Super User
“Flaşbellek” filmi Nyu-York kinofestivalında “Ən yaxşı əcnəbi film” mükafatını qazanıb
Nyu-York şəhərində keçirilən “New York Indepedent Cinema Awards” festivalında kiprlı rejissor Dərviş Zaimin “Flaşbellek” filmi “Ən yaxşı əcnəbi film” mükafatına layiq görülüb.
Xarici KİV xəbər verir ki, 2019-cu ildə Gaziantep və Konyada çəkilən film Suriyada yaşanan hadisələrdən bəhs edir. Film Suriyada yaşayan Əhməd adlı bir nəfərin başına gələnləri nəql edir. Belə ki, o, bir hücum nəticəsində danışıq qabiliyyətini itirir. Bu faciədən sonra Əhməd münaqişələrdə ölən insanların fotoşəkillərinin çəkməyə başlayır və gördüklərini dünyaya çatdırmaq qərarına gəlir. Bu qərar onu böyük bir seçimlə üz-üz qoyur. Əhməd özünü və ailəsini qorumaqla, insanlıq qarşısında vəzifələrini yerinə yetirmək arasında seçim etmək məcburiyyətində qalır.
Qeyd edək ki, 2022-ci ildə nümayiş ediləcək film bundan əvvəl 27-ci Sedona Film Festivalında “Ən yaxşı beynəlxalq film” mükafatını və Fransada Cinemed Montpellier Film Festivalında "Gənc jüri mükafatını" qazanmışdı.
Düşüncələr eynidir: “Böyük Jan-Pol Belmondonun yeri həmişə görünəcək”
Euronews xəbər verir ki,
Fransa matəm içindədir, dünyaşöhrətli aktyor Jan-Pol Belmondo dünən vəfat edib. Onun vəkili aktyorun 88 yaşında Parisdə vəfat etdiyi barədə məlumat yayıb. Fransızlar onu sevərək “Bebel" adlandırırdılar. Belmondo parlaq və qeyri-adi şaqraq oyununa görə sevilirdi, o, hamı kimi deyildi. Cəsarətli, qarşısıalınmaz, şən, açıq baxışlı və heyranedici təbəssümlü birisi idi.
Altmış illik karyerası ərzində Belmondo 80-dən çox filmə çəkilmiş və Fransanın Milli sərvətinə çevrilmişdi. Aktyor ən yaxşı rollarını Fransanın "yeni dalğa" rejissorları Jan-Lük Qodar, Lui Malya, Fransua Truffo, Kloda Şabroldanın filmlərində oynayıb. Belmondoya böyük uğur və dünya şöhrəti qazandıran Qodarın “Son nəfəsdə" filmi olub. Aktyorun ən mühüm yaradıcılıq nailiyyətlərindən biri də Jorj Lotnerin "Peşəkar” filmində oynadığı rol hesab edilir.
2009-cu ildə ekranlara çıxmış "İnsan və onun iti" filmi isə Belmondonun sonuncu bədii filmi oldu. 2001-ci ildə baş vermiş insultdan sonra Belmondo bu filmlə sənətə qayıtmışdı. Amma ardını gətirə bilmədi, 2015-ci ildə karyerasını başa vurduğunu açıqladı.
Fransanın ən böyük və ən ali mükafatını isə ona 14 iyul 2019-cu ildə Fransa prezidenti təqdim etdi - aktyor Fransanın Fəxri Legion ordeni ilə təltif edildi.
Dünən bir çox kino mütəxəssisləri və həvəskarları Jan Jak Belmondonun vəfatını eyni sözlərlə şərh ediblər:
– O, böyük aktyor idi, çox böyük bir məktəb qoyub getdi. Çox üzülürük. Onun yeri görünəcək.
Mədəniyyət Nazirliyinin “İslam irsimizi tanıyaq” layihəsində sıra Təzəpir məscidinindir
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyimiz “İslam irsimizi tanıyaq” layihəsində müqəddəs ocaqlarımız barədə tanıtım video çarxları hazırlayır. Bu dəfə nazirliyin rəsmi saytı Təzəpir məscidi haqda çəkilmiş video çarxı təqdim edib.
Təzəpir məscidi Abşeron ərazisində yerləşən ziyarətgah timsallı memarlıq abidəsidir. Məscid təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Qafqaz Müsəlmanları İdarəsi burada yerləşir.
