Super Mario oynayan nazir, hanniballardan müstəqillik dərsi və ilk dünya gözəli Featured

 

11-20 sentyabrın təqvimi Varisin təqdimatında

 

 

 

11 sentyabr. Ümumdünya terrorizmlə mübarizə günü.

 

2008-ci ildən bəri qeyd edilən bu gün 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda baş vermiş faciənin ildönümünün qeyd edilməsinə hesablanır. Bildiyiniz kimi, həmin gün ekiz göydələnlərdə 2996 nəfər həlak olub. Amma mən terrorizmlə mübarizə gününün bu dar çərçivəyə salınmasının əleyhinəyəm. Çünki dünyada ən böyük terrorizm erməni terrorizmidir, bütün xalq bu bəlaya tutulubsa, demək onların dəvası belə yoxdur. Bir dəfə təyyarəyə minib iki ekiz göydələnə çırpılmaq hara, yüz illər bütün dünyada yüz minlərlə insanı qanına qəltan etmək, idarə və müəssisələri, aeroportları, bankları partlatmaq hara. Və mən inanıram ki, haçansa biz ölkə kimi nailiyyətlər əldə edib öz imicimizi düzəltsək, səslər arasında səsimiz eşidilsə, bax onda dünyaya təklif edəcəyik ki, 26 fevral Ümumdünya erməni terrorizmi ilə mübarizə günü kimi təqvimlərə düşsün və elliklə qeyd edilsin.

 

11 sentyabr. Xəbərlərsiz yaxşı gün.

 

Bu günün anlamı nədir? Hər gün media, sosial media, sözgəzdirən qonşular, xəbərçi rəfiqələr və dostlardan yüzlərlə xəbər alırıq, əksərən bədbin, qorxulu, həyəcanverici olan bu xəbərlər bizi təlaşlandırır, bəzən sarımızı belə udur, hətta apatiya vəziyyətinə belə düşürük. Mütəxəssislər qeyd edir ki, ildə bir dəfə “az aşım, ağrımaz başım” deyibən xəbər eşitməkdən vaz keçmək lazımdır. Qulağınız dinc qalarsa, demək, qanınız da qaralmaz. Bu şərtə, sizcə, əməl edə bilərikmi? Ay-hay!

 

11 sentyabr. Pravoslavların Novruz bayramı

 

Bəli, bəli. Heç bir səhvlik yoxdur. Bu gün koptlar – Misirin pravoslav kilsəsinə itaət edən etno-dini qrup üçün yeni ay gəlir – Thout ayı. Bu da yeni ilin başlanğıcı deməkdir. Koptlarda bu gün Nayruz (yeni gün) adı altında bayram edilir. Deməzsənmiş, xristianların da Novruz bayramı var imiş. Kopt təqvimi həbəş təqvimi ilə oxşardır. Koptlar Misirdə, Sudanda, eləcə də Şimalı Amerikada yaşayırlar. Liviyadakı ən böyük xristian icmasını da koptlar təşkil edirlər. Sayları 10 milyona çatır, yəni ki, elə bizim qədərdirlər. Tarixə görə, ərəblər 641-ci ildə Misiri ələ keçirib İslam dinini yayanda xristianlıqdan əl çəkməyərək inad göstərən koptlara əvvəlcə təzyiq olunmuşdur, amma onların qılınc gücünə müsəlman olmayacaqlarını anlayandan sonra ərəblər koptların başlarını buraxmışlar.

 

Məşhur ərəb mütəfəkkiri Lui Avad da koptdur. Daha bir məşhur kopt Ənvər Sadatın dövründə Misirin xarici işlər naziri işləmiş, sonradan BMT-nin başında durmuş Butros Butros-Qalidir. Digəri isə biznesmen Naqib Sivirisdir ki, dünyanın 100 ən varlı insanı sırasında yer alır.

 

Yəqin ki, koptlar şəkərbura bişirməz, tonqalın üstündən atlanmaz, kosa-keçəl şəbədəsi çıxarmaz, yaxud qapı pusmazlar, amma Novruz bayramı keçirmələri özlüyündə onları mənə bir köynək yaxınlaşdırdı, odur ki, burdan səsimi duymasalar belə koptlara səslənirəm, qoy mənim Novruz təbriklərimi qəbul etsinlər.

 

11 sentyabr. Ümumdünya ilk tibbi yardımın göstərilməsi günü

 

Beynəlxalq Qırmızı  Xaç və Qırmızı Aypara hərəkatının üzvlərinin təşəbbüsü ilə təqvimə salınan bu gününü əsas məğzi tibbi yardıma ehtiyacı olan, amma normalda bundan yararlana bilməyən insanları sadə tibbi müdaxilə yolu ilə iztirabdan qurtarmaq, ağrısını yox etmək, geniş anlamda isə ölümdən xilas etmək, sağlamlığa qaytarmaqdır. Adətən, ekstremal tibbi yardıma ehtiyac zərurəti qəfildən, xüsusi tibbi təhsili olan insanlar istisna edilən yerlərdə, zaman defisiti şəraitində yaranır. Belə hallarda ən əsası, panikaya düşməmək, hər saniyə həlledici olduğundan qəti və sürətli hərəkət etmək gərəkiyir. Tibbdə “qızıl saat” deyilən bir zaman var, tibbi müdaxiləyə ehtiyacı olan şəxs məhz həmin zamanda tibbi yardım alırsa, ona xətər toxunmur. Yəni, insan orqanizminin qəfil ciddi xəsarət alarkən stabil vəziyyətini qoruması müddəti ilk bir saatdır, bədbəxt hal baş verərkən məhz ilk birinci saatda həyata keçirilən tibbi müdaxilə ciddi xəsarətləri minimumlaşdırır.

 

İlk tibbi yardımın göstərilməsi müharibə zonasında, döyüşlər zamanı da qaçılmaz olur. 44 günlük müharibə zamanı qəhrəmanlıqla yaralı əsgərlərə ilk tibbi yardım göstərən tibb bacılarımızı, gəlin, alqışlayaq, bu gün onlara diqqət göstərmək vacibdir, zəruridir.

 

11 sentyabr. Pinoçet, Krım zəlzələsi, “şeytan əməli”

 

Ruslar hərbi rəşadət gününü qeyd edirlər. Bu, admiral Uşakovun eskadrasının Tendra burnunda türk eskadrasını məğlub etməsinin şərəfinədir. Demək, ideologi cəhətdən ikiyə bölünmüş Şimalı Azərbaycanımızda ruspərəstlərçün bayram, türkpərəstlər üçünsə matəm günüdür. Ukraynada bu gün eyni zamanda həm kino günüdür, həm də bədən tərbiyəsi və idman günüdür. Kino demişkən, Sovet dönəmində ən gözəl filmləri ruslar deyil, ukrainlər çəkirdilər, Dovjenko adına kinostudiyanın çəkdiyi hər bir film ekranlara çıxanda hamı nəfəsini belə dərmədən gözünü ekrana zilləyir, nə isə fövqəladi bir filmə baxacağına inanırdı. Bir xatırlıyın onlardan ən azı birini – “Geriyə yol yoxdur” filmini. İkinci dünya müharibəsindən bəhs edən Mayor Toporkovun filmi. Həqiqətən də əsl kino incisi idi.

 

Bu gün Efiopiyaya yeni il gəlir, sən demə həbəşlərin Məskərəm deyilən ayı bu gün qədəm qoyurmuş, həbəş təqviminə görə də, bu, yeni ilin başlanğıcı demək imiş. Amerikalılar bu gün bulka gününü qeyd edirlər, niderlandlılar varislik gününü. İsveçrədə daha maraqlı bir gün qeyd edilir – Knabenşissen günü. Ağlı kəsən ox-yay, tüfəng götürüb hədəfivurma yarışlarına qatılır, ən dirigözlülər mükafatlar qazanır. İspaniyadakı katalonların bu gün milli bayramıdır – milli katalon günü. Dost Pakistanda da bu gün milli günüdür. Bu gün Pakistan dövlətinin atası və qurucusu sayılan Mühəmməd Əl Cinnənin vəfat etdiyi gündür.

 

Diktator Pinoçetin adını eşitmisiniz yəqin. 1973-cü ilin 11 sentyabrında o, qanuni prezident Salvador Alyendeni devirərək hakimiyyətə gəlmiş, xunta yaratmışdı. 1927-ci ilin 11 sentyabrında Krımda – Fedosiyadan Sevastopola qədər çox nəhəng bir ərazidə dəhşətli bir zəlzələ baş verdi ki, həmin zəlzələ İlflə Petrovun “12 stul” romanının süjetinə düşdü. 1888-ci ilin bu günündə tarixdə ilk dəfə olaraq Torontoda insan səsi yazıldı. Deyilənə görə, səsyazmadan sonra bu səs səsləndiriləndə adamlar “şeytan əməli” deyərək başlarını tutub qaçıblarmış.

 

1885-ci ildə 20-ci əsrin əvvəllərinin ən sanballı ingilis yazışısı Devid Lourens, 1816-cı ildə məşhur alman optik mühəndisi Karl Seys dünyaya gəlmişlər.

