi zamanı Çapultepeke döyüşündə əsgər heyəti qalmayan meksikalılar düşmənin qarşısına uşaq kursantları çıxarmağa məcbur olublarmış, onlar da hamısı həlak olubmuş. Bu gün dünyanın bir qism ölkələrində xərçəng xəstəliyi ilə mübarizə günü kimi də qeyd ediləcək.
14 sentyabr. Diqqətsizlik bəlası
CAR-lılar bu gün çox maraqlı bir günü qeyd edirlər: diqqətin və hiperaktivliyin defisiti sindromu gününü. Demək, belə bir sindrom var imiş. Əslində o sindrom indi bütün dünyada hakimi-mütləqdir. Dövran insanları çox qayğılandırıb, pandemiya, müharibələr, təbii fəlakətlər, yoxsulluq, səfalət hamını üzür, fikir insanı incidir, passiv və diqqətsiz edir. Diqqətsizlikdən isə böyük problemlər törəyir, deyilmi? Elə hər şeyi bir kənara qoyaq, bir sürücü diqqətsizlik elədi, bir avtobus insanı qəzaya saldı, bir farmasept diqqətsizlik elədi, bir düjin xəstəni qırdı, bir kulinar diqqətsizlik elədi, bir obanın camaatını zəhərlədi. Cənubi afrikalılar ilk olaraq bu sindromu diqqət mənbəyi ediblərsə alqış onlara.
14 sentyabr. Sevgi duyğularının mükəmməl ifadəsi
Elə ədiblərimiz var ki, bircə əsərlə özlərini milyonlara sevdirə biliblər. Onlardan biri də Azərbaycan teletamaşa tarixinin ən qızıl səhifələrindən olan “Səni axtarıram” trilogiyasının müəllifi Aslan Qəhrəmanovdur. 1939-cu ilin bu günündə dünyaya gəlmiş ədib həmin o üç tamaşayla – “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz”lə sevən qəlbləri riqqətə gətirməyibmi, gətirib. Üstəlik, Yaşar Nuri ilə Firəngiz Mütəllimovanın təkrarsız ifası günü bu gün də unudulmur. Biz – 80-ci illərin yeniyetmələri üçün Elçin və Gülnar Leyli və Məcnun, Romeo və Cülyetta qədər məhəbbət simvoluna çevrilmişdi, inanırsınızmı? Gəlin ədibimizə bir Allah rəhmət eləsin deyək.
14 sentyabr. Kremli ponçik yeyən meksika süvarisi
Əlbəttə, ABŞ-da bu gün “Submarin” sendviçi və kremli ponçik günüdür. Birincidən dadmasam da ikinci çox dadlıdır, nuş olsun onlara. Hindistanda Hindi-diva günüdür, 1949-cu ilin bu günündə ölkədə hindi dili rəsmi dil kimi qəbul edilib. Meksikanlarda isə bu gün süvari günüdür. Bir köhlən atın ola, tumarlayıb, əzizləyib belədən-belə çapasan, elədən elə.
1937-ci ilin bu günündə hay-lek stilinin yaradıcısı, Pritsker mükafatı laureatı, italyan memarı Penso Piano dünyaya gəlib, 1867-ci ilin bu günündə Karl Marksın məşhur “Kapital” əsərinin 1-ci cildi işıq üzü görüb. 1829-cu ilin bu günündə Andrionopol sülh müqaviləsi ilə Rusiya – Türkiyə müharibəsi başa çatıb, 1769-cu ildə bitki coğrafiyasının yaradıcısı, alman ensiklopedist alimi, botaniki, zooloqu və səyyahı Aleksandr fon Humbolt doğulub.
15 sentyabr, Bakının azad olunduğu gün
Təqvimdə elə günlər var ki, bir xalqın bütün sonrakı müqəddəratını o günlər həll edir, xalqın mövcudiyyatını təmin etmiş olur. Azərbaycan xalqı üçün də belə günlər, təbii ki, istisna deyil. Sentyabrın 15-i Bakının bolşevik-daşnak, yəni rus-erməni işğalından azad olunduğu gündür. 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də türk oğlu türk Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməklə Azərbaycanın müstəqilliyi təmin edib, ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyub. Tarix mahiyyətcə eynidir, məzmunca nisbətən fərqlənir.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Yazılanlara görə, Bakı, Şamaxı və Quba qırğınlarından sonra gözüqıpıq qalan həmvətənlilərimiz Türk ordusu tərəfindən bolşevik-daşnak birləşməsinin burnunun ovulmasını, Bakının işğaldan azad edilməsini əsl bayram təmtəraqı ilə qeyd ediblər. İnsanlar gözlərində sevinc yaşı küçələrə axışıb xilaskarlarına tamaşa edib, onları alqışlayıblar. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə ənamlar təqdim edib.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə "Türk Şəhidliyi" abidəsi bu münasibətlə ucaldılıb. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur, “Türk Şəhidliyi" abidəsi önündə anım mərasimi keçirilir.
Türkiyə Azərbaycanın ən böyük dostu, arxadaşı, güvənc yeridir. Bu gün bunun əksini düşünənlər böyük suç daşıyırlar.
15 sentyabr. Limfomlarla ümumdünya mübarizə günü
Limfom – immun sistemi hüceyrəsi şişidir, bədxassəli şiş növüdür, insanın limfa sisteminə – dalaqdan ta ki beyin iliyinə qədər böyük bir vacib əraziyə nüfuz edən bir bəladır. Limfoma bir xəstəlik deyil, 30 müxtəlif xəstəlik qrupudur. İmmun sistemi şişinin iki tipi var: Hodjkin və qeyri-Hodjkin limfomu. Hər il dünya əhalisinin hər 100000 nəfərindən 12-15 nəfəri bu xəstəliyə məruz qalır, amma vaxtında tədbir görülsə, 80 faiz insanda onun müalicəsi uğurla başa çatır. Limfomun yaranma səbəbi təbii ki, əksər digər xəstəliklərdəki kimi həyat tərzinin düzgün seçilməməsidir. Oturaq həyat, qeyri-sağlam qidalanma, stress və depressiyalar – bunlar insanı bəlaya yuvarladan əsas nəsnələrdir, Allah hamını limfomlardan qorusun!
15 sentyabr. Google-ın doğum günü
Əziz və hörmətli Quql. Bu gün sənin doğum günündür. Sən 1997-ci ilin bu günündə Stendfordda dünyaya gəlmisən. Orada təhsil alan 24 yaşlı iki tələbə - Lari Peyc və Sergey Brin səni yaratmaqla dünyanı silkələyəcək bir yeniliyə imza atıblar. Adını necə qoyublar? Axı google sözü heç bir anlam kəsb etmir. Lari seminar zamanı riyazi termin olan googol-u hərf səhvi ilə google kimi yazıb, bunu müəllim ona irad tutub, həmin dönəmdə yeni kəşflərinə həyat vəsiqəsi verməyə hazırlaşan və ona ad axtaran dostlar üçün Larinin bu səhvi göydəndüşmə olub, onlar səni google sözü ilə adlandırıblar.
Sən elə bir fədakar sistemsən ki, hər bir şəxs sənin axtarış çubuğuna lazım olan sözü yazanda, həmin söz barədə məlumatlar orta hesabla 2500 kilometr məsafə qət etməklə informasiyanın araşdırılması mərkəzindən axtarış verən şəxsin hüzuruna gəlir. Bax bu cəfakeşliyinə görə sənə çox sağ ol deyir, doğum gününü təbrik edirəm. Bir tuş!
15 sentyabr. Bilik günü
Azərbaycanımızda bilik günüdür bu gün. Bizim nəsil, bizdən əvvəlkilər və bizdən sonrakılar həmişə bilik gününü 1 sentyabrda qeyd edərdik. Doğrudan da, bu qeydetmənin rəmzi mənası vardı, yay qurtardımı, yay tətili qurtardımı, haydı, məktəbə. 2004-cü ildə 1 sentyabrı 15 sentyabra niyə keçirdilər? Tutarlı bir səbəb gətirilmir. Ancaq mənim yadımdadır ki, həmin il şiddətli istilər düşmüşdü, sentyabrın əvvəllərində 40 dərəcə isti var idi, olsun ki, bu səbəbdən bilik gününün vaxtı dəyişdirildi. Budur, sentyabr əvvəlki qaydada payız ayı imicinə qayıtdı, bir baxın, havalar necə sərin, hətta deyərdim ki, soyuq keçir, amma bilik günümüz 15-i tarixinə pərçimlənərək qaldı.
İndi də korona işə pəl vurur, bu il sentyabrın 15-i məktəblər açılmayacaq, bilik günümüz daha bir həftə o yana – üzü oktyabra doğru atılacaq. Hər nədirsə, xeyirlisi, bayramınız mübarək, bilik verənlər və bilik alanlar!
15 sentyabr. ABŞ-da dördqat bayram
Macəra dolu Amerikanın mətbəx macəraları bitirmi, bitmir. ABŞ-da bu gün Milli pendir tostları günüdür. Narahat olmayın, holland pendirini çörəyin üstünə qoyub tosteri işə salın (tosteri olmayanlar dədə-baba qaydası ilə qazın üstünə qoyulan yumru dəmirlərdən istifadə etsinlər, onların üstündə çay, aş dəmə qoyulur, xörək qızdırılırdı), pendir tostunuz hazırdır. Amma sevinməyin, qayğılar bununla bitməz ki. Bu gün ABŞ-da nanə-çovhərli likyör günüdür həm də. Burda müsəlmançılıq məsələsini irəli sürüb “spirtli içki içmirəm” deyibən bayramdan vaz keçmək olar. Di gəl, bu gün Amerikada Linquin günüdür həm də. Linquin nədir? Biz yeyən makaronun bir qədər iri forması. Bakıda linquin tapılmaz yəqin, eyb etməz, adi makaron yeyib də məsələni həll etmiş olarıq. Amma o nə amerikalıdır ki, işdən iş çıxartmasın. Heç bu da demək, hamısı deyilmiş. Bu gün həm də Amerikada ikiqat çizburger günüymüş. Daha nə söyləyim, reklam olmasın deyə adını çəkməyəcəyəm, amma uşaqlarınızın əlindən tutub yekə M hərfi ilə paytaxtımızda bərqərar olan restoranlar şəbəkəsinə təşrif buyurmaq zorunda qalacaqsınız, ikiqat çizburgerlərdən yeyib amerikalıların və əlbəttə ki, uşaqlarınızın sevincinə sevinc qatacaqsınız.
