Super User

Super User

Bu gün Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə qədim memarlıq abidələrindən olan Şirvanşahlar sarayında Azərbaycanın dünyaca məşhur şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.
AzərTAC xəbər verir ki, şairin unikal yaradıcılığını əks etdirən ədəbi-bədii gecə çərçivəsində Fondun himayəsində yaradılan “Dədə Qorqud” Kamera Orkestrının ifasında Azərbaycanın görkəmli bəstəkarları tərəfindən Nizami Gəncəvinin şeirlərinə bəstələnən əsərlər səsləndiriləcək.
Tədbirdə rəsmilərin, Fonda üzv və müşahidəçi ölkələrin, eləcə də Azərbaycanda akkreditə olunan səfirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, eləcə də Türk Şurasının xətti ilə Bakıya və Şuşaya səfər edən bir qrup beynəlxalq media nümayəndələrinin iştirakı nəzərdə tutub.

 

3 sentyabr. Tanınmış rəssam Oqtay Şıxəliyevin 90 illiyi

 

Oqtay Şıxəliyevin (Oqtay Şirəliyev yox a) əl işləri hər gün gözümüzə sataşır, amma bilmirik ki, bunların yaradıcısı kimdir. XX əsrin 60-cı illərindən etibarən Bakıda bir çox ictimai binaların - idman sarayı, məktəb, zavod, metro stansiyası, park və s. bədii tərtibatını o verib, binaların interyerində müxtəlif formalı kompozisiyalar yaradıb. Rəssamın monumental yaradıcılıq nümunələrinə misal olaraq Bakıdakı 18 saylı məktəb, Bakı məişət kondisionerləri zavodu, “Azərbaycan” nəşriyyatının binası, Bakıda “Uşaq dünyası” universal mağazası və digərlərini göstərmək olar. O, rəngkarlıq sahəsində çalışmış, çoxlu portret və mənzərə təsvirləri, plakatlar işləmiş, dekorativ vazalara və boşqablara tərtibat da vermişdir. Daha çox lokal rənglərə üstünlük verən rəssam bu rənglərin ahəngini onların təzadı ilə birgə yaratmışdır. “Mənim qaracam”, “Nigar”, “Qız”, “Kimyaçı” kimi portretlərdə, həmçinin, “Qobustan”, “Müharibənin nəticələri” adlı mənzərələrində buna rast gəlmək mümkündür. Rəssam dəzgah rəngkarlığının müx­təlif janrlarında bir-birindən maraqlı əsərlər yaratmışdır. “Çənlər” (1969), “Kürün ram edilməsi” (1970), “Sallaqxana” (1970), “Mənim buketim” (1971), “Kapella” (1980) və s. əsərləri onun tematik tablolarının əsas bədii xüsusiyyətlərini əks etdirir. Portret və mənzərə janrında yarat­dığı “Qobustan daşları” (1966), “Sum­qayıt boruları” (1970), “Tarzən Bəh­ram Mansurov” (1972), “Aydın səma” (1974), “Rəs­samın ailəsi” (1976), “Meksika həyəti” (1982) və s. rəssamın yaddaqalan uğurlu əsərlərindəndir. Bir çox xarici ölkələrdə - Meksika, Almaniya, Kanada və s. yaradıcılıq səfərlərində olmuş Oqtay Şirəliyevin əsərləri dünyanın müxtəlif ölkələrində nüfuzlu muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. O, 1982-ci ildə Azərbaycan Respublikasının “Əməkdar rəssamı”, 1992- ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür, Prezident təqaüdçüsü idi. Oqtay Şıxəliyev 2012-ci il yanvar ayının 31-də Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.

 

3 sentyabr. Ümumdünya Göydələnlər Günü

 

Dünyada ilk göydələn 1885-ci ilin 3 sentyabrında ABŞ-ın Çikaqo şəhərində istifadəyə verilib, bu gün həmin o hadisənin şərəfinə təqvimdə göydələnlər günü kimi qeyd edilir. Həmin bina The Home İncuranse sığorta şirkətinə aid idi, 10 mərtəbəliydi, arxitektoru Uilyam Cenni idi. İlk göydələnin ömrü isə elə də uzun olmamışdı, bina 1931-ci ildə sıradan çıxmışdı.

