Rəssamın yubileyi, tranzistorlu radioqəbuledici və San-Marino

 

3 sentyabr. Tanınmış rəssam Oqtay Şıxəliyevin 90 illiyi

 

Oqtay Şıxəliyevin (Oqtay Şirəliyev yox a) əl işləri hər gün gözümüzə sataşır, amma bilmirik ki, bunların yaradıcısı kimdir. XX əsrin 60-cı illərindən etibarən Bakıda bir çox ictimai binaların - idman sarayı, məktəb, zavod, metro stansiyası, park və s. bədii tərtibatını o verib, binaların interyerində müxtəlif formalı kompozisiyalar yaradıb. Rəssamın monumental yaradıcılıq nümunələrinə misal olaraq Bakıdakı 18 saylı məktəb, Bakı məişət kondisionerləri zavodu, “Azərbaycan” nəşriyyatının binası, Bakıda “Uşaq dünyası” universal mağazası və digərlərini göstərmək olar. O, rəngkarlıq sahəsində çalışmış, çoxlu portret və mənzərə təsvirləri, plakatlar işləmiş, dekorativ vazalara və boşqablara tərtibat da vermişdir. Daha çox lokal rənglərə üstünlük verən rəssam bu rənglərin ahəngini onların təzadı ilə birgə yaratmışdır. “Mənim qaracam”, “Nigar”, “Qız”, “Kimyaçı” kimi portretlərdə, həmçinin, “Qobustan”, “Müharibənin nəticələri” adlı mənzərələrində buna rast gəlmək mümkündür. Rəssam dəzgah rəngkarlığının müx­təlif janrlarında bir-birindən maraqlı əsərlər yaratmışdır. “Çənlər” (1969), “Kürün ram edilməsi” (1970), “Sallaqxana” (1970), “Mənim buketim” (1971), “Kapella” (1980) və s. əsərləri onun tematik tablolarının əsas bədii xüsusiyyətlərini əks etdirir. Portret və mənzərə janrında yarat­dığı “Qobustan daşları” (1966), “Sum­qayıt boruları” (1970), “Tarzən Bəh­ram Mansurov” (1972), “Aydın səma” (1974), “Rəs­samın ailəsi” (1976), “Meksika həyəti” (1982) və s. rəssamın yaddaqalan uğurlu əsərlərindəndir. Bir çox xarici ölkələrdə - Meksika, Almaniya, Kanada və s. yaradıcılıq səfərlərində olmuş Oqtay Şirəliyevin əsərləri dünyanın müxtəlif ölkələrində nüfuzlu muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. O, 1982-ci ildə Azərbaycan Respublikasının “Əməkdar rəssamı”, 1992- ci ildə isə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüşdür, Prezident təqaüdçüsü idi. Oqtay Şıxəliyev 2012-ci il yanvar ayının 31-də Bakı şəhərində vəfat etmişdir. Allah rəhmət eləsin.

 

3 sentyabr. Ümumdünya Göydələnlər Günü

 

Dünyada ilk göydələn 1885-ci ilin 3 sentyabrında ABŞ-ın Çikaqo şəhərində istifadəyə verilib, bu gün həmin o hadisənin şərəfinə təqvimdə göydələnlər günü kimi qeyd edilir. Həmin bina The Home İncuranse sığorta şirkətinə aid idi, 10 mərtəbəliydi, arxitektoru Uilyam Cenni idi. İlk göydələnin ömrü isə elə də uzun olmamışdı, bina 1931-ci ildə sıradan çıxmışdı.

 

Göydələnlər gününü bizim paytaxtımız xüsusi şövqlə keçirə bilər, çünki dünyanın ən gözəl memarlıq şedevrlərindən biri olan Alov qüllələri Bakının hüsnünü bəzəyir. Bu gün ərinmədən yolunuzu bu gözəlliyin yanından salın, bir daha ona baxıb həzz duyun, yaxşımı?

 

3 sentyabr. San Marino Respublikasının Günü

 

Yaxın oturun, sizə müasir cənnətlərdən biri haqqında danışacağam. 3 sentyabr 301-ci ildə yaradılmış San Marino knyazlığı həqiqətən cənnətdir. İlk olaraq ondan başlayım ki, hazırda yer kürəsində koronavirusa qalıb gələn yeganə ölkə də San Marinodur. Korona bəlası gələndə və insanlar yoluxub vəfat etməyə başlayanda ölkənin rəhbəri “Onsuz da əhalimiz azdır, elə edək ki, bu bəla axırımıza çıxmasın” deyərək ən keyfiyyətli və ən bahalı vaksini almış, öncə özü və ailə özvləri, hakimiyyət əyanları nümayişkəranə şəkildə vaksin olunmuşlar, ardınca da bütün ölkə əhalisi. Hazırda ölkədə bircə dənə yoluxma halı yoxdur, hamı da şad-xürrəm ömür sürməkdədir.