Təzəpir məscidi Hacı Nabat xanım Aşurbəyova tərəfindən 1905-1915-ci illərdə inşa edilib. Nabat xanım tikiləcək məscidin memarının azərbaycanlı olmasına xüsusi əhəmiyyət verib. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək ona böyük miqdarda pul verib, İstanbula və ərəb ölkələrinə göndərib. Ezamiyyətin məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi. Əhmədbəyovun Təzəpir məscidinin layihəsinə dair ideyası da belə yaranıb.
SSRİ dövründə dini məkanlar digər müəssisələrə çevrildiyi üçün 1934-cü ildə Təzəpir məscidi çay fabriki, yay kinoteatrı, anbar və s. kimi istifadə edilib. Sonralar Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bərpa olunub və məscid fəaliyyətini davam etdirib.
2005-ci ildə Prezident İlham Əliyevin göstərişi əsasında məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb, 2007-2009-cu illərdə əsaslı şəkildə yenidən təmir olunub və dövlət başçısının iştirakı ilə məscidin təntənəli açılış mərasimi keçirilib.
Videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: https://youtu.be/-OTuc2fqyFA
“Allahın əli” dramı Venesiya Kinofestivalı tənqidçilər reytinqində liderliyini saxlayır
Ayın 11-də başa çatacaq Venesiya kinofestivalı davam edir. İtaliyalı rejissor Paolo Sorrentinonun “Allahın əli” dramı Venesiya Kinofestivalının tənqidçilər reytinqində liderliyini saxlayır.
Bu barədə İtaliyanın “Ciak” nəşri məlumat yayıb.
İtaliyanın Lido adasında keçirilən Beynəlxalq Venesiya Kinofestivalında müsabiqənin əsas proqramına 21 film daxil edilib. Kinotənqidçilər altı gün ərzində 11 filmə baxıblar. Onlar ən yaxşı qiyməti hələ ki, Paolo Sorrentinonun gəncliyində baş verən faciəvi hadisədən bəhs edən “Allahın əli” filinə veriblər. Ekran əsəri hazırda 3.9 bal qazanıb.
Siyahıda ikinci yeri ilk dəfə ana olmağa hazırlaşan iki qadın haqqında Pedro Almodovarın ekranlaşdırdığı “Paralel analar” filmi və Pol Şrederin “Kart oyunçusu” filmi tutur. Hər iki film 3.5 bal dəyərində qiymətləndirilib.
Onore de Balzakın əsəri əsasında italiyalı rejissor Ksave Cannolinin çəkdiyi “İtirilmiş illüziyalar” filmi reytinq cədvəlində üçüncü yerdədir. Benjamen Vuazen, Sesil de Frans, Ksave Dolanın rol aldığı ekran əsərinə tənqidçilər 3.4 bal dəyərində qiymət verib.
Təbii ki, hələ baxışda 19 film var, liderlər sırasına yeni fiımlərin daxil olacağı istisna deyil.
“David”in, bir də “Qoca və dəniz”in ildönümü
8 sentyabr. Beynəlxalq Savadlılıq Günü
Yazıb-oxuya biliriksə demək savadlıyıq? Əsla yox. Savadlılıq – yazıb oxumaq qabiliyyətindən dividendlər götürməyə deyilir. YUNESKO-nun 14-cü sessiyasında təqvimə belə bir gün salmaq təşəbbüsü heç də boşuna olmayıb. İnsanın ətrafdakı insanlar arasında yer tuta bilməsi, cəmiyyətə faydalı ola bilməsi, həyatda müəyyən izlər qoymaq bacarığını özündə aşılayan tələblər vardır ki, mütləq bu tələblərə riayət olunmalıdır. Xüsusən, hədəf qrupu gənclər hesab edilir. Proqnozlara görə, 2020-ci illərdə - yəni ta ki 30-cu ilədək gənc mütəxəssislərə özlərinə iş tapmaq üçün ən vacib olan keyfiyyətlər kommunikabelli olmaq, komandada işləyə bilmək, qoyulan məqsədlərə çatmaq üçün innovativ və yaradıcı yanaşma, habelə tənqidi düşünmə tərzi hesab ediləcək. Bax bütün bunların cəmi də savadlılıq kriteriyasına aiddir. O ki qaldı ümumən yazıb-oxuya bilənlərin sayına, yəni qismən savadlılara, belələrinin sayı dünyada 4 milyard nəfərdir.
