Bu gün Beynəlxalq Kitaboxuma Günüdür

 

6 sentyabr, Beynəlxalq Kitaboxuma Günü

 

1852-ci ilin 6 sentyabr günündə  Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından başbilənlər bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər. İndi Dumanlı Albiondan bir Azərbaycana transfer olunaq. Kimdən soruşursan ki, hansı kitabı oxuyursan, deyir, vallah iş-güc aman vermir kitab oxumağa. Ay kişilər, dünyanın əsas ölkələrinin prezidentləri, baş nazirləri qiymətli vaxtlarından ayırıb mütaliə edirlərsə, sizin kitab oxumağa vaxt tapmamaq bəhanəniz gülünc görünmürmü? İnsan maddı və mənəvi varlığın məcmusudur. Maddi aclığı zamanı yeməli, mənəvi aclığı zamanı isə mütaliə etməli, incəsənətdən feyziyab olmalıdır. Bu yarıbayarı tələbatdır, acan kimi qarnını doyduran insan ikinci tələbatının qeydinə qalmırsa, belə çıxmırmı ki, həmin tələbat heç onda əzəldən yoxmuş? Bəs insanı canlıların alisi edən axı, məhz ikinci tələbatıdır?

 

Mən bircə misal çəkib də kitabların insan həyatındakı rolunu göstərməyə çalışaçağam. Dünyanın ən varlı adamı – “Amazon”un sahibi Cef Bezos deyir ki, bir vaxtlar mən pulsuz, iradəsiz, aciz birisi idim, heç cür uğur qazana bilmirdim, elə ki, Kadzio İsiquronun romanlarını oxudum, situasiyanı necə dəyərləndirməyi, insanları necə tanımağı, necə qətiyyətli olmağı, ən əsası da özünəgüvəni öyrəndim, gəlib indiki Cef Bezos oldum. Necədir?

 

Evdə ailə başçıları ailə üzvlərini, idarə və müəssilərdə rəhbərlər tabeçiliklərində olan işçiləri bu gün kitab oxumağa məcbur eləsinlər, ildə cəmi bir dəfə qeyd edilən kitab oxumaq günündə gəlin biz də qonşulardan dala qalmayaq.

 

6 sentyabr. Roş Xa-Şana, yaxud Yəhudi Yeni ili

 

Ənənəvi yəhudi təbriki belə səslənir: “Le şana tova tikatev ve-texatem”. Tərcüməsi belədir ki, Ömür Kitabında qoy bu il də sənin adın yazılsın. Bax budur yəhudi müdrikliyi. Biz adətən, insana yüz yaşa deyə maksimalist, həm də boğazdanyuxarı, qeyri-real görünən alqış edirik. Yəhudi isə minimalistcəsinə üzlərinə gələn ildə qarşısındakına bu bir ili rifah içində keçirməyi arzulayır. Saxta maksimalizmdən səmimi minimalizm daha gözəl deyilmi?

 

Əsatirə görə yer üzündə yaşayış məhz bu müqəddəs tarixdən başlayıb, dünyanın hər yerində yəhudilər bu günü bayram edir, sinaqoqa gedir, dini ayinləri icra eləyirlər. Yaxındakılar bir-birinə hədiyyə verir, uzaqdakılarsa təbrik məktubu yollayırlar. Və mütləq də bol nemətli süfrə açılır. Süfrəyə mütləq bolluq rəmzi olan balıq qoyulur, “qoy mənim ailəm ayaqda deyil, başda dursun” deyə qoyun, yaxud balıq kəlləsi qoyulur, üstəlik, kökü dairəvi kəsib dəmir sikkələrə oxşadırlar ki, qoy yeni ildə başlarına var-dövlət yağsın. Yeməyə oturanda isə yəhudilər ilk olaraq bir dilim almanı bala batırıb ağızlarına qoyurlar, yeni ilin şirin olmasını təmin etmək anlamındadır bu.

 

Yəhudi xalqı bizə dost və qardaş xalqdır. Onları Yeni il münasibəti ilə təbrik edir və deyirik: Le şana tova tikatev ve-texatem!

 

6 sentyabr. SSRİ-nin dağılması, parislilərin “genosidi”, Pavarotti

 

1991-ci ilin bu günündə SSRİ Dövlət Şurasının növbədənkənar iclasında Mixail Qorbaçov Latviya, Litva və Estoniyanın müstəqilliyini tanımaq məcburiyyətində qaldı, bununla da SSRİ-nin rəsmən dağılmasının təməli qoyuldu. 1989-cu ildə Parisdə kompüter səhvi ilə yol hərəkəti qaydalarını pozmuş 41 min parisliyə canilik və soyğunçuluq ittihamı gəldi və onları affekt vəziyyətinə saldı. 1952-ci ildə Jenevrədə Müəllif hüquqları barədə Ümumdünya konvensiyası imzalandı.

 

2007-ci ilin bu günündə dünya şöhrətli italyan tenor Luçano Pavarotti gözlərini əbədi olaraq yumdu. Pavarottinin adı gələndə qeyri-ixtiyarı yadıma bir KVN zarafatı düşür. Karreras və Dominqo özlərini konsertə çatdırırlar, Pavarotti gəlib çıxmır. Belədə, konsertmeyster onlardan soruşur ki, bəs Pavarotti harada qaldı. Karreras deyir, pavarotda.

 

 

 

Varisin “1-10 sentyabrın təqvimi” yazısından seçmələr

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.