Super User

Super User

Sentyabrın 18-dən 24-dək ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulur. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, bu səbəblə builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək. Sentyabrın 18-də Üzeyir Musiqi Günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.
Bundan əlavə, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə və Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda, cari festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb.
Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.
Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVID pasportu ilə giriş mümkün olacaq.

Əsas sual - “İlin ifaçısı” kim oldu?
Bu, hamımızın yaxşı tanıdığı, yeniyetməliyindən musiqi Olimpinə yüksəlməyi bacarmış bir gəncdir - kanadalı müğənni Jastin Biber!
Mərasim barədə geniş məlumatı sabah yayınlayacağıq.

Sentyabrın 11-də Bakı Ali Neft Məktəbində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının hazırladığı (ICESCO) “ICESCO akseleratoru” adlı yeni pilot layihənin təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Bakı Ali Neft Məktəbi və “NewSpace Innovation”un dəstəyilə ərsəyə gələn layihə ICESCO-nun üzvü olan ölkələrdə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə yaradılıb.
Mədəniyyət Nazirliyinin yaydığı rəsmi məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri bu layihəyə qoşularaq öz ideyalarını tətbiq etdikləri üçün onlara təşəkkürünü bildirib. O, tədbirə toplaşan qonaqların tələbələrlə sıx əməkdaşlıq etməsini arzulayıb. Layihədə 23 komandanın iştirak etdiyini deyən E.Qasımov bildirib ki, bu gün onlar öz ideyalarını reallaşdırmaq üçün gözəl bir fürsət qazanıblar.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev azərbaycanlı gənclərin ölkədə aparıcı yerləri tutmalı olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Nizami Gəncəvi, Nəsimi, Füzuli kimi dahi şəxsiyyətlər yetişdirən qədim mədəniyyətə və yüksək dəyərlərə malik bir ölkədir. Bunu dünyaya çatdırmaq yalnız gənclərin üzərinə düşür.
E.Əliyev bildirib ki, bir sıra beynəlxalq təşkilatlar Qarabağ məsələsində hər zaman ikili mövqe tutmuşlar. Ölkəmizin başçısı onları 30 illik Qarabağ münaqişəsini həll etmək üçün ədalətli mövqe tutmağa çağırsa da bunun əməli nəticəsi olmamışdır. Azərbaycana dəstək olan yalnız bir neçə təşkilatlar var ki, onlardan biri də ICESCO-dur.
Tədbirə onlayn qoşulan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, “ICESCO akseleratoru” proqramı dünyada ilk dəfə olaraq Azərbaycan, Qazaxıstan və Özbəkistanda tətbiq olunur və ilkin olaraq 5 sənaye sahəsini əhatə edir: bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir. O, gənclərin bu proqram vasitəsilə öz bacarıqlarını inkişaf etdirəcəyini vurğulayıb.
Açılış mərasimində ICESCO-nun Elm və Texnologiya bölməsinin məsləhətçisi Məhəmməd Şərif, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, ICESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə çıxış edərək layihənin əhəmiyyətindən danışıb və Azərbaycan-ICESCO əməkdaşlığının davamlı olacağını bildiriblər.
Sonra “NewSpace Innovation” şirkətinin təsisçisi Leyla Tağızadə layihə haqqında məlumat verib.

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) və İzmir Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə İzmir şəhərində möhtəşəm konsert proqramı gerçəkləşib.
AzərTAC xəbər verir ki, türk dünyasını təmsil edən solistlər TÜRKSOY-un Gənclər xoru, İzmir Dövlət Opera və Balet xoru və “Əl-ələ” Musiqi Simfonik Orkestrinin müşayiətilə gözəl musiqi nömrələri ifa ediblər.
Dünya Birləşmiş Şəhərlər və Yerli İdarələr Təşkilatının Mədəniyyət zirvəsinin bağlanış mərasimində tamaşaçılar qarşısına çıxan türkdilli ölkələrin sənətçiləri ifaya “Yunus Əmrə və Türkcə ili” çərçivəsində Ahmet Adnan Saygunun “Yunus Əmrə” oratoriyasından bir bölümlə başlayıblar.
Azərbaycandan konsertdə vokalçı Çinarə Şirinova təmsil edib.
TÜRKSOY Baş katibi Düsen Kaseinov konsertlə bağlı açıqlamasında vurğulayıb ki, zəngin mədəniyyət proqramları ilə Yunus Əmrənin humanizmini və ümumdünya tolerantlıq mesajlarını gələcək nəsillərə çatdırırıq.
Qeyd edək ki, pandemiya səbəbindən çıxışlarına bir müddət ara verən TÜRKSOY-un Gənclər xoru Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Türkiyənin şəhərlərində qastrol səfərində olub.

