Yazıçı, Azərbaycanın Rəsul Rza mükafatı, Rusiyanın Fyodr Dostoyevski medalı, Ukraynanın Müqəddəs Georgi ordeni laureatı Əlibala Məhərrəmzadə görkəmli Azərbaycan şairi, poeziyamızın bayraqdarlarından biri, “Azərbaycan bayrağı” şeiri ilə tarix yazmış Ramiz Qusarçaylının “Vətən” epik poeması barədə qeydlərini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir.
Poeziya lirik Mənin daxili duyğusunu, hiss və həyəcanını obrazlı şəkildə, metaforalarla, təşbih, istiarə, məcaz, metonimiyalarla qüvvətləndirməklə heca ölçüsü və qafiyə tələblərinə riayət edib ortaya qoymaqdır. Min illərdir ki, bu tələblərlə, bəzən bu tələblərdən sərbəst və əruz vəznli şeirlər şəklində nisbətən kənara çıxmaqla ortaya mükəmməl nümunələr qoyulur, yeni-yeni şairlər, şeir nümunələri yetişir.
Poeziya bəzən tarixi hadisələri nəql etmək üçün epik roman halına da gətirilir, xüsusən bu, qədim dövrlərdə - yazılı ədəbiyyat olmadığı üçün şifahi nitqə istinad zərurətindən doğurdu, orta əsrlərdə də bu ənənə özünü davam etdirmişdi, amma janrın çətinliyi, tarixi salnamənin prozada daha yaxşı, daha mükəmməl, hərtərəfli əhatə olunması reallığı, üstəlik, min illərin tarixini qafiyəyə çəkməklə xırda bir görüntü obyektinə gətirməyin mürəkkəbliyi müasir dövr şairlərini bu işdən çəkindirir. Poeziya ensiklopediyasına baxsaq az-az şair tapılar ki, Homerin, Bokaççonun, Şekspirin, Nizaminin, Rustavelinin, Nəvainin, Firdovsinin ənənələrini bu gün davam etdirsin. Və bu az-azların sırasında da müasir Azərbaycan poeziyasında öz sözü ilə çoxdan özünü sübut etmiş Ramiz Qusarçaylının imzasına rast gəlirik.
Poeziyamızın vətəndaşlıq poeziyası guşəsində həmişəyaşarlıq qazanıb, “Azərbaycan bayrağı” şeiri ilə yaddaşlara hopub bu şair.
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
İrəvanda qonduğun Üç müədzin daşına,
Dərbənddə sən qonduğun Narınqala qaşına,
Təbrizdə sən qonduğun Eynalının başına,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
Azərbaycan bayrağı!
Bu günlərdə ustad şair ortaya 3 illik gərgin bir əməyin bəhrəsi olan, min illik Azərbaycan tarixinin nəzmə çəkilmə nümunəsini qoyub, “Vətən” epik poemasının azərbaycanlılara və Azərbaycana təhvil verilməsi şairin uzun bir yaradıcılıq yoluyla gəldiyi əsas dayanacaq yerini, mənzilini bəlli eləyib. Doğrudan da, poemanı oxuduqca bədii sözün kəsərini, bədii təxəyyülün hüdudsuzluğunu görür, bədii obraz mükəmməlliyinə heyran qalırsan.
Ağac gövdələri sala dönürdü,
Dən daşı daş toxa, oraq olurdu.
Dəmir parçaları nala dönürdü,
Dəbilqə olurdu, yaraq olurdu.
Çiyində gəzirdi qorxunc silahlar,
Arada-bərədə ov ovlanırdı.
Hər gün təzə yollar, təzə günahlar,
İnsan əməlinə girovlanırdı.
Şair incə ricətlə ibtidai insanın yaranışından bəhs edir, az sonra türkdilli tayfaların, ilk qədim dövlətlərin necə təşəkkül tapmasından söz açır:
O zaman türkdilli tayfaların da,
Öz boyu varıydı, öz duruşları.
Zaman dolanırdı öz axarında
Yaranırdı dövlət quruluşları.
Sərhəd çəkilirdi quruda, suda,
Dövlət yaranırdı aranda, dağda.
Zəncanda, Xəzərdə, Qarqarda, Suda,
Qədim Urmiyada, Mil Qarabağda.
