Sentyabrın 11-də Bakı Ali Neft Məktəbində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının hazırladığı (ICESCO) “ICESCO akseleratoru” adlı yeni pilot layihənin təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyi, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Bakı Ali Neft Məktəbi və “NewSpace Innovation”un dəstəyilə ərsəyə gələn layihə ICESCO-nun üzvü olan ölkələrdə dinamik yaradıcı texnologiya və mədəniyyət sahələrinin inkişaf etdirilməsi məqsədilə yaradılıb.
Mədəniyyət Nazirliyinin yaydığı rəsmi məlumata görə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tələbələri bu layihəyə qoşularaq öz ideyalarını tətbiq etdikləri üçün onlara təşəkkürünü bildirib. O, tədbirə toplaşan qonaqların tələbələrlə sıx əməkdaşlıq etməsini arzulayıb. Layihədə 23 komandanın iştirak etdiyini deyən E.Qasımov bildirib ki, bu gün onlar öz ideyalarını reallaşdırmaq üçün gözəl bir fürsət qazanıblar.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev azərbaycanlı gənclərin ölkədə aparıcı yerləri tutmalı olduğunu söyləyib. Bildirib ki, Azərbaycan Nizami Gəncəvi, Nəsimi, Füzuli kimi dahi şəxsiyyətlər yetişdirən qədim mədəniyyətə və yüksək dəyərlərə malik bir ölkədir. Bunu dünyaya çatdırmaq yalnız gənclərin üzərinə düşür.
E.Əliyev bildirib ki, bir sıra beynəlxalq təşkilatlar Qarabağ məsələsində hər zaman ikili mövqe tutmuşlar. Ölkəmizin başçısı onları 30 illik Qarabağ münaqişəsini həll etmək üçün ədalətli mövqe tutmağa çağırsa da bunun əməli nəticəsi olmamışdır. Azərbaycana dəstək olan yalnız bir neçə təşkilatlar var ki, onlardan biri də ICESCO-dur.
Tədbirə onlayn qoşulan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, “ICESCO akseleratoru” proqramı dünyada ilk dəfə olaraq Azərbaycan, Qazaxıstan və Özbəkistanda tətbiq olunur və ilkin olaraq 5 sənaye sahəsini əhatə edir: bunlar kənd təsərrüfatı, rəqəmsal media, maliyyə texnologiyaları, əyləncə və oyunlar, turizm və qida texnologiyaları sahələridir. O, gənclərin bu proqram vasitəsilə öz bacarıqlarını inkişaf etdirəcəyini vurğulayıb.
Açılış mərasimində ICESCO-nun Elm və Texnologiya bölməsinin məsləhətçisi Məhəmməd Şərif, Mədəniyyət Nazirliyi Aparatının rəhbəri, ICESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə çıxış edərək layihənin əhəmiyyətindən danışıb və Azərbaycan-ICESCO əməkdaşlığının davamlı olacağını bildiriblər.
Sonra “NewSpace Innovation” şirkətinin təsisçisi Leyla Tağızadə layihə haqqında məlumat verib.
“ICESCO akseleratoru” pilot layihəsi təqdim olundu
View the embedded image gallery online at:
https://edebiyyatveincesenet.az/az/gundem/item/454-idzesdzo-akseleratoru-pilot-layihaesi-taegdim-olundu#sigProGalleria2f599aa52a
https://edebiyyatveincesenet.az/az/gundem/item/454-idzesdzo-akseleratoru-pilot-layihaesi-taegdim-olundu#sigProGalleria2f599aa52a