Televiziyalarımızın vəziyyəti niyə qənaətbəxşdeyil? Cəmiyyəti ən çox narahat edən məsələlərdən biri də budur. Yuxarıdan direktiv gözləyə-göləyə fəaliyyət göstərən televiziyalar hətta siyasi müstəvidən kənar, adicə mədəniyyət, əyləncə sferalarına da nüfuz edə bilmir, yapışdıqları şablondan qopa bilmirlər. Bu günlərdə Axar.az saytı tanınmış telejurnalist, Azərbaycan televiziyası tarixinə kifayət qədər original olan, çoxmilyonlu izləyici auditoriyası toplamış “Səhər” proqramı ilə möhür vurmuş professor Qulu Məhərrəmlidən müsahibə götürmüşdür. Müsahibənin televiziyaların fəaliyyəti ilə bağlı hissəsi bizə olduqca maraqlı göründüyündən onu oxucularımız ilə bölüşmək qərarına gəldik:
- Azərbaycan televiziya kanalları vaxtaşırı müzakirə mövzusuna çevrilir. Sanki hamı narazıdır. Efir məkanımızda nələr çatışmır?
- Bu gün Azərbaycan televiziya məkanının çox ciddi problemləri var. Ən ciddi məsələ televiziya auditoriyasının parçalanmasıdır. İnsanlar artıq məlumatı sosial şəbəkələrdən alır. Verilişlər geniş auditoriya cəlb edə bilmir. Bunun səbəbi isə proqram çeşidlərinin məhdudluğu, məzmun cəhətdən tamaşaçını qane etməməsidir. Televiziyanın birgəlik hissi yaratmaq imkanı digər platformalarda yoxdur. Ona görə də tamaşaçının televiziyadan gözləntiləri böyükdür. Müharibə dövründə internetlə bağlı məhdudiyyətlər var idi. Onda insanlar televiziyaya üz tutdular. Daha çox televiziya kanallarından məlumat gözləyirdik. Bəs, televiziya həmin vaxt bizi qane etdimi? Əlbəttə, qane edən tərəflər də oldu, lakin problemlər çox idi.
- Xəbər proqramlarımızdan tamaşaçının fərqli gözləntisi var. Sosial şəbəkələrdə tamaşaçıların ən çox standart proqramlardan yorulduğu qənaətlərini görürük.
- Xəbər proqramlarında nələri görmək istəyirik? Dünya standartları ilə müqayisədə onlar Azərbaycan tamaşaçısını məlumatlandıra, qane edə bilirmi? Televiziya proqramları hamısı bir-birinə oxşayır. Bütün kanalların mövzuları eynidir. Proqramların ardıcıllığı, tərtibi, aparıcıların təqdimatı sanki bir nöqtədən idarə olunur. Hamısı elə bil eyni konveyerdən çıxıb. Belə olmaz! Bizim umacağımız daha çox büdcədən maliyyələşən televiziyalara aiddir. AzTV və İctimai TV xəbər sahəsində öncüllüyü ələ almalıdır.
- Vaxtilə elə kanallarımız var idi ki, yayımladığı verilişlərlə auditoriyanı özünə kilidləməyi bacarırdı. Hazırkı kanallarımız bunu niyə bacarmır?
- Vaxtilə Azərbaycanda müstəqil televiziya kanalı ANS var idi. ANS-ə çox adam baxırdı. Çünki başqa kanalların vermədiyi sujetlər, hadisələr, xəbərlər geniş işıqlandırılırdı. Təəssüf ki, televiziya kanallarımız hazırda o mühiti dirçəldib yüksək səviyyəyə qaldıra bilmirlər.
- Sizcə, Milli Televiziya və Radio Şurası bu istiqamətdə hansı yeniliklər edə, necə stimullaşdırıcı tədbirlər görə bilər?
- Milli Televiziya və Radio Şurası maarifçilik proqramı üçün müsabiqə elan etmişdi, bilmədik ki, onun axırı necə oldu. Maarifçi verilişlərə, öyrədici proqramlara ehtiyac var. Bu kanal arzu edirəm ki, ya AzTV-nin, ya da İctimai TV-nin ixtiyarında olsun. Təsəvvür edin, Yaponiya kimi dünyanın inkişaf etmiş ölkəsində onun İctimai televiziyasının Birinci kanalı universaldır. Amma İkinci kanal maarif kanalıdır. Azərbaycanda da ciddi maarifçi kanala ehtiyac var. Televiziyalar bununla bağlı ciddi düşünməlidirlər.
- Şou verilişlərimiz necə? Tamaşaçının yumor istəyinə cavab verə bilirmi?
- İnsanlar keyfiyyətli şouya baxmaq istəyirlər. O cür şou varmı? Təəssüf ki, çox azdır. Məsələn, İctimai TV-də “3D” proqramı meydana çıxdı. Əməlli-başlı ciddi rezonans doğurdu. Bunu qəbul etməyənlər də var idi. Amma proqramda müxtəlif kateqoriyadan olan insanlar cəmiyyət üçün çox maraqlı subyektə çevrildi. Ortaya qoyulan mövzular, müsahibələr cazibədar idi. Çünki formanın özü qeyri-standart idi.
Kütləvi şou proqramlarını canlandırmağa ehtiyac var. O bayağı, bəsit, xüsusən əvvəllər Xəzər TV-də, Lider TV-də olan o proqramlar yaxşı ki, bağlanıb. Məişət, toyxana səviyyəsində əyləncə proqramlarının bağlanması müsbət haldır. Amma bağlananların yerinə mahiyyətcə yenisi və keyfiyyətlisi yaradılmalıdır.
- Televiziya kanallarımız öz əvvəlki auditoriyasını nə vaxtsa geri qaytara biləcəkmi?
- Bu barədə kanal rəhbərləri düşünməli, yeni cazibədar proqramlarla auditoriyalarını qaytarmalıdırlar. Belə olan halda öz televiziyalarımızla fəxr edə bilərik. İndiki halda kanallarımızda çatışmayan 3 şey var: birincisi, yaxşı idarəçi, menecment olmalı, ikincisi, forma və məzmun yüksəldilməli, üçüncüsü isə kadr məsələləri və iqtisadi-maliyyə məsələləri həll edilməlidir. Yalnız bu halda televiziya kanallarımızı bəlli bir səviyyəyə qaldıra bilərik.