Cəlilabadda yaşayıb yaradan gözəl şairimiz Əlizadə Nuri yeni şeirlərini “Ədəbiyyat və incəsənət” portalının oxucularına ərməğan edir. Biz əksərən yaxşı poeziyadan danışanda şablon olaraq paytaxtda və üzdə olan beş-üç nəfərin adını çəkirik. Onlar tədbirlərdə başda oturur, efirlərdə poz verir, rəsmi ədəbi orqanlarda müntəzəm dərc edilir, mükafatlar alırlar. Amma, insafən, Əlizadə Nuri kimi şairləri diqqətdən kənarda saxlamaq günahdır.
“Mən bir boş tüfəngdə güllə səsiyəm”, “Sənə yağış dərirəm, buludun budağından”, “O kimdi eşq rəsmi çəkir, sinəmin kətan yerinə”, “Daş oldum, bu eşqə hörülüm deyə” söyləyən şairin lirikası dərindir, zəngindir, təsirləndirir, duyğulandırır və kövrəldir həm də.
Şairin hazırda sağlamlıq durumunun qaydasında olmadığını öyrəndik. Allahdan ona şəfa diləyirik.
Bir sevgi yıxılıb ürəyi üstə
Mən bir boş tüfəngdə güllə səsiyəm,
Solmuş bir baxçanın gül həvəsiyəm.
Bu qırıq simlərin təranəsiyəm-
Dinləyə bilənə yüz xalat düşür.
Zərim tək qalıbsa, düşməz ki, qoşam,
Qanadı günəşdən əriyən quşam.
Mən cəmi bir nəğmə quraşdırmışam,
Deyirlər ona da qazamat düşür.
Sürət qatarıydım... sənə çatmağa
Bir azca qalmışdı, dirəndim dağa.
Yanımda sevinci neynirəm daha-
Şəklim bu dərd ilə nə babat düşüb!
Çökür bu adamlar çörəyi üstə...
O eşqi üstədi, bu nəyi üstə?
...Bir sevgi yıxılıb ürəyi üstə,
Yanına əzilmiş iki ad düşüb...
Yaş oldum, gözündə görünüm deyə,
Daş oldum, bu eşqə hörülüm deyə...
O ay işıgına bürünüb deyə-
Bu daxma necə də gör abad düşüb?!..
Səni aldatmağım gəlir
Bir laylanın dizi üstə,
Baş qoyub yatmağım gəlir.
Dənizdə üzmək öyrənib,
Torpaqda batmağım gəlir.
Bu necə ovçudu axı-
Tətikdə əsir barmağı?
O quş mənə elə baxır,
Özümə atmağım gəlir...
Kim çəkdi bu yolu sağa?
Çəkir məni yol uzağa...
O üşüyən yalquzağa,
Bir ocaq çatmağım gəlir.
Göz yaşların ləldi deyib,
Kədər də gözəldi deyib.
Bu dünya düzəldi deyib,
Səni aldatmağım gəlir...
Ömür- yanmış zəmi kimi
Su çəkən kağız kimiyəm,
Gəzdirirəm can yerinə.
Günəş deyil, bəlkə qandı
Yığılıbdı dan yerinə?!
Məni sevgi fəsli çəkir,
Allahın o qəsri çəkir...
...O kimdi eşq rəsmi çəkir
Sinəmin kətan yerinə?!
Axır ki, ötdüm özümü,
Aynayla örtdüm üzümü.
Bir daşa sürtdüm üzümü
Sürtdüm bir insan yerinə.
Ömür- yanmış zəmi kimi,
Su basmış zirzəmi kimi.
...O qız batan gəmi kimi
Dönmədi liman yerinə...
Mən təkəmsə- hamı yoxdu...
Əlim heç yerə çatmadı-
Ha çıxdım düzün üstünə.
Sinədəki yaraları
Kim sərib duzun üstünə?
Mən təkəmsə - hamı yoxdu...
Dünya var e...damı yoxdu.
Bu dərdin adamı yoxdu-
Götür qoy gözüm üstünə.
Səs deyil hər haray-həşir.
Hər adam - bir ümid nəşi...
Əl atıb tutaq günəşi,
Düşməsin tozun üstünə.
Yerdi əsən, yeldi əsən?
Piyadaymış hər tələsən.
Qələm yorulub deyəsən,-
Yıxılıb sözün üstünə...
Qəfəs deyil, amma dardı,
Yer üzü damar-damardı.
...Bu ömür - bir qazan qardı-
Qoymuşuq közün üstünə...
Səhra kimi yaşadım
Gətirdiyin havadan
Bir dəfə udum, ölüm.
Sən baxınca ölmərəm,
Gözlərini yum, ölüm...
Belə qəmli oxuma-
Qar yağacaq yuxuma...
Mən boyda bir toxuma,
Olarsanmı şum, ölüm?!
Söz qaytardım şahlara,
Könül açdım ahlara.
Girdim bu günahlara-
Özümü yudum... ölüm.
Neynirəm bu boş adı?
Mən dərdimi boşadım...
Səhra ömrü yaşadım -
Qoy indi qum-qum ölüm...