15 sentyabr. Beynəlxalq nöqtə günü
Kitabsevərlər, hamının öz nöqtəsi olsa belə bugünkü nöqtə məhz sizin nöqtənizdir. 2009-cu ildən qeyd edilən bu əlamətdar günün tarixi ingilis yazıçısı Piter Reynoldsun “Nöqtə” kitabı ilə bağlıdır. Həmin kitabın baş qəhrəmanı Vaşti adlı bir qızdır. Şəkil çəkə bilməyən Vaşti rəsmxətt dərsində qələmi vərəqə taqqıldatmaqla nöqtələr yaradırdı, amma onun bu boşuna məşğuliyyəti nəticəsində yaranan nöqtələr müəllimin diqqətini cəlb edir, bu nöqtələr sürprizlərə və kəşflərə səbəb olur. Terri Şay adlı bir müəllimə Reynoldsun kitabından ilhamlanıb şagirdlərdə gizli istedadlar üzə çıxarandan sonra təklif verib ki, gəlin təqvimə xüsusi bir gün salaq, həmin gün istedadlar üzə çıxarılsın. Beləcə də bax bu nöqtə günü yaranıb. Özü də çox effektiv gündür, doğrudan da üzə çoxlu istedadlar çıxarılır. Bəlkə bizlər də beynəlxalq təqvimin əlamətdar günlərinin qeyd edilməsinə əməl edək, mahiyyətinə varaq ki, zərər yox, yalnız xeyir götürərik?
15 dekabr. Beynəlxalq Demokratiya Günü
Demokratiya özündə elə bir siyasi rejimi ehtiva edir ki, orada qərarlar kollektiv və kollegial şəkildə verilir, hər bir fərdin con yekun nəticəyə təsiri olur. Demokratiyanın mexanizmi xalqın öz iradəsini azad ifadə etməsində, insan azadlığının tam bərqərar olmasındadır. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlləri beynəlxalq arenada əsas trend məhz demokratiyadır. Demokratiyanın əksi isə hakimiyyətin qeyri-legitimliyi, bir əldə cəmləşməsi, insanların hüquq və azadlıqlarının, xüsusən seçki azadlığının məhdudlaşdırılmasıdır.
Yeri gəlmişkən, 1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cumhuriyyətinin paralel olaraq işlənən adı Azərbaycan Demokratik Respublikası olub, ulu babalarımız Şərqdə ilk demokratik dövlət qurublar. Demək, Azərbaycan da demokratiyanın dadını hiss edib.
16 sentyabr. Avropada mobillik həftəsinin başlanğıcı
Avrokomissiyanın təkidi ilə təqvimə salınan bu gündə bütün diqqətlər ictimai nəqliyyatdan istifadədə, piyada getməkdə və velosiped sürməkdə rahat infrastruktur yaradılmasının stimullaşdırılmasına yönəldiləcəkdir.
Bir də görürsən, çox varlı, lüks avtomobilli tanış-bilişinə, qonşularına hədsiz paxıllıq edən, paxıllığı hətta nifrətə çevrilən bir şəxs bu nifrətini yeganə realizə edə bilmək şansından yararlanaraq piyada zolağından saatda 0,000001 km/saat sürətlə keçir, dayanmaq məcburiyyətində olan sürücülərin əsəblərini tarıma çəkir, bax bu gün həm də onların günüdür. Yəni, bu hərəkətə görə söyüş və kötək almaq bu gün istisna edilir.
16 sentyabr. Ozon qatının beynəlxalq müdafiəsi günü
1994-cü ildə BMT Baş Assambleyası qərara aldı ki, hər ilin bu günü diqqətlər ozon qatının müdafiəsinə yönəldilsin. Bu gün - ozon qatının dağıdan hissəciklər barədə 16 sentyabrda imzalanan Monreal protokolunun şərəfinə təqvimə salındı. 80-ci illərdə Antarktida üzərində alimlər ozon qatının 2 dəfə nazildiyini görüb “ozon yırtığı” ifadəsini leksikona gətirdilər. 1987-ci ildə 36 ölkə, o cümlədən SSRİ ozondağıdan hissəciklərin istehsalını tam dayandırmaq öhtəliyi götürsələr də bu sahədə vəziyyətin əsla düzəlməməsi göz qabağındadır. Ozon qatı nazik bir qaz təbəqəsidir ki, çətir kimi Yer kürəsini Günəşin öldürücü radiasiyasından qoruyur, planetdə həyatı təmin edir. Kosmosdan baxanda, ozon təbəqəsi, sanki Yer kürəsinin başına geydirilmiş bir papaqdır, bu kimyəvi birləşməni 100 kilometr yüksəklikdən müşahidə etmək mümkündür. Bu təbəqə yox olsa bütün biosfer, bütün canlılar üçün təhlükə duyulacaq, ultramavi şüalar birbaşa insana təsir göstərməklə onda dəri xərçəngi, korluq yaradacaqlar. Ozona məhvedici təsir göstərən əsas maddə xlordur, onun oksidləridir. Kimya zavodlarının bu məhsulu məişətdə aparıcı yer tutduğundan, milyardlarla gəlir gətirdiyindən onun istehsalını dayandırmaq absurd görünür. (Bir Sumqayıtın kimya poliqonunu xatırlayın). Ona görə də, insanlığın gələcəyi çox dumanlı görünür.
16 sentyabr. Papua-Yeni Qvineyanın müstəqilliyi günü
Əlbəttə, bu arada bir çox ölkələr öz müstəqilliyini qeyd edir. Onların hər biri barədə təqvimimizdə söz açmaq mümkün olmadığından biz içlərində ən maraq doğuranları, ən qeyri-adiləri, ən ekzotikləri seçirik. Buyurun, Papua-Yeni Qvineya. Adı Afrikanın Qvineya ölkəsinin şərəfinə qoyulan, sivilizasiyadan kənarda qalmış yarımçılpaq yarımvəhşi insanlar yaşayan, ekvatora olduqca yaxın, 7 milyon əhalisini azı 850 müxtəlif xalqın təşkil etdiyi, yaxin keçmişədək valyuta əvəzinə iri dəniz balıqqulaqlarının istifadə edildiyi bir dövlətdir Papua-Yeni-Qvineya. Təsəvvür edin ki, orada hələ də bəzi sektalar hannibalizmlə məşğul olurlar. 2012-ci ildə şəhərdə yaşayan, nisbətən sivil olan, kostyum-şalvar geyən, təhsil alan insanlar seçki keçirmək istəyəndə həmin o hanniballar onlara hücum edibmiş ki, məntiqlə kostyum-şalvarlı insanın qanı daha dadlı olmalıdır. Həmin o kostyum-şalvarlı təbəqə 1975-ci ildə Avstraliyadan müstəqilliyini qoparan günü sentyabrın 16-sı imiş, odur ki, indi hər ilin bugünkü gününü papualılar bayram edirlər. Özü də yarımvəhşi insanlar müstəqillik qazanan sivil insanlara nisbətən daha humanistcəsinə müstəqillik qazanıblar, müstəmləkəçi ölkəyə qarşı silah qaldırıb onun əsgərlərini qıran, bayrağını taptayan digər ölkələrdən fərqli olaraq papualılar yığışıb avstraliyalıların başbilənlərinin yanına gediblər, deyiblər, qardaş, səninki səndə, bizimki bizdə, çıx get öz ölkənə, bizdən əl çək. Avstraliyanın bayrağını da ehmalca endirib, qatdalayıb onun qoltuğuna vurublar. O binəva da nədənsə, qəzəblənib savaş əmri verməyib, əyanlarına deyib ki, yığışın, çıxıb gedirik. Bax belə!
Daha hansı özəllikləri var papualıların? Orada Cadugərlik haqqında qanun hökm sürür. Yəni, rəsmən cadugərlik qəbul edilir. Ölkənin rəsmi valyutası kinadır, 1 dolları dəyişsən, sənə bir çamadan kina verərlər. Siz heç zəhərli quş barədə eçitmisiniz? Həmin quş sərçəkimilər dəstəsindən olan Milçəktutandır ki (Pitohui dichrous), o da Papua-Yeni Qvineya sakinidir.
16 sentyabrı Papua-Yeni Qvineyada bütün xalq bayram edir, oxuyurlar, oynayırlar, yarmarkalar təşkil edirlər, hər yan ölkənin rənglərinə bürünür – qara, qırmızı və qızılı rəngə.
16 sentyabr. Mersedes xanımın doğum günü
1955-ci ilin bu günündə məşhur Amerika fokusçusu-illüziyaçısı Devid Kopperfild dünyaya gəlib. 1745-ci ildə məşhur rus sərkərdəsi Mixail Kutuzov doğulub. 1824-cü ildə isə məşhur Fransa kralı XVIII Lüdovik dünyasını dəyişib.
Mənim maşın bazarında şıdırğı alver edən, həftə səkkiz-mən doqquz Almaniyaya gedib, maşın qəbiristanlığından sahibi tərəfindən atılmış qəzalı “Mercedes”lərdən gətirib burda “Qardaş canı bu müəllim maşınıdır, hələ buna atvyorka dəyməyib” deyə satan çoxlu tanışlarım var, hamısı heç də ağdamlı deyil, həmin tanışlarıma və digər maşın alverçilərinə səslənirəm, yaxın oturun, görün sizə nə deyirəm. 1889-cu ilin 16 sentyabrında Nitsa şəhərində Mersedes Ellinek adlı bir qız uşağı doğulub. Onun atası Emil Ellinek Avstriya-Macarıstanın Nitsada vitse-konsulu işləyirmiş, eyni zamanda da “Daymler” avtomobil şirkətinin Fransada nümayəndəsi imiş. Mersedes çox gözəl imiş. Yayda Emil müəllim ailəsini də götürüb vətəninə məzuniyyətə gedəndə “Daymler”in patronu ilə görüşür, patron balaca qızcığazın gözəlliyindən vəcdə gəlir, adının da qeyri-adi olması – kişi and-aman eləyir ki, bu çağa kimi Mersedes adı eşitməmişəm - həlledici rol oynayır. “Daymler” şirkəti yeni hazırladığı avtomobilə “Mercedes” adı varir. Əziz “Mercedes”dən çörək çıxaranlar, yeşka, çeşka deməkdən yeşkalanıb çeşkalananlar, bunu sizə ona görə danışıram ki, adam mütləq gərək çörəyi çıxan yer barədə məlumatlı olsun. Bu qədər bəsit.
17 sentyabr. Ümumdünya pasientlərin təhlükəsizliyi günü
Ay bərəkallah. Belə bir gün hava və su kimi bizlərə lazımdır. Pasient – tibbi müəssisəyə sağlamlıq durumuna görə müraciət etmiş şəxsdir, biz pasient olaraq hər yerdə təhlükə ilə baş-başa qalmırıqmı, qalırıq. İstər xülya olan icbari tibbi sığorta, istər müəmmalı vaksinasiya, istər özəl tibb xidmətlərinin bahaçılığı, istər dövlət tibb müəssisələrinin kasadlığı və s. və i. nəsnələr Demokl qılıncı kimi başımızın üstündən əskik olmur. Bu gün təhlükəsizliyimizə əməl edəcəksinizmi, ey pasientlərlə işləyənlər?
17 sentyabr. Betmen günü
Bəs deyirsiniz, Super Mario günü ola bilər, Betmen günü ola bilməz? Dünyanın ən böyük komiks istehsalşısı olan DC Comics 2013-cü ilin bu günündə Betmeni üzə çıxartdı, halbuku bu personaj heç də yeni deyildi, ondan 1939-cu ildə bir detektiv komiksində istifadə etmişdilər. Qeyd edək ki, DC Comics “Warner Bros.Entertaiment” kinokompaniyası tərəfindən alınaraq hazırda onun tərkibində fəaliyyət göstərməkdədir.
