Euronews xəbər verir ki,
Fransa matəm içindədir, dünyaşöhrətli aktyor Jan-Pol Belmondo dünən vəfat edib. Onun vəkili aktyorun 88 yaşında Parisdə vəfat etdiyi barədə məlumat yayıb. Fransızlar onu sevərək “Bebel" adlandırırdılar. Belmondo parlaq və qeyri-adi şaqraq oyununa görə sevilirdi, o, hamı kimi deyildi. Cəsarətli, qarşısıalınmaz, şən, açıq baxışlı və heyranedici təbəssümlü birisi idi.
Altmış illik karyerası ərzində Belmondo 80-dən çox filmə çəkilmiş və Fransanın Milli sərvətinə çevrilmişdi. Aktyor ən yaxşı rollarını Fransanın "yeni dalğa" rejissorları Jan-Lük Qodar, Lui Malya, Fransua Truffo, Kloda Şabroldanın filmlərində oynayıb. Belmondoya böyük uğur və dünya şöhrəti qazandıran Qodarın “Son nəfəsdə" filmi olub. Aktyorun ən mühüm yaradıcılıq nailiyyətlərindən biri də Jorj Lotnerin "Peşəkar” filmində oynadığı rol hesab edilir.
2009-cu ildə ekranlara çıxmış "İnsan və onun iti" filmi isə Belmondonun sonuncu bədii filmi oldu. 2001-ci ildə baş vermiş insultdan sonra Belmondo bu filmlə sənətə qayıtmışdı. Amma ardını gətirə bilmədi, 2015-ci ildə karyerasını başa vurduğunu açıqladı.
Fransanın ən böyük və ən ali mükafatını isə ona 14 iyul 2019-cu ildə Fransa prezidenti təqdim etdi - aktyor Fransanın Fəxri Legion ordeni ilə təltif edildi.
Dünən bir çox kino mütəxəssisləri və həvəskarları Jan Jak Belmondonun vəfatını eyni sözlərlə şərh ediblər:
– O, böyük aktyor idi, çox böyük bir məktəb qoyub getdi. Çox üzülürük. Onun yeri görünəcək.