 

12 sentyabr. Şair Novruz Gəncəlinin 100 illiyi

 

Şair xalqın şair övladının 100 illik yubileyidirsə ondan necə bəhs etməyəsən ki? Nоvruz İsmаyıl оğlu Sаdıqоv  - Novruz Gəncəli 1921-ci il sеntyаbr ayının 12-də Bаkı şəhərində аnаdаn оlub, 8 yaşında ikən atasını itirib, qardaşının himayəsində yaşayıb, Gəncəyə köçüblər, Tохuculuq fаbriki nəzdindəki оrtа məktəbdə ibtidаi təhsil аlıb, sonra toxuculuq fabrikində işləyib. Sonra yenidən Bakıya qayıdıb, bu dəfə təhsil almağa. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Şair taledən növbəti zərbəni alıb, bu dəfə qardaşını itirib, qardaşının ölümü ilə əlaqədar olaraq əyani təhsildən qiyabi təhsilə keçməli olub. 1941-1943-cü illərdə Lerik rayonunun kəndlərində müəllim və məktəb müdiri vəzifələrində işləyib. 1943-1946-cı illərdə yeni təyinat alıb, Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında çalışıb, DTK-dan sonra mətbuat sahəsi ona qucaq açıb, 1946-1949-cu illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında, Azərbaycan Baş Mətbuat İdarəsində, 1949-1950-ci illərdə isə Аzərbаycаn Yаzıçılаr İttifаqının “Nаtəvаn” klubundа çаlışıb. Növbəti vəzifəsi artıq partiya işi olub - Аzərbаycаn KP MK Təbliğаt və Təşviqаt şöbəsində təlimаtçılıq edib. Yaradıcılığa erkən yaşlardan başlayan Novruz Gəncəli hələ 22 yaşı olarkən “Odlu ürəklər” (1943) adlı ilk kitabına sevinib. Müharibə dövrüydü, əsas mövzu sevgi və qəhrəmanlıq idi. Ömrünün sonuna kimi yazıb yaradan şairin sağlığında 14 kitabı çap olunub: “Unudulmaz günlər” (1949), “Üç dost” (1953), “Könüllər açılanda” (1954), “Şah və tutuquşu” (1973), “Əbədi dost” (1984) və s.

 

N.Gəncəli həmçinin bir sıra xarici ölkə ədəbiyyatından dilimizə nümunələr də tərcümə edib, C.Bаyrondan,  B.Brехtdən, Abaydan, Mixaydan. Şair 1995-ci il oktyabr ayının 19-da Bakıda vəfat edib. Ruhu şad olsun! Bilirsiniz, əgər şairin özündən sonra cəmi bircə şeiri yadıgar qalırsa, dillər əzbəri olursa nə xoş o şairə. Novruz Gəncəli də bir dəfə həqiqətən “tutuzdura bilib”, söhbət “Ananın səsi” şeirindən gedir. Həmin şeir zamanında minlərlə insanın yaddaşına həkk olunub. Gözəl bəstəkarımız  Ələkbər Tağıyevin bu şeirə yazdığı mahnı SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ifasında tez-tez oxunub, populyarlaşıb. İndi bir bənd yazacağam, dərhal xatırlayacaqsınız:

 

Ana qəlbim odlanır, söz düşəndə davadan.
Bəs deyilmi ey insanlar, töküldü qan, axdı qan?
Bəs deyilmi, qara torpaq su içdi göz yaşından.

 

Yer üzündə dostu olsun, gərək insan insanın,
Qəlbimdəki bu arzular, arzusudur zamanın.

 

Mən anayam bu səsimdə yerin, göyün, dərdi var.
Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar!

 

12 sentyabr.  Faşizm qurbanlarının xatirəsi günü

 

Faşizmdən bütün dünya zərər çəkib. Ən qorxulu ideologiya – insanı damarında daşıdığı qana görə doğuluşundan günahkar elan edən ideologiyadır, bunun adı nasizmdir, bu gün nasizmin faşizm qolu artıq tarixin arxivlərinə atılıb, amma onun ermənizm qolu geniş vüsət almaqda, at oynatmaqdadır.

 

1962-ci ildən hər il sentyabrın ikinci bazar günündə faşizm qurbanlarının xatırəsini anmaq qərara alınıb, bəs niyə sentyabrın, çünki ikinci dünya müharibəsinin başlanğıc günü də, bitmə günü də sentyabr ayına düşür. Tarixin naxışına baxın, müharibə ayrı-ayrı illərdə olsa da 1 sentyabrda başlayır, 2 sentyabrda bitir.

 

Bu gün insanlar qəbiristanlıqlara gedir, memorial kompleksləri ziyarət edirlər. Müharibədən ən çox itki vermiş rus, yəhudi, ukrain, belorus xalqlarıdır. Təbii ki, bizim xalqımız müharibə zamanı ərazimiz işğal edilməyib deyə yalnız döyüşçü sarıdan itkilər verib. Amma müasir faşizmin yeni cərəyanı sayılan ermənizmin torpaqlarımızı işğal edib əhalimizi qıran, şikəst edən, əsir düşərgələrində incidən müasir simasını xalq olaraq mütləq lənətləməliyik, ən azı Qubada 1918-ci il qurbanlarının Memorial kompleksində, yaxud Bakıda Xocalı qurbanlarına həsr edilmiş Ana fəryadı abidəsinin önündə.

 

 

 

12 sentyabr. Beynəlxalq Durna Günü

 

Necə də romantik səslənir. Bu gözəl quşları hansı şair vəsf etməyib? Onların zərifliyi, qaməti, uzun boyunları, ipək tükləri zərb məsəllərə çevrilib, dilimizdə möhkəm yer tutub. Sən demə, bu quşlar ən qədim canlılardan hesab olunurlar, onların əcdadları 40-60 milyon il əvvəllər yaşayırmışlar, dinozavrların həmkarları imişlər. Hazırda durnalar Avropa, Asiya, Amerika və Avstraliyada, su hövzələri ilə bağlı şəkildə, dəstə halında yaşayırlar, monoqamdırlar, yəni evlənib-boşanmağa alüdə olan insanlardan fərqli olaraq bir dəfə cütləşib ömürlərinin sonuna qədər bir-birilərinə sadiq qalırlar. Vəhşi təbiətdə yaşayan bu quşların ömrü 20-30 il olur. Uçuşda 10 kilometrəcən yüksəkliyə qalxa bilən bu quşların bəzi növləri köçəri olsa da bəziləri iqlimə öyrəşərək payızda isti ellərə köç etmirlər. Amma bizim təsəvvürümüzdə durna köç edən quşlara deyilir. Soyuqlar düşəndə isti ellərə köçən quşlar eynən çətinliyə düşəndə yaşamaq asan olan ölkələrə köç edən mühacirləri xatırladırlar. Amma durnalar əmindirlər ki, yenə yaz gələcək, istilər düşəcək, onlar da ellərinə-obalarına dönəcəklər. Mühacirlərin isə gedişi əksərən əbədi olur. Hər il “bəlkə bu il düzəldi” deyib vətəndə vəziyyətin yaxşılaşacağına ümid edir, ili ilə sataraq sonlarını yaxınlaşdırırlar.

 

Sizə müştaq durur Bağdad elləri,

 

Gözləyə-gözləyə qalıb yolları.

 

Asta qanad çalın, qafil telləri

 

Heyifdir, salarsız düzə, durnalar.

 

 

 

13 sentyabr. Proqramçı və kompüterçi günü

 

Hər ilin 256-cı gününü proqramçı və kompüterçi kimi qeyd etmək ənənəsi var. Niyə 256? Bu, bir baytın köməkliyi ilə ifadə ediləsi mümkün olan rəqəm sayıdır. Adətən, proqramçı deyəndə fikrə personal kompüter qarşısında əyləşmiş şəxs gəlir, zira, məsafə idarəsi pultundan tutmuş proqram idarəli mürəkkəb istehsal dəzgahlarınacan hər bir elektron cihaz özlüyündə proqramlaşdırma mühəndisinin əlindən keçir. Televizora baxırıq, radio dinləyirik, telefonla danışırıq, bunların hər birini proqramçı yaradıb. Bir görün, bu gün nə qədər insanın bayramıdır. Təbrik edək hamısını. Gələcəyin ən çox tələb edilən sahələrində əyləşiblər, seçimləri gözəldir, çörək pulu qazanmaq problemi görməzlər əlbəttə ki.

 

 

 

13 sentyabr. Roald Dal günü

 

Sən bir xalqın yazıçısı olasan, amma digər xalqlarda da o qədər seviləsən ki, ilin 365 gününün biri sənin günün ola, həmin günü dünyada qeyd edələr. Roald Dal adı bizə nəsə deyirmi? Bu, Şekspir deyil, Hemenquey, Höte, Balzak, Hüqo deyil, heç Markes də deyil, əksəriyyətimiz onun adını belə eşitməmişik, di gəl, təqvimdə onun adına gün salınıb. Bəs kimdir Roald Dal? 1916-cı ilin bu günündə doğulan norveç əsilli Britaniya ədibi, çoxsaylı  romanlar, nağıl və novellalar müəllifi olan yazıçı, şair, ssenarist. Onun prozası öz gözlənilməz sonluqları ilə, uşaq kitabları isə sentimentalizmdən uzaqlığı, qara yumoru ilə məşhurdur. Ədəbiyyat üzrə bəs qədər mükafatlar alan Roald Dal günü Avropada Böyük Britaniya və Nörveçdə, Latın Amerikası və Afrika ölkələrində zəruri şəkildə qeyd edilir, digər dünyada isə ən azı ədəbiyyatsevərlər onu anırlar. Biz də bu gün adını eşidib hafizəmizə yazsaq bəsimizdir. Barı bundan sonra bir əcnəbi bizə “Roald Dal gününüz mübarək” deyəndə, ən azı bunu hansısa Halloween günü ilə qarışdırmarıq.