Betmen super qəhrəman kimi hər bir işə qadirdir, güc və iradə rəmzidir. Betmenlər və Spaydermenlərin dünyanı fəth eləmələri həm də ona hesablanır ki, digər ölkələrin yetişməkdə olan gənc nəsli qəhrəman dedikdə amerikalı superqəhrəmanları tanısınlar, milli qəhrəmanlar diqqətdən kənarda qalsınlar. Qlobalizmin şovinizm miqyası!
17 sentyabr. Beynəlxalq “alma ye” günü
Maraqlı bir gündür. Tərkibində 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları olan alma təsadüfi deyil ki, yayılma coğrafiyasına və menyuda təmsil olunmasına görə dünyanın ən populyar iki meyvəsindən biridir (digəri portağaldır). Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, pavidla, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.
Dünyada yeganə alma diyarı kimi tanınan bölgənin məhz Azərbaycanda olması, ağ alma kimi ən unikal alma sortunun Azərbaycanda yetişməsi səbəbindən gəlin bir balaca protesto edək, təqvim başbilənlərinin nəzərinə çatdıraq ki, təqvimin şərhində “alma ye” günündə barı, Qubanın adını çəksinlər. Bəs nə əcəb bu adamlar şaftalıdan danışanda mənfur qonşularımızın adlarını çəkirlər?
17 sentyabr. Əlamətdar hadisələr
Bu gün Cərrah günüdür, bütün cərrahları təbrik edirik. Ümumdünya evtəmizləmə günüdür həm də. Azərbaycanlı xanımlar təmizkar olurlar, onlar ilboyu ev təmizləyirlər. Bu günü qoy pintilər qeyd etsinlər, ildə bir dəfə barı evlərinin təmizliyinin qeydinə qalsınlar.
Təbii ki, oxucularım darıxdılar, nə əcəb, Amerikadan danışılmır, onların növbəti mətbəx bayramlarının adları çəkilmir. Çək deyirsiniz, çəkim də. Demək, bu gün ABŞ-da Milli Monte-Kristo sendviçi günüdür. Siz onu deyin ki, ayrıca sendviç günü amerikalılara bəhs etmir deyə sendviçin növlərinə bir-bir bayram qururlar. Amma Monte-Karlo sendviçi tək deyil, bu gün bayram bayrama qarışacaq. Bu gün həm də milli testdə alma günüdür. Üstəlik, bu gün həm də amerikalıların Viskonsiya pendiri günüdür.
1993-cü ilin 17 sentyabrında sonuncu rus əsgəri Polşanı tərk etdi. Sağ əlləri hələ də rus əsgərinin sülhməramlı adı altında at oynatdığı ölkələrin başına. 1935-ci ilin 17 sentyabrında dünyaca məşhur olan “Ququ yuvası üzərində uçuş” romanının müəllifi, hippi hərəkatının banisi, Amerika yazıçısı Ken Kizi dünyaya gəlib. 1924-cü ilin 17 sentyabrında dünyada ilk özəl beynəlxalq məktəb açılıb – ünvanı Jenevrə olan bu məktəbdə cəmi 8 tələbə təhsil alırmış. 1883-cü ildə Amerika şairi və dramaturqu, XX əsr Amerika tarixinin ən nəhəng şairi sayılan Uilyam Uilyams doğulub. 1857-ci ildə kosmonavtikanın pioneri rus Konstantin Siolkovski doğulub.
18 sentyabr Milli Musiqi Günü
Təbii ki, bu günün cəmi bir adı var - Azərbaycan xalqının Milli musiqi günü, o gün ki dahi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir bəyə borcludur. Milli Musiqi gününün maraqlı bir tarixçəsi var: görkəmli bəstəkar və dirijor Niyazinin təşəbbüsü ilə Üzeyir bəyin vəfatından sonra hər il dahi bəstəkarın anadan olduğu gün Azərbaycan Dövlət Konservatoriyasının önündə minlərlə insan toplaşıb və burada Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin dirijorluğu ilə bəstəkarın əsərlərini ifa edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unudulub. Niyazinin bu təşəbbüsü 1995-ci ildə Heydər Əliyevin dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması haqqında Fərmanı ilə rəsmi status alıb.
Ü. Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi “Leyli və Məcnun” operası ilə başlamışdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü.Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Üzeyir Hacıbəylinin ölməzliyinin bir səbəbi də odur ki, bəstəkar Azərbaycan Dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.
18 sentyabr. Ümumdünya suyun keyfiyyətinin monitorinqi günü
Olduqca maraqlı bir gündür. İçdiyimiz suyun tərkibini əsla bilmirik, bəzən krandan su gələndə xlor iyindən boğulur, bəzən suyun sapsarı rəngindən əndişələnirik. İçməli su saydığımız suyun əslində texniki su olmasının fərqinə varanda isə bəzilərimiz keyfiyyətsiz su filtrlərinin, bəzilərimiz isə işbazların 19 litrlik plastik qablarda üzərinə “Bulaq suyu” yazıb bizə sırıdığı elə həmin krant suyunun qurbanına çevrilirik. Ona görə də bu gün biz suyun keyfiyyəti məsələsini ictimailəşdirməli, içməli su adı altında kranlarımızdan axan suyun, marketlərdə satılan “İçməli su”ların monitorinqinin aparılmasına təşəbbüs göstərməliyik. Azad İstehlakçılar Cəmiyyəti var bizdə, başında Eyyub Hüseynov durur, insafən, yaxşı da çalışır, gəlin Eyyub Hüseynova müraciət edək, qoy bu işlərə təkan versin.
Allaha and olsun ki olan şeyi deyirəm, yəqin xatırlayanlar da az olmayacaq, 90-cı illərin olardı ortaları, Ceyranbatan su hövzəsinin Bakı-Sumqayıt şossesi boyunca uzanan hasarının üstünə “Su həyat mənbəyidir” şüarı yazılmışdı. Oralar təmir olundu, ərazini qoruyan məftillər çəkildi, inzibati bina və hasar rəngləndi, “Su həyat mənbəyidir” şüarı isə “Su həyat mənbəyi olaraq qalır” şüarı ilə əvəzləndi. Hər dəfə o yolu qət edəndə bu şüar məni şənləndirirdi, kefimi açırdı. Necə yəni, su həyat mənbəyi olaraq qalır? Nə dəyişilib ki, suyun həyat mənbəyi olmasına şübhə oyansın? Təmirmi? Sən necə bir əqlin sahibi olasan ki, təmirə qədər “Su həyat mənbəyidir” şüarını təmirdən sonra “Su həyat mənbəyi olaraq qalır” kimi dəyişəsən? Bəzən düşünürəm ki, rəhbər insanların qafalarının monitorinqini aparmaq çox yerinə düşərdi.
18 sentyabr. Beynəlxalq elektron kitabların oxunması günü
İnternational Read eBook Day – İçində kitab sevgisi olan hər bir kəs, bayramınız mübarək. Dünyanın əsas elektron kitab distrübütörü olan OverDrive şirkətinin təşəbbüsü ilə 2014-cü ildən keçirilən bu gün insanların diqqətini elektron kitablara yönəldir, onları mütaliəyə dəvət edir. Virtual həyat hamını öz əsirinə çevirib. Amma bu əsirlikdə saat hesabı ilə 50 faiz sosial şəbəkələrə başvurmaya, 30 faiz filmə baxıb musiqi dinləməyə, 10 faiz güngəlik xəbərləri izləməyə, 10 faiz də ünsiyyətə ayrılır. Mütaliəyə isə hər dördündən kim 1-2 faiz oğurlaya bilirsə yalnız onlar vaxt ayırırlar. Halbuki kitab oxumaq düşünən insanın digər canlılardan ən üstün çəhəti hesab olunmaqdadır.
18 sentyabr. Ümumdünya bambuk günü və digər günlər
Bizdə bambuk bitirmi? Bitmir axı. Demək, bu günü qeyd etməkdən həmən vaz keçək. Kim razılaşmasa, eybi yox, ümummilli qamış günü kimi bu günü qeyd edə bilər. Məncə bambukla qamış qardaş kimidirlər. Amerikalı dostlar bu gün milli çizburger günündə bir araya gəlib adama ən azı 3,5 çizburger yeyəcəklər. Niyə belə deyirəm? Çünki dünyada ən çox fəst-fud yeyən məhz amerikalılardır. Statistik amerikalı gün ərzində 3,5 dənə çizburgerdən, qamburgerdən, hot-doqdan-zaddan mütləq yeyir. Üstəlik, amerikalılar bu gündən ayın 24-dək Milli it həftəsi də keçirəcəklər. İtlərə çizburger yedirdəcəklərmi, bax bu barədə məlumatsızam.
İsveçrəlilərin menyüsündə də maraqlı bir gün var: milli duaetmə günü. Axırıncı dəfə məscidə gedib haçan dua etmişik? Axı Allahın evində ona səslənmək, arzuları söyləməkdən gözəl nə ola bilər? İsveçrəlilər hamılıqla kilsələrə axışıb dua edəcəklər bu gün, kaş bizim də belə bir günümüz olaydı...
1907-ci ilin 18 sentyabrında Makmillan Edvin Mattison – kimya üzrə Nobel mükafatçısı olmuş, transuran elementləri olan neptuniy və plutoniyi kəşf edən amerikalı fizik dünyaya gəlib. 1886-cı ildə fransalı şair Moreas “Le Fiqaro” qəzetində bir məqalə dərc etdi, bu məqalə simvolist ədiblərin manifestinə çevrildi. Məqalədə dekadent termininin simvolizm termini ilə əvəzlənməsi təklif olunurdu. 1851-ci ildə 18 sentyabr daha bir möhtəşəm hadisəyə qucaq açdı: “New York Times” qəzetinin Dayli (gündəlik) formatda ilk nüsxəsi işıq üzü gördü. Lap qədimlərdə eramızın 53-cü ilinin 18 sentyabrında isə Mark Ulpiy Trayan (yazını hansısa erməni oxuyub “bizim ermənimizdir” deməsin deyə bəri başdan bildirirəm ki, təmizqanlı romalıdır) – Roma imperatoru doğulub, Optimus (ən yaxşı) tituluna layiq görülmüş bu şəxsin dövründə Roma İmperiyası ən böyük ərazilər əldə edib.
19 sentyabr. Silahçı günü
Silahçılar məhdud peşə sahibləridir. Bu günün təqvimə salınmasını xristianlar onunla əsas gətirirlər ki, Pravoslav kilsəsinin arxangeli Mixail – hava döyüşlərinin himayədarı məhz 19 sentyabrda doğulub. İstənilən epitetləri bir kənara qoysaq, deyə bilərik ki, silahçılar – ölüm gətirənlərdir. Yeri gəlmişkən, bizdə Müdafiə Sənayesi Nazirliyi var, biz də silah istehsal edənlər cərgəsindəyik, amma bizə silah hücum üçün, işğal üçün deyil, müdafiə üçün lazım olur, ona görə də, olsun ki, bizimkilərə təbrik düşür.