 

Göydələnlər gününü bizim paytaxtımız xüsusi şövqlə keçirə bilər, çünki dünyanın ən gözəl memarlıq şedevrlərindən biri olan Alov qüllələri Bakının hüsnünü bəzəyir. Bu gün ərinmədən yolunuzu bu gözəlliyin yanından salın, bir daha ona baxıb həzz duyun, yaxşımı?

 

3 sentyabr. San Marino Respublikasının Günü

 

Yaxın oturun, sizə müasir cənnətlərdən biri haqqında danışacağam. 3 sentyabr 301-ci ildə yaradılmış San Marino knyazlığı həqiqətən cənnətdir. İlk olaraq ondan başlayım ki, hazırda yer kürəsində koronavirusa qalıb gələn yeganə ölkə də San Marinodur. Korona bəlası gələndə və insanlar yoluxub vəfat etməyə başlayanda ölkənin rəhbəri “Onsuz da əhalimiz azdır, elə edək ki, bu bəla axırımıza çıxmasın” deyərək ən keyfiyyətli və ən bahalı vaksini almış, öncə özü və ailə özvləri, hakimiyyət əyanları nümayişkəranə şəkildə vaksin olunmuşlar, ardınca da bütün ölkə əhalisi. Hazırda ölkədə bircə dənə yoluxma halı yoxdur, hamı da şad-xürrəm ömür sürməkdədir.

 

Bu bayran günündə san-marinolular dini rituallar ifa etməkçün kilsələrə toplaşırlar, günortaya kimi ruhani prosedurlar yekunlaşır, günortadan sonra isə dünyəvi prosedurlar başlayır. Hərbi orkestr ifa edir, arbalet turniri keçirilir, atəşfəşanlıq baş tutur.

 

Ərazisi cəmi 61 kvadrat kilometr (hansı rayonla bərabərləşdirim, heç biri uyğun gəlmir. Belə deyək də, bir imkanlı azərbaycanlının qəsri yerləşən torpaq sahəsi qədər), əhalisi isə vur-tut  34450 nəfər olan bu ölkə kiçikliyinə görə Avropada 3-cü, dünyada isə 5-cidir. Amma bir balaca boyu var, dam dolusu toyu var. Uzun-uzadı yazmayacağam, orda maddi rifah halı necədir, adambaşına düşən ümumi daxili məhsulun həcmi nə qədərdir, bir aylıq gəlirə neçə kilo qara kürü və ya trüfel göbələyi (qara kürünün kilosundan xəbəriniz varmı, deyirlər 1500 manatdır, trüfel göbələyi isə nə vaxtdır 2000 dollarda dirənib) ala bilirlər, bunları deməyəcəyəm, tək onu deyəcəyəm ki, orada demokratiya elə bir həddədir ki, azadlıq özü də bu qədər qol-qanad açmasına utanır. Ölkənin konstitusiyası isə 1500-cü ildən dəyişməz olaraq qalır, təsəvvür edirsinizmi?

 

3 sentyabr. Tranzistorlu radioqəbuledici, Xruşşev, Formula 1

 

Bu gün Qətər Britaniyadan aldığı müstəqilliyinin 50 illiyini bayram edəcək.  Bu gün İranda isə Britaniya müstəmləkəçiliyi ilə mübarizə günüdür. Milli qəhrəman Rais Əl Delvarinin şərəfinə qeyd edilir bu gün. Bir baxın, onlarda da Britaniya, bunlarda da.

 

ABŞ-da donuz qabırğasından barbekyü günüdür. Yaponiyada çarpayı günüdür. Bəli, amerikalılar bu gün bolluca donuz qabırğası yeyəcəklər, yaponlar isə çarpayıda sərələnəcəklər.

 

1959-cu ildə Yaponiyada Sony kompaniyası ilk tranzistorlu radioqəbuledici istehsal edib. İndiki gənc nəsil bilməz, bizim dövrümüzdə bu cihaz məişətdə çox önəmli yer tuturdu. 80-ci illərin sonunda SSRİ-də və Azərbaycanda baş verən siyasi hadisələr barədə doğru-düzgün məlumatları insanlar məhz bu tip radiolar vasitəsi ilə xarici radiostansiyalardan alırdı. “Amerikanın səsi” və “Azadlıq” radioları, diktor Mirzə Xəzər çox populyar idilər. 20 yanvardan sonra, yadımdadır, mən VEF markalı tranzistorumuzu həyətə çıxarardım, cavanlar toplaşıb qulaq asardıq, valideyinlər arasında isə şayiə dolaşardı ki, göydən vertolyotla izləyirlər, kimlər xarici radiostansiyalara qulaq asırlarsa onları tutacaqlar.