 

13 sentyabr. Başqa birisini günahlandırmaq günü

 

Maraqlı bir gündür, deyilmi? Bu gün bilirsiniz kimə aiddir? Həmişə hər şeydə “nə yemisən, turşulu aş” deyib eyni adamı ittiham edənlərə. Onlara xitabən bu günü yaradıblar ki, atam-qardaşım, ildə bir gün get bir başqasından yapış, bu binəvaya bircə gün dinclik ver. Uğursuz ailə başçısı hər şeydə həyat yoldaşını, səbatsız müdir referentini, məşqçi yetişdirməsini günahkar bilmirmi, bilir. Ağzından gələni demirmi, deyir. Bu gün bunu edə bilməyəcək. Hüququ pozulanlar, bu gün belə hal təkrarlansa inamla Haaqa məhkəməsinə müraciət edib təzminat qopara bilərsiniz, ianın mənə.

 

13 sentyabr. Sem dayının günü

 

Bu gün dünyanın super güclü dövləti hansısa banan, piroq, yaxud kotlet gününü qeyd etmir, Sem dayının gününü qeyd edir, ona görə də bu rəsmi bayrama görə amerikalılara təbrik düşmürmü, düşür. Sem dayını tanımayan olmaz yəqin ki, ABŞ-ın simvollarından biridir. Bu simvolun proobrazı Sem Uilson 1776-cı ilin 13 sentyabrında doğulduğundan bu gün Sem dayı günü kimi bayram edilir.

 

Öz aramızdır, Sem dayı yaxşı səslənir, onu dilimizə Sem əmi kimi tərcümə etsəydik uğursuz alınardı. Siz heç eçitmisinizmi deyələr, filankəsin yaxşı əmisi vardı, onu qabağa çəkdi? Əsla yox. Qabağa çəkən, arxa-dayaq olan ancaq daydaylar olur. Amerika da dünyada ən yaxşı arxa-dayaq sayıla bilər, onun statusu dayılıqdır, əmilik yox.

 

13 sentyabr. Pozitiv düşüncə günü

 

İnsan beyni fəaliyyəti müddətində yalnız düşünür. İnsanın yaşadığı mühitdən asılı olaraq bu düşüncələr pozitiv, yaxud neqativ olur. İndi dünyanın ən pis vaxtıdır, hər şey bir yana, koronavirusun həmləsi hamını qorxu, xof içinə salıb. Təsəvvür edin, əhalisinə qarşı ən diqqətli və qayğıkeş olan İsrail dövləti ən bahalı və ən keyfiyyətli hesab olunan Moderna və Pfizer/BioNTech vaksini alıb vaksinasiya edib, iki gün öncə rəsmi məlumat yayılıb ki, vaksin olunmuş hər 100 insandan 10 nəfəri yoluxanlar sırasındadır. Bu, katastrofik nəticədir. (Əlbəttə ki, gəlin Azərbaycanda bu sahədəki pripiskanı, guya yoluxanların 99 faizini vaksin olunmayanların təşkil etməsi “faktını” nəzərə almayaq). Belə dönəmdə insan neqativlikdən necə çıxsın, necə pozitiv düşünsün axı? Bundan əlavə, gün-güzəranın yaratdığı problemləri də əlavə etsək, bugünkü statistik insanın durumu tam çılpaqlığı ilə göz önündə dayanar. Bununla belə, bu gün – 13 sentyabr günü insanlığa bir çağırış var, gəlin pozitiv düşünək, kədərə əyilməyək. Cəmi bircə gün bütün dərdi-sərimizi unuda bilərik axı.

 

13 sentyabr. Super Mario günü

 

Aman aman, unutmaqmı olar, bu gün həm də Super Mario günüdür. Bəli, məhz həmin o məşhur Dendi, Sega oyunu. O oyun ki, ilk dəfə 1985-ci ildə Yaponiyada yaranıb, həmin il ABŞ-a, iki il sonra da Avropaya təşrif buyurub. Bu oyunun baniləri Famicom komandasının üzvləri Siqeru Miyamoto və Takaşı Tedzukadır, oyun təqdim olunanda onu “möhtəşəm kulminasiya” adlandırmışdılar. Tezliklə bütün dünya əlinə pult alıb Marionu və qardaşı Luidcini Göbələklər krallığı ərazisi ilə təqiblərdən vaz keçirəə-keçirə səyahət etdirməyə, bununla da Odlu çiçək, Super göbələk, Ulduzlu adam kimi bonuslar toplamağa başladı. Bir oyun bütün dünyanın beynini işğal elədi. Azərbaycanı da həmçinin. 90-cı illərdə adi insanlar oyun salonlarına doluşdular, imkanlılar qurğuları alıb evlərində hərəkətə keçdilər. Beləcə, Super Mario gündəmimizi zəbt elədi. Hətta deyilənə görə, kabinet qapılarını kilidləyib, katibələrinə “Məni soruşan olsa de ki, iclasdadır” tapşırığı verib Super Marioya sarmaşan yüksək çinli məmurlarımız da az olmayıb, xalqın taleyini həll etmək əvəzinə Marioyla Luidcinin taleyini həll ediblər.

 

13 sentyabr. Şokoladlı araxis, bir də şəhid uşaqlar

 

Amma elə düşünməyin ki, möhtərəm amerikalılar Sem dayının gününü qeyd edirlərsə, yeyib-içmək yaddan çıxıb. Qidalarla bağlı bu gün ABŞ-da düz iki bayram var. Milli şokolad günü və Araxis (yox, bunun qarşısında milli sözü qoyulmayıb) günü. Bu gün üçün daha gözəli araxisin üzərinə şokolad yaxıb yemək olardı əlbəttə. Braziliyalıların bu gündən başlayaraq bir həftə Farrupilya bayramını qeyd etməsini də dilə gətirək. Bu, 1835-ci ildəki bir hərəkatın şəninədir ki, Braziliyada aborogen qəbilə olan qauçosların liderlərinin qələbəsi ilə nəticələnən Farrupilya inqilabı baş verib. Meksikada bu gün uşaq-qəhrəmanlar günüdür, deməzsənmiş, 1847-ci ilin bu günündə Meksika –Amerika müharibəsi zamanı Çapultepeke döyüşündə əsgər heyəti qalmayan meksikalılar düşmənin qarşısına uşaq kursantları çıxarmağa məcbur olublarmış, onlar da hamısı həlak olubmuş. Bu gün dünyanın bir qism ölkələrində xərçəng xəstəliyi ilə mübarizə günü kimi də qeyd ediləcək.

 

14 sentyabr. Diqqətsizlik bəlası

 

CAR-lılar bu gün çox maraqlı bir günü qeyd edirlər: diqqətin və hiperaktivliyin defisiti sindromu gününü. Demək, belə bir sindrom var imiş. Əslində o sindrom indi bütün dünyada hakimi-mütləqdir. Dövran insanları  çox qayğılandırıb, pandemiya, müharibələr, təbii fəlakətlər, yoxsulluq, səfalət hamını üzür, fikir insanı incidir, passiv və diqqətsiz edir. Diqqətsizlikdən isə böyük problemlər törəyir, deyilmi? Elə hər şeyi bir kənara qoyaq, bir sürücü diqqətsizlik elədi, bir avtobus insanı qəzaya saldı, bir farmasept diqqətsizlik elədi, bir düjin xəstəni qırdı, bir kulinar diqqətsizlik elədi, bir obanın camaatını zəhərlədi. Cənubi afrikalılar ilk olaraq bu sindromu diqqət mənbəyi ediblərsə alqış onlara.

 

14 sentyabr. Sevgi duyğularının mükəmməl ifadəsi

 

Elə ədiblərimiz var ki, bircə əsərlə özlərini milyonlara sevdirə biliblər. Onlardan biri də Azərbaycan teletamaşa tarixinin ən qızıl səhifələrindən olan “Səni axtarıram” trilogiyasının müəllifi Aslan Qəhrəmanovdur. 1939-cu ilin bu günündə dünyaya gəlmiş ədib həmin o üç tamaşayla – “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz”lə sevən qəlbləri riqqətə gətirməyibmi, gətirib. Üstəlik, Yaşar Nuri ilə Firəngiz Mütəllimovanın təkrarsız ifası günü bu gün də unudulmur. Biz – 80-ci illərin yeniyetmələri üçün Elçin və Gülnar Leyli və Məcnun, Romeo və Cülyetta qədər məhəbbət simvoluna çevrilmişdi, inanırsınızmı? Gəlin ədibimizə bir Allah rəhmət eləsin deyək.

 

14 sentyabr. Kremli ponçik yeyən meksika süvarisi

 

Əlbəttə, ABŞ-da bu gün “Submarin” sendviçi və kremli ponçik günüdür. Birincidən dadmasam da ikinci çox dadlıdır, nuş olsun onlara. Hindistanda Hindi-diva günüdür, 1949-cu ilin bu günündə ölkədə hindi dili rəsmi dil kimi qəbul edilib. Meksikanlarda isə bu gün süvari günüdür. Bir köhlən atın ola, tumarlayıb, əzizləyib belədən-belə çapasan, elədən elə.