Bununla belə, arzum odur ki, elə bir gün gəlsin, dünyada sülh bərqərar olsun, bütün silahlar paslansınlar, silah istehsal edənlər öz hesablarına əbədi məzuniyyətə göndərilsinlər, 19 sentyabr daha qeyd edilməsin, arxangel Mixailin də goru çatlasın.
19 sentyabr. Meşə işçisi günü
Belə bir gün 1966-cı ildən SSRİ-də qeyd olunurdu, indi də SSRİ-dən qopan respublikalarda qeyd olunmaqdadır. Ukrayna, Rusiya, Belarus və Qirğızıstanda daha geniş anlamda – ekoloji bayram kimi qeyd olunur hətta. Meşə insana təbiət tərəfindən verilmiş su hövzələri qədər vacib olan bir nemətdir, o, bütün planetin qəlbidir, mühafizəsidir, xilasıdır. Bu yaxınlarda Türkiyədə meşə yanğınları, bir xatırlayın, bizləri nə qədər üzdü.
Meşə işçisi deyəndə yadımıza kim düşür? Təbii ki, meşəbəyi. Ağac doğrayanlara, ov ovlayıb quş quşlayanlara qənim kəsilən meşəbəyi təbiətən cəsur, qorxubilməz olur, əli silahlı brakonyerin üstünə getmək cəsarəti sizə xırda görünməsin. Gəlin bu gün bu fədakar insanları alqışlayaq, şənlərinə bir “Meşəbəyi” mahnısı oxuyaq. Sözləri xalq şairi Hüseyn Arifə, musiqisi xalqa məxsus olan, Teymur Mustafayevin şövqlə ifa etdiyi həmin mahnının sözləri insanı nikbinliyə yükləyir.
Meşədə istirahət edən dəstəyə qoşulan ağsaqqal meşəbəyi onlarla bəs deyincəyə qədər yeyib-içir.
Kef üstündə kefimizi
Gəlib, sordu meşəbəyi.
- Buyur! - dedik, atdan enib,
Bardaş qurdu meşəbəyi.
Qamçısını atdı sola,
Çantasını çəkdi dala.
Şirin-şirin, bala-bala
Bizlə vurdu meşəbəyi.
Axırda da cuşa gələn meşəbəyi hətta bunu da edir:
İsti kabab, təzə fətir.
Doymaq olmur, yenə gətir.
Bığlarını arada bir
Eşib burdu meşəbəyi.
Altmışını verib yelə,
Düşməyibdir ruhdan hələ.
Qarşıdakı bir gözələ
Göz də vurdu meşəbəyi.
19 sentyabr. Smaylın yarandığı gün
İndi bir mesajlaşmalarımıza baxın. Gülən, ağlayan, təəccüblənən, qəzəblənən smaylları elə hey bir-birimizə yollayırıq. Ancaq bilirikmi ki, bu smaylların yaranma tarixi haçandır? 1982-ci ilin bugünkü tarixində, saat 11:44-də Amerikadakı Karnegi Mellon Universitetinin professoru Skott Falman kolleqalarının elektron poçtuna gülümsəyən smayl göndərdi, təklif etdi ki, gəlin bundan sonra bir-birimizlə elektron zarafatlaşma zamanı bu işarədən istifadə edək. Dedi, görün bu işarə necə də gülən adamı təcəssüm etdirir. Beləcə, gülümsəyən smayl gündəmə girdi, ardınca digər smaylları istifadəyə buraxmaq artıq texniki iş oldu. Əziz oxucularım, təki aldığınız smayllar yalnız gülümsər olsunlar!
19 sentyabr. Təzadlı bir bayram
Bu günü dünya Beynəlxalq Pirat Günü kimi qeyd edir, xəbəriniz var? Bu, yarızarafat, yarıciddi bir qeydetmədir, 3-cü minillikdə hələ də dənizdə gəmi ovlayan bu qədim peşə sahiblərini humanitar təsisatlar utandırmaq istəyərək onlar üçün təqvimə məxsusi bir gün salıblar, deyirlər, bəsdir, həvəsdir. Amma inanırsınız, məsələn, Somali piratları bu günü ciddiliklə qeyd edirlər, klassik və ənənəvi piratlar kimi başlarına dik papaq qoyub, bir gözlərini sarğıyla bağlayıb, əllərinə də bir qədəh rom alıb coşquyla özlərinə qurban axtarırlar.
19 sentyabr. İlk dünya gözəli Berta Sukare
1888-ci ildə bilirsiniz nə baş verib? Belçikanın Spa kurort şəhərində tarixdə ilk gözəllik müsabiqəsi keçirilib. Qvadelupadan – Mərkəzi Amerikada yerləşən Fransa müstəmləkəsindən olan 18 yaşlı Berta Sukare adlı xanım ilk dünya gözəli seçilib. Şəklinə baxanda bilirsiniz nə düşündüm? Əlbəttə, bizim indiki gözəllik anlayışı ilə tam üst-üstə gəlməyən bir fizionomiyadır. 133 il əvvəlki insan axı tam fərqli olub, saç düzümü, libası da primitiv, bizə zövqsüz görünə biləcək qədərdir. Amma müasir insanla o dövrün insanı arasında radikal fərq də duyulur. Səmimilik və saflıq. O vaxtlar hələ dünyanın, insani münasibətlərin çirklənmədiyi bir dövr idi, Berta Sukarenin də dünya gözəli tituluna yiyələnməsi yolu heç bir saxtalıqdan, riyadan, pozğunluqan keçmirdi. Bax belə!
19 sentyabr. Mona Lizanın yaranışı günü
Və əlbəttə ki, 1478-ci ilin 19 sentyabrı – dünyanın ən məşhur, ən qiymətli və ən sirli portreti olan “Mona Liza”nın (“Cokonda”nın) yaranışı günüdür. Həmin gün dünyaşöhrətli italyan rəssam Leonardo da Vinçi aylarla üzərində işlədiyi rəsmi bitirib, dərindən ah çəkib, fırçanı kənara qoyaraq belini dikəldib və “Nəhayət ki” deyərək qışqırıb. 543 ildir ki, bu əsər insanları heyran edir, təəccübləndirir, öz sehirli aurasına çəkir. Əsl sənət bax budur!
20 sentyabr. Neftçilər Günü
Bu gün Azərbaycanda ən böyük bayramlardan biri qeyd olunur - Neftçilər Günü. 2001-ci ildə Heydər Əliyevin Sərəncamı ilə 20 sentyabr “Neftçilər Günü” elan olunub. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün “Əsrin müqaviləsi” adı ilə tanınmış neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi”nə ilkin qoşulan şirkətlər bunlar idi: “AMOKO”, “Yunokal”, “Pennzoyl” (ABŞ), “Britiş Petroleum”, “Remko” (Böyük Britaniya), “Statoyl” (Norveç), “LUKoyl” (Rusiya), “Türk Petrolları” (Türkiyə), “Delta” (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə “İtoçu” (Yaponiya), “Ekson”, “Amerada Hess” (ABŞ) şirkətləri də qoşuldu. Bu müqavilə Azərbaycanın neft və iqtisadiyyat tarixinin yeni səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur xarici neft şirkətləri ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. “Əsrin müqaviləsi” həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. 1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında “Əsrin müqaviləsi” üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.
Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neftqaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. ATƏT-in İstanbul sammitində (1999, 18 noyabr) ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı. 2002-ci il avqustun 18-də Səngəçal terminalında “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 13-də isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirildi. 2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə verildi. Qeyd edim ki, bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isəTürkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək gücündədir.
Xalqlar vardır ki, onların əsas kapitalı təbii ehtiyatları, iqtisadi gücüdür. Biz azərbaycanlıların əsas kapitalı neftdir. Qara qızıl adlanan bu nəsnə Azərbaycanın movcudiyyat simvoludur. Xalqlar da var ki, onların ən əsas kapitalı insan kapitalıdır.
20 sentyabr. Professor Kamil Balakişiyevin 115 illiyi
Kamil Əbdülsalam oğlu Balakişiyev Abşeronun Novxanı kəndinin Azərbaycana bəxş etdiyi daha bir görkəmli şəxsiyyətdir. 1906-cı il sentyabr ayının 20-də anadan olmuş, 1921-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tibb fakültəsində təhsil almış, . beşinci kurs tələbəsi olarkən öz müəllimi A.Valenkaya ilə birlikdə “Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik” adlı dərs vəsaiti yazmış, XX əsrin 30-cu illərinin əvvəllərində artıq silsilə dərslik və dərs vəsaitləri müəllifi kimi tanınmış bu şəxs həqiqətən böyük ziyalı olub, 24 yaşında artıq dosent elmi adına layiq görülüb. 1935-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi, 1936-cı ildə tibb elmləri doktoru, 1938-ci ildə isə professor elmi dərəcəsi qazanıb. Onun rəhbərliyi altında 15 nəfər elmlər doktoru və namizədi yetişdirilib. O, 100-ə yaxın elmi işin, o cümlədən orijinal dərslik və dərs vəsaitinin, lüğət və terminologiyanın, elmi-kütləvi məqalənin müəllifidir. Azərbaycan dilində anatomiyaya aid ilk dərs vəsaitlərinin hazırlanması da Kamil Balakişiyevə adı ilə bağlıdır.
Kamil Balakişiyev 1973-cü il noyabr ayının 22-də vəfat edib və Fəxri Xiyabanda dəfn edilib. Hazırda Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Ruhu şad olsun!
20 sentyabr. Təbiətin və canlıların həmrəyliyi
Bu gün “Özünün ev heyvanını sev” günüdür. Onsuz da insanlar öz ev heyvanlarını sevirlər, ancaq hərdən biri pişiyə təpik vurur, eşşəyi qamşılayır, itə daş tolazlayır, toyuğu hasara çıxartdırır. Bax bunlar olmaz. Bu gün bunları etmək qadağandır.
Bu gün yəhudilər Sukkot bayramını qeyd edəcəklər, yəhudi yeni ilinin 15-ci günü qeyd edilən bu bayram 7 gün davam edir, məğzi də budur ki, torpaq əkib-becərənlər məhsulu yığıb bitirib bu gündən etibarən ta ki ilk yağışlara qədər dincələ biləcəklər. Sukka sözü dilimizə koma kimi tərcümə olunur, necə ki koma insanı soyuqdan, istidən qoruyur, eləcə də soyuq dövrlər üçün topladığı ərzaq ehtiyatı insanı ac qalmaqdan xilas edir yəni.
20 sentyabr. Astroloq Hacıbəy Sultanovun 100 illiyi
Bu gün daha bir işıqlı azərbaycanlının yubileyidir. Bakının Şağan kəndində doğulan, Berlinin alınmasına qədər şanlı döyüş yolu keçən Hacıbəy Sultanov “Vətən müharibəsi” ordeni və “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941- 1945-ci illərdə Almaniya üzərində qələbəyə görə”, “Praqanın azad edilməsinə görə” medalları ilə təltif olundu, 1946-cı ildə ordudan tərxis edildikdən sonra Azərbaycan Dövlət Universitetinin Astronomiya kabinetində işə qəbul olunaraq elmi tədqiqatlara başladı. 1959-cu ildə Şamaxı Astrofizika Rəsədxanası təşkil ediləndə H.Sultanov onun ilk direktoru oldu. Ömrünün sonunadək orada çalışdı. 1967-ci ildə Moskva Dövlət Universiteti nəzdindəki Şternberq adına Astronomiya İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etdi. 1972-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçildi,1976-1981-ci illərdə Azərbaycan EA-nın vitse-prezidenti vəzifəsini də icra etdi.