Tarixi əsər yazmağın çətinliklərini hər birimiz gözəl bilirik. Arxivlər, ensiklopediyalar, vikipediyalar, yüzlərlə yazılı və şifahi ədəbiyyat, alim və mütəxəssislərə gənəşmələr əsərin skeletini qurmaqda yardımçı olur, onu ətə-qana gətirmək isə işin daha mürəkkəb hissəsidir. Yüz haldan doxsanında bu istənilən effekti vermir, gözünün önündə olan, müasirin olan canlıya can vermək ayrıdır, min illər öncə baş vermiş cansıza can vermək isə ayrıdır. Gərək nə qədər istəyin, enerjin, bir o qədər də istedadın olsun ki, bu işi başa vura biəsən. Ramiz Qusarçaylı isə bunu bacarıb, bacarıb da söz deyil, mükəmməl şəkildə bacarıb.
Poemada Ramiz Qusarçaylı palitrası bir görün gözümüz önündə bütün rəng çalarları ilə necə mənzərə açır:
Azıx,
Qazma,
Qala,
Daşsalahlı, Zar,
Buzeyir,
Qaraca,
Damcılı, Tağlar...
Turukku, Lullubi, Kuti, Hurrilər,
Subar, Kassit, Kaspi, Kadusi, Gərgər,-
Hər biri əzəli türk birlikləri
Öndə dövlətçilik öhdəlikləri...
Hər bir xalqın tarixində ağ və qara yerlər, qələbə və məğlubiyyətlərdən dolayı zəfər və yenilmə düyünləri hədsizdir, Azərbaycan tarixində də qardaşın qardaşa asi çıxması, qılınc çəkməsi, birinin uğurunu həzm edə bilməyənin xəyanətə əl atması səhnələri az deyil, böyük qəhrəmanlarımızla yanaşı, xalq yazıçımız İsmayıl Şıxlı demiş, sapı özümüzdən olan baltaları da çox görmüşük. Şairin bu kimi hallardan poema boyu yanğı ilə söz açması da başadüşüləndir.
Kuti də,-
dövrün dağ əjdahaları,
Uğradı daxili çəkişmələrə.
Doğma sandıqları yad qafaları
Qalxıb məmləkəti böldü min yerə.
Bürüdü ölkəni iğtişaş, üsyan,
Vəzifə uğrunda mübarizələr,
Dağıdıb ölkəni qoydular viran,
Getdi dövlətçilik,
ilkin dəyərlər...
Parçalandı xırda vilayətlərə,
Yem oldu yadelli məmləkətlərə...
Səni Kuti-Kuti uduzdum,Vətən,
Turukku-Turukku uduzdum səni.
Səni Kaspi-Kaspi uduzdum, Vətən,
Lullubi-Lullubi uduzdum səni.
Ötən ilin payızında 44 günlük müharibə nəticəsində şanlı Azərbaycan ordusunun Qarabağ zəfərində Türkiyənin Azərbaycanın yanında olması, illər öncə, 1918-ci ildə daşnak-bolşevik qətliamları nəticəsində mövcudiyyatını itirmək təhlükəsi ilə üzləşən xalqımıza Nuri paşanın ordusu ilə türklərin dəstək durması iki qardaş xalqın müttəfiqliyindən xəbər verir, bununla bərabər, türk birliyindən, özbəkli, qazaxlı, türkmənli, qırğızlı, qaqauzlu, kərküklü, qıprıslı, qaraçaylı, çərkəzli böyük və qüvvətli bir birliyin mövcudiyyatı barədə dünyaya mesaj ötürür. Bu dövrdə bu birlik daha sıx inteqrasiya şəklində, daha intensiv olaraq nümayiş edilməkdədir, Ramiz Qusarçaylı da bir Azərbaycan türkü olaraq türkçülüyü ilə öyünür, qürurlanır.
Beləcə gəlirdi Macar türkləri,
Beləcə gəlirdi Acar türkləri,
Beləcə gəlirdi Bulqar türkləri,
Beləcə gəlirdi Uyğur türkləri,
Beləcə gəlirdi Xəzər türkləri,
Beləcə gəlirdi Azər türkləri,
Beləcə gəlirdi Od Ər türkləri,
Beləcə gəlirdi Saf Ağ türkləri,
Beləcə gəlirdi Ar Sak türkləri,
Gəlirdi, beləcə Saf Qan gəlirdi,
Gəlirdi, beləcə Turan gəlirdi...