 

78-ci Venesiya kinofestivalının əsas mükafatı - "Müqəddəs Markın Qızıl şiri"nə - fransız rejissor xanım Odri Divanın "Hadisə" (l ' eenement) filmi layiq görülüb. Bu elan şənbə günü axşam Cənubi Koreyadan olan rejissor Pon Cun Ho başda olmaqla beynəlxalq Münsiflər heyəti tərəfindən Kino sarayında təntənəli mükafatlandırma mərasimində elan edilib, - “Ədəbiyyat və incəsənət” portalı BBC-yə istinadən xəbər verir.

 

Baş mükafat təqdim ediləndə Odri Divan belə söyləyib:

 

-Mən bu filmi qəzəbli halda, həvəslə, təkcə başımla yox, həm də ürəyimlə, hətta qarnımla, bağırsaqlarımla çəkmişəm.

 

"Hadisə" dramında hadisələr 1963-cü ildə baş verir, süjetin mərkəzində gənc tələbə qız durur. O, hamiləliyi barədə xəbər tutur, bu qara

 

xəbər gənc qızın parlaq gələcəyini təhdid edir: nikahdankənar uşaq? Valideyinlər, tanış-biliş bunu necə qarşılayacaq, aləm bir-birinə dəyəcək. Həmin dövrdə ölkədə abort rəsmən qadağan edilib. Qız vəziyyətdən çıxış yolu tapmağa çalışır...

 

Odri Divan üçün "Hadisə" ikinci tammetrajlı fimdir. Filmdə əsas rolu Anamariya Vartolomey oynayıb.

 

Öz növbəsində, Venesiya kinofestivalının ən yaxşı rejissorluğuna görə "Müqəddəs Markın Gümüş şir" mükafatı ilə digər bir qadını - Ceyn Kempionu "İtin hakimiyyəti" (The dog of the Force) filminə görə mükafatlandırıblar. Film Amerika yazıçısı Tomas Sisicin eyniadlı romanı əsasında çəkilmişdir. Filmin çəkilişləri Netflix ilə əməkdaşlıqda Yeni Zelandiyada - rejissorun vətənində baş tutub. Yeri gəlmişkən, Kempion Kann kinofestivalının "Piano" (The Piano, 1992) filminə görə "Qızıl palma budağı"nı almış ilk qadın rejissor olub. Onun müəllifliyinə, həmçinin, əvvəllər Venesiya kinofestivalının Münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüş "Mənim stolumun arxasında Mələk" (An Angel At My Table, 1990) və "Parlaq ulduz" (Bright Star, 2009) filmləri də məxsusdur.

 

Adı ən çox hallanan italyan Paolo Sorrentinonu münsiflər “Allahın əli" (E stata la mano Dio) filminə görə Gran Pri-yə layiq görüblər. Haqqında sizə geniş bəhs etdiyimiz bu film avtobioqrafikdir, dünyaşöhrətli futbolçu Dieqo Maradonanın Napoli şəhərində keçən günlərindən bəhs edir. Bu film tezliklə  Netflix-də nümayiş olunacaq. Filmdə baş rolun ifaçısı Filippo Skotti Marçello Mastroyanni adına Ən yaxşı yenibaşlayan aktyor mükafatını qazanıb. Sorrentino bütün işlərinin içində bu filmi ən şəxsi filmi hesab etdiyini söyləyib.

 

Penelopa Cruz Pedro Almodovarın "Paralel analar" (Madres paralelas) filmində oynadığı rola görə Ən yaxşı aktrisa kimi Volpi Kubokuna layiq görülüb. Yeri gəlmişkən, baş mükafata ən real namizədlərdən biri də bu film sayılırdı.