Müasir dövrdə Azərbaycanda astronomiya sahəsində tədqiqatların yenidən qurulması Hacıbəy Sultanovun adı ilə bağlıdır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanasının işi formalaşdırılıb, o dövr üçün müasir olan teleskopların alınıb quraşdırılması və astronomiya sahəsində yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilib. Alimin elmi fəaliyyətinin əsas sahələri səma mexanikası və Günəş sisteminin kosmoqoniyası ilə bağlı idi. Asteroidlərin mənşəyinə dair o, riyazi nəzəriyyənin qurulması istiqamətində orijinal işlər yerinə yetirib. H.Sultanovun elmi fəaliyyəti yüksək qiymətləndirilib, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən o, “Şöhrət” ordeni ilə təltif edilib. Hacıbəy Sultanov 2008-ci il mart ayının 5-də vəfat edib, ruhu şad olsun!
20 sentyabr. Yay İsanın əhvalatı
Bu günə çoxlu mətbəx bayramları düşür. Böyük Britaniyada qızardılmış düşbərə, Monqolustanda qəhvə, gözünə döndüyüm Amerikada paperoni ilə pitsa, üstəlik, romlu punş, üstəlik Keso Blanko pendiri günləridir. Hələ bunlar azmış kimi, bir də omlet, bizim dilcə desək, qayğanaq günüdür. Qayğanaq məişətimizin əsas atributlarından olan yumurtanın hesabına hasil olduğu üçün yumurta ilə bağlı sizə bir məzəli əhvalat danışım. Qazax rayonu Gürcüstanla həmsərhəd olduğundan dədə-baba dövründən qazaxlılar öz kənd təsərrüfatı məhsullarını aparıb Tiflis bazarında satarmışlar. Rəhmətlik nənəmin Bastafa adlı bir rəfiqəsi var imiş. Həyat yoldaşını da Yay İsa deyə çağırırlarmış. Kişinin qaməti oxun yayı kimi əyriymiş deyə. Bastafa arvad özü heç vaxt Tiflis bazarına getməzmiş, ərzağını nənəmə verərmiş ki, özününküləri satanda onunkularını da satsın. Nə başınızı ağrıdım, bir dəfə nənəm bərk naxoşlayır, Tiflisə gedə bilmir. Bastafa arvad naəlac qalıb toyuqlarının altından yığdığı bir vedrə yumurtanı Tiflis bazarına özü aparası olur. Yerə döşənib vedrəsini də qabağına qoyur. Hər yaxınlaşan ondan “poçyom yaysa” (yumurta neçəyədir) deyə soruşur, o da hamıya “yaxşıdır, a başına dönüm” cavabını verir. Beləcə axşama kimi arvad bircə yumurta belə sata bilməyib kor-peşman evə qayıdır. Nənəm ondan alverinin necə keçdiyini soruşanda da deyir ki, başı batmışların bircəciyi yumurta almadı, amma yetən Yay İsanı soruşurdu.
20 sentyabrın şeir payı |
Burda... hər yağan qarla üşüyür
Yetim sevdaların yalın ayaqları.
Burda... hər açılan səhər yenidən doğur
sonsuz qaranlıqları, əbədi ayrılıqları.
Burda... analar döşləriylə ölümü əmizdirir,
layla oxuyurlar övladlarının son nəfəsinə.
Burda... nəhəng başdaşları ucalır
qətlə yetirilmiş arzuların xatirəsinə.
Burda... anaların çiynində gedir
oğul tabutları...
Burda ünvanına yetişmir
kirlənməmiş sevgi məktubları...
Elçin Mirzəbəyli
Cavanşir Yusifli: “Bizim ədəbiyyat adamları, sanki, cəmiyyətdə gedən proseslərdən bir az kənardadırlar”.
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşarın qarşıladığı növbəti qonaq tanınmış tənqidçi Cavanşir Yusiflidir. Çox maraqlıdır ki, bu müsahibənin bəzi suallarını İntiqam Yaşar Cavanşır Yusifliyə üç il öncə verib, amma o vaxt müəyyən səbəblərdən müsahibəni bitirə bilməyiblər. İndi həmin dayanan nöqtədən davam etdiriblər söhbətlərini.
-Xoş gördük, dəyərli Cavanşir müəllim.
-Xoş gününüz olsun.
-Tənqidçiyə verilən ilk sual adətən bu sayaq olur: bugunkü ədəbi tənqidin durumunu necə qiymətləndirirsiniz?
-Adətən, bu tipli sualları tez-tez verirlər. Ona görə tez-yez verirlər ki, bu, ümumi səciyyəli bir sualdır. On il bundan əvvəlki qəzet və jurnallara nəzər yetirilsə, görərik ki, bu, tənqidçilərə ən çox verilən sualdı. Mən birbaşa cavab verim ki, ədəbi tənqidin durumu elə ədəbiyyatın öz durumu kimidir. Konkret olaraq onu deyə bilərəm ki, bizdə ədəbi prosesdə ədəbi tənqidin yeri haqqında ən müxtəlif fikirlər, rəylər, mülahizələr var. Amma, aydın məsələdir ki, konkret yaradıcılıqda, praktikada sən gərək, öz mövqeyini təsdiqləyəsən və onunla ədəbi prosesə yeni mesaj verəsən. Məsələn, bir çox insanların fikrincə, ədəbi tənqidçi yazarla müqayisədə ikinci dərəcəli bir fiqurdur. Amma, bir şeyi unutmayaq ki, tənqid söz haqqında sözdür. Tənqidçi yazarla müqayisədə heç də ikinci dərəcəli fiqur deyil. Adətən, bunun əksini deyənlər fikirlərini assosiativ müqayisələrlə əsaslandırırlar ki, filan şey birincidir, filan şey ikincidir. Zorla tənqidi də o sıraya pərçim edirlər. Əslində tənqid necə olmalıdır? Bu, indi sənin sualından sonra bəlkə məntiqi şəkildə doğacaq bir sualdı. Bizim cəmiyyətdə hələ o yoxdur. Hələ bizim ədəbi prosesdə onun yalnız sönük işarələri var. Tənqidçi elə olmamalıdır ki, kiminsə istəyi ilə sifarişli yazı yazsın. Tənqid birinci növbədə seçim deməkdir. Yəni mənim seçimim varsa, mən ayırd eləyə bilirəmsə zövq aləmində yaxşı nədir, pis nədir, deməli, mənim seçimim var. Yerdə qalanlar bu seçimə uyğun hərəkət eləməlidirlər. Mənim də birinci vəzifəm həmin bədii mətni əhatəli şəkildə, estetik baxımdan, poetika baxımından təhlil eləməkdi. Əks təqdirdə tənqid tərif yığnağından ibarət olur və öz adının əleyhinə çıxır. Çox təssüf ki, indi mənim həsədlə dediyim o cəhətlər bizim ədəbi tənqiddə yoxdur. Çünki, bu, həm vicdan məsələsidir, həm də ki, uzun bir prosesin nəticəsində formalaşacaq bir işdir.
Yəni, insanın həvəsi gələr, yüzlərlə nəzəri, praktiki kitab oxuyar. Amma, müəyyən kriteriyalar var ki, onları kitablar vermir, insanın daxilindən gəlir. İnsan daxilindən gələn səsə qulaq asmağa öyrəşərsə, buna vərdiş edərsə, ondan yazıçı olar, ondan şair olar, ondan tənqidçi olar. O səsi batırmaqla məşğul olarsa, inandırım səni, ondan heç nə çıxmaz.
-Bu gün ədəbi tənqidə axın nəzərə çarpacaq səviyyədə deyil, dramaturgiya və ədəbi tənqidə axın niyə azalıb?
-Ümumiyyətlə, mən sənə bir şey deyim. Bizim ədəbiyyat adamları, yazı-pozu ilə məşğul olan adamlar ümumi baxışı nəzərə alsan, görəcəksən ki, sanki, bu cəmiyyətdə gedən proseslərdən bir az kənardadırlar. Hətta onları bir az kənarda saxlamağa çalışan qüvvələr var. Dramaturgiyadan danışaq, məsələn, teatrlar yaxşı işləyirdi. İndi yaxşı dramaturqlar barmaqla sayılacaq qədər azdı. Yaxşı teatr rejissorlarımız da həmçinin. Həm də səviyyə ortadan aşağıdır. Amma, ədəbi tənqidçilərin sayı əvvəlcədən az olub. Çünki, bu elə bir sənətdir ki, elə teatr sənəti kimi sintezi xoşlayır. Özündə bir çox bacarığı birləşdirməlidir. Yəni, müəyyən formulları, qəlibləri bilmək tənqidçi, dramaturq, rejissor olmağa bəs eləmir. Görürsən, rejissor mizan verir. Bu zaman bayaq dediyim kimi, o öz seçimi ilə, zövqü ilə razılaşır. Burda həmin yaşa qədər əldə etdiyi biliklər də zəmin rolunu oynayır. Bilik insanın daxilində bayaq dediyim o səslə qarşılıqlı münasibətdə olmalıdır. Bunlar olmayandan sonra tənqidçi olmayacaq və rejissor da olmayacaq. Ümumi səciyyəli adamlar olacaq ki, yəni, bunlara eyni zamanda bütün adları vermək olar. Bir sənətin sahibi olmaq üçün orda özünü son damlasına qədər əridə bilməlisən. Əridə bilməlisən ki, səndən yaxşı bir mütəxəssis olsun. Kitablar oxuyandan sonra, mütaliə eləyəndən sonra və dünyanı dərk eləyəndən sonra sən artıq çevrilib başqa bir adam olursan. Göründüyü kimi, bu, mən dedyimdən də ciddi bir prosesdir.
-Ədəbi tənqid ali məktəblərdə tədris olunur, bu fənnin tədrisi qənaətbəxşdirmi, bəlkə ədəbi tənqiddən qaçmanın səbəblərini elə ali məktəblərdəki ədəbi tənqid dərslərində axtarmaq lazımdı?
-Universitetdə sovet dövründən bu yana qədər həmişə filologiya fakültəsində tənqid kursları olurdu. Orda ixtisas seçmə mərhələsi var. Ədəbi tənqid də o ixtisaslardan biridir. İndiyə qədər də orda ən görkəmli alimlər dərs deyirlər. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində də müxtəlif fənnlərdən, o cümlədən, ədəbi tənqiddən mühazirələr oxunurdu. Bunun azlığı, çoxluğu heç nəyə dəlalət eləmir. Tənqidçi iki nəfər, üç nəfər də ola bilər. O iki-üç nəfər nəhəng işlər görə bilər. Məsələ miqdarda deyil, məsələ prinsipdədir. Həmin prinsiplər bizdə yoxdur.