8 sentyabr. Jurnalistlərin beynəlxalq həmrəyliyi günü
1958-ci ildə Buxarestdə, beynəlxalq jurnalistlər təşkilatlarının 4-cü konqresində belə qərara gəlinib ki, 8 sentyabr günü jurnalistlərin beynəlxalq həmrəyliyi günü kimi qeyd edilsin. Bütün dünya jurnalistləri xüsusən öz hüquqlarının müdafiəsi yönündə həmrəylik nümayiş etdirməlidirlər.
1943-cü ilin 8 sentyabrında Almaniyada çex jurnalisti, yazıçısı Yulius Fuçik edam edildi. O, antifaşist kimi Praqa həbsxanasında yatarkən “Boğazda petlə ilə reportaj” kitabını yazaraq məşhurlaşmışdı. Həmin kitab Fuçikin ölümündən sonra 70 dilə tərcümə olundu. Jurnalistlərin beynəlxalq həmrəylik gününün ən cəsur jurnalist sayılan Fuçikin edam edildiyi gündə keçirilməsi rəmzi xarakter daşıyır, jurnalistlər mərd, cəsarətli, habelə həqiqətpərəst olmağa çağırılır. Həmin gün müxtəlif ölkələrdə bayram konfransları keçirilir, jurnalistlər mükafatlandırılır. Məsələn, Amerikada ən nüfuzlu jurnalist mükafatı hesab edilən Pulitser mükafatı məhz 8 sentyabrda təqdim edilir.
8 sentyabrda digər əlamətdar hadisələr
Ümumdünya fiziki terapiya günü. Ümumdünya üzristəmə günü. Hemenqueyin “Qoca və dəniz” kitabının işıq üzü görməsinin (1952), İngiltərə futbol liqasında ilk matçın keçirilməsinin (1888), Luvr muzeyində ilk eksponatın qoyulmasının (1791), Florensiyadakı Sinyorina meydanında Mikelancelonun əl işi olan 5 metrlik “David” heykəlinin açılışının (1504) ildönümü.
Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr
İtaliyanın Matera şəhərində mədəni irsimizə qarşı törədilmiş erməni vandalizmindən danışılıb
Xəbər verdiyimiz kimi İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” adlı beynəlxalq tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aparatının rəhbəri Read Qasımov Matera şəhərində tok-şou formatında təşkil olunmuş tədbirə qatılıblar.
Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, tədbir təşkilatçı qurumların sosial şəbəkə profilləri üzərindən canlı yayımlanıb.
Tok-şounun aparıcısı İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) texniki direktoru Andrea Qriletto Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən tarix-memarlıq abidələrinin vəziyyəti, bərpa sahəsində iki ölkə arasında əməkdaşlıq imkanlarına dair suallar ünvanlayıb.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Prezidenti İlham Əliyevin ötən il İtaliyaya dövlət səfəri zamanı iki ölkə arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”, strateji əməkdaşlığın inkişafı, eləcə də Vətən müharibəsi vaxtı İtaliyanın tutduğu ədalətli mövqedən danışıb.
Səfir Vətən müharibəsindən dərhal sonra İtaliyadan Azərbaycana rəsmi nümayəndə heyətlərinin səfərləri, işğaldan azad olunmuş ərazilərindəki bərpa və yenidənqurma işlərinə İtaliya şirkətlərinin cəlb olunması imkanlarının müzakirəsi, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində keçirilmiş görüşlər haqqında məlumat verib.
Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Böyük qayıdış” prosesindən, azad olunmuş ərazilərdə yerləşən mədəni sərvətlərin Mədəniyyət Nazirliyi tərəfindən monitorinqi və dağıdılma, mənimsənilmə və vandallığa məruz qalma vəziyyətinin öyrənilməsi haqqında danışıb. Bildirib ki, Azərbaycanlı məcburi köçkünlərin yenidən öz doğma şəhər və kəndlərinə geri dönməsi tarix və mədəniyyət abidələrinin, əcdadlarımızın minillər boyunca öz həyat tərzini, həyat fəlsəfəsini və baxışını maddiləşdirdiyi tikililərin yenidən canlandırılmasından başlayacaqdır. Bu, böyuk bir irs, Azərbaycanlıların kimliyi deməkdir. 30 il ərzində zədələnmiş hisslər yalnız abidələrimizin yenidən bərpası, ucaldılması, qədim yaşayış məskənlərimizin abadlaşdırılması yolu ilə sağaldıla bilər. Vurğulayıb ki, azad olunmuş ərazilər dedikdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox abidənin cəmləndiyi, Azıx, Xudafərin, Üzərliktəpə, Qutlu Musa oğlu kimi misilsiz abidələrin yerləşdiyi məkan başa düşülür. Yalnız abidələrin bərpası vasitəsilə rifaha, yüksəlişə, davamlı inkişafa nail olmaq mümkündür. Bununla əlaqədar Azərbaycan Hökuməti tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə irəli sürülmüş “Mədəniyyət naminə sülh” kompaniyasını xatırladıb. Sülhün mədəniyyətin qorunması və inkişafı üçün əsas şərtləndirici amil olduğu diqqətə çatdırıb.
Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi aparılan bərpa prosesi, nəzərdə tutulan layihələr, habelə bu il qoruq ilə Matera Şəhər Bələdiyyəsi arasında “Dostluq və Əməkdaşlıq haqqında Protokol”un imzalanması və əməkdaşlığın inkişafı imkanları barədə məlumat verib.
Azərbaycan nümayəndə heyətinin çıxışları vaxtı işğaldan azad edilmiş ərazilərimizdə yerləşən mədəni irsimizə qarşı törədilmiş vandalizm aktlarına dair videomaterillar nümayiş etdirilib.
Sözügedən tədbirdə Matera şəhər Bələdiyyəsinin mədəniyyət məsələləri üzrə müşaviri, Albaniya və Livanın nümayəndələri də çıxış ediblər.
Azərbaycandan “Oskar”a təqdim olunacaq filmlərin qəbuluna başlanılıb
Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.
Bu barədə AzərTAC-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.
O qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.
Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.
Filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.
Muğamların fəlsəfi mahiyyətini araşdıran professorun yubileyi
7 sentyabr. Musiqişünas Gülnaz Abdullazadənin 75 illiyi
Biz həqiqətən elm fədailərimizi tanımırıq, bunun da səbəbi ictimaiyyətin pozitivdən daha çox neqativə yüklənməsidir. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfini bitirib görkəmli bəstəkar Cövdət Hacıyevin tələbəsi olmuş Gülnaz Abdullayeva 1976-1979-cu illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almış, aspiranturanı bitirdikdən sonra “Hegelin estetikasında musiqi incəsənətinin problemləri” mövzusunda namizədlik, 1990-cı ildə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Onun “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili” mövzusunda elmi işi yüksək qiymətləndirilmiş və 1992-ci ildə o, professor elmi rütbəsini almışdır. Gülnaz xanım 1991-ci ildən Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur.
O, Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. Uluslararası Avropada və Türk Cümhuriyyətlərində musiqi mədəniyyəti və tədrisi konqresində (Ankara, Qazi Universiteti. 2002,13-16 noyabr), bir sıra konfrans və seminarlarda məruzələrlə çıxış etmişdir. Gülnaz Abdullazadə 1999-cu ildə akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olmuşdur. Və ən başlıcası, o, Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətini araşdırmışdır. Tanıyın bu cür dəyərli ziyalılarımızı.
7 sentyabr. Qəribə bayramlar günü
“Nə yağış, nə qar günü”. Anlamı təmiz səma olan bu gündə insanlar Tanrıdan təvəqqe edirlər ki, barı bir gün nə yağış, nə qar yağdırsın. Əlbəttə ki, 365 günün ən azı 300-ü yağmursuz keçən Azərbaycanda belə bir gün aktual deyil, amma nəzərə alın ki, qardan, çovğundan əziyyət çəkən Antarktida, Qrenlandiya, leysan yağışlarından əziyyət çəkən Amazon da var.
Krujeva günü. Bizə yabançı olan, məişətimizə ruslardan gələn krujevanın dilimizdə qarşılığı da olmasın gərək. Parça üzərində toxunmalardır krujeva. Vətəni isə Rusiya da deyil, İtaliyadır. Bu gün xanımlar əllərinə iynə-sap alsalar savab olmazmı?
Hərbi oyuncaqdan imtina günü. Hərbi oyuncaqdan imtina deyərkən hərbi münaqişələrin dayandırılması, müharibə nəticəsində yetim qalmış uşaqlara oyuncaqlar hədiyyə edilməsi nəzərdə tutulur.
ABŞ isə bu gün yenə üç mətbəx bayramını qeyd edəcək. Milli pivə günü. Milli salyami (bərk hisə verilmiş kolbasa) günü. Bir də, Milli balqabaq günü. Pivə ilə salyamini birləşdirib süfrə açmaq olar, amma balqabağı ora nə cür pərçim etmək olar, bax bunu bilmirəm.