 

Heç kəsin gözləmədiyi halda şöhrət çələngi qazanan Filippin istehsalı -"İş yerində. İtkin düşənlər 8 " (On The Job: The Missing 8) filminin baş roluna çəkilmiş John Arsilya ən yaxşı aktyor kimi Volpi kubokunu alıb. Korrupsiyaya dair filmin rejissoru Erik Mattidir.

 

Münsiflər heyəti italyan rejissor Mikelancelo Frammartinonun "Dəlik" (Il buco) filmini Münsiflərin Xüsusi Prizinə layiq görüb. Yazıçı Elena Ferrantenin "Tanımadığı qızı" (La figlia oscura) əsərinin motivləri əsasında çəkilmiş "İtkin düşmüş qız"(The Lost Daughter) filminə görə rejissor kimi debüt etmiş aktrisa Maqqi Cillenxol Ən yaxşı ssenari üçün mükafatı qazanıb. Yeri gəlmişkən,  Frammartino  "Vergi" (Il dono, 2003) və "Dörd dəfə" (Le quattro volte, 2010) kimi əvvəlki işlərinə görə də nəqletmənin bədiiliyi ilə sənədliliyinin peşəkar vəhdətinə görə münsiflərdən xüsusi priz almışdı.

 

Bəli, proqnozlar özünü doğrultmayıb, nə ən iddialı ispan Almodovar, nə də ev sahibləri – italyanlar Sorrentino və Frammartino "Müqəddəs Markın Qızıl şiri"ni qazana bilməyiblər, fransalı zərif xanım Odri Divan onları əliboş qoyub. İtaliya mediası bunu iki yerə yozur. Birincidə, iddia olunur ki, centlemenlər xanıma güzəştə gediblər. İkincidə isə hadisələrin bu cür gedişatı italyan qonaqpərvərliyi ilə izah olunub. Amma Cənubi Koreyadan olan rejissor Pon Cun Ho başda olmaqla beynəlxalq Münsiflər heyəti "Hadisə"nin həqiqətən Venesiyaya gətirilən ən güclü film olduğunu iddia edirlər. Həqiqətən də rejissorun ”bu filmi qəzəbli halda, həvəslə, təkcə başıyla yox, həm də ürəyiylə, hətta qarnıyla, bağırsaqlarıyla” – bir sözlə, bütün cismi və ruhuyla çəkdiyi göz qabağındadır.

 

 “Venesiyada həmişə heç bir pərdəarxası məqam olmadan ən güclülər qazanır” – deyir Pon Cun Ho.

 

Yeri gəlmişkən, 60 il öncənin Parisini abort qadağası kimi antihumanist qanununa görə günahlandıran bu film günü bu gün də aktualdır, belə ki, elə bu günlərdə demokratiya ixracatçısı ABŞ-ın Texas ştatında abortu qadağan edən qanun qüvvəyə minmişdir. “Bu filmin qələbəsi çox yəqin mövzunu gündəmdə saxlamaqla texaslı qadınlara köməklik edə biləcək” – bunu isə Amerika feministləri “Hadisə”nin triumfundan sonra dilə gətiriblər.

 

 

 

Şəkildə: Odri Divan "Müqəddəs Markın Qızıl şiri" ilə. 

 

 

Televiziyalarımızın vəziyyəti niyə qənaətbəxşdeyil? Cəmiyyəti ən çox narahat edən məsələlərdən biri də budur. Yuxarıdan direktiv gözləyə-göləyə fəaliyyət göstərən televiziyalar hətta siyasi müstəvidən kənar, adicə mədəniyyət, əyləncə sferalarına da nüfuz edə bilmir, yapışdıqları şablondan qopa bilmirlər. Bu günlərdə Axar.az saytı tanınmış telejurnalist, Azərbaycan televiziyası tarixinə kifayət qədər original olan, çoxmilyonlu izləyici auditoriyası toplamış “Səhər” proqramı ilə möhür vurmuş professor Qulu Məhərrəmlidən müsahibə götürmüşdür. Müsahibənin televiziyaların fəaliyyəti ilə bağlı hissəsi bizə olduqca maraqlı göründüyündən onu oxucularımız ilə bölüşmək qərarına gəldik:

 

 

 

- Azərbaycan televiziya kanalları vaxtaşırı müzakirə mövzusuna çevrilir. Sanki hamı narazıdır. Efir məkanımızda nələr çatışmır?