-Ədəbi tənqid sahəsinə aid dərsliklər qənaətbəxş hesab oluna bilərmi, müstəqillik dövründə ədəbi tənqidə aid yazılan əsərlərlə sovet dövründə yazılanları kəmiyyət və keyfiyyət baxımından necə müqayisə etmək olar?
-Biz hər şeyi çox vaxt sovet dövrüylə müqayisə etməyə öyrəşmişik. Əslində bir şeyin normallığını, anormallığını üzə çıxarmaq üçün konkret bir əsəri onun standart halı ilə müqayisə eləyirlər. O standart isə təəssüf ki, hələ də bizdə yoxdur. İndi müxtəlif alimlər ədəbi tənqid, bədii tərcümə və s. ilə əlaqədar dərsliklər yazıb hazırlayırlar. Bunlar da ali məktəblərdə tədris olunur. Mənim müşahidə elədiyim cəhət budur ki, məsələn, adını çəkdiyimiz Yaradıcılıq fakültəsində 30 nəfər vardısa, Allaha çox şükür ki, bunların arasından ildə bir-iki nəfər imza çıxırdı. Bütün dava həmin imzalar üstündəydi. Yəni, sən gəlib bütün bu nəzəri məsələləri gözəl öyrənərsən, amma, səndən yazıçı olmaz. Mən dərs dediyim yerdən Mübariz Örən imzalı gözəl bir nasir yetişib. Onun bir neçə hekayəsi çıxıb. Onun haqqında vaxtında “Kitabçı” jurnalında da yazmışam. Yeri gəlmişkən deyim, bizdə bir pis tendensiya var, tutaq ki, vaxtaşırı olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu oqanlarını kəskin tənqid edirlər. Amma ortada, həmin o qızğın prosesin içərisində “Kitabçı” kimi bir jurnal çıxır. Biz öyrəşmişik ki, xoşumuza gəlməyən nəyisə amansıız şəkildə tənqid edək, amma yaxşı olan şeyi də gözümüzdən yayındıraq. Yəni, yaxşı şeyi görməzliyə vurmaq bizdə xarakterin bir komponentinə çevrilib. Bu isə faciə deməkdir.
-Elə təəssürat yaranır ki, bəzən bugünkü ədəbi tənqid axtarışda deyil, sanki, bir növ, ədəbi tənqidə təsadüflər nəticəsində tuş olan əsərlərdən yazılır.
-Bayaq dediyim kimi, insan əgər ədəbi tənqidçidirsə, öz predmetini, onun mənəvi tərəfini yaxşı bilmirsə elə sən dediyin mənzərə hər addımda boylanacaq, hər addımda peyda olacaq. Onu doğru deyirsən, məsələn, ədəbi tənqid hər şeyi əlinin altında axtarır. Yəni, gözüylə, hissiyyat orqanları ilə uzaq məsafələrə baxmağa darıxır, səbri çatmır. Bir növ, müəyyən əsərləri tənqidçinin əlinin altına sürüşdürürlər, hər yer sürüşkəndi, indi bildiyimiz kimi. Tənqidçi də başlayır ondan yazmağa. Artıq, bu bədii tərcümədə də belədir. Tərcüməçi əsəri bir dəfə oxumadan, beş dəfə oxumadan oturur tərcümə eləməyə. Tənqidçi də əlinin altına sürüşdürülənə baxa-baxa başlayır mətn haqqında yazmağa. Bəzən heç mətni oxumadan yazanlar var.
-Bu sahədə nələrin edilməsinə zərurət var, əgər, bu gün o addımlar atılmasa sabah Azərbaycan ədəbiyyatı hansı fəsadlarla üzləşə bilər?
-Bu sahədə vicdanlı olmağa ehtiyac var. Mənim bir etiqadım, inamım var ki, mən işdən də çıxa bilərəm, çörəksiz, susuz da qala bilərəm. Ruzini bilirik ki, Allah yetirir. Hər kəsin evində bir baca var ki, görürsən, o bacadan ruzin gəldi və sən də onu götürüb ləzzətlə, ah çəkə-çəkə yeyirsən. Dediyim kimi, tənqidin problemləri mənəvi problemlərdi, vicdan problemləridir. İnsanlar bildiklərindən çox bilmədiklərini yazır, tanımadıqları dənizlərdə çimməyi daha çox xoşlayırlar və anlamırlar ki, bir gün həmin dənizdə boğula bilərlər.
-Hazırda yazı prosesiniz nə yerdədir, nələr gözlənilir, planlar nədən ibarətdir?
-Hər gün bir şey gözlənilir. Mən elə bir adamam ki, mənim üçün bir prinsip var, istəyir resenziya olsun, istəyir balaca, istəyir böyük bir məqalə olsun, o şeyin ki içində ideya yoxdur, onu yazmaq olmaz. Əsərin canı onun ideyasıdır. Onun əsər boyu pöhrələnməsidir. Sən bununla bu cəmiyyətə, bu prosesə bir ideya verməlisən. Əgər sən onu istiqamətləndirmək iddiasındasansa, sən o ideyanı ver, qoy o istiqamətlənməsin. Ədəbiyyat qəzetində də həmin silsilədən beş məqalə çap olunub. “Bir şeirin dedikləri” adında bir kitab üzərində işləyirəm. Hər şairin onun yaradıcılığını cəmləyən, ifadə eləyən bir şeiri haqqında. Məsələn, “Yuxuda yazılan şeirlər” adı ilə Müşfiqin “Küləklər” şeiri haqqında, Səməd Vurğundan, Rəsul Rzadan, Musa Yaqubdan, Əli Kərimdən yazdım. İndi onların davamı olacaq. Əli Bəy Hüseynzadədən yazacam. Tomas Eliot haqqında çoxdandı bir kitab üzərində işləyirəm, hələ tamamlamamışam. O, həm nəhəng bir şair, həm də tənqidçi olub. Adını çəkmirəm, bir müasir şairimiz haqqında da bir kitab yazıram. Bundan başqa filoloji tərcümələr üzərində işləyirəm. Bir şeyi də əlavə edim ki, bu qədər yolu keçmişəm və indi görürəm ki, yaşamaq, yazı yazmaq necə də darıxdırıcı bir şeydir. İndiyə qədər belə bir şey olmamışdı. Birdən-birə nələrsə oldu və insanlar qaçdılar dekorasiyaların üstünə. Məsələn, məna və mətləb heç kəsi maraqlandırmır artıq. Görürəm ki, artıq burda bizim yerimiz tükənir. Buna da mən dərindən təəssüf edirəm. Heç kəs də bu problemin fərqində deyil.
-Son zamanlar gənclərin ədəbi tənqidə axınında müəyyən boşluqlar nəzərə çarpır. Bu barədə nə deyə bilərsiniz?
-Ədəbi tənqiddə insanlardan tələb etmək olmaz ki, sən ədəbi tənqidə gəl. Özü də axın şəklində. Heç bu lazım da deyil. Yəni, bu elə bir spesifik sənətdir ki, insanın oraya yolu düşməlidir. Bu sahə ədəbiyyat haqqında mükəmməl anlayış tələb edir. Orda şagirdlik yoxdur. Tənqid say etibarı ilə az adamın olmasını tələb edir.
-Tənqidi bir yazı hazırlayarkən çox zaman tənqidçilər, əsərin keyfiyyətindən, ideya-məzmun xüsusiyyətlərindən daha çox yazıçının çəkisinə və vəzifəsinə üstünlük verirlər. Bir növ, imzanın sözünə yox, sözün imzasına diqqət yetirilər. Ədəbiyyatı bu cür xəstəliklərdən sağaltmaq üçün nə etməliyik?
-Bu, ümumi bir xəstəlikdir ki, hələ bir neçə il bundan əvvəl bu daha pis şəkildə idi. Zəif əsəri tənqid eləmək çox asan bir şeydir. Məziyyəti olan əsərlər haqqında tənqidi yazmaq, həm də, gözəl təriflər yazmaq dərin bilik tələb edir. Ona görə sən beş-on dəfə oxumaq istəyirsən bu əsəri. Bezmirsən, çalışırsan ki, onun içərisindən nüvəsini tapasan. Çünki, bədii əsərdə nüvəni tapmaq çox çətindir.
- Son zamanlar pornoqrafik xarakterli əsərlər geniş yayılıb. Yazıçılar da bunu texnologiyanın inkişafı, avropalaşma, müasirləşmə amilləri ilə bağlayırlar. Müəyyən qədər uyğunsuzluq təşkil edən bu məsələlərin geniş yayılmasına münasibətiniz necədir?
-Bu, ən çox gənc yazarlar arasındadır. Mənə elə gəlir ki, bu tendensiyanın qarşısını almaq mümkün deyil. Heç buna cəhd eləmək lazım da deyil. Çünki, yazı elə bir prosesdir ki, həmin adamlar o səpkili yazılardan başlayıb, ciddi mətləblərə çıxa biləcəklər. Təbii ki, gücləri çatarsa bu baş verəcək. Həm də, bədii əsər bir sistemdir. Orda hər şey ola bilər. Amma onun ifadə edilməsi bir başqa problemdir. Müəllif var ki, bir roman yazır, ancaq, onun xətrinə ki, həmin ünsürləri oxuculara ötürüm, bir mesaj olaraq. Onların arxasında bir ideya dayanmırsa, gözəl bir şey dayanmırsa ondan hamı o yazılardan iyrənəcək.
-Gənc yazarlardan daha çox kimləri bəyənirsiniz? Yeni nəsil yazarlardan əsərlərinə və istedadına “bəli” deyə biləcəyiniz imzalar varmı?
-Bəli, müəyyən imzalar var. Bayaq birinin adını çəkdim. Gənclər arasında Səxavət Sahil, Kəramət Böyükçöl var. Gənc şair kimi və yazıçı kimi Fərid Hüseynin adını çəkə bilərəm. Çox mükəmməl bir insandır. Şəhriyar Del Geraninin bu yaxında bir müsabiqədə hekayəsi birinci yer tutdu. Hədiyyə Şəfaqət var, çox gözəl nasirdir. O da müsabiqədə ikinci yer tutmuşdu. Könül Həsənqulu var. Gözəl şairə və tərcüməçidir. Belə gənclər çoxdur. Sadəcə, onlara sahib çıxmaq lazımdır.
-“Hər bir əsər məhz güclü bir tənqiddən sonra tanınır”-deyə ədəbiyyatda geniş yayılmış bir fikir var. Amma, çox zaman bunun əksini müşahidə etmək olur. Əsər çap olunan kimi tezliklə tanınır və təkrar-təkrar çap olunur. Sadaladığımız yanaşmalardan hansını daha doğru hesab edirsiniz?