Tarixə həkk edib ilk Turanlığı,
Beləcə yarandı Sibir xanlığı,
Şeybani xanlığı, Qıpçak xanlığı,
Peçenek xanlığı, Qazax xanlığı,
Uz, Tuna, Buxara, Kaşgar xanlığı,
İtil Bulqar, Kazan, Kırım xanlığı,
Həştərxan, Urmiya, Uyğur xanlığı,
Nogay, Qırgız, Türkmən, Tuva xanlığı,
Ərbil, Gəncə, Dərbənd ,Quba xanlığı,
Naxçıvan, İrəvan, Bakı xanlığı,
Qarabağ, Lənkəran, Şəki xanlığı,
Beləcə yarandı Türk xanlıqları.
Türk xanimanları, xaqanlıqları...
Fenomenal bir haldır, tariximizin bütün dövrləri poemada öz əksini tapıb, hər bir tarixi hadisə ya geniş təhlil edilib, ya da, ötəri toxunulsa belə mahiyyəti açılaraq keçmiş mənzərəni göz önünə gətirmək konteksində uğurla işlədilib. Babək üsyanı, Səfəvilər İmperiyası, Şah İsmayıl Xətai və Nadir şah dönəmləri ardıcıllıqla gəlib bugünümüzün ən böyük bəlası olan torpaqlarımızın Rusiya tərəfindən işğalı, bundan doğan erməni məsələsində dirənir, buradan düyünlər açılmağa başlayır.
Ən duru tarixdi Əfşar tarixi,
Türkün, türk ruhunun yaşar tarixi,
Rusun,
erməninin cızdığı deyil,
Farsın öz adına yazdığı deyil,
Nə Rus-Slavyandı,
nə Fars-İrandı,
Nə də ki,
İngilis-Amerikandı...
Fədakar,yenilməz Türk tarixidi,
Şərəf tarixidi, görk tarixidi.
Şair məkrli düşmənin iç üzünü lirik boyalarla, çox incə ricətlə açmaqla sanki ürəyimizdən bir tikan da çıxarmağa müvəffəq olur:
Erməni qızları gənc yaşlarından
Can atırdı şahın hərəmliyinə,
Erməni evləri hərəm yuvası,-
Hərəm müəllimi, hərəm təlimi,
Hərəm bəsləyirdi haram yuvası,
Uğur qazanırdı haram təlimi,
Yollar uzanırdı hərəmxanaya,
Haylar yarınırdı hay kimliyindən,
Erməni atalar öz qızlarının
Qürur duyurdular hərəmliyindən.
Azərbaycanın ikiyə bölünməsi, təbii ki, illərdir ki, hər bir azərbaycanlının ən yaralı yeridir, zaman-zaman Araz çayı boyunca vətənimizin parçalanması vətəndaş poeziyamızın baş mövzusu olub. Ramiz Qusarçaylıda bu qara hadisə kədərli və təsirli notlarla, ustalıqla ortaya qoyulur:
Böldü məmləkəti,
böldü min yerə
Böldü,
parçaladı müqavilələr,-
Kürəkçay,-
kələk-çay müqaviləsi,
Tükmənçay,-
türkmən-vay müqaviləsi,
Gülüstan,-
külüstan müqaviləsi...
Bölündü İrəvan,
Bakı xanlığı,
Bölündü Qarabağ,
Şəki xanlığı,
Bir yerdə görmədik iki xanlığı
Yarandı məhəllə,
səki xanlığı...
Xalqımının tarixindəki ən qara səhifələr sırasında 1918-ci il qırğınları əvəzsiz yer tutur, buna əsla şübhə yoxdur, rusların himayəsi ilə torpaqlarımızda yerləşdirilən ermənilər onlardan dəstək alıb o torpaqlara sahib çıxıblar, ərazilərini genişləndirməklə xalqımızı qətliamlara məruz qoyublar. Daşnak-bolşevik qırğınlarının törədildiyi məkanlardan biri – hadisələrin episentlərindən biri də elə şairin ana vətəni olan Qubadır.
Poemanın növbəti hissəsi tarixin bu qaranlıq səhifəsinə də işıq salır:
Qubada erməni soyqırımları,
Bakıda erməni soyqırımları,
Şəkidə erməni soyqırımları,
Vanda, İrəvanda,
Üç Müədzində,
Göyçədə erməni soyqırımları,
Şamaxı, Kürdəmir, Qax, Zaqatala,
Göyçayda erməni soyqırımları,
Ərzurum, Ərdahan, İqdır,Zəngəzur,
Lənkəran, Qarabağ, Naxçıvan, Şərur,
Salyanda erməni soyqırımları,
Hər yanda erməni soyqırımları,
Qırğınlar dalınca qırğın gəlirdi,
Soyğunlar dalınca soyğun gəlirdi...