 

- Bu gün Azərbaycan televiziya məkanının çox ciddi problemləri var. Ən ciddi məsələ televiziya auditoriyasının parçalanmasıdır. İnsanlar artıq məlumatı sosial şəbəkələrdən alır. Verilişlər geniş auditoriya cəlb edə bilmir. Bunun səbəbi isə proqram çeşidlərinin məhdudluğu, məzmun cəhətdən tamaşaçını qane etməməsidir. Televiziyanın birgəlik hissi yaratmaq imkanı digər platformalarda yoxdur. Ona görə də tamaşaçının televiziyadan gözləntiləri böyükdür. Müharibə dövründə internetlə bağlı məhdudiyyətlər var idi. Onda insanlar televiziyaya üz tutdular. Daha çox televiziya kanallarından məlumat gözləyirdik. Bəs, televiziya həmin vaxt bizi qane etdimi? Əlbəttə, qane edən tərəflər də oldu, lakin problemlər çox idi.

 

- Xəbər proqramlarımızdan tamaşaçının fərqli gözləntisi var. Sosial şəbəkələrdə tamaşaçıların ən çox standart proqramlardan yorulduğu qənaətlərini görürük.

 

- Xəbər proqramlarında nələri görmək istəyirik? Dünya standartları ilə müqayisədə onlar Azərbaycan tamaşaçısını məlumatlandıra, qane edə bilirmi? Televiziya proqramları hamısı bir-birinə oxşayır. Bütün kanalların mövzuları eynidir. Proqramların ardıcıllığı, tərtibi, aparıcıların təqdimatı sanki bir nöqtədən idarə olunur. Hamısı elə bil eyni konveyerdən çıxıb. Belə olmaz! Bizim umacağımız daha çox büdcədən maliyyələşən televiziyalara aiddir. AzTV və İctimai TV xəbər sahəsində öncüllüyü ələ almalıdır.

 

- Vaxtilə elə kanallarımız var idi ki, yayımladığı verilişlərlə auditoriyanı özünə kilidləməyi bacarırdı. Hazırkı kanallarımız bunu niyə bacarmır?

 

- Vaxtilə Azərbaycanda müstəqil televiziya kanalı ANS var idi. ANS-ə çox adam baxırdı. Çünki başqa kanalların vermədiyi sujetlər, hadisələr, xəbərlər geniş işıqlandırılırdı. Təəssüf ki, televiziya kanallarımız hazırda o mühiti dirçəldib yüksək səviyyəyə qaldıra bilmirlər.

 

- Sizcə, Milli Televiziya və Radio Şurası bu istiqamətdə hansı yeniliklər edə, necə stimullaşdırıcı tədbirlər görə bilər?

 

- Milli Televiziya və Radio Şurası maarifçilik proqramı üçün müsabiqə elan etmişdi, bilmədik ki, onun axırı necə oldu. Maarifçi verilişlərə, öyrədici proqramlara ehtiyac var. Bu kanal arzu edirəm ki, ya AzTV-nin, ya da İctimai TV-nin ixtiyarında olsun. Təsəvvür edin, Yaponiya kimi dünyanın inkişaf etmiş ölkəsində onun İctimai televiziyasının Birinci kanalı universaldır. Amma İkinci kanal maarif kanalıdır. Azərbaycanda da ciddi maarifçi kanala ehtiyac var. Televiziyalar bununla bağlı ciddi düşünməlidirlər.

 

- Şou verilişlərimiz necə? Tamaşaçının yumor istəyinə cavab verə bilirmi?

 

- İnsanlar keyfiyyətli şouya baxmaq istəyirlər. O cür şou varmı? Təəssüf ki, çox azdır. Məsələn, İctimai TV-də “3D” proqramı meydana çıxdı. Əməlli-başlı ciddi rezonans doğurdu. Bunu qəbul etməyənlər də var idi. Amma proqramda müxtəlif kateqoriyadan olan insanlar cəmiyyət üçün çox maraqlı subyektə çevrildi. Ortaya qoyulan mövzular, müsahibələr cazibədar idi. Çünki formanın özü qeyri-standart idi.

