Yaşar Nurini tanımayan, sevməyən varmı? Sözün həqiqi mənasında böyük aktyorlardan idi, Allah ona qəni-qəni rəhmət eləsin. Əlbəttə, mütləq çoxluq onu yaratdığı komik obrazlarla sevib. Amma mən məktəbli ikən baxdığım “Səni axtarıram” teletamaşasında rol aldığı dramatik “Elçin müəllim” roluna vurğun idim, Firəngiz Mütəlllibova ilə yaşadıqları səhnə sevgisi bizə o qədər real görünürdü, içimizdə pərvazlanan ilk sevgi ruşeymləri cücərir, böyüyürdü sanki. O dövrlərin necə ki tamaşaları, mahnıları fərqli idi, eləcə də sevgiləri fərqli idi, təmənnasızıydı, safıydı büsbütün.
Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış və unudulmaz aktyorumuz Məmmədsadıq Nuriyevin ailəsində anadan olmuşdur. Səhnədə ilk dəfə on bir yaşında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxış etmişdır. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmiş, müxtəlif dram dərnəklərinə getmişdir. 1968-ci ildə Bakıdakı 173 saylı orta məktəbi bitirmiş, Azərbaycan İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. Kurs rəhbərləri tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir. Tələbəlik illərində Balaş (“Sevil”), Salmanov (“Toy”), Neznamov (“Günahsız müqəssirlər”) və s. obrazlar yaratmışdır. 1974-cü ildə Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə kollektivin aktyor truppasına qəbul olunmuşdur. Yaşar Nuri Milli Dram Teatrında işlədiyi gündən repertuarda olan bir çox tamaşalarda iştirak etmişdir. O, Pərviz (“Bağlardan gələn səs”), Qasım (“Quşu uçan budaqlar”), Sərsəm Salman (“Dəli yığıncağı”), Əbdüləli bəy (“Sevil”) və s. obrazlarını yaratmışdır.
Yaşar Nuri həm də məşhur kino aktyoru idi. Əlliyə yaxın bədii filmə çəkilmiş, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak etmişdir. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın qızıl fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlara R.Həsənoğlunun hazırladığı R.Qasımovanın “Yollar görüşəndə...”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, H.Cavidin “Topal Teymur”, A.Qəhrəmanovun əsərləri əsasında lentə alınmış, haqqında əvvəldə söz açdığım “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası və s. televiziya tamaşalarını misal göstərmək olar.
O, 1981-ci ildə Azərbaycan SSR-nin “Əməkdar artist”, 1989-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüş, 1991-ci ildə 40 illik yubileyində “Yaramaz” filmindəki roluna görə Dövlət mükafatı laureatı olmuş, 1992-ci ildə isə “Qızıl dərviş” mükafatına layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinın Fərdi təqaüdçüsü idi. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Yaşar Nurini 2012-ci il noyabr ayının 22-də itirdik.
Yaşar Nurini xatırlayanda bir də ən çox onun yaratdığı Dadaşov obrazı yada düşür. “Qatarda” tamaşasında kupe yoldaşı bu sadə zəhmətkeş adamı yüksək vəzifəli şəxs kimi qəbul edib ona yarınmağa başlayır, o da “Fatı dur, Fatı otur” deyib başına müvəqqəti qonmuş şahlıq quşundan istifadə edərək kupedə hakimiyyəti öz əlinə alır. Ancaq sadəlik sonda özünü büruzə verir, o, bu yalançı imtiyazdan imtina etməli olur.
Bu, həm də Yaşar Nurinin öz daxili aləminin açması idi, o, sona qədər sənətə, tearta sadiq qaldı, məmurluq imtiyazlarını qəbul edə bilərdi, amma etmədi.
Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr
Şəkildə: “Qatarda” tamaşasından səhnə