 

1937-ci ilin bu günündə hay-lek stilinin yaradıcısı, Pritsker mükafatı laureatı, italyan memarı Penso Piano dünyaya gəlib, 1867-ci ilin bu günündə Karl Marksın məşhur “Kapital” əsərinin 1-ci cildi işıq üzü görüb. 1829-cu ilin bu günündə Andrionopol sülh müqaviləsi ilə Rusiya – Türkiyə müharibəsi başa çatıb, 1769-cu ildə bitki coğrafiyasının yaradıcısı, alman ensiklopedist alimi, botaniki, zooloqu və səyyahı Aleksandr fon Humbolt doğulub.

 

15 sentyabr, Bakının azad olunduğu gün

 

Təqvimdə elə günlər var ki, bir xalqın bütün sonrakı müqəddəratını o günlər həll edir, xalqın mövcudiyyatını təmin etmiş olur. Azərbaycan xalqı üçün də belə günlər, təbii ki, istisna deyil. Sentyabrın 15-i Bakının bolşevik-daşnak, yəni rus-erməni işğalından azad olunduğu gündür. 103 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də türk oğlu türk Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməklə Azərbaycanın müstəqilliyi təmin edib, ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyub. Tarix mahiyyətcə eynidir, məzmunca nisbətən fərqlənir.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Yazılanlara görə, Bakı, Şamaxı və Quba qırğınlarından sonra gözüqıpıq qalan həmvətənlilərimiz Türk ordusu tərəfindən bolşevik-daşnak birləşməsinin burnunun ovulmasını, Bakının işğaldan azad edilməsini əsl bayram təmtəraqı ilə qeyd ediblər. İnsanlar gözlərində sevinc yaşı küçələrə axışıb xilaskarlarına tamaşa edib, onları alqışlayıblar. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H. Z. Tağıyev türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə ənamlar təqdim edib.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.  Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə "Türk Şəhidliyi" abidəsi bu münasibətlə ucaldılıb. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur, “Türk Şəhidliyi" abidəsi önündə anım mərasimi keçirilir.

 

Türkiyə Azərbaycanın ən böyük dostu, arxadaşı, güvənc yeridir. Bu gün bunun əksini düşünənlər böyük suç daşıyırlar.

 

15 sentyabr. Limfomlarla ümumdünya mübarizə günü

 

Limfom – immun sistemi hüceyrəsi şişidir, bədxassəli şiş növüdür, insanın limfa sisteminə – dalaqdan ta ki beyin iliyinə qədər böyük bir vacib əraziyə nüfuz edən bir bəladır. Limfoma bir xəstəlik deyil, 30 müxtəlif xəstəlik qrupudur. İmmun sistemi şişinin iki tipi var: Hodjkin və qeyri-Hodjkin limfomu. Hər il dünya əhalisinin hər 100000 nəfərindən 12-15 nəfəri bu xəstəliyə məruz qalır, amma vaxtında tədbir görülsə, 80 faiz insanda onun müalicəsi uğurla başa çatır. Limfomun yaranma səbəbi təbii ki, əksər digər xəstəliklərdəki kimi həyat tərzinin düzgün seçilməməsidir. Oturaq həyat, qeyri-sağlam qidalanma, stress və depressiyalar – bunlar insanı bəlaya yuvarladan əsas nəsnələrdir, Allah hamını limfomlardan qorusun!

 

15 sentyabr. Google-ın doğum günü

 

Əziz və hörmətli Quql. Bu gün sənin doğum günündür. Sən 1997-ci ilin bu günündə Stendfordda dünyaya gəlmisən. Orada təhsil alan 24 yaşlı iki tələbə - Lari Peyc və Sergey Brin səni yaratmaqla dünyanı silkələyəcək bir yeniliyə imza atıblar. Adını necə qoyublar? Axı google sözü heç bir anlam kəsb etmir. Lari seminar zamanı  riyazi termin olan googol-u hərf səhvi ilə google kimi yazıb, bunu müəllim ona irad tutub, həmin dönəmdə yeni kəşflərinə həyat vəsiqəsi verməyə hazırlaşan və ona ad axtaran dostlar üçün Larinin bu səhvi göydəndüşmə olub, onlar səni google sözü ilə adlandırıblar.

 

Sən elə bir fədakar sistemsən ki, hər bir şəxs sənin axtarış çubuğuna lazım olan sözü yazanda, həmin söz barədə məlumatlar orta hesabla 2500 kilometr məsafə qət etməklə informasiyanın araşdırılması mərkəzindən axtarış verən şəxsin hüzuruna gəlir. Bax bu cəfakeşliyinə görə sənə çox sağ ol deyir, doğum gününü təbrik edirəm. Bir tuş!

 

15 sentyabr. Bilik günü

 

Azərbaycanımızda bilik günüdür bu gün. Bizim nəsil, bizdən əvvəlkilər və bizdən sonrakılar həmişə bilik gününü 1 sentyabrda qeyd edərdik. Doğrudan da, bu qeydetmənin rəmzi mənası vardı, yay qurtardımı, yay tətili qurtardımı, haydı, məktəbə. 2004-cü ildə 1 sentyabrı 15 sentyabra niyə keçirdilər? Tutarlı bir səbəb gətirilmir. Ancaq mənim yadımdadır ki, həmin il şiddətli istilər düşmüşdü, sentyabrın əvvəllərində 40 dərəcə isti var idi, olsun ki, bu səbəbdən bilik gününün vaxtı dəyişdirildi. Budur, sentyabr əvvəlki qaydada payız ayı imicinə qayıtdı, bir baxın, havalar necə sərin, hətta deyərdim ki, soyuq keçir, amma bilik günümüz 15-i tarixinə pərçimlənərək qaldı.

 

İndi də korona işə pəl vurur, bu il sentyabrın 15-i məktəblər açılmayacaq, bilik günümüz daha bir həftə o yana – üzü oktyabra doğru atılacaq. Hər nədirsə, xeyirlisi, bayramınız mübarək, bilik verənlər və bilik alanlar!

 

15 sentyabr. ABŞ-da dördqat bayram

 

Macəra dolu Amerikanın mətbəx macəraları bitirmi, bitmir. ABŞ-da bu gün Milli pendir tostları günüdür. Narahat olmayın, holland pendirini çörəyin üstünə qoyub tosteri işə salın (tosteri olmayanlar dədə-baba qaydası ilə qazın üstünə qoyulan yumru dəmirlərdən istifadə etsinlər, onların üstündə çay, aş dəmə qoyulur, xörək qızdırılırdı), pendir tostunuz hazırdır. Amma sevinməyin, qayğılar bununla bitməz ki. Bu gün ABŞ-da nanə-çovhərli likyör günüdür həm də. Burda müsəlmançılıq məsələsini irəli sürüb “spirtli içki içmirəm” deyibən bayramdan vaz keçmək olar. Di gəl, bu gün Amerikada Linquin günüdür həm də. Linquin nədir? Biz yeyən makaronun bir qədər iri forması. Bakıda linquin tapılmaz yəqin, eyb etməz, adi makaron yeyib də məsələni həll etmiş olarıq. Amma o nə amerikalıdır ki, işdən iş çıxartmasın. Heç bu da demək, hamısı deyilmiş. Bu gün həm də Amerikada ikiqat çizburger günüymüş. Daha nə söyləyim, reklam olmasın deyə adını çəkməyəcəyəm, amma uşaqlarınızın əlindən tutub yekə M hərfi ilə paytaxtımızda bərqərar olan restoranlar şəbəkəsinə təşrif buyurmaq zorunda qalacaqsınız, ikiqat çizburgerlərdən yeyib amerikalıların və əlbəttə ki, uşaqlarınızın sevincinə sevinc qatacaqsınız.

 

15 sentyabr. Beynəlxalq nöqtə günü

 

Kitabsevərlər, hamının öz nöqtəsi olsa belə bugünkü nöqtə məhz sizin nöqtənizdir. 2009-cu ildən qeyd edilən bu əlamətdar günün tarixi ingilis yazıçısı Piter Reynoldsun “Nöqtə” kitabı ilə bağlıdır. Həmin kitabın baş qəhrəmanı Vaşti adlı bir qızdır. Şəkil çəkə bilməyən Vaşti rəsmxətt dərsində qələmi vərəqə taqqıldatmaqla nöqtələr yaradırdı, amma onun bu boşuna məşğuliyyəti nəticəsində yaranan nöqtələr müəllimin diqqətini cəlb edir, bu nöqtələr sürprizlərə və kəşflərə səbəb olur. Terri Şay adlı bir müəllimə Reynoldsun kitabından ilhamlanıb şagirdlərdə gizli istedadlar üzə çıxarandan sonra təklif verib ki, gəlin təqvimə xüsusi bir gün salaq, həmin gün istedadlar üzə çıxarılsın. Beləcə də bax bu nöqtə günü yaranıb. Özü də çox effektiv gündür, doğrudan da üzə çoxlu istedadlar çıxarılır. Bəlkə bizlər də beynəlxalq təqvimin əlamətdar günlərinin qeyd edilməsinə əməl edək, mahiyyətinə varaq ki, zərər yox, yalnız xeyir götürərik?