 

Kütləvi şou proqramlarını canlandırmağa ehtiyac var. O bayağı, bəsit, xüsusən əvvəllər Xəzər TV-də, Lider TV-də olan o proqramlar yaxşı ki, bağlanıb. Məişət, toyxana səviyyəsində əyləncə proqramlarının bağlanması müsbət haldır. Amma bağlananların yerinə mahiyyətcə yenisi və keyfiyyətlisi yaradılmalıdır.

 

- Televiziya kanallarımız öz əvvəlki auditoriyasını nə vaxtsa geri qaytara biləcəkmi?

 

- Bu barədə kanal rəhbərləri düşünməli, yeni cazibədar proqramlarla auditoriyalarını qaytarmalıdırlar. Belə olan halda öz televiziyalarımızla fəxr edə bilərik. İndiki halda kanallarımızda çatışmayan 3 şey var: birincisi, yaxşı idarəçi, menecment olmalı, ikincisi, forma və məzmun yüksəldilməli, üçüncüsü isə kadr məsələləri və iqtisadi-maliyyə məsələləri həll edilməlidir. Yalnız bu halda televiziya kanallarımızı bəlli bir səviyyəyə qaldıra bilərik.

 

 

 

 

 

 

13 sentyabr. Roald Dal günü

 

Sən bir xalqın yazıçısı olasan, amma digər xalqlarda da o qədər seviləsən ki, ilin 365 gününün biri sənin günün ola, həmin günü dünyada qeyd edələr. Roald Dal adı bizə nəsə deyirmi? Bu, Şekspir deyil, Hemenquey, Höte, Balzak, Hüqo deyil, heç Markes də deyil, əksəriyyətimiz onun adını belə eşitməmişik, di gəl, təqvimdə onun adına gün salınıb. Bəs kimdir Roald Dal? 1916-cı ilin bu günündə doğulan norveç əsilli Britaniya ədibi, çoxsaylı  romanlar, nağıl və novellalar müəllifi olan yazıçı, şair, ssenarist. Onun prozası öz gözlənilməz sonluqları ilə, uşaq kitabları isə sentimentalizmdən uzaqlığı, qara yumoru ilə məşhurdur. Ədəbiyyat üzrə bəs qədər mükafatlar alan Roald Dal günü Avropada Böyük Britaniya və Nörveçdə, Latın Amerikası və Afrika ölkələrində zəruri şəkildə qeyd edilir, digər dünyada isə ən azı ədəbiyyatsevərlər onu anırlar. Biz də bu gün adını eşidib hafizəmizə yazsaq bəsimizdir. Barı bundan sonra bir əcnəbi bizə “Roald Dal gününüz mübarək” deyəndə, ən azı bunu hansısa Halloween günü ilə qarışdırmarıq.

 

13 sentyabr. Proqramçı və kompüterçi günü

 

Hər ilin 256-cı gününü proqramçı və kompüterçi kimi qeyd etmək ənənəsi var. Niyə 256? Bu, bir baytın köməkliyi ilə ifadə ediləsi mümkün olan rəqəm sayıdır. Adətən, proqramçı deyəndə fikrə personal kompüter qarşısında əyləşmiş şəxs gəlir, zira, məsafə idarəsi pultundan tutmuş proqram idarəli mürəkkəb istehsal dəzgahlarınacan hər bir elektron cihaz özlüyündə proqramlaşdırma mühəndisinin əlindən keçir. Televizora baxırıq, radio dinləyirik, telefonla danışırıq, bunların hər birini proqramçı yaradıb. Bir görün, bu gün nə qədər insanın bayramıdır. Təbrik edək hamısını. Gələcəyin ən çox tələb edilən sahələrində əyləşiblər, seçimləri gözəldir, çörək pulu qazanmaq problemi görməzlər əlbəttə ki.

 

 

 

13 sentyabr. Başqa birisini günahlandırmaq günü

 

Maraqlı bir gündür, deyilmi? Bu gün bilirsiniz kimə aiddir? Həmişə hər şeydə “nə yemisən, turşulu aş” deyib eyni adamı ittiham edənlərə. Onlara xitabən bu günü yaradıblar ki, atam-qardaşım, ildə bir gün get bir başqasından yapış, bu binəvaya bircə gün dinclik ver. Uğursuz ailə başçısı hər şeydə həyat yoldaşını, səbatsız müdir referentini, məşqçi yetişdirməsini günahkar bilmirmi, bilir. Ağzından gələni demirmi, deyir. Bu gün bunu edə bilməyəcək. Hüququ pozulanlar, bu gün belə hal təkrarlansa inamla Haaqa məhkəməsinə müraciət edib təzminat qopara bilərsiniz, ianın mənə.