 

1953-cü ilin bu günündə SSRİ-də hakimiyyətə Nikita Xruşşev gəlib. O adam ki, ölkəni başdan başa qarğıdalı plantasiyalarına çevirib, xarici müxbirə ayaqqabısını çıxarıb tolazlayıb. 1950-ci ilin bu günündə İtaliyanın Monsa şəhərində Formula 1 üzrə ilk dünya çempionatına start verilib ki, hazırda o çempionat Bakı küçələri üçün də keçərlidir. 1914-cü ildə amerikalı Meri Cekobs büstqalteri (üzr istəyirəm) kəşf edib, iki il əvvəl isə Böyük Britaniyada ilk konserv zavodu istifadəyə verilib.

 

1875-ci ildə avstriyalı konstruktor Ferdinand Porşe dünyaya gəlib. Porşe indi dünyanın sevərək idarə etdiyi Porşhe və Volkswagen avtomobillərinin, eləcə də Tiqr tankının yaradıcısıdır, biləsiniz.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

 

 

 

Yaşar Nurini tanımayan, sevməyən varmı? Sözün həqiqi mənasında böyük aktyorlardan idi, Allah ona qəni-qəni rəhmət eləsin. Əlbəttə, mütləq çoxluq onu yaratdığı komik obrazlarla sevib. Amma mən məktəbli ikən baxdığım “Səni axtarıram” teletamaşasında rol aldığı dramatik “Elçin müəllim” roluna vurğun idim, Firəngiz Mütəlllibova ilə yaşadıqları səhnə sevgisi bizə o qədər real görünürdü, içimizdə pərvazlanan ilk sevgi ruşeymləri cücərir, böyüyürdü sanki. O dövrlərin necə ki tamaşaları, mahnıları fərqli idi, eləcə də sevgiləri fərqli idi, təmənnasızıydı, safıydı büsbütün.

 

Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış və unudulmaz aktyorumuz Məmmədsadıq Nuriyevin ailəsində anadan olmuşdur. Səhnədə ilk dəfə on bir yaşında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxış etmişdır. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmiş, müxtəlif dram dərnəklərinə getmişdir. 1968-ci ildə Bakıdakı 173 saylı orta məktəbi bitirmiş, Azərbaycan İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. Kurs rəhbərləri tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir. Tələbəlik illərində Balaş (“Sevil”), Salmanov (“Toy”), Neznamov (“Günahsız müqəssirlər”) və s. obrazlar yaratmışdır. 1974-cü ildə Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə kollektivin aktyor truppasına qəbul olunmuşdur. Yaşar Nuri Milli Dram Teatrında işlədiyi gündən repertuarda olan bir çox tamaşalarda iştirak etmişdir. O, Pərviz (“Bağlardan gələn səs”), Qasım (“Quşu uçan budaqlar”), Sərsəm Salman (“Dəli yığıncağı”), Əbdüləli bəy (“Sevil”) və s. obrazlarını yaratmışdır.

 

Yaşar Nuri həm də məşhur kino aktyoru idi. Əlliyə yaxın bədii filmə çəkilmiş, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak etmişdir. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın qızıl fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlara R.Həsənoğlunun hazırladığı R.Qasımovanın “Yollar görüşəndə...”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, H.Cavidin “Topal Teymur”, A.Qəhrəmanovun əsərləri əsasında lentə alınmış, haqqında əvvəldə söz açdığım “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası və s. televiziya tamaşalarını misal göstərmək olar.

 

O, 1981-ci ildə Azərbaycan SSR-nin “Əməkdar artist”, 1989-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüş, 1991-ci ildə 40 illik yubileyində “Yaramaz” filmindəki roluna görə Dövlət mükafatı laureatı olmuş, 1992-ci ildə isə “Qızıl dərviş” mükafatına layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinın Fərdi təqa­üdçüsü idi. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

 

Yaşar Nurini 2012-ci il noyabr ayının 22-də itirdik.