 

15 dekabr. Beynəlxalq Demokratiya Günü

 

Demokratiya özündə elə bir siyasi rejimi ehtiva edir ki, orada qərarlar kollektiv və kollegial şəkildə verilir, hər bir fərdin con yekun nəticəyə təsiri olur. Demokratiyanın mexanizmi xalqın öz iradəsini azad ifadə etməsində, insan azadlığının tam bərqərar olmasındadır. 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlləri beynəlxalq arenada əsas trend məhz demokratiyadır. Demokratiyanın əksi isə hakimiyyətin qeyri-legitimliyi, bir əldə cəmləşməsi, insanların hüquq və azadlıqlarının, xüsusən seçki azadlığının  məhdudlaşdırılmasıdır.

 

Yeri gəlmişkən, 1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cumhuriyyətinin paralel olaraq işlənən adı Azərbaycan Demokratik Respublikası olub, ulu babalarımız Şərqdə ilk demokratik dövlət qurublar. Demək, Azərbaycan da demokratiyanın dadını hiss edib.

 

16 sentyabr.  Avropada mobillik həftəsinin başlanğıcı

 

Avrokomissiyanın təkidi ilə təqvimə salınan bu gündə bütün diqqətlər ictimai nəqliyyatdan istifadədə, piyada getməkdə və velosiped sürməkdə rahat infrastruktur yaradılmasının stimullaşdırılmasına yönəldiləcəkdir.

 

Bir də görürsən, çox varlı, lüks avtomobilli tanış-bilişinə, qonşularına hədsiz paxıllıq edən, paxıllığı hətta nifrətə çevrilən bir şəxs bu nifrətini yeganə realizə edə bilmək şansından yararlanaraq piyada zolağından saatda 0,000001 km/saat sürətlə keçir, dayanmaq məcburiyyətində olan sürücülərin əsəblərini tarıma çəkir, bax bu gün həm də onların günüdür. Yəni, bu hərəkətə görə söyüş və kötək almaq bu gün istisna edilir.

 

16 sentyabr. Ozon qatının beynəlxalq müdafiəsi günü

 

1994-cü ildə BMT Baş Assambleyası qərara aldı ki, hər ilin bu günü diqqətlər ozon qatının müdafiəsinə yönəldilsin. Bu gün - ozon qatının dağıdan hissəciklər barədə 16 sentyabrda imzalanan Monreal protokolunun şərəfinə təqvimə salındı. 80-ci illərdə Antarktida üzərində alimlər ozon qatının 2 dəfə nazildiyini görüb “ozon yırtığı” ifadəsini leksikona gətirdilər. 1987-ci ildə 36 ölkə, o cümlədən SSRİ ozondağıdan hissəciklərin istehsalını tam dayandırmaq öhtəliyi götürsələr də bu sahədə vəziyyətin əsla düzəlməməsi göz qabağındadır. Ozon qatı nazik bir qaz təbəqəsidir ki, çətir kimi Yer kürəsini Günəşin öldürücü radiasiyasından qoruyur, planetdə həyatı təmin edir. Kosmosdan baxanda, ozon təbəqəsi, sanki Yer kürəsinin başına geydirilmiş bir papaqdır, bu kimyəvi birləşməni 100 kilometr yüksəklikdən müşahidə etmək mümkündür. Bu təbəqə yox olsa bütün biosfer, bütün canlılar üçün təhlükə duyulacaq, ultramavi şüalar birbaşa insana təsir göstərməklə onda dəri xərçəngi, korluq yaradacaqlar. Ozona məhvedici təsir göstərən əsas maddə xlordur, onun oksidləridir. Kimya zavodlarının bu məhsulu məişətdə aparıcı yer tutduğundan, milyardlarla gəlir gətirdiyindən onun istehsalını dayandırmaq absurd görünür. (Bir Sumqayıtın kimya poliqonunu xatırlayın). Ona görə də, insanlığın gələcəyi çox dumanlı görünür.

 

16 sentyabr. Papua-Yeni Qvineyanın müstəqilliyi günü

 

Əlbəttə, bu arada bir çox ölkələr öz müstəqilliyini qeyd edir. Onların hər biri barədə təqvimimizdə söz açmaq mümkün olmadığından biz içlərində ən maraq doğuranları, ən qeyri-adiləri, ən ekzotikləri seçirik. Buyurun, Papua-Yeni Qvineya. Adı Afrikanın Qvineya ölkəsinin şərəfinə qoyulan, sivilizasiyadan kənarda qalmış yarımçılpaq yarımvəhşi insanlar yaşayan, ekvatora olduqca yaxın, 7 milyon əhalisini azı 850 müxtəlif  xalqın təşkil etdiyi, yaxin keçmişədək valyuta əvəzinə iri dəniz balıqqulaqlarının istifadə edildiyi bir dövlətdir Papua-Yeni-Qvineya. Təsəvvür edin ki, orada hələ də bəzi sektalar hannibalizmlə məşğul olurlar. 2012-ci ildə şəhərdə yaşayan, nisbətən sivil olan, kostyum-şalvar geyən, təhsil alan insanlar seçki keçirmək istəyəndə həmin o hanniballar onlara hücum edibmiş ki, məntiqlə kostyum-şalvarlı insanın qanı daha dadlı olmalıdır. Həmin o kostyum-şalvarlı təbəqə 1975-ci ildə Avstraliyadan müstəqilliyini qoparan günü sentyabrın 16-sı imiş, odur ki, indi hər ilin bugünkü gününü papualılar bayram edirlər. Özü də yarımvəhşi insanlar müstəqillik qazanan sivil insanlara nisbətən daha humanistcəsinə müstəqillik qazanıblar, müstəmləkəçi ölkəyə qarşı silah qaldırıb onun əsgərlərini qıran, bayrağını taptayan digər ölkələrdən fərqli olaraq papualılar yığışıb avstraliyalıların başbilənlərinin yanına gediblər, deyiblər, qardaş, səninki səndə, bizimki bizdə, çıx get öz ölkənə, bizdən əl çək. Avstraliyanın bayrağını da ehmalca endirib, qatdalayıb onun qoltuğuna vurublar. O binəva da nədənsə, qəzəblənib savaş əmri verməyib, əyanlarına deyib ki, yığışın, çıxıb gedirik. Bax belə!

 

Daha hansı özəllikləri var papualıların? Orada Cadugərlik haqqında qanun hökm sürür. Yəni, rəsmən cadugərlik qəbul edilir. Ölkənin rəsmi valyutası kinadır, 1 dolları dəyişsən, sənə bir çamadan kina verərlər. Siz heç zəhərli quş barədə eçitmisiniz? Həmin quş sərçəkimilər dəstəsindən olan Milçəktutandır ki (Pitohui dichrous), o da Papua-Yeni Qvineya sakinidir.

 

16 sentyabrı Papua-Yeni Qvineyada bütün xalq bayram edir, oxuyurlar, oynayırlar, yarmarkalar təşkil edirlər, hər yan ölkənin rənglərinə bürünür – qara, qırmızı və qızılı rəngə.

 

16 sentyabr. Mersedes xanımın doğum günü

 

1955-ci ilin bu günündə məşhur Amerika fokusçusu-illüziyaçısı Devid Kopperfild dünyaya gəlib. 1745-ci ildə məşhur rus sərkərdəsi Mixail Kutuzov doğulub. 1824-cü ildə isə məşhur Fransa kralı XVIII Lüdovik dünyasını dəyişib.

 

Mənim maşın bazarında şıdırğı alver edən, həftə səkkiz-mən doqquz Almaniyaya gedib, maşın qəbiristanlığından sahibi tərəfindən atılmış qəzalı “Mercedes”lərdən  gətirib burda “Qardaş canı bu müəllim maşınıdır, hələ buna atvyorka dəyməyib” deyə satan çoxlu tanışlarım var, hamısı heç də ağdamlı deyil, həmin tanışlarıma və digər maşın alverçilərinə səslənirəm, yaxın oturun, görün sizə nə deyirəm. 1889-cu ilin 16 sentyabrında Nitsa şəhərində Mersedes Ellinek adlı bir qız uşağı doğulub. Onun atası Emil Ellinek Avstriya-Macarıstanın Nitsada vitse-konsulu işləyirmiş, eyni zamanda da “Daymler” avtomobil şirkətinin Fransada nümayəndəsi imiş. Mersedes çox gözəl imiş. Yayda Emil müəllim ailəsini də götürüb vətəninə məzuniyyətə gedəndə “Daymler”in patronu ilə görüşür, patron balaca qızcığazın gözəlliyindən vəcdə gəlir, adının da qeyri-adi olması – kişi and-aman eləyir ki, bu çağa kimi Mersedes adı eşitməmişəm - həlledici rol oynayır. “Daymler” şirkəti yeni hazırladığı avtomobilə “Mercedes” adı varir. Əziz “Mercedes”dən çörək çıxaranlar, yeşka, çeşka deməkdən yeşkalanıb çeşkalananlar, bunu sizə ona görə danışıram ki, adam mütləq gərək çörəyi çıxan yer barədə məlumatlı olsun. Bu qədər bəsit.