 

13 sentyabr. Sem dayının günü

 

Bu gün dünyanın super güclü dövləti hansısa banan, piroq, yaxud kotlet gününü qeyd etmir, Sem dayının gününü qeyd edir, ona görə də bu rəsmi bayrama görə amerikalılara təbrik düşmürmü, düşür. Sem dayını tanımayan olmaz yəqin ki, ABŞ-ın simvollarından biridir. Bu simvolun proobrazı Sem Uilson 1776-cı ilin 13 sentyabrında doğulduğundan bu gün Sem dayı günü kimi bayram edilir.

 

Öz aramızdır, Sem dayı yaxşı səslənir, onu dilimizə Sem əmi kimi tərcümə etsəydik uğursuz alınardı. Siz heç eçitmisinizmi deyələr, filankəsin yaxşı əmisi vardı, onu qabağa çəkdi? Əsla yox. Qabağa çəkən, arxa-dayaq olan ancaq daydaylar olur. Amerika da dünyada ən yaxşı arxa-dayaq sayıla bilər, onun statusu dayılıqdır, əmilik yox.

 

13 sentyabr. Pozitiv düşüncə günü

 

İnsan beyni fəaliyyəti müddətində yalnız düşünür. İnsanın yaşadığı mühitdən asılı olaraq bu düşüncələr pozitiv, yaxud neqativ olur. İndi dünyanın ən pis vaxtıdır, hər şey bir yana, koronavirusun həmləsi hamını qorxu, xof içinə salıb. Təsəvvür edin, əhalisinə qarşı ən diqqətli və qayğıkeş olan İsrail dövləti ən bahalı və ən keyfiyyətli hesab olunan Moderna və Pfizer/BioNTech vaksini alıb vaksinasiya edib, iki gün öncə rəsmi məlumat yayılıb ki, vaksin olunmuş hər 100 insandan 10 nəfəri yoluxanlar sırasındadır. Bu, katastrofik nəticədir. (Əlbəttə ki, gəlin Azərbaycanda bu sahədəki pripiskanı, guya yoluxanların 99 faizini vaksin olunmayanların təşkil etməsi “faktını” nəzərə almayaq). Belə dönəmdə insan neqativlikdən necə çıxsın, necə pozitiv düşünsün axı? Bundan əlavə, gün-güzəranın yaratdığı problemləri də əlavə etsək, bugünkü statistik insanın durumu tam çılpaqlığı ilə göz önündə dayanar. Bununla belə, bu gün – 13 sentyabr günü insanlığa bir çağırış var, gəlin pozitiv düşünək, kədərə əyilməyək. Cəmi bircə gün bütün dərdi-sərimizi unuda bilərik axı.

 

13 sentyabr. Super Mario günü

 

Aman aman, unutmaqmı olar, bu gün həm də Super Mario günüdür. Bəli, məhz həmin o məşhur Dendi, Sega oyunu. O oyun ki, ilk dəfə 1985-ci ildə Yaponiyada yaranıb, həmin il ABŞ-a, iki il sonra da Avropaya təşrif buyurub. Bu oyunun baniləri Famicom komandasının üzvləri Siqeru Miyamoto və Takaşı Tedzukadır, oyun təqdim olunanda onu “möhtəşəm kulminasiya” adlandırmışdılar. Tezliklə bütün dünya əlinə pult alıb Marionu və qardaşı Luidcini Göbələklər krallığı ərazisi ilə təqiblərdən vaz keçirəə-keçirə səyahət etdirməyə, bununla da Odlu çiçək, Super göbələk, Ulduzlu adam kimi bonuslar toplamağa başladı. Bir oyun bütün dünyanın beynini işğal elədi. Azərbaycanı da həmçinin. 90-cı illərdə adi insanlar oyun salonlarına doluşdular, imkanlılar qurğuları alıb evlərində hərəkətə keçdilər. Beləcə, Super Mario gündəmimizi zəbt elədi. Hətta deyilənə görə, kabinet qapılarını kilidləyib, katibələrinə “Məni soruşan olsa de ki, iclasdadır” tapşırığı verib Super Marioya sarmaşan yüksək çinli məmurlarımız da az olmayıb, xalqın taleyini həll etmək əvəzinə Marioyla Luidcinin taleyini həll ediblər.