 

Bu bayran günündə san-marinolular dini rituallar ifa etməkçün kilsələrə toplaşırlar, günortaya kimi ruhani prosedurlar yekunlaşır, günortadan sonra isə dünyəvi prosedurlar başlayır. Hərbi orkestr ifa edir, arbalet turniri keçirilir, atəşfəşanlıq baş tutur.

 

Ərazisi cəmi 61 kvadrat kilometr (hansı rayonla bərabərləşdirim, heç biri uyğun gəlmir. Belə deyək də, bir imkanlı azərbaycanlının qəsri yerləşən torpaq sahəsi qədər), əhalisi isə vur-tut  34450 nəfər olan bu ölkə kiçikliyinə görə Avropada 3-cü, dünyada isə 5-cidir. Amma bir balaca boyu var, dam dolusu toyu var. Uzun-uzadı yazmayacağam, orda maddi rifah halı necədir, adambaşına düşən ümumi daxili məhsulun həcmi nə qədərdir, bir aylıq gəlirə neçə kilo qara kürü və ya trüfel göbələyi (qara kürünün kilosundan xəbəriniz varmı, deyirlər 1500 manatdır, trüfel göbələyi isə nə vaxtdır 2000 dollarda dirənib) ala bilirlər, bunları deməyəcəyəm, tək onu deyəcəyəm ki, orada demokratiya elə bir həddədir ki, azadlıq özü də bu qədər qol-qanad açmasına utanır. Ölkənin konstitusiyası isə 1500-cü ildən dəyişməz olaraq qalır, təsəvvür edirsinizmi?

 

3 sentyabr. Tranzistorlu radioqəbuledici, Xruşşev, Formula 1

 

Bu gün Qətər Britaniyadan aldığı müstəqilliyinin 50 illiyini bayram edəcək.  Bu gün İranda isə Britaniya müstəmləkəçiliyi ilə mübarizə günüdür. Milli qəhrəman Rais Əl Delvarinin şərəfinə qeyd edilir bu gün. Bir baxın, onlarda da Britaniya, bunlarda da.

 

ABŞ-da donuz qabırğasından barbekyü günüdür. Yaponiyada çarpayı günüdür. Bəli, amerikalılar bu gün bolluca donuz qabırğası yeyəcəklər, yaponlar isə çarpayıda sərələnəcəklər.

 

1959-cu ildə Yaponiyada Sony kompaniyası ilk tranzistorlu radioqəbuledici istehsal edib. İndiki gənc nəsil bilməz, bizim dövrümüzdə bu cihaz məişətdə çox önəmli yer tuturdu. 80-ci illərin sonunda SSRİ-də və Azərbaycanda baş verən siyasi hadisələr barədə doğru-düzgün məlumatları insanlar məhz bu tip radiolar vasitəsi ilə xarici radiostansiyalardan alırdı. “Amerikanın səsi” və “Azadlıq” radioları, diktor Mirzə Xəzər çox populyar idilər. 20 yanvardan sonra, yadımdadır, mən VEF markalı tranzistorumuzu həyətə çıxarardım, cavanlar toplaşıb qulaq asardıq, valideyinlər arasında isə şayiə dolaşardı ki, göydən vertolyotla izləyirlər, kimlər xarici radiostansiyalara qulaq asırlarsa onları tutacaqlar.

 

1953-cü ilin bu günündə SSRİ-də hakimiyyətə Nikita Xruşşev gəlib. O adam ki, ölkəni başdan başa qarğıdalı plantasiyalarına çevirib, xarici müxbirə ayaqqabısını çıxarıb tolazlayıb. 1950-ci ilin bu günündə İtaliyanın Monsa şəhərində Formula 1 üzrə ilk dünya çempionatına start verilib ki, hazırda o çempionat Bakı küçələri üçün də keçərlidir. 1914-cü ildə amerikalı Meri Cekobs büstqalteri (üzr istəyirəm) kəşf edib, iki il əvvəl isə Böyük Britaniyada ilk konserv zavodu istifadəyə verilib.

 

1875-ci ildə avstriyalı konstruktor Ferdinand Porşe dünyaya gəlib. Porşe indi dünyanın sevərək idarə etdiyi Porşhe və Volkswagen avtomobillərinin, eləcə də Tiqr tankının yaradıcısıdır, biləsiniz.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.