 

17 sentyabr. Ümumdünya pasientlərin təhlükəsizliyi günü

 

Ay bərəkallah. Belə bir gün hava və su kimi bizlərə lazımdır. Pasient – tibbi müəssisəyə sağlamlıq durumuna görə müraciət etmiş şəxsdir, biz pasient olaraq hər yerdə təhlükə ilə baş-başa qalmırıqmı, qalırıq. İstər xülya olan icbari tibbi sığorta, istər müəmmalı vaksinasiya, istər özəl tibb xidmətlərinin bahaçılığı, istər dövlət tibb müəssisələrinin kasadlığı və s. və i. nəsnələr Demokl qılıncı kimi başımızın üstündən əskik olmur. Bu gün təhlükəsizliyimizə əməl edəcəksinizmi, ey pasientlərlə işləyənlər?

 

17 sentyabr. Betmen günü

 

Bəs deyirsiniz, Super Mario günü ola bilər, Betmen günü ola bilməz? Dünyanın ən böyük komiks istehsalşısı olan DC Comics 2013-cü ilin bu günündə Betmeni üzə çıxartdı, halbuku bu personaj heç də yeni deyildi, ondan 1939-cu ildə bir detektiv komiksində istifadə etmişdilər. Qeyd edək ki, DC Comics “Warner Bros.Entertaiment”  kinokompaniyası tərəfindən alınaraq hazırda onun tərkibində fəaliyyət göstərməkdədir.

 

Betmen super qəhrəman kimi hər bir işə qadirdir, güc və iradə rəmzidir. Betmenlər və Spaydermenlərin dünyanı fəth eləmələri həm də ona hesablanır ki, digər ölkələrin yetişməkdə olan gənc nəsli qəhrəman dedikdə amerikalı superqəhrəmanları tanısınlar, milli qəhrəmanlar diqqətdən kənarda qalsınlar. Qlobalizmin şovinizm miqyası!

 

17 sentyabr. Beynəlxalq “alma ye” günü

 

Maraqlı bir gündür. Tərkibində 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları olan alma təsadüfi deyil ki, yayılma coğrafiyasına və menyuda təmsil olunmasına görə dünyanın ən populyar iki meyvəsindən biridir (digəri portağaldır). Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, pavidla, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

 

Dünyada yeganə alma diyarı kimi tanınan bölgənin məhz Azərbaycanda olması, ağ alma kimi ən unikal alma sortunun Azərbaycanda yetişməsi səbəbindən gəlin bir balaca protesto edək, təqvim başbilənlərinin nəzərinə çatdıraq ki, təqvimin şərhində “alma ye” günündə barı, Qubanın adını çəksinlər. Bəs nə əcəb bu adamlar şaftalıdan danışanda mənfur qonşularımızın adlarını çəkirlər?

 

17 sentyabr. Əlamətdar hadisələr

 

Bu gün Cərrah günüdür, bütün cərrahları təbrik edirik. Ümumdünya evtəmizləmə günüdür həm də. Azərbaycanlı xanımlar təmizkar olurlar, onlar ilboyu ev təmizləyirlər. Bu günü qoy pintilər qeyd etsinlər, ildə bir dəfə barı evlərinin təmizliyinin qeydinə qalsınlar.

 

Təbii ki, oxucularım darıxdılar, nə əcəb, Amerikadan danışılmır, onların növbəti mətbəx bayramlarının adları çəkilmir. Çək deyirsiniz, çəkim də. Demək, bu gün ABŞ-da Milli Monte-Kristo sendviçi günüdür. Siz onu deyin ki, ayrıca sendviç günü amerikalılara bəhs etmir deyə sendviçin növlərinə bir-bir bayram qururlar. Amma Monte-Karlo sendviçi tək deyil, bu gün bayram bayrama qarışacaq. Bu gün həm də milli testdə alma günüdür. Üstəlik, bu gün həm də amerikalıların Viskonsiya pendiri günüdür.

 

1993-cü ilin 17 sentyabrında sonuncu rus əsgəri Polşanı tərk etdi. Sağ əlləri hələ də rus əsgərinin sülhməramlı adı altında at oynatdığı ölkələrin başına. 1935-ci ilin 17 sentyabrında dünyaca məşhur olan “Ququ yuvası üzərində uçuş” romanının müəllifi, hippi hərəkatının banisi, Amerika yazıçısı Ken Kizi dünyaya gəlib. 1924-cü ilin 17 sentyabrında dünyada ilk özəl beynəlxalq məktəb açılıb – ünvanı Jenevrə olan bu məktəbdə cəmi 8 tələbə təhsil alırmış. 1883-cü ildə Amerika şairi və dramaturqu, XX əsr Amerika tarixinin ən nəhəng şairi sayılan Uilyam Uilyams doğulub. 1857-ci ildə kosmonavtikanın pioneri rus Konstantin Siolkovski doğulub.

 

18 sentyabr Milli Musiqi Günü

 

Təbii ki, bu günün cəmi bir adı var - Azərbaycan xalqının Milli musiqi günü, o gün ki dahi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir bəyə borcludur. Milli Musiqi gününün maraqlı bir tarixçəsi var: görkəmli bəstəkar və dirijor Niyazinin təşəbbüsü ilə Üzeyir bəyin vəfatından sonra hər il dahi bəstəkarın anadan olduğu gün Azərbaycan Dövlət Konservatoriyasının önündə minlərlə insan toplaşıb və burada Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin dirijorluğu ilə bəstəkarın əsərlərini ifa edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda, xüsusilə də Bakıda yaşanan siyasi böhranla əlaqədar bu ənənə bir müddət unudulub. Niyazinin bu təşəbbüsü 1995-ci ildə Heydər Əliyevin dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması haqqında Fərmanı ilə rəsmi status alıb.

 

Ü. Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi “Leyli və Məcnun” operası ilə başlamışdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü.Hacıbəylinin anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Üzeyir Hacıbəylinin ölməzliyinin bir səbəbi də odur ki, bəstəkar Azərbaycan Dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.

 

18 sentyabr. Ümumdünya suyun keyfiyyətinin monitorinqi günü

 

Olduqca maraqlı bir gündür. İçdiyimiz suyun tərkibini əsla bilmirik, bəzən krandan su gələndə xlor iyindən boğulur, bəzən suyun sapsarı rəngindən əndişələnirik. İçməli su saydığımız suyun əslində texniki su olmasının fərqinə varanda isə bəzilərimiz keyfiyyətsiz su filtrlərinin, bəzilərimiz isə işbazların 19 litrlik plastik qablarda üzərinə “Bulaq suyu” yazıb bizə sırıdığı elə həmin krant suyunun qurbanına çevrilirik. Ona görə də bu gün biz suyun keyfiyyəti məsələsini ictimailəşdirməli, içməli su adı altında kranlarımızdan axan suyun, marketlərdə satılan “İçməli su”ların monitorinqinin aparılmasına təşəbbüs göstərməliyik. Azad İstehlakçılar Cəmiyyəti var bizdə, başında Eyyub Hüseynov durur, insafən, yaxşı da çalışır, gəlin Eyyub Hüseynova müraciət edək, qoy bu işlərə təkan versin.

 

Allaha and olsun ki olan şeyi deyirəm, yəqin xatırlayanlar da az olmayacaq, 90-cı illərin olardı ortaları, Ceyranbatan su hövzəsinin Bakı-Sumqayıt şossesi boyunca uzanan hasarının üstünə “Su həyat mənbəyidir” şüarı yazılmışdı. Oralar təmir olundu, ərazini qoruyan məftillər çəkildi, inzibati bina və hasar rəngləndi, “Su həyat mənbəyidir” şüarı isə “Su həyat mənbəyi olaraq qalır” şüarı ilə əvəzləndi. Hər dəfə o yolu qət edəndə bu şüar məni şənləndirirdi, kefimi açırdı. Necə yəni, su həyat mənbəyi olaraq qalır? Nə dəyişilib ki, suyun həyat mənbəyi olmasına şübhə oyansın? Təmirmi? Sən necə bir əqlin sahibi olasan ki, təmirə qədər “Su həyat mənbəyidir” şüarını təmirdən sonra “Su həyat mənbəyi olaraq qalır” kimi dəyişəsən? Bəzən düşünürəm ki, rəhbər insanların qafalarının monitorinqini aparmaq çox yerinə düşərdi.

 

18 sentyabr. Beynəlxalq elektron kitabların oxunması günü

 

İnternational Read eBook Day – İçində kitab sevgisi olan hər bir kəs, bayramınız mübarək. Dünyanın əsas elektron kitab distrübütörü olan OverDrive şirkətinin təşəbbüsü ilə 2014-cü ildən keçirilən bu gün insanların diqqətini elektron kitablara yönəldir, onları mütaliəyə dəvət edir. Virtual həyat hamını öz əsirinə çevirib. Amma bu əsirlikdə saat hesabı ilə 50 faiz sosial şəbəkələrə başvurmaya, 30 faiz filmə baxıb musiqi dinləməyə, 10 faiz güngəlik xəbərləri izləməyə, 10 faiz də ünsiyyətə ayrılır. Mütaliəyə isə hər dördündən kim 1-2 faiz oğurlaya bilirsə yalnız onlar vaxt ayırırlar. Halbuki kitab oxumaq düşünən insanın digər canlılardan ən üstün çəhəti hesab olunmaqdadır.