 

Yaşar Nurini xatırlayanda bir də ən çox onun yaratdığı Dadaşov obrazı yada düşür. “Qatarda” tamaşasında kupe yoldaşı bu sadə zəhmətkeş adamı yüksək vəzifəli şəxs kimi qəbul edib ona yarınmağa başlayır, o da “Fatı dur, Fatı otur” deyib başına müvəqqəti qonmuş şahlıq quşundan istifadə edərək kupedə hakimiyyəti öz əlinə alır. Ancaq sadəlik sonda özünü büruzə verir, o, bu yalançı imtiyazdan imtina etməli olur.

 

Bu, həm də Yaşar Nurinin öz daxili aləminin açması idi, o, sona qədər sənətə, tearta sadiq qaldı, məmurluq imtiyazlarını qəbul edə bilərdi, amma etmədi.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

Şəkildə: “Qatarda” tamaşasından səhnə

 

 

 

 

 

Xalq artisti Emin Ağalarov Bakıda ticarət mərkəzi və bulvar inşa etdirəcəyi ilə bağlı şəxsi instaqram hesabında paylaşım edib. O, layihənin planı olan vərəqlə çəkdirdiyi fotosunu yayıb və belə bir status yazıb:

 

“İnşaat işləri həmişə layihənin sxemindən başlayır. Bu, çox yaradıcı prosesdir. Hətta deyərdim ki, tikinti bir mahnıdır, əgər hər şey həmahənglik təşkil edəcəksə, onda əla nəticə olacaq!”

 

Emin Ağalarov hər iki tikintini – həm ticarət mərkəzini, həm də bulvarı çimərlik kimi fəaliyyətə başlamış və artıq kurort qəsəbəsinə çevrilmiş “Sea Breeze”də reallaşdırılacaq. Ticarət mərkəzinin tikintisinə sentyabrın 15-də start veriləcəyi bildirilir. Layihənin ümumi ərazisi 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq əhatə edəcək. Yaxın zamanda isə daimi yaşayış üçün mənzil, otel və apartamentlərin  tikintisinə başlanılacaq.

 

Müəssisələrin 2023 -2024-cü illərdə istifadəyə verilməsi nəzərdə tutulur.

 

Xarkov şəhərində Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovun “Siçovul” abidəsinin açılış mərasimi keçirilib. Niyə bəs siçovul?
AzərTAC-ın Ukrayna bürosunun yaydığına görə, Xarkov Əczaçılıq Universitetinin 100 illiyi münasibətilə ali təhsil ocağının ərazisində yerləşən “Siçovul” abidəsi dərin məzmun kəsb edir. Bu məzmunu açlılş mərasimində çıxış edən Seyfəddin Qurbanov bildirib. O deyib ki, dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Rusiya, Avropa dövlətlərində “Siçovul” abidəsi ucaldılıb. Ukraynada belə bir abidənin məhz Xarkovda ucaldılması şəhər sakinləri və turistlər üçün maraq doğuracaq. Onun sözlərinə görə, heykəl kompozisiyasının mənası odur ki, dünya tibbi siçovullar üzərində aparılan elmi eksperimentlər üzərində inkişaf edib. İnsanları xəstəlikdən, ölümdən qurtaran dərmanlar yaradılıb. Ona görə də heykəl kompozisiyasında “Siçovul” və kitablar, dərman əksini tapıb.
Tədbirdə çıxış edən universitetin rektoru Alla Kotvitskaya, Qazaxıstanın Xarkovdakı Fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti Emin Nəcəfli heykəl kompozisiyasının əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, heykəl kompozisiyasının hündürlüyü 3,5 metrdir və tuncdan hazırlanıb. Onu da vurğulayaq ki, Seyfəddin Qurbanov Xarkovda 60 heykəl kompozisiyası və memorial lövhənin müəllifidir.