Vətən can verirdi yad əllərində,
Yadların əzazil əməllərində...
Poemanın növbəti hissəsində türklərin Azərbaycana gəlişi, 1918-ci il qurtarışı, ardınca Xalq Cumhuriyyətinin qurulması və qısa surədə devrilməsi, ikinci dünya müharibəsi öz qəhrəmanları, səhnələri ilə təsvir edilir, sonra bugünümüzə adlayırıq, Qarabağ probleminin yaranmasından, torpaqlarımızın 30 illik işğalı dövründən söz açılır.
Şair ilmə-ilmə tarixi toxuyub bugünə gətirib çıxarır, rəngbərəng ilmələrə son düyünü vurub toxuduğu sənət əsərini 44 günlük zəfərimizlə tamamlayır. Əlbəttə ki, poema parçalanan, yadelli zülmü altında inləyən, müharibə və soyqırımları ilə insanlarını itirən, şəhərləri, kəndləri dağıdılıb viran qoyulan, zəkalıları repressiyalara, sürgünlərə məruz qalan bir xalqın tarixini göz yaşı ilə nəql etməklə qəm-kədər ovqatı yaradar, insanlığı hey düşünməyə, səhvləri görməyə vadar edir, amma sonda əzmlə, mətanətlə silaha sarılıb dünya güclərini vecə almadan düşmənə qan udduran, onu geri oturdan bir xalq olmağımızın nikbinlik gətirməsi də yerinə düşəndir, poemanın təsir gücünün maksimal ifadəsidir:
Qisasa susayan hər igid əsgər,
Bir cəsur coşquda,
həvəsdə gəldi.
Bir vaxt qucaqlarda çıxan körpələr
İndi Qarabağa tank üstdə gəldi…
44 günlük Zəfər mənzərələri,
Qalibiyyət, hünər mənzərələri,
Bu film deyildi,
bu Qarabağda
Vətən qovğasıydı,
Vətən qalıydı,
Şanlı müharibə ssenarisi,-
Möhtəşəm Qələbə serialıydı!
Ustad şair poemasında zaman-zaman vətən sevgisi həqiqətini açmağın necə müşkülə çevrilməsini, şair olan bəndənin necə sərt təpkilərə məruz qalmasını, senzuralar və qadağaların gətirdiyi tabu buludlarını göstərməklə azadfikirliliyin təqib edilməsini, azadlıq və müstəqillik tərəfdarlarının tarix boyu şahlar, çarlar, kommunist katiblər tərəfindən necə təqib edilməsini də təsvir edir, bu ağrını zamanında özü də yaşadığı, bütün məhrumiyyətləri bircə kəlmə “Araz” kəlməsi ilə ifadə etmək mümkünlüyünə sığınmaya özü də məruz qaldığı üçün bu ağrını gözəl ifadə edir:
İlahi, zülümmüş Vətəni sevmək,-
Sevən ürəklərə qara çəkiblər.
Vətən deyənlərin dili kəsilib,
Vətən deyənlərin başı kəsilib,
Vətən deyənləri dara çəkiblər.
Vətən sevənləri ağlar qoyublar,
Gözünün içində od qalayıblar,
Vətən deyənləri şaqqalayıblar...
Həyat davam edir, məğlubiyyətlər qələbələrə kökləyirsə, uğursuzluqlar uğur aşılayırsa, demək, yaşamağa dəyərmiş. Ən əsası, bu gün Şuşada Azərbaycan bayrağı dalğalanırsa, demək, arzuların bir çin olma ehtimalı da yüksəkmiş.
Mən ustad Şair Ramiz Qusarçaylıya belə gözəl bir sənət şedevri ortaya qoyduğu üçün hədsiz minnətdarlıq bildirirəm, əminlik ifadə edirəm ki, tezliklə bu poema hər bir azərbaycanlının ürəyinə həkk olunacaq.
Poemanın aşağıda qeyd edəcəyim son akkordu isə dillər əzbəri olacaq:
Vətən!
Bir ürəkdə döyünən candır,
Qarabağ bizimdir,-
Azərbaycandır!