-Hər ikisi doğrudur. Məsələn, bizdən fərqli olaraq Avropada artıq ədəbi prosesin inkişafı qanunauyğunluqları müəyyən kommersiya əsasları üzərindədir. Göründüyü kimi, dünyada elə müəlliflər var, ildə beş-altı kitabı çıxır və xeyli pullar qazanırlar. Bunların bəzən heç tənqidə də ehtiyacları yoxdur. Həm də o mətnlər özləri orta statistik səviyyədə olur. Bizdə Mübariz Cəfərli imzalı bir yazıçı var. İyirmi ildir ki fəaliyyət göstərirdi və çox az tanınırdı. Onun birdən-birə üç-beş il ərzində “Bənna”, “Bərpaçı” və “Bağban” romanları çıxdı. Bunlar mükəmməl romanlardır. Mən onların haqqında yazdım. Mənə qədər heç kəs yazmırdı. Məndən sonra bunun haqqında yazmağa başladılar. Bunu ona görə misal gətirdim ki, görsünlər, tənqid necə həlledici rol oynaya bilər. Həm müəllifin özünə necə təsir eləyə bilər və müəllif birdən-birə görə bilər ki, heç də o, deyilən kimi itib-batan biri deyil. Gözəl şeyləri yazmaq lazımdır.
-Şuşanın azad olunması Azərbaycan gündəmində yeni səhifələr açdi. Şuşa mədəniyyət paytaxtı kimi nələri vəd edir?
-Azərbaycanda paytaxt olacaq çox məkan var, hərəsi vətənin bir vazkeçilməz dəyərini ifadə edir, amma Şuşa bütün ölkə mədəniyyətinin, mənəviyyatının paytaxtıdır. Bunun mənası və insanlarla münasibətdə cazibə sahəsi barədə çox şey demək olar. Vədə gəlincə, bu, layihələrdən asılı olacaq. Şuşanın alınmasıyla “Kitabi Dədə-Qorqud” dastanlarının mətnində üşüyən sətirlər canlandı, hər kəs bunu hiss etdi, əsas budur…
- 44 günlük müharibənin, qazanılan qələbənin ədəbiyyatımızda əksi barədə fikirləriniz.
- Əvvəlcə insanlar bu qələbəni lazımi şəkildə dərk etməlidir, zənnimcə, bu möhtəşəm qələbə özü yazarları seçib istiqamətləndirəcək, hər kəs yaza bilməz bunu.
-Müsahibəyə görə çox sağ olun, dəyərli Cavanşir müəllim!
-Siz də sağ olun!
Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100 illiyi qeyd ediləcək
Prezident İlham Əliyev sentyabrın 10-da Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Həmin sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Rusiyada “Opera.First” I Beynəlxalq Musiqi Festivalı keçirilir
Rusiyanın Həştərxan şəhərində “Opera.First” I Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalın klassik və romantik musiqi nümunələrindən ibarət rəngarəng proqramında, simfonik və kamera konsertlərində musiqisevərlərin geniş rəğbətini qazanmış məşhur ariya, uvertüra və intermediyalar səslənəcək.
Azərbaycan da festivalda təmsil olunacaq. Belə ki, geniş populyar əsərlərlə yanaşı festivalın konsertlərində müasir musiqinin iki tanınmış nümayəndəsi – Arvo Pyarta və Firəngiz Əlizadənin yaradıcılığı təqdim olunacaq. Aktual musiqinin bu iki nümayəndəsinin vokal, simfonik və kamera musiqi janrlarında öz parlaq təcəssümünü tapan əsərləri “Şərq-Qərb” tendensiyasının əsas istiqamətlərini izləməyə imkan yaradır.
Festivalın açılış günündə təntənəli şəkildə Həştərxan Filarmoniyasının böyük zalında Rusiyanın tanınmış dirijoru, Rusiya Federasiyasının Xalq artisti M.Qolikovun idarəsi ilə Xəzəryanı Kamera Orkestri konsert proqramını təqdim edib. İlk musiqi nömrəsi kimi səslənən Firəngiz Əlizadənin “Metamorfozlar” əsəri tamaşaçıların böyük rəğbətini qazandı.
Festival öz işini davam etdirərək, musiqisevərlərə yeniliklər və sürprizlər bəxş edəcəkdir. Xüsusilə, qeyd etmək lazımdır ki, Firəngiz Əlizadənin musiqisinə teatr tamaşasının nümayişi böyük maraqla gözlənilir. Musiqimiz Rusiya cənubunu fəth etməkdədir, belə söyləyə bilərik.
Əlaqə
ƏLAQƏ
Ünvan:
Yasamal rayonu, Akim Abbasov küçəsi, 78 (Lider TV-nin yaxınlığı, Yasamal parkı ilə üzbəüz)
Elektron ünvan:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Partnyor:
“Azərkitab - kitab mərkəzi”
Serbiyada keçirilən ədəbiyyat festivalında ölkəmiz təmsil olunur
Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin katibi, şair Xəyal Rza Serbiyada iki ədəbiyyat festivalında ölkəmizi təmsil edir.
Bu barədə “Ədəbiyyat və incəsənət”ə məlumat verən şair deyib ki, festivallardan biri İnciya Beynəlxalq Poeziya Festivalı (İNDJIJA Pro Poet, 2021), digəri isə Serbiya Beynəlxalq Sənət və Ədəbiyyat Festivalıdır (LİTERA ARS PANEVECO, 2021).
Onun sözlərinə görə, festivallar Belqrad, İnciya, Novi Sad və Paneveka şəhərlərində müxtəlif ölkələrdən 40-dan artıq yazarın iştirakı ilə keçirilir. İnciyada keçirilən festivalın ilk mükafatı serb yazıçı Lyubivoje Rsumoviçə veriləcək. Festivalda iştirakçıların əsərlərindən ibarət serb dilində kitab da oxuculara təqdim olunacaq.
Qeyd edək ki, festivallara Çexiya, Böyük Britaniya, Rumıniya, İtaliya, İspaniya, İsrail, Rusiya, Macarıstan, Portuqaliya və digər ölkələrdən tanınmış yazarlar dəvət alıb.
Bu payız oxumaq üçün lazım olan 10 əsas tərcümə romanı
Ölkəmizdə satılan xarici ədəbiyyatın ən bol və müasir çeşidi, əlbəttə ki, Rusiyadan gətirilən kitablardır. Bu səbəbdən də bizim populyar dünya ədəbiyyatı ilə tanışlığımız mütləq Rusiya kitab tanıtımı bələdçiliyi üzərindən keçir. Bu bələdçiliyin bir nümunəsində bu payız oxunması məsləhət görülən əsas xarici ədəbiyyat sadalanır. Biz də bu ədəbiyyatla “Ədəbiyyat və incəsənət” portalı olaraq sizləri tanış etmək qərarına gəlmişik.
Ədəbiyyat tənqidçisi və Storytel xidmətinin baş redaktoru Anastasiya Zavozova Esquire-in xahişi ilə xarici ədəbiyyatın əsas yenilikləri barədə danışır. Yu Nesbyödən yeni detektiv və Stiven Kinqin novellaları toplusundan başqa beynəlxalq Buker mükafatı laureatı Marieke Lukas Reynevelddən oxuduqca insanı böyüdən roman, bütün mal, qoyun və donuz ətinin itdiyi və insanların hanniballara çevrildiyi dünya haqqında provokativ antiutopiya, Yaponiyadan hamı kimi olmağa çalışan bir qız haqqında bir hekayə və bir çox başqa şeylər…
Hələ ki, biz təqvimi çevirirdik və dağ gülü olan ryabinanı yandırırdıq, həmin an Britaniyada sentyabrın bircə günü ərzində eyni vaxtda satışa düz 600 yeni kitab çıxdı. Əlbəttə ki, bu, covid-lə bağlıdır: bir çox naşirlər payıza qədər mühüm yay və yaz yeniliklərini saxlayırdılar və indi Britaniya kitab mağazaları sadəcə bu qədər yenilik qəbul edə bilmir və seçmək məcburiyyətində qalırlar. Rusiya kitab nəşrində vəziyyət, əslində, bir qədər oxşardır, baxmayaraq ki, bazar çox da zəngin deyil. Bir çox həqiqətən əhəmiyyətli yeniliklər öz saatlarını payız-qışa saxladı, doğru hərəkət etdi və görünür, əgər biz hamımız Non Fiction ənənəvi yarmarkasına gedib çıxa biləcəyiksə, onda bizə ora təkərli araba ilə getmək lazım gələcək, çünki orada istədiyimiz hər şey olacaq. Bədii ədəbiyyatın, bəzi tərcümə bestsellerlərinin sayı o qədər çox olacaq ki, onları hansısa bir siyahıya yerləşdirmək çox çətin, mümkünsüz olacaq, buna görə də aşağıda sadalanan on mühüm və gurultulu romanı əldə etməyinizi istərdik.
1.
"Azbuka" nəşriyyatında çıxan Devid Mitçellin "Utopiya Prospekti" adlı yeni romanı;
2.
Və Y. Nesbyönün "Krallıq" adlı yeni detektivi;
3.
“AST"-də Stiven Kinqin "Əgər qan gedərsə "adlı novellalar toplusu;
4.
Və Dan Braunun "Vəhşi simfoniya" uşaq kitabı çıxacaq. Dan Braun “Da Vinçi kodu”ndan sonra yaradıcılıq axtarışlarını o qədər zənginləşdirib ki, artıq uşaqlardan da yazır.
5.
“Polyandria NoAge" nəşriyyatının payız yeniliklərinin çox möhtəşəm siyahısı var. Burada Dmitri Kovaleninin tərcüməsində Yapon yazıçısı Eko Eqavanın “Xatirə Polisi " romanı çıxacaq. Bu roman Buker mükafatının qısa siyahısına düşüb.
6.
Bu nəşriyyatda özünəməxsus island yazıçısı Audir Avın “Sakitlik oteli” kitabı (tərcümə skandinavşünas Tatyana Şenyavskayanındır) işıq üzü görəcək.
7.
No Kidding Press nəşriyyatı Tobe Ditlevsenin Kopenhagen trilogiyasını təqdim edəcək. Danimarka uşaq ədəbiyyatının klassik incisi olan bu əsər böyüyən nəsilin daha erkən püxtələşməsini təmin edəcək.
8.
Və "Kitabçılar" nəşriyyatı Natan Inglanderin “Kaddis.com” adlı təzə romanını buraxacaq, Svetlana Silakovanın tərcüməsində.
9.
MİF PRoza-da Ouşen Byonqun “Yerin qısa anı -biz hamımız gözəlik” (ingiliscədən Polina Kuznetsova tərcümə edib) kitabı çıxacaq. 32 yaşında bu yazar ABŞ və Kanadanın bütün nüfuzlu poetik mükafatlarını əldə etməyi bacarıb.
10.
Ən nəhayət, əlbəttə ki, “Eksmo” nəşriyyatı. Rusiyanın çap industriyası nəhəngi Emili Sent-Con Mandelin “Şüşə otel” romanını satışa çıxaracaq. (Tərcümə Yana Barsovanındır). Bu yazıçıya dünya şöhrətini onun sayca dördüncü olan “On bir stansiyası” romanı gətirib.