Cümə axşamı, 02 Sentyabr 2021 10:45

Bakı Kitab Mərkəzi 3 yaşını qeyd etdi

Bu gün Bakının ən elitar kitab mərkəzi sayılan Baku Book Center - Bakı Kitab Mərkəzi sözün həqiqi mənasında kitabla təmas üçün ideal məkandır. Üzeyir Hacıbəyov və Qoqol küçələrinin kəsişməsində yerləşən, 2500 kvadratmetr sahəyə malik bu mərkəzin rəsmi açılışı 2018-ci il sentyabr ayının 1-də olmuşdur. Bakı Kitab Mərkəzi  Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmışdır və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə yanaşmaqdadır.  Burada oxuculara Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə,  istənilən janrlarda kitablar təqdim olunur. Gözəl yazıçımız Günel Anarqızının rəhbərlik etdiyi mərkəzin əsas konsepsiyası - oxucularda  mədəni, mənəvi dəyərləri və faydalı bilikləri daşıyan kitaba maraq oyatmaqdır.
Bakı Kitab Mərkəzinin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri öz yerini tapıb. Burada, həmçinin, "I love Baku" brendinin rəngarəng suvenirləri və "Azərmarka" şirkətinin məhsulları təqdim olunur. Eyni zamanda, 1-ci mərtəbədə Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçiləri, musiqi kitabları və notlar da satılır.
Mərkəzin layihəsi üzərində çalışarkən, yaradıcılar kitabsevərlərin burada asudə vaxtlarını keçirmələri üçün də imkan yaradıblar. Kitab satışı ilə yanaşı burada "Coffee mood" adlı kafe də fəaliyyət göstərir.
Kafedə əyləşərkən qonaqlar Mərkəzdə təqdim olunan kitab və jurnallarla tanış ola bilirlər.
Mərkəzin 2-ci mərtəbəsində oxu zalı, zəif görmə qabiliyyəti olan insanlar üçün ayrıca, uşaqlar üçünsə ayrıca guşələr, dəftərxana malları şöbəsi, müxtəlif ədəbi və mədəni tədbirlər keçiriləcək təqdimat hissəsi və elmi fəaliyyətlə məşğul olanlar üçün nəzərdə tutulmuş tədris guşəsi fəaliyyət göstərir.
Bakı Kitab Mərkəzində mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış insanların iştirakı ilə oxu günləri, dil kursları, beynəlxalq təşkilatlar və xarici səfirliklər ilə bərabər təşkil olunmuş tədbirlər keçirilir.
Mərkəzdəki bütün tədbirlər və aksiyalar haqqında zalda canlı anonslar səslənir, müxtəlif yerlərdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar verilir. Sensor ekranlarda Mərkəzdə satılan bütün kitablar haqqında məlumat almaq olur.
Bakı Kitab Mərkəzinin cəmi 3 il ərzində həm yerli sakinlərin, həm də şəhərin qonaqlarının ən sevimli məkanlarından birinə çevrilməsi fərəh doğurur.

Dünya seyrçisinin maraqla izlədiyi Agent 007 Ceyms Bond haqqında növbəti - 25-ci filmin çəkilməsi barədə yəqin ki oxucular məlumatlı idi. Söhbət “Ölmək vaxtı deyil” (No Time to Die) filmindən gedir.
Xatırladaq ki, Ceyms Bond barədə filmlər 1962-ci ildən çəkilir. Hazırda rejissor Sem Mendesin “bondiana” seriyasından sonuncu filmi olan “007: Spektr” (Spectre, 2015) dünya prokatında 880 milyon ABŞ dolları qazanıb. Kinoseriyanın ümumi kassa yığımları isə 10 milyard dolları ötür.
TASS-ın məlumatına görə yeni filmin final treyleri ötən gün “Bondiana”nın YouTube-dakı rəsmi kanalında yerləşdirilib.
Yeni filmdə baş rolu Deniel Kreyq ifa edir. Filmin dünya premyerası sentyabrın 28-də olacaq, film Londonda - Albert-Hollda nümayiş olunacaq.
O kı qaldı filmin süjetinə, Süjetə əsasən, Ceyms Bond operativ xidmətdən uzaqlaşır və Yamaykada yaşayır. Bu vaxt onun Mərkəzi Kəşfiyyat İdarəsindən olan köhnə dostu kömək xahişi ilə adaya gəlir, ondan oğurlanmış alimin xilası xahiş edilir. Bond razılaşır, lakin missiya Bondun nadir texnoloji silaha malik olan sirli cinayətkarın tələsinə düşməsi ilə nəticələnir…
Olduqca maraqlı, kəskin süjetə malik filmdir.