 

18 sentyabr. Ümumdünya bambuk günü və digər günlər

 

Bizdə bambuk bitirmi? Bitmir axı. Demək, bu günü qeyd etməkdən həmən vaz keçək. Kim razılaşmasa, eybi yox, ümummilli qamış günü kimi bu günü qeyd edə bilər. Məncə bambukla qamış qardaş kimidirlər. Amerikalı dostlar bu gün milli çizburger günündə bir araya gəlib adama ən azı 3,5 çizburger yeyəcəklər. Niyə belə deyirəm? Çünki dünyada ən çox fəst-fud yeyən məhz amerikalılardır. Statistik amerikalı gün ərzində 3,5 dənə çizburgerdən, qamburgerdən, hot-doqdan-zaddan mütləq yeyir. Üstəlik, amerikalılar bu gündən ayın 24-dək Milli it həftəsi də keçirəcəklər. İtlərə çizburger yedirdəcəklərmi, bax bu barədə məlumatsızam.

 

İsveçrəlilərin menyüsündə də maraqlı bir gün var: milli duaetmə günü. Axırıncı dəfə məscidə gedib haçan dua etmişik? Axı Allahın evində ona səslənmək, arzuları söyləməkdən gözəl nə ola bilər? İsveçrəlilər hamılıqla kilsələrə axışıb dua edəcəklər bu gün, kaş bizim də belə bir günümüz olaydı...

 

1907-ci ilin 18 sentyabrında Makmillan Edvin Mattison – kimya üzrə Nobel mükafatçısı olmuş, transuran elementləri olan neptuniy və plutoniyi kəşf edən amerikalı fizik dünyaya gəlib. 1886-cı ildə fransalı şair Moreas “Le Fiqaro” qəzetində bir məqalə dərc etdi, bu məqalə simvolist ədiblərin manifestinə çevrildi. Məqalədə dekadent termininin simvolizm termini ilə əvəzlənməsi təklif olunurdu. 1851-ci ildə 18 sentyabr daha bir möhtəşəm hadisəyə qucaq açdı: “New York Times” qəzetinin Dayli (gündəlik) formatda ilk nüsxəsi işıq üzü gördü. Lap qədimlərdə eramızın 53-cü ilinin 18 sentyabrında isə Mark Ulpiy Trayan (yazını hansısa erməni oxuyub “bizim ermənimizdir” deməsin deyə bəri başdan bildirirəm ki, təmizqanlı romalıdır) – Roma imperatoru doğulub, Optimus (ən yaxşı) tituluna layiq görülmüş bu şəxsin dövründə Roma İmperiyası ən böyük ərazilər əldə edib.

 

19 sentyabr. Silahçı günü

 

Silahçılar məhdud peşə sahibləridir. Bu günün təqvimə salınmasını xristianlar onunla əsas gətirirlər ki, Pravoslav kilsəsinin arxangeli Mixail – hava döyüşlərinin himayədarı məhz 19 sentyabrda doğulub. İstənilən epitetləri bir kənara qoysaq, deyə bilərik ki, silahçılar – ölüm gətirənlərdir. Yeri gəlmişkən, bizdə Müdafiə Sənayesi Nazirliyi var, biz də silah istehsal edənlər cərgəsindəyik, amma bizə silah hücum üçün, işğal üçün deyil, müdafiə üçün lazım olur, ona görə də, olsun ki, bizimkilərə təbrik düşür.

 

Bununla belə, arzum odur ki, elə bir gün gəlsin, dünyada sülh bərqərar olsun, bütün silahlar paslansınlar, silah istehsal edənlər öz hesablarına əbədi məzuniyyətə göndərilsinlər, 19 sentyabr daha qeyd edilməsin, arxangel Mixailin də goru çatlasın.

 

19 sentyabr. Meşə işçisi günü

 

Belə bir gün 1966-cı ildən SSRİ-də qeyd olunurdu, indi də SSRİ-dən qopan respublikalarda qeyd olunmaqdadır. Ukrayna, Rusiya, Belarus və Qirğızıstanda daha geniş anlamda – ekoloji bayram kimi qeyd olunur hətta. Meşə insana təbiət tərəfindən verilmiş su hövzələri qədər vacib olan bir nemətdir, o, bütün planetin qəlbidir, mühafizəsidir, xilasıdır. Bu yaxınlarda Türkiyədə meşə yanğınları, bir xatırlayın, bizləri nə qədər üzdü.

 

Meşə işçisi deyəndə yadımıza kim düşür? Təbii ki, meşəbəyi. Ağac doğrayanlara, ov ovlayıb quş quşlayanlara qənim kəsilən meşəbəyi təbiətən cəsur, qorxubilməz olur, əli silahlı brakonyerin üstünə getmək cəsarəti sizə xırda görünməsin. Gəlin bu gün bu fədakar insanları alqışlayaq, şənlərinə bir “Meşəbəyi” mahnısı oxuyaq. Sözləri xalq şairi Hüseyn Arifə, musiqisi xalqa məxsus olan, Teymur Mustafayevin şövqlə ifa etdiyi həmin mahnının sözləri insanı nikbinliyə yükləyir.

 

Meşədə istirahət edən dəstəyə qoşulan ağsaqqal meşəbəyi onlarla bəs deyincəyə qədər yeyib-içir.
Kef üstündə kefimizi
Gəlib, sordu meşəbəyi.
- Buyur! - dedik, atdan enib,
Bardaş qurdu meşəbəyi.

 

Qamçısını atdı sola,
Çantasını çəkdi dala.
Şirin-şirin, bala-bala
Bizlə vurdu meşəbəyi.

 

Axırda da cuşa gələn meşəbəyi hətta bunu da edir:
İsti kabab, təzə fətir.
Doymaq olmur, yenə gətir.
Bığlarını arada bir
Eşib burdu meşəbəyi.

 

Altmışını verib yelə,
Düşməyibdir ruhdan hələ.
Qarşıdakı bir gözələ
Göz də vurdu meşəbəyi.

 

19 sentyabr. Smaylın yarandığı gün

 

İndi bir mesajlaşmalarımıza baxın. Gülən, ağlayan, təəccüblənən, qəzəblənən smaylları elə hey bir-birimizə yollayırıq. Ancaq bilirikmi ki, bu smaylların yaranma tarixi haçandır? 1982-ci ilin bugünkü tarixində, saat 11:44-də Amerikadakı Karnegi Mellon Universitetinin professoru Skott Falman kolleqalarının elektron poçtuna gülümsəyən smayl göndərdi, təklif etdi ki, gəlin bundan sonra bir-birimizlə elektron zarafatlaşma zamanı bu işarədən istifadə edək. Dedi, görün bu işarə necə də gülən adamı təcəssüm etdirir. Beləcə, gülümsəyən smayl gündəmə girdi, ardınca digər smaylları istifadəyə buraxmaq artıq texniki iş oldu. Əziz oxucularım, təki aldığınız smayllar yalnız gülümsər olsunlar!

 

19 sentyabr. Təzadlı bir bayram

 

Bu günü dünya Beynəlxalq Pirat Günü kimi qeyd edir, xəbəriniz var? Bu, yarızarafat, yarıciddi bir qeydetmədir, 3-cü minillikdə hələ də dənizdə gəmi ovlayan bu qədim peşə sahiblərini humanitar təsisatlar utandırmaq istəyərək onlar üçün təqvimə məxsusi bir gün salıblar, deyirlər, bəsdir, həvəsdir. Amma inanırsınız, məsələn, Somali piratları bu günü ciddiliklə qeyd edirlər, klassik və ənənəvi piratlar kimi başlarına dik papaq qoyub, bir gözlərini sarğıyla bağlayıb, əllərinə də bir qədəh rom alıb coşquyla özlərinə qurban axtarırlar.

 

19 sentyabr. İlk dünya gözəli Berta Sukare

 

1888-ci ildə bilirsiniz nə baş verib? Belçikanın Spa kurort şəhərində tarixdə ilk gözəllik müsabiqəsi keçirilib. Qvadelupadan – Mərkəzi Amerikada yerləşən Fransa müstəmləkəsindən olan 18 yaşlı Berta Sukare adlı xanım ilk dünya gözəli seçilib. Şəklinə baxanda bilirsiniz nə düşündüm? Əlbəttə, bizim indiki gözəllik anlayışı ilə tam üst-üstə gəlməyən bir fizionomiyadır. 133 il əvvəlki insan axı tam fərqli olub, saç düzümü, libası da primitiv, bizə zövqsüz görünə biləcək qədərdir. Amma müasir insanla o dövrün insanı arasında radikal fərq də duyulur. Səmimilik və saflıq. O vaxtlar hələ dünyanın, insani münasibətlərin çirklənmədiyi bir dövr idi, Berta Sukarenin də dünya gözəli tituluna yiyələnməsi yolu heç bir saxtalıqdan, riyadan, pozğunluqan keçmirdi. Bax belə!

 

19 sentyabr. Mona Lizanın yaranışı günü

 

Və əlbəttə ki, 1478-ci ilin 19 sentyabrı – dünyanın ən məşhur, ən qiymətli və ən sirli portreti olan “Mona Liza”nın  (“Cokonda”nın) yaranışı günüdür. Həmin gün dünyaşöhrətli italyan rəssam Leonardo da Vinçi aylarla üzərində işlədiyi rəsmi bitirib, dərindən ah çəkib, fırçanı kənara qoyaraq belini dikəldib və “Nəhayət ki” deyərək qışqırıb. 543 ildir ki, bu əsər insanları heyran edir, təəccübləndirir, öz sehirli aurasına çəkir. Əsl sənət bax budur!