Opera artistinin yubileyi, bir də intiharın qarşısının alınması
10 sentyabr. Opera artisti Mobil Əhmədovun 90 illiyi
Yadımdadır, elə ki ekranda Mobil Əhmədov ariya ifa etməyə başlayırdı, rəhmətlik nənəm “Bu yenə başladı qışqırmağa” deyibən başını götürüb otaqdan qaçırdı. Yazıq arvad nə bilsin ki, bu da bir musiqi ifaçılığı növüdür.
Mobil Əhmədov da həyat yolunu dərhal təyin edə bilməyib, öncə rəssam olmaq xəyalına düşüb, Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub, amma bir il sonra fikrini dəyişib, bu dəfə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq Dövlət Radiosunun xorunda işləməyə başlayıb, həmin ilin sentyabr ayında Musiqili Komediya Teatrına solist kimi dəvət olunub. Mobil Əhmədov teatrın səhnəsində bir-birindən maraqlı, təkrarolunmaz obrazlar yaradıb, bunlardan “Milyonçunun dilənçi oğlu” operettasında Yetim obrazı ona çox böyük uğur qazandırıb. O, klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda bir-birindən maraqlı rollar ifa edib. Şirin, məlahətli, coşğun səsə və zəngin çalarlı aktyorluq ifadə vasitələrinə, eləcə də həssas obraz duyumuna malik olan Mobil Əhmədovun bu gün Azərbaycan Teleradiosunun qızıl fondunda 600-ə yaxın lent yazısı saxlanmaqdadır. 1978-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülmüş Mobil Əhmədov 2006-cı il iyun ayının 3-də Bakı şəhərində vəfat edib, ana vətəni Gəncədə dəfn olunub. Ruhu şad olsun.
10 sentyabr. Ümumdünya intiharın qarşısının alınması günü
Ümumdünya Sağlamlıq Təşkilatının təkidi ilə təqvimə salınan bu gündə insanları intihardan çəkindirməyə çalışırlar. Suisid - insanlığın ən qlobal problemlərindəndir, hər il milyondan artıq insan özünə qıymaqla dünyanı tərk edir. Daha çox qeyri-stabil iqtisadi-sosial vəziyyəti olan, ikinci sorta aid edilən ölkələrin əhalisi suisidə meyilli hesab edilir. Bir vaxtlar yaponların liderlik etdikləri bu sahə indi tam olaraq Şərqi Avropa – postsosialist ölkələrinin ixtiyarına verilib. Necə qəribə olsa da əhali sayının intihar sayına nisbətinə görə dünya birincisi Rusiyadır. Ən az intihar hallarına isə müsəlman dünyasında və Latın Amerikası ölkələrində rast gəlinir.
ÜST təşkilatı intiharın qarşısının alınması üçün təbliğat-təşviqat işini vacib hesab edir, yəni bu gün hər birimiz bir depressiya halında olan tanışımızla ünsiyyət qurub onun intihar meyilllərini aradan qaldırmağa çalışmalıyıq. Daha böyük auditoriyası olanlar isə bunu kütləvi şəkildə etməlidirlər. Həqiqətən təbliğat işi bəhrə verir, mən bunu öz təcrübəmdən bilirəm. 2013-cü ildə Özbəkistanın “Darakçı” nəşrində hər həftənin şənbə günü hissə-hissə mənim “Sonuncu ölən ümidlərdir” romanım dərc edilirdi. 124000 tiraj toplamış bu publikasiyalar bir intihar halının qarşısını da almışdı. Demək, ögey atası tərəfindən incidilən bir səmərqəndli yeniyetmə qız evin damına çıxıb özünü asmaq qərarına gəlibmiş. Mələfəni boynuna dolayıb ayağının altındakı daşı aşırmaq istəyəndə gözü yerdəki qəzet parçasına sataşıb. Başını tutmuş ağlayan qızın, sıqaret tüstülədən dərdli oğlanın fotoları və “Sonuncu ölən ümidlərdir” yazısı qızı necə cəlb edibsə özünü asmaq yaddan çıxıb, düşüb gedib yazını sonadək oxuyub, “əvvəli filan sayımızda” və “davamı gələn sayımızda” yazılarına da riayət edərək gedib kitabxanadan bütün əvvəlki hissələri oxuyub, davamını oxumaqçünsə növbəti şənbəni gözləyib, beləcə intihar fikri təxirə salınıb. Sonda isə əsərdən əxz edib ki, intihar zəiflikdir, məğlubiyyətdir, yaşayıb səni incidənlərdən quracağın xoşbəxt tale ilə qisas almağın sənin qalibiyyətin ola bilər. Gedib qəzetin redaksiyasına, bu romanın dərci üçün redaksiyaya minnətdarlıq bildirib. Qəzet iri bir yazı da yazmışdı, “Varis yeniyetmə qızı necə xilas etdi” başlığı altında.
Sonrakı illərdə xəbər tutdum ki, həmin qız universitet təhsili alıb, biznes ledi kimi uğurlar qazanıb, xoşbəxt bir ailə qurub. Bu hadisə bütün intihar fikrinə düşənlərə bir görk olmalıdır əslində. İntihar - ani qərarın gətirdiyi bir sonucdur, bundan daşınmaq, soyuqqanlılıaqla hər şeyi bir daha saf-çürük etmək isə mütləq sənə həyatı sevdirəcək. Mən mütəxəssis rəyləri ilə tanış olmuşam, özünü kəndirlə asanların 99 faizi son anda dırnaqları ilə kəndiri didib xilas olmaq istəyiblər. Bu isə ona işarədir ki, intihar edənlər mütləq sonda nə etdiklərinin fərqinə varıb peşiman olurlar.
Varisin “1-10 sentyabrın təqvimi” yazısından
Bu gün Bakıda Beynəlxalq Caz Festivalının açılışı olacaq
18 sentyabr tarixinədək davam edəcək, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XVI Beynəlxalq Bakı Caz Festivalının bu gün açılışı olacaq.
İkiillik fasilədən sonra keçirilən builki Bakı Caz Festivalı Azərbaycanın qəhrəman şəhidlərinin əziz xatirəsinə, eləcə də çətin zamanların ağırlığı altında əyilməyən caz musiqisinin ruhuna həsr olunur.
Mədəniyyət Nazirliyinin məlumatına görə, builki Bakı Caz Festivalı, həmçinin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə keçirilməsi ilə fərqlənəcək. Bütün çətinliklərə baxmayaraq, Bakı Caz Festivalı beynəlxalq səviyyədə qalır və dünyanın hər yerindən ən yaxşı musiqiçiləri öz ətrafına toplayaraq yüksək standartlara uyğun təşkil olunacaq.
Festivalın konsertləri “Beer Hall and Music Club” və “Art Tower Gallery”də, 18 sentyabrda qala konsert isə “Shahdag Night Club”da keçiriləcək.
Bu il festivala Hollandiya, Macarıstan, Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər – Əməkdar artistlər Rain Sultanov, İsfar Sarabski, musiqiçilər Elbəy Məmmədzadə, Elvin Bəşirov, Diana Hacıyeva, Əfqan Rəsul, Nicat Aslanov və başqaları çıxış edəcəklər.
Bakı Caz Festivalı ənənəvi olaraq uzun illərdir keçirilən və artıq istedadlı musiqiçilər nəslini yetişdirən caz ifaçıları yarışmasına xüsusi diqqət yetirir. Builki festival çərçivəsində də gənc istedadlar üçün müsabiqə təşkil olunacaq.
Bu gün festival çərçivəsində azərbaycanlı rəssamlar Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov, Arif Quluzadə “İmprovised by İndustry” layihəsini təqdim edəcəklər. Sentyabrın 17-də isə dizayner Leyla Əhmədovanın moda nümayişi – caz mövzusunda tamamilə yeni bir kolleksiyası təqdim olunacaq.
11 və 12 sentyabr tarixlərində “İncəsənət qülləsi” (“Art Tower”) qalereyasında caz-kino proqramı – keçən əsrin əfsanəvi filmlərinin nümayişi olacaq.
Bu il də Bakı Caz Festivalının ayrılmaz hissəsi olaraq ustad dərsləri və cem-seyşnlər (jam-session) təşkil ediləcək.
Qeyd edək ki, Bakı Caz Festivalı axırıncı dəfə 2019-cu il 18–27 oktyabr tarixlərində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi.
Qənirə Paşayeva Mirnazim Əsədullayevi yubileyi münasibəti ilə təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış sənətkar, Azərbaycan Respublikasının Əməkdar artisti Professor Mirnazim Əsədullayevlə Mədəniyyət Komitəsində görüşüb, onu 70 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
"Hörmətli Mirnazim müəllim,
Sizi 70 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Siz 1976-1981-ci illərdə Konservatoriyada kamança ixtisası üzrə ali musiqi təhsili almısınız. Bir ifaçı olaraq peşəkar fəaliyyətə 1971-1976-cı illərdə AzTV-nin Xalq Çalğı Alətləri Orkestrində birinci kamançaçı kimi başlamısınız. Siz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində - ABŞ, Kanada, Hindistan, Nepal, Güney Koreya, Fransa, Almaniya, İspaniya, İsvecrə, İtaliya, Hollandiya, Belşika, Cexiya, Litva, Ukrayna, Rusiya, Türkiyə, Özbəkistan, İran, İraq və b. konsertlər verərək, Azərbaycan xalq musiqi mədəniyyətini uğurla təmsil etmisiz. 1969-cu ildən Azərbaycanın ən məşhur, şöhrətli xanəndələrindən Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev, Alim Qasımov və onlarla digər xanəndəni müşayiət etmisiniz. Sizin AzTV-nin “Qızıl fond”unda “Nəva”, “Rahab”, “Çahargah”, “Bayatı-şiraz”, “Humayun”, “Orta-mahur” və b. lent yazılarınız qorunub saxlanılır. 1992-ci ildə Fransada Sizin ifanızda milli muğamlarımız yazılmış kompakt disk muğamsevərlərə ərməğan edilmişdir. Siz ifaçılıqla yanaşı, uzun illər pedaqoji fəaliyyət göstərmiş, tələbələrə muğam və xalq musiqisinin əsaslarını öyrətmisiniz. Siz həm də müxtəlif dərslik və dərs vəsaitlərinin müəllifisiniz.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, qarmon ifaçısı Əhsən Rəhmanlı Sizin həyatınız, yaradıcılığınız haqqında "Sənətə sədaqət" adlı kitab yazıb. 2000-ci ildə Təhsil nazirinin əmrinə əsasən “İlin ən yaxşı pedaqoqu” Fəxri fərmanı ilə, ifaçılıq fəaliyyətinizə görə Azərbaycan Milli Mədəniyyətin təbliği Mərkəzinin “Uğur-2009“ mükafatı ilə təltif olunmusunuz. Azərbaycan Prezidentinin 15.05.2007-ci il tarixli Sərəncamına əsasən Əməkdar artist fəxri adına layiq görülmüsünüz. Oğlunuz Toğrul da Sizin sənət yolunuzu uğurla davam etdirməkdədir.
Sizi bir daha təbrik edir, möhkəm can sağlığı diləyirəm!”
Q.Paşayeva M.Əsədullayevə Mədəniyyət Komitəsi adından təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
Yubilyar sənətkar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkürünü bildirib.