Tarixdə 7 sentyabr gününə təsadüf edən hadisələrdən isə onu deyə bilərəm ki, 2016-cı ildə BMT həyəcanverici bir məlumat yayıb, deməzsənmiş, son 20 ildə dünyanın vəhşi təbiətinin onda bir hissəsi məhv olubmuş. 1822-ci ildə Braziliya Portuqaliyadan müstəqillik əldə edib. 1812-ci ildə Napoleon Borodino döyüşündə rusların əngini əzib. 70-ci ildə romalılar Qüdsü ələ keçirərək viran qoyublar.
7 sentyabr 1870-ci ildə gözəl hekayələr müəllifi rus Aleksandr Kuprin doğulub, 1907-ci ilin 7 sentyabrında isə Nobel mükafatçısı olan fransız şairi və esseisti Fransua Arman Syulli-Prüdom vəfat edib.
Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr
Fentezi janrında bestseller - “Toxunma zülmət”
Moskvanın “Sineye plamya” seriyasından Aleksey Plexovun “Toxunma zülmət” kitabı ən çox satılanlar sırasında möhkəm qərarlaşıb. Kitab artıq Bakının kitab mağazalarında da rəflərdə görünməkdədir. Fentezi janrında yazılan roman çox başgicəlləndirici süjetə malikdir: Şimaldan getdikcə daha həyəcanlı xəbərlər gəlir - müharibə yaxınlaşır. O tərəfin Şautta və Demonları - cinlər-şeytanlar geri qayıdır. . Bir çox əsrlər əvvəl altı qardaş tərəfindən məhv edilmiş Veyren yenidən doğulmuşdur. Onun sehrinə müqavimət göstərə biləcək daha heç bir sehrbaz yoxdur.
İndi insanlar yalnız özlərinə güvənirlər. Cənubda, Trettinidə - Rionun böyük paytaxtında qaranlıq daşıyan iblislərə qarşı çıxmağa hazır olan bir neçə adam toplaşır. Böyük mübarizə başlayır…
Venesiya kinofestivalı bədii və sənədli film arasında sərhədləri silməkdədir
Avropanın kino elitasının diqqəti İtaliyanın Venesiya şəhərinə yönəlib. Kinofestival ən qızğın günlərini yaşayır.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər veriri ki, bazar ertəsi axşam rejissor Ksavye Cannoli ilə birlikdə "Bütün illüziyaların itirilməsi" filminin aktyor heyəti Venesiya kinofestivalının qırmızı xalısı üzərinə çıxıb. Filmdə baş rolları Sesil de Frans və Benjamen Vuazen ifa edirlər. Film məşhur şahzadə və bədheybət haqqında folklor motivlərinə əsaslanan, Onore de Balzakın yazdığı nağıl muzikl janrında çəkilmişdir, vokal və xoreoqrafiyadan geniş istifadə olunmuşdur.
Növbəti təqdim edilən film Charlotte Gensbur və Tim Roth tərəfindən baş rollar ifa edilən, meksikalı rejissor Mişel Frankonun "Qürub" filmidir. Bu, məşhur Akapulkoda tətil edən İngilis ailəsinin hekayəsidir, lakin birdən-birə onların idilliyaları məhv edilir və əsas qəhrəman şiddət və təkliklə üzləşir.
"O, gəzintiyə gedir. Zorakılıq və zorakılığın olmaması, təbiətin gözəlliyi və ətrafda çirkab. Gah belə, gah elə. O, bütün bunların içərisində özünü tapır və onu əhatə edən hər şeyi qəbul edir", — baş rolun ifaçısı, aktyor Tim Roth canlandırdığı obraz barədə bunları deyir.
Mikelancelo Frammartinonun "Deşik" filmi isə İtaliyanın ən dərin mağarasında çəkilib. Film mağaranın dəqiq dərinliyini müəyyən etməyə çalışan speleoloqlar qrupu haqqında danışır. Filmdə peşəkar aktyorlar və səhnə musiqisi yoxdur. Çəkilən həqiqətən peşəkar speleoloqlardır. Tənqidçilər məhz bu film barədə qeyd edirlər ki, Venetsiya kinofestivalı bədii və sənədli filmlər arasında sərhədləri silməkdədir.
Şəkillərdə: “Bütün illüziyaların itirilməsi" filminin aktyor heyəti Venesiya kinofestivalının qırmızı xalısı üzərinə çıxır. Filmdən fraqment.