 

 20 sentyabr. Neftçilər Günü

 

Bu gün Azərbaycanda ən böyük bayramlardan biri qeyd olunur - Neftçilər Günü. 2001-ci ildə Heydər Əliyevin Sərəncamı ilə 20 sentyabr “Neftçilər Günü” elan olunub. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün “Əsrin müqaviləsi” adı ilə tanınmış neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi”nə ilkin qoşulan şirkətlər bunlar idi: “AMOKO”, “Yunokal”, “Pennzoyl” (ABŞ), “Britiş Petroleum”, “Remko” (Böyük Britaniya), “Statoyl” (Norveç), “LUKoyl” (Rusiya), “Türk Petrolları” (Türkiyə), “Delta” (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə “İtoçu” (Yaponiya), “Ekson”, “Amerada Hess” (ABŞ) şirkətləri də qoşuldu. Bu müqavilə Azərbaycanın neft və iqtisadiyyat tarixinin yeni səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur xarici neft şirkətləri ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. “Əsrin müqaviləsi” həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. 1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında “Əsrin müqaviləsi” üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.

 

Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neftqaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. ATƏT-in İstanbul sammitində (1999, 18 noyabr) ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı. 2002-ci il avqustun 18-də Səngəçal terminalında “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 13-də isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirildi. 2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə verildi. Qeyd edim ki, bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isəTürkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək gücündədir.

 

Xalqlar vardır ki, onların əsas kapitalı təbii ehtiyatları, iqtisadi gücüdür. Biz azərbaycanlıların əsas kapitalı neftdir. Qara qızıl adlanan bu nəsnə Azərbaycanın movcudiyyat simvoludur. Xalqlar da var ki, onların ən əsas kapitalı insan kapitalıdır.

 

20 sentyabr. Professor Kamil Balakişiyevin 115 illiyi

 

Kamil Əbdülsalam oğlu Balakişiyev Abşeronun Novxanı kəndinin Azərbaycana bəxş etdiyi daha bir görkəmli şəxsiyyətdir. 1906-cı il sentyabr ayının 20-də anadan olmuş, 1921-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tibb fakültəsində təhsil almış, . beşinci kurs tələbəsi olarkən öz müəllimi A.Valenkaya ilə birlikdə “Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik” adlı dərs vəsaiti yazmış, XX əsrin 30-cu illərinin əvvəllərində artıq silsilə dərslik və dərs vəsaitləri müəllifi kimi tanınmış bu şəxs həqiqətən böyük ziyalı olub, 24 yaşında artıq dosent elmi adına layiq görülüb. 1935-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi, 1936-cı ildə tibb elmləri doktoru, 1938-ci ildə isə professor elmi dərəcəsi qazanıb. Onun rəhbərliyi altında 15 nəfər elmlər doktoru və namizədi yetişdirilib. O, 100-ə yaxın elmi işin, o cümlədən orijinal dərslik və dərs vəsaitinin, lüğət və terminologiyanın, elmi-kütləvi məqalənin müəllifidir. Azərbaycan dilində anatomiyaya aid ilk dərs vəsaitlərinin hazırlanması da Kamil Balakişiyevə adı ilə bağlıdır.

 

Kamil Balakişiyev 1973-cü il noyabr ayının 22-də vəfat edib və Fəxri Xiyabanda dəfn edilib. Hazırda Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Ruhu şad olsun!

 

20 sentyabr. Təbiətin və canlıların həmrəyliyi

 

Bu gün “Özünün ev heyvanını sev” günüdür. Onsuz da insanlar öz ev heyvanlarını sevirlər, ancaq hərdən biri pişiyə təpik vurur, eşşəyi qamşılayır, itə daş tolazlayır, toyuğu hasara çıxartdırır. Bax bunlar olmaz. Bu gün bunları etmək qadağandır. 

 

Bu gün yəhudilər Sukkot bayramını qeyd edəcəklər, yəhudi yeni ilinin 15-ci günü qeyd edilən bu bayram 7 gün davam edir, məğzi də budur ki, torpaq əkib-becərənlər məhsulu yığıb bitirib bu gündən etibarən ta ki ilk yağışlara qədər dincələ biləcəklər. Sukka sözü dilimizə koma kimi tərcümə olunur, necə ki koma insanı soyuqdan, istidən qoruyur, eləcə də soyuq dövrlər üçün topladığı ərzaq ehtiyatı insanı ac qalmaqdan xilas edir yəni.

 

20 sentyabr. Astroloq Hacıbəy Sultanovun 100 illiyi

 

Bu gün daha bir işıqlı azərbaycanlının yubileyidir. Bakının Şağan kəndində doğulan, Berlinin alınmasına qədər şanlı döyüş yolu keçən Hacıbəy Sultanov “Vətən müharibəsi” ordeni və “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941- 1945-ci illərdə Almaniya üzərində qələbəyə görə”, “Praqanın azad edilməsinə görə” medalları ilə təltif olundu, 1946-cı ildə ordudan tərxis edildikdən sonra Azərbaycan Dövlət Universitetinin Astronomiya kabinetində işə qəbul olunaraq elmi tədqiqatlara başladı. 1959-cu ildə Şamaxı Astrofizika Rəsədxanası təşkil ediləndə  H.Sultanov onun ilk direktoru oldu. Ömrünün sonunadək orada çalışdı. 1967-ci ildə Moskva Dövlət Universiteti nəzdindəki Şternberq adına Astronomiya İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etdi. 1972-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçildi,1976-1981-ci illərdə Azərbaycan EA-nın vitse-prezidenti vəzifəsini də icra etdi.

 

Müasir dövrdə Azərbaycanda astronomiya sahəsində tədqiqatların yenidən qurulması Hacıbəy Sultanovun adı ilə bağlıdır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanasının işi formalaşdırılıb, o dövr üçün müasir olan teleskopların alınıb quraşdırılması və astronomiya sahəsində yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilib. Alimin elmi fəaliyyətinin əsas sahələri səma mexanikası və Günəş sisteminin kosmoqoniyası ilə bağlı idi. Asteroidlərin mənşəyinə dair o, riyazi nəzəriyyənin qurulması istiqamətində orijinal işlər yerinə yetirib. H.Sultanovun elmi fəaliyyəti yüksək qiymətləndirilib, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən o, “Şöhrət” ordeni ilə təltif edilib. Hacıbəy Sultanov 2008-ci il mart ayının 5-də vəfat edib, ruhu şad olsun!

 

20 sentyabr. Yay İsanın əhvalatı

 

Bu günə çoxlu mətbəx bayramları düşür. Böyük Britaniyada qızardılmış düşbərə, Monqolustanda qəhvə, gözünə döndüyüm Amerikada paperoni ilə pitsa, üstəlik, romlu punş, üstəlik Keso Blanko pendiri günləridir. Hələ bunlar azmış kimi, bir də omlet, bizim dilcə desək, qayğanaq günüdür. Qayğanaq məişətimizin əsas atributlarından olan yumurtanın hesabına hasil olduğu üçün yumurta ilə bağlı sizə bir məzəli əhvalat danışım. Qazax rayonu Gürcüstanla həmsərhəd olduğundan dədə-baba dövründən qazaxlılar öz kənd təsərrüfatı məhsullarını aparıb Tiflis bazarında satarmışlar. Rəhmətlik nənəmin Bastafa adlı bir rəfiqəsi var imiş. Həyat yoldaşını da Yay İsa deyə çağırırlarmış. Kişinin qaməti oxun yayı kimi əyriymiş deyə. Bastafa arvad özü heç vaxt Tiflis bazarına getməzmiş, ərzağını nənəmə verərmiş ki, özününküləri satanda onunkularını da satsın. Nə başınızı ağrıdım, bir dəfə nənəm bərk naxoşlayır, Tiflisə gedə bilmir. Bastafa arvad naəlac qalıb toyuqlarının altından yığdığı bir vedrə yumurtanı Tiflis bazarına özü aparası olur. Yerə döşənib vedrəsini də qabağına qoyur. Hər yaxınlaşan ondan “poçyom yaysa” (yumurta neçəyədir) deyə soruşur, o da hamıya “yaxşıdır, a başına dönüm” cavabını verir. Beləcə axşama kimi arvad bircə yumurta belə sata bilməyib kor-peşman evə qayıdır. Nənəm ondan alverinin necə keçdiyini soruşanda da deyir ki, başı batmışların bircəciyi yumurta almadı, amma yetən Yay İsanı soruşurdu.

 

20 sentyabrın şeir payı

 

Burda... hər yağan qarla üşüyür 

 

Yetim sevdaların yalın ayaqları.

 

Burda... hər açılan səhər yenidən doğur

 

sonsuz qaranlıqları, əbədi ayrılıqları.

 

Burda... analar döşləriylə ölümü əmizdirir,

 

layla oxuyurlar övladlarının son nəfəsinə.

 

Burda... nəhəng başdaşları ucalır

 

qətlə yetirilmiş arzuların xatirəsinə.

 

Burda... anaların çiynində gedir

 

oğul tabutları...

 

Burda ünvanına yetişmir

 

kirlənməmiş sevgi məktubları...

 

 

 

Elçin Mirzəbəyli

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.