 

13 sentyabr. Şokoladlı araxis, bir də şəhid uşaqlar

 

Amma elə düşünməyin ki, möhtərəm amerikalılar Sem dayının gününü qeyd edirlərsə, yeyib-içmək yaddan çıxıb. Qidalarla bağlı bu gün ABŞ-da düz iki bayram var. Milli şokolad günü və Araxis (yox, bunun qarşısında milli sözü qoyulmayıb) günü. Bu gün üçün daha gözəli araxisin üzərinə şokolad yaxıb yemək olardı əlbəttə. Braziliyalıların bu gündən başlayaraq bir həftə Farrupilya bayramını qeyd etməsini də dilə gətirək. Bu, 1835-ci ildəki bir hərəkatın şəninədir ki, Braziliyada aborogen qəbilə olan qauçosların liderlərinin qələbəsi ilə nəticələnən Farrupilya inqilabı baş verib. Meksikada bu gün uşaq-qəhrəmanlar günüdür, deməzsənmiş, 1847-ci ilin bu günündə Meksika –Amerika müharibəsi zamanı Çapultepeke döyüşündə əsgər heyəti qalmayan meksikalılar düşmənin qarşısına uşaq kursantları çıxarmağa məcbur olublarmış, onlar da hamısı həlak olubmuş. Bu gün dünyanın bir qism ölkələrində xərçəng xəstəliyi ilə mübarizə günü kimi də qeyd ediləcək.

 

 

 

Varisin “11-20 sentyabrın təqvimi” yazısından

 

 

 

Tanınmış şair Rüstəm Behrudinin “Mükəmməl yalan” adlı yeni kitabı işıq üzü görüb. Bu barədə şair öz Facebook səhifəsində məlumat verib.
Yeni kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı ictimai-siyasi məsələlərə münasibətini əks eləyən məqalələri və fəlsəfi düşüncələrini açıqlayan məktubları daxil edilmişdir.

Qazax rayonunun Kosalar kəndində, Azərbaycanın Xalq Yazıçısı İsmayıl Şıxlının adını daşıyan kənd tam orta məktəbinin qarşısında ədibin büstünün açılışı olmuşdur. Açılışda rayon ictimaiyyətinin nümayəndələri, ədəbiyyat adamları iştirak etmişlər.  Qırmızı lenti kəsərək abidəni açan yazıçının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı təşəbbüskarlara ailələləri adından minnətdarlıq bildirmişdir.  Mərasimdə iştirak edən ədəbiyyatşünas Məti Osmanoğlu, eləcə də Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat Vüsal böyük İsmayıl Şıxlının ədəbi fəaliyyətindən, nüfuzundan bəhs etmiş, ədibin xatirəsinin qədirbilən elliləri tərəfindən bu cür əbədiləşdirilməsini təqdir etmişlər.
Ruhun şad olsun, böyük ədib!

Ayın 19-dan 24-dək Rusiyanın Samara şəhərində XXVI Beynəlxalq “Uşaqlar üçün kino” festivalı keçiriləcək.
Builki ənənəvi kino bayramında tamaşaçıları geniş beynəlxalq proqram gözləyir. Norveç, İsveç, İtaliya, Koreya Respublikası, Belarus, Qazaxıstan və s. ölkələrdən kinematoqrafçılarının iştirak edəcəyi  festivalda Azərbaycan da təmsil olunacaq.
Rejissor Tahir Tahiroviç festivala “Qırmızı” filmi ilə qatılacaq. Ssenari müəllifi Sevda Sultanova, operatoru Əminə Həsənli olan ekran işi uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs olunur. Valideynləri ayrıldığına görə evdə tək qalan qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir. Ancaq təəssüf ki, qırmızı ayaqqabı geyinmək ona qismət olmur.
Filmdə həyat bütün ağrı-acıları ilə lentə alınıb.

Şəkildə: “Qırmızı” filmindən kadr

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.