Cümə axşamı, 02 Sentyabr 2021 10:43

Rənglərdən möcüzə yaradan rəssamın anım günü

 

2 sentyabr. Rəssam Əyyub Hüseynovun 105 illiyi

 

Azərbaycanı dünya miqyasında tanıdan rəssamlar az olmayıb. Onlardan biri də Əyyub Hüseynovdur. Əyyub Müseyib oğlu Hüseynov 1916-cı il sentyabr ayının 2-də Naxçıvanın Şərur rayonunun Xok kəndində anadan olub. Onun yaradıcılığının erkən dövrü Bakı Rəssamlıq Texnikumunda təhsil aldığı illərdən başlanır. O, 1931-ci ildə texnikumu bitirdikdən sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında davam etdirib, təhsilini başa vurduqdan sonra bir müddət Naxçıvan Dövlət Dram Teatrında quruluşçu rəssam işləyib,  müxtəlif tamaşalar üçün dekorasiya və eskizlər hazırlayıb. Lakin rəssam kimi dəzgah rəngkarlığına daha çox meyl edib. Əyyub Hüseynov  kənd mövzularında rəngarəng tablolar yaradıb, yaradıcılığının bütün dövrlərində mənzərə, portret, məişət janrlarına müraciət edib. “Araz vadisində” mənzərə tablosunun yaranmasından 70 ildən artıq vaxt keçməsinə baxmayaraq, əsər bu gün də məşhurdur. Əyyub Hüseynov sovet dövründə əsərləri ilə Azərbaycanı dünyada tanıtdıranlardan biri olaraq müxtəlif janrlarda çəkdiyi rəsmlərində milli dəyərlərimizi təsvir edib. Yaratdığı tablolar bu gün də dünya muzeylərini bəzəyən eksponatlardandır. Əmək mövzusunda çəkdiyi “Kömək gəlib”, “Yaylaqda”, “Çobanlar”, mənzərə janrında “Şahbuz”, “Yağışdan sonra”, eləcə də “Aşıq Ələsgər” və “Əmək qəhrəmanı” portretləri məşhurdur.

 

1980-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Əyyub Hüseynov 1998-ci il aprel ayının 17-də Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!

 

2 sentyabr. “Bir daha bax” günü.

 

Köhnə əşyaları, paltarları atmaq istəyirsiniz? Onlara bir daha baxın, nəzərdən keçirin. Bəlkə onların içində elələri var ki, dost-tanışınıza gərəkli ola bilər, yaxud aparıb aztəminatlı ailələrə verə bilərsiniz? Bu günün məğzi bax budur. Və deyilənə görə, bu gün həqiqətən də insanların sanki şüuru dəyişir, beyinlərinə pozitiv fikirlər dolur, ətrafdakılara pay-pürüş paylayırlar. Həqiqətən, səninçün lazımsız olan bir şey kiminsə həyatını dəyişə bilər, bu aksiomdur.

 

İnsanlar arasında məgər belə deyil? Sənin dəyər vermədən ayrıldığın birisi gedib bir başqasını xoşbəxt etmirmi?

 

2 sentyabr, Odessa şəhərinin günü

 

Odessada axırıncı dəfə 1996-cı ildə olmuşam. Amma təəssüratlar o qədər yaxındır ki, hətta bu Qara dənizdəki liman şəhərinin Dənizkənarı bulvarının qoxusu belə burnumdadır. Dünyada onlarca ölkələrdə, şəhərlərdə olsam belə nədənsə Paris, London, Madrid, Frankfurt, Nyu-York, Moskva, Kiyev, İstanbul belə məni Odessa qədər təəccübləndirməyib, sevindirməyib, xoşbəxt etməyib. Bəlkə də onu mənə sevdirən türk köklərinin olmasıdır. Bir baxın, 1415-ci ildə bu şəhər Hacıbəy adı ilə tanınırdı. Sonradan, 18-ci əsrdə ruslar buranı ələ keçirib adını da dəyişdilər, Odessa sözü fransız mənşəlidir, çoxlu su deməkdir. Deyilənə görə, o vaxtlar şəhərə köçürülən kazaklar insanların Hacıbəy yox, Odessa demələrinin qeydinə qalırmışlar, şəhərin girəcəyində lövbər salaraq gələnlərə “Hara belə?” sualı verirmişlər, Odessa cavabı aldıqda gələni şəhərə buraxır, Hacıbəy cavabı aldıqda onu qılıncdan keçirirmişlər. Bax belə bir qara şovinizm tarixçəsi.

 

Şəhərin o qədər özəlliyi var ki. Burada bir çox məşhur sovet filmləri şəkilib.  Dünyaca məşhur Privoz bazarı burdadır. Eləcə də, dünyaca məşhur Deribasovsk küçəsi də. Sovetlər dövründə ayrıca bir lətifə kateqoriyası var idi, Odessa lətifələri. Sovet dövründə məşhur bir məsəl də var idi, “Rostov papa, Odessa mama”. Ölkənin bütün kriminal avtoritetləri Odessada yığışardı. Dünyanın ən yaşıl və güllü-çiçəkli bulvarlarından biri Odessa bulvarı hesab edilir. Buranın bir adı da var idi, yəhudi Odessası. Yəhudilər burada çox idilər, Avram və Sara obrazları da həm buna, həm də şəhərin yumor ənənəsinə bir işarə idi.

 

Yadımdadır, bir dəfə Dənizkənarı bulvarı gəzərkən dənizin, gül-çiçəyin və xoşbəxtliyin qoxusu başıma necə vurmuşdusa gülsatan qarıdan bir vedrə gül alıb yoldan keçən qəşəng qızlara paylamışdım. Eh, Odessa, Odessa!

 

2 sentyabr. Müharibənin bitməsi, məcburi sıyıqyemə, “Titanik”in tapılması günü

 

Tarixə fikir verirsinizmi, 2-ci dünya müharibəsi dünən – 1 sentyabrda başlayıb, bu gün – 2 sentyabrda başa çatıb. 1945-ci ilin bu günündə, Moskva vaxtı ilə saat 16.02-də almanların son müttəfiqi – Yaponiyanın kapitulyasiyası ilə bəşər tarixində ən çox can alan bir müharibə sona çatıb.

 

Bu gün vyetnamlılar Milli dövlət günlərini qeyd edirlər, amerikalılar Kaberne gününü. Kaberne təbii ki, mətbəxə aiddir, şərab üzümü növüdür. Üstəlik, amerikalılarda bu gün “Səhər naharında sıyıq” günüdür. Olsun ki, bizdə peyvənd məcburi olduğu kimi amerikalılarda da 2 sentyabrda sıyıq yemək məcburidir. 

 

1993-cü ilin bu günündə Özbəkistanda 2000-ci ildən kiril əlifbasından latın əlifbasına keçmək haqda qərar verilib. Amma 2021-ci ildir, hələ də keçə bilməyiblər. Demək, latına keçə bildiyimiz üçün bizi alqışlamaq yerinə düşməzmi, düşər. 1985-ci ildə Nyufaundlend sahillərində əfsanəvi “Titanik” gəmisi tapılıb. 1969-cu ilin bu günüdə Kaliforniya universiteti laboratoriyalarından birində bir kompüterdən digərinə məlumat ötürülməklə İnternetin yaranmasına ilk töhfə edilib. 1834-cü ildə Samuel Kolt öz revolverinə patent alıb. İki yüz ilə yaxın bir dövr ərzində koltlar nə qədər can almışlar, bu qədər insan ruhu Kolt köpək oğlunu elə bilirsiniz lənətləmir?

 

1831-ci ildə Qoqolun “Dikanka yaxınlığında Xutor axşamları” romanı işıq üzü görüb. 1789-cu ildə ABŞ-da maliyyə nazirliyi yaradılıb. 1192-ci ildə tarixin növbəti dönümünü səciyyələndirən əlamətdar bir olay baş verib, Yaffada ingilis kralı 1 Riçard Şir ürəkli ilə Sultan Səlahəddin sülh müqaviləsi bağlayıblar.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

Şəkildə: Rəssam Əyyub Hüseynovun avtoportreti Milli muzeydə nümayiş olunur

 

“Uzun illərdən sonra işğaldan azad edilmiş Şuşa şəhərimizdə böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günləri keçirildi. Poeziya Günlərinin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Bu tarixi tədbir mədəni irsimizə və milli təfəkkürümüzə ehtiramın təzahürü olmaqla yanaşı, həm də ölkəmizin həyatında əlamətdar hadisə idi”.
Bunu mediaya açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.
Millət vəkili daha sonra deyib: “Xatırlatmaq yerinə düşər ki, təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş Şuşa şəhəri tarixin bir çox keşməkeşli hadisələrinin şahidi olub. Gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. 30 ilə yaxın Ermənistanın işğalına məruz qalmasına baxmayaraq, doğma şəhərimiz Şuşa hətta dağılmış vəziyyətdə, vandalizmə məruz qalmış şəkildə də öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözlədi”.
Jalə Əhmədova qeyd edib ki, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib və 1982-ci il yanvarın 14-də qarlı, şaxtalı havada bu məqbərənin açılışı olub. Ulu Öndərin uzaqgörən siyasətinin təzahürü olan bu məqbərənin ucaldılması sıradan bir hadisə deyildi və həm də siyasi məqsəd daşıyırdı. Çünki bu hadisə o vaxt ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi olan Şuşaya olan əsassız iddialarının qarşısının alınması üçün mühüm əhəmiyyət kəsb etdi. O dövrdə belə bir məqbərənin ucaldılması həm də ona görə çətin idi ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri olmuşdu. Sovet dövründə isə ideologiya belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldıldı və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapdı.”
Jalə Əhmədova bildirib ki, Ermənistanın 30 ilə yaxın işğalı dövründə erməni vandalizmi nəticəsində məqbərə dağıdılmışdı. Şuşa işğaldan azad olunduqdan sonra isə məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. Vaqif Poeziya Günləri bərpa edildi, “Xarıbülbül” festivalı bərpa edildi. Artıq Şuşa şəhəri tədricən Azərbaycanın mədəniyyət paytaxtı kimi əvvəlki funksiyalarını yerinə yetirməyə başlayır.
Millət vəkili deyib: “Şuşanın bərpasına başladığımız bu il yanvarın 14-dən keçən qısa müddət ərzində böyük işlər görülüb. Yeni çəkilmiş Zəfər yolu artıq azad olunmuş torpaqlarımızın canlandırılmasının simvoludur. Bundan başqa, Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, bu daha qısa yol olacaq. Ötən qısa müddətdə Şuşanın elektrik təsərrüfatı bərpa edildi, suyun verilməsi bərpa olundu. Üç məsciddə təmir-bərpa işləri davam edir. Natəvan bulağı bərpa edildi, “Xarıbülbül”, “Qarabağ” otelləri istifadəyə verildi.
Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirilərək mərkəzi meydanda qoyuldu. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi.
Bundan başqa, Şuşada yeni beşulduzlu otel inşa olunacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada “Qarabağ” və “Xarıbülbül” otellərində 150 otaq mövcuddur. Bununla yanaşı, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Ermənilərin “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə isə beşulduzlu otel inşa olunacaqdır. Yeni yaşayış kompleksinin təməlinin qoyulması isə tezliklə Şuşada həyatın tam axarına qayıtmasına öz töhfəsini verəcəkdir.
Bütün bunlar deməyə əsas verir ki, atılan bütün zəruri addımlar nəticəsində Şuşamızda həyat tezliklə öz normal axarına qayıdacaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da Azərbaycanın Mədəniyyət Paytaxtı statusunu qoruyub saxlayacaqdır”.


Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏŞ) İdarə heyətinin həmsədri Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri, DHƏŞ-ın sədri Polad Bülbüloğlu və DHƏŞ-in icraçı direktoru Anatoli İksanovla görüşüb.
AzərTAC Bişkedən xəbər verir ki, Sadır Japarov fondun Qırğızıstandakı fəaliyyətini yüksək qiymətləndirib, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında mədəni sahədə əlaqələrin möhkəmlənməsində DHƏŞ-in böyük rolu olduğunu bildirib.
Dövlət başçısı deyib ki, fond hər il Qırğızıstanda mədəni sahədə keçirilən 5-6 layihəni maliyyələşdirir. Gələn il keçiriləcək “Karakol - MDB-nin mədəniyyət paytaxtı” layihəsi də fond tərəfindən maliyyələşdiriləcək.
Prezident Sadır Japarov bildirib ki, ölkələr arasında dostluq və əməkdaşlığın genişləndirilməsi sahəsindəki xidmətlərinə görə Mixail Şvıdkoy “Danaker”, Polad Bülbüloğlu “Dostluq” ordenlərinə layiq görülüblər, Anatoli İksanov isə Qırğızıstan Respublikasının Fəxri Fərmanı ilə təltif edilib.
Ordenləri və Fəxri Fərmanı təqdim edən Qırğızıstan